Ana Dilim Öz dilim Turan adlı ellərin ülfətində payın var Bu günkü hikmətində, hörmətində payın var. Hər kəlməsi ,hər sözü zəfər oxuyan dilim. Beşiyimin başında layla oxuyan dilim .
Min illərdir dünyanın yaddaşına hopmusan Şuşanın qalasına bayrağını sancmısan. Ey Turan işığında daim güclənən dilim Nəğmə-nəğmə cahanın ruhuna sinən dilim.
Şəhid qanı əzəldən bayraqdır başım üstə, Turan eşqi bitibdir torpağım,daşım üstə. Tarix saray ucaldıb qanlı yaddaşım üstə ,- Heç vaxt unudulmayan haqq-sayımsan ,dilim. Ruhuma işıq saçan ulduz ,Ayımsan,dilim.
Sən Qarabağ ünvanlı ərənlərin dilisən, Yurd uğrunda canını verənlərin dilisən. Zəfər çiçəklərin dərənlərin dilisən , Miliyon-milyon sinədə döyünən ürək dilim, Sevənlərin dilində uçan kəpənək dilim .
Sənə müjdə gətirdim Qarabağ savaşından. Oxu mənim sevgimi gözlərimin içindən . Qoyma haqqım silinsin tarixin yaddaşından . “İki dovlət bir millət,şöhrəti dastan dilim. Haqqımın bayraqdarı türk ətirli TÜRK DİLİM.
Hədik, Azərbaycanda Aşura günü ilə əlaqəli hazırlanan ənənəvi bir yeməkdir. Bu yeməyin hazırlanmasının tarixi xalq arasında yayılan bir rəvayətə əsaslanır. Rəvayətə görə, Həzrət Zeynəb Şam xarabalığında əsr düşmüş uşaqların ac qalmasına dözməyərək, onların başını yemək bişirmək adı ilə qatmaq üçün qazan qoyub qaynatmağa başlayır və daş-kəsək yığıb qazanın içinə tökür. Uşaqlar başına yığışanda isə onlara yemək hazırladığını deyir. Allahın möcüzəsi ilə qazanın qapağı açılanda müxtəlif dənli bitkilərdən ibarət yemək olduğu məlum olur. Bu rəvayət, hədik bişirilməsinin mənəvi köklərini əks etdirir. Hədik buğda, noxud, lobya, lərgə, qarğıdalı, mərci və s. bitkilərdən hazırlanır. Aşura günü, müsəlmanlar bu yeməyi bişirərkən İmam Hüseyn və digər şəhidlərin xatirəsini yad edirlər. Hədik, həm də yoxsullara paylanır və bu da bir növ xeyirxahlıq və yardımlaşma nümunəsi sayılır. Hədik hazırlanması və paylanması, Aşura gününün ənənəvi bir hissəsidir və həm dini, həm də mədəni əhəmiyyət daşıyır. Bu yemək, həm acı həqiqətləri xatırladır, həm də xalq arasında birlik və həmrəylik hissini gücləndirir.
Müxtəlif xalqlar hədiyi fərqı hazırlayırlar. Türkiyədə bu yemək “aşure” adlanır və türklər bu yeməyi Nuh peyğəmbərin adı ilə bağlayırlar. Bizdən fərqli olaraq yeməyin bişirilib paylanılması matəm münasibətilə deyil, bayram əhval-ruhiyyəsi ilə edirlər.
Misirlilərin inancına görə, hədik Musanın xilas olduğu gün bişirilir. Bəzi inanclarına görə isə aşurə həm də Adəm və Həvvanın Yer üzündə görüşdüyü ilk gündən hazırlanıb.
Başqa rəvayətə görə isə Nuh peyğəmbərin gəmisində olanlar quruya ayaq basmağın sevincini həmin günü bayram etmək üçün gəminin anbarında qalan ərzaqlardan bir yemək bişirmişlər. Aşura günü “aşura” bişirmək və bunu paylamaq adəti də, deyilən görə, buradan qalıb.
Süleyman Vəliyev Bakı şəhəri, Mirzə Fətəli küçəsində, 9-cu dalandakı kiçik bir otaqda məskunlaşır. “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi çalışmağa başlayır. Ev şəraitinin ağır olması ilə bağlı Səməd Vurğuna ərizə ilə müraciət edir. Böyük şair onun “koma”sına şəxsən gəlib vəziyyətlə tanış olur. O dövrdə Bakı şəhərinin Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan, əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov Səməd Vurğunun xahişi ilə Süleyman Vəliyevə Tolstoy küçəsinin 7-ci dalanında 3 saylı evi verir. Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları, keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılması kampaniyası ilə nəticələnir. Həmin il Süleyman yenicə evlənmişdi. Gözlənilmədən onu yenidən istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların apardığı məxfi istintaqda ona əməkdaşlıq təklif edilir: Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək, məxfi orqanlarla əməkdaşlıq etmək istəyirlər. Lakin Süleyman bu təklifdən imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu. O əsgərlikdə və müharibədə olarkən, ədəbiyyat fondu onun ata-anasına yardım göstərmişdi. Ata-anası vəfat etdikdən sonra isə qardaşı Murtuzun Suvorovçular məktəbinə qəbul olunmasına və ona mənzil verilməsinə məhz Səməd Vurğun kömək etmişdi. Nəticədə, Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahilindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Bununla yanaşı, 1946–1947-ci illərdə yazdığı “Mübahisəli şəhər” romanının çapı da dayandırılır. Maraqlıdır ki, yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıya nisbətən daha yaxşı hiss edirdi; çünki onu illərlə narahat edən gizli sorğu-suallar artıq arxada qalmışdı. Bir neçə aydan sonra həyat yoldaşı da onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə dünyaya gəldilər. Sibirdə xeyirxah insanların dəstəyi ilə Süleyman yazıçı qələmini yerə qoymadı. 1953-cü ildə İosif Stalin öldükdən sonra ölkənin həbs və sürgün düşərgələrindəki milyonlarla insan bir qədər rahat nəfəs aldı. Süleyman Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə birlikdə Bakıya qayıdır. Gəlişindən cəmi 20 gün sonra ona indiki Nizami küçəsi 51 ünvanında kiçik bir ev verilir. 1957-ci ildə “Mübahisəli şəhər” romanı yazıldıqdan 10 il sonra “Azərbaycan” jurnalında çap olunur. Lakin o zaman Yuqoslaviya ilə Sovet İttifaqı arasında münasibətlərin soyuması səbəbindən romanın kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə əsər Moskvada rus dilində nəşr olunur və bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi sayılan bu roman Bakıda da Azərbaycan dilində kitab kimi çap edilir.
Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyeva:
“Mehman Musayev itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim.
Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım.”
Hey harasa tələsirik , Ömür gödəkdi , neyləyək. Zamana çata bilmirik, Bizdən zirəkdi, neyləyək.
Heç kimin bitmir davası, Göy davası , Yer davası , Günümüzün tən yarısı Küydü , kələkdi , neyləyək.
Dörd yanımız çığır -bağır, Hərə öz dərdindən baxır, And yerimiz əvvəl-axır Duzdu , çörəkdi , neyləyək.
Başımızda söz havası, Dünyamız ilan yuvası, Biz çoxuq , atam balası, Tanrısa təkdi, neyləyək.
****
Neçə bahar , neçə payız, qış gələr, O səhərlər geri dönməz bir daha. Gah dumana , gah çiskinə bürünər, O xəyallar göydən enməz bir daha, Köçdü , köç.
Bir də yanmaz könlümüzdə od ,ocaq, Külümüzlə oynayırıq nə vaxtdı. Heç bilmirik hansı sözdən yapışaq, Hardan tutsaq deyirlər ki, günahdı , Sucdu ,suç.
Ulduzlar da parıldamır biz deyən, Səhərəcən zülmət saçır gecələr. Elə bil ki, yadırğayıb adamdan, Neçə vaxtdı sevgisizdi küçələr , Acdı , ac.
Elə gözəl sarılmışıq təkliyə , Dörd yanımız hicran adlı qəfəsdi. Vurulmuşuq xəzəl rəngli payıza, İndi bizdən bahar ummaq əbəsdi , Gecdi, gec.
****
Gözlərindən həsrət baxır adama, Bu şəhərin baxışları darıxır. Bu şəhərin ağacları susuzdu, Bu şəhərin yağışları darıxır, Bu şəhərin közü çıxıb yadımdan.
Neçə vaxtdı daş ömrünü yaşayır, Qurd ömrünü , quş ömrünü yaşayır , Buz bağlayıb , qış ömrünü yaşayır, Bu şəhərin yazı çıxıb yadımdan.
Göyə qalxıb , gözü görmür heç kəsi, Sevgisizdi sahilləri dənizin , Başı üstə küləkləri dərd əsir, Bu şəhərin səsi çıxıb yadımdan.
İtib batıb gəzdiyimiz küçələr , Döngə -döngə azdığımız küçələr , Yıxılanda küsdüyümüz küçələr , Bu şəhərin nazı çıxıb yadımdan.
Hər yanını tumar -tumar yorublar, Beton- beton, hamar- hamar yorublar , Bu şəhəri əlimizdən alıblar , Bu şəhərin üzü çıxıb yadımdan.
Yavaş -yavaş tamarzıdı sevincə , Yuxusuna daş atırlar hər gecə , Yaddaşımda adı qalıb eləcə , Bu şəhərin özü çıxıb yadımdan.
Gözlərindən həsrət baxır adama , Bu şəhərin baxışları darıxır. Bu şəhərin ağacları susuzdu , Bu şəhərin yağışları darıxır , Bu şəhərin …düzü , çıxıb yadımdan .
****
Bir zamanlar başı buxara papaqlı , ayağı çarıqlı , əli əsalı kişilər vardı, Üst -başları tütün qoxuyardı , Ovucları qabar -qabardı. Doqqazın başına yığışardılar hər gecə, Biz də onların başına . Onlar davadan , frontdan danışardılar , Biz də daş üstündə oturub qulaq asardıq bu şirun nağıllara yuxu gözümüzdən tökülüncə. Yayın istisində də başlarından çıxarmazdılar papağı, Addım səslərindən tanıyardılar gələn qonağı.. Onlarçun çörək Tanrıdan irəliydi, Hərəsi bir evin dirəyiydi mən tanıyan kişilər , Torpaqla , daşla , əkinlə , xışla oynayan kişilər. Saçımızı sığalsız , gecəmizi nağılsız qoymazdılar, Səhərlər mala, heyvana durardılar , Oğula , uşağa qıymazdılar. Sonra illər göz qırpımında uçub getdi , Doqqaz ağzına yığışan kişilər yavaş -yavaş bu dünyadan köç etdi — Başında papaq , ayağında çarıq, , əlində çəlik. Yavaş -yavaş yollar yiyəsiz qaldı , sonra kənd, Sonra hasarlar böyüdü , sonra adamlar. Sonra qapılardan kilid , ürəklərdən daş asıldı , Uçulub dağıldı söykəndiyimiz divarlar , Köhnə nağıllar pozuldu , Təzə nağıllar yazıldı — İçində həsrət , ayrılıq , xəyanət , göz yaşı , minnət. İnternet sevdalar doğuldu boşluğun içində – Rəngsiz , ürəksiz , qolsuz , qanadsız , şikəst… Məhəbbət dolu məktublar yazılmadı daha , Ürək döyüntüsündən keçmədi boğazdan yuxarı mesajlar , Söz verib söz almadı heç kəs , Heç kim tələsmədi görüş yerinə , Sabaha çıxmadı bu gün doğulan xəyallar.. Nöqtələr , nidalar , suallar!! .. Bir zamanlar başı buxara papaqlı , ayağı çarıqlı , əli əsalı kişilər vardı. Üst -başları tütün qoxuyardı , Əlləri qabar -qabardı…
****
Qaranlığı yenə pusur adamı , Qılınclayır , asıb , kəsir adamı, Gözlərinin fəhmi basır adamı , Vaxt da keçmir bu gecənin baxtından.
Hamı səndən bir yuxuycan uzaqdı , Dünya yatıb , bircə dərdlər oyaqdı, Kim duyacaq harayını bu vaxtı , Kim salacaq bu gecəni atından?
Ağrıların hücum çəkir üstünə , Həsrət adlı zülmət çökür üstünə, Qaramatın yenə tökür üstünə , Hünərin var çıx gecənin altından.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
YADDAŞA QAYIDIŞ Bu günlər Rusiyanın Azərbaycana qarşı çirkinlik və hiyləgərliklə müşayiət olunan siyasi gedişlərinə sadəcə seyrçi kimi baxmaq olmur. Bu dövlətin təməli xəyanətlə, yalanla qurulub. Onların lüğətində dost sözü əslində fitnəkar mənasını ifadə edir. Bu dövlətin neçə sifəti varmış! Saxtakar, həyasız, iddialı bir millətçi olduqları halda adlarını bizə qoyanlara bir bax!
Yekaterinburqda baş verən faciəli hadisələr, Səfərov qardaşlarının amansızcasına öldürülməsi, ümumən 50-yə yaxın azərbaycanlının həbsi və bu ətrafda törədilən digər hadisələr, millətimizə qarşı edilən haqsızlıqlar, qəddarlıqlar dünənin, bu günün hadisəsi deyil. Bütün bunlar insanlıqdan, humanizmdən kənar olan azğın, həyasız, simasız rus dövlətinin müsəlman ümmətinə qarşı yüzillər boyunca apardığı “parçala, hökm sür!” siyasətinin tərkib hissəsidir…
Bu şovinist millət ulu babaları Pyotrun vəsiyyətinə həmişə əməl edib. İndiyədək hakimiyyət başına hansı rusun (alkaşın!) gəlməsindən asılı olmayaraq, Azərbaycana, xalqımıza qarşı apardıqları bədnam siyasət dəyişmir ki, dəyişmir. 300 il davam edən Romonovlar sülaləsinin, ardınca Sovetlər hakimiyyətinin xalqımızın başına gətirdiyi faciələri heç vəchlə unutmamalıyıq…
Pyotr Alekseyeviç Romanov övladlarına nələri vəsiyyət etmişdir? Düşünürəm, bu günlər, dünyanın çarı olmaq iddiası ilə rüsvayçı bir həyat yaşayan Pyotrun vəsiyyətnaməsi ilə yenidən tanış olmaqla yaddaşımızı oyatmalıyıq ki, başı müsibətlər çəkmiş babalarımızın ruhu dara çəkməsin bizi, övladlar alnımıza unutqan damğasını vurmasınlar…
Bu dəli Petronun iştahına baxın ki, vəsiyyətnaməsində Osmanlı ilə Avropa dövlətlərinin təmas qurmasına imkan verilməməsini diqqətə çatdırır. Deyir: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq… ” Lənət olsun sənə və sənin övladlarına!..
I Pyotrun vəsiyyətnaməsi
Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.
Mümkün qədər Avropa dövlətlərindən müharibə vaxtında hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusiyaya cəlb etməli.
Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəd və bitişikdir.
Polşada iğtişaş və qarışıqlıq salmalı, onların əyanlarına xəsislik etmədən rüşvət verib, dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orada yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli; iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.
Mümkün qədər İsveç, Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpsin.
Rusiya şahzadələri həmişə Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən, rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluq bizə həmişə fayda verər.
İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində fayda verər. Gəmi qayırmağa gərək olan bütün ləvazimat onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün faydalıdır.
Rusiya dövlətinin hüdudu Avropadan şimala – Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir.
Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır.
Yunanlarla sülh və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə imdad edərlər (çünki yunanalar türkiyədən həmişə zərər görmüşlər).
İsveç, Norveç, Osmanlı və İranı, Polşanı istila etdikdən sonra, İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul etməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv ediniz. Bu yerləri ələ keçirdikdən sonra dünya hökmranı olarsınınz.
Əgər yuxarıda qeyd olunan ölkələrdən biri müharibəni qəbul etməzsə, elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götürülüb bərbad olar. Qalmış hökumətləri tərac edib, zəhmət çəkmədən bütün Avropa üzərində hökmranlıq edərsiniz. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib dünyaya sahib olarsınız…
P.S Pyotrun vəsiyyətnaməsi ilk dəfə “Dirilik” jurnalında (1916) çap olunmuşdur. Bu elə bir zamandı ki, çar məmurları xalqımızın başına olmazın müsibətlərini gətirirdilər…
Elə bir dövrə gəlib çatmışıq, maddi-mənəvi yükümüz o qədər artıb, başımız gündəlik qayğılarımıza elə qarışıb ki, azacıq asudə vaxt tapanda gözümüz bir gülərüz sima, qulağımız bir xoş söz axtarır. Yaxşı ki, ətrafımızda belələri az da olsa var.
“Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli deyəndə ki, Yaqut Bahadurqızının yubileyinə jurnal hazırlamalıyıq, çox sevindim.
Yaqut xanımın adı gələndə ixtiyarsız üzüm gülür, xəyalımda xoş xatirələr canlanır…
İlk dəfə “Elm və həyat” jurnalında işləyəndə tanış olmuşuq. Bir neçə kitabının dizayn-tərtibat işini görmüşəm. Çox səmimi, mehriban, gülərüz, qayğıkeş, istiqanlı, bir az da saflığından irəli gələn, ona xüsusilə yaraşan şıltaq bir xanımdı. İlk görüşdəncə elə tez qaynayıb-qarışırsan, bütün problemlərini unudursan. Ayrılanda da uzun zaman o görüşün təsiri altında olursan… Başqa bir aləmdi Yaqut xanım…
İllərdir ki, görüşmürük. Son görüşümüz isə sanki dünən olub…
2016-cı il may ayının 9-u…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Universiteti bitirməklərinin 30 illiyini qeyd edirdilər. Zakirə xanım, Sevda xanım, Yaqut xanım, Rəhilə xanım, İradə xanım, Bibixanım, Təranə xanım, Zəminə xanım, Nargilə xanım, Ofelya xanım, Fərman Nəbiyev və yoldaşı Yeganə xanım, Mədəd Əyyuboğlu… Hər biri ayrılıqda bir “universitet”di artıq. İctimai xadimdirlər, ailə başçısıdırlar, nənədirlər, babadırlar…
Məclisdə çox gözəl ab-hava vardı. Müasir gəncliyə örnək olacaq bir yoldaşlıq, dostluq mühiti… 30 ildən sonra insan kimisə arzulayırsa, dostluq telləri qırılmayıbsa, deməli, yaşamağa dəyər! Deməli, bütün dəyərləri itirməmişik, çox şükür ki…
Bu təşkilatçılıq yükünün Yaqut xanımın çiynində olmasını sezmək çox da çətin deyildi. Hamıya eyni dərəcədə diqqət, qayğı göstərməsi, zarafatları, baməzə söhbətləri ilə məclisdə şuxluq, şən əhval yaratması da öz yerində…
Zakirə xanımla, Sevda xanımla, Yaqut xanımla yaradıcılıqla bağlı əlaqələrim əvvəldən vardı…
O biri yoldaşlarla da ilk görüşdəncə səmimi münasibət yarandı.
O zaman Facebook səhifəmdə təəssüratlarımı yazıb şəkillərlə paylaşmışdım. Yaqut xanım rəy də bildirmişdi.
İllər sonra Yaqut xanımın yubileyinə hazırlıq işlərinə qatılmaq mənə çox xoş oldu.
Yaqut xanımın özünəməxsus dünyasında yenə də üzümüz güldü, könlümüz açıldı… Yubiley yaşına jurnal həsr etməyimiz təbii ki, onu sevindirdi. Sevda xanımla evində olduq, yedirib-içirib deyə-deyə, gülə-gülə küçəyədək yola saldı. İnsana nə lazımdır? Xoş söz, gülər üz… Çətin deyil vallah. Yaqut xanımdan bunu öyrənməyə dəyər…
Mən Yaqut xanımın insani keyfiyyətlərindən yazdım.
O həm də gözəl alimdir, ictimai xadimdir, sədaqətli ömür-gün yoldaşıdır, qayğıkeş anadır, nənədir.
İctimai-siyasi fəaliyyətinə nəzər salıram. Bu qədər xidmətləri müqabilində Yaqut xanım hələ də layiqincə qiymətləndirilməyib.
Düzdür, dövlətçilik sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub. Lakin yaradıcılıq sahəsindəki əməyi nədənsə diqqətdən kənarda qalıb. Ümid edirəm ki, yubiley ilində aidiyyatı təşkilatlar Yaqut xanımın ədəbi və elmi fəaliyyətini də yüksək qiymətləndirəcək, dövlət mükafatı ilə təltif edəcəklər.
İyulun 1-də Azərbaycan Mətbuat Şurasında Yaqut xanımın 65 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə və jurnalımızın ona həsr olunan sayında söylənilənlərdən də aydın görünür ki, o, ölkəmizdə, xüsusilə, Şirvan zonasında böyük nüfuz sahibi, Şəhid analarının sevimlisi, əzizidir. Elə ən böyük qazancı da el-oba sevgisidir.
Yaqut xanıma uzun, sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.