AQİL KƏNGƏRLİ – BİLİNMİR

BİLİNMİR

Biz elə zamana, vaxta gəlmişik,
Nə böyüyü, nə kiçiyi bilinmir.
Gədalar bəy olub meydan sulayır,
Ağsaqqalı, ağbirçəyi bilinmir.

Abırı, həyası gedib üzlərin,
Yeri yoxdur, doğruların, düzlərin,
Danışılır, danışılan sözlərin,
Nə yalanı, nə gerçəyi bilinmir.

Çoxları itirib qeyrət və arın,
Başdan yuxarıya keçib şiş qarın,
Ənlikli, kirşanlı olan qızların,
Nə çirkini, nə göyçəyi bilinmir.

Gülən var ki, gülüşləri saxtadır,
Ağlayan var, qəlbi daşdır, taxtadır,
Sərçə gəlib qartalları ağladır,
Nə aslanı, nə milçəyi bilinmir.

İndi bağlanıbdır dəvə ulağa,
Ceyrandan irəli keçib qurbağa,
Saflıq üçün üz tutursan torpağa,
Nə qanqalı, nə çiçəyi bilinmir.

Kədərlə dünyaya nəzər eylərəm,
Belə bir dövrandan həzər eylərəm,
Haqqın qapısına nəzir eylərəm,
Bu millətin gələcəyi bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir