MƏMMƏD İSMAYIL (1939 – 2025)

MƏMMƏD İSMAYIL

Məmməd İsmayıl (tam adı: Məmməd Mürşüd oğlu İsmayılov; 1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu – 19 avqust 2025, Bakı)

BIR ADAM YOL GEDIR BIZDƏN QABAQDA

Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.

Bizi səsləyirdi verdiyi vaxtda,
Biz hələ dünyaya gələnə kimi.
Bir adam yol gedir bizdən qabaqda,
Anadan olandan ölənə kimi.

İnanma, qəm qəmə yovuşar çətin,
Düzlüyün eləsi, beləsi yoxdu.
Kərəm sevgisinə qovuşar çətin,
Kimin ki, qarşıda Lələsi yoxdu.

Talanar sevdalar, bulanar sular
Yağanda hicranın kəpənək qarı.
Ürəklər qırılar, yollar ayrılar,
Olmasa qabaqda bir İpək qarı.

Yaz da Yer üzünə boşuna gəlmir,
Boşuna sovuşmur ağır xatalar.
Qabaqda gedənin xoşuna gəlmir
Qabağa düşəndə harın atalar.

Gedir qədəmindən nur yağa-yağa,
Yolları ölümdü-itimdi, bilmir.
Qəlbinə yatanı çəkir qabağa,
Arxalı, arxasız, yetimdi, bilmir.

Yolundan döndərməz duman da, çən də,
Kiminsə sözünü deməyə gedir.
Yerin bu üzündən duyuq düşəndə
Yerin o üzünə köməyə gedir.

Kələfin ucunu axtar özündə,
Hazır ol qəfildən gələn qəmə də.
Ağ atlı oğlan var bu yer üzündə,
Çıxar qabağına hər məhkəmədə.

Nədir anaların dilində muraz,
Görən gələcəyi gözündən öncə?..
Maşın işığına bənzəyir bir az
İnsanın əməli özündən öncə.

Bir nurlu sahil var hələ sabahda
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!


HƏLƏ YAŞAMAĞA DƏYƏR BIR AZ DA

Meşə cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bəhrələnibdir,
Necə gözəl olub təbiət, Allah –
Quru kötüklər də pöhrələnibdir!
Gəzmək istəyirəm dünyanı yazda
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.

Təkliyi keçmişə ötürməliydim,
Ömrümə bir yoldaş götürməliydim.
Bacım arzudaydı, anam murazda
Hardasa, hardasa məni sevən var,
Hələ yaşamağa dəyər bir az da.

Yollar eniş-yoxuş, bələn-bələndi.
Yollar min ildir ki, gedib gələndi.
Təzəydi, köhnəydi, nəydi, bilmədim,
Talada cığırlar qafiyələndi…
Dünən Bethoveni çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,
Hələ yaşamağa dəyər bir az da.

Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.

Dodaqlarda donan bir busə kimi
Harda görünüb ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da.
Dünyanın işini nə bilmək olar
Hələ yaşamağa dəyər bir az da,
Hələ yaşamağa dəyər bir az da.


TƏZƏDƏN MƏN SƏNƏ QAYIDACAĞAM

Düşüb aralığa həftələr, aylar,
Qalmısan ömrümün ötən ilində.
Bir həsrət sinəmdən səni haraylar,
Məhəbbət, sədaqət, sevgi dilində.
Bir eşqin uğursuz qədəmi kimi
Demə, aramızı soyudacağam.
Limana qayıdan bir gəmi kimi –
Təzədən mən sənə qayıdacağam.

Şöhrətdən gözümə gur işıq düşüb,
Elə bilmişəm ki, yenilməz dağam.
Bircə xəyalına gətir sən məni,
Fikrim də, yolum da dolaşıq düşüb, –
Həmişə narahat edirsən məni.
Kimi oyatmamış de, həsrət, kimi –
Anadan olduğum doğma kənd kimi,
Təzədən mən sənə qayıdacağam.

Yolundan, qəlbindən, yadından çıxıb,
Haçansa mən səndən buxarlanmışam.
Eşqin alovundan, odundan çıxıb,
Dolan bulud kimi qübarlanmışam.
Bir çılğın şimşəyə bəndəm ki, yağam, –
Quraqlıqda yağan yağışlar kimi,
Nifrəti soyumuş baxışlar kimi,
Təzədən mən sənə qayıdacağam.

Demə ki, ay aydan, il ildən keçib;
Hicranın görüşlə bağrını yarıb,
Döyüb könülləri, ünvan axtarıb,
Neçə gözdən keçib, könüldən keçib,
Hələ xoş duyğular oyadacağam.
Duyub gileyini, duyub ərkini,
Ünvanı səhv düşən bir məktub kimi
Təzədən mən sənə qayıdacağam.

Surətin – gözümdən çəkilən yuxu,
Bulud kirpiklərin yağışla dolu.
Mənim bu gecikmiş peşimanlığım
Həyat yollarımda bələdçim olub.
Bu yeni fərəhlə, fikirlə, hisslə
Elə bilirəm ki, körpə uşağam.
Ayların, illərin uzaqlığından
Sinəmə saldığın cığırla, izlə
Təzədən mən sənə qayıdacağam.
Təzədən mən sənə qayıdacağam!


AĞACDƏLƏN, DÖY QAPIMI

Yol azmısan bu payızın çənində
Ağacdələn, ağlın azıb sənin də,
Dən gəzirsən saçlarımın dənində
Atamoğlu, az qapımı döy görüm.

Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qəlbi kiriyib?
Həyətini qara yellər kürüyüb
Başımıza nələr gəlir qoy görüm.

Haçanacan gözləməyə gəlmisən?
Yoxsa mənə söz deməyə gəlmisən?
Ya borcunu istəməyə gəlmisən? –
Öz dilində ünvanımı söy görüm.

Mən dünyaya ata, ana borcluyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircə cana borcluyam,
Özgə nəyə, taraq-taraq say görüm.

Bulaq kimi batan bəxti açılmaz,
Hər igidin atam, bəxti açılmaz…
Hələ yatır, yatan bəxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.

Eldən ayrı ömür olmaz, gün olmaz,
Eli sevən ürəklərdə kin olmaz.
Nədən Araz arzularım çin olmaz
Haçanacan yuxularda çay görüm?

Avand işim nəhsə düşüb, deyəsən,
Vaxt mənimlə bəhsə düşüb, deyəsən.
Qulaqlarım səsə düşüb, deyəsən,
Şimşək çaxsın, guruldasın göy görüm.

Yavaş-yavaş çürümədə taxda, bax.
O taxtada ovxam olan vaxda bax.
İnad olub nə döyürsən baxda-baxt, –
Açılmayan düyünləri duy görüm.

Elə yanır döyüşlərin yanğısı
Nə təsəlli söndürəcək, nə də su.
Mənim qapım Yer üzünün qapısı
Ağacdələn, döy qapımı, döy görüm,
Başımıza nələr gəlir goy görüm..


QOYMAYIN DÜNYANI ADILƏŞMƏYƏ…

Elə, ürəklər də zirvələr kimi
Qalsın o əvvəlki parlaqlığında.
Böyük sevgilərin çəkin yükünü
Araya tikanlı sözlər girməsin.
İşıqlı arzular solmasın deyə
Evlənən günün sabahı günü –
Qoymayın dünyanı adiləşməyə!

İşıqda kölgə var, kölgədə işıq,
Dağ düzdən ucadır, sevinc kədərdən.
Ay günün nuruyla tapar yaraşıq,
Şafaqla ayrılar axşam səhərdən.
İki sevən qəlbin yaxınlığından,
Sevinc sıxlığından, işıqlığından
Qəm macal tapmasın yada düşməyə, –
Qoymayın dünyanı adiləşməyə!

Əriyər buzları məhəbbətin də
Tutaş kirpiklərin sıx ormanları
Dönər öpülməmiş bir cüt çeşməyə.
Yaşayın arzular səltənətində
Qaldırın məhəbbət həyəcanları
Qoymayın dünyanı adiləşməyə!

Müəllif: MƏMMƏD İSMAYIL

MƏMMƏD İSMAYILIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir