
YOXMUŞ SABİT HAVAN
(bir sinoptikə)
Səni görən gündən dəyişib halım,
Baharda payızam, yaydasa qışam.
Məni qoymadın ki, zirvədə qalım,
Dərədə dumanam, düzdə yağışam.
Şaxta baxışından istilənirəm,
Təzyiqim oynayır – yüksəlir, enir.
Biganə sevgindən tüstülənirəm,
Vulkan ürəyimdə qalmayıb hənir.
Dənizdə dalğayam, göylərdə bulud,
Səni bir an belə gözdən qoymuram.
Ürəyim səhradı – cadar – cadar yurd,
Şıdırğı leysan ol – səndən doymuram.
Duman, çiskin oldu doğman, sirdaşın,
Sevgini buz etdi şaxta, sırsıra.
Sinəmi oxladı soyuq Ay qaşın,
Qəlbinə hakimdir smerç – fırfıra.
Sadiq xəzri kimi, gilavar kimi,
Yanında əsirəm, görmürsən məni?
Qışda çiçək kimi, yayda qar kimi,
Hey səni gəzirəm, görmürsən məni?
Sevgin cərəyanın soyuq bir qolu,
Şimal qütbündəyəm sevəndən bəri.
Kövrək ürəyimi göynətdi dolu,
Seyrək tellərimi qar dənələri.
Sənin proqnozun qarmış, boranmış,
Mən buz xoşlamıram ağ ayı kimi.
Damır ürəyimə dediyin yağış,
Gəl, mənə çətir ol – qoru sevgimi.
Qışın Günəşitək gendən gülürsən,
Təbəssümün qırov, gülüşünsə qar.
Dağlardan, arandan xəbər verirsən,
Qəlbinə girmişəm, heç xəbərin var?
Küləkölçən kimi dəyişir hər an,
Sevda fırfıranın vəfasız pəri.
Yoxmuş sabit havan, buludsuz səman,
Heç belə bilməzdim sinoptikləri…
mart 2017
Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var