
BİR AZ ÜRƏYİMDƏ QAL
Gəl, səni ürəyimin
köynəyindən keçirim;
bir az ürəyimdə qal,
gör, mən nələr çəkirəm;
qaradı, ağdı, yuxum,
hələ oyaqdı, yuxum;
gecələr yoxdu, yuxum,
ulduzları sökürəm;
göydə bulud ləliyir,
damcı-damcı çiliyir;
fələk tumu əliyir,
mən də, bostan əkirəm;
hanı, yolun axırı,
geri qaytar, naxırı;
payız qonaq çağırır,
yarpaqları bükürəm;
mən, dərd daşıdım, burda,
dağlar yaşıdım, burda;
bəsdi, yaşadım burda,
uzaqlara köçürəm;