
AĞRI ÜFÜRÜLMÜŞ ŞAR
Baxışında
sönməkdə olan bir ümid,
ürəyində düyün bağlamış
vətənsizlik dərdi,
illər yorğunudu,
yollar əsiridi
fələstinli Mahmud Abbas…
Bezir qəbulların təmtərağından,
təsəlli gətirən sözlərdən bezir.
Bu nə müsibətdir,
öz torpağinı
özgə torpaqlarda gəzir
bu adam…
Uzatmaq olurmu çəkib vətəni,
becərmək olurmu əkib vətəni?!.
Əzrail yanına çəkib vətəni…
Yağlı əppəkdən də betərmiş vətən,
Anam,iynə olub itərmiş vətən…
Bu xalq
xalq deyil ki!..
İçinə ağrı üfürülmüş şardı,
havadan asılıb,
buludlara,
ulduzlara
qısılıb,
çörək istəmir,
bir loxma yer istəyir,
qadınlar doğmağa,
körpələr dünyaya gəlməyə,
qocalar ölməyə
yer istəyir…
Baxışlarda sönməkdə olan ümid,
ürəklərdə vətənsizlik dərdi…
Müəllif: Arif Fərzəli
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru