Cek London və Martin İden
Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden” romanıdır.
Mən bu iki adın bir-biri ilə “səhv”, daha doğrusu “qarışıq” düşdüyünün çox şahidi olmuşam. Yəni dəfələrlə təhsilli, yarımtəhsilli və təhsilsiz adamlardan eşitmişəm: “Martin İdenin Cek London romanı”… Və yaxud, əksinə…
Çek Londonun kim olduğu ədəbiyyatsevərlərə yaxşı məlumdur. O, amerikan yazıçısıdır. Cəmi 40 il yaşayıb.
“Martin İden” romanının eyniadlı qəhrəmanı da müəllifin özü kimi yazıçıdır. Martin İden təkcə ədəbi qəhrəman yox, həm də həyat qəhrəmanıdır. Özü də sərt həyatın sərt qəhrəmanı.
Martin İden moryakdır, dənizçidir. O, fiziki cəhətdən güçlü bir gəncdir. Cəmi 21-22 yaşı var. O, “yüksək” dairədən olan Ruf adlı qıza ilk baxışdan vurulur. Ruf savadlıdır, həssasdır, şıltaqdır, ağıllıdır. Bu xanım qız gənc dostuna ədəbiyyat, dil, mədəniyyət haqda ətraflı bilgi verir. “Qaba” Martin get-gedə elit həyata nüfuz edir və… yazıçı olmaq qərarına gəlir…
Bundan sonra ədəbiyyata gəlmək istəyən gəncin ağır, məşəqqətli, həmçinin maraqlı həyatı başlayır.
Martin İden dəniz fırtınalarından uzaqlaşıb həyat və yaradıcılıq fırtınalarına baş vurur. Sən demə, həyatın fırtınaları daha təhlükəli imiş. Bunu qəhrəman və oxucu bütün çalar və rəngləri ilə görür.
Gənc, güclü, əzmkar Martin gecə-gündüz yazır. O, yüksək cəmiyyətə can atır. Kitablarından bolluca qonorar almaq istəyir. Vurulduğu qızın- Rufun rəğbətini qazanmaq istəyir. Bir sözlə, o, cəmiyyətdə özünü təsdiq etmək istəyir.
Nədənsə bu qəhrəman mənə hər zaman təkcə müəllifin (Cek Londonun) özünü yox, həm də dahi fransa yazıçısı Balzakı xatırladıb. Çünki Onore de Balzak da bu “de” titulunu və sevdiyi qrafinya Evelina Qanskayanın rəğbətini, əslində məhəbbətini qazanmaq üçün çox məşəqqətlərə düçar olur.
Martin İden gecə-gündüz yazır və öz arzusuna çatır. O, artıq məşhur, imkanlı bir şəxsdir. Bütün Amerika ondan danışır.
O vaxtlar cəmiyyətdə ədəbiyyatın və yazıçının hörməti böyük idi. Hazırkı vaxt olsaydı ola bilsin ki, Cek London öz əsərinə ya siyasətçini, ya idmançını, ya da müğənni və ya da hansısa mafiozu, indiki anlamda “biznesmeni” qəhrəman seçərdi…
Mən əsərin məzmununu danışmaq niyyətində deyiləm.
Vaxtilə Fəlsəfə tarixi ilə paralel Dünya ədəbiyyatı tarixi üzrə də mühazirələr demişəm.
“Martin İden” romanını bir neçə dəfə oxumuşam. Əlbəttə, təkcə dərs dediyim üçün yox.
Mən hələ orta məktəbdə oxuyarkən bir neçə dəfə bu əsərin o başından vurub bu başına “çıxmışam”. Martin İden sonralar evdə, işdə, səfərlərdə də mənimlə çox “dostluq” edib. Hər oxuduqca da heyran olmuşam bu qəhrəmana.
Mən indi onunla “mübahisələrimi” də xatırlayıram. Əslində o, intihar etməyə də bilərdi.Onun yaşamaq “limiti” hələ tam tükənməmişdi. Belə bir nəhəng enerjiyə malik adam mövcud cəmiyyətə uzun müddət müqavimət göstərə bilərdi…
Amma Cek Londona və ya Martin İdenə “bəraət” verdiyim vaxtlar da az olmayıb. Axı bu zalım oğlu Cek London özü də sonda öz qəhrəmanı kimi intihar edir. Belə çıxır ki, yazıçı bu əsəri yazmaqla özünü bir növ ölümə hazırlayırmış.
Mən sonralar cəmi qırx il ömür sürmüş bu böyük ədibin “Həyat eşqi”, “Dəniz canavarı”, “Dəmir daban”, “Meksikalı”, “Aylı vadi” və digər əsərlərini də oxudum. Amma “Martin İden” sərt dəniz rəngləri və cəsur dənizçi xarakteri ilə yaddaşımda əbədi iz qoydu.
Yeri gəlmişkən, “Martin İden” romanını mərhum İslam İbrahimov dilimizə çox yüksək səviyyədə çevirib.
Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini mütləq oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden”idir. Bu əsər həm də ədəbi fırtınanın qoynuna atılmaq istəyənlər üçün bir dərslikdir, bir xrestomatiyadır.
Böyük yazıçının olumundan və ölümündən onillər keçir.
Cek London bu gün də əsərləri dünyada ən çox tirajlanan, deməli ən çox oxunan yazıçılardan biridir.
Elə bu gün də Cek London öz əsərləri ilə daim müasirdir, maraqlıdır, aktualdır.
Müəllif: Firuz MUSTAFA
Respublikanın Əməkdar incəsənət xadimi
Mənbə: Firuz Mustafa
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Cek London və Martin İden”