Mahirə Nağıqızı – Yarpaq-yarpaq

Yarpaq-yarpaq
Yay da bitir, indi payız,
Bilinəcək yarpaq-yarpaq.
Xəyallarımız xəzana,
Bürünəcək yarpaq-yarpaq

Kim söyləyər, yaş o yaşdı,
Bu yaş o yaşdan da başdı.
Demə, gözlədiyim qışdı,
Görünəcək yarpaq-yarpaq

Çovğun ötüb qar gələcək,
Sınağa nə var, gələcək.
Sevirsə də yar gələcək,
Sürünəcək yarpaq-yarpaq.

Hansı qar var, ərimədi,
O nə dərddi kirimədi.
Nə diləkdi yerimədi,
Yeriyəcək yarpaq-yarpaq.

İstədiyin qəlbdi, candı?
Can deyilən əl-amandı.
Zaman özü kim ki yandı,
Kürüyəcək yarpaq-yarpaq.

Olan olacaq, gözdəmə,
Odda olanı közdəmə.
Mahirə, dərdə döz demə,
Kiriyəcək yarpaq- yarpaq.