Əl-ələ sərt yoxuşu düşməyə başladılar. Sanki sadəcə Elçinlə Gülay dənizə tərəf getmirdi, qabaran dəniz də onlara tərəf gəlirdi. Hər dəfə köpüklü dalğalarını daha da uzağa göndərir, sevgililərə qovuşmağa can atırdı. Sahildəki qayalıqlara çırpılan dalğalar parçalanır, köpüklər qumun üstündə sönüb gedirdi. Onlar dəniz kənarına çatdıqları zaman sahilin gənclərlə dolu olduğunu gördülər. Cütlüklər ay işığında üzü dənizə oturmuşdular. Yosun qoxulu külək qızların ipək saçlarını oynadır, oğlanlar sevgililərini qucaqlayıb onları soyuqdan qorumağa çalışırdılar. Gülay mənzərəyə baxaraq:
– Eli, necə də romantikdir, – dedi.
Elçin onun belini qucaqlayıb özünə tərəf çəkdi, saçından öpdü:
– Anı yaşa, həyatım.
– Haqlısan, Eli, həyatımız da dənizin qayalara vurub parçalanan dalğaları kimidir. Hər anını sadəcə bir dəfə yaşaya bilirik. Təəssüf ki, ömrümüz boyunca yaşadığımız milyonlarca anın heç birini ikinci dəfə yaşamaq şansımız yoxdur.
– Ona görə də mənim həyat şüarım belədir: ya həyatının hər anını dolu-dolu yaşa, ya da heç yaşama!
Elçin yaxınlaşıb qaya parçasının üstünə çıxdı. Qollarını açıb irəli uzatdı. Üzünü səmaya tutub gözlərini yumdu. Sahilə çırpılan dalğa onun ayaqlarına dolanıb geri çəkildiyi zaman Gülay köynəyinin arxasından tutub Elçini özünə tərəf çəkdi.
– Hara gedirsən, Eli? – deyə qışqırdı.
Elçin gözlərini açıb səmaya səpələnmiş almaz dənəciklərinə baxaraq hələ də onu özünə tərəf dartan Gülaya dedi:
– Həyatın məni çağırdığı yerə.
– Dəlisən, Eli? Qorxutma məni! – deyə qız dodaqlarını büzdü.
– Sən də gəl, ağ çiçəyim. Su ilə torpağın, qaranlıqla aydınlığın qovuşduğu yerə gəl. Gözlərini yum, ruhuna sərbəstlik ver. Qoy qağayılar kimi sərbəstcə dolaşsın göy üzündə.
Azğın dalğalar ayaqlarından dartdıqca sürüşkən qaya parçasının üstündə müvazinətini qorumağa çalışan Gülay Elçini təqlid edir, gözlərini yumub düşüncələrindən uzaqlaşmaq istəyirdi. Amma ayaqlarının altındakı sürüşkən qaya parçasına, onu olduğu yerdən uzaqlaşdırmağa çalışan dənizə və dəli küləyə müqavimət göstərmək asan deyildi.
– Eli, qurban sənə, indi yıxılacağam, – Gülay qışqırdı.
– Yaxşı, həyatım, qorxma, – deyə Elçin dönüb qaya parçasının üstündən düşdü, onu da qucağına alıb dalğaların ulaşa bilmədiyi yerə gətirdi.
İkisinin də ayaqqabılarına su dolmuş, şalvarları islanmışdı. Gülay sevgilisinin üzünə baxdı. Elçinin dodaqlarına qəribə bir təbəssüm qonmuşdu. Üzündə ayın işığı əks olunur, gözlərində balaca ulduzlar uçuşurdu. Gülayın ürəyi atlandı. Sanki sinəsinin sol tərəfində balaca, yumruq boyda bir şey şişib böyüməyə başladı. Həmin şey sinəsinə sığmayıb qabırğalarını sıxmağa başlayanda o, Elçinin boynuna sarıldı və qışqıraraq:
– Səni çox, lap çox sevirəm, Eli, – dedi…
Elçin Gülayın ayaqlarını yerdən üzüb saçından öpdü:
– Mən də səni, sevgilim.
Sonra qollarını boşaldıb Gülayı yerə qoydu, çənəsindən tutub dodaqlarından öpdü:
– Bu gecəni yazdım tarixə… Gedək, balım, ayaqların islanıb, xəstələnərsən.
Yoxuşu qalxarkən ayaqları islaq ayaqqabılarının içində sürüşür, addım atmalarını çətinləşdirirdi. Ona görə də bayaq asanca endikləri yoxuşu qalxmaqda çətinlik çəkirdilər.
Gülay ayaqqabılarını soyunub əlinə almaq istədiyi zaman Elçin:
– Bir dəqiqə həyatım, – deyərək onu belindən qucaqlayıb yuxarı qaldırdı. – Sən boynumu qucaqla, mən səni qaldıraram.
Gülay çabalayıb düşmək istədi. Elçin onun yanından bir şapalaq vurdu:
– Sakit dur.
Gülay dodaqlarını büzərək dedi:
– Ağrıtdı e, vəhşi!
– Qoy yoxuşun başına çataq, öpərəm keçər.
– Axı sənin də ayaqqabıların islanıb, Eli.
– Eybi yoxdur, əzizim! Bir az da səbr et, çatırıq.
Dəniz fənərinin yanına çatdıqları zaman Gülayı yerə qoyub dedi:
– Həyatım, gəl bir çay içək, bədənimiz qızışsın.
Gülay onun sözünü təsdiqlədi:
– Hə, Eli, aşağıda dondum soyuqdan.
Birlikdə bayaq əyləşdikləri kafeyə gəldilər. Boş masa tapıb əyləşdilər. Elçin yaxınlaşan ofisiantdan çay gətirməsini rica etdi. Gülaya tərəf dönüb dedi:
– Amma sahil ləzzət elədi. İnanırsan, Gülü, bütün yorğunluğum çıxdı.
– Mənə də çox yaxşı təsir elədi. Sabah məni çimərliyə apar da, Eli.
– Ay Gülü… Səni hələ haralara aparacağam, – deyə Elçin göz vurdu.
Gülay dişlərini qıcadı:
– İndidən de, bilim də, Eli.
– Olmaz.
Gülay daha da acıqlandı:
– Onda hər yerə tək gedərsən!
– Of, Gülü, sabah barədə danışmayaq, gedək istirahət edək. Sabah tezdən qalxarıq. Hoteldən çıxanda ipucu verəcəyəm.
– Hə, Eli, çayımızı içək, qalxaq. Gedib duş qəbul etmək istəyirəm. Sən də bu gecə tək yatıb ağıllanarsan, – deyə Gü lay üzünü dənizə tərəf döndərdi.
Çaylarını içib qalxdılar. Avtomobilə minib hotelə qayıtdılar. Nömrələrinə girdikləri zaman Elçin saatına baxıb dedi:
– Vaxt da uçur elə bil. Saat ikiyə işləyib.
Gülay ona fikir vermədən ayaqqabılarını çıxarıb eyvana qoydu. Çəkələklərini tapıb ayağına keçirdərək hamama getdi. Yolda Elçinlə kəlmə kəsməmiş, onun suallarını cavabsız qoymuşdu. Küsməkdə haqlı olduğunu göstərmək istəyir di. Bir tərəfdən də Elçin onun inadkarlığına bələd olduğundan üstünə getmirdi. “Yataqda barışarıq”, – deyə düşünürdü.
Eyvanda qollarını sinəsində çataqlayıb şəhərə tamaşa edirdi. Qapı cırıltısı eşidib içəri boylandığı zaman Gülayın hamamdan çıxdığını gördü. Yaxınlaşıb:
– Həmişə təmizlikdə, həyatım, – dedi.
Gülay heç nə demədən yatağa uzanıb yorğanı üstünə çəkdi. Sanki otaqda ondan başqa heç kəs yox idi. Elçin başını bulayıb hamama girdi. O yuyunub çıxanda artıq Gülay yuxulamışdı.
Səhər saat səkkizin yarısında telefonunda qurduğu zəngli saatın səsinə oyandı. Hamama girib əl-üzünü yudu. Dişlərini fırçalayıb qayıtdı. Gülay hələ də yatırdı. Yatağın kənarında əyləşib onun yatmağına tamaşa etməyə başladı. Özünü saxlaya bilməyib qızın yarıaçıq dodaqlarından öpdü.
Gülay yuxulu-yuxulu onu kənara itələyib üzüqoylu uzandı.
Elçin bu dəfə də onun saçını burnuna yaxınlaşdırıb qoxuladı. Çiynindən, kürəyindən öpdü.
– Əl çək, yatmaq istəyirəm, – deyə Gülay yorğanını başına çəkdi.
Şeytan Elçini yoldan çıxarmışdı. Artıq Gülayın yatmasına icazə verməyəcəkdi. Qızı qıdıqlayıb oyatdı, yorğanı üstündən çəkdi:
– Dur, tənbəl, biz bura gəzməyə gəlmişik, yatmağa yox.
Gülay onun gözlərinin içinə baxaraq acıqla dedi:
– Elə bilirsən dünənkini unutmuşam? Get özün gəz!
– Off, Gülü, səninçün sürpriz olsun deyə demirəm də. Qalx gedib yemək yeyək, səni Səbahəddin Əlinin dustaq olduğu həbsxanaya aparacağam. Sonra şəhərin iyirmi-otuz kilometrliyində Ərfələk Tatlıca şəlalələrinə gedərik. Günortadan sonra Hamsilosdakı fiorda, oradan da çimərliyə… Öyrəndin? Di qalx gedək.
Gülay əynini geyinib əl-üzünü yuyanadək Elçin idman paltarlarını və dağçılıq ləvazimatlarını bel çantasına yığdı. Hotelin yeməkxanasına düşüb nahar etdikdən sonra avtomobilə minib Sinop qalasına doğru hərəkət etdilər. Elçin avtomobili muzeyin yaxınlığında saxladı. Düşüb keçmişdə həbsxana kimi istifadə olunmuş binanı gəzməyə başladılar.
Onlar məhbusların saxlanıldığı alçaq tavanlı dar otaqları, uzun, ensiz koridorları gəzərkən “Aldırma gönül, aldırma” mahnısı çalınırdı. Sonra o mahnını Sinop həbsxanasındakı məhkumların cəzalarını çəkərkən yazdıqları şeirlər və onlara bəstələnmiş mahnılar əvəz etdi. Gülay kövrəlmişdi. Ən çox sevdiyi mahnının sözlərinin yazıldığı şərait onu mütəəs sir etmişdi. Bir anlıq özünü Səbahəddin Alinin yerinə qoydu. Burada ağır dəmir qapıların, aşılmaz divarların arxasında dustaq olduğunu düşündü… Qəddi əyildi, beli büküldü.
Bunu düşünmək belə ağır idi. Onun kefinin pozulduğunu hiss edən Elçin soruşdu:
– Həyatım, bəlkə, muzeydən çıxaq?
Gülay başını tərpədib razı olduğunu bildirdi və çıxışa doğru yönəldi.
Sakitcə gəlib avtomobillə əyləşdilər.
Ərfələk Tatlıca şəlalələrinə çatdıqları zaman Elçin uyğun bir yer seçib avtomobili əylədi. Maşından düşüb mənzərəyə heyran-heyran baxan Gülaya dedi:
– Əzizim, heç həyatında bu qədər əsrarəngiz gözəllik görmüsənmi?
– Xeyr, Eli, inan belə bir gözəlliyi heç yerdə görməmişəm.
Elçin sevgilisinin əlindən tutdu:
– Bəlkə, gəzintiyə başlamadan bir çay içək?
– Hə, Eli, əla olar. Sonra da dağa çıxarıq.
Elçin avtomobilin baqajını açıb bel çantasını götürdü.
– Əynimizi maşında dəyişək, – dedi.
Növbə ilə əyinlərini dəyişdilər. Çantada quru spirt, çaydan, quru çay, konserv, çörək, konfet, ov bıçağı, xilasetmə ipi kimi şeylər vardı. Birlikdə yaxınlıqdakı restorana tərəf getdilər. Çay boyunca sıralanan istirahət mərkəzləri, restoranlar müştərilərlə dolub-daşırdı. Elçinlə Gülay restoranın həyətinə girib ağacların altındakı masalardan birində oturdular. Çay sifariş verib hansı tərəfə gedəcəklərini müzakirə etməyə başladılar.
– Gülüm, şəlalələrin ən kiçiyi budur. Əlavə iyirmi beş şəlalə var. Qalxdıqca görəcəyik. Bax, bu cığırla dörd-beş saata nə qədər gedə bilsək, gedərik, sonra geri qayıdarıq.
– Niyə dörd-beş saat? Gəlmişkən elə birinci şəlaləyə qədər gedək də.
– Getməyinə gedək, həyatım. Amma birinci şəlaləyə neçə saata çatacağımızı bilmirik. Tutaq ki, gedib çatdıq, işin qayıtmaq tərəfi də var axı.
– Yaxşı, Eli, necə istəyirsən, elə olsun.
Çaylarını içib qurtardıqdan sonra Elçin ofisiantı çağırıb hesabı ödədi və Gülaya dedi:
– Qalx, gözəlim, yolçu yolda gərək.
Cığırın başlanğıcını hər gün buradan keçib gedən yüzlərcə insan tapdayıb bərkitmişdi. Şəlalənin çarhovuza töküldüyü yerə çatdıqları zaman yol haçalanırdı. Cığırlardan biri şəlalə ilə paralel daşlı-qayalı yamaca qalxırdı. Elçin altdan yuxarı həmin cığıra baxıb Gülaya dedi:
– Ürəyim, yan tərəfdən gedək, bura bizlik deyil.
– Niyə, Eli? Biz buradan qalxa bilmərik?
Elçin sevgilisinin gözlərinə baxıb gülümsündü:
– Yox, ay Gülü, görmürsənmi bu cığırla heç kim getmir. Ora dağçılar üçündür.
– Yaxşı, Eli, necə məsləhətdirsə, elə edək.
Onlar cığırla qalxıb şəlalənin başına çatdıqları zaman Elçin ayaq saxlayıb aşağıya baxdı və ardınca gələn Gülaya dedi:
– Gəl bir mənzərənin gözəlliyinə bax.
Gülay ona yaxınlaşıb dayandı. Ağac budaqlarının arasından göstərdiyi istiqamətə doğru baxdı. Dərindən nəfəs alıb dedi:
– Uy da! Eli, necə də gözəldir!
Şəlalənin suyu çarhovuza tökülür, sanki qaynayaraq yuxarı qalxırdı. Sonra dağların arası ilə qıvrılaraq axıb gedir, üfüq xəttinin bitdiyi yerdə yaşıl meşələrlə birlikdə dalğalı xətt yaradaraq səma ilə birləşirdi.
Gülay telefonunu çıxararaq mənzərənin fotosunu çəkdi. “Tik-tok”a girib canlı açmaq istəyəndə Elçin ona mane oldu:
– Darıxma, həyatım, canlı açmağın vaxtı gələndə sənə deyəcəyəm.
On-on beş dəqiqə qalxdıqdan sonra Elçin güclə eşidilən şırıltını dinşəyib dedi:
– İkinci şəlaləyə yaxınlaşırıq.
Nəhəng ağacların qovuşan çətirləri günəş işığı keçirmədiyindən ətraf yarıqaranlıq idi. Onlar cığırla irəlilədikcə ya yuxarı qalxanların yanından keçir, ya da qayıdanlarla qarşılaşırdılar. Onların hamısı ilə salamlaşır, ləhcələrindən tanıyanlar sağ əllərini qaldırıb türk dilində ucadan:
– Can Azərbaycan! – deyirdilər.
Üzlərindən təbəssüm, gülüş əskik olmayan bu insanlarla qarşılaşdıqca Gülay Elçinin qulağına astadan:
– Eli, necə də istiqanlı insanlardır, – deyirdi.
İkinci şəlaləyə çatdıqları zaman Elçin Gülaydan soruşdu:
– Yoruldun, həyatım? İstəyirsən bir az dincələk.
Gülay dərindən nəfəs alıb birçəyini qulağının arxasına keçirdi:
– Yox, Eli, sadəcə bir az susamışam. Elçin çantasını yerə qoydu. İçindəki butulkanı götürüb Gülaya uzatdı:
– Al iç, həyatım.
Gülay içib qaytardıqdan sonra özü də bir-iki qurtum içib butulkanı yerinə qoydu. Çantanı çiyninə keçirib Gülayın əlindən tutdu:
– Gedək, gülüm.
Onlar gəlib üçüncü şəlaləyə çatdıqları zaman Elçin saatına baxaraq Gülaya tərəf çevrildi:
– Burada beş dəqiqə dincələk, yorğunluğumuz çıxsın. Sonra davam edərik.
– Hə, Eli, bir az dincəlsək yaxşı olar.
Elçin cığırın kənarına çıxaraq iri bir ağacın altında yer seçib əyləşdi. Gülayın əlindən tutaraq yanında oturtdu:
– Başını qucağıma qoy, ayaqlarını da uzat.
Gülay onun dediyi kimi edərək gözlərini yumdu. Elçin onun saçını sığallayaraq:
– Nə vaxt istəsən de, qayıdaq, həyatım, – dedi.
– Qayıtmaq istəmirəm, Eli, gör nə gözəl yerlərdir, gəzmək istəyirəm.
– Acmamısan, həyatım?
– Elə də yox.
– Onda bir az da gedək, bir saata hara çatsaq, orada dayanıb yeməyimizi yeyər, dincələrik.
– Yaxşı, Eli.
Elçin onun əlini öpüb:
– Qalx getdik, – dedi.
Tədricən kolluqlar sıxlaşmağa, cığırlarsa otların altında görünməz olmağa başlamışdı. Arabir bir-birinə dolaşmış tikanlı kollar qarşılarını kəsirdi. Bu zaman Elçin ya bıçağı ilə kol-kosu kəsərək yol açırdı, ya da ətrafından dolanıb keçirdilər.
Elçin təngnəfəs halda dördüncü şəlalənin başına çıxdığı zaman qamətini düzəldib çevrildi. Onun iki addım gerisində olan Gülay qan-tərin içində idi. Addım atmağa taqəti qalmamışdı. Elçin çantasından su butulkasını çıxarıb ona verdi:
– Burada oturub iç, düşüm çaydan su gətirim, əl-üzümüzü yuyaq. Həm də çay qoyarıq.
Gülay şüşəni boşaldıb yerə qoydu:
– Qoy mən də gəlim, Eli, suya girib yuyunmaq istəyirəm.
Elçin gülümsündü:
– Ömrüm, su kənarındakı yamaclar çox sərtdir. Düşsən, çıxa bilməyəcəksən. Nə qədər su lazımdırsa, mən gətirəcəyəm. Sonra çaydanla boş butulkanı götürüb getdi.
Elçin çayda yuyunub su qablarını da dolduraraq qayıtdığı zaman Gülayın başını onun bel çantasına qoyaraq yuxuladığını gördü. Ürəyində dedi: “Ay Allah, bu qız necə yorulub belə”.
Onu oyatmamağa çalışaraq ehtiyatla çantanın cibindən quru spirt qutusunu götürdü. Ov bıçağı ilə yerdə çuxur qazıb üç ədəd quru spirti içinə qoyub yandırdı, çaydanı qaynamağa qoyub özü də torpağın üstündə oturdu. Siqaretindən birini götürüb yandıraraq damağına qoyub acgözlüklə sümürdü…
Çaydan qaynadıqdan sonra ətrafına boylandı, yaxınlıqda böyürtkən kolları gördü, gedib bir az yığdı. Gətirib bir azını çaydana ataraq kompot hazırladı, qalanını isə yemək üçün saxladı, Gülayı öpərək oyandırdı. Gülay qalxıb oturaraq gərnəşdi, gözlərini ovuşdurub dedi:
– Üşüdüm e, Eli. Saat neçədir?
– Dördün yarısı. Tərli-tərli yatmısan, ona görə üşüyürsən. Al bir kompot iç, – deyə Elçin çantasından götürdüyü birdəfəlik stəkana kompot süzüb ona uzatdı.
– Nə kompotudur ki?
– Böyürtkən.
– Ay canım mənim, bir dənəsən e, – deyə Gülay Elçindən karton stəkanı aldı, ətrafına boylandı, – Çox yatmışam, Eli?
– Yox, gülüm, cəmisi yarım saat. Amma bu qədər kifayətdir. Kompotunu iç, üşütmən keçsin, ona qədər də mən nəsə hazırlayım, yeyib gedək.
Elçin iki “Dardanel” ton konservi götürdü, qapaqların açdı və qazdığı çuxura qoydu. Dilimlənmiş çörəyi də götürdü:
– Gəl, həyatım.
– Dayan, Eli, hələ əlimi yuyacağam.
Elçin onun əlinə su tökdü, gülümsünərək göz vurub:
– Üzünü köynəyinə, əlini də üstünə sil, – dedi.
– Eli, salfet yoxdur?
– Yox, gülüm, o dediyin hoteldə qaldı. Burada belədir.
“Tik-tok”da canlı açmayacaqsanmı?
– Yox, Eli, istəmirəm.
– Niyə, gülüm?
– İzləyicilərimin məni bu halda görməsini istəmirəm.
– Dəli olma, Gülü. Nə olub halına? Belə də çox gözəlsən.
– Yaxşı, Eli, onda asılqanı ver.
Gülay canlı yayım açaraq telefonunu bir kənara, ikisini də görə biləcək yerə qoyub tənzimlədi.
Onlar yeməklərini yeyərkən Gülay bir tərəfdən də ikinci telefonundan yayıma qonaq alır, rəfiqələrini efirə qoşaraq söhbət edirdi. Onlara Ərfələk Tatlıca şəlalələrinin heyrətamiz gözəlliyi barədə məlumat verirdi. Digər tərəfdən də yazılan şərhləri oxuyub cavablayırdı…
Yayıma aldığı qonaqlarından kimisi nə vaxt Sinopa gedib çıxdıqlarını soruşur, kimisi də onlara xoş istirahət arzulayaraq özünün də bu gözəl yerləri gəzib-görmək istədiyini deyirdi.
Elçin yeməklərini yedikdən sonra konserv qutuları və digər zibilləri ocağın çuxuruna doldurub üstünü örtdü, digər əşyalarını bel çantasına qoydu. Ayağa qalxaraq dedi:
– Gedək, gülüm.
Gülay Elçinin davam etmək istədiyini sanıb onun gözlərinə yalvarış dolu nəzərlərlə baxdı:
– Bu qədər bəs deyil, Eli? Qayıdaq da.
Elçin ona sarılıb alnından öpdü, saçını qoxlayaraq dedi:
– Mənim mələyim yorulubmu? Baş üstə, ürəyim, qayıdaq.
Gülay sevinclə canlıdakı izləyicilərinə qayıtdıqlarını söylədi. O yol boyu izləyicilərinə gah çayı, gah qarşı yamaclardakı sıx meşələri, gah da şəlalələri göstərirdi.
Geri qayıdarkən yol eniş olduğundan daha tez gedir, elə də yorulmurdular. Gülayın da başı “Tik-tok”a qarışdığından vaxtın necə keçdiyindən xəbərsiz irəliləyir, arada önündə gedən Elçini izləyicilərinə göstərərək fəxrlə həyatda onun kimi mükəmməl ikinci bir oğlanın ola bilməyəcəyindən danışırdı. Dönüş yolundakı ilk şəlalənin başlanğıcına çatdıqları zaman Elçin Gülaya tərəf çevrilərək soruşdu:
– Yorulmamısan, həyatım?
– Hə, Eli, bir az dincələk, – deyə Gülay dikin başına gəldi, uyğun bir yer seçib əyləşərək aşağıda sıralanmış istirahət mərkəzlərini izləyicilərinə göstərdi, sağollaşıb yayımı dayandırdı.
Elçin gəlib Gülayın yanında oturdu. Belini qucaqlayıb özünə tərəf çəkdi, yanağından öpdü:
– Çox yorulmusansa, səni qucağımda daşıyım.
Gülay gülümsündü:
– Yox, ömrüm, ehtiyac yoxdur. Həm bura qədər başım canlıda elə qarışıb ki, necə gəldiyimdən xəbərim olmayıb.
Bir neçə dəqiqə dincəldikdən sonra qalxıb yollarına davam etdilər. Yarım saat sonra avtomobillərinin yanında idilər. Əşyalarını baqaja qoyub restoranlardan birinə yaxınlaşdılar. Əl-üzlərini yuyub əyləşdilər. Elçin yaxınlaşan ofisiantın təqdim etdiyi menyuya baxıb “cevizli mantı” və “nokul böreği” sifariş etdi, Gülaya dedi:
– Acından ölürəm, Gülü. Dünyaları versələr, yeyərəm.
– Buradan hara gedəcəyik, Eli?
– Təxminən yarım saatlıq yolda Hamsilos adlı bir bölgə var. Orada yerləşən fiorda gedəcəyik. Deyilənə görə, mükəmməl mənzərəsi var.
Gülay dodaqlarını büzdü:
– Bəs çimərlik, Eli? Çimərliyə getməyəcəyik?
– Çatdıra bilsək gedərik, çatdıra bilməsək, Samsunun girişində dünyaca məşhur bir çimərlik var, ora gedərik.
– Əla, Elçin, onda çimərlik qalsın Samsuna.
Restorandan saat səkkizin yarısında çıxıb maşına mindilər. Elçinin idarə etdiyi BMW kəskin döngəli dağ yollarında sürətlə şütüyür, açıq pəncərələrindən içəri dolan axşam küləyi gənclərin boyun-boğazlarını oxşayıb saçlarını oynadırdı.
– Bir az yavaş sür də Eli, başım gicəlləndi, – deyə Gülay narazılıq etdi.
Elçin gözlərini yoldan çəkmədən dedi:
– Günəş batmamış çatmaq istəyirəm, həyatım. İstəyirəm ki, qürubu orada qarşılayaq.
– Of, Eli! – deyə Gülay dişlərini qıcadı.
– Onca dəqiqə səbr et, bir şey qalmadı, çatırıq.
Fiordun yaxınlığına çatanda saat səkkizə qalırdı. Elçin avtomobili saxlayaraq Gülayın əlindən tutdu, fiordun qərbindəki təpəni göstərərək dedi:
– Qaçdıq, həyatım, beş-altı dəqiqə vaxtımız qalıb.
Təngnəfəs halda təpənin başına qalxdılar. Günəş sanki üfüq xəttində dayanıb onların gəlməyini gözləyirdi. Bir anlıq yerində donub anidən suda batan adam kimi yaşıllıqların arxasında yoxa çıxdı. Üfüqün arxasına keçməsi ilə bərabər yer üzünə göndərdiyi şüaları səmaya dağılaraq onu qızılı rəngə boyadı.
Gülay telefonunda sıralı çəkimlə günəşin batışını, səmaya dağılıb ardınca üfüq xəttində yoxa çıxan şəfəqlərini çəkdi. Onu arxadan qucaqlayan Elçinə dedi:
– Çox sağ ol, əzizim, çox sağ ol! İnan bu ana tamaşa etməklə bütün yorğunluğum çıxdı.
Bir az sonra əl-ələ verib yavaş-yavaş təpədən endilər. Suyun kənarındakı istirahət mərkəzlərindən birinə gəlib ləpələrin sahili döydüyü yerdəki masalardan birinə keçib əyləşdilər. Çay və şirniyyat sifariş verdilər. Elçin sudan çıxaraq havada pullarını göstərən balıqlara baxıb dedi:
– Bilsəydim, tilov götürərdim, balıq tutardıq.
Gülay stuldan qalxdı, ayaqqabılarını çıxardaraq idman şalvarını çirmələyib dizlərinə qədər suya girdi. Elçinə tərəf çevrilib onu da çağırdı:
– Gəl, Eli, suyun sərinliyi ləzzət eləyir.
– Mən gəlmirəm, Gülü, sən əylənməyə davam et, – deyə Elçin telefonunu çıxardıb sosial media hesablarında gəzişməyə başladı.
İstirahət mərkəzində bir qədər dincəldikdən sonra avtomobillərinə minib “Diogen” hotelinə qayıtdılar. İkisi də yorulub taqətdən düşmüşdü. Elçin saatına baxdı:
– Gülü, on birə beş dəqiqə qalıb. Duş qəbul edib yataq.
– Elçin, mən o qədər yorğunam, yuxusuzam ki, sabah günortaya qədər yatacağam, lütfən məni oyatma.
– Yaxşı, gülüm, get çim.
Yuxudan oyandıqları zaman saat doqquza qalırdı. Demək olar ki, on saat yatmışdılar. Elçin yatağında çevrilərək Gülayın saçını sığallayıb:
– Qalx həyatım, Samsuna gedəcəyik, – dedi.
Gülay ufuldadı:
– Bütün bədənim ağrıyır, ayaqlarım qırılır, Eli.
Elçin onun kürəyini qayğıkeşliklə oxşayıb:
– Xamlamısan, ağ çiçəyim, ona görə, – dedi. – Bir az hərəkət et, düzələcəksən.
Gülaya qalxması, əynini geyinməsi üçün kömək etdi:
– İndi get əl-üzünü yu, dişlərini fırçala. Mən də üzümü qırxacağam.
Saat on tamamda hoteldən çıxdılar. Yaxınlıqdakı restoranların birinə gedib qəlyanaltı etdilər. Sinopun qərb çıxışından Samsuna doğru yola düşdülər. Dağların ətəklərindən keçən yol eniş-yoxuşlu və kəskin döngəli olduğundan sürətlərini artırmadan irəliləyir, yolun hər iki tərəfi ilə uzanıb gedən ağacların çətirlərinin kölgəsi altında gedirdilər. Gülay ucsuz-bucaqsız meşələri və sol tərəflərində arabir görünüb itən dənizi seyr edərək ciyər dolusu nəfəs aldı:
– Eli, elə bil buralarda yaşıldan başqa rəng yoxdur. Hara baxırsansa, yaşılın onlarca çalarını görürsən, bu sahillərin təbiəti həqiqətən də füsunkardır. Ancaq bölgə insanının təbiətə davranışından da çox şey asılıdır. İnsanlar təbiətin onlara verdiklərini talamırlarsa, belə gözəlliklər içində yaşamağa davam edirlər.
Onlar Bafra ilçəsini keçdikləri zaman yolun sol tərəfinə qoyulmuş Atakum plyajı və Samsuna on kilometr olan lövhələrini gördülər. Elçin dedi:
– Bu da çimərliyimiz. Nə deyirsən, dənizə girəkmi?
– Bəs necə, Eli?
Avtomobili bir kənarda əyləyərək içində çimərlik paltarlarının olduğu torbanı götürüb gəldilər. Kabinetlərdən birinə girib əyinlərini dəyişdilər. Sahilə çatdıqları zaman Elçin dayanıb Gülayın əlindən tutdu. Öncə qarşısında uzanıb gedən mavi dənizə, sonra da başını qaldırıb günəşə baxdı.
Gülay dedi:
– Eli, su necə də təmizdir, hətta Antalyada da çimərliyin suyu bu qədər təmiz deyildi.
Elçin geriyə dönüb bir neçə yerdə görünən mavi bayraqları göstərdi:
– O bayraqları görürsənmi gözəlim? Bu o deməkdir ki, çimərlikdə hər şey dünya standartlarına uyğundur.
Dənizdən əsən meh, ayaqlarını yalayan ləpələr onları xəfifcə üşüdürdü. Elçin suya doğru qorxa-qorxa addımlayan Gülaya dedi:
– Üşüyürsən, gülüm?
– Su soyuqdu, Eli!
– Hələ səhərdir, ona görə, – deyə Elçin iki addım atıb suya baş vurdu, bir neçə metr irəlidən çıxıb islaq saçını arxaya atdı. – Gəl, ağ çiçəyim.
Onlar bir az üzüb əyləndikdən sonra Elçin iki nəfərlik su motosikleti kirayələdi. Sahilin üfüqdə incəlib tünd rəngli xətt halına düşdüyü yerə qədər gedib geri qayıtdılar. Motosikleti təhvil verərək nəhəng çətirlərin altına qoyulmuş masalara yaxınlaşdılar.
Keçib əyləşərkən Elçin iki dənə qaynadılmış qarğıdalı və çay sifariş etdi. Yan masada əyləşib çay içən iki gənc qız qalxaraq onlara yaxınlaşdı.
– Bağışlayın, siz Azərbaycandansınızmı, – deyə onlardan biri Azərbaycan dilində soruşdu.
– Bəli, – Elçin fərəhlə dedi və ayağa qalxıb onlara yer göstərdi.
Gülay da yerliləri ilə qarşılaşmanın verdiyi sevinclə qalxdı, qızlarla görüşüb-öpüşərək Elçindən onlar üçün də çay və qarğıdalı sifariş etməsini rica etdi.
Qızlar çimərliyin ətrafında yerləşən universitetlərdən birində təhsil alırmışlar. Elə universitetin yataqxanasında qaldıqlarından vaxt tapdıqca çimərliyə gəlirmişlər. Gülay da öz növbəsində onlara həm Elçindən, həm də özündən danışdı. Türkiyəyə çıxdıqları səyahət, gəzib gördükləri yerlər barədə məlumat verdi. Onlar çaylarını içib qarğıdalılarını yedikdən sonra Elçin ofisiantı çağıraraq xanımlar üçün dondurma sifariş verib ayağa qalxdı. Gülaya:
– Siz söhbət edin, mən gəlirəm, – dedi və dənizə girdi. On-on beş dəqiqə üzüb gəldi. Elçin gəldiyi zaman Gülay qızlarla sağollaşdı. Çimərliyin duşxanasına girib yuyundular. Əyinlərini dəyişərək Samsuna doğru yola davam et dilər.
Şəhərə girdikləri zaman Gülay soruşdu:
– Eli, burada haraları gəzəcəyik?
Elçin suala sualla cavab verdi:
– Səncə, haraları?
– Məncə, Atatürkün 19 mayda çıxdığı limanı.
Elçin gülümsündü:
– Düz tapdın, həyatım.
Limanın dayanacağında uyğun bir yer tapıb avtomobili əylədi. Düşərək “Bandırma” gəmisinin eynisinin hazırlanaraq sərgiləndiyi yerə gəldilər. Giriş haqqını ödəyərək muzey-gəmiyə daxil olub Atatürkün gəmidə səyahət edərkən yaşadığı, toplantılar keçirtdiyi kameraları gəzdilər. Xatirə şəkilləri çəkdirərək limanın qarşısındakı parka getdilər. Bir az da orada gəzib-dolaşdıqdan, şəkillər çəkdirərək sosial media hesablarında paylaşdıqdan sonra Ordu istiqamətində yola düşdülər.
Bir-birindən gözəl kəndləri, qəsəbələri arxada qoyaraq Ünye ilçəsinə çatdıqları zaman çoxdan ikindi olmuş, ikisi də əməlli-başlı acmışdılar. Elçin ilçə mərkəzindəki restoranlardan birinin önündə avtomobilini əylədi. Düşərək restoranın həyətinə daxil olub açıq havada qoyulmuş masalara yaxınlaşdılar. Boş yer tapıb əyləşdilər. Elçin yaxınlaşan ofisiantdan hamsili qarğıdalı çörəyi, mərcimək şorbası və “kıvırma tatlısı” gətirməsini rica etdi. Nahar etdikdən sonra restora nın hesabına müştərilərə təklif olunan çaylardan içib dondurmalardan yedilər.
– Hamsili çörəyi çox bəyəndim, – Gülay dedi. – Bəlkə, yol üçün də götürək?
– Götürərik, niyə götürmürük, – deyə Elçin ofisiantdan yol üçün iki dənə çörək istədi və hesabı ödədi.
Hava toranlaşanda Elçinin idarə etdiyi maşın Ordu şəhərinə yaxınlaşırdı. Yolda telefon vasitəsilə Boztəpənin yaxınlığında yerləşən bir hoteldə otaq götürdülər.
Hotelin önünə çatdıqları zaman Elçin avtomobili əylədi. Baqajı açaraq əşyaları götürüb foyeyə daxil oldular. Nömrələrinin açarını alıb otaqlarına çıxdılar. Gülay əşyaları dolaba yığa-yığa dedi:
– Eli, Boztəpəyə getməmiş çimək də.
– Onda tələs, həyatım. Elə olsun ki, günəşin qürubuna yetişə bilək. Mən girdim, sən də gəl.
Birlikdə duş qəbul edib tələsik hoteldən çıxdılar. Avtomobilə minərək Boztəpəyə getdilər. Maşından düşüb əl-ələ verib təpənin başına çıxdıqları zaman artıq günəş batmış, səmaya atdığı qızılı torunu ardınca çəkib aparmışdı. Təpənin başında dənizin və şəhərin mənzərəsini seyr etdilər. Gülay şəkillərini çəkib sosial mediada paylaşdı. Şəhərin, gəmilərin təkəmseyrək işıqlarına baxıb dedi:
– Eli, bu şəhərin gecələri başqa cür gözəl olur.
– Elədir, gülüm. Kim nə axtarmaq üçün baxırsa, onu da görür. Sənin kimi dünyaya gözəllik görmək üçün baxanlar hər yerdə fərqli, bənzərsiz gözəlliklər görürlər.
Gülay işvə ilə gülümsündü.
Elçin onun əlindən tutdu, təpənin ətəyində sıra-sıra düzülmüş manqalları və yerdə süfrə açıb şam edən insanları göstərərək soruşdu:
– Ət alıb kabab çəkək?
– Hə, Eli, mənim də ürəyim istədi.
Birlikdə təpənin ətəyinə doğru addımladılar. Restoranın bufetindən bütün lazımi ləvazimatları aldılar.
Elçin boş manqallardan birinə yaxınlaşıb içinə kömür qoyaraq yandırdı. O, kabab çəkərkən Gülay da süfrəni hazırlayır, birdəfəlik qab-qacaqları, içkiləri süfrəyə düzürdü.
Elçin öncə tərəvəz kababını gətirdi. Gülaya göz vuraraq dedi:
– Sən yeməyə başla, iki dəqiqəyə ətlər də hazır olacaq.
– Elə şey yoxdur! Aldada bilməzsən! Gözləyirəm, ətləri də gətir, birlikdə yeyəcəyik, – deyə Gülay manqalın başına qayıdan Elçinə öpüş göndərdi.
Az sonra Elçin hər əlində iki şişlə gəldi. Kababları çörəklə sivirib buludun üstünə tökdü. Keçib Gülayın qarşısında əyləşdi. Əvvəlcə pomidorun dadına baxdı:
– Əcəb ləzzətlidir, heyf ki, bir az soyuyub.
Gülay “Tik-tok”a girərək izləyiciləri üçün canlı yayım açdığından başı ora qarışmışdı. Elçin şəhəri göstərmək üçün ayağa qalxan Gülaya dedi:
– Quzum, otur çörəyini ye, soyuyur axı.
– Darıxma, ürəyim, gəlirəm, – Gülay ətrafı izləyicilərinə göstərərək əyləşdi, telefonu asılqana yerləşdirdi. – Görək Elçin bəy bizim üçün necə yemək bişirib, – dedi və canlı yayımı bitirərək yeməyini yeməyə başladı.
Elçin pomidorun qabığını soyaraq Gülayın önündəki boşqaba qoydu.
– Gülüm hələ bunu yesin, – deyə ət tikələrinin ən yaxşılarını da seçib onun boşqabına yığmağa başladı.
Gülay sevgilisinin əlindən tutaraq etiraz etdi:
– Neyləyirsən, Eli, mən o qədər kababı yeyənəm? Özünə də saxla.
– Sən yeməyini ye, mən doymasam, yenə ət götürüb bişirərəm. Manqal burada, köz burada. Tələsən yerimiz yoxdur.
Onlar yeməklərini yeyib bitirdikdən sonra Elçin gəlib Gülayın yanında uzanaraq çiçəklərdən birini qopardıb barmaqlarının arasında oynada-oynada dedi:
– Burada, açıq havada elə yatmaq istəyərəm ki.
Gülay qayğıkeşliklə onun saçını sığalladı:
– Otun üstündə uzanma, xəstələnərsən.
Elçin başını sevgilisinin dizinə qoydu:
– Qorxma, gülüm, heç nə olmaz.
Astadan “Yıldızların altında” mahnısını zümzümə edə-edə səmada sayrışan ulduzlara tamaşa etməyə başladı.
Gülayın incə barmaqları onun saçını sığallayıb yanaqlarına düşdü, çənəsində gəzişib dodaqlarına toxundu. Nəvazişdən xumarlanan Elçinin göz qapaqları ağırlaşdı, kirpikləri öpüşdü…
Yaxınlıqdakı dağdağan kolunu bərk-bərk qucaqlayaraq qayalığın kənarındakı çıxıntıya söykənmişdi… Dənizin köpüklənib şahə qalxan azğın dalğaları gurultu ilə ayaqlarının altındakı qayalara çırpılıb parçalandıqca qorxudan tir-tir titrəyirdi. Fırtına… Hər şeyi silib-süpürən külək… Gözlərini güclə açıb ətrafına boylandı. Günün günorta çağı yer-göy qovuşmuş, toran çökmüşdü. Önündə qabarıb onu udmağa çalışan azğın dənizdən, arxasında qumların uçuşaraq üstünə gəldiyi çöldən başqa bir şey görə bilmədi. Qum dənəciklərinə qarışaraq dənizə doğru uçmamaq üçün dağdağan koluna daha möhkəm sarıldı. Getdikcə gücü-qüvvəti tükənirdi. Kol yerindən çıxmaq üzrə idi. “Mənimki bura qədər”, – dedi. Hayqıraraq kömək istədi. Amma bu kimsəsiz çöldə, küləyin qulaqbatırıcı vıyıltısında, dalğaların dəhşətli gurultusunda onun səsini kim eşidəcəkdi? Yanında, yaxınında heç kəsin olmadığını bilə-bilə bütün gücünü toplayıb bağırdı: “Kömək edin!”
Gülay onu silkələyib oyatdığı zaman qan-tərin içində idi. Cəld qalxıb oturdu, Gülaya sarıldı:
– Pis yuxu gördüm, Gülü.
Gülay onu qucaqlayaraq saçını sığalladı, nəvazişlə soruşdu:
– Nə gördün, Eli?
– Heç, gülüm… Fikir vermə, keçər… Saat neçədir?
Gülay telefonunun ekranına baxdı:
– On ikiyə işləyib.
– Əməlli-başlı yatmışam ki… – deyə Elçin başını qaldırıb yan-yörəsinə baxdı.
Boztəpənin yamacı istirahət etməyə gələn insanlarla dolub daşırdı. Ayağa qalxıb Gülaya su almağa gedəcəyini dedi. Gülay dondurma istədiyini söylədi.
Elçin bir butulka su və iki şokoladlı dondurma ilə qayıtdığı zaman Gülay bardaş qurub telefonu ilə oynayırdı. Elçin bir az su içdi. Özünə gəlib dondurma da yedi. Gülayın gözlərinə baxdı. Onun baxışlarından nə demək istədiyini anlayan Gülay:
– Gedək şəhəri gəzək, sonra hotelə qayıdarıq. Bu gecə rahat yat dincəl. Sabah yol gedəcəyik.
Elçin Gülayın onun üçün narahat olmasını təbəssümlə qarşılayıb:
– Mənə görə narahat olma, gülüm, – dedi.
– Əzizim, neçə gündür normal yuxu yatmırsan, ona görə də səni qara basır. Dincəlməlisən.
– Oldu, gülüm, onda qalx gedək, – deyə Elçin gülümsəyərək ayağa qalxdı.
Əl-ələ tutub yamacı enib maşını əylədikləri yerə gəldilər.
Elçin duş qəbul etdikdən sonra eyvana çıxıb siqaret çəkdi. Otağa qayıtdığı zaman Gülay saçını qurudurdu. Yaxınlaşıb onu bağrına basdı, şampun qoxan saçını sığallayıb öpdü. Əyilib qulağına dedi:
– Həyatımın mənası, dan ulduzum, bir dənəm.
Gülay onun nəvazişinə qarşılıq verərək boynuna sarıldı, bir az geri çəkilib gözlərinin içinə baxdı:
– Dünyam, nə yaxşı ki, o gün “Whatsapp”da yazışırdım. Yoxsa sən qoluma toxunub telefonumu qırmayacaqdın, biz də tanış olmayacaqdıq.
Elçin gülümsəyərək onun qaymaq dodaqlarından öpdü:
– Əbəs yerə deməyiblər ki, hər şərdə bir xeyir var.
Gülay nazlanaraq:
– Yataqmı, əzizim, – dedi.
Elçin onun ehtiras dolu gözlərinə baxdı.
– Yataq, balım, – deyə qucağına alıb yatağa uzatdı.
Gülay onun yanaqlarını sığallayıb:
– İlk dəfəki kimi istəyirəm, – dedi.
Xoşagəlməz bir təsadüflə tanış olan iki gəncin sevgisindən bəhs olunan bu kitabda gənclərin macəraları tarixi gerçəkliklərlə, insanlarımızın əsrlərlə davam edən tarixi yaşantıları ilə mahircəsinə uzlaşdırılır, son dövrlərin mühüm ictimai-siyasi hadisələrinin, xüsusilə pandemiyanın həyatımıza gətirdiyi məhrumiyyətlər, addımbaşı yaratdığı çətinliklər real hadisələr fonunda bədii dillə təqdim olunur.
Səyahətə çıxan gənclərin yolboyu rastlaşdıqları mədəni-tarixi abidələr, turizm baxımından əhəmiyyətli məkanlar və bölgələrin yerli mətbəxi haqqında dolğun məlumatlar da əsərin süjet xəttinə xüsusi bir gözəllik qatır
P.S. Sadəcə online satışda olan “Yolda” romanını əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
Müəllif: Zaur BAYRAMOĞLU
Zaur Bayramoğlunun rəsmi səhifəsi
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Kıbrıs