AKİF ABBASOV. GÖYƏM.


GÖYƏM
(hekayə)
Münasib müəllim auditoriyada idi. Azərbaycan tarixindən mühazirə oxuyurdu. Adəti üzrə mobil telefonunun səsini almışdı. Mühazirənin şirin yerində hiss elədi ki, zəng gəlib. Əhəmiyyət vermədi. Hər kim olur-olsun. Yüz nəfərlik auditoriyada mühazirəni saxlayıb telefon zənginə cavab verməyəcəkdi ki.
Tədris ilindəki axırıncı mühazirəsi idi. Universitetdə dərslər – mühazirə və seminar məşğələləri başa çatmaq üzrə idi. İmtahanlar keçiriləcək, sonra da məzuniyyətə çıxacaqdılar.
Mühazirə bitdi. Yayın qızmar günləri idi. İstilər adamın canını alırdı. Tərləmişdi. Cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi. Tələbələrlə xudahafizləşib auditoriyanı tərk etdi. Kafedraya sarı gedə-gedə əl çantasından mobil telefonunu çıxarıb baxdı. Təəccüblə: “Xeyir ola. Bircə Qır Saqqızov çatmırdı. Bundan nə əcəb, zəng edib? Özü də Şabrandan”.
Münasib müəllim Şabranda bağ evində Qır Saqqızovla qapıbir qonşu idi. Bu Qırın işi-peşəsi “yüz-yüz vurub bu fani dünyadan kam almaq” idi. İçki aludəsiydi Qır Saqqızov. Bundan sonra xeyri yox idi, tərgidən deyildi.
Münasib müəllim hər il universitetdə mühazirələrini tamamlayıb, məzuniyyətə çıxan kimi vaxt itirmədən Şabrana yollanardı. Bakıda qəfil bir iş ortaya çıxanda, burada ləngiməli olanda ah-uf edər: “Orada – bağda ağaclar od tutub yanır! Vay-vay! Vallah günahdır! Onlar da canlıdır”” – deyirdi. Tələsirdi özünü Şabrana çatdırmağa, ağacları sulamağa.
İndi narahat oldu. Qır Saqqızov hara, o hara? Götürüb ona zəng edib. Görəsən bağa, evə nə olub ki, bu lo xəbər, bu alkaş ona zəng vurub.
Qırın səsi gəldi:
-Nə, professor, mənəm – Qır.
Münasib müəllim tez soruşdu:
-Eşidirəm, Qır. Nə xəbər?
Qır Saqqızov çəkinə-çəkinə soruşdu:
-Hələ məzuniyyətə çıxmamısınız ki?
Münasib müəllim mat-məəttəl qaldı. Məzuniyyətə çıxıb-çıxmamağının bu Qır Saqqızova nə isti-soyuğu? İstədi bu sualına görə onu acılasın. Amma fikrindən daşındı. Xətrinə dəymək istəmədi. Fikirləşdi ki, yaxşısı budur sakitcə onun qarnının ağrısını soruşsun. “Bəlkə kiminsə uşağını universitetə düzəltmək istəyir. Bunu da mənim əlimlə eləmək fikrindədir. Ah sən öləsən. Mən belə şeylərdən uzağam”.
Münasib müəllimin susduğunu, onun sualına cavab vermədiyini görən Qır təzədən xəbər aldı:
-Deyirəm məzuniyyətə çıxmamısınız ki?
Münasib müəllim cavabı ləngitmədi:
-Hələ ki, yox.
-Şükür.
Münasib müəllim Qır Saqqızovun qırımından və “şükür” sözündən belə başa düşdü ki, onun fikri başqadır, özü də Münasib müəllimin cavabından razı qalıb.
-Mənim məzuniyyətə çıxıb-çıxmamağım səni niyə maraqlandırır, ay Qır?
Qır bir anlığa susdu. Sonra üzrxahlıq edərək dedi:
-Bağışlayın, Münasib müəllim. Bildiyin kimi, mən içki ölüsüyəm. Özümlə bacara bilmirəm. Hər gün gərək içim. Əlqərəz… Sizin göyəm ağacınızın bir budağı bizim həyətə keçib. Hər gün həmin budaqdakı göyəmlərdən iki-üçünü dərib cibimə qoyur, aşxanaya yollanıram. Araq içəndə həmin göyəmlər karıma gəlir. Zakuskanı əvəz edir. Turşməzədir axı…
Münasib müəllimi gülmək tutdu:
-Nuş olsun!!!
Qır Saqqızov məyus halda:
-Nuş olmur axı, – dedi.
Münasib müəllim tutuldu:
-Niyə, ay Qır? Nə vaxt sənə deyilib ki, dəymə bizim göyəmlərə. Halal xoşun olsun.
Qır aydınlıq gətirdi:
-Deməmisiniz, ay müəllim. Amma Şabrana gələn kimi ağacda nə qədər göyəm var yığırsınız. Qalıram zakuskasız. Ona görə soruşdum ki, məzuniyyətə hələ çıxmırsınız ki. Siz gələnə qədər zakuskam olsun.
Münasib müəllim qəh-qəhə çəkdi:
-Oyunun olsun, Qır. Bəs indiyə qədər bunu mənə niyə deməmisən?
Qır:
-Utanmışam deməyə.
Münasib müəllim dilləndi:
-Səni başa düşdüm, ay Qır. Qurbandır sənə o göyəm ağacı. Özü də bütün budaqları, giləmeyvələri ilə!
Qır sevincək:
-Doğrudan, Münasib müəllim?
Münasib müəllim:
-Sözüm sözdür, – dedi. -Daha sənin həyətinə keçən göyəm budağı ilə işim olmayacaq. Lap gəlib bizim bağdan da nə qədər istəsən göyəm yığa bilərsən.
Bakı şəhəri, 28.07. 2023

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir