
Dünyaya işıq tərəfdən baxan şair
Ömrünün bu çağında da sevgidən doymayan , ayla , ulduzla həmsöhbət olan , tərtəmiz duyğularını aramla hecaya sığdıran , yoluna , izinə sadiq şair Fəxrəddin Teyyubun dünyaya göz açdığı gündü səhər. Həm də yubiley yaşıdı. İstədim bir -iki kəlməylə şablon doğum günü təbriki yazam. Böyük Sözə sığışmayan şairin duyğularından doğan şeirləri məni bu fikirdən uzaqlaşdırdı. Dünyanın , elə Sözün də işıq tərəfindən baxan şairi ürəkdolusu təbrik etmək keçdi könlümdən. Tərifsiz , filansız . Özü də bilir ki, qeyri -səmimiyyəti sevmirəm və özü də bilir ki, hər yazı doğulmalıdı. Sözə Tanrı sığal çəkmədisə , heç.
Fəxrəddin Teyyub duyğularına köklənən şairdi. Sözə irfan yanaşanlardandı. Pakdı. Paxıllıqdan və intriqadan çox uzaqdı . Söz ətrafında müzakirə aparmağı sevir. Tənqiddən qaçan şair deyil. Heç kimə yuxarıdan aşağı baxmır. Bu yaşında da öyrənməyə çalışır. Təvazökardı. Sözdə yerini və çəkisini bilir. Bəziləri kimi efirlərin və mətbu orqanlarının yolunu ağartmır . Qətiyyən özündən razılıq hissi yoxdu. Ayda bir kitab çap etdirmir. Onunçun kəmiyyət yox, keyfiyyət önəmlidi. Zəif şeirlərində də işıq var. Nəyi var özünündü. Kiminsə qələmindən keçib şair olmayıb. Bütün yazılarında Fəxrəddin Teyyubdu. İmzası , möhürüylə..Əsl sözü uzaqdan tanıyan yazardı. Bilmədiyi işin qulpundan yapışmağı sevməz və bu cəhətdən də gözümüzü yağır edənlərdən çox fərqlənir. Hecaya bağlıdı. Özü demiş Tanrı Sözü hecada göndərir onunçun. Məhsuldar şairdi. Yazmaqdan doymur və bezmir. Sevgiyə Göy üzündən baxır. Yazdıqlarına ürək qoyur. Ona görə də sevilir. Əsl Sözü görəndə uşaq kimi sevinənlərdəndi. Hamının uğurunu özününkü bilir. Əlbəttə bu uğur ədalətdən və həqiqətdən keçirsə. Bəlkə də bu xüsusiyyət onun uzun müddət hüquq-mühafizə orqanlarında işləməsindən irəli gəlir. Qanunlara sadiqdi. Elə şeirdə də qanunlardan kənara çıxmır. Hərdən qaydaları, sədləri və hasarları da aşmaq lazımdı desək də öz yolundan çıxmır. Bu baxımdan da özünə bağlıdı. Elə sözünə də. Sözü olmayanların iradını qəbul etmir. Düz də edir. Bu baxımdan oxşarıq. Sözdə öz kürsüsü var, kimsə onu ordan düşürə bilməz. Vətənə , torpağa və ailəyə bir özgə sevdası var ( şair kimi) elə Sözə də. Hərdən zamandan və yaşından şikayətlənir. Vaxt tapanda. Ancaq ruhdan düşmür. Sələflərinə sadiqdi , gələcəyə də inanır. Hər şeyə sevgiylə baxır–yağışa da, küləyə də, çiçəyə də , torpağa da , ağaca da , kola da…
Bu xüsusiyyətinə görə də Fəxrəddin Teyyubu sevənlər sevməyənlərdən daha çoxdu. Sözündən böyük danışmağı sevmir . Dedim axı Sözdə yerini və çəkisini bilir. Səmimiyyət olan yerdə Fəxrəddin Teyyub da var. Unutqan deyil . Həssasdı , adamı sözündən tanıyır. Hər adama da ürək qızdırmır.
Yeni yaşında qələm dostumuza bol-bol can sağlığı , sevgi və ruh yüksəkliyi arzulayıram . Ruhun yüksək olduğu yerdə xoşbəxtlik , uğur və səadət həmişə var. Bir il də gəldi keçdi. Sözünün üstə söz , yaşının üstə yaş gəldi. Bu yaşın da mübarək , şair! Tanrı ömrünə və Sözünə bərəkət versin!
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru