XALİQ RƏHİMLİNİN ŞEİRLƏRİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AĞ VƏRƏQƏ…

Ağ vərəqə baxa-baxa
Gözlərimin ağı gedir.
Bircə misra yazanadək
Ürəyimin yağı gedir –
Nə çətinmiş şair olmaq!
Dedim bəlkə yaza-yaza
Tanrının yadına düşdüm.
Mən bilməzdim şeir nədi,
Bir qızın oduna düşdüm –
Nə çətinmiş şair olmaq!

Gərək dərd əhli olasan,
Hər dərdə dözmək çətindi.
Havadan yazmağa nə var,
Ürəkdən yazmaq çətindi –
Nə çətinmiş şair olmaq!

Üzümü göylərə tutub
Mən səndən söz diləmişəm.
Ey Tanrım, əfv elə məni,
Bəlkə günah eləmişəm?!.
Nə çətinmiş şair olmaq…

***

Hələ pəncərədən baxırsan mənə,
Məni nakam qoymaz xoş ümidlərim.
Bir gün ürəyimnən boylanarsan sən,
Deyərsən: – Necə də gözəldir yerim…

***

Görüşdükcə anlamışam:
Vədə nəymiş, bu vaxt nəymiş.
Mən o gündən inanmışam:
Qismət nəymiş, bu bəxt nəymiş
Sevginin təzə vaxtında

Naz havasıyla doluydu
Ev-eşiyim, qapım-bacam
Yaman arxayın küsürdün
Bilirdin ki, barışacam
Sevginin təzə vaxtında

Nə həsrət yaxın gəlirdi,
Nə də qəlbimi sıxırdı.
Bircənəfəsə yazırdım
Şeirim də yaxşı çıxırdı
Sevginin təzə vaxtında
İkimiz tanış olmuşuq,
Yenə də ikimiz qaldıq.
Mən deyirəm, nə yaxşı ki
Xeyir-duamızı aldıq
Sevginin təzə vaxtında…

***

Gözdən itdiyimiz yerdə
Günah etdiyimiz yerdə
Haqqa getdiyimiz yerdə
Dünyada azıb yaşarıq.

Buluda meydan sularıq,
Gah boşalar, gah dolarıq.
Gah əhdə sadiq olarıq,
Gah da ki pozub yaşarıq.

Nə oturub fələk gözlə,
Nə göylərdən mələk gözlə.
Bəxtimizi əlimizlə
Özümüz yazıb yaşarıq…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir