
YUBİLEY MÜKAFATI



“Qələmdar” mükafatı CAHANGİR MƏMMƏDLİ – 85 layihəsi çərçivəsində təsis edilib. İlk laureatı gənc ədəbiyyatşünas-tənqidçi Atakişiyeva Həcər Aslan qızı olub.
2026- cı il:
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Bu gün Ağababa İsgəndərovun 100 illik yubileyidir. 1926-cı il təvəllüdlü Daşkənddən 18 nəfər 1944-cü ildə müharibəyə bərabər gedib. Onlardan 2-si döyüşdə həlak olmuş, 16-sı Daşkəndə veteran kimi qayıdıb. 18 nəfərdən qalan bircə Ağababa kişidir. O həm də kəndimizin ən uzunömürlü şəxsidir. Ona Allahdan cansağlığı arzulayıram. Tanrı nə ömür veribsə sağlam yaşasın.
Yubileyin mübarək olsun, Ağababa kişi.
tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

SAF HİSSLƏR BƏZƏYƏR ÜLVİ EŞQLƏRİ
(sonet- İtalyan variantı)
Sevgi dəryasında üzmək çox çətin,
Dərinə getdikcə batar naşılar.
Aşiqi qorxutmaz soyuq boran, qar,
Dar gündə igid tək, dayanar mətin.
Hamı bu həyatda gəzir qismətin,
Güvən arzulayır, bir də etibar.
Çünki sədaqətsiz sonda olur xar,
İtirir gücünü, həm də cürətin.
Saxta məhəbbətin odu tez sönər,
Vəfalı sayılmaz hər nazlı pəri,
Nə də qorxaq kəsdən çıxmaz cəsur ər.
Saf hisslər bəzəyər ülvi eşqləri,
Kəlmələr dodaqda nəğməyə dönər,
Fərəh yox eyləyər qəmi, dərd-səri.
Müəllif: VALEH HEYDƏR
Oxuyun >> Gözündə tük var

ALP ELDƏNİZ
(oçerk)
Azərbaycan torpağının hər qarışı bir tarixdir. O tarixin ən ağrılı səhifələri isə müharibə illərində yazılıb. Qarabağ savaşının od-alovu içərisində neçə-neçə igid oğullar bu Vətənin bütövlüyü uğrunda canından keçdi. Həmin qəhrəmanlardan biri də qədim alp ərənlər yurdu Alpan kəndinin mərd oğlu Alp Eldəniz — Ağagülov Eldəniz Etibar oğludur. Onun ömür yolu qısa olsa da, şərəfli və mənalı bir ömür idi. Bu ömür Vətən sevgisinin, hərbi andın, ata ocağından alınan tərbiyənin və əsgər ləyaqətinin canlı nümunəsinə çevrildi.
Alp Eldəniz 3 may 1975-ci ildə Quba rayonunun qədim və zəhmətkeş insanları ilə tanınan alp ərənlər yurdu Alpan kəndində müəllim ailəsində dünyaya göz açmışdı. O, sadə ailədə böyüsə də, mənəvi zənginlik içərisində tərbiyə almışdı. Atası Etibar müəllim kənddə savadlı, intizamlı və vətənpərvər insan kimi tanınırdı. O, təkcə müəllim deyildi — həm də gənclərin yol göstərəni, həyat dərsi verəni idi.
Etibar müəllim hələ SSRİ dövründə beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmiş, hərbi həyatın sərtliyini öz gözləri ilə görmüşdü. Müharibənin, səngərdə gecələməyin, əmri vaxtında yerinə yetirməyin, qürurun, fəxarət hissinin nə demək olduğunu və eyni zamanda dost itkisi yaşamağın necə ağır hiss olduğunu yaxşı bilirdi. O anlayırdı ki, hərbi xidmət sadəcə forma geyinmək deyil. Əsgər olmaq — xalqın taleyini çiyinlərində daşımaq deməkdir.
Buna görə də o, oğullarını uşaqlıqdan mərd, dürüst və Vətənə bağlı ruhda böyüdürdü. Evdə tez-tez qəhrəmanlıq hekayətlərindən danışar, xalqın başına gətirilən müsibətləri xatırladar, torpaq sevgisinin müqəddəs olduğunu deyər, ən yaxın tariximizin ibrətamiz hadisələrindən söhbət açardı.
Alp Eldəniz atasının bu söhbətlərini diqqətlə dinləyərdi. Onda Vətənə bağlılıq hissi erkən yaşlarından formalaşmışdı. Məktəbdə keçirilən hərbi hazırlıq dərslərinə xüsusi maraq göstərirdi. Xəritələrlə işləməyi, hərbi texnikaları öyrənməyi sevirdi. Müəllimləri onun sakit, intizamlı, lakin iradəli xarakterə malik olduğunu deyirdilər. Müəllim yoldaşları həmişə alp Eldənizi atasına tərifləyəndə insan xarakterinin bilicisi, dünyanın hər üzünü görmüş Etibar müəllim təmkinini pozmadan sakitcə deyərdi: “Tipik 75-dir.”
1990-cı illərin əvvəlləri Azərbaycanın ən çətin dövrlərindən biri idi. Qarabağda müharibə alovlanmış, kəndlər viran qalır, şəhid xəbərləri hər evə yol tapırdı. Televiziyadan gələn xəbərlər, cəbhədən dönən yaralı əsgərlər, qaçqın ailələrinin ağrısı bütün ölkə kimi Alpan kəndini də sarsıdırdı.
Alp Eldəniz 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdi. Müəllimləri və sinif yoldaşları yaxşı bilirdi ki, uşaqlıqdan onun bir arzusu olub. O da hərbçi olmaq. Müəllimlərin ənənəvi “Böyüyəndə kim olacaqsan?” sualına alp Eldəniz həmişə, heç düşünmədən “Mən zabit olacağam!” – deyə cavab verərdi. Ancaq o orta məktəbi qurtan ili vəziyyət dəyişdi. Ölkədə bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də anlaşılmaz hadisələr baş verdi. Ali məktəblərə qəbul qaydaları dəyişdi. Qəbulun payıza qədər ləngidiyini görən alp Eldəniz ailənin büdcəsinə əlavə dəstək olmaq məqsədilə işləmək qərarına gəldi. O dövrdə gənclərin çoxu kimi o da həyatın ağırlıqları ilə üz-üzə qalmışdı. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başladı. Lakin onun ürəyində başqa bir çağırış vardı — Vətəni qorumaq çağırışı, hərbçi olmaq istəyi. Bu çağırış alp ərənlərin ruhuna hopmuş min illərin qan yaddaşında yaşayan bir “Cəngi” sədası idi.
1993-cü ilin 5 iyulunda alp Eldəniz Milli Ordu sıralarına çağırıldı. O gün anası oğlunun əsgər paltarında qarşısında dayanmasına baxarkən həm qürur duyurdu, həm də daxilən nigaran idi. Çünki müharibə artıq uzaq deyildi.
Etibar müəllim isə oğlunun çiyninə əlini qoyaraq demişdi:
— Əsgər üçün ən böyük şərəf Vətəni qorumaqdır. Qorxma, amma ehtiyatsız da olma. Alp olmaq, əsgər olmaq ağıl, səbir və ürək tələb edir.
Bu sözlər alp Eldənizin yaddaşına ömürlük həkk olundu.
Alp Eldəniz xidmətini Güzdəkdə yerləşən hərbi hissədə başladı. Burada o, səkkiz ay ərzində hərbi hazırlığın ən ağır mərhələlərindən keçdi. Əsl döyüşçü, alp kimi püxtələşdi. Silahların işləmə prinsipi, tank texnikası, döyüş taktikası, gecə yürüşləri, səngər həyatı — bütün bunlar onun gündəlik həyatına çevrildi.
Əsl əsgər olmaq üçün yalnız güclü olmaq kifayət etmirdi. Döyüşçü soyuqqanlı, diqqətli və məsuliyyətli olmalı idi. Alp Eldəniz bu xüsusiyyətləri ilə seçilirdi.
Komandirləri onun hərbi texnikanı qısa müddətdə mənimsəməsinə heyran qalırdılar. O, tank mexanizmlərini dərindən öyrənir, xəritələrlə işləməyi bacarır, döyüş vəziyyətlərində düzgün qərar verməyi öyrənirdi.
Ən çətin tapşırıqlar isə kəşfiyyatla bağlı olurdu.
Kəşfiyyatçı olmaq hər adamın işi deyil. Kəşfiyyatçı səssiz addımlamağı bacarmalıdır. O, qaranlığın içində düşmənin nəfəsini hiss etməlidir. Kəşfiyyatçı bəzən günlərlə ac-susuz qalır, torpaq üstündə yatır, hər səsə qarşı ayıq olur.
Ən əsası isə kəşfiyyatçı qorxusunu gizlətməyi bacarmalıdır.
Çünki kəşfiyyat səhvi bağışlamır.
Alp Eldəniz bu təhlükəli xidmətin məsuliyyətini yaxşı anlayırdı. Atasının danışdığı hərbi xatirələr ona yol göstərirdi. O bilirdi ki, döyüş tapşırığını vaxtında yerinə yetirmək bəzən yüzlərlə əsgərin həyatını xilas edir.
1994-cü ilin mart ayının 11-də alp Eldəniz Ağdam istiqamətində döyüş bölgəsinə göndərildi. O zaman Ağdam cəbhənin ən ağır nöqtələrindən biri idi. Top mərmiləri gecə-gündüz dayanmaq bilmirdi. Hər qarış torpaq uğrunda qan tökülürdü.
Alp Eldəniz burada böyük cəsarət göstərdi. Onun saysız-hesabsız şücaətləri dillərdə dastan olmuşdu. Döyüşlərdə nizam-intizamı, dəqiqliyi və mərdliyi ilə seçildi. Hərbi texnikaya dərindən yiyələndiyi üçün ona kiçik çavuş rütbəsi verildi və tank komandiri təyin olundu.

Tank komandiri olmaq böyük məsuliyyət idi. Tank yalnız döyüş maşını deyildi — o, ön xəttin sipəri idi. Tank heyətinin həyatı komandirin qərarlarından asılı olurdu.
Alp Eldəniz isə bu məsuliyyəti şərəflə daşıyırdı. Alp Eldəniz ilk gündən öz tankıını “Alpər” adlandırmışdı. Onun Ağdam cəbhəsində döyüşlərdə iştirakı müharibənin birinci fazasının bitməsinə az qalmış, ən qızğın çağlarına təsadüf edirdi. Düşmən güclü dezinformasiya müşayəti altında cidd-cəhdlə “Dördyol”a çıxmaga çalışırdı. Belə qızğın döyüşlərin getdiyi gərgin günlərdə öz qələbə əzmini, ruh yüksəkliyini qoruyan alp Eldəniz hər döyüşə girəndə xüsusi intonasiya və əda ilə: “Dəh, kəhər atım, getdik!” – deyər, sonra heyətə “Döyüşə” komandası verərdi.
Müharibə yalnız səngərdə olmur. Müharibə evlərdə də yaşayır.
Ən ağır döyüşlərdən biri ana ürəyində gedir.
Alp Eldənizin anası hər dəfə poçtalyon kəndə gələndə həyəcandan qapıya çıxardı. Məktub gələndə sevincindən ağlayardı. Çünki o dövrdə bir məktub belə insanlara təsəlli verirdi.
Alp Eldəniz məktublarında ailəsini sakitləşdirməyə çalışırdı:
“Darıxmayın, mən yaxşıyam. İnşallah torpaqlarımız azad olacaq.”
Amma ana ürəyi hər şeyi hiss edirdi.
Etibar müəllim isə hisslərini gizlədirdi. Oğlunun hansı təhlükələrin içində olduğunu yaxşı bilirdi. Atəşkəsdən sonra oğlunun tez-tez “öz kəhər atı”nadan ayrılığını bilirdi. Onun peşəkar tankçı olduğu kimi, eyni zamanda hərbi hissənin görən gözü, eşidən qulağı, lazım gələndə düşmənə qulaqburması verən əli kimi gecə-gunduz fəaliyyət göstərən qorxmaz kəşfiyyatçı olduğundan xəbərdar idi. Bilirdi ki, kəşfiyyatçının yolu ölümlə yanaşı gedir. Buna baxmayaraq, oğlunun mərdliyindən qürur duyurdu.
1996-cı ilin fevral ayının 10-da alp Eldəniz növbəti kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralandı.
Kəşfiyyat qrupu düşmən mövqeləri haqqında məlumat toplamalı idi. Bu tapşırıqlar adətən gecə həyata keçirilirdi. Qar, şaxta, palçıq, düşmən pusqusu — hər addım ölüm təhlükəsi idi.
Həmin gecə Alp Eldəniz ağır yaralansa da, döyüş yoldaşlarının geri çəkilməsinə şərait yaratmışdı.
Onu ölümün əlindən almaq üçün həkimlər günlərlə mübarizə apardılar. Lakin aldığı ağır yaralar buna imkan vermədi.
44 gün ölüm-dirim savaşı apardıqdan sonra Alp Eldəniz 1996-cı ilin mart ayının 26-da əbədi olaraq gözlərini həyata yumdu. Onun bu 44 günlük ölüm-dirim savaşı gələcəkdə təkrarlanacaq başqa bir möhtəşəm 44 günün işarəti idi. Bu dəhşətli 44 gün çoxları üçün adi günlər kimi gəlib keçsə də, bir nəfər bu 44 günün hər gününü bir ilə bərabər yaşadı. Bu şəxs alp Etibarın ikinci oğlu – alp Eldənizin kiçik qardaşı alp Şəhriyar idi. Şəhriyar həmin vaxt General Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində birinci kursda oxuyurdu. Şəhriyar qardaşının şəhid olması xəbərini “Aslanlı adın mübarək!” – deyə öz milli hərbi məktəbinin marşını oxuya-oxuya gedərkən eşitdi. O elə sırada addımlaya-addımlaya addımları ilə həmişə müqəddəs saydığı beton örtüklü sıra meydanına var gücü ilə əsrlər boyu izi qalacaq 44 zərbə endirdi. Hər zərbəsində bu 44 günü düşmənin tarixinə silinməyəcək izlərlə yazacağına and içdi: “Qardaşım, əziz ruhun qarşısında and içirəm ki, bu 44 günün əvəzini düşmən artıqlaması ilə ödəyəcək, onlara elə bir toy tutacağıq ki, bu 44 rəqəmini bir daha unutmayacaqlar… Gözləri hər dəfə bizə tərəf baxanda, hər şeyi dörd görəcəklər…”
Bu xəbər qədim alp ərənlər yurdu Alpan kəndinə çatanda kənd sükuta qərq olmuşdu.
Ana fəryadı göylərə yüksəlmişdi.
Etibar müəllim isə susurdu.
Bəzən ən böyük ağrı sükut olur.
Alp Eldəniz mart ayının 28-də Alpan kəndinin “Subaba” qəbiristanlığında dəfn edildi. Onun polkovnik qardaşları Şəhriyar və Elşən Ağagülovlar sonralar burada pir ziyarətçiləri üçün iki türbə tikdirdilər. O türbələrdən biri böyük qardaş alp Eldənizin xatirəsini yaşadır.
Alp Eldəniz subay idi.
Onun yarımçıq qalan arzuları vardı.
Lakin ən böyük arzusu — Vətəni qorumaq arzusu idi.
Bu amal uğrunda şəhid oldu.
Alp Eldənizin şəhidliyi ailədə böyük iz buraxdı. Qardaşları alp Şəhriyar və alp Elşən onun qisasını almaq arzusu ilə yaşadılar. 44 günlük Vətən müharibəsində onların göstərdiyi qəhrəmanlıqlar alp Eldəniz ruhunun diktəsi, yarımçıq qalmış döyüş yolunun davamı, həyata keçən arzuları idi. Bu 44 gün alp Eldənizin qardaşları; alp Şəhriyarın, alp Elşənin andlarını həyata keçirdiyi günlər idi. Bu günlər alp ərənlərin min illərin ötəsindən süzülüb gələn bir deyiminin sadəcə söz olmadığının göstəricisi idi: “Bir ölür, min diriliriz!”
Bu gün hər iki qardaş yüksək ordenlərlə təltif olunmuş zabitlər kimi Müzəffər Azərbaycan Ordusunda xidmət edirlər.
Bu, bir ailənin Vətənə – alp ərənlər yurdu ulu Azərbaycana sədaqət tarixidir.
03.05.2026. Quba-Bakı-Ağdam.
Məktəblilər üçün əlavə:
Eldənizin həyatı bugünkü məktəblilər üçün böyük örnəkdir. O göstərdi ki:
-Vətəni sevmək yalnız söz deyil;
-Torpaq uğrunda mübarizə müqəddəsdir;
-Hərbi xidmət şərəfdir;
-Kəşfiyyatçı olmaq cəsarət və ağıl tələb edir;
-Əsl qəhrəmanlıq vəzifəni sonadək yerinə yetirməkdir.
-Bu gün Azərbaycan bayrağı azad torpaqlarda dalğalanırsa, bunda Eldəniz kimi oğulların payı var.
Onların adı tarixdə yaşayır.
Onların xatirəsi xalqın yaddaşından silinmir.
Çünki Vətən uğrunda can verənlər ölmürlər.
Son söz
Alpanın igid oğlu Alp Eldəniz – Ağagülov Eldəniz Etibar oğlu – qısa ömür yaşasa da, mənalı bir ömür yaşadı. O, müəllim ailəsindən çıxaraq Vətənin sipərinə çevrildi. Kəşfiyyatçı kimi ən ağır yolları keçdi, tank komandiri kimi döyüşdü, şəhid kimi ucaldı.
Bu gün “Subaba” qəbiristanlığında uyuyan alp Eldənizin ruhu sanki bir həqiqəti pıçıldayır:
“Vətən əmanətdir. O əmanəti qorumaq hər nəslin borcudur.”
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhu şad olsun, Amin! Onlar bizimlədir. Biz onları görməsək də, onlar bizi görür, hər addımımızı izləyirlər. Gəlin onların adına layiq olmağa çalışaq! Onların adına layiq olaq!
Müəllif: Zaur USTAC
AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var

MİLLİ KİMLİK: HƏR MİLLƏTİN “ŞƏXSİYYƏT VƏSİQƏSİ”
(Milli kimlik barədə subyektiv baxışım)
Milli kimlik, bir insanın özünü müəyyən bir millətə və xalqa mənsub bilməsi, həmçinin, ortaq dil, tarix, mədəniyyət, adət-ənənələr və dəyərlər vasitəsilə bütövləşməsi anlmındadır. Bu, insanı daha böyük bir toplumla eyniləşdirən mənəvi-psixoloji bağ, vətənpərvərlik və kollektiv şüur formasıdır.
Milli kimlik hər bir insanın və eləcə də hər bir millətin varlığı, varoluşu, mənliyi, şəxsiyyəti, bu günü və parlaq gələcəyinə yol açan əsas şərtlərdən biridir. Əslində milli kimlik məsələsi hər bir insanın və hər bir millətin “Şəxsiyyət vəsiqəsi” sayılır. Şəxsiyyət vəsiqəsi olmayan insanın durumu bərbad və mürəkkəb olduğu kimi, milli kimliyi bəlli olmayan insanın və xalqın vəziyyəti də acınacaqlı olar. Öz milli kimliyinə sahib çıxmayan insan və və ya millət heç bir zaman sözün həqiqi mənasında şəxsiyyətin bütövləşməsi, eləcə də inkişaf və tərəqqi yolunu keçə bilməz.
Rəsmi məlumatlara görə bu gün əhalisinin sayı 10 milyon nəfərdən çox olan Odlar Yurdu Azərbaycan xalqının əksəriyyəti etnik azərbaycan türklərindən ibarətdir. Müxtəlif etnoqrafik və statistik yanaşmalara görə, ölkə əhalisinin 90%-dən çoxu (bəzi hesablamalara görə isə 93-95% civarında) türk mənşəli xalqların – Azərbaycan türklərinin payına düşür.
1944-cü ildən etibarən hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Əldə olan statistik bilgilərə əsasən, müasir dövrümüzdə dünyada bütöv türk dünyasının ümumi əhalisinin sayı 200 milyondan çoxdur. Onların əsas hissəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan müstəqil türk dövlətlərdə, qalanları isə Rusiya, İran və Çin ərazisində, həmçinin, dünyanın bir sıra digər ölkələrində məskunlaşıb.
Hər halda yer kürəsinin 200 milyondan çox sakininin eyni soykökdən olması onların müəyyən bir günü “Türk Günü” kim iqeyd etməsini labüdləşdirir.
Unutmayaq ki, istər qanunvericilik, istərsə də ictimai, mədəni və digər yanaşmalar baxımından bir insanın (ölkəmizdə isə bir azərbaycan türkünün və eləcə də digər milli azlıq nümayəndələrinin) öz milli kimliyinə sahib çıxması, onu qoruyub təbliğ etməsinin heç bir qəbahəti və problemi yoxdur. Bu arada heç şübhəsiz, qəbahətli və problemli olan məsələ insanın öz milli kimliyinə ifrat dərəcədə əsaslanaraq özünü digərlərinin fövqündə görməsi, başqalarını alçaltması və milli-irqi ədavətə, ayrıseçkiliyə yol açacaq fikir, söz və davranış sərgiləməsindən ibarətdir. Bir sözlə, milli kimliyə sahib çıxmaq icazəli və hətta, zəruri olsa da, bu sahədə faşist yanaşması qeyri-məqbul, eyni halda qəbahətli, qeyri-etik və qanunsuz bir yanaşmadır. Yaşasın bütün Türk dünyası və var olsun öz mill kimliyinə sadiq olan bütün insanlar!
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
03.05.2026

Zaur Ustacın “Qadan alım” şeiri haqqında
Müasir Azərbaycan poeziyasında xalq danışıq dilinin ən incə qatlarını bədii mətnə uğurla daşıyan şairlərdən biri Zaur Ustac hesab oluna bilər. Onun “Qadan alım” şeiri sadəcə sevgi etirafı deyil; bu əsər milli təfəkkürümüzdə dərin kök salmış mərhəmət, fədakarlıq, mənəvi bağlılıq və könüllü qurbanvermə anlayışlarının poetik təcəssümüdür. Şair burada klassik eşq poetikasını xalq dilinin canlı nəfəsi ilə birləşdirərək oxucunu həm emosional, həm də estetik baxımdan təsirləndirir.
Şeirin ilk misralarından etibarən lirizm özünü güclü şəkildə göstərir:
“Həsrəti uzaq tut, məni yaxın bil,
Min kərə demişəm, gül qadan alım.”
Burada “həsrəti uzaq tut” ifadəsi ayrılığın, nisgilin rəddidir. “Məni yaxın bil” müraciəti isə fiziki məsafədən daha çox ruhi yaxınlığın tərənnümüdür. Şair üçün yaxınlıq coğrafi məkan deyil, könül məsafəsidir. “Qadan alım” xalq dilində sevən insanın qarşı tərəfin dərdini, bəlasını öz üzərinə götürmək istəyi kimi işlənir. Bu baxımdan misra sevginin ən ali mərhələsini – özündən keçməyi ifadə edir.
İkinci beytdə poetik məna daha da dərinləşir:
“Gözünü yumanda, Həcərül-Əsvəd,
Açanda boynumda hil, qadan alım.”
Burada dini-mədəni simvollar son dərəcə ustalıqla istifadə olunmuşdur. Həcərül-Əsvəd müqəddəslik, paklıq və ilahi bağlılıq rəmzidir. Sevilənin gözlərini yumduğu an müqəddəsləşməsi, açdığı an isə şairin boynunda “hil”ə çevrilməsi – sevgilinin həm ibadət, həm zinət, həm də həyat mənası olduğunu göstərir. Bu təşbehlər poetik təsəvvürün genişliyindən xəbər verir.
Növbəti bənddə bahar motivi ilə sevginin təzələyici gücü birləşdirilir:
“Arzu qanadında üzəsən bu yaz,
Bar tutan qönçəni vurmasın ayaz.”
“Arzu qanadında üzmək” xoşbəxtliyin sərhədsizliyini bildirir. “Bar tutan qönçə” isə həm sevginin, həm də ümidin yetişməkdə olan çağını simvolizə edir. Şair dua edir ki, bu qönçəni “ayaz” vurmasın. Buradakı ayaz yalnız təbiət hadisəsi deyil; xəyanət, ayrılıq, zamanın sərtliyi, insan taleyinin sınaqlarıdır.
Digər misralarda xalq ruhu ilə klassik sevda fəlsəfəsi qovuşur:
“Qulunun adını dəsmalına yaz,
Gözünün yaşını sil, qadan alım.”
Dəsmal Azərbaycan mədəniyyətində xatirə, sədaqət, intizar rəmzidir. Adın dəsmala yazılması sevgidə əbədiləşmə istəyidir. Göz yaşının silinməsi isə şairin missiyasını göstərir: o, sevənin kədərini azaltmaq, ağrısını öz üzərinə götürmək istəyir.
Şeirin kulminasiya nöqtəsi son bənddə cəmlənmişdir:
“Uzağı yaxın et, “Gəl!” desən, gəlləm,
Ən acı kəlməni nabat, qənd billəm.”
Burada sevgili çağırarsa, bütün uzaqlıqlar yox olur. Ən acı söz belə onun dilindən çıxanda “nabat, qənd” kimi qəbul edilir. Bu, sevginin psixoloji transformasiya gücüdür: sevən insan acını da şirin duya bilir.
Və nəhayət:
“Sənintək gözəlin qoynunda ölləm,
Ustaca deginən: “Öl!”, qadan alım.”
Bu misralar şeirin emosional zirvəsidir. Buradakı “ölüm” fiziki sonluqdan çox, eşq qarşısında mənliyin yox olması, tam təslimiyyət anlamındadır. Şairin “Ustaca deginən” deməsi isə sevgilinin hökmünü belə zərifliklə qəbul etməyə hazır olduğunu göstərir.
Nəticə etibarilə, “Qadan alım” şeiri sevginin yalnız hiss yox, həm də əxlaq, sədaqət və fədakarlıq olduğunu sübut edir. Zaur Ustac bu əsərdə xalq dilinin sadəliyini yüksək poetik zirvəyə qaldırmış, milli ruhu müasir lirika ilə sintez etmişdir. Şeir oxucuya göstərir ki, həqiqi sevgi almaq deyil, verməkdir; sahib olmaq deyil, qorumaqdır; danışmaq deyil, qurban olmağı bacarmaqdır. Bu səbəbdən “Qadan alım” təkcə bir sevgi şeiri deyil, eyni zamanda mənəviyyat kodeksi məcmusudur.
Müəllif: Süleymanova Ümmü İsmayıl qızı
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər
Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Türk dünyasında kültür və dəyərlərin izləri” simpoziumu keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türkoloji elmin əsas istiqamətləri-ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub. Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də fəal iştirak ediblər.
Plenar iclasda İnstitutun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” tezisinin yalnız tarixi ənənələrə söykənmədiyini, müasir dövr və gələcək üçün yeni birlik modelinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq konfransın yüz il əvvəl I Türkoloji qurultaya ev sahibliyi etmiş Bakıda keçirilməsini, eləcə də tədbirin Türkiyə və Özbəkistanın nüfuzlu elm və təhsil qurumları ilə birgə təşkilini Türk dünyasında elmi əməkdaşlığın genişlənməsi baxımından mühüm hadisə kimi dəyərləndirib.
İki gün davam edən konfrans çərçivəsində Ədəbiyyat İnstitutunun əməkdaşları müxtəlif panel iclaslarında aktiv iştirak ediblər. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd və filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə ayrı-ayrı panellərə sədrlik ediblər.
Eyni zamanda, institutun əməkdaşlarından filologiya elmləri doktoru, dosent Xuraman Hümmətova, filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova, Maya Həsənli, Leyla Primova və Hicran Əhməd məruzələrlə iştirak ediblər.




Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında