Elmira Cəfərqızı – Kitab

KİTAB
Ağlım kəsəndən nənəmgilin evlərinə bitişik olan çörək çardağının içində, divara bitişdirimiş böyük bir sandıq görmüşdüm. Onun üstünə dəsmal salır, çörək yığır, çörək yığılandan sonra yayqını, duvağı, oxlovları üstünə yığırdılar.Sandıq bizim gördüyümüz adi sandıqlardan deyildi.Təxminən 60-70-ci illərdə evlərdə olan “şifoner”lərin yarısı boyda idi. Çox güman ki bu sandığı 1941-45-ci il müharibəsindən əvvəl ev ustası olan babam özü düzəltmişdi.Sonra müharibəyə getmiş,müharibədən sonra ondan heç bir xəbər alınmamışdı.
Birinci sinfi bitirib yay tətilinə çıxmışdım.Bir gün özümdən 4 yaş böyük dayım qızı Zoyadan xahiş etdim ki, gəl sandığı açaq, görək içində nə var? Zoya isə,- sandığın içindəkilər kitabdır dedi,- atamın kitabları.
Artıq yazıb oxumağı bilirdim. Sandığın içindəkilərin kitab olduğunu biləndə marağım daha da artdı.
Qonşuların həmişə lətifəyə döndərib danışdıqları bir əhvalat yadıma düşdü:
Belə ki, bir gün nənəmə xəbər gəlir ki Nəsrəddin ( dayım) Bakıdan gəlib, idarənin yanındadır, dedi anama deyin iki ulaq palanlatdırsın, gətirsin əşyalarımı aparaq.
Uşaqlarını əziyyətlə böyütmüş nənəm də oğlunun ismarıcını yerinə yetirir.Bəlkə də, yol boyu xəyallar da qurur ki, işləməkdən gələn oğlu evə nələrsə alıb gətirib.Gedəndə əşyaların yalnız kitablardan ibarət olduğunu görür.
Mən bu əhvalatı xatırlaya-xatırlaya Zoyanın köməkliyi ilə sandığı açdıq.Sandıq ağzınacan kitablarla dolu idi.Çoxunun üstündə Lenin babanın şəkilləri var idi.Qara cildli bir kitabın üstünə isə “Kapital” yazılmışdı.Amma mən buradan özüm üçün bir kitab tapdım.Bu “Nadejda Krupskaya” kitabı idi.Mən onu vərəqləyərkən kitabın içində Lenin baba ilə Krupskayanın uşaqların arasında çəkilmiş çoxlu şəkillərini və bu şəkilləri izah edən yazılar gördüm.Zoyanın razılığı ilə kitabı götürdüm.
Dayımın taleyinə gəlincə o, 4 yaşından atasız qalmış, orta məktəbi bitirdikdən sonra əsgər getmiş, qayıtdıqdan sonra isə imtahan verərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Lakin o, sentyabrda dərsə gedərkən gəlib deyirlər ki, sənin adın qəbul olanların siyahısına səhv düşüb.Səni Gəncəyə Pedoqoji İnstituta göndərək, bir il orada oxu, gələn il geri çağıracağıq.Bilmirəm, belə bir hal başqalarının da başına gəlibmi, amma bu hadisənin dayımın həyatına çox böyük təsiri olub.Bir il Pedoqoji İnstitutda oxuduqdan sonra geri çağırılmayacağını anlayan dayım dərslərə həvəssiz gedir, institutda oxumaq istəmir.Savadlı tələbə olduğundan müəllimlər hörmətlə yanaşırlar.Lakin semestr imtahanlarının birində qəsdən cavab vermir, sonrakı imtahanlara isə , ümümiyyətlə, getmir. Dəfələrlə ınstitutdan məktub göndərsələr də nənəmin, anamın, kiçik dayımın yalvarışlarına baxmayaraq geri qayıtmır.
O, bütün ömrü boyu ədalət axtarışında oldu. Hər yerdə, hər işdə ədalət aradı, amma tapa bilmədi ki, bilmədi.

Müəllif: Elmira CƏFƏRQIZI

ELMİRA CƏFƏRQIZININ YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir