
YASƏMƏN
Ətrini sevmuşəm güllər içində,
Baharın ərköyün gülü yasəmən.
Özünün özündən xəbərin yoxdu,
Bürüdün çəməni, çölü, yasəmən.
Körpəcə mələksən san ki, bələkdə,
Mənəm vurulan da, mənəm ləlik də.
Sən bu zəriflikdə, bu incəlikdə
Keçmisən min dəfə tülü, yasəmən.
Sevən aşiqlərin sevda dəmisən,
Qəlbinin titrəyən sarı simisən.
Sərin külək əsən dəniz kimisən,
Qırçın ləpələrin dili yasəmən.
Gözəl ləçəklərin sərgisi kimi,
Yuxulu gözlərin mürgüsü kimi,
Vəsfində sözlərin hörgüsü kimi,
Təbimin qanadı, qolu yasəmən.
Ulduz kəhkəşanı, ulduz tağısan,
Bir budaq üstündə çiçək dağısan.
Şeirimin ən şirin bəndi, bağısan,
Tanrı qüdrətindən dolu yasəmən.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru