Eldar Baxış – “Qələm”

Bu gün Eldar BAXŞ gündür. Ehtiramla anırıq:

QƏLƏM

Olanım qələmdi vardan, dövlətdən,
Dövlətdən uzağam, vardan uzağam.
Özüm öz nökərim, özüm öz bəyim,
Özüm öz qulluqçum, özüm öz ağam.

Qaşımı qaldırıb baxan deyiləm,
Dövlət sümürənə, var udana mən.
Yeməyə bir loxma çörək tapanda,
Min şükür deyirəm yaradana mən.

Qızılla, gümüşlə, ipəklə, tüllə
Xurcunum, fərməşim basılı deyil.
Asılı deyiləm mən bir adamdan,
Bir adam da məndən asılı deyil.

Məni düz yolumdan döndərə bilməz
Beş adam, on adam, yüz adam, canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.

Elə bu azadlıq bəsimdi mənim,
Neynirəm dövləti, neynirəm varı?
Neynirəm dilimi gödək eləyən
Qızılı, gümüşü, malı, davarı?

Bəsimdi, şeytana deməli sözü
Şeytanın üzünə şax deyirəmsə.
“Hə” deməli işə “hə” deyirəmsə,
“Yox”deməli işə “yox” deyirəmsə.

Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm.

Qələmin dizində yata-yata mən
Yuxular görmüşəm, dürlü yuxular.
Köhnə qala kimi, qalaça kimi
Sehrli yuxular, sirli yuxular.

Ruhum uçub mənim, ruhum qovuşub,
Avara, Xəzərə, Huna, Oğuza.
Qələmə demişəm dərdim olubsa,
Qələmim də açıb, deyib kağıza.

Qələmim olanda güclü oluram,
Çaşmayan adamı mən çaşdırıram;
Bu gidi dünyanın pişiyini mən
Ağaca, divara dırmaşdırıram.

Qələmim olanda qorxu bilmirəm,
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan, dövlətdən,
Onun da qiyməti otuz qəpiyə…

Nə yaxşı ki, qələm otuz qəpikdi,
Nə yaxşı ki, deyil od qiymətinə.
Nə yaxşı ki, qələm bazarda getmir
Maşın qiymətinə, at qiymətinə.

Axı otuz qəpik otuz min deyil,
Kiməsə borclu da qala bilərəm.
Bu yazdığım qələm əlimdən çıxsa,
Gedib ayrısını ala bilərəm.

Müəllif: Eldar BAXIŞ

ELDAR BAXIŞIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir