Züleyxa Maşərifovanın yeni çapdan çıxmış kitabı haqqında

ŞƏKSƏN ÜÇÜNCÜ YAZI

İNTİQAMIN PSİXOLOGİYASI VƏ CİNAYƏTİN SƏNƏTƏ ÇEVRİLƏN ÜZÜ
(Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı haqqında publisistik düşüncələr)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifovanın yeni çapdan çıxmış “İntiqam hissi” kitabı üzərindən olacaq. Müasir dünya ədəbiyyatında kriminal-detektiv janr təkcə cinayətlərin açılması, süjet gərginliyi və hadisələrin ardıcıllığı ilə deyil, eyni zamanda insan psixologiyasının dərin qatlarına enmək, cəmiyyətin gizli ağrılarını üzə çıxarmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Bu mənada Özbəkistanın tanınmış yazıçısı Züleyxa Maşərifovanın “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri həm ədəbi, həm də mədəni baxımdan mühüm hadisə kimi dəyərləndirilməlidir.
Romanın “İmza” nəşrlər evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Əli bəy Azərinin redaktorluğu ilə işıq üzü görməsi əsərin dil, üslub və məzmun baxımından peşəkar təqdimatını təmin edən əsas amillərdən biridir. Bu nəşr, eyni zamanda, türk xalqları arasında ədəbi əlaqələrin möhkəmlənməsinə, oxucu auditoriyasının genişlənməsinə xidmət edən dəyərli bir mədəni körpü rolunu oynayır.
QISA ARAYIŞ
Tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifova 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb.Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib.  384 səhifəlik kriminal-dedektiv romanı Azərbaycan dilinə tərcüməçi Rəhmət Babacan tərcümə edib.
“İntiqam hissi” yazıçının Azərbaycanda nəşr olunan ilk kitabıdır.

“İntiqam hissi” romanı zahirən klassik detektiv süjet üzərində qurulsa da, əslində insan ruhunun ziddiyyətlərini, daxili sarsıntılarını, ədalət və intiqam anlayışlarının sərhədlərini araşdıran dərin psixoloji əsərdir. Müəllif cinayəti yalnız hüquqi hadisə kimi deyil, sosial və mənəvi fəlakətin nəticəsi kimi təqdim edir. Burada hər bir cinayət bir taleyin, bir həyatın pozulmasının nəticəsi kimi ortaya çıxır.
Züleyxa Maşərifova hadisələrin dinamik inkişafını oxucunun diqqətini daim diri saxlayan gərginliklə təqdim edir. Lakin romanın əsas gücü süjetin sürətində deyil, personajların psixoloji portretlərinin canlılığı və inandırıcılığındadır. Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı ilk baxışdan kriminal süjet üzərində qurulmuş psixoloji-bədii əsər təsiri bağışlasa da, mahiyyət etibarilə ailə institutunun, mənəvi dəyərlərin və sosial məsuliyyətin sarsılması haqqında dərin fəlsəfi düşüncələr toplusudur. Əsər oxucunu təkcə “qatil kimdir?” sualının arxasınca aparmır, daha ağrılı və daha mürəkkəb bir sualın qarşısında saxlayır: bir ailənin hamının gözü önündə məhv olmasına səbəb olan əsas günahkar kimdir?
Roman boyu ortaya çıxan ritorik suallar təsadüfi deyil. Günahsız körpələrin göz yaşları, çarəsiz qadının didərgin düşməsi, gənc bir oğlanın vaxtsız ölümü, qoca bir atanın rahatlığının pozulması – bütün bunlar tək bir cinayətin deyil, illərlə yığılıb qalan mənəvi aşınmanın nəticəsi kimi təqdim olunur.
Burada məsələ yalnız içkiyə qurşanmış bir insanın zəifliyi deyil. İçki romanın məntiqində səbəb yox, nəticədir. Əsl səbəb ailədə vaxtında verilməyən tərbiyə, diqqətsizlik, sevgisizlik, mənəvi boşluq və cəmiyyətin biganəliyidir. Yazıçı göstərir ki, insanı uçuruma aparan yol bir gündə başlamır; bu yol uşaqlıqdan, ailə ocağında atılan yanlış addımlardan, susqunluqdan və laqeydlikdən başlayır.
Əsərdə yetmiş beş yaşlı Xudayar atanın obrazı xüsusi diqqətə layiqdir. O, sadəcə köməkçi fiqur deyil, vicdanın və gec də olsa oyanan ədalətin simvoludur. Onun fədakarlığı sübut edir ki, yaş insanın qətiyyətini yox, bəzən onu daha da möhkəmləndirir. Xudayar ata vasitəsilə müəllif oxucuya mesaj verir: həqiqət gecikə bilər, lakin vicdanlı insan onu axtarmaqdan vaz keçməməlidir.
Mahir müstəntiq Sabircan və onun şagirdi Fərhadın istintaq prosesi isə romanın sosial yükünü daha da artırır. Cinayətin səbəbləri tədricən açıldıqca aydın olur ki, intiqam hissi bir anlıq emosional partlayış deyil, illərlə içində saxlanılan ədalətsizliklərin, haqsızlıqların və sarsılmış dəyərlərin məhsuludur. İntiqam edən də, qurban olan da eyni sistemin zədələdiyi insanlardır.
Roman oxucuya açıq şəkildə demir ki, dağılan ailənin günahkarı filan şəxsdir. Əksinə, oxucunu düşünməyə vadar edir:
– Günah təkcə içkiyə qurşanmış insandadırmı?
– Yoxsa onu bu hala salan ailə mühiti, valideyn məsuliyyətsizliyi, cəmiyyətin laqeyd münasibətidirmi?
– Bəlkə əsl günahkar susan, görüb danışmayan, başqasının faciəsinə biganə qalan hər kəsdir?
“İntiqam hissi” romanı göstərir ki, ailə bir fərdin deyil, bütöv bir cəmiyyətin məsuliyyət daşıdığı müqəddəs məkandır. Ailədə baş verən mənəvi çöküş gec-tez ictimai faciəyə çevrilir. Günahsız körpələrin taleyi, qadınların çarəsizliyi, gənclərin vaxtsız ölümü – bunlar təsadüf yox, xəbərdarlıqdır.
Romanın adında yer alan “intiqam” anlayışı əsərin fəlsəfi yükünü müəyyənləşdirən əsas xəttdir. Müəllif oxucunu daim bu sualla üz-üzə qoyur:
İntiqam ədalətin bərpasıdırmı, yoxsa insanı daha dərin uçuruma sürükləyən təhlükəli hiss?
Əsərdə intiqam hissi təkcə fərdi emosional reaksiya kimi deyil, cəmiyyətin yaratdığı ədalətsizliklərin, biganəliyin, laqeydliyin məhsulu kimi təqdim olunur. Bu baxımdan roman oxucunu sadəcə hadisələrin axarını izləməyə deyil, həm də mənəvi mühakimə aparmağa vadar edir
Azərbaycan dilində nəşr olunan bu romanın oxunaqlılığı, üslubi axıcılığı və dilin təmizliyi xüsusi qeyd olunmalıdır. Əli bəy Azərinin redaktorluğu əsərin milli oxucu üçün anlaşıqlı, səlis və estetik formada təqdim edilməsində mühüm rol oynayıb. Tərcümə və redaktə işi orijinal mətnin ruhunu qorumaqla yanaşı, Azərbaycan oxucusunun dil duyumuna uyğunlaşdırılıb.
Züleyxa Maşərifovanın yaradıcılığı Özbəkistanda olduğu kimi, Türkiyədə də sevilərək oxunur. “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri isə göstərir ki, insan taleyi, ədalət axtarışı, mənəvi ağrılar türk xalqları üçün ortaq mövzulardır. Fərqli coğrafiyalar, fərqli həyat tərzləri olsa da, insanın daxili mübarizəsi dəyişmir.
“İntiqam hissi” romanı yalnız kriminal-detektiv janrının uğurlu nümunəsi deyil, eyni zamanda insanı düşünməyə, mühakimə etməyə, öz daxilinə boylanmağa çağıran ciddi ədəbi əsərdir. Bu kitab Azərbaycan oxucusu üçün həm yeni bir yazıçı ilə tanışlıq, həm də çağdaş türk ədəbiyyatının ruhunu daha yaxından duymaq imkanı yaradır.
Şübhəsiz ki, Züleyxa Maşərifovanın bu romanı Azərbaycanın geniş oxucu auditoriyasında maraqla qarşılanacaq, kriminal ədəbiyyata marağı olanlarla yanaşı, psixoloji və sosial mövzulara həssas oxucuların da diqqətini cəlb edəcəkdir.
Nəticə etibarilə, Züleyxa Maşərifovanın bu romanı oxucunu qəti hökm verməyə deyil, öz vicdanında məhkəmə qurmağa çağırır. Burada nə tək bir cinayətkar var, nə də tək bir günah. Günah – zamanında deyilmiş bir sözün susdurulmasında, atılmamış bir addımda, qorunmamış bir ailə dəyərində gizlənir.
“İntiqam hissi” bizə bir həqiqəti xatırladır: saf niyyətli insanlar imanına sadiq qalaraq xeyirli yoldan dönməsə, intiqam hissi də ədalətə çevrilə bilər. Əks halda, intiqam ailəni də, cəmiyyəti də məhv edən kor bir duyğu olaraq qalır.
Bu mənada roman təkcə bədii əsər deyil, hər bir oxucu üçün ciddi mənəvi hesabatdır. “İntiqam hissi” romanı başqalarının səhvlərindən nəticə çıxararaq düzgün yol seçməyin mümkünlüyünü təbliğ edən mükəmməl bir nümunədir.

Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!

20.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

3 thoughts on “Züleyxa Maşərifovanın yeni çapdan çıxmış kitabı haqqında”

  1. Namiq HACIHEYDƏRLİ
    ŞEİRLƏR
    “ULDUZ” JURNALI
    2015,N3
    HƏLƏ Kİ NİDAYAM
    Dan yeri ağarır, oyağam hələ,
    Nə gözlər yumulur, nə qəlb dincəlir.
    Açılmaz səhərim ta innən belə,
    Baxma üfüqlərdə günəş yüksəlir…
    Dostları min olsun, nə faydası var,
    Əgər tənhadısa ruhu insanın.
    Duyulmaz oldusa, bir qaydası var,
    Yüksələr göylərə ahı insanın.
    Din gəzdim, ruhuma dinclik aradım,
    Sonunda gördüm ki, özüm dinmişəm.
    Yerlərdə, göylərdə min sirr aradım,
    Dünyanın ən böyük sirri mənmişəm.
    İnsan sirr, ömür sirr, bu yer, bu göy sirr,
    Beşikdən qəbrəcən sirri açılmaz.
    Sabah nə olacaq, bir kimsə bilmir;
    Yazısı dəyişməz, qədər – qaçılmaz.
    Nə olsun milyondu hər yerdə sayı,
    Milyonlar içində təkdi hər adam.
    Bu göylər altında, bu yer üzündə
    Bəxtəvər olmadı hələ bir adam…
    …Nə arzu tükəndi, nə də ki dərdim,
    Yaxşı ki, dərd boyda min xəyalım var.
    Ömrü palaz kimi yollara sərdim,
    Göylərə verəcək çox sualım var.
    Hələ ki nidayam bu yer üzündə,
    Heyrətlər içində çoxmu qalacam?!
    Ömrümə qoyulan işarə kimi,
    Ömrümün sonunda sual olacam…
    MƏCNUNDAN SONRA
    Məcnundan sonra;
    Min ildi səhra küləkləri
    Sərgərdan gəzir-dolaşır
    Ayağına toxunmağa…
    Min ildi güllər, çiçəklər
    Ağaclar quşlar
    Ceyranlar, cüyürlər
    Və…
    Yırtıcılar insan axtarır…
    İnsan axtarır; səcdəsinə durmağa…
    ŞAM
    Axşam
    Yanan şam
    Qaranlığın tən ortasından
    Başladı yol açmağa,
    Bizi ardınca aparmağa…
    Cığır uzandı sabaha doğru –
    Işıq cığırı…
    Bu gecə
    Dilim-dilim yandı,
    Gilə-gilə əridi şam
    (Səhərə qədər
    oyaq qaldı,
    açdığı cığırla yol getdi şam)
    Dan yeri ağaranda
    Bizi günəşə əmanət verib
    Canını tapşırdı.
    Ölmədi;
    Göylərə yüksəldi,
    Şəhid oldu şam…
    YALQUZAQ
    Ömründə bircə yol
    Eş seçər özünə boz qurd
    Birlikdə gəzər,
    Birlikdə ömür sürər,
    Birlikdə yatıb-durar nəfəs-nəfəsə…
    Eşini itirərsə,
    Tənhalaşar,
    Bir daha eş aramaz…
    Beləcə,
    Yalquzaq olar bozqurd
    Boz qurd – yırtıcı dediyin…
    ZƏMİNXARƏ
    Zəminxarə
    Qorqud Atadan sonra
    Bitib-tükənmək bilməyən
    Min illik acılarımın ismidi.
    Güneydə əzilən,
    Kərkükdə üzülən,
    On yerə bölünən,
    Divlərdən hava,
    əjdahadan su dilənən…
    millətimin
    səslə çəkilmiş rəsmidi zəminxarə…
    MİN ADAM
    Üç gündü
    Soyuducunun qapısı açılıb-bağlanmırdı…
    Üç gündü
    Çocuqlar oyuncaq yox,
    Çörək istəyirdi ondan…
    Üç gündü qonşu otaqdan
    Xanımının səsi gəlmirdi:
    “Yeməyin hazırdı, gəl”!-deyə…
    …Telefonu gözdən keçirdi,
    Adlara, nömrələrə baxdı bir-bir,
    Nə az, nə çox: min nömrə!
    Min nömrə, min ad vardı telefonunda,
    Fəqət
    Min adamın içindən
    Durumunu söyləyəcək,
    Dərdini aça biləcək
    Kimisə seçə bilmədi…
    Iniltili ah qopdu sinəsindən,
    Acı-acı güldü adam,
    Telefondan min adın
    Minini də sildi adam…

  2. Ovqat.com tanınmış şair Namiq Hacıheydərlinin yeni şeirlərini oxuculara təqdim edir.

    Göylər deyir ki…

    Şairləri əzilən bir şəhərə

    Göydən mələklər qarğış yağdırar.

    Qutsal Ruhlar narahat dolanar

    bu şəhərin üzərində.

    Bir gün bəlanın mütləq olduğunu

    bildikləri üçün.

    Bəla var qarşıda;

    Tufan, qasırğa.

    Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.

    Qara qanını içib, gününü qara edənlərə

    qəzəb püskürəcək

    Bir gün…

    Günahkar şəhərin nəfəsindən

    Zaman-zaman udduğu murdar zibillər

    Qasırğaya qarışıb geri dönəcək;

    Çırpılacaq üzlərə.

    Göylər qəzəblənəcək.

    Ildırımlar nərə çəkəcək,

    Şimşəklər toqquşacaq.

    Hər şey bir anda baş verəcək;

    Şiddətli külək, qasırğa, tufan,

    Bir də Xəzərin şahə qalxmış dalğaları…

    O zaman

    Qurtuluş olmayacaq,

    Tikdiyiniz evlərə nicat olmayacaq;

    Şüşələri qırılacaq,

    qapıları yıxılacaq,

    daşları uçacaq.

    o zaman üçün

    Yeni evlər tikin;

    bünövrəsi halaldan,

    daşları yaxşılıqdan,

    qapısı sevgidən olsun!

    və…

    Şairləri incitməyin…

    Ayrılıq

    İki dost – bir ürək, qanı sevgidi,

    Gözəllik doqquzdu, onu sevgidi,

    Bütün dostluqların sonu sevgidi,

    Bütün sevgilərin sonu ayrılıq.

    Sevgi nə peşədi, nə də sənətdi,

    Duyub daşıyana o ləyaqətdi,

    Çəkilməz bir yük var – adı həsrətdi;

    Həsrət cəhənnəmdi, donu ayrılıq.

    Doğulmaq – göylərin yerə hiddəti,

    Yaşamsa, yerlərin göyə heyrəti,

    Ömür ruhumuzun sürgün müddəti,

    Bəs nədən soldurar canı ayrılıq!?

    EŞQ OLDU…

    Hər sözün şirəsindən

    Bal çəkən arı mənəm.

    Könül eşqin qibləsi,

    Qibləyə sarı mənəm.

    Doğu Odur, Batı O,

    Ruhumuzun zatı O.

    Cismimin Ruh qatı O,

    Yarı O, yarı mənəm.

    Zərrə, küllə qovuşdu-

    Bu, ikinci doğuşdu,

    İki sevgi yovuşdu,

    Eşq oldu, barı mənəm…

    GƏLƏCƏM…

    Hər şey, hər şey yol gedir,

    Yenə səhv, yenə doğru…

    Ağac, çiçək boy atır,

    Yüksəlir Günə doğru.

    Hər yerə yol bol gedir,

    Ayrılır, min qol gedir.

    Din Allaha yol gedir,

    Möminlər dinə doğru…

    Bir Yeri var, bir Göyü,

    Yeri bağlı, sirr Göyü,

    Bir gün atıb hər şeyi

    Gələcəm Sənə doğru.

    DOĞRU

    Gec-tez bular haqq yolunu,

    Kimin ki, mayası doğru.

    Nadanın həyatı yalan,

    Aqilin röyası doğru.

    Haram ilə kisə dolmaz,

    Əyri gedən sonu bulmaz,

    Min böhtan at, biri qalmaz,

    Hər kəsin həyası doğru.

    Eşqi olan, olmaz asi,

    Eşq ürəkdən silər pası,

    Doğru olar o dünyası,

    Kimin bu dünyası doğru.

    BİZİ

    Doğulan günümüzdən,

    Kədər, qəm izlər bizi.

    Çox yorulub, yetirməz,

    Yola, bu dizlər bizi.

    Ruh çırpınar can içrə,

    Can büsbütün qan içrə,

    …Hər kəs həyəcan içrə –

    Görən, nə gözlər bizi?!

    Heç yol deyil bu, bəlkə,

    Günahları yu, bəlkə,

    …Təmiz etməz su, bəlkə,

    Torpaq təmizlər bizi.

    MƏCNUNDAN SONRA

    Məcnundan sonra

    Min ildi səhra küləkləri

    Sərgərdan gəzir-dolaşır

    Ayağına toxunmağa.

    Min ildi güllər, çiçəklər,

    Ağaclar, quşlar,

    Ceyranlar, cüyürlər

    Və…

    Yırtıcılar insan axtarır…

    İnsan axtarır; səcdəsinə durmağa…

    ŞAM

    Axşam

    Yanan şam

    Qaranlığın tən ortasından

    Başladı yol açmağa,

    Bizi ardınca aparmağa…

    Cığır uzandı sabaha doğru –

    Işıq cığırı…

    Bu gecə

    Dilim-dilim yandı,

    Gilə-gilə əridi şam.

    (Səhərə qədər

    oyaq qaldı,

    açdığı cığırla yol getdi şam.)

    Dan yeri ağaranda

    Bizi günəşə əmanət verib

    Canını tapşırdı.

    Ölmədi;

    Göylərə yüksəldi,

    Şəhid oldu şam…

    YALQUZAQ

    Ömründə bircə yol

    Eş seçər özünə boz qurd.

    Birlikdə gəzər,

    Birlikdə ömür sürər,

    Birlikdə yatıb-durar nəfəs-nəfəsə…

    Eşini itirərsə,

    Tənhalaşar,

    Bir daha eş aramaz…

    Beləcə,

    Yalquzaq olar bozqurd.

    Boz qurd – yırtıcı dediyin…

    ZƏMİNXARƏ

    Zəminxarə

    Qorqud Atadan sonra

    Bitib-tükənmək bilməyən

    Min illik acılarımın ismidi.

    Güneydə əzilən,

    Kərkükdə üzülən,

    On yerə bölünən,

    Divlərdən hava,

    əjdahadan su dilənən…

    millətimin

    səslə çəkilmiş rəsmidi zəminxarə…

    MİN ADAM

    Üç gündü

    Soyuducunun qapısı açılıb-

    bağlanmırdı…

    Üç gündü

    Çocuqlar oyuncaq yox,

    Çörək istəyirdi ondan…

    Üç gündü qonşu otaqdan

    Xanımının səsi gəlmirdi:

    “Yeməyin hazırdı, gəl”!-deyə…

    …Telefonu gözdən keçirdi,

    Adlara, nömrələrə baxdı bir-bir,

    Nə az, nə çox: min nömrə!

    Min nömrə, min ad vardı telefonunda,

    Fəqət

    Min adamın içindən

    Durumunu söyləyəcək,

    Dərdini aça biləcək

    Kimisə seçə bilmədi…

    Iniltili ah qopdu sinəsindən,

    Acı-acı güldü adam.

    Telefondan min adın

    Minini də sildi adam.

  3. Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
    1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
    Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
    2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
    Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
    7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
    2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib.
    2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb.
    2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb.
    2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb.
    Ey türk doğulan. (Bakı: 2012),Səni tapan itirməz( Bakı.),Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010) ,Dağ Kolanı dastanı.
    ( Bakı),Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir.
    Biz də Ovqat.com olaraq şair Namiq Hacıheydərlini 45 yaşı münasibətilə təbrik edir, dostumuza yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

    RUHUMUZ UCADIR…

    Ürək döyüntünü dinlədim bu gün,
    Baş qoyub ətirli sinənin üstə.
    Söz ilə, and ilə qurmuşuq düyün
    Eşq ilə süslənmiş dünənin üstə…

    Arada yüz dərə, yüz dəniz olsun,
    Bir gün yollarımız yovuşmalıdır.
    Əyər yer üzündə birləşəmməsək,
    Göylərdə ruhumuz qovuşmalıdır.

    Gəlsin üstümüzə kədər sel kimi,
    Dünyalar yığılsın lap bizə qarşı.
    Qaranlıq işığı söndürə bilməz,
    Gecələr ha çıxsın gündüzə qarşı…

    Bizi qorxutmayır tufan, qasırğa,
    Əzablı yolları azmı getmişik?
    Bəzən başımıza balta vurublar,
    Yenə var olmuşuq, yenə bitmişik.

    Dərəyə dartsınlar, düzə çəksinlər,
    Ruhumuz ucadır, yerlərə sinməz.
    Nadanlar nə bilsin Ulu Tanrının
    Uca yaratdığı göylərdən enməz…

    GÖYLƏR DEYİR Kİ

    Şairləri əzilən bir şəhərə
    Göydən mələklər qarğış yağdırar
    Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində
    Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
    Bəla var qarşıda;
    Tufan, qasırğa
    Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
    Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
    Bir gün…
    Günahkar şəhərin nəfəsindən
    Zaman-zaman udduğu murdar zibillər
    Qasırğaya qarışıb geri dönəcək;
    Çırpılacaq üzlərə
    Göylər qəzəblənəcək
    İldırımlarar nərə çəkəcək
    Şimşəklər toqquşacaq
    Hər şey bir anda baş verəcək;
    Şiddətli külək, qasırğa, tufan
    Bir də Xəzərin şahə qalxmış dalğaları…
    O zaman
    Qurtuluş olmayacaq
    Tikdiyiniz evlərə nicat olmayacaq;
    Şüşələri qırılacaq,
    qapıları yıxılacaq
    daşları uçacaq
    o zaman üçün
    Yeni evlər tikin;
    bünövrəsi halaldan
    daşları yaxşılıqdan
    qapısı sevgidən olsun!
    və…
    Şairləri incitməyin…

    SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?

    Üzün gül, baxışın işıq çeşməsi,
    Söhbətin bülbülün şirin nəğməsi,
    Ürəyin, düşüncən yurd xəzinəsi,
    Sən hardan alırsan bu gözəlliyi?!

    Görüşə gələrsən, dünyamız gülər,
    Başının üstüylə ağ bulud gələr,
    Tək bircə nəfəsin min dərdi silər,
    Sən hardan alırsan bu gözəlliyi?!

    Üzünü görüncə daş, dağ sevinər,
    Böyüklər gülümsər, uşaq sevinər,
    Ayağın toxunan torpaq sevinər,
    Sən hardan alırsan bu gözəlliyi?!

    Namiq öz gücünü sözündən alır,
    Bulud ağlığını üzündən alır,
    Ay, ulduz işığı gözündən alır;
    Sən hardan alırsan bu gözəlliyi?!

    SƏN MƏNİM KİMİMSƏN?

    Hara baxsam təkcə səni görürəm,
    Yolumsan, Yerimsən, Göyümsən axı.
    Niyə səni mən bu qədər sevirəm,
    Sən mənim kimimsən, nəyimsən axı?!

    Masmavi göylərdə ağappaq bulud,
    Günəş də, torpaq da, külək də sənsən.
    Ağaca, çiçəyə can verən su da,
    Çiçəkdə ətir də, çiçək də sənsən.

    Qovuşdu, birləşdi iki saf bulaq,
    Bir bahar günündə axar çay oldu.
    Xəbərsiz doğulduq bir-birimizdən,
    Bax, ancaq, ruhumuz əkiztay oldu.

    Ulduz arxasından enib gəlibsən,
    Atadan, anadan yaranmamısan.
    Sənin sığalını mələklər çəkib,
    Sən bəşər əliylə daranmamısan.

    Niyə baxışınla alışar sinəm?!
    Harandan od alır bu odum mənim?!
    Qanadım deyilsən, ancaq, bəs nədən,
    Qəmlənsən qırılar qanadım mənim?!

    Üzündə qəm, gözündə nəm görünsə,
    Aldığım nəfəs də daşa çevrilər.
    Sənin içindəki ağrı acılar,
    Mənim gözlərimdə yaşa çevrilər.

    Biz qoşa bədəndə bütöv canıqmı;
    Dodağın qurusa;
    ciyərim yanar.
    Ayrıyıq, uzağıq, bəs niyə ruhum,
    Sənin varlığını varlığım sanar?!

    Sənin ayağına batan bir tikan,
    Mənim ürəyimi qanatmış, gülüm!
    Anladım… Bir kökdən yaranmasaq da,
    Ruhumuz bir kökdən boy atmış gülüm…

    Ruhu doğmalardı qohum olanlar,
    Bir ata – anadan doğulan deyil.
    Var olan dipdiri ruhu olandı,
    Ayağı, əlləri sağ olan deyil.

    QALDIMI
    Bir zaman içində yanan alovdan,
    İçdə qığılcımın, közün qaldımı?!
    Ürəyin büsbütün söz dəniziydi,
    Ürəkdə Eşq dolu sözün qaldımı?!

    Təmizlə dünyanı, dara, yu eşqim!
    Ruha sığal çəkər mənim qu eşqim.
    Deyirdin minillər sözməz bu eşqim,
    Eşqindən nişanə, izin qaldımı?

    Yalan ah – üzlərdə yalançı boyaq.
    Vaxtsız yorulmağın adın nə qoyaq?!
    Bu uzun yolları gedəcək ayaq,
    Bu yükə dözəcək dizin qaldımı?!

    Dünya dəmirçinin qaynar kürəsi
    Yandırar ağ bayraq qaldıran kəsi.
    İrəli getməyə yaşam həvəsi,
    Geriyə dönməyə üzün qaldımı?!

    Döndü tarixlərə o çağ deyəsən,
    Açdın qədərinə qucaq deyəsən…
    …Içində sönübdü ocaq deyəsən;
    Barı özünsənmi, ÖZün qaldımı?

    YADIMA SƏN DÜŞÜRSƏN

    Aydın səma, bəyaz bulud görürəm,
    Yadıma sən düşürsən.
    Mələk rəngli qoşa qanad görürəm,
    Yadıma sən düşürsən.

    Deyib-gülən iki cavan görürəm,
    Sevdiyindən sevgi uman görürəm,
    Yadıma sən düşürsən…

    Narın-narın yağış yağır, baxıram;
    Cücələr sığınır öz anasına.
    Balaca pişiklər küncə sıxılır,
    Gizlicə qoyaraq göz anasına.

    Bir quzu mələyir yanıqlı səslə,
    Baxdım ürəyimin başı açıldı.
    Küçədə sərgərdan qalan çocuğun,
    Anasını görüncə,
    gözündən ümidli işıq saçıldı.

    Cəh-cəhini dayandırıb bülbüllər,
    Ağacdakı yuvasından asıldı.
    Dışarıda oynayan cüt yavrular,
    Bir təpənin daldasına qısıldı…

    … Doğmam yoxdu qucağına qaçım mən,
    Ağacım yox budağından asılım.
    Yuvam yoxdu sığınım bir küncünə,
    Sən də yoxsan, indi kimə qısılım?!

    Sənsiz bir kimsəsiz çocuq kimiyəm,
    Solduracaq məni yağış, qar axı.
    Yadıma sən, yadıma sən düşürsən;
    Mənim səndən doğma kimim var axı?!

    KİŞİLƏR VAR İDİ

    Kişilər var idi bu yer üzündə,
    Bir elin yükünü çəkən kişilər.
    Quduz sultanlara qılınc sıyırıb,
    Yetim qarşısında çökən kişilər.

    Babalar var idi, bir kəlmə sözü,
    Qan söhbəti bağlamağa bəs idi.
    Nənələr var idi, nənə deyirəm;
    Təpədən dırnağa nur kündəsiydi.

    Qadınlar var idi şimşək baxışlı,
    Qanında yüz ərin qeyrəti vardı.
    Nə oldu, necoldu ülvi adamlar,
    Torpaqmı gizlədi, yelmi apardı?!

    Oğullar var idi, qaya parçası,
    Ölsələr, harama yanaşmazdılar.
    Qurban gedərdilər namus üstündə,
    Namusdan bir kərə danışmazdılar.

    Obalar var idi, barlı-bəhərli,
    Bir giriş, bir çıxış cığırı vardı.
    Gələn yolçuları hələ uzaqdan,
    Təndir çörəyinin ətri vurardı…

    …Günəş həmin Günəş, Ay həmin Aysa,
    Bəs niyə dəyişdi bu cahan belə?!
    Kök həmin kökdüsə, soy eyni soysa,
    Nədən cılızlaşdı bəs insan belə?!

    HƏLƏ Kİ NİDAYAM

    Dan yeri ağarır, oyağam hələ,
    Nə gözlər yumulur, nə qəlb dincəlir.
    Açılmaz səhərim ta innən belə,
    Baxma üfüqlərdə Günəş yüksəlir…

    Dostları min olsun, nə faydası var,
    Əyər tənhadısa ruhu insanın.
    Duyulmaz oldusa bir qaydası var,
    Yüksələr göylərə ahı insanın.

    Din gəzdim, ruhuma dinclik aradım,
    Sonunda gördüm ki, özüm dinmişəm.
    Yerlərdə, Göylərdə min sirr aradım,
    Dünyanın ən böyük sirri mənmişəm.

    İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
    Beşikdən qəbrəcən sirri açılmaz.
    Sabah nə olacaq, bir kimsə bilmir;
    Yazısı dəyişməz, qədər – qaçılmaz.

    Nə olsun milyondu hər yerdə sayı,
    Milyonlar içində təkdi hər adam.
    Bu göylər altında, bu yer üzündə,
    Bəxtəvər olmadı hələ bir adam…

    …Nə arzu tükəndi, nə də ki dərdim,
    Yaxşı ki, dərd boyda min xəyalım var.
    Ömrü palaz kimi yollara sərdim,
    Göylərə verəcək çox sualım var.

    Hələ ki nidayam bu yer üzündə,
    Heyrətlər içində çoxmu qalacam?!
    Ömrümə qoyulan işarə kimi,
    Ömrümün sonunda sual olacam…

    GÖNDƏRİR

    Adı gələr, yanaq olar qan kimi;
    Böyük bir günahdan utanan kimi…
    Səhərlər yuxudan oyanan kimi,
    Bir qız sevdiyinə salam göndərir.

    Elə bil bir dəstə çiçək yollayar,
    Tufan olsun, yağış, külək… yollayar.
    İçində çırpınan ürək yollayar,
    Bir qız sevdiyinə salam göndərir.

    Dayanar yolunda hər dağa hazır,
    Şaxtada, soyuqda donmağa hazır,
    Daş-qalaq olmağa, yanmağa hazır…
    Bir qız sevdiyinə salam göndərir.

    SƏN…

    Sən eşqin bağında bitən çiçəksən,
    Eşq ilə yanmayan dərməsin səni.
    Qaranlıq ürəkli, donuq baxışlı,
    Sevgidən uzaq göz görməsin səni.

    Adını çəkməsin; adını çəkən,
    Adında bal kimi dadı duymasa;
    Gəzməsin bu qutsal torpağın üstə,
    Özünü ən mutlu bəndə saymasa.

    Cismiylə yerləri nura bələyib,
    Mələklə göylərdə yaşıyanımsan.
    Türküstan çölünün, Tanrı dağının,
    Ətrini ruhunda daşıyanımsan.

    DEDİ
    Əllərimdən tutmasan,
    Bu yollarda azaram.
    Dedim: qoyma darıxım,
    Dedi: tez-tez yazaram.

    Dedim: incitsəm səni,
    əfv edərmisən məni?!
    Dedi: acı kəlməni,
    Mən yaxşıya yozaram.

    Dedim: qoyma baş qatam,
    Kədər gölündə batam…
    Dedi: sənə üz tutan
    Dərdə quyu qazaram…

    Ah çəkdim yana-yana;
    “Mən atayam, sən ana…”
    Dedi: hər şey bir yana,
    Taleyimi pozaram.

    Dedim: dərd oldum sənə…
    Dedi: eşqsiz yaşam nə?
    Ya yurd ollam eşqinə,
    Ya da sənə məzaram.

    OLAR
    Ömrü yellərə vermək,
    Aqillərə ar olar.
    Bir mürşid yanılarsa,
    Min-min mürid xar olar.

    Könüllərdə qalanlar;
    Dünyada iz salanlar.
    Var ikən yox olanlar,
    Yoxkən necə var olar?!

    Ulus, yurd nədi bilməz;
    Canda varsa yad nəfəs.
    Özgədən süd əmən kəs,
    Özgələrə yar olar.

    Bədbəxt kimdi; yol əyən,
    Qazancını yeməyən.
    Haqqı görüb deməyən,
    Kor olar, həm kar olar.

    (Söz demə almayana,
    Tanrıdan dolmayana).
    Könlü tox olmayana,
    Geniş yer də dar olar.

    Yox! – deyib batma yasa,
    Var! – söylə – var, hardasa;
    Üç-beş yaxşı olmasa,
    Yaşamaq çox zor olar.

    TANRIYA SƏSLƏNİŞ
    Tanrım!
    Sənin qatında sayt varmı?
    Qəzet, jurnal çıxırmı orda?
    Gündəlik xəbərləri hardan alırsan?
    Günəş sistemində olanlardan xəbərin varmı?
    Yerin təhlükədə olduğunu bilirsənmi?
    Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından,
    Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən
    Xəbərin varmı?
    Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün?
    Suriyadan, İraqdan, Yəməndən,
    Doğu Türküstandan… gələn
    Nalə səsləri bürüyüb dünyanı.
    Dağılmış şəhərlərin xarabalıqları,
    Parça-parça insan meyidləri,
    Gəlinciyinə sarılaraq can vermiş körpələrin
    Meyidi üzərində qələbə qeyd edir dünya ağaları…
    Yoxsa,
    Sən də yaxşısan ətrafın pisdi?
    Yoxsa, sənidəmi aldadır köməkçilərin?
    “Sənin müdrik siyasətin nəticəsində
    qalaktikalarda hər şey əladır,
    bütün güllər, çiçəklər xoşbəxtdi,
    bütün kəpənəklər səadət içində,
    insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə?
    Tanrım!
    Bizim qalaktikaya qubernator təyin eləmisənmi?
    İllik hesabat verirmi sənə?
    Yerdəki vəziyyətdən nə yazır?
    Yazırmı ki;
    Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir?
    Yazırmı;
    Qız uşaqlarını hələ də diri-diri basdırırlar,
    İnsan insan qatilidir,
    Yer özü boyda məhbəs olub, yazırmı?!
    Tanrım!
    Bəs, sənin “audit”in yoxmu?

    Tanrım!
    Heç ordan baxanda Yer görünürümü?
    Görünürsə, çarə qıl…
    Görünmürsə…
    Kimə deyək dərdimizi?

    BƏYAN
    Külli aləm zülmət idi, biz o zaman gündüz idik
    Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.

    O biz idik, Mudan çıxıb işıq yaydıq planetə
    Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.

    Oxuyub səcdə etdiyin ayələri nazil edən,
    4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.

    Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
    Əzəldən öncə var olan, sondan sonra ölməz idik

    Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik
    Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.

    İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq
    Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.

    Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri
    Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.

    Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi
    Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.

    Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
    İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir