
DOSTLARIN
Varlığı dünyada xoş arzu-dilək,
Ruhu halallıqdan gələn dostların.
Göz üstə saxlayaq, qədrini bilək,
Şirin tikəsini bölən dostların.
Hər vaxt soraqlayıb, sədasın allam,
Cəfasını çəkib, ədasın allam.
Başına dolanıb, qadasın allam,
Dostluğu müqəddəs bilən dostların.
Ağrısı, acısı elə xoş düşsün,
Ömrünə qar yağsın, şaxta, qış düşsün,
Göydən təpəsinə yekə daş düşsün,
Dostuna badalaq gələn dostların.
Qəzənfər, lal qəlbin nəvası olmaz,
Görməyə bir zərrə səfası olmaz.
Olmaz etibarı, vəfası olmaz,
Dostun eyibinə gülən dostların.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI