
SƏNDƏN SONRA…
Səndən sonra o il
gur yağdı yağışlar.
Yoxa çıxdı bir-bir doğmalar, tanışlar.
Toylar, yaslar oldu, bayramlar ötüşdü
Kimsə qulağını burdu saatın
Sən payızda qaldın…
Bir payız
Adını yazdığın ağacı kəsdilər,
Ağac budaq-budaq doğrandı.
Yerə düşdü adın.
Sındı qol-qanadın
Sən payızda qaldın…
Qonşu küçədəki
Qarımış çilli qız
Özünə toy etdi.
Toyunda o ki var oynadı,
O il bolluq oldu
Hər yerə qar yağdı
Qız səndən əvvəldi
Toy səndən sonradı
Sən payızda qaldın…
Səndən üzü bəri
Ot basmış cığırla
Elə hey yol gəlir
Bir kişi, bir uşaq, bir qadın.
Heç biri danışmır.
Qadın xatırlayır,
Kişi gülümsünür
Uşaq oyuncağı oynadır.
Oyuncaq uşaqdan iridir.
Qadın fikirlidir.
Fikirlidir qadın.
Sən payızda qaldın…
Son dəfə getdiyin
O köhnə qatarı
Bufetə çevirdi lal Məmiş
Məmişin arvadı
Orda süfrə açdı
Çay verdi
Oldu bufet qadın.
Sən payızda qaldın…
Bir də ki,
sevdiyin o qızdan
sənə aid heç nə qalmadı.
Oldu tamam yadın.
Adını heç qara daşa da yazmadın…
Getdin qayıtmadın.
Bəlkə də hardasa itmisən
Bəlkə də hardasa qocaldın
Sən payızda qaldın…
Müəllif: Narıngül NADİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru