
65 YAŞI TAMAM OLAN
ŞAİR AKİF SƏMƏDLƏ BAĞLI
BİR XATİRƏ
2024-cü ilin iyul ayının altsında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi” Ədəbi Məclisi”nin (“NƏM”-in) yaranmasının 25-ci ildönümü tamam oldu. “NƏM” “Vışka” qəzetinin readaktoru Mədinə Həsənovanın xeyir-duası və şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox maraq var idi. “NƏM”- in yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılğa ruhlandlrmaq idi. İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq. Yarandığı ilk illərdə “NƏM”-in fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar.Neftçi-şairlər Mollalar Əşrəf, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, … məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi söz adamları ilə ünsiyyət necə də xoş idi.
Neftçi-şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasnda görüşdük.
Altı iyul həm də sevimli şairlmiz Akif Səmədin anım günüdür. Bu fani dünyadan 20 il bundan əvvəl əbədi dünyaya köç edib. Amma xatirəsi unudulmayıb. Böyük sevgi ilə qələmə aldığı şeirləri sevilə-sevilə oxunur.
Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd səmimi fikirlərini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, həmişə haqqın yanındayıq, müqəddəs torpaqlarımızın düşmən tapdağında qalmasına dözə bilmərik. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə başa salmalıyıq.
Mənim üçün xoş idi ki, Akif Səməd oxuduğum şeirləri bəyəndi və xoş sözlərini dedi. Hətta şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə qadağa yoxdur.”, dedi.
Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlı və xoş təsadüfdür ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə şairin 65 yubiley yaşı tamam olur.
Xəyalən Akif Səmədə səslənirəm:
–Həmişə qəlbini sızladan, işğalına dözə bilmədiyin, döğma yurda gedə bilmədiyinə kədərləndyin, yüksək poetik dillə qələmə aldığın Şuşa yenə bizimdir.
Bu halal yolnan yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.
Ulduzuq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm.
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi,
Kimə söyləyim dərdimi
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi –
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu?
Günahkar Segahmı oldu
Təbrizdən uzaqmı oldu
Şuşaya gedə bilmirəm.
Şuşa, Xankəndi, Laçın, Qubadlı… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Gənclərimiz sənin milli ruhlu şeirlərini sevə-sevə oxuyur, saflaşır.
Ruhun şad olsun, unudulmaz, sevimli şair!
65 yaşın mübarək!
06-22.07.2024.
Müəllif: Coşqun XƏLİLOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru