
OLA
Hər gün qaçaqaçda, qovhaqovdayam,
Zamanın əlində mən girovdayam.
Gah odda, alovda, gah qırovdayam,
Dayanan deyiləm min işim ola.
Ayağım büdrəyır çala-çuxurda,
Məndən çathaçatda qaçır uğur da.
Yoxuşu qalxaram, təki axırda
Dizimi dincəldən enişim ola.
Var ömür-gün sonu, yox arzu sonu,
Yarıdam könlümün çox arzusunu.
Eşqim bağışlaya tamarzısını,
Ötən çağlarıma dönüşüm ola.
Gündüz sərsəriyəm, gecə hallıyam,
Ürəyimdə xal var – əcəb xallıyam…
Öz yanımdan xanam – Nəcəfxanlıyam,
Nə ola, xırda bir xan işim ola!
Müəllif: Əli Nəcəfxanlı
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru