Aysu Türkel. ƏBƏDİLƏŞƏN GÜLÜŞ.

ƏBƏDİLƏŞƏN GÜLÜŞ

Günəşin sarı telləri ətrafa yayıldıqca, yer qara pərdəsini üzündən çəkirdi. Ənginliklərdə qızaran buludlar sübh yelində nazlana-nazlana rəqs edir, gah da əriyib yox olurdu. Haradasa, təkəmseyrək qalan tənbəl ulduzlar qaçıb gizlənməyə çalışırdı. Bayaqdan bəri göylərin gərdişinə tamaşa edən fədailər zülmətin yorğanını kənara tullayıb ötən günün ağrılı-acılı səhifələrini vərəqləməkdə idilər.

Rəşadın qəh-qəhəsi yoldaşlarını da ovsunlamışdı. Düşmənin necə geri çəkildikləri, döyüş meydanından tülkü kimi qaçdıqları barədə danışdıqca, qürur hissi hər kəsin sinəsini qabardırdı.

Artıq üç gün idi ki, müharibə başlamışdı. Füzuli və ətraf ərazilərdə şiddətli döyüşlər gedirdi. Torpaqların azad edilməsi igid oğulların ruh yüksəkliyini artırır, qələbəyə inamını gücləndirirdi.

-Belə davam etsək, qısa zamanda torpaqlarımızın hər qarışını azad edəcəyik. İllərdir ki, Qarabağımız düşmən tapdağındadır, qəfəsdəki quş kimi azad olacağı günü gözləyir, – deyə Murad dilləndi.

-Əlbəttə, azad edəcəyik! Qələbə bizim olacaq, sən ki, gözlərinin şahidisən, düşmənin qabağımızdan necə qaçdığını yaxşı görürdün?! Rəşad yoldaşını dəstəklədi.

Onun üçün vətən hər şeydən öndə idi. Hələ məktəbə getməmişdən dahi Füzulinin “Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənim”
beyti ilə bitən qəzəlini əzbər bilən Rəşad qələbəyə doğru inamla addımlayırdı.

-Rəşad, axırıncı dəfə evlə nə vaxt danışmısan? – Murad dilləndi.

-Elə müharibə başlanan gün.

-Döyüşə girəcəyini atana dedinmi?

-Yox eee, nə danışırsan? İstəmirəm onlar məndən sarı narahat olsunlar. Qoy elə bilsinlər ki, mən arxa cəbhədəyəm. İnşallah, sağ qalsam, qələbə xəbərini özüm çatdıracağam atama da, anama da. Yox, əgər ömür bivəfalıq etsə, şəhid qardaşlarıma qovuşsam, siz mənim adımdan ailəmi təbrik edərsiniz, -Rəşad sözünü tamamladı.

Yusif müdaxilə etdi:

-Elə danışma, qardaş, inşallah otuz ildən bəri həsrətlə gözlədiyimiz Qarabağı azad edib evimizə sağ-salamat qayıdacayıq.

Aralığa dərin bir sükut çökdü, amma təəssüf ki, uzun çəkmədi. Bu sükutu, səssizliyi top mərmilərinin uğultusu pozdu. Bu dəfə silahlar dilləndi. Sanki onlar da düşmən üzərində qələbənin təntənəsinə tələsirdilər. Güllələr göydə bir-biriləri ilə sürət yarışına girmişdi, bir an belə gecikmək olmazdı. Bu məqamda “Dədə Qorqud” dastanında Qazan xanın dilindən söylənilənlər lap yerinə düşür. “Biz onlara yetsək öldürərik, onlar bizə yetsə öldürərlər”. Bəli, elə bu fikirləri əsas tutaraq biz onlara yetməli idik, illərin ağrılı-acılı günlərinin hesabını sormalı idik. Beləcə, güllələrin müşayəti ilə gecə gündüzü əvəz etdi.

Düşmənin hər cür hiyləsindən qorunmaq üçün dayanmadan planlar hazırlanırdı. Günlər bir-birini əvəz etdikcə, hər gün yeni bir yaşayış məntəqəsi, yaxud bir yüksəklik azad edilirdi. Döyüşçülər Füzulinin bir addımlığında idilər.

-İnşallah, tez bir vaxtda Füzuliyə çatacağıq.

-Hə, demək olar ki, şəhərin bir addımlığındayıq. Bu gün oranı azad etməliyik.

-Ayın neçəsidir ki?

-17-si.

-Düz 21 gündür ki, döyüşdəyik? Səngərdən-səngərə atılmaqdan günlərin necə keçdiyini də unutmuşuq.

-Elədir, amma arxa cəbhədə yolumuzu gözləyənlər üçün bu günlər illərə bərabərdir Rəşad.

-Yaxşı, bəsdir bu qədər söhbət, düşmən caynağında inləyən torpaqlar bizi gözləyir, Rəşad silahını götürüb irəli keçdi.

Gözlənilən an gəldi. Füzuli uğrunda şiddətli döyüşlər başladı. Mərmilərin səsindən qulaq batırdı. Döyüş nə qədər ağır olsa da, təpərli oğullar əzmlə irəli atılır, daha çox düşmən öldürməyə çalışırdılar. Rəşad ətrafa nəzər salanda, elə bil alovlar içindən məsum bir körpənin səsi qulaqlarda əks-səda verdi: “İntiqamımı alın, ruhum bu torpaqlarda məhbus kimidir. Onu ancaq siz azad edə bilərsiniz. Siz gücdən düşsəniz ruhum da cismim kimi məhbəsdə çürüyüb gedəcək. Bilirəm, buna imkan verməyəcəksiniz, saf, günahsız insanların ruhunu şad edəcəksiniz. Biz sizə inanırıq! İrəli… İrəli… İrəli… “Səs getdikcə zəiflədi, lakin Rəşadın qulağında dayanmadan təkrarlanırdı. Bu intiqam hissi ona yeni bir güc, tükənməz bir inam verdi. Bütün döyüşçülər kimi o da cəsarətlə, dizində təpər, qolunda qüvvət, ürəyində vətən sevgisi irəli atıldı. Düşmən uzun çəkən mübarizədən sonra məhv edildi, ən ağır texnika, canlı qüvvə və saysız-hesabsız minalarla əhatə olunan Füzuli azad edildi. Şəhid qanına bələnmiş üçrəngli bayrağımız xaraba şəhərin mərkəzində göylərə qaldırıldı.

Rəşad və döyüş yoldaşları əsən küləkdən cəsarətlənən, məğrur-məğrur dalğalanan, vətən səmasına rəng qatan bayrağı fərəhlə seyr etdilər. Rəşad qürurla bayrağa baxa-baxa:

-Bu hələ son deyil, böyük zəfərimiz qabaqdadır, hələ bayraq sancılası çox zirvə var. Sonra əlini göylərə açıb dua etdi: – Allahım, vətənin bütövlüyü üçün sona qədər vuruşmaq üçün bizə güc ver. Ya rəbb, bizi düşmənin hiyləsindən, məkrindən, fitnəsindən qoru, torpaqlarımızı azad etmək üçün bizə yenilməzlik bəxş et!

Qısa fasilədən sonra komandir növbəti hücum üçün əmr verdi. Bölük Xocavənd və Şuşa istiqamətində hərəkətə keçdi. Cəsur oğulların qarşısında tab gətirməyən düşmən günbəgün geri çəkilir, ərazilər boşalırdı. Elə bu məqamda Rəşadın da daxil olduğu 16 nəfərlik qrup mühasirəyə düşdü. Amansız döyüş başladı. Cəsur oğullar “Bura qurdun yuvasıdır, qurdun yuvasına isə çaqqal sahib çıxa bilməz”, – deyib od yağdırdılar düşmənin başına. Düşmənin xeyli canlı qüvvəsi məhv edilsə də, döyüş davam edirdi. Artıq açıq döyüşdən çəkinən erməni hərbi birliyi gizlənmək üçün yer axtarırdı.

Amansız döyüşdə iki əsgərin yaralanması 16 nəfərlik qrup üçün böyük zərbə idi. Üstəlik onları odun-alovun içindən çıxarmağa çalışan tağım komandiri Kənan da düşmən gülləsinə tuş gəlmişdi. Bu dəfə Kənanı təhlükəsiz yerə çəkmək üçün Rəşad döyüş meydanına atıldı. Təəssüf ki, o da komandirin köməyinə çata bilmədi. Namərd gülləsi onu da yaxaladı. Rəşad ağrılar içində yerə yıxıldı. Özünü toparlayıb ətrafa göz gəzdirdi, demək olar ki, bütün igidlər yerdə qan içində idi. Rəşad nəfəs aldıqca qan şoralanır, səsi zəifləyirdi. Artıq taqətdən düşmüşdü, ani də olsa, valideynlərini xatırladı. Ötən günlər göz önündən film kimi gəlib keçdi. İki gün öncə atası ilə əlaqə saxlamışdı. Söz vermişdi ki, qalib bir əsgər kimi sağ-salamat dönəcək evə, söz vermişdi ki, mənfur düşməni birdəfəlik qovacaq Qarabağımızdan. İndi anası nə edəcəkdi? İllərlə göz bəbəyi kimi qoruduğu, büdrəyəndə əl tutduğu, əsən küləyə qısqandığı, hər zaman dayaq olduğu can parçasının onu əbədi tərk etdiyini öyrənəndə nə hala düşəcəkdi?! Yeganə övladını itirən ananın fəryadını, ahını, naləsini sözlə ifadə etmək mümkündürmü?! Əsla!

Bəlkə də bu acı xəbərdən dünya ona dar gələcəkdi. “Kaş oğlumu bircə dəfə də olasa qoxlayam” deyəcəkdi. “Bağışla, ana, bağışla, sözümü tuta bilmədim. İndi yanımda olsan, son nəfəsimdə səni qoxlasam, əllərini öpsəm, başımı dizinin üstünə qoysam rahat gedərdim dünyadan. Ata, sən də bağışla, böyüyüb sənə dayaq olacaqdım, böyüdüm, amma vətənin mənə daha çox ehtiyacı olduğu üçün onun dadına çatmağa çalışdım. Bilirəm, son nəfəsimdir, artıq bədənimin soyuduğunu hiss edirəm”, -Rəşad ətrafa bir də nəzər yetirdi, xəfif-xəfif gülümsədi: “Deməli şəhadət üçün yaşamışıq, ən şərəfli ölümlə qucaqlaşmaq üçün zamanım buracanmış…”, – deyə gözlərini əbədi yumdu. Məsum bir təbəssüm yanağından çəkilməmişdi hələ…

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. TELEVİZOR QIZIB


TELEVİZOR QIZIB
(hekayə)
Məriş kişi evə gec gəlmişdi. Bu gün işi çox olmuşdu. Odur ki, yorulub əldən düşmüşdü, həm də bərk acmışdı. Ağır addımlarla pilləkənləri çıxanda bir də gördü ki, qapının ağzında 5-10 cüt nimdaş ayaqqabı, qaloş var. Ayaq saxlayıb: “Xeyr olsun. Bizə niyə yığışıb bu camaat?”
Pəri arvad ayaq səslərindən bildi ki, Məriş gəlib. Tez onun qarşısına çıxdı. Məriş əli ilə nimdaş ayaqqabıları göstərdi: “Yəni ev-eşik bu adamlarla niyə dolub?”
Ərinin xasiyyətini bildiyindən Pəri arvad onu sakitləşdirməyə, onun “qaz”ını almağa çalışdı:
-Məriş, əzizim! Bir sakit ol. Qonşu uşaqlarıdır, bəzisi anası ilə gəlib. Televizorda maraqlı kino verirlər. Oturub dinməz-söyləməz kinoya baxırlar…
Məriş onun sözlərini eşidib səsini qaldırmaq istəyəndə Pəri arvad imkan vermədi:
-Sən Allah, hövsələni bas, az sonra hamısı dağılıcaq.
Məriş səsini qaldırmadı, amma sözünü dedi:
-Ay o uşaqların…
-Ayıbdır, Məriş.
Məriş birtəhər özünü ələ alıb aynabəndə daxil oldu. Qonaqlar onu görüb tez ayağa qalxdılar. Mərişin işarəsi ilə təzədən yerlərində oturdular. Televizor aynabənddə qoyulmuşdu.
Sizə 40-50 il bundan əvvəlki bir əhvalatı danışıram. O zamanlar televizor təzə çıxmışdı. Hər evdə televizor olmurdu. Ona görə uşaqlar, qadınlar kimdə televizor vardısa, gedib orada kinoya baxardılar. Kino da həftədə bir dəfə olurdu, ya olmurdu.
Yaxşı, bu uşaqlar, bu böyüklər indi kinoya baxacaqlar, Məriş də qarnını qucaqlayıb onların nə zaman dağılaşacağını gözləsin? Acından qarnı fit çalır axı. Susuzluqdan boğazı quruyub.
Pərinin xahişini nəzərə alan Məriş artıq hərəkətə yol vermədi, heç kimin xətrinə dəymədi. Astaca gedib əlini televizorun yan-yörəsində gəzdirdi. Mənalı-mənalı baxışlarını qonaqların üzərində gəzdirib televizorun şunurundan yapışdı. Onu elektrikdən ayırıb:
-Ay uşaqlar, – dedi. -Televizor yaman qızıb, qorxuram xarab olar. Sonra kinoya harada baxacaqsınız?
Gələnlər ayağa qalxdılar və tez dağılışdılar. Məriş əl-üzünü yuyub stolun arxasına keçdi. Əyləşib şam yeməyinin süfrəyə gələcəyini gözlədi.
Şirvan şəhəri, 09 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu. DAĞLAR.

DAĞLAR

Bəri boylan, bir gör kimdir
Görüşünə gələn, dağlar.
Çəkilsin bu duman, çənin,
Al günəşə bələn, dağlar.

Şeirimin nidasısan,
Təbiətin ədasısan,
Haqq səsinin sədasısan,
Yaradandı lələn, dağlar.

Məhəbbət də, sevgi də sən,
Özün boyda sevgidəsən.
Ustadımsan sevgidə sən,
Şəyirdinə gülən dağlar.

Sirdaşındır yaşıl dərə,
Gəl həmdəm ol Qəzənfərə.
Həsrət çəkən könüllərə
Vüsala dön, ələn, dağlar.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. EVDƏN YEMƏMİŞ ÇIXMIR.


EVDƏN YEMƏMİŞ ÇIXMIR
(hekayə)
Məriş kişi özünü həyətə salan kimi qışqırdı:
-Pəri, ay Pəri!
Pəri tez özünü yetirdi:
– Hə, Məriş! Nolub?
Məriş üz-gözünün tərini köynəyinin qolu ilə silib:
-Heç nə olmayıb, – dedi. -Acından ölürəm, əl-ayağımı yuyana kimi evdə-eşikdə nə varsa, gətir süfrəyə.
Pəri arvad tələsib mətbəxə qaçdı. Süfrəni gec salsaydı, Məriş özündən çıxacaq, aləmi bir-birinə qatacaqdı. Hələ bu harasıdır? Belə hallarda bir də görürdün acığından boşqabı, çəngəl-bıçağı götürüb qolu getdikcə tullayır.
Yaxşı ki, Pəri arvad salatı bir az əvvəl hazırlayıb qoymuş, çörək pendir doğrayıb qablara yığmışdı. Soğan-sarımsaq da hazır idi. Məriş küftə bozbaşı baş soğanla yeyərdi.
Pəri bozbaş qazanını qazın üstünə qoymuşdu. Tez həyətdə – Çinar ağacının altındakı stolun üstündə süfrə saldı. Əvvəlcə çay, konfet, limon, zoğal mürəbbəsi, sonra çörək, salat, motal pendiri, duzlu xiyar süfrəyə gəldi. Məriş özünü çatdırdı. O, “acından ölürəm” deyəndə Pəri arvad çayını da gətirirdi ki, istəsə əvvəlcə çayını içər, istəməz, istəməsin. Uzağı cay qalıb soyuyacacdı. Onu dəyişmək isə, asandı.
Məriş irad tutmağa bir şey tapmadı. Bozbaş gəlincə, pendir, salatla başını qata bilərdi. Amma əvvəlcə məxməri çay içdi.
Havalar isti keçirdi. Çay lap yerinə düşdü. Pərinin atasına “rəhmət” də oxudu.
Bir neçə gün idi ki, həyətdə ustalar işləyirdilər. İki nəfər idi. Görünmürdülər. Məriş: “Yəqin işlərini görüb gediblər” – deyə fikirləşib qurtarmamışdı ki, ustalar – Məmmədlə Əhməd evin arxa hissəsindən çıxıb gəldilər. Mərişlə salamlaşdılar. Onların gəlişi Pəri arvadın əlində bozbaş kasası süfrəyə yaxınlaşması ilə eyni vaxta düşdü. Məmmədlə Əhməd süfrə üstünə çıxmışdılar. Təklif etməsəydi, yaxşı düşməzdi. Odur ki:
-Oturun, sizinçin də yemək gətirim, – dedi.
Məriş qaşqabağını tökdü. Pərinin təklifi onun ürəyincə deyildi. Məmmədlə Əhməd naharlarını burada, şamlarını isə gedib evlərində edirdilər. “Məgər Pəri unudub bunu? Gündə iki dəfə yemək olar”:
-Pəri, sən öz işində ol. Ustaların vaxtını alma, tələsirlər. Bu istidə işləyib əldən düşüblər.
Sən demə təklif göydəndüşmə imiş. Əhməd dilləndi:
-Məriş kişi, narahat olma, tələsmirik. Pəri xalanın sözünü yerə sala bilmərik. Xətrinə dəyər.
Ustalar oturdular. Məriş kişinin ustalara da, Pəriyə də acığı tutdu. Ustaların xətrinə dəyə bilməzdi. İşlərini yarımçıq qoyub gedər, bir daha qayıtmazdılar.
Pəri arvad Məmmədlə Əhmədə də kasa dolu bozbaş gətirdi. Ustalar yeməyə girişdilər. Bu zaman həyət qapısı açıldı. Məriş dönüb baxdı. Kürəkən idi. Qızının əri Teymur.
Pəri arvad dil-ağız elədi:
-Qayınanan səni doğrudan da çox istəyir, ay Teymur. Deyirəm, bilmirəm inanırsan, ya yox.
Teymur tez:
-Salam, Məriş əmi! Pəri xala, xoş gördük!
Teymur ustalara da salam verdi. Pəri arvad:
-Teymur, yaxın gəl, səninçin də bozbaş gətirim.
Teymurun ağzı sulandı. Bu gün başı iş-gücə qarışdığından heç nahar da eləməmişdi. Artıq saat 6-ya işləyirdi. Teymur süfrəyə yaxın gəlmək istəyirdi ki, Məriş kişinin dediyi sözlər onu ayaq saxlamağa məcbur elədi:
-Ay Pəri, Teymurla işin olmasın. O, evdən yeməmiş çıxmır.
Teymur tutuldu. Pəri təkid eləmədi. Ərinin xasiyyətinə bələd idi. Yemək gətirməli olsaydı, Məriş onu söyüb yamanlayacaqdı. Həm də başa düşmüşdü ki, Məmmədlə Əhmədi bozbaşa qonaq elədiyinə görə ona acığı tutub.
Teymur süfrəyə sarı gəlmədi, keçib hasarın dibində qoyulmuş kətildə əyləşdi. Gözü iştaha ilə bozboşa girişmiş qayınatasına, Məmmədlə Əhmədə sataşanda udqunurdu.
Şirvan şəhəri, 10 avqust 202

AKİF ABBASOV. SƏN DƏ RAHAT YAT, MƏN DƏ.


SƏN DƏ RAHAT YAT, MƏN DƏ
(hekayə)
İki qonşu idi, hələ bir-birinə qohumluqları da çatırdı. Mirzəli düznəqulu adam idi. Fəzail isə hələm-qələm. Düzlüklə işi yox idi. Əli də əyri idi. İki daşın arasında əlinə keçəni çırpışdırırdı. Mirzəli onun əməllərindən xəbərdar idi.
Bir gün onlar səfərə çıxmalı olurlar. Gəlib mehmanxanada otaq kirayə edirlər. Qaş qaralır. Yatmaq məqamı gəlir. Fəqət heç birinin gözünə yuxu getmir. Mirzəlinin bir az pulu vardı, götürmüşdü ki, qızına bazarlıq eləsin. Qız tez bir zamanda gəlin köçəcəkdi.
Mirzəli bilirdi ki, yatsa, Fəzail pulu çırpışdıracaq. Fəzail də onun yuxuya getməsini gözləyirdi ki, pulun başına daş salsın.
Ona görə hər ikisinin yuxusu ərşə çəkilmişdi.
Bax beləcə yuxu gözlərindən tökülsə də, heç biri yuxulaya bilmirdi. Amma nə qədər gözləməli olacaqdılar? Axırda Mirzəli yataqdan qalxıb işığı yandırdı:
-Fəzail, biz illər dostuyuq. Mənim üstümdə iki min 300 manat pul var. Qızıma cehiz almaq üçün götürmüşəm. O pulu sənə verirəm. Bir dost kimi özündə saxla. Sabah qaytararsan.
Fəzail key-key onun üzünə baxdı.
Mirzəli aydınlıq gətirdi:
-Bilirsən o pulu niyə verirəm? Sən də rahat yat, mən də…

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ASK Arenada “İrəvan” Futbol Komandası ilə “İmişli ” Futbol Komandası arasında yoldaşlıq görüşü keçirilib

ASK Arenada “İrəvan” Futbol Komandası ilə “İmişli ” Futbol Komandası arasında yoldaşlıq görüşü keçirilib

ASK Arenada “İrəvan ” Futbol Komandası ilə ” İmişli ” Futbol Komandası arasında yoldaşlıq oyunu olub.
Oyun başlamazdan əvvəl hər iki komandanın yaranma tarixi haqqında ictimaiyyətə məlumat verilib.
Yoldaşlıq görüşündə iştirak edən ” Qərbi Azərbaycan İcması” nın sədri,millət vəkili Əziz Ələkbərli , “İrəvan ” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov , “İrəvan ” FK-nın prezidenti Zahid Niyazəliyev çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişaf etməyə başlamasını xüsusilə vurğulayıblar.
Natiqlər Azərbaycanda müvəffəqiyyətlə keçirilmiş müxtəlif beynəlxalq idman tədbirlərini və idmançılarımızın qələbələrini bir daha xatırlatdılar, Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın dünya səviyyəli idman tədbirlərinin ölkəmizdə təşkil olunmasında göstərdikləri böyük təşəbbüslər, idman yarışları keçirilərkən tədbirlərdə şəxsən iştirak etmələri, idmançılarla görüşmələri, onları ruhlandırmaları, qalib və uğur qazanmış idmançıları qəbul etmələri, onları dövlət səviyyəsində mükafatlandırmaları idmana göstərilən dövlət diqqətinin təzahürü olduğunu vurğulayıblar.
Yoldaşlıq oyunu “İrəvan” komandasının 1:0 hesablı qələbəsilə başa çatıb.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

Mübariz SÜLEYMANLI (Mübariz Ağaxan oğlu Süleymanlı)

“İrəvan” FK-nın mətbuat xidmətinin rəhbəri

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Aslında !

Aslında !

bir kez daha
Çelişkilerin içimde hapsolduğu bir noktadayım
varlığın kapısı yoktu
Güveler sanki kendi giysilerinin üzerindeymiş gibi herkesin üzerinde geziniyor.
Zulüm için ne kınama ne de zerre kadar utanç yoktu.
Her Ruhun etrafında noktalı bir akrep ısırığı

Aşkın göz kamaştırıcı, yürek burkan sesi
zamansız bir yağmur gibi aktı

Güneş ısındı ve sıcaklığıyla çölleri dondurdu
sülüklerin ürettiği fikirlerin peşinden koşmaktan usanmayan cehalet
Kaşıntılı Egzama yaraları ile taştı

Her şey farklı, kapı gıcırtısı gibi farklı sesler çıkarıyor
Sarnıcın dibindeki sular
teselli çeşmesi, sabır taşları
Beyaz duvarlarda yankılanan sesin gölgesi

Gecenin son rüyalarını ayrı ayrı yazan sihirbaz
Uzun bir uykudan sonar uyanan sabahla birlikte
Dağdan dağa kükreyerek farklı seslerle çığlık atarlar
Dağılmış sürüyü toplamak isteyen çoban korkar
Geçtikleri her yer ya hiç olur ya da hiçliğe düşer.

Ey irade yaratan

Hangi zalim toprağın sesi en gür sesiyle bu topraklara kara sular yağdırıyor.

Her şey gibi bu da acıklı bir benzerlik miydi, yoksa çukurlarda yaşam zamanın gizemi miydi?

13/08/2023-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. BƏS SƏN HARANI QURTARMISAN?


BƏS SƏN HARANI QURTARMISAN?
(hekayə)
Oqtay da tələbə idi, Sevinc də. Hərəsi Bakıya başqa-başqa rayonlardan gəlmişdi. Ali məktəbdə təhsil alırdılar. Oqtay kirayə ev tutmuşdu, Sevinc “Qızlar yataqxanası”nda qalırdı.
Atası imkanlı olduğundan Oqtay dərslərə də düz əməlli-başlı gedib-gəlmirdi. Xüsusən Sevincə rast gələndən, ona ürəyini açandan sonra. Bütün günü yataqxananın böyür-başını kəsdirib dururdu. Sevinci instituta aparır, sonra gedib gətirirdi.
Oqtay yataqxananın komendantı ilə dostlaşmışdı. Arada onu aparıb kababa qonaq edirdi.
Qızlar da otaqda olanda bəzən Sevinc Oqtayı çaya, yeməyə dəvət edirdi. Özü tək olanda dünya dağıla Oqtaın yuxarıya – otağa qalxmasına icazə vermirdi. Dilə-dişə düşərdi. Abırlı, ismətli qız idi. Ona söz-söhbət lazım deyildi?!
Sevinc mühazirə və seminar məşğələlərindən qalmazdı. Hazırlaşıb imtahanlardan da qiymət alırdı. Bəs Oqtay? Kənddə kolxoz sədri işləyən atasının canı sağ olsun. Qayıblarını sildirir, imtahanlarını verirdi.
Vaxt-vədə tamam oldu. Oqtayla Sevinc institutu bitirdilər. Nişanlı idilər. Avqust ayında toyları olacaqdı. İndi Oqtay Sevinci rayona yola salırdı. Qızın xalası da gəlib çıxdı. Bacısı qızını institutu bitirməsi münasibətilə təbrik edib, hədiyyəsini vermişdi. İndi onu rayona yola salırdı. Xala Sevincə müraciətlə:
-Evdəkilərə – hamıya, atana, bacıma, bacına, qardaşına salamımı yetir, – dedi. -Toyuna çağırmağı unutma!
Sevinc xalasına qısıldı:
-Xalam mənim canımdır, həyatımdır. Heç elə şey olar? Xalasız toy olmaz!
Xala əlini uzadıb Oqtayla da görüşdü:
-Oğul, sizi bir daha təbrik edirəm! Xoşbəxt olasınız! Toyunuzda doyunca süzəcəyəm.
Xala birdən:
-Ay oğul, Sevinci bildim. Bəs sən haranı qurtarmısan?
Onun əvəzinə Sevinc cavab verdi:
-Bizim yataqxananı, ay xala.
Xala başa düşmədi. Sual dolu baxışlarını Sevincə dikdi. Sevinci gülmək tutdu. Oqtay da özünü saxlaya bilməyib gülürdü.
Bakı şəhəri, 09 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nə olar ki? – TANRIVERDİ ƏLİYEV

smart

Sən sevgi bağımda çiçək olsan, nə olar ki?

Hər gün bəzənən,al ləçək olsan,nə olar ki?

Nə olar ki?

Bir arzu da yox qəlb(i)də sakitcə dayansın

Könlümdə coşan hürr dilək olsan nə olar ki?

Sevgim süzülər ağ mələyin,ağ qanadından

Könlümə qonan ağ lələk olsan,nə olar ki?

Aşiq olalı sinəmə dağ çəkdi əzabın,

Sinəmdəki dağda çiçək olsan nə olar ki?

Xəttat səni gözlər neçə il gur yağış altda,

Sən görşə tələsmiş külək olsan nə olar ki?

.* * *.

Bu şəhərdə kimsə yoxdur

Bu böyük şəhərdə,kimsə qalmayıb.

Hamı öz başını götürüb gedib.

Başqa bir şəhərdə ocaq qalayıb,

Burdakı ocağın söndürüb gedib.

İndi küçələrdə yalnız gəzirəm,

Hər tini,döngəsi tənha qalıbdır.

Kölgəmi götürüb mən də gedirəm,

Küçə lampaları yaman darıxır.

Gedirəm,gedirəm doğma bir bağa

Bağın ağacları yaman saralır.

Ağaclar ağlaşır,girir qol-qola,

Sarı yarpaqları yaman darıxır.

Bağın qucağına gözəllik qatan,

Yalqız bir masa var orda dayanır.

Masanın üstündə düzülüb qalan,

Domino daşları yaman darıxır

Hər yerə,hər tinə yaxından baxıb,

Hər ötən günləri gözlər axtarır.

Kimsəsiz şəhərə kənardan baxıb,

Gözümün yaşları yaman darıxır.

.* * *.

Hüseynə

Sultani-bəla sanki bir ünvandı Hüseynə

Ol Kərbübəla güldü,gülüstandı Hüseynə

Başdan kənara düşdü bədən,çiyni qalıb tək

Səhra mehi ağlar,o pərişandı Hüseynə

Qanla dola çeşmim,ələnə çöhrəmə kaş ki,

Qıp-qırmızı mərdüm elə qurbandı Hüseynə

Mən ağlaram hər gün qələm ilə vərəq üstə,

Hər beyt ilə misram belə giryandı Hüseynə

Xəttat,yenə eşq ilə yanıb,kül olacaqsan.

Matəm günü qəlbim necə mehmandı Hüseynə

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru