
Köpəkoğlu
Babanı öpürsən, qucaqlayırsan,
Arada döyürsən, döy”köpəkoğlu”.
Saçını yolursan, daraqlayırsan,
Qulağın burursan, “vay”, “köpəkoğlu”.
Sevinci ürəyə hörənə qurban,
Xeyirxah işləri görənə qurban.
Deyirəm, bax səni verənə qurban,
Yox imiş nəvəyə tay, “köpəkoğlu”.
Sevinci, fərəhi yaşatdın mənə,
“Dövlətdə dəvəymiş,övladda nəvə”.
Babanın sözünə baxmayır nənə,
Nənəni söyürsən, söy, “köpəkoğlu”.
Şirinim, şəkərim, noğul balamsan,
Tanrının verdiyi, oğul balamsan.
Başqa bir dünyamsan, nağıl balamsan,
Başını sinəmə qoy, “köpəkoğlu”.
İncitdim mən səni, bağışlayarsan,
Əl çalıb,babanı alqışlayarsan.
Hava çox soyuqdur, “naxoşlayarsan”,
Bircə tez gələydi yay, “köpəkoğlu”.
Könlümə düşübdür toy, “köpəkoğlu”,
Toyunu görəydim ay, “köpəkoğlu”.
Mart 2025
Müəllif: Məhəmməd Yəhyayev