Sədullah Şirinov – Dələduz

DƏLƏDUZ

(hekayə)

Dələduz. Mentaletimizə zid olan bu termin el arasında “maşennik” kimi tələffüz olunur. Bəlkə də bu ondan irəli gəlir ki, belə bir məharətə malik olan ünsürlər cəmiyyət üçün, parazitlər qrupunda ön sıralarda yer alan – quldur, oğru, cibgir, rüşvətxorlardan daha təhlükəlidir. Buna görə də istəmirlər ki, belə cürüşkən qurdların kimliyi öz leksimonumuzda yer alsın.
Quldurdan da, oğrudan da, rüşvətxordan da, cibgirdən də yayınmaq mümkündür. Bunlar isə sanki sabunlaşıblar. Elə sürüşkəndilər ki, asanlıqla hər kəsin yrəyinə soxulurlar. Nəyi varsa əlindən alırlar. Bunlar o qədər hiyləgər olurlar ki, qrupundakıları da, çətinlik çəkmədən ram edə bilirlər.
Bunların öz çirkin əməliyyatlarını icra etmək üçün hünər-qoçaqlıq gərək olunmur. Məharətləri hiylədən qaynaqlanır. Özləri də nadir hallarda hüquq orqanları tərəfindən mühakimə olunurlar.
Dövlətin ədalətindən yayındıqları kımı, hətayın vijdan hakiminin mühakiməsindən necə qurtulurlar? Cavab sadədir: belə tuplər vijdan anlayışından uzaqdılar.
Axirətin sorğu-sualı da belələrin vecinə deyil. Çünki onlar bu dünyanı seçiblər. O dünyanın mövjudluğuna şübhə ilə yanaşırlar. Özlərini nağdını qoyub, nisyənin ardınca gedəcək dərəcədə axmaq sanmırlar.
Özlərini hamıdan yüksəkdə xoşbəxt sansalar da, əslində, nə qədər bədbəxt olduqlarından xəbərsizdilər.
Belə tiplər müəyyən müddət ərzində cah-cəlal içində, xoş dövranlarını sürəcəklər. Bu, qısa da çəkə bilər, uzun da. Paxırları açılandan sonra, elə bir vəziyyət yaranacaq ki, gendə qalan xoş günlərini ürəkləri sızlaya-sızlaya xatırlamaqla kifayətlənəcəklər.
Nədənsə bunlar özlərində nəzərə çarpmayan- haqq-ədalətdən, namus-qeyrətdən, mərdlikdən, kişilıkdən ağız dolusu dəm vururlar. Sadəlövhləri məharətlə ovsunlayırlar.
Aldıqları ətin halal olması ilə maraqlanırlar. Amma, Qazandıqları haramı ailəsinə bəh-bəhlə yedizdirirlər.
Təəssüflər olsun ki, bunlar yan-yörəsində nüfuz sahibinə çevrilirlər. Sözü keçən, iş aşıran olurlar. Qanunları aşırlar. Mümkünsüzü mümkünləşdirirlər. Rahat yolla haqlarını qopardırlar.

Nadir darvazalarının yanında taxta oturacaqda oturub siqaret çəkirdi. Qarşı
tərəf qonşusu Mayıs küçəyə çıxıb, harasa tələsirdi. Salamlaşdıqdan sonra Nadirdən soruşdu:

  • Qonşu, əvvəllər dağa ova gedərdin. İndi gedə bilərsənmi?
  • Neçə illərdir getmirəm. O vaxtlar tüvəngimi polislər aparıb, geri qaytarmadılar. İndi də oralar qoruqdur. Ekologiyadan rəsmi sənəd almayanı buraxmırlar.
  • Bəs mən nə edim?-deyə Mayıs köksünü ötürdü.
    Hələ qonşusunu bu cür aciz hala düşdüyünü görməyən Nadir soruşdu:
  • Bir təhər dəyirsən gözümə. Nə baş verib?
  • Atam neçə gündür yoqurtdan başqa şey qəbul eləmir. Səhər zorla qandırdı ki, ürəyi qar istəyir. Yadındadırmı? Uşaqkən bir dəfə bu vaxtlar dağa qılxmışdıq. Dərənin dibində əriməmiş qar qatı vardı. Tanıdıqlarından ordan qar gətirəcək kimsə varmı? Zəhmət haqqını ödəyərdim.
  • Var. Dağa qalxmağa da gərək yoxdur.
  • Bu necə ola bilər ki?
  • Çox sadəcə. Maşına orurursan. Sürürsən rayona. Dondurma satanların soyuducularından buz qoparıb, döyəcləyib toz halına salırsan. Fincana doldurub çay qaşığı ilə yedizdirirsən.
  • Dediyin ağla batandır. Bu vəziyyətində kişini aldatmağım yaxşı çıxmır axı.
  • Şəxsən sənin xətrinə asan çıxış yolu göstərdim. Bunu aldatmaq kimi qəbul etməyin mənə qəribə gəlir.
    Mayısın halı daha da pisləşdi.
  • Nə demək istədiyini başa düşürəm. Özünün aldatdıqları saymaqla bitməz. Əgər məndən qul haqqını ödəməyimi tələb eləsə, nə edəcəyimi bilmirəm. Ondan mənə qalan son illərində həkimə xərclədiyimin on faizini ödəmir.
    Hadir qonşusunun dərdinə dərd qatdığına görə peşman oldu. Ona təskinlik verməyə cəhd elədi:
  • Mayıs, övlad valideynin əməlinə görə məsulliyyət daşımır. Heç kəsin də buna görə səni qınamağa haqqı yoxdur.
  • Bunu anlayıram. İndı atamın gedib-gələn nəfəsindən başqa bu dünyaya bağlayan heç nəyi qalmayıb. Çətinliklə gedib-gələn bu nəfəs bəlkə də ləngidiyinə görə, əzrayılı qınayır. Atamın dələduzluqla qazandığı pul-paranı bu dünyada da bığına çəkib. Bundan mənə heç nə qalmayıb. Mənə qalan-bütün ömrüm boyu sırtımda daşıyacağım xəcalət yüküdür. Ondan zərər şəkənlərlə üz-üzə gələndə baxışları qarşısında tab gətirə bilmirəm.
  • A Mayıs, atanın geniş kruqu vardı. Ağır günündə onların maşınlarını qapınızda görmürəm.
  • Onlar cəhənnəm, yatağa güşəndən üstünə borca gələnlər də qeybə çəkildilər. Borcunu tələb edənləri gördüm. Qaytaranları görmədim.
    Mayıs geri qayıtdı. Beş-on dəqiqədən sonra maşınını həyətdən çıxardıb, düşüb darvazalarını bağladı. Maşına minməyib Nadirə yaxınlaşdı.
  • İşin yoxdursa gedək.
  • Boş vaxtım olsaydı gələrdim. Yarımçıq işim var.
  • Lazım olan şey varsa, alıb gətirərdim.
  • Yoxdur. Olsa deyərdim.
  • Onda mən getdim. Məni çətin durumdan qurtardığına görə çox sağ ol. Elə başımı itirmişdim ki, bilmirdim nə edim. – deyib maşınına sarı gedəndə, Nadir ona səsləndi:
  • Mayıs, kömək cərək olsa, mən hazıram.
    Mayıs ayaq saxladı. Üzünü geri çöndərib dedi:
  • Deməyinə görə çox sağ ol!-deyib yoluna davam elədi.
    Nadır onun arxasınca baxıb ürəyində dedi: A Mayıs, atanın təzədən-təzəyə dəyişdirdiyi maşınlarda forslanmağın bu günü də varmış.
    Nadir evə gələndə anası Sənubərə Mayısla aralarında olan söhbəti danışdı. Onun atası- Kamalın ağır vəziyyətdə olduğunu söylədi.
    Sənubərin bu dünyada nifrət etdiyi yeganə adam Kamal idi. Bu da səbəbsiz deyildi. Böyük qızları orta məktəbi bitirərkən bir gün axşam tərəfi Kamal onlara gəlmişdi. Əri – Jabbarı kənara çəkib xeyli danışdılar. Onu yola saldıqdan sonra, əri qızı – Vəfanı yanına çağırıb dedi:
  • Sənədlərini hara vermək istəyirsən?
    O Cavab verdi:
  • APİ-yə.
  • Eləsə, bəxtin gətirib. Qonşu Kamalın orda adamı var. Tapşıracaq. Qəbul olacaqsan.
    Sənubər Kamalın əməllərindən xəbərdar idi. Qardaşının da oğlunu instituta düzəldəcəyinə soz verib, pulunu yemişdi. Tanıdığı bir neçə adamın da başına bu oyunu açdığını bilirdi. Onun etirazına baxmayaraq Jabbar Kamala güvənərək istədiyi məbləği vermişdi. Qızı imtəhanlardan kəsilməsə də, müsabiqədən keçməmişdi. Min-bir bəhanə uyduraraq pulu qaytarmaqdan boyun qaçırmışdı. Çox çəkişmədən sonra, “halallıq vermirəm” təsəllisi ilə alın təri ilə, halal zəhmətlə qazandıqları məbləğdən əllərini üzmüşdülər. O vaxtdan qarşı-qarşıya qonşu olsalar da, əlaqələri kəsilmişdi. İndi onun bu hala düşməsinə bir insan kimi üzülsə də, ürəyində düşünürdü: əməllərinin bədəlini ödəyir.
    Anasının nə haqda düşündüyünu bilirdi Nadir. Buna görə də soruşdu:
  • Ana, bayaq Mayısa təklif elədim ki, köməyə ehtiyacı olsa məni səsləsin. Yəqin ki, o qonşularının heç birindən bu cür təklif almadığından acizanə şəkildə mənə təşəkkürünü bildirib, maşınına minib uzaqlaşdı. Onun məsum baxışı hələ gözümün önnündən çəkilmir. Qısa müddətli söhbətindən hiss elədim ki, atasının əməllərinin xəcaləti ona əzab verir. O məni yardıma çağırası olsa nə edim?
    A bala, qoyunu öz ayağından asarlar. Axirətdə hər kəs əməlinin cəzasını özü çəkəcək. Birdə ki, Nadirin bizə nə zərəri dəyib ki? Bir halda ki, aranız açılıb, onun dəvətini gözləmə! Özün yaxınlaş. Bacardığın köməyini əsirgəmə. Atasının bəd əməli yazıq uşağı qonşulardan təcrid edib. Digər ərkin ötdüyü tay-tuşunu topla, onu tək qoymayın.
    Həmin gün axşam tərəfi Nadir yan-yana qonşusu- Faiq gilə getdi. Onu həyətə çağırıb, anasının təşəbbüsünü ona çatdırdı. Faiq də öz xoşu ilə özünü onun toruna salmışdı. Texnikumu bitirdikdən sonra xahiş eləmişdi ki, onu QAİ-yə işə düzəltsin. O da fürsəti əldın verməmişdi. Atasını dilə tutub böyuk məbləğdə pullarını mənimsəmişdi. İki ildən çox səbrsizliklə işə dəvət alacağı günü gözlədi. Bir axşam gedib ondan soruşanda ki, hələ çoxmu gözləyəcəyək, min cür bəhanə uydurub bir-neçə il də uzana biləcəyini bildirəndə, Faiq ona bir həftə vaxt vermişdi. O vaxta qədər işi düzəlməsə, pulu qaytarmasını xahiş eləmişdi. Bunu eşidən Kamal gileylənmişdi:
  • Qapıma gəlib boynunu büküb yalvardığın günü nə tez unutdun? Mən sizə pislikmi eləmişdim? İş-gücümü tərgiyib Bakıya getdim. Daxili işlər nazirin evinə əliboşmu getmişdim? Dünyanın pulunu xərcləyib iki karobka aparmışdım. Dəqiq nəticəni bilmək üçün bir həftə mehmanxanada qalmışdım. Elə bilirsən o kişi bu işi istəyərəkdənmi uzadır. Moskvadan ştat gözləyir. O da gəlib çıxmır.
    Kamalın üzür istəmək əvəzinə aşıb-daşması, Faiqi hövsələdən çıxartmışdı.
  • Onda niyə işin bu qədər uzun cürəcəyini bildirməmişdin? Səlim iki min manatla Moskvaya getmişdi. Gedib-gəlişi on gün də çəkməmişdi. Əlavə iki min manat qazanc əldə eləmişdi. Mənimsə bu qədər pulum iki ildir ki, havadadır. Bir həftə ərzində işim düzəlməsə, pulumu qaytar.
    Bir həftədən sonra özü getmədi. Anası ilə məsləhətləşib, atasını göndərdi. Sakit təbiətli, sadəlövh atası-Tərlanı göndərdi. Onun başının altına yasdıq qoyub, pul əvəzinə ümidlə yükləyib, əli boş geri göndərdi.
    Ertəsi gün səhər obaşdan anası-Zəhra gedib Kamalı yuxudan oyatdı. Onu da dilə tutmaq istəyəndə, bunda alınmadı. Zəhra onu ağzını açmağa imkan vermədi. İki gün vaxt verdi. Üçüncü günə adlasa, məbləği faizi ilə tələb edəcəyini bildirdi. Hansı yolla buna nail olacağına aydınlıq gətirəndə, Kamalın qanı qurudu. Həmin gün məbləğin çox hıssəsini yoldaşı-Xədicə ilə göndərdi. Qalığının ödənişi bir neçə ay keçsə də, tam ödədi.
    Faiqin atasına görə Mayisdan xoşu gəlməsə də, rastlaşandan-rastlaşana salamlaşırdılar. Aralarında ədavətə səbəb olacaq əngəl olmadğı üçün Nadirin təklifinə yaşıl işiq yandırdı. Nadir qonşuluqda Kamalın zərərçənlərinin qapılarına gedib, onları dilə tutdu ki, Mayısın xatirinə atasının dəfnində iştirak etsinlər. Hamısı hüzündə iştirak edəcəyinə söz versə də, haqlarını halal etməyəcəklərini bildirdilər.
    ***
    Günorta vaxtına az qalmışdı. Zəhranın səhərdən nəyinsə dərdini çəkdiyini hiss edən Tərlan ondan soruşdu:
  • Bu gün səni həmişəkindən fərqli obrazda görürəm. Gözləyirdim ki, səbəbini özün açıqlayarsan, sənsə susursan.
    Zəhra dünən oğlunun onunla etdiyi söhbətdən sonra Xədicə ilə Mayısın halına acıdığını bildirdi.
    Yoldaşının uzun illər danışdırmadığı qonşularının birdən-birə hallarına acıması Tərlana qəribə gəldi.
  • Zəhra ilə Mayısa nə olub ki? Olan Kamala olub. Bu da, əməlinin nəticəsidir. Ölüm qabağı yatağa düşənləri çox görmüşəm. Bu qədər zəkərətdə qalana rast gəlməmişəm.
  • Elə bilirsən bu vəziyyətdə xəstəni baxmaq rahatdır? Eşitdiyimə görə yuxusuz gecələr o ətli-canlı Xədicəni əriyib çöpə dönüb. İstəyirəm bu gün gedib ona baş çəkim. Sən nə deyirsən?
  • Əslində, belə durumda qonşular arasında umu-küsü sıfırlanmalıdır. Təəssüf ki, özləri tərəfdən buna cəhd olmadı.
  • Olub. Dünən Mayıs ilk addım atıb. Atasının dələduzluğunun xəcalətini çəkdiyini bildirib.
  • Getmək ürəyindən keçirsə tək getmə. Qonşulardan birini yanına al. Tamaradan başqa kim olur-olsun, fərq eləməz.
  • Tamara niyə olmamalıdır? Ona da atıbmı?
  • Atmayıb. Sancıbdı. – deyib qımışanda Zəhra hiss elədi ki, atmaqdan da betər nəsə baş verib. Nə qədər cəhd eləsə də, Tərlan özündən asılı olmadan dilindən büdrədiyi sirri açıqlamadı.
    Tez-tez bir araya gəlib saatlarla qeybət qırdığı Tamaranın özündən hər hansı bir sirrini gizlədəcəyini Zəhra gözləmirdi. Ərinin ip ucu verib, açıqlamadığı sirri onsuz da Tamaradan öyrənəcəyinə əmin olduğundan Zəhra Tərlanın üstünə getmədi. Bir də bu barədə ondan heç nə soruşmadı.
    Həmişəki kimi ev işlərini gördükdən sonra qonşularından hansısa biri ilə görüşüb dərd-sərini bölüşən Zəhra bu dəfə Tamaranı seçdi. Adətgərdə olduğu şirin atmacalarla Tamaraya yaxınlaşdı Zəhra.
  • Azz, xəbərin varmı, səndən nə qədər incimişəm?
    Gözləmədiyi sualdan pərt oldu Tamara. Təəccüblə dedi:
  • Deyəsən axşam yuxuna şeytan girib bizim aramızı vurmağa cəhd edib. Məlun əbəs yerə vaxtını sərf edib.
  • Biz insanlar şeytanı yerli-yersiz şərləyirik. Hər şübhədə onu qabağa veririk. İçimizdə elə məharətlə şeytanı mat-məətəl edəcək fitmə-fəsad törədənlənlərimiz var ki, şeytan – bunlar olan yerdə mənlik iş qalmadı. – deyib məstlənir.
  • Dünyanın bütün fitnəkarları şeytanla bir ittifaqda birləşsə də, məndə sənin inciməyinə səbəb tapa bilməz.
  • Bunu mən də bilirəm. Biz neçə illərdi ki, dərd-sərimizi bölüşürük. Qonşumuz Kamaldan zəhlən getdiyini bilirəm. Bir dəfə də olsun səbəbini açıqlamadın axı.
  • Səbəbsiz zəhlə getmə olmur. Toyumuza bir həftə qalmış Fəridin anası bizə gəlib anama bildirdi ki, oğlu evlənməkdən imtina edib. Özgənin maşınlarında gəzən qızdan bizə gəlin olmaz. – deyib deyinə-deyinə evimizi tərk elədi. Qızışıb üstümə düşən anamı çətinliklə inandıra bildim ki, iki gün qabaq mindiyim maşın xalamın yoldaşı-Müşviqlənin olub. O mənə inanmayıb əmimin moskviçini sürdürüb, onu tapıb öyrənib ki, bunlar əsassız şayiəyə uyublar. O da anamı öz maşınına nindirib, gediblər onlara. Müşfiqləmlə qaynanam bir sinifdə oxuduqlarına görə, bir-birlərini yaxşı tanıyırlarmış. Anam həyətə keçməyib. Qaynanamı yola çağırıb, – Bu kışini tanıyırsanmı? – deyib Müşfiqləmi göstərib. Müşfiqləm maşından düşüb, qaynanama ağzına nə gəldi döşəyib. Məni onun maşınında gördüklərini deyəndə, qaynanamın halı pisləşib. Dönə-dönə üzür istəyib bildirib ki, bu şayiəni yayan Kamal olub. Anam gəlib şayiəni Kamal yaydığını bildirdi. Çay içdikdən sonra, Müşfiqləmi yola salarkən ona dedim: – vaxtın olasaydı mən də gedib Kamalın dərsini verərdim. Təklifim onun da ürəyincə oldu. Gələndə gördük ki, evlərinin qabağında Kamal Fərid ilə Tərlanla söhbət edir. Müşviqləm maşınını onların qabağında saxladı. İkimiz də düşüb onlara yanaşdıq. Müşfiqləm Kamalın yaxasından yapışıb maşınını göstərib soruşdu: bu QAZ-əlli biri hardasa görübsənmi? Dili dolaşa-dolaşa cıvab verdi: görmüşəm. – Sahibini tanıyırsanmı? Dedi: bəli. Sonra üzünü Fəridə tutdu. – Əəə, mən səni qeyrətli oğul sanırdım. Mənim nişanlıma nahaqdan şər atan qonşumu dişimlə çeynəyərdim. Sənin bu qədər biqeyrət olduğunu bilsəydim, elçilərini iti qovan kimi qovardım. Hələ gec deyil. Toy-moy bitdi. Bu yaramaz nişanlını mənim maşınımda görmüşdü. Fərid çaş-baş halda Kamaldan soruşdu: bu nə deməkdir? Cavabını özüm verdim: – o deməkdir ki, deyirlər: dostunu göstər, kim olduğunu bilim. Bu cür arvad kimi söz gəzdirənin gopuna uyandan mənə ər olmaz. Kamalın da üzünə tüpürüb dedim: – sən də kişilikdən əsər-əlamət olsaydı, utanıb yerə girərdin. Xalis arvadsanmış ki? Beləcə bir-neçə gün qalmış toymuz təxirə salındı. İki aya qədər Qapımıza gəlib yalvardılar. Nəsillərində nə qədər sözü keçən adam varsa üstümüzə saldılar. Bir daha dönüb Kamalın üzünə baxmayacağına söz verdirib, razılığımı verdim.
    Zəhra bir az düşündükdən sonra dedi:
  • Belə çıxır ki, bu həndəvərdə ona rəhmət oxuyacaq bir kimsə yoxdur. Artıq onun heç kəsə zərəri dəyməyəcək. Gəlin bu ağır durumunda Xədicəyə bir qonşu kimi mənəvi dayaq olaq.
    Tamara soruşdu:
  • Necə?
  • Gedək deyək ki, köməyə ehtiyacı olsa, çəkinməsin. Bir qonşu kimi hər cür yardım etməyə hazırıq.
  • Onda Münəvvəri də özümüzə qoşaq.
  • Ona da, deyərik. Nə vaxt gedək?
  • Məndən ötrü fərq eləməz.
    Münəvvər də onların təşəbbüsünü bəyəndi. Yaxınlıqdakı dükandan hərəsi bir qutu şkolad alıb Kamalı yoluxmağa getdilər. Onları həyətdə qarşılayan Xədicə doluxsunub ağladı.
  • Bizim kişinin əməli qapımızı bir-birimizin üzünə bağlasa da, gözüm yolda idi. Qonşulardan birininsə də gələcəyi günü gözləyirdim. Nə yaxşı ki, üçünüz birdən gəldiniz. Allah sizdən razı olsun. – deyib üçünü də göz yaşı içində bağrına basdı.
    Həyətə nəsə götürməyə düşən gəlin-Sona da gəldiyi müddətdə ilk dəfə qapılarını açan qonşuları ilə görüşüb, içəri keşdi.
    Uzun illərn küsülü qonşuları aralarında heç nə olmamış kimi növbə ilə Xədicənin dərdinə şərik olduqlarını bildirdilər. Birdən içəridən gəlinin fəryadı eşidildi:
  • Mama! Papanın nəfəsi gəlmir!
    Hamı qaçaraq Kamalın yatdığı otağa keçdilər. Artıq Kamal yox idi. Çarpayıda uzanan – yeri-göyü çalıb-çapan, şux duruşlu, boy-buxunlu, yaraşıqlı Kamalın tərk etdiyi cansız əşyası idi. İndən sonra ondan heç kəs nə zərər, nə də xeyir görməyəcək. Niyə elə olmuşdun? – deyə bu, cansız əşyanı sorğulayan da olmayacaq. Amma elədiyi pislikləri, yaxşılıqları unudulmayacaq. Pisliyi – lənətlə, yaxşılığı – rəğbətlə anılacaq.
    Sabah onun həyətində izdihamlı bir gün gözlənilir. Hər tərəfdən camaat axışıb, gələcək. Şəriətin hokumü ilə yuyulacaq, kəfənlənəcək, (baxmayaraq ki, özü ömründə bir dəfə də olsun namaz qılmayıb,) cənazə namazı qılınacaq. Molla Allahın bəndənin qul haqqını bağışlamayacağını bildirəcək. Varislərinə mərhumun borclarını ödəməyi tövsiyə edəcək. Yeganə varis-Mayısın buna gücü yetməyəcək. Onun xoş güzaranı üçün dələduzluqla qazandığından varisinə qalan-bütün ömrü boyu daşıyacaq xəcalət yükü oldu.
    Cənazənin üstünə qapanıb ağlayan Xədicə ilə Sonanı qonşular sakitləşdirməyə çalışdılar. Xədicə başını qaldırıb baxanda ətrafında digər qonşularını da görəndə, ruhunun tərk eydiyi, cansız əşyaya çevrilmiş ərinə baxıb ürəyində soruşdu: hanı sənin can deyib can eşidən dostların? Əl tutduğun qohum-əqraban?
    İçin-için ağlaya-ağlaya qolunu gəlininin boynuna dolayıb, başını başına dirəyib soruşdu:
  • Son sözü nə oldu?
    Sona başını qaldırmadan, ağlaya-ağlaya cavab verdi:
  • Səni soruşdu. Dedim ki, səni yoluxmağa gələn qonçularımızla söhbət edir. Kimlər olduğunu soruşanda adlarını çəkdim. Dərindən nəfəs aldı. Çay gətirimmi?- deyə soruşdum. Cavab verməri. Sinəsinin qalxıb-enmədiyini görüb şübhələndim. Nəbzini tutdum. Vurmadığını hiss edəndə, səni səslədim.
    Zəhra gözü yaşlı Tamaraya baxdı. O indi anladı ki, əri nəyə görə ona bura Tamarasız gəlməyi məsləhət görürmüş. 28.06. 2024

Müəllif: Sədullah Şirinov

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir