
GÖRKƏMLİ TƏDQİQATÇI, PUBLİSİST QULAM MƏMMƏDLİ
Azərbaycanda tam bir dövrü əhatə edən mətbuatın, ədəbiyyatın, eləcə də mədəniyyətin yaranması və inkişafında əvəzsiz xidmətləri olan qüdrətli sənətkarların ictimai-ədəbi fəaliyyətlərinin tarixi salnaməsinin yaradılması isə özünün çox az sayda tədqiqatçısını yetişdirmişdir. Onlardan birincisi, Azərbaycanda salnamə ədəbiyyatının əsl mənada yaradıcısı Məmmədli Qulam Məmməd oğlu olmuşdur.
Qulam Məmmədli yaradıcılığın çox çətin, əzablı yollarını böyük fədakarlıqla qət edən tədqiqatçılardan olub. Daim axtarışda olan, tədqiqatlarına təkrarən qayıdıb, yaradıcı ömürlərin açılmamış səhifələrini böyük həvəslə, səbrlə araşdıran, ədəbi dəyərlərə ömür verən bu insanın çəkdiyi ağır zəhmətə, bu zəhmətin bəhrəsinə heyrətlənməyə bilmirsən. İlk təhsil illərində 4-5 il mollaxanada “Gülüstan”, “Üsuli-cədid” kitablarından dərs alan, sonralar Bakı Teatr Texnikumunda oxuyan (1924-1926) Q.Məmmədli bundan sonra heç bir təhsil almadığı halda özünün əziyyətli axtarışları bahasına, davamlı fəaliyyəti sayəsində bir fədakar tədqiqatçı, publisist, yazıçı kimi yaradıcı ömrünə bir ədəbi zənginlik gətirmişdir. Hələ yeniyetmə çağlarında Molla Hüseyndən öyrəndiyi “Əlif-bey”in sayəsində M.Ə.Sabiri, A.Səhhəti, A.Şaiqi, M.Cəlili, H.Cavidi oxuyaraq böyük bir ədəbi-ictimai mühitə qədəm qoymuşdur. Və illər sonra bu mühitin özünəqədərki və özündən sonrakı görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının bioqrafik salnaməsini yazmaq əzablarına qatlaşmışdır. Düşünürsən, bir insan ömrü çoxlu sayda bitkin yaradıcı ömürləri tədqiq etməyə, salnamələrdə yaşatmağa necə yetib, necə çatıb? Bəs görəsən, yaradıcılığın belə məşəqqətli yollarıyla getmək, onlarla görkəmli şəxsiyyətlərin ədəbi taleyinin tarixi yaşantılarını əbədiləşdirmək, bu yolda həyatını qətrə-qətrə əritmək hansı istəkdən yaranmışdır? Mərhum tədqiqatçının həyatıyla tanış olanda bitib-tükənməyən bu istəyin hardan yarandığını duymaq bizim üçün elə də çətin olmadı.
Qulaməli Məmməd oğlu Məmmədli 1897-ci il mart ayının 25-də Təbrizdə anadan olmuşdur. Körpə vaxtı anasının qucağında Aşqabada köçən, kasıb bir ailədə böyüyən Qulam Məmmədli ağır, əzablı iş şəraitinə elə uşaqlıqdan alışıb. 10 yaşından çəkməçi yanında şagird olan oğlan azacıq qazancı ilə ailəyə elə də yaxşı kömək edə bilmədiyini görüncə 1913-cü ildə Aşqabadda Nobelin zavodunda neftin, mazutun ürəkbulandıran iş şəraitində səhərdən axşamadək çalışaraq evə ayda 10 manat qazanc gətirirdi. Üzücü işlərinin arasında imkan tapdıqca əlinə düşən qəzet və jurnalları oxuyurdu. Bir il sonra həmin şəhərdə, İllarion İvanoviç Aleksandrovun mətbəəsində mürəttib şagirdi, mürəttib işlədiyi vaxtlarda o, yığdığı mətnləri oxumaq imkanı qazanmaqla başqa şəhərlərin həyatından, xüsusilə də Bakida baş verən ictimai-siyasi, mədəni hadisələrdən xəbər tuturdu. Elə o vaxtdan da ürəyində bir Bakı məhəbbəti yaşadıb. Ora köçmək niyyəti qəlbində güclü bir istəyə çevrilib. Nəhayət, 1923-cü ilin iyununda həsrətində olduğu arzusu gerçəkləşir. Yazıçı Yaqub Nasirli ilə Bakıya gəlir. “Molla Nəsrəddin”in Aşqabad üzrə xüsusi müxbiri olan Y.Nasirli ertəsi gün Q.Məmmədli ilə birlikdə C.Məmmədquluzadəni görmək üçün “Yeni yol” qəzetinə gəlir (O zaman M.Cəlil həm də “Yeni yol” qəzetinin redaktoru idi – Ş.N.). Böyük yazıçı ilə görüşdüyü ilk gündən ədibin köməyi, ata qayğısı ilə himayə olunur. Mirzə Cəlil onu III İnternasional mətəsində “Kommunist” qəzetinin mürəttibi vəzifəsinə işə düzəldir. Sonradan “Molla Nəsrəddin” jurnalını da o yığır.
“Kommunist” qəzetinin 1000-ci nömrəsində Bakıda ilk dəfə “1000 gün mətbəədə” yazısı çap olunur. 1925-ci ildən isə “Molla Nəsrəddin”də “Səni yığan mürəttib,” “Mürəttib-mübəlliğ” imzalarıyla “Tazə il, tazə həyat,” “Qara 26-lıq” və başqa yazılarla çıxış edir. Bundan sonra onu “Kommunist”in nəzdində olan “Çapçı gözü” qəzetinə redaktor təyin edirlər. O, ilk redaktorluq təcrübəsini də məhz bu qəzetdə toplamışdır. Q.Məmmədli 1929-cu ildən “Kommunist” qəzetində ədəbi işçi, Əməkçi məktublar şöbəsinin müdiri, “Azərbaycan kolxozçusu” qəzetinin, sonralar “Kirpi” jurnalının redaktoru vəzifəsində çalışmışdır. Qulam müəllim ədəbiyyat, teatr, mətbuat tarixindən, həmçinin ictimai-siyasi həyatımızın bir çox sahələrindən bəhs edən yüzlərlə məqalələrlə dövri mətbuatda çıxış etmişdir. Böyük Vətən müharibəsi illərində Təbrizdə “Vətən yolu” qəzetində siyasi və ədəbi işçi kimi fəaliyyət göstərən Q.Məmmədli İranın qabaqcıl maarifpərvər ziyalıları, şair və ədibləri ilə yaradıcılıq və dostluq münasibətlərində olmuşdur.
1934-cü ildə Sovet Yazıçılarının I qurultayında görkəmli rus ədibi Maksim Qorkinin “Xalq ədəbiyyatını toplayın, onlardan öyrənin” tövsiyəsinə əməl edən Q.Məmmədli redaktoru olduğu “Azərbaycan kolxozçusu” qəzetində bir guşə açaraq atalar sözlərini toplayıb çap etməyə başlayır. Lakin kiçik formatlı bir qəzetdə 1000 illik tarixi olan xalq yaradıcılığının nümunələrini toplayıb çap etməyin mümkün olmadığını görüncə bu sahədə yeni yollar aramağa başlayır. Elə bu məqsədlə də folklor ədəbiyyatının toplanılması üçün ona məsləhət verməsi xahişi ilə böyük ədibə məktubla müraciət edir. 18 gündən sonra M.Qorki ona özünün əl xətti ilə yazdığı məktubunda ədəbiyyat sahəsində görəcəyi işin geniş proqramını göndərir. Qulam müəllim elə həmin vaxtdan da bütün ömrünü, yaradıcı taleyini ciddi və sistemli şəkildə apardığı tədqiqat axtarışlarına həsr edir.
1960-1970-ci illərdə AMEA-nin Tarix İnstitutunda, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət arxivində işlədiyi müddətdə isə qarşısında böyük imkanlar açılır. O, tədqiqatlarını Bakının böyük kitabxana və arxivlərindən başlamış, Moskvada Lenin kitabxanasında, Leninqradda (Sankt Peterburq) Saltıkov-Şedrin, Şərqşünaslıq İnstitutu, Dövlət Universiteti, Daşkənddə Nəvai adına Əlyazmalar fondunda, Tbilisi, İrəvan, Kiyev, Kazan, Mahacqala, Aşqabadda davam etdirərək yerli biblioqrafların köməyi ilə rus, fars, türk, özbək, tatar dillərində yüzlərlə mətbuatı vərəqləyərək vətənə əlidolu qayıdırdı. O, Böyük Vətən müharıbəsi illərində Təbrizdə nəşr olunan “Vətən yolu” qəzetində siyasi və ədəbi işçi kimi fəaliyyət göstərərkən, eyni zamanda Azərbaycan ədəbiyyatı klassiklərinin ədəbi irsini arayıb-axtarırdı. Vətənə qayıtdıqdan sonra topladığı əlyazmaları əsasında Fədai, Pərvin Eticami, Mirzəli Möcüz, Heyran xanım, Xiyabaninin əsərlərini Azərbaycanda ilk dəfə nəşr etdirərək ədəbiyyatşünas-alimlərin diqqətini onların yaradıcılığına yönəltmişdir.
Q.Məmmədli 3-4 nəsil arasında yaşamış, işləmiş, yaradıcı fəaliyyətdə olmuş ədəbiyyat adamıdır. Bu nəsillər içərisində görkəmli şəxsiyyətlərlə dostluq münasibətləri, yaradıcı ömürlərə bələd olması, həyatlarının çətin dönəmləri fədakar tədqiqatçıya onları duyması, böyüklüyünü dərk etməsi, salnamələrdə yaşatması üçün geniş imkanlar yaratmışdı.
Qulam Məmmədli ömrü boyu davam etdirdiyi tədqiqat axtarışlarında ədəbiyyatın, mətbuatın və mədəniyyətin keçdiyi inkişaf yollarını tarixi ardıcıllıqla tədqiq edərək topladığı sənəd və faktları, xatirələri yeni, həm də yaradıcı bir baxışla işıqlandırmağa çalışmışdır. Görkəmli sənətkarların həyat və yaradıcılığını zərrəbin dəqiqliyi ilə araşdıraraq ortaya dəyərli əsərlər qoymuşdur. “Molla Nəsrəddin”, “Cahangir Zeynalov”, “Hüseyn Ərəblinski”, “Cavid – ömrü boyu,” Mirzəli Möcüzün əsərlərinin yeni nəşri, “Azərbaycan teatr salnaməsi”, “Üzeyir Hacıbəyov”, “İmzalar”, “Sizə kim lazımdır?”, “Kim kimdir?” – üst-üstə 17 kitabı müəllifin uzun zaman apardığı ədəbi araşdırmalarının çox dəyərli nümunələri kimi Azərbaycanın ictimai fikir tarixində böyük əhəmiyyət kəsb etmişdir. Bu da çox diqqətəlayiq bir haldır ki, həmin şəxsiyyətlərin yaradıcı ömürlərini izləyən ədəbiyyatşünaslar mütləq halda Q.Məmmədlinin bioqrafik salnamələrindən ilkin və etibarlı mənbə kimi hər zaman faydalanıblar.
Doğrudur, vaxtilə Q.Məmmədlinin etiraf etdiyi kimi, bu əsərlərdə (“İmzalar”, “Sizə kim lazımdır?”, “Kim kimdir?”) verilən məlumatlarda (gizli imza müəlliflərinin adları, hadisələrin, şəxsiyyətlərin əlamətdar tarixləri və s.) bəzən dürüstlük, dəqiqlik baxımından yanlışlığa yol verilə bilər. Lakin nəzərə alsaq ki bu sahədə görülən işlərin ilkini kimi, Q.Məmmədli görkəmli şəxsiyyətlərin simasında böyük bir dövrün ictimai-ədəbi mənzərəsini salnamələrdə yaşatmaq üçün böyük zəhmətlər bahasına nə qədər məxəzlərə müraciət edib, düşünmək olar ki, yanlışlıq da bir naxışdır. Dürüst olmayan bir faktın və mətləbin izinə düşüncə tədqiqat marağı insanı ilk dəfə üzə çıxarılan çox dəyərli mənbələrə tuş salır.
Görkəmli ictimai xadim N.Nərimanovun, aktyor A.Şərifzadənin həyat və yaradıcılığı, Ə.Cavad, S.Mümtaz, S.Manafzadənin əsərlərinin nəşri, ömür yolları da məhz cəfakeş tədqiqatçının ədəbi axtarışları sayəsində araya-ərsəyə gəlmişdir. Onun təkrarən qayıtdığı araşdırmalarından biri, yazıçı-publisist C.Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalı olmuşdur. Tədqiqatçı bu əsər üzərində illər boyü, böyük məhəbbətlə, Mirzə Cəlilin şəxsiyyətinə minnətdarlıq hissilə işləmişdir. “Molla Nəsrəddin” əsərinin 1966-cı ildəki ilk nəşrindən sonra tədqiqatçı məxəzlərə təkrarən müracət edərək ədibin həyatına, əsərlərinə, eləcə də gizli imzalarla nəşr olunan xeyli yazılarına yeni baxışla aydınlıq gətirmişdir. Lakin 1984-cü ildə nəşr etdirdiyi həmin kitabda da müəllif bu işin öhdəsindən tamamilə gəldiyi fikrində olmamışdır. Bu, təbiidir. Çünki yaradıcı axtarış, ədəbi araşdırmalar ömür boyu davam edən bir işdir. Çox zaman buna bir neçə ömür də çatmır. Bu iş müxtəlif istiqamətlərdə başqaları tərəfindən də davam etdirilməlidir. Belə olan təqdirdə düşünürük ki, Q.Məmmədlinin gördüyü işlərin rəngarəngliyi, sayı-sanbalı, eləcə də dəyərinin meyarı misilsizdir.
Q.Məmmədlinin yaradıcılığında bir cəhəti qeyd etməyi vacib sanırıq. O, arxiv və kitabxanalarda bir şəxsiyyətin həyat və yaradıcılığını izləyərkən, ictimai fikir tariximizdə böyük əhəmiyyət kəsb edən digər faktlara və sənədlərə də diqqət kəsilib. Bu da tədqiqatçını paralel axtarışlara sövq etməklə maraqlı işlərin ortaya çıxarılmasına yol açmışdır. Qulam müəllimi digər tədqiqatçılardan fərqləndirən cəhət də məhz bu idi. Başqaları arxivlərdə araşdırma apararkən qəzet və jurnallarda rastlaşdıqları minlərlə tarixi faktların üstündən etinasız ötüb keçiblər. Elə bu cəbəbdən də Qulam müəllim çox təəssüflə qeyd etmişdir ki, “bir zaman M.Cəlili, Ü.Hacıbəyovu, H.Ərəblinskini, C.Zeynalovu, H.Cavidi, A.Şərifzadəni, N.Nərimanovu araşdırarkən, eləcə də teatr, mətbuat və digər sahələrə aid material, fakt axtararkən, ictimai-mədəni həyatımızın nə qədər zəngin xəzinəsinin qəzet-jurnal səhifələrində, arxiv sənədlərində yatıb qaldığını öz tədqiqatçı gözlərimlə görmüşəm…”
Bir zamanlar onunla uzun müddət yaradıcı münasibətdə olan, “Molla Nəsrəddin” salnaməsində redaktor-müəllif kimi işləyən böyük ədəbiyyatşünas-alim Əziz Mirəhmədov Qulam müəllimin tədqiqatlarından bəhs edərək yazırdı ki, bu işlər, bu ədəbi axtarış və tapıntılar Azərbaycan ədəbiyyatı, ictimai fikri, teatrı və mətbuatı tarixinə dair tədqiqatlarda daxili keyfiyyət dəyişikliyi yaranmasına kömək edən, həmin tədqiqatların üfüqlərini genişləndirən bir amil kimi də əhəmiyyətlidir.
Vaxtilə görkəmli ədəbiyyatşünas alimlərdən M.Cəfər, Ə.Mirəhmədov, Y.Qarayev Q.Məmmədlinin elmi-tədqiqat əsərləri, jurnalistika yaradıcılığı, ədəbi-tarixi salnamələrinin xüsusiyyətlərindən bəhs ediblər. Bunlar bir yubiley yazısı, hansısa bir kitabına yazılmış rəydən, ön sözdən ibarət olub. Lakin onun tədqiqat axtarışları, onlarla tarixi-ədəbi şəxsiyyətlərin bioqrafik salnamələri, bütövlükdə yaradıcı zəhməti haqqında monoqrafiyaların yazılmasına bu gün böyük ehtiyac duyulur.
S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət Arxivində Q.Məmmədlinin bütünlükdə ədəbi-bədii irsinindən ibarət çox zəngin şəxsi fondu var. Burada yüz illik bir dövrü əhatə edən 1500-ə yaxın sənəd qorunur. Bu gün bu sənədlərin araşdırılması, mükəmməl bilgilərin aşkarlanması, bir çox sənət korifeylərinin ədəbi ömürlərinin yeni baxışla öyrənilməsi, ictimai-əxlaqi mövqedən təhlil olunması onlardan bəhrələnmək deməkdir. Çünki bu cəfakeş insan düz bir əsrin ədəbi-elmi irsini, bioqrafik məlumatları özünün salnamə əsərlərində yaşadıb. Məhz bu səbəbdən də onun ədəbi irsi mənəvi-əxlaqi əhəmiyyətli bir yaradıcılıq işidir. Tədqiqatçı-jurnalistin təcümeyi-hal xatiratından başlamış, jurnalistikaya gəldiyi yolların maraqlı görüntüləri, gorkəmli şəxsiyyətlərlə məktublaşmaları, ictimai əhəmiyyətli faktlar və sənədlər, “Qəsr Qacar zindanında,” “Mirzə Qənbər Təbrizdə” romanlarının əlyazması ötən əsrin ictimai-tarixi mühitini öyrənmək, təhlil etmək baxımından çox maraqlıdır.
Səhv etmirəmsə, görkəmli yazıçı, ictimai xadim Mirzə İbrahimovun sözüydü: “Həyatını böyük insanların taleyi ilə bağla ki o xatirlandıqca sən də xatırlanasan”. Qulam Məmmədli də 97 illik ömrünün 70 ilini ictimai-mədəni həyatımızın böyük bir səhifəsinin araşdırılmasına sərf etmişdir. Bu səhifə varaqlandıqca Onun yaşadığı böyük, mənalı ömrü də xatırlanacaq. Bu gün mərhum tədqiqatçı-jurnalistin həyat salnaməsinin yazılması isə özünün mənəvi varisıni gözləyir.
Müəllif: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru