Tənha əncir ağacı – Narıngül Nadir

Tənha əncir ağacı
(Səttar Bəhlulzadənin ev muzeyindən esse- reportaj)
Səttar Bəhlulzadə haqqında kifayət qədər obrazlı ifadələr, təriflər, bəlağətli sözlər işlətmək olar və heç biri də bayağı səslənməz. Amma mən bəzəkli təşbehlərdən, metaforalardan, mübaliğələrdən tamamilə uzaq duraraq onun doğulduğu ocağa baş çəkmək, imkan qədər həyatının ağlı-qaralı cizgilərinə nəzər salmaq, nələrisə öyrənmək, nələrisə “kəşf” etmək istəyirəm. Çünki Səttar Bəhlulzadə olduqca sadə insan olub. Nə Moskvada təhsil aldığı tələbəlik illərində, nə çalışdığı mötəbər mədəniyyət ocaqlarında, nə də şöhrəti dünyaya yayılandan sonra “akademik adam” olmaq istəməyib. Ütülü, zəhmli kostyumlar, bərk-bərk düyünlənmiş rəngbərəng qalstuklar, boynu sərt kraxmallı köynəklər onluq deyildi. Həmsöhbətləri də çox vaxt adi insanlar olub. Bu sadəlik həm də insanın özünüdərkindən yaranan böyük sadəlik idi.
O, öz sənəti haqqında danışarkən də iddiasız və təbii idi. Qələmə aldığı gündəliyində belə qeyd edirdi: “Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan sənətkar qəlbinin səsidir”.
Təbii ki, fövqəlsənət həmişə sənətkarlıq izmlərindən öndə dayanıb və əsl yaradıcının mütləq şəkildə hansısa cərəyanı yaratmaq iddiası olmur.
Yuxarıda qeyd etdiyim kimi, mən bu yazıda rəssamın ruhunu duymaq, onun həyatıyla bağlı deyilməmiş hansısa detalı, hansısa “müəmmanı” işıqlandırmaq arzusundayam. Elə bu arzuyla da, qeyri-ixtiyari, Bakının küləyini, qumunu, ətrini canına hopdurmuş Əmircan kəndinə- rəssamın doğulduğu ata ocağına üz tuturam. Səttar Bəhlulzadə bu kəndi çox sevirdi, yəqin ki, gözlərinə, ruhuna köçürdüyü ilk təsvir də elə bu kəndin mənzərəsi olub. Dönə-dönə etiraf edirdi ki, Əmircandan bir addım da kənarda yaşaya bilməz, yetim qalar… Öz ruhuna yaxşı bələddir axı…
Əgər fövqəladə Moskva səfərini nəzərə almasaq, onun Əmircandan çıxaraq getdiyi ən uzaq məkan da doğma Azərbaycanın əsrarəngiz bölgələri olub. O, bu bölgələrin gözəlliklərini qələmə alaraq həm də, onların özünəməxsus xarakterini yaradırdı.
“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, vətən torpağı əsl ilham mənbəyidir”,-deyirdi Səttar Bəhlulzadə.
Amma insan ömrü daha çox ziddiyətlərin vəhdətindən ibarətdir… Rəssamın özündən fərqli olaraq yaratdığı rəsm əsərləri bütün dünyanı: Tbilisi, Praqa, Moskva, Yalta, Minsk, Nyuyork, İstanbul, London, Bonn, Daşkənd və Parisi gəzib -dolaşıb, eləcə də, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi ölkələrdə sərgilənib.
Qədim Əmircan kəndinin dolanbac küçələrindən keçib ağ, yaxud da boz rəngli qapının qarşısında dayanıram. Qapının üzərindəki lövhəni, əzbərləyirəmmiş kimi, dönə-dönə oxuyram. “Səttar Bəhlulzadənin ev muzeyi”.
Dönüb gözücu küçədəki yanaşı qapılara boylanır, qonşu həyətlərin müxtəlif rəngli qapılarını bir –bir gözdən keçirirəm. “Yox, bu qapı fərqli olmalıdır”, -deyə düşünürəm. Bu qapıya böyük iddialarla gəlmişəm axı…
Həyət qapısından içəri girən kimi birdən-birə işıq selinə düşürəm. Başımı qaldırıb göyə boylanıram. İsti avqust günəşi sanki bütün şüasını bu həyətə tuşlayıb, buranı daha çox işıqlandırır. Bəlkə də, elə bu işıq selinin özündə də bir hikmət var.
Həyətin küncündəki əncir ağacı diqqətimi çəkir. Tək-tənha əncir ağacı…Səttar Bəhlulzadə də tək idi, tənhaydı… Buna tamamilə əminəm. Böyük yazıçımız Anar yazırdı: “Çox tənha olan Səttar həyatı bayram kimi qarşılayırdı”. Çox fəlsəfi fikirdir. Həyatın atəşfəşanlığını, polifonik səslərini, palitrasını görmək üçün tənhalığa çəkilmək mütləqdir.
Əncir ağacından gözlərimi çəkmirəm. Nəfəsimi içimə çəkib sanki heçliyin dibinə enmişəm, ətrafı dərk etməyə çalışıram. Deyəsən, əncir ağacı da heçliyə söykənib…
O qədər də geniş olmayan həyətə daş pilətələr döşənib. Ürəyimdən çəmənlik, ağaclıq, gül-çiçək bağçası görmək keçir. Axı Səttar Bəhlulzadə sehrli fırçasıyla yüzlərlə mənzərə şəkli çəkib, onlara xüsusi ruh verib. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, Kəpəzin göz yaşları”,”Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”,”Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”, “Əmircan”, “Neft daşları” və s. Birdirmi, beşdirmi?.. Bu ecazkar rəngarəngliyi ondan başqa kim yarada bilərdi ki?! Onun çəkdiyi təbiət təsvirləri hərəkətlidir, parlaqdır, canlılığı, şuxluğu ilə seçilir. Səttar Bəhlulzadə təbiətin aşiqi, məcnunu idi.
Həyətdəki cansız daş pilətələrin yaratdığı təzadsa durmadan beynimi döyəcləyir…
Ehtiyatla, az qala ayağımın ucunda, mənzil –muzeyə daxil oluram. Mənzildəki əşyaları acgözlüklə gözümə yığmağa çalışıram: üstü qırmızı örtüklü dəyirmi miz, vitrinə qoyulmuş kiçik çay daşları, radioqəbuledici, rəngə bulaşmış molbert, palitra, yataq otağındakı çarpayı, dolab, müxtəlif rəsm əsərlərinin reproduksiyaları…
Divarın ən görkəmli yerindən rəssamın anasına həsr etdiyi portret asılıb: ürəyinin səsiylə, böyük sevgiylə qələmə aldığı portret! Sadə, üz cizgilərindən libasına qədər milli çalarları özündə əks etdirən xanım-xatun Azərbaycan qadını.
Bəlkə, rəssamın elə ən çox zəhmət çəkdiyi, zaman sərf etdiyi portret də budur. Adam öz doğmasını rəsmini ürəyində daşıyır axı… Ürəyinin dərin qatındakını olduğu kimi köçürməksə elə də asan iş deyil.
Əşyaların arasında ilk diqqətimi çəkən rəngə bulaşmış molbertin qarşısına qoyulmuş qurumuş fırçalar olur- sehrli fırçalar… Səttar Bəhlulzadə xarici ölkəyə gedən dost-tanışlarından ona fırça gətirmələrini xahiş edirmiş. Əlimi fırçalara toxundururam. Hərçənd ki, muzeyin eksponatlarına toxunmaq qadağandır. Amma mən ona ən yaxın olan bu fırçalardan rəssamın ruhunu duymağa çalışıram. Fırçalar bir az da Səttar Bəhlulzadə barmaqlarına bənzəyir, arıq, uzun, sehrli… Bildiyimə görə, rəssamın 60-dan çox fırçası olub. Bu fırçalar haqqında xeyli yazı da yazılıb. “Səttar Bəhlulzadə fırçası bizə vətən torpağını vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı desək, səhv etmərik”. (Ziyadxan Əliyev, Əməkdar İncəsənət xadimi, sənətşünas)
Düşünürəm ki, bu fırçalar xoşbəxt fırçalardır, dayanmadan çalışıblar. Səttar Bəhlulzadə deyirmiş ki, rəssam oldunsa, gərək çox işləyəsən. Deməli, fırçalar öz işini layiqincə görüb…
Rəssamın evinin diqqətçəkən yerində sərgilənən radioqəbuledici və patefonun qarşısında ayaq saxlayıram. Səttar Bəhlulzadə musiqini çox sevirdi. Əsərlərini işləyərkən Baxın, Bethovenin musiqilərinə qulaq asar, tez-tez Asəf Zeynallının “Ölkəm”əsərini zümzümə edərmiş. Təbiidir ki, musiqinin ötürdüyü hisslər onun əsərlərinə də özünü biruzə verir.
Patefonu isə ona ölməz sənətkar Gülağa Məmmədov bağışlayıb.
Rəssamın ayrı-ayrı bölgələrdən toplayıb gətirdiyi sehrli çay daşlarına tamaşa edirəm. Bu daşları toplamaq onun hobbisi olub. Kim bilir, bu daşların daş yaddaşında hansı xatirələr yatır… Çayın köpüklü sularının çoxdan unutduğu bu sahil daşları rəssamın sehrli ovcunda nə qədər xoşbəxt olublar?..
Muzeydəki heç bir əşyanı gözdən qaçırmaq istəmirəm. Buradakı bütün əşyalar rəssamın sadəliyindən xəbər verir.
Böyük rəssamın dünya malında gözü olmayıb, mənəviyyətin bolluğunda yaşamağı daha üstün tutub. Təbii ki, o istəsə, maddi cəhətdən kifayət qədər zəngin də ola bilərdi, amma istəməyib. Çünkü onun daxili aləmi, ruhu, istedadı zəngin idi. Yəqin ki, heç bir maddiyyat bu zənginliyin qarşısında duruş gətirməzdi. Həm də, bu adam olduqca əliaçıq olub. Dövlət tərəfindən ona verilən mənzilin açarlarını o zaman evə ehtiyacı olan, gənc rəssam Tahir Salahova verərək “Mənim evim Əmircandadır, anam, bacım ordadır, sən isə evlənirsən, götür açarları, yubanma, evlən!”-deyib. O, əsərlərinə verilən qanorarlarını uşaq evlərinə, imkanı olmayan gənc rəssamlara verirmiş. Rəsmlərini çox zaman insanlara pulsuz bağışlayırmış.
Bu da Səttar Bəhlulzadənin gündəliklərinin yerləşdiyi vitrin!
Vitrindəki gündəliklər məni maqnit kimi özünə çəkir. Bəs görəsən, rəssam bu gündəlikləri hansı həvəslə yazıb? Bəlkə, beynindəki fikir yükündən xilas olmaq üçün, bəlkə həyatının müəyyən məqamlarına yenidən qayıdıb nəzər salmaq üçün, bəlkə də, başqa düşüncəylə… Görəsən, bu gündəlikdə bilmədiyimiz daha hansı sirlər yatır? Görəsən, bu gündəlikləri nöqtə-vergülünə kimi oxusaq, Səttar Bəhlulzadənin həyatını olduğu kimi öyrənmək olarmı? Beynimdə aydınlaşdırmağa gücüm çatmayan müəmmalar çoxdur. Özümü dərənin dibində dayanaraq dağa tamaşa edən səyyah kimi hiss edirəm.
Təəssüf ki, hələki gündəliklərlə bütöv tanış olmaq da mümkün deyil. Bəlkə də, heç gündəliyə ehtiyac da yoxdur. Axı Səttar Bəhlulzadənin keçmişi az qala əzbər şəklində dillərdə dolaşıb, xatirələri onu tanıyanların yaddaşından süzülərək bir çox detallarıyla yazılara köçürülüb, rəssamın xarakterini cızıb. Qəribədir, mən bunları bilə-bilə, təkidlə daha hansısa çaları axtarıram…
Gözümü hamar, parlaq şüşə vitrinə zilləmişəm. Bütün istedadlı insanlar kimi Səttar Bəhlulzadənin həyatı da heç də bu şüşə kimi hamar, parlaq olmayıb. O zaman rəssamı qısqananlar, paxıllığını çəkənlər də az olmayıb. Onun əsərlərini qəsdən gizlədir, görməzdən gəlirdilər, rəsmlərinin layiq olduğu qanorarı ala bilmirdi. Qanorarın azlığı, gizli şəkildə edilən mənəvi təzyiqlər onu həvəsdən salmırdı.
Görəsən, şüşənin altındakı gündəliklərin təsir gücü nə qədərdir? Onlara əl ilə toxunsam dahi rəssamın ömrünün son günlərində olan yaratmaq həvəsini, Moskvada keçirilən fərdi sərgisində iştirak etmək arzusunu, ürəyinin xoşbəxt döyüntüsünü çatdıra bilərmi? Onun son günlərinin kədərini, amansız xəstəliyin vurduğu zərbənin ağırlığını necə, hiss etdirərmi?
Axı Səttar Bəhlulzadə gündəliyinin bu hissəsi çox təsirlidir…
Taleyin ironiyası deyilən bu imiş. Bir tərəfdən verilən xoşbəxtlik o biri tərəfdən alınırmış. 1973-ilin avqust ayında Sabunçu xəstəxanasında müalicə aldığı zaman Moskvada rəssamın fərdi sərgisi açılırmış. Həkimlər onun təcili şəkildə Moskvaya aparılmasını məsləhət görürlər. Onsuz da rəssamın xəyalı özündən qabaq Moskvada açılacaq sərgisinin yanına uçub getmişdi. O, dostlarına belə etiraf edirdi: “Oğlum yox, qızım yox, evləndirəm, toyunu edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu çağında, ömrümdə birinci dəfədir ki, Moskvada sərgim açılır. Ora məni çatdırsanız arzum ürəyimdə qalmaz”. Nə yaxşı ki, onun bu arzusu ürəyində qalmadı, bəlkə də, həyatının ən xoşbəxt anı bu sərgidə iştirak etməyi oldu. Ağır xəstə olan rəssam sentyabrın ikinci yarısında qatarla Moskvaya yola düşür. Bu səyahət həm də onun həyat salnaməsinin son akkordu olur. Sənətşünas Ziyadxan Əliyev bu səfər haqqında belə yazırdı: “O, həm uğurla keçən sərgisində iştirak edir, həm dostlarıyla “Praqa” restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da N. İ. Piroqov adına xəstəxanada professor Çernousovun cərrah bışağı altına “düşməyə” imkan tapır”.
Muzeyi dolaşdıqca, əşyaları seyr etdikcə həm də öz-özümə hesabat verirəm. Anlayıram ki, deyəsən, Səttar Bəhlulzadə haqqında yazılanlardan, özünün qeydlərindən, deyilənlərdən fərlqli heç nə tapa bilməyəcəm. Açığı, özlüyümdə bir qədər də pərt oluram. Həm də yazımı kövrək notlarla bitirmək istəmirəm.
Nəhayət divarboyu sərgilənən rəsm əsərlərinin qarşısına keçirəm. Səttar Bəhlulzadə rəsmlərinin sehrindən çıxmaq mümkün deyil. Rəsmlərdə rəssamın ruhunu görürəm. Onun çəkdiyi hər bir portret ayrı- ayrılıqda Səttar Bəhlulzadədir. Öz məcrasından çıxıb ucsuz-bucaqsız nəhəyətsizliyə üz tutan, dünyaya sığmayan Səttar Bəhlulzadə və dəyişən, “Kəpəzin göz yaşı”ndakı düçüncəli, “Xəzərdə axşam”dakı romantik, “Azərbaycan nağlı” ndakı sirli-sehrli, “Şahdağ”dakı əzəmətli, “Babək üsyanı”ndakı üsyankar, “Çiçəklənən badam ağacı”ndakı işıqlı, şəfəq saçan ruh… Bu əsərlər həm də girov qoyulmuş bir insan ömrünün qazancıdır. Amma öz aramızdır, çox böyük qazancdır…
Muzeydən çıxıb həyətdəki tənha əncir ağacının altında dayanıram.
Günəş yenə də öz işindədir, qızılı şüaları ilə ağacın yarpaqları arasından bərq vurur. Birdən-birə ürəyimə fərəh yayılır. Özümü Səttar Bəhlulzadənin rəsm qalereyasında hiss edirəm. Həyətin hər tərəfinə rəssamın əsərləri döşənib. Həyət laləzara çevrilib, dünyanın bütün rəngləri burdadır. Dünya bayram edir, dünya nağıla dönüb.
Kim bilir, bəlkə, elə gələcək dünyamızı da bəlalardan, şər qüvvələrdən belə işıqlı sənət nağılları xilas edəcək.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir