
Qardaşım
(Əlinin doğum gününə)
Ay bacılar, biz başına dolanaq,
Yatan evin oyağıdır qardaşım.
Ocaq olaq qarasına qalanaq,
Dərd dərmanı, göz yağıdır qardaşım.
Hər bacıya qismət olmaz neməti,
O, bacının adı-sanı, qiyməti,
Anamızın dizlərinin taqəti,
Dünyasının boyağıdır qardaşım.
Gözüm açıb onu arxa görmüşəm,
Müxənnəti çəkib çarxa görmüşəm.
Yaşamayıb baxtabaxta görmüşəm,
Qismətinin ayağıdır qardaşım.
Böyük-kiçik, hörmətdə yaş biləndi,
Təmizliyi dünyada baş biləndi.
Dostlarını doğma qardaş biləndi,
Belə ağa sayağıdır qardaşım.
Nahidətək üzüyünün qaşı var,
Üç balası- balaların başı var.
Uca dağdır, zirvəsi var, başı var,
Nəvələrin oylağıdır qardaşım.
Haqq-ədalət qalaçası, səngəri,
Düz yoludur- taleyinin misgəri,
Millətinin rəhbərinin əsgəri,
Adın- sanın layiqidir qardaşım.
Nazlı nənə, Tanrı onun köməyi,
Kimlər üçün keçməyibdir əməyi?
Ay Mahirə, Həsən Mirzə deməyi,
El- obanın dayağıdır qardaşım.
8 noyabr 2015- ci il.
Müəllif: Mahirə NAĞIQIZI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru