Mübariz Süleymanlı: SEVGİ YAĞIŞI – yeni şeirlər

SEVGİ YAĞIŞI

Hanı mənim sənli dünyam?
Hanı mənim gözəl anım?
Odum sönüb közüm qalıb,
Çətin daha bir də yanam.

Hanı kövrək baxışların?
Hanı yağan göz yaşların?
Çox dəyişdi zaman bizi
Çətin nağıla inanım

Hanı sənlə qurduğumuz,
Kasıb koma,isti ocaq?
Hanı qoşa şəkillərdə ,
Lal məhəbbət qucaq-qucaq.

İndi sönən ümidlərin
Soyuq külü mənə bəsdir
İndi məni yaşadan da,
O günlərdən qalan səsdir.

Hanı göydən dərdiyim Ay?
Hanı o eşq,o hay- haray?
Qaytar mənə saf sevgimi,
Budur ömrümə düşən pay.

Hanı sənə baxdığım göz?
Hanı mənə verdiyin söz?
Özün mənə deyərdin ki…
Ədama döz,nazıma döz.

Hanı həsrət dolu baxış?
Ömrümüzdən keçsin bu qış
Gəlsin yenə bahar ətri
Çiçək-çiçək yağsın yağış.

AŞİQ OLDUM

Sənə baxan gözlərimdən,
Qəlbimdəkin duydunmu heç?
Ürək qıran sözlərindən,
Söylə görüm doydunmu heç?

Eşqim sənə namə yazdı,
Oxudunmu sözlərimi?
Şıltaqlığın dedim azdı
Çəkəmmədim gözlərimi.

Ömrümüzdən ləçək-ləçək,
Solub düşən günü sana
Bu taleyi bir də seçək
Aşiq olum bir də sənə.

KÜSMƏDİM

Salxım-salxım arzularla yaşaram,
Dözə-dözə dərd içimdə daşaram,
Coşa-coşa şeirləri qoşaram,
Tanrı yazan taleyimdən küsmədim.

Ləçək-ləçək ümidlərim solanda,
Damla-damla gözümə yaş dolanda,
Neçə-neçə istəklərim qalanda,
Tanrı yazan taleyimdən küsmədim.

Gülə-gülə,gilə-gilə ağladım,
Bilə-bilə, ürəyimi dağladım,
Bölə-bölə sevincimi, çağladım,
Tanrı yazan taleyimdən küsmədim.

Əsə-əsə yaşamadım ömrümü,
Küsə-küsə yaşamaq da ömürmü?
Qorxa-qorxa heç demədim sözümü,
Tanrı yazan taleyimdən küsmədim.

BU DÜNYA

Fikir adamıyam,söz adamıyam
Tanrının bəndəsi öz adamıyam
Mən ki bu dünyanın düz adamıyam,
Bildim mənlik deyil, mənlik bu dünya

Mənə yapışamaz nə böhtan,nə şər,
Beləcə, yaranıb əzəldən bəşər,
Daşım şeytanının başına düşər,
Demək mənlik deyil, mənlik bu dünya.

Səbrimin üstünə səbr caladım,
Yuvamı qorudum, ocaq qaladım,
Kimsənin haqqını kəsən olmadım
Güldüm, mənlik deyil, mənlik bu dünya.

Sinəmə sıxdığım sazı gözlədim,
Qışdan sonra gələn yazı gözlədim,
Yoluma nur səpən sözü gözlədim,
Vallah, mənlik deyil, mənlik bu dünya

Dəvəsini süzdüm, tazıya baxdım,
Ağlıyla öyünən razıya baxdım,
Alnıma yazılan yazıya baxdım,
Gördüm mənlik deyil, mənlik bu dünya.


BU GÜN

Yarpağı saralan,küləyi coşan,
Dərəsi dillənən,çayları daşan,
Dağına ,daşına nəğmələr qoşan
Bağrıma basıram payızı bu gün.

Tanrı nəfəsinin ruhunu duyan,
Əlini köksünün üstünə qoyan,
Dünyanın malından gözləri doyan,
Bağrıma basıram payızı bu gün.

Təndirin həniri ,sobanın közü,
Ardınca səsləyir qışın sərt üzü,
Bəxtmə yazılan o qara gözü,
Bağrıma basıram payızı bu gün.

Haramı dadamaz halalın biri,
Əzəldən bilinməz dünyanın sirri
Məclisdə tanınar insanın yeri,
Bağrıma basıram payızı bu gün.

Hiyləgər adamın işi kələkdi,
Etdiyin əməli yazan Mələkdi,
Kəfən doğulandan bizə bələkdi,
Bağrıma basıram payızı bu gün

Müəllif: Mübariz Ağaxan oğlu Süleymanlı,

Şair .

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir