
VAQİF QÜDRƏTİN “İMZA” Nəşrlər Evi tərəfindən nəfis tərtibatla hazırlanmış “ZÜBEYDƏ” romanı işıq üzü gördü.
Vaqif Qüdrət oğlu Həmzəyev 10 avqust 1945-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində kolxozçu ailəsində anadan olub. İlk təhsilini doğma Alıbəyli kəndində almış, 1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1972-ci ildə oranı qiyabi olaraq müvəffəqiyyətlə bitirmişdir.

Bir müddət Alıbəyli kəndində kənd mədəniyyət evinin müdiri işləmiş, Ali təhsili başa vurduqdan sonra isə ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyətə başlayıb.
İstedadlı qələm sahibi Vaqif Qüdrət 1962-ci ildən başlayaraq vaxtaşırı öz şeirləri, məqalələri və bədii yazıları ilə dövrü mətbuatda çıxış etməyə başlayıb.
Doğma yurddan məcburi köçkün düşdükdən sonra Bakı şəhərində məskunlaşan Vaqif Qüdrət yaradıcılığını burada davam etdirib. Beş övlad atası olan Vaqif Qüdrət Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Zəngilan rayon bir saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Onun “Zəngilana gedən yollar” (1998), “Bir ömür həsrət” (2002) şeirlər, poetik nümunələri ilə bərabər hekayələri, novellaları və satirik nümunələri toplanmış “Dünya o dünya deyil” (2009) kitabları işıq üzü görüb.
“Zübeydə” romanı şairin sayca dördüncü kitabıdır. Roman ilk dəfədir çap olunur.
Vaqif Qüdrət 6 fevral 2020-ci ildə dünyasını dəyişib. Yaşasaydı, bu il 80 yaşı olacaqdı.
Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun.
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru