
Bu vaxta qədər heç bir alimin rəddiyyə yaza bilmədiyi “Əl-Ğədir” kitabının elmi redaktoru naxçıvanlı alim idi. O, Həzrət Əlinin hərəmində dəfn olunub.
Əvvəlcə “rəddiyyə” sözünün mənasına aydınlıq gətirək. Bu söz “rəddə” – yəni “qaytardı, rədd etdi” felindən yaranmışdır. İslam elmlərində “rəddiyyə”, bir məsələdə haqqı müdafiə etmək məqsədilə, elmi və əsaslı şəkildə (səhih mənbələrə istinadən) edilən cavab anlamında işlənir. Azərbaycan dilində buna yaxın məna daşıyan “təkzib” ifadəsi də geniş istifadə olunur. Hər iki söz mahiyyət etibarilə, bir məsələdə irəli sürülən yanlış iddianı, əsassız fikri rədd etmə, doğrunu ortaya qoyma məqsədi daşıyır.
Ayətullah Məhəmməd Əli Ordubadi
– görkəmli islamşünas alim
Barəsində söz açacağımız böyük islamşünas alim Ayətullah Məhəmməd Əli Ordubadi 1895-ci ildə qədim Azərbaycan torpağı olan Təbrizdə dünyaya göz açmışdır. Atası Ayətullah Əbülqasim Ordubadi Ordubad şəhərinin tanınmış alimlərindən və nüfuzlu şəxslərindən biri olmuşdur. Mənbələrdə qeyd olunur ki, XIX əsrin sonlarında Ayətullah Əbülqasim ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Təbriz şəhərinə köçmüş və burada bir müddət yaşamışdır. Əllamə Məhəmməd Əli də Təbrizdə anadan olmuşdur.
1898-ci ildə ailə Nəcəfə köçmüş və orada məskunlaşmışdır. Əllamə Məhəmməd Əli atasının elmi və mənəvi təsiri ilə ibtidai təhsilini başa vurduqdan sonra yüksək dini təhsil almağa başlamışdır. İlk müəllimi atası Ayətullah Əbülqasim olmuş, onun vəfatından sonra isə dövrünün tanınmış alimlərindən – Ayətullahül-üzma Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi, Şeyx Məhəmməd Hüseyn Naxçıvani və başqalarından dərs almışdır. O, xüsusilə məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində fəal iştirak etmişdir.
Elmi fəaliyyəti və ədəbi irsi
Müasirləri Ayətullah Məhəmməd Əli Ordubadinin ədəbiyyat və şeir sahəsində də misilsiz istedada sahib olduğunu vurğulamışlar. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir. “Məfaxiri-Azərbaycan” kitabında qeyd olunur ki, Ordubadi məşhur “Əl-Ğədir” kitabının ərsəyə gəlməsində müəllif Əllamə Əminiyə yaxından köməklik göstərmişdir. O, bu monumental əsərin dili və üslub baxımından daha səlis şəkildə qələmə alınması üçün müəllifə dəyərli məsləhətlər vermiş, həmçinin kitabın ədəbi redaktəsində fəal iştirak etmişdir. Beləliklə, o, bu möhtəşəm əsərin hazırlanmasında əsas iştirakçılardan biri olmuş və öz adını dini ədəbiyyat tarixində əbədiləşdirmişdir.
Ayətullah Ordubadi bir sıra mühüm dini əsərlərin müəllifidir. Bunlara aşağıdakıları misal göstərmək olar:
İmam Mehdi (ə) haqqında “Əl-Ənvarüs-satiə” kitabı, Kərbəla şəhidi Muxtarın tərcümeyi-halı, Aşura faciəsinə həsr olunmuş mərsiyələr toplusu, Müsəlman alimlərinin bioqrafiyalarını ehtiva edən “Zəhrür-rəbiyy”, Şeyx Təntaviyə aid “Cəvahir” təfsirinin elmi tənqidi, Həzrət Əlinin (ə) Kəbədə doğulmasını isbat edən “Vəlidul-Kəbə”. Və sonuncu əsər – “Vəlidul-Kəbə” – Əllamə Əmini tərəfindən xüsusi olaraq yüksək qiymətləndirilmişdir.
Ayətullah Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1380-ci ilin səfər ayının 1-də (miladi təqvimlə 26 iyul 1960-cı il) 72 yaşında dünyasını dəyişmiş, Nəcəfdə İmam Əlinin (ə) hərəmində dəfn olunmuşdur. Allah ona rəhmət eləsin!
Əl-Ğədir – İslam tarixində unikal əsər
Oxucuların marağını nəzərə alaraq qeyd edək ki, “Əl-Ğədir” əsəri Qədir-Xum hadisəsinə həsr olunmuş mötəbər dini əsərdir. Onun müəllifi Əllamə Əbdülhüseyn Əminidir. Əsərdə Həzrət Əlinin (ə) vilayəti geniş və əsaslı şəkildə izah olunur. Alim bu əsəri yazmaq üçün 10 mindən çox kitab mütaliə etmiş, 100 mindən artıq etibarlı mənbəyə istinad etmiş, Hindistan, Pakistan, Misir, Mərakeş və bir çox ölkələrə səfər etmişdir. 20 cilddən ibarət olan bu əsərdə 110 səhabə və 84 tabəindən hədislər nəql olunur. Kitabın azərbaycancaya tərcüməsi isə məhz haqqında bəhs etdiyimiz böyük alim – Ayətullah Məhəmməd Əli Ordubadiyə aiddir.
Mənbə: Məcid Rəşadətoğlu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru