
QAYADA BİTƏN ÇİÇƏK
Ey qayada bitən çiçək,
Torpaq sənə darmı gəldi?
Yoxsa bitib o qayadan
Boylanırsan, yarmı gəldi?
Ey qayada bitən çiçək,
Sevginimi qoruyursan?
Bomboz sıldırım qayada
Xoşbəxtlikmi arayırsan?
Torpağın üzü soyuqdur,
Unudubmu gül eşqini?
O əbədi, sənsə tərsən,
Duymadı dərin eşqini.
Qınadı, bəlkə də səni,
Torpaqdan beləcə küsdün.
Qayalar bu məhəbbətin
Titrəyib üstünə əsdi.
Min bir sualla alışır
Düşüncəm, tapmır rahatlıq.
Axı bomboz qayalara
Nədir bu qədər bağlılıq?
Bəlkə, ayaq tapdağından,
Çirkabından qorunursan.
O əlçatmaz qayalara
Məhəbbətlə sığınırsan.
Ləçəklərin saflıq tacı,
Qayaları ram etmisən.
Bumbuz daşın sinəsinə
Gənclik eşqi bəxş etmisən.
Elə sənin gözəlliyin
Qayalarda çarpır gözə.
Sənin bu həyat eşqini
O qara torpaq nə bilə?!
Ey ürəyi titrək çiçək,
Həsrətdən kül tutmadınmı?
Sən bu boyda yer üzündə
Bitməyə yer tapmadınmı?
17.06.2024
Müəllif: Cəvahir TANRIVERDİ
CƏVAHİR TANRIVERDİNİN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru