“Qardaşım (FİKRƏT QOCA), sənin də bayramın mübarək olsun! Necə illər əvvəl göz yaşlarıyla şərəfini vəsf etdiyin əziz övladımız da Vətənin Milli Qəhrəmanı adını aldı.” – Güldəniz Qocayevanın təqdimatında:
BAYRAQ TUTAN OĞULLAR
Kilsədə gizlənən səkkiz nəfər azərbaycanlı döyüşçü yeddı gün ac-susuz mühasirədə qalıb. Yeddi yoldaşı həlak olduqdan sonra onların ən cavanı yenə də müqavimət göstərməkdə davam edib. Nəhayət, əlacı kəsilmiş oğlan əlində Azərbaycan bayrağı meydana çıxıb.
Xankəndinə ezamiyyətə gəlmiş rus jurnalisti təsadüfən bu səhnənin şahidi olub. Oğlanın şəklini çəkib. Şəkil “Oqonyok” jurnalında çap olunmuşdu. Müəllifin sözlərində həzin bir sızıltı vardı: “Təəssüf ki, mən o oğlanın nə adını, nə də sonrakı taleyini bildim”.
17-18 yaşında arıq, qarabuğdayı oğlan. Əlində Azərbaycan bayrağı. Sağında və solunda əli avtomatlı iki erməni yaraqlısı. Oğlan bəlkə , aparatın qəfıl şıqqıltısına dönüb, düz obyektivə baxıb. Bəlkə, ona atəş açıldığını zənn edib, ölümün gözünün içinə dik baxmaq istəyib. Geniş açılmış o gözlərdə nələr vardı, Allah…
Əli Çağla, 2002-ci il iyun ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, humanitar elmlər fakültəsində təhsil etmişdir. Əli Çağlanın şeirləri və hekayələri Azərbaycan, Türkiyə, İraq, Güney Azərbaycan, İran, Almaniya ölkələrinin mətbuatlarında çap olunmuşdur. Əli, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatının adlım əsərlərini tərcümə edib Güney Azərbaycanda çapa yetirmişdir. Əli, həm də Azərbaycan Ədəbiyyat Fondunun Statusunda Güney Azərbaycan təmsilçisi kimi üzvdür.
Əli Çağla “Dəlilərin sevgisi”, “Niyar karvanı”, “Balıqsız dəniz” adlı romanlarının müəllifi olmuş olsa da, o kitabların İranda çıxmağına hökümət tərəfindən qadağa qoyulmuşdur.
OYANMAQ
Bir şəhər görürəm yuxularımda
Qaranlıq küçələrində şüşəsi açıq buraxılmış boş maşınlar
Divarlarında qan spreyi ilə yazılmış qəzəblər
Polislərin işləri yoxdur qəzəbçilərlə
Sprey satanları axtarırlar
Və millətin qanını sorub millətə bahasına satan spreyçilər
Uşaqlıqdan başlayır ədəbiyyat sevgimiz. Zaman-zaman dahiləri görməyi arzulayırıq. Böyüdükcə bu sevgi şeiriyyata çevrilir qəlbimizdə. Bir gün qovuşuruq qələmlə. Elə qovuşuruq ki, qəlbimizin sirrini açırıq ona. Heç kəslə bölüşə bilmədiklərimizi qələmin mürəkkəbi ürəyimizdən çəkib tökür vərəqlərə. Sonra ətrafımızda başqa şairləri gəzir gözlərimiz. Bizim kimi düşünən, bizim kimi duyğulu, həssas qəlbli insanları axtarırıq. Dahi şairlərlə üz-üzə gəlmək, onlarla vaxt keçirmək, şirin söhbətlərinə qulaq asmaq hər gənc şairin ən böyük qürurlarından biridir. Və bir gün sən də, o şairlərin keçdiyi yoldan keçmək istərsən. Onların ocağının sakininə çevrilmək istərsən. Var gücünlə, inadkarlıqla üzərində daha çox çalışırsan ki, səni də öz qanadları altına alsınlar. O böyük ailənin üzvlərindən biri də, sən olasan. Mənim də ədəbiyyat sevgim uşaqlıqdan başlamışdı. Şeirlərə olan sevgim əlimdə ələmə çevrilmişdi. Gəncə YB-yə üz tutsam da, doğulduğum şəhərin kiçik ocağı məni qane etməmişdi. Sosial şəbəkələrdə kifayət qədər geniş paylaşımlarım hər kəsin diqqətini çəkməyi bacarırdı. Lakin mənim məqsədim məhz AYB şairləni yaxından tanımaq və bir gün ora üzv olmaq idi. Məqsədimə çatmaq üçün üz tutdum Bakıya. Rəşad Məcid haqqında çox eşitmişdim. Ancaq mənə Rəşad Məcidin hər gəncə dəstək olmadığı deyilmişdi və bildirmişdilər ki, qəbuluna düşmək çox çətindir. AYB-yə qonaq gəldiyim ilk gün Rəşad Məcidlə qarşılaşdıq. Dəhlizdə məni görən Rəşad müəllim artıq məni sosial şəbəkələrdən tanıyırdı. İlk söhbətimiz də belə başlamışdı. -Sən Günəş deyilsənmi, gəncəli balası… ? -Bəli. -Burda nə gəzirsən? Gəncədən gəlmisən? -Bəli, sizinlə danışa bilmək üçün gəlmişəm. Rəşad müəllimin simasında təbəssüm vardı. Deyilənlərin tam əksi dayanmışdı qarşımda. Səmimi, mehriban, gülərüzlü biri idi. Kabinetinə dəvət etdi. Kitablarımla tanış oldu və dedi: -Kitab oxuyursan? -Bəli. Ayağa qalxıb yerli və türk ədəbiyyatından 15 kitab verdi mənə. -Çox oxu. Maşallah aktiv xanımsan. Çalış daha çox kitab oxu. -Baş üstə deyərək, sağollaşıb qayıtmışdım Gəncəyə. Bütün yol boyu həmin təsərrüfatlar məndə gözəl xatirəyə çevrilmişdi. Verdiyi kitabları elə yoldaca oxumağa başlamışdım. Bir həftəyə hamsını bitirib kitabla bağlı fikirlərimi paylaşmışdım sosial şəbəkələrdə. Zamanla Gəncə-Bakı yolunu tez-tez qət edib, AYB-nin tədbirlərində fəal iştirak etməyə başladım. Rəşad müəllim mənə AYB-ni sevdirən şəxs olub. Onun sayəsində gənc ədiblərin üzvü oldum. Yazılarımı təmənnasız olaraq dəfələrlə 525-ci qəzetdə dərc etdirib. İllər sonra AYB-nə üzvlüyüm qəbul olunanda da sevincimi ilk Rəşad Məcidlə paylaşmışam. AYB-nə üzvlük vəsiqəmi də, şəxsən özü təqdim edib. Daha sonra AYB-də ilk kitab təqdimatımda iştirak edib və çəkdiyim əziyyətlərin müqabilində fəaliyyətimin faydalarını vurğulayaraq qısa zamanda Prezident təqaüdü alacağımı bildirib. Bu gün mən Prezident təqaüdünə layiq görülmüş AYB üzvlərindən biriyəm. Qazandığım uğurların təməlində isə Rəşad Məcidin istedadlı gənclərə olan qayğı və diqqəti dayanır. Mənim dünyamda AYB-nin dirəyidir Rəşad müəllim. Mənim kimi yüzlərlə gəncə dəstək olub. Yeni nəsil şairlərin yetişməsində zəhməti böyükdür. Rəşad müəllimə uzun ömür, can sağlığı arzulayıram. Rəşad Məcid AYB-nin Günəşi, dəstək olduğu gənclər isə kainatın ulduzlarıdır. Harda olmasından asılı olmayaraq istedadları ilə parıldamağı bacarırlar.
Qəlbi dünya şəxsiyyət (Rəşad Məcidin doğum gününə)
Sənin kimi insanlar çox olsaydı əgər ki, Ədalətsiz sayılan dünya gözəlləşərdi. Paxıllıq yer üzündən silinərdi əbədi, Bəlkə onda ürəkdə duyğular dəyişərdi.
Dəstək görə bilməyib, AYB-yə üz tutan Gənclərin ümid yeri, ümid çırağı oldun. İstedadlı gənclərin çevrildin dayağına Yığdın öz qanadına ata ocağı oldun.
Ömrün 60 yaşını yola saldız şərəflə, Hər kəsin ürəyində yer eyləyib adınız. Qəlbi dünya şəxsiyyət hər kəsi sevindirib. “Xalqın sadə şairi” adını qazandınız.
26 iyun – Azərbaycan tarixinə ordu günü, Azərbaycan şeiri tarixinə isə savaş ayələrinin müəllifi Elxan Zal Qaraxanlığnın doğum günü kimi daxil olub:
Budur türkün ordusu Bayrağında ay gəlir! Ölümə qənşər duran Yenilməz alay gəlir.
Ərənlər – gözündə qan! Nə yağma var, nə talan! Ölümsüzlük axtaran İgidlər kolay gəlir.
Türkdü türkün qardaşı! Axınların yoldaşı! Türkü deyir minbaşı, Min ağızdan hay gəlir!
Türkçü şeirimiz iki dönəmə ayrılır – Elxan Zala qədərki və Elxan Zal dönəmi. Elxan Zaldan sonrakı dönəm hələ ki yoxdur. Elxan Zal ədəbi yaşıdlarımız arasında həm istedad, həm də intellektə malik az saylı imzalardan biridr. O, məclislərdə yaratdığı bütün şeytani gərginliyə baxmayaraq, “İncil” və “Tövrat”ı əzbər bilən bəlkə də yeganə söz adamıdır. Onun şeirdə öz havası, öz ritmi, öz teması, öz məzmunu var. O minillərdir ki, daş kitabələrdə mürgüləyən bədii yaddaşımızn 90-cı illərin gurultusundan qəfil ayılışıdır. Ona görə belə fərqli görünür. Onun qismətinə yol açmaq, körpü salmaq, birinci olmaq düşüb. Ramiz Rövşən bu misranı həm də onun üçün yazıb: “Özün öz yolunsan. ilan balası!” O, kənddən aralıda yaşayan, amma kəndə uzaq məsafədən təsir edən şamana, maqa bənzəyir. Ağındandır, yoxsa qarsından. hələ dəqiq bilmirəm. Amma Elxana bundan sonrakı ömründə ancaq ağ günlər arzulayır, onu doğum günü münasibətilə dostlar adından təbrik edirəm!
25 Iyun -Şair, yazıçı Əli Təbrizlinin anadan olmasının – 95 illiyidir (1929 – 1995),
Əli Təbrizli — şair, yazıçı, naşir. “Atropat” nəşriyyatının əsasını qoyub. Bu nəşriyyatda “Əliağa Vahidin külliyyatı”, “Azərbaycan nəğmələri və bayatıları”, “Koroğlu” dastanı, “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”, “Füzuli divanı”, “Salman Mümtazın şeirləri” və bir neçə kitabı hazırlayaraq nəşr etdirib.
Fəaliyyətinə görə SAVAK tərəfindən həbs olunub və 6 il məhkumluq həyatı yaşayıb.
Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində dünyaya gəlib[1]. İlk təhsilini məhəllələrindəki ibtidai məktəbdə sonrasilini isə Rüşdiyyə məktəbində alıb. Azərbaycan Milli Hökuməti dövründə məktəbdə ana dilində təhsil alıb[1]. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. İlk dəfə “Əli Təbrizinin qəzəlləri” adlı kitabı nəşr etdirib. Daha sonra “Atropat” nəşriyyatının əsasını qoyub[4] və bir neçə ədəbi dərnək qurub. Bölgələri gəzərək türk folklor nümunələrini toplamağa başlayıb[5]. Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik “Şah İsmayıl” kitabını[1] və 1955-ci ildə Əsli və Kərəm dastanını xalqdan toplayaraq yazıya köçürüb nəşr etdirib.
1959-cu ildə şair Həsən Məcidzadə Savalanla birlikdə “Əliağa Vahidin külliyyatı” sonrakı illərdə isə “Azərbaycan nəğmələri və bayatıları” (iki cilddə), “Koroğlu” dastanı, “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”, “Füzuli divanı”, “Salman Mümtazın şeirləri” və bir neçə kitabı hazırlayaraq nəşr etdirib. Yazdığı “Ədəbiyyat və milliyyət” əsərində bir çox məsələlərə toxunub. O, bu əsərində Cənubi Azərbaycanda yaşayan türklərin tarixi, onların milli özünüdərki, orada olan mövcud kimlik problemləri haqqında yazıb. Həsən Məcidzadə Savalanın “Apardı sellər saranı” əsərini çapa hazırlayarkən SAVAK tərəfindən nəşriyyata basqın edilir, çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edilir özü isə həbs olunur[2]. 6 il həbsdən qaldıqdan sonra azadlığa çıxıb. Həbsdən çıxdıqdan sonra “Qud Amuz” adında türkcə-farsca lüğət hazırlayıb və çap etdirib.
1998-ci ilin yanvarın 18-də Tehranda dünyasını dəyişib və Təbriz şəhərinin Vadi rəhmət qəbiristanlığında dəfn edilib.
Əsərləri
Əli Təbrizinin qəzəlləri Göz yaşları Ədəbiyyat və milliyyət
HƏSƏN SEYİDBƏYLİ – yazıçı, kinodramaturq, kinorejissor
(Bu rubrika sözü qutsal sayan ədiblərimizə həsr olunur. 25 iyun – Həsən Seyidbəylinin vəfat gününə ithafən!)
YAXIN SAHİLLƏRİN ADAMI – HƏSƏN SEYİDBƏYLİ
Adriatik dənizinin sahillərini deyə bilmərəm, amma Xəzərin ətrafına sakitlik çöküb.Nə fırtına var, nə qasırğa, heç rüzgar da əsmir.Zənnimcə, buna görə də yazımı yaxın sahillərdən, buralardan başlasam pis olmaz.Bəs “Uzaq sahillərdə” ki qəhrəmanımızı -ədəbiyyatdakı Mehdi Hüseynzadəni yaradan yazıçı Həsən Seyidbəylinin ömür çəhlimini harada aramalı, uzaq sahillərdəmi? -Ortaboylu, qarabuğdayı, çənəsi çuxurlu…Bu əlamətlər Mehdiyə aiddir, Həsən müəllimə yox.Seyidbəyli deyəndə isə nədənsə dünyanın peyğəmbər kişiləri, imam övladları, ağır-batman, lakin yuxaürəkli, nurlu insanların toplusu gəlir insanın göz önünə.Həsən müəllim bəybura görkəmi ilə necə yaddaşlara hopubsa, elə bilirsən, azman bir şəxsiyyət kimi bu saat otağa girsə, qapıdan keçməz.Halbuki, o qədər cüssəli, o qədər nəhəng olmayıb.Görünür, insanı təkcə zahiri görkəmi deyil, həm də incə qəlbi, azad düşüncəsi böyüdür.Böyüməyə gəlincə hələ bunun üçün doğulmaq lazımdır. Həsən Seyidbəyli 1920 – ci ilin dekabrın 22-də Bakıda dünyaya göz açıb.Tay-tuşları kimi yeniyetməliyi, gəncliyi çətin illərə tuş gəlib.Savaş alovunun içində bir də qardaşı Kamildən hər gün dinlədiyi süjetli nağılların hənirtisi vardı.Ağabəyi Kamilin bəzən uydurduğu nağıl motivləri gələcəyin yazıçısına sonsuz sirli aləmlər bəxş edib.Balaca Həsənin ədəbiyyata və kinoya vurğunluğu bu nağılvari dünyanın təşnəsi olduğunu üzə çıxardı.Ona görə məktəb illərindən cızma-qara edir, adda – budda şeirlər də yazırdı.Kiçik ədəbi etüdlərini isə Moskvada oxuduğu illərdə təcrübədən keçirir.Müharibənin qaynar çağlarında faşistlər Moskvanı mühasirəyə aldığı zaman tələbə yoldaşları ilə institutun damında keşik çəkən Həsən idi.Günlərin birində… Günlərin birində həyat yazıçının üzünə xəfif bir təbəssüm edir.Bu, o illər idi ki, “Kənd həkimi” povesti, “Qiymətli damcılar” hekayələr kitabı yazıçını geniş publikaya tanıtdırdı.Yazıçı İmran Qasımovla müştərək yazdığı “Uzaq sahillərdə” povesti sadə dildə yazılmış, Mehdi Hüseynzadə kimi rəşadətli yurddaşımızın şöhrətinə tumar çəkmişdi. Yazıçının “Yol qeydləri” konkret səyahətləridir.Ata tərəfdən nardaranlı, ana tərəfdən maştağalı olan Həsənin uşaq çağında Türkana, Zığa ilk səyahətləri sonralar dünyanın dörd yanına qədər uzandı.O vaxt Dənizkənarı park belə deyildi, qayalıqlar, daşlıqlar şəhəri büsbütün tutmuşdu.Xanımlar dəstə-dəstə bura gələr xalça-palaz yuyarmışlar.Bakını ovcunun içi kimi əzbər bilirdi Həsən müəllim.İnsan sərraflığı da bundan irəli gəlirdi, axı daş-qayanı, çayı-dənizi tanımaq insana yol açır.Rejissorluğu üçün çox karına gələcəkdi bu cəhəti. Kim də bilməsə Bakı əhli yaxşı bilir, buralarda insan saflığının dənizlə müqayisəsi təzə söhbət deyildi.Seyidbəylinin “Tərsanə” romanı da bu leytmotiv üzərində qurulub.Bir də ki, tərsanədə gəmi mühəndisi işləyən, çocuqluqdan özünü tərsanəylə bağlayan Ələsgər Adalını o qədər təbii verib ki, adam gerçək həyatda yolun ağına düşüb bu insanı aramaq istəyir.Soruşmaq istəyir ki, səni oğulluğa götürən kişinin adı nə idi? -Gərək ki, Qəzənfər.Gərçi bu obrazı unutmamışamsa, halal olsun onun kimi halal adama ki, halal adam böyüdüb. -Bəs “Telefonçu qız”? Lətif duyğuların qəlbini çulğadığı bir Mehriban var.Məsumiyyət heykəli – adı da Mehriban, özü də. Həsən müəllim əsl həyat adamı idi.Yumoru xəfif, zəkası iti, danışığı səlis, yazısı səhmanlı, əlləri yatımlı.Əlləri boş yerə qabartmadım ki…Yaxşı bilyard oynamağı, ov etməyi varmış yazıçının.Comərdliyi və mərdliyi isə tamam başqaymış.Əla üzgüçü olan qəhrəmanımız gəncliyində dənizdə batan 2 qızı xilas edibmiş.Ancaq nə fayda?! “Cəbhədən cəbhəyə” romanında Güldəstənin həyatının xilaskarına çevrilə bilmədi. Savaş nədir – ölümdür, zillətdir.Taleyinə yazıla, cəbhəyə yollanasan, yaralanıb geriyə dönəsən başqa cəbhədə vuruşasan. Detektiv əsərdir “Cəbhədən cəbhəyə”.Bu kitab əlbəəl gəzərdi uşaqlığımızda.Roman Teymurun İçərişəhərdə başına gələn olayın təsviri ilə başlayır.Hansısa dalanda cinayətkarlar küt alətlə onun başından vururlar.Bütün düyünlərin tən ortasında dayanan Güldəstə obrazını da xatırlayıram. Bir də onu duymuşam ki, həyatda həlim, yumoru sevən Seyidbəyli əsl məclis adamı idi.Yazıçılar İmran Qasımovla, Çingiz Hüseynovla, rəssamlar Məmməd Hüseynovla, Elbəy Rzaquliyevlə, bəstəkar Tofiq Quliyevlə möhkəm dost olublar. Son illərində yazıb-yaratmağa “Şəkər xanım” icazə vermirdi.Sağlığına qənim kəsilən şəkər xəstəliyini nəzərdə tutub dilxoşluq üçün belə deyərmiş.49-50 yaşında ikən tutulduğu xəstəliyi ilə razılaşmışdı ədib.Peşəsi həkim olan ömür-gün yoldaşı Süsən xanım onun dərdinə çarə qıla bilmir.Neyləyəsən ki, həkim xanımlar hakim əcəllər qarşısında naçar olurlar.Ziyanın, Mehdinin, Məryəmin atasına isə hər şey yaraşardı, ölümdən savayı.Hələ bu ölüm ədibi 59 yaşda yaxalayacaqdısa, o zaman əldən bir şey gəlməz! Seyidbəyli demək Bakı deməkdir. “Becid gəl”, “becid ol” ifadələridir, ölçüyə əndazə, duzqabıya nəməkdan, darmadığına dərbədağın deməkdir.Seyidbəyli demək seyidlik, bəylikdir, bütünləşmiş və bütləşmiş Bakı obrazıdır.Siz ona yaxın sahillərin adamı deyin, görün necə bəxtiyar olacaq sevgili yazıçımız! Yaxın sahillərin adamı- Həsən Seyidbəyli, sizi uzaq sahillərdə axtardığım üçün məni məzur görün. Yazım əsnasında içimdəki mehribanlığı oyada bildim.Yalnız xoş duyğular sarıdı qəlbimi.Sığallı sözlərimin qulaq pərdəsində toxuduğu naxışlı ilməsi qaldı, xəyal yox, gerçək kimi gördüyüm bir sevgili yarın yarınlara uzanan müjdəsi qaldı.Seyidbəyli əsmasından məhrəm cizgilər, məlhəm duyğular qaldı. Ahhhha, mürgüdən oyanan var.İçimdəki Mehribanın sədası gəlir.Bu saat mənə deyir: -Danışın, hazırdır…Danışın! Danışın, hazırdır…Danışın! Bakı
Nəşriyyat-poliqrafiya sahə¬sində çalışdığım 30 ildən artıq müddətdə minlərlə kitabın nəşrində iştirak etmiş, alimlərin elmi araşdırmalarını, eləcə də müxtəlif elm ocaqlarında fəaliyyət göstərən insanlar haqqındakı avtobioqrafik yazıları bir korrektor olaraq oxumuşam, dizayn-tərtibat işlərilə məşğul olmuşam. Məni bir şey hər zaman düşündürürdü ki, cəmiyyətimizdə elə fəaliyyət sahələri var ki, biz addımbaşı o sahədə çalışanlarla “ünsiyyətdə-yik”, xeyirxah əməllərinə görə onları alqışlayırıq, bizə doğmadılar, əzizdilər, lakin şəxsən tanış deyilik. Təəssüf ki, çox az yazılır, yaxud heç yazılmır onlar haqda… Axı, bu “gözəgörünməz” insanlar öz əməlləri ilə milyonların yoluna işıq, nur saçır, onların fəaliyyət göstərdiyi sahələr Dövlətimizin əsas dayaqlarındandır… Eyni mövzularla işləməyimin bir səbəbi də yəqin ki, 20 ilə yaxın müddətdə Milli Elmlər Akademiyasında çalışmağım olub. Cəmiyyətimizdə tanınmış, ictimai-siyasi fəaliyyətlə məşğul olan bir çox dəyərli insanlarla bu gün də dost münasibətlərim davam edir. Həyatda ən böyük qazancım da elə budur… Bu yaxınlarda 2 saylı Bakı Tibb Kolleci müəllimlərinin cap işləri də mənə həvalə edilmişdi. Az bir müddətdə hər biri ilə son dərəcə səmimi ünsiyyət yarandı, xoşluqla ayrılsaq da, düşünürdüm, razı qaldılarmı görəsən… İş əlaqəmizin kəsilməsinə baxmayaraq, bayramlarda, xoş günlərdə əksəriyyətinin diqqətini görürdüm. Telefonuma gələn xoş sözlər, bayram təbrikləri həqiqətən də mənə çox xoş təsir bağışlayırdı. Mən də öz növbəmdə onları diqqətdən kənarda qoymamağa çalışır¬dım. Statuslarını izləyirdim. Paylaşımlarına münasibətimi bildirirdim. Beləliklə, səmimi ünsiyyətimiz davam edirdi. Onlardan biri də Töhfə müəllimə idi. Töhfə Cəfərağa qızı Mövsümova. Bu yaxınlarda Töhfə xanımın statusundakı hüznlü yazı isə məni çox sarsıtdı… Çöhrəsi nurlu bir insanın şəkli və acı göz yaşları içində yazılan vida kəlmələri… Atası dünyasını dəyişmişdi… O nurlu sima mənə o qədər doğma gəldi ki… Haradan, necə anlaya bilmədim… Azərbaycanın yol-inşaat sahə¬sin¬də tanınmış insan, Əməkdar mü¬həndis, “AzVirt” MMC-nin baş mühəndisi, ləyaqətlə, şərəflə 72 il ömür sürən Cəfərağa Şiriyev 19 may 2024-cü ildə qəflətən vəfat etmişdi. Həm ailəsini, həm təmsil etdiyi yol-inşaat sahəsindəki bütün dostlarını, iş yoldaşlarını qəfil gedişi ilə sarsıtmışdı… Bir gün əvvəl – 18 mayda axşamçağı işi ilə əlaqədar Qarabağdan qayıdıbmış… Bəlkə doğmalığın bir səbəbi də elə buymuş. Bəlkə bu yazı Cəfərağa müəllimə Qarabağ xanlığının əsasını qoyan ulu babalarım Cavanşirlərin qanı axıdılan yurd yerimizdəki zəhməti müqabilində ilahinin çiynimə qoyduğu bir minnətdarlıq borcudur? Hər şey ola bilər… Töhfə xanımın paylaşımına anındaca mü¬nasi¬bətimi bildirdim. Mən də valideynlərimi itirdiyim üçün, o ağır anlarımda təsəlli tap¬dığım zərrəcik boyda nəsə olmuşdusa, Töhfə xanımla bölüşməyə, onu ovundurmağa çalışdım… Amma üzü dönsün ayrılığın… Əzizlərin itkisini nələrsə ovunduracaq gücdədirmi ki… Zaman lazımdır bu yaranın qaysaqlanması üçün… Düzdür, heç kəs ölənlə ölmür, ürəyimizin bir parçası olan əzizlərimiz bizi əbədilik tərk etməklə həmin parçanı da özləri ilə qoparıb aparır, o yer hey sızlayır, göynəyir… Yaşayırsan, həyatına davam edirsən, lakin bu ağrını ömürlük yaşayaraq davam edirsən… Bu, həyatın acı gerçəkliyidir, bəlkə də əksinə… Unudulmamaq haqqı olan əzizlərimizin əbədiyaşarlıgının təzahürüdür… Mən adətən şəxsən tanımadığım insanlar haqda yazı yazmağa çətinlik çəkirəm. Düşünürəm ki, qeyri-səmimi alınar. Amma Xalq şairimiz Nəriman Həsənzadə həmişə deyir ki, insanlar təkcə qan qohumluğu ilə yaxın olmurlar, onları doğmalaşdıran həm də “tərcümeyi-hal qohumluğudur”. Mən də Töhfə xanımın nurlu atasını çöhrəsində əks olunan alicənablığı, ziyalılığı, zəhmətkeşliyi ilə eynilə atama oxşatdım. Bir doğmalıq gəldi mənə. Yəqin, bu “tərcümeyi-hal qohumluğu” da iç dünyamı silkələdi… Cəfərağa müəllimin qəfil dünyasını dəyişməsindən sarsılan “AzVirt” MMC-nin baş direktor müavini Nəriman Nağıyevin həmkarı haqda ürək yanğısı ilə yazdığı yazını oxudum. Həyat və fəaliyyəti gözlərim önündə canlandı… Yaxşı yadımdadır… 90-cı illər idi. “Elm” nəşriyyatında çalışırdım. Bir müəllifimiz vardı. Bəhram İbrahimov. “İnşaatçı” qəzetinin əməkdaşı idi. Azərbaycanda fəaliyyət göstərən elə bir yol-inşaat, tikinti-quraşdırma sahələri olmazdı ki, bu cəfakeş insan onlardan yazılar, oçerklər, kitablar yazıb çap elətdirməsin. Onun xeyli kitabını işləmişdim. Səhv etmirəmsə, bu simalara, adlara o kitablarda rast gəlmişəm. Təəssüf ki, hal-hazırda kitablar əlimdə olmadığından dəqiqləş¬dirə bilmədim… Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqqında mətbuatda, sosial şəbəkələrdə gedən yazıları, dostlarının, iş yoldaşlarının, övladının ürək yanğılarını oxuyuram. Çox təəssüf edirəm ləyaqətli bir vətəndaşın, etibarlı dostun, sədaqətli ailə başçısının, mehriban atanın, babanın vaxtsız itkisinə…
Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, bu son kəlmələrim, həqiqətən də Töhfə xanıma sadəcə bir təsəlli deyil. Ona demək istəyirəm ki… Yarandığı gündən son mənzilədək insan çalışır, çarpışır ki, nəsə bir faydalı iş görsün, sağlığında da, axirətində də rəhmət qazansın. Amma bu, hər kəsə nəsib olurmu? Əsla… Sevimli Atanız Cəfərağa müəllim sağlığında minlərlə dəfə bu rəhməti qazanıb. Hələ çox qazanacaq… Onu tanımayanların dilindən belə… Ağlımız kəsəndən nənə-babalarımız yol salmağın, su çəkməyin nə qədər savab bir iş olduğunu, insana nə qədər rəhmət qazandıracağını bizə nəsihət ediblər. Xoş sizin halınıza ki, belə bir şərəfli ömür sürmüş atanın övladısınız. Nə xoş ki, vətənimizin belə ləyaqətli övladları var. Nə xoş ki, Dövlətimiz, hökumətimiz də onun əməyini zamanında dəyərləndirib. İntizarla Qarabağa köç edəcəyimiz günü gözləyirəm. Bilin ki, atanızın ürək qoyduğu o yollarla addımlayanda hər dəfə dilimdə sidq ürəklə bu dua səslənəcək: “Allah sənə rəhmət eləsin, Cəfərağa müəllim! Məkanın cənnət, yerin behişt olsun! Haqqını halal et bizlərə…”
Əməkdar jurnalist Zərbalı Mirzənin “İnşaatçı” qəzetində Cəfərağa Şiriyevin 70 illik yubileyi münasibətilə dərc etdirdiyi məqalədən bir neçə məqamı da oxucularla bölüşməyi lazım bildim… Jurnalist Cəfərağa müəllimə sual verəndə ki, təcrübəli mühəndis kimi formalaşmağınızda kimlərin haqqı var? O, belə cavab vermişdir: Mən özümü Əli Musa oğlu Əliyevin yol inşaatı Akademiyasının məzunu hesab edirəm… O, bu gün haqq dünyasında olsa da, mən onu hələ də oxuyuram, görürəm ki, hələ ondan öyrəniləsi çox mətləblər var…
“…Cəfərağa müəllim ailəlidir. 3 övladı var. Həyat yoldaşı Südabə Nurəddin qızı kimyaçı-texnoloqdur. Hal-hazırda təqaüddədir. Böyük qızı Mövsümova Töhfə Cəfərağa qızı ali təhsillidir, 2 saylı Bakı Tibb Kollecində müəllim işləyir, ailəlidir.
Ortancıl qızı Rəhimova Günel Cəfərağa qızı “Atəşgah” sığorta şirkətində təftiş komissiyasının sədri vəzifəsində işləyir, ailəlidir. Ailənin kişik qızı Hacıyeva Gülnar Cəfərağa qızı Azərbaycan Respublikası Hesablama Palatasında sektor müdiri vəzifəsində işləyir, ailəlidir…”
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynovun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmovun, “AzVirt” MMC-nin texniki istehsalat şöbəsinin rəhbəri Nəriman Nağıyevin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan Mühəndislik İqtisadiyyatı” kafedrasının müəllimi, iqtisad elmləri doktoru Ayaz Orucovun Cəfərağa müəllim haqda söylədiyi yüksək fikirlər onun nurlu ömür yoluna bir az da işıq salır… Etibar Hüseynov: “… “AzVirt” MMC respublikada yol tikinti sahəsində xüsusi rolu olan özəl bir tikinti qurumudur və onların nümunəvi, keyfiyyətli işləri dəfələrlə dövlət rəhbəri səviyyəsində təqdir olunmuşdur. Şübhəsiz ki, şirkətin uğurlarının təməlində baş direktor Kamil Əliyevin və baş mühəndis Cəfərağa Şiriyevin rolu böyükdür.”
Ayaz Orucov: “…Tərəddüd etmədən deyə bilərəm ki, o, bu gün Azərbaycanın yol mühəndisləri ordusunda flaqman insanlardan biridir. Respublikanın yol tikintisində çoxillik gərgin fəaliyyəti yol inşaatı sahəsində çalışan gənc mütəxəssislər üçün sözün həqiqi mənasında bir məktəbdir və təqdir olunmalıdır”.
“AzVirt” MMC-in baş direktor müavini Nəriman Nağıyevin Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqda qələmə aldığı “Şərəfli yolunu özü inşa etmişdi” yazısını da oxuculara təqdim etməyi özümə borc bildim. “Öz qismətinə heyran qalan, Canım Atam”. Ölümündən sonra onun barəsində qızının sosial şəbəkədə paylaşımında bu fikri qeyd etməsi diqqət çəkməyə bilməzdi. Həqiqətən də belə oldu. Bir anda ölüm xəbəri yayılanda heç kim inanmaq istəmədi. “Bu nə qismətdir” deyərək təəccüblənən, şok keçirən bir çoxları eşitdiklərinin həyəcanını yaşadı. Elə övladı Töhfə xanımın yazdığı kimi, atası da öz qismətinə heyran qalmışdı. Bir neçə gün öncə Azərbaycanın yol təssərrüfatında tanınmış insan, əməkdar mühəndis, “AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyevi itirdik. O, bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. 19 may 2024-cü ildə qəflətən vəfat etdi. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı. Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib. C.Şiriyev 1974-1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı, baş mühəndis vəzifələrində işləyib. 1978-1990-cı illər ərzində 6 saylı “Xüsusiyoltresti” idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 saylı Yol Tikinti İdarəsində baş mühəndis, həmin idarənin rəisi vəzifələrində çalışıb. 1992-1993-cü illər ərzində Bakı şəhəri İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illərdə “Azəryoltikintitəmir” trestinin “İnkişaf” Elmi-İstehsalat müəssisəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.
1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan “AzVirt” Azərbaycan-Almaniya Birgə müəssisəsinin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işə başlayıb, 2004-cü ildən isə ömrünün sonunadək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb. Cəfərağa Şiriyev “AzVirt” MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orda onun adı keçməsin. Böyük Şor dairəsi – Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan-Bilgəh, Buzovna-Mərdəkan-Qala, , Qala-Pirallahı, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, Olimpiya Stadionuna aparan yollar, körpülər, tunellər, Formula-1 “Azərbaycan Gran Prisi” üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə-neçə layihədə Cəfərağa müəllimin izini görmək, nəfəsini duymaq mümkündür. Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev AzVirt-in işini ləyaqətlə yerinə yetirib. Gələn il 30 yaşını qeyd edəcəyimiz AzVirt-in 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində C.Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də Yeni Aerovağzal Terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o, daim iş başında olardı. Nəhayət Cəfərağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, “AzVirt”in baş ofisində az-az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanları, “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Füzuli-Hadrut yolları kimi mühüm layihələrin icrası həvalə olundu. O, bəlkə də sayıla biləcək baş mühəndislərdən idi ki, gününü istehsalatda, tikinti meydançasında keçirirdi. Çünki bunu görüb mənimsədiyi bir məktəb vardı. Bu məktəb “AzVirt”in yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarəetmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. C.Şiriyev professor Əli müəllimin bir deyimini heç vaxt unutmurdu: “Neçə illərdir bu asfaltı qurdalayıram, amma hələ də heç nə bilmirəm”. Böyük bir alimdən bu sözü eşitmək nə qədər qəribə səslənsə də, bunun qiymətli hikməti vardı. Məhz Cəfərağa müəllim də belə dəyərli kəlamlar üzərində inkişaf yolu keçib, böyük layihələrə imza ata bilmişdi. Yorulmurdu. Xüsusən də Qarabağda daha çox qalmağa üstünlük verirdi. Elə sonuncu dəfə də mayın 18-də – həftənin 6-cı günü axşam saatlarında Zəngilandan qayıtmışdı. Bazar günü günortaya yaxın isə vəfat etməsi xəbəri yayıldı. Özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir və babasının yolunu davam etdirir. O, sözün əsl mənasında Azərbaycanı “Gələcəyə aparan yollar”da öz adını əbədiləşdirə bildi. Harda “AzVirt” adı çəkilirsə, deməli orda bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi “AzVirt” ailəsi, doğmaları, eləcə də, onu tanıyan digər insanların qəlbində daim yaşayacaqdır.” “Marja.az”. 25.05.2024
Cəfərağa müəllim İlahidən ona yazılan qismətə şükranlıqla yanaşaraq, sevimli ailəsinin poetik taplosunu şairanə təbiətiylə heyranlıqla yaratmışdır…
Rəbbimə şükr edirəm verib mənə can, nə gözəl, Canıma can artırıb eylədi canan, nə gözəl!
Ömrümə bəzək verən bir gözələ tuş eylədi, Gözəllə gözəl olurmuş yeni dövran, nə gözəl!
Arzuma, istəyimə bircə dəfə yox demədi, Ruzimi verdi mənim etdi firavan, nə gözəl!
Əmanət etdi mənə ən sevimli məxluqun O, Etibar qazanmaqsa sirri Xudadan, nə gözəl!
Üç gözəl verdi mənə, üç gözələ bircə ana, Gedərəm, uf demərəm, hamsına qurban, nə gözəl!
Əyər ki, hər bir ata ruhən sevsə övladını, Bir uşaq tapammarıq qəlbi pərişan, nə gözəl!
İlahi, qismətimə şükr eləyib yorulmuram, Özüm öz qismətimə olmuşam heyran, nə gözəl!
Sonda onu da qeyd etməyi özümə borc bildim ki, 1974-cü ildən ömrünü yol inşaatı işində şam kimi əridən Cəfərağa Şiriyevin əmək fəaliyyətinin 50 ili bu il tamam olacaqdı. Özü haqq dünyasında olsa da, əminəm ki, dostları, həmkarları adının əbədiləşdirilməsi üçün ona layiq bir iş görəcəklər…
İyunun 25-də saat 11:00-da “LaCinema” kino mərkəzində Laçın Simurq Kitabxanasının təşkilatçılığı ilə “Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ” mövzusu adlı tədbir keçirildi. Tədbir mərhum şair, publisist Fikrət Sadığın qızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika İncəsənət Gimnaziyasının nəzdində fəaliyyət göstərən “Balaca” yazarlar birliyinin rəhbəri Aysel Fikrətin moderatorluğu ilə baş tutdu. Azərbaycan Respublikasının dövlət himni səsləndi, qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Aparıcı Aysel xanım Laçına gələnlər haqqında qısa məlumat verməklə, qonaqları təqdim etdi. Daha sonra Şərq-Qərb nəşriyyat evinin redaktoru Nərgiz xanım Fikrət Sadıq yaradıcılığı haqda geniş məlumat verdi. Təşkilatçı Aysel Fikrət vətənpərvərlik haqqında şerlər ifa etdi. Simurq kitabxanasına Fikrət Sadığın şəxsi kitabxanasından kitablar bağışlanıldı. Kitabxananın əməkdaşlarına və şer söyləyən məktəblilərə “Fikrət Sadıq işığı” adlı sertifikat təqdim edildi. Tədbir şair Fikrət Sadığın tərcümə etdiyi Şəhriyarın sözlərinə bəstələnmiş Azərbaycan mahnısı ilə sona çatdırıldı. Fotolar: