ŞUŞALI ŞEİRLƏR
Susmağın bəzən zərəri də olur, dost,
susamışkən su kimi saf sözə…
Adamın ürəyi sıxılır məngənələrdə,
çarmıxa çəkilməkdir cəzaların ən yaxşısı
Oysa ki, bizi aşağılar paxıllıqdan,
yuxarılar həsəddən sıxır ovcunda.
Toparlanmaq olmur
dişli çarxların arasında əziləndə xırçhaxırç
Dişlərin dibində qalmaq daha dəhşət,-
çöplə qurdalayırlar həriscəsinə,
sümürürlər ilik içi kimi,
tüpürürlər hayqırıq qarışıq bir küncə.
Ət maşınında qiymə kimi
çəkilmə əzabı var adam ürəyinin,
sonrası nə olacaq, olacaq…
Eşidirəm cızıltısını oda düşən yağın,
görürəm tüstüsünü manqalın,
susuram fəlsəfəsini iştahanın…
Daha zərərdən keçib, dost, keçib!
Məndən
Şuşa həbsxanasındakı
sağdan 2-ci kameranın şəklini istəmişdi
erməni əsirliyində olmuş bir döyüşçü…
Öz torpağında
əsir olanlar yatmaz daş kimi qala divarlarında,
oyanmaz ağac kimi yamacların sinəsində…
Adı türmədirsə vətənin
ha düşməndə olsun, ha özündə…
Cücərməz kamera künclərinə qısılan ümidlər,
gün işığı sarıdan
korluq çəkər bomboz nəm divarlar.
İçindən ağrıyar Vətən həbsxanaları,
daş və yaş döşəmələrində
sürünən övladlarını sıxdıqca köksünün darlığına.
Buraxmadılar bizi həbsxananın həyətinə,
salamını çardıra bilmədim
boşluqdan bağrı çatlamış kameralara bir əsirin…
“Çıx, get də, qardaşım”-
bezib dedi israrla qarovul rəisi,- “çıx, get!”
Çıxılmaz vəziyyət idi,
çıxıb qala divarına getdim ürəyimin çəkildiyi yerə…
Sonra dostum göndərmişdi risk edərək
bir fraqment gizli çəkilişdən…
Deməli,
üzbəüzdəki imiş 2 nömrəli kamera…
İndi içi dağınıq,
çölü çatlaq,
adı xarabazar bir həbsxana karseri…
Mən də Şuşanın əsiri idim o gün,
Əllərim daş divarlarında gəzişirdi,
Ayaqlarım daş küçələrində
Gözlərimə köçürürdüm illərin ağrısını,
Uçurulmuş,
dağıdılmış heyrəti görəndə.
Mənim əvəzimə torpağı öp,-
demişdi döyüşçü dostum,-
mən qorxuram gəlməyə…
Qorxuram şəhid dostlarımın ruhu
hər küçədə,
hər tində tutub boğar məni deyə…
O gün dünyanın
Şuşa adlı bir şəhər olduğu gün idi,
Gözəlliyinin əsiri idim o gün bu şəhərin!
18.07.2023.
Müəllif: Süleyman ABDULLA
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru