www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Təranə Dəmir – Yalanmış hamısı…

***

Gecənin dörd yanı zülmətdi,
Ulduzlar zülmətə dustaqdı…
Ümid son işıqdı,
Arzular boş ümid,
Həyatsa oyuncaqdı…
Ömür olla öl arası zaman kəsiyidi,
Payız , qış həsrət yoğurur,
Xoşbəxtlik bir baharlıq qonaqdı..
Yalanlar at oynatdıqca
Rəng verib rəng alır dünya,
Həqiqət son dayanacaqdı..
Sevdalar ayrılıqla başlayır,
Taleyin işinə qarışmaq günahdı..
Hamı Tanrıdan yapışır,
Tanrısa göydən,
Göy üzü calaqdı.
Rəngli -rəngli nağılla
alladır bu günü adam,
Bir də baxırsan ki…. Sabahdı…

***


Bir yiyəsiz əsgər çəkməsi yol gözləyir bir dağın aşırımında.
Vətəndən aralı , gözdən, qulaqdan uzaq.
İpi boğazından asılı,
üz gözü tikə -tikə,
cırmaq -cırmaq.
Başının üstündə külək əsir,
Yağış yağır..
Bir şair güzgü qabağında Vətənə
qalibiyyət şeiri deyir ,
Bir qız gecənin qaranlığında
saçlarına ayrılıq taxır .
Şair sözü , qız saçlarını alladır ,
Qulağı cingildəyir tarixin.
Sağ ayağı çəlik əsgər sol ayağıyla Vətənə çatır.
O yeridikcə yollar töyşüyür,
Torpaq qan -tərə batır.
Və..
Sözündən düşür şeir!
Özündən düşür şeir!
Gözündən düşür şeir!

***


Bapbalaca yuvamız vardı,
Pəncərəsi günəşə açılan,
Tavanı göydən asılı.
Divarlarında kölgəmiz qaçan,
Qapısında sevdamız yazılı.
Lap pəri masalı kimi.
Uçuq -sökük divarlarında gizlədirdi
İçindəki bəxtəvərliyi.
Kimsəyə verməzdi sirrini.
Qorxusu yox idi itdən, pişikdən, oğrudan.
Bizimlə gecələyirdi,
Bizimlə oyanırdı yuxudan.
Ulduzları göy üzündən dərib sərirdik ömrümüzə.
Ocaq idi yuvamız,
Qucaq idi yuvamız .
Cibimizdəki qəpiklərlə sayırdıq günlərimizi,
Xoşbəxt idik ən azı.
Bizi ağrıtmırdı dünəndə ilişib qalan xəyallar,
Bu gündən sabaha daşıyırdıq yalın yalavac arzuları.
..Sonra üç əllə ,
Daha sonra dörd əllə
döydük qapımızı.
Açıldı qapılar,
Bağlandı qapılar .
Sonra daha cibimiz əlimizdən utanmadı,
Genəldi yuvamız,
Köhnəldi yuvamız.
İllər saçımızı,
Yollar ayağımızı yordu.
Biz yorulduqca
Dincəldi yuvamız.
…Daha pəri masalına inanmıram, bilirsən?
Yalanmış hamısı..

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tolstoya görə güclü insanların 7 xüsusiyyətləri var

Tolstoya görə güclü insanların 7 xüsusiyyətləri var:
• “Yox” deyə bilmək.
• istədiyinizi çəkinmədən ifadə edə bilmək
• Vəziyyət nə olursa olsun təslim olmamaq.
• Lazım olanda təslim olmağı bacarmaq
• Yalnızlıqdan qorxmamaq.
• Öz səhvləri ilə üzləşməyi bacarmaq.
• Mənfi tənqidə açıq olmaq.
Bu dövrün dərk edilməsi, psixologiya-fəlsəfə savadına olan marağımızla öyrəndiklərimiz, məhşurlaşan çox qiymətli qədim biliklərimizi həyatımıza uyğunlaşdırmağımız bəzən bizi bir ucdan o biri uclara atır. Buna görə də bu vacib xüsusiyyətlər haqqında bir neçə şey yazmaq istədim.”Yox” deyə bilmək, öz ehtiyaclarını qarşılamaq, səmimi münasibətlər qurmaq, hissləri ilə paralel hərəkətlər etməyə diqqət yetirmək, eyni zamanda bunu edərkən qarşı tərəfə diqqətli və sadəlövh davranmaq lazımdır. Populyar anlayışlar bəzən rəqiblərini darmadağın edə bilir. Biz “yox” deməyin əleyhdarı ola və “fədakarlıq” anlayışına qarşı ol bilərik.
Əslində hər anlayışa balanslı və çevik yanaşsaq, bəzən belə olur, bəzən də belə olur desək, heç nədən möhkəm yapışmasaq, “mən beləyəm” desək, daha sağlam əlaqələr qura biləcəyimizi düşünürəm. Söhbət “yalnız mənəm” demək deyil, hər şeydə olduğu kimi tarazlığı tapmaqdır.
Bəs vaz keçməli olduğunuz məqam nə vaxtdır? Fikrimcə, bunu etmək üçün əlinizdən gələni etdiyinizə əmin olduğunuz nöqtədədir. İnandığınız hər yolu sınadığınıza və istədiyinizə əmin olduğunuz şey naminə əlinizdən gələni etdiyinizə əminsinizsə, “buraxın?”
İnsanlar sosial varlıqlardır, lakin bəzən tək qalmaq sağlam münasibətlər qurmaq üçün vacib açardır.Ancaq tək qalmaq və hətta bundan həzz almaq üçün gücümüz varsa, həqiqətən istədiyimiz üçün biri ilə münasibət quracağıq.Ona görə yox ki, özümüzü ehtiyaclı və ya məcburi hiss edirik.zBu, bizə daha səmimi və ahəngdar münasibətlər qurmağa kömək edir. “Mən tək qalmaqdan qorxmuram” deyərkən biz də “əlaqədən qaçmamağımıza” əmin olmaq istəyirik.
Bəzən yorucu olsa da, öz səhvlərini qəbul etmək və tənqidə açıq olmaq bizi həyatda çox daha sürətli irəli aparan, əlaqələrimizi asanlaşdıran xüsusiyyətlərdir.Bəs bunun əksi nədir? “Bir tərəfə çəkilmək, məsələn, özünə mərhəmət göstərməmək, çox tənqidi olmaq, manipulyasiya etməyə çox açıq olmaq və özümüzü manipulyasiya etmək”
Doğru bildiyimiz və həqiqətən faydalı olan anlayışlardan belə möhkəm yapışmaq yox, balanslı olmaq, obyektiv və mərhəmətli mühakimə yürütmək, onları ağıl süzgəcindən keçirmək vacibdir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dövlət dilimizin elan olunmasından 106 il keçir.

27 iyun 1918-ci ildə Türk dili rəsmi dövlət dili elan edilib.

Dövlət dilimizin elan olunmasından 106 il keçir.

Dünən Ordumuzun yaranmasının 106 illiyini qeyd etdik. Ümumiyyətlə zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının ölkəmiz üçün əlamətdar olan, özəlliklə dövlət tarixi ilə bağlı məsələlərdə təməlin Cümhuriyyət dönəmindən götürməsi həm hüquq, həm siyasi-ideoloji olaraq doğrudur və vacib amildir.

Lakin bu sadəcə dövlət qurumlarının yaradılışı ilə olmamalıdır. Biz sadəcə yaradılan nazirliklərin varisi deyilik axı. Biz hər şeydən öncə “Millətlərə İstiqlal, İnsanlara Hürriyət” fikrinin varisləriyik. Biz bu fikirlərlə Azərbaycan türklərinin dövlət anlayışının necə bir fəlsəfəyə söykəndiyini tarixdə dövlət quraraq isbat etdik.

Qurduğumuz dövlətin dili isə 27 iyun 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul edilərək Türk dili rəsmi dövlət dili elan edilib.

Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.

Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.

Hesab edirəm ki, cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq.
Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur.

Bu da o deməkdir ki, dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir.
Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.

Bunu isə aydınlarımız müzakirəyə çıxartmalıdırlar. Aydınlarımız isə susur.
Susqunluqla aydın olmaq mümkün deyil, cənablar. Aydını olmayan cəmiyyət qaranlığa məhkumdur. Tarixi və zamanı unutmayın.

P.S. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bu gün həm də onu anmaq haqqıdır.

Müəllif: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – İCAZƏNİZLƏ

İCAZƏNİZLƏ

İxtiyar olsaydı tale yazmağa
Bir qələm çalardım icazənizlə.
Təkcə şairliyim qalsın deyərdim,
Söz sözə calardım icazənizlə.

Gün, gecə bilməzdim, yaşıl bağların
Yolunu yorardım buz bulaqların,
Mərmər qayaların, zirvə dağların
Seyrinə dalardım icazənizlə.

Deyərdim əlini ver, yolu keçək,
Təkcə yuxulardı dünyada gerçək.
Qurumasın deyə bir gül, bir çiçək,
Ağlayıb sulardım icazənizlə.

Baxmazdım kim kimi niyə daşladı,
Xeyir də var, şər də – başqa-başqadı.
Sevərək yaşayıb ölmək başqadı,
Eşqə qul olardım icazənizlə.

Qoy hamı dilinə salam gətirsin,
Rəbbim dərdi-səri sona yetirsin.
Kim nə istəyirsə alıb götürsün,
Mən könül alardım icazənizlə.

25.06.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nuranə Rafailqızı – Bir yay gecəsi.

Bir yay gecəsi

Adi bir yay gecəsi..
çöldə yağış yağır,
hərdənbir ildırım da çaxır,
səs-küy salır aləmə
göylərin gurultusu.
Həyətdə
qorxusundan hürən itimin,
bir də
yanımda yatan
pişiyimin mırıltısı
pozur gecənin sükutunu.
Dinləyirəm,
bu həzin
simfoniyanı gilə-gilə,
ruhum da,
yavaş-yavaş gəlir dilə.
Həmişəki kimi,
bir kağız, bir qələm
çəkir maqnit kimi məni özünə,
masamın bir küncündən.
İstəyirəm,
ayrılıb bu karvanın köçündən
xatırlayıb-xatırlamadığım
hər şeyi unudam,
yaddaşımı sıfırlayıb,
silib atam…
Körpə uşaq kimi
düşüm ayaqyalın,
qaçım o yana, bu yana,
üstüm-başım islana-islana
yuyum, təmizləyim
ruhumu sabaha qədər…

…Yan otaqdan
bir səs gəlir:
-Dur, söndür o işığı,
pul yazır axı yetər…

Müəllif: Nuranə RAFAİLQIZI

NURANƏ RAFAİLQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Aslanxanlı – Rəhmətlik Allahverdi Mehdiyevi xatırladım…

Rəhmətlik Allahverdi Mehdiyevi xatırladım…

Allahverdi müəllim xeyirxah insan, Azərbaycan maraqlarını bütün başqa maraqlardan üstün tutan şəxsiyyət, yüksək mənəvi dəyərlərə sahib, ərəb dilinin incəliklərindən xəbərdar, hətta ilk baxışda nəzərə çarpmayan keyfiyyətləri ilə yaddaşımızda yaşamağa haqqı olan bir ziyalı idi.
Allahverdi kəndimizin-Böyük Mərcanlı kəndinin böyüklərinin də, cavanlarının da dilində adı hörmətlə çəkilən, ağsaqqallığı, müdirikliyi ilə tanınan, təhsilə dəyər verən Məhəmməd kişinin ailəsində böyümüşdü…
Bu ailə kəndimizin fəxr etdiyi ailələrdən idi… Ailələrə, gənclərə elm-təhsil yolunu göstərən önçül bir ailə idi…
Allahverdi müəllim ADU-nin şərqşünaslıq fakültəsini bitirmiş, “Azərbaycan” qəzetindən öncə, Liviyada tərcüməçi işləmişdi… Radioda ərəb verlişləri redaksiyasında çalışmışdı. Onun haqqında ilkin məlumatım bu qədər idi…
2006-cı ildə “Ad günləri qarşıdadır” kitabım çap olunmuşdü. Tələbəlik illərindən tanıdığım, otaq yoldaşı olduğum “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitabla tanış oldu, məni təbrik etdi.
Deyim ki, kitabdakı “Ad günləri qarşıdadır” poemam Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucova həsr edilib. Vəzir Orucov haqqında “Azərbaycan” və başqa qəzetlərdə çıxan məqalələri oxuyandan sonra bu poemanı yazmışam… Yeri gəldi, bunları da Bəxtiyar müəllimə dedim.
Bəxtiyar müəllim:
-Bu kitab haqqında bizim qəzetdə də bir yazı getsin,- dedi.
Bundan sonra qəzetin şöbə müdiri Allahverdi müəllim də bizimlə həmfikir oldu.
Ancaq mən narahat idim… Bu qəzet ədəbiyyatyönlü deyil, Allahverdı müəllim də müəyyən bir çərçivədə bu kitabın əsas cizgilərini ifadə edə biləcəkmi?.. Onun ədəbi nümunələrə münasibəti haqda da geniş məlumatım yox idi.
Sonra Allahverdi müəllimlə görüşəndə məni heyrət bürüdü. Bu halı mənə yaşadan bu addamın bədii əsərə diqqəti, möhkəm yaddaşı idi… Ən yüksək mənəvi dəyərlərin üzərində möhkəmlənmiş yaddaşı… Məlum oldu ki,o, hətta sevimli şairimiz rəhmətlik İsa İsmayılzadənin radioda məndən bəhs etdiyi verilişə çox diqqətlə qulaq asıb. Və o veriliş bütün təfərrüatı ilə onun yadındadı… Mən özüm bu verlişə çol şəraitində, kəndimizdə tut bağında- səsucaldıcı radiodan qulaq asmışdım.
Məlum oldu ki, kitabda gedən ictimai məzmunlu şeirlər onun yaddaşına hopur, belə şeirləri daha çox qiymətləndirir:

-Bir yоl vаr-dirənir dаşа, qаyаyа,
Bir çаy vаr-bаğrımın bаşındаn кеçir…
Хаlqın bölünməsi sоyuq su оlub,
Хаlqın süfrəsindən, аşındаn кеçir!..

Dоst оlаn, lаyiqdi dоstа tən gələ,
Nə çох yоlumuzа qurulub tələ…
Gör, кimlər dəyirmаn işlədir hələ,
Gör, кimlər dəyirmаn dаşındаn кеçir!.

Bölündüк düşmənin məhаrətindən,
Nаmərdin bulаnıq хаsiyyətindən…
Аrаz Pyоtrun vəsiyyətindən,
Nаdirin gözünün yаşındаn кеçir!..

Bəli, sui-qəsd nəticəsində öldürülən, Azərbaycanın bütövlüyünə çalışan Nadir şahın kədəri, göz yaşları hələ də xalqımızın ürəyini dağlayır,- dedi…

-Аtа оcаğınа аrха çеvirmə,
Кəsib hər tərəfi, yаnı sоyuqlаr.
Isti оcаqlаrı suyа qərq еdir,
Хаlqı кi düşünmür qаnısоyuqlаr!..

Şəxsi maraqlar var, gizlənib tində,
Milli iradəsi, milli dərki yox…
Оğrulаr bаşlаyаr öz оbаsındаn,
Yахındı, uzаqdı оnа fərqi yох!..

Allahverdi müəllim çox sakit bir səslə:
-Dəqiq ifadələrdi,-dedi.
Allahverdi müəllim sonra kitab haqda “Yurd nisgilli misralar”ı yazdı:
“Musa Aslanxanlının imzası ilə oxucular çoxdan-ötən əsrin 70-ci illərindən tanışdılar. O vaxtlar gənc şairin mətbuatda ara-sıra görünən şeirləri ədəbi ictimaiyyəin diqqətini cəlb etmişdi. Xüsusi ilə “Pıçıltı-pıçıltı açir çiçəklər “ şeiri rəfbətlə qarşılanmışdı. Şeirdə ürəkoxşayan sətirlər vardı:

Bir vахt bu yеrlərə bir qız gələrdi,
Necə bəzənərdi göy biçənəкlər!..
Indi bu yеrlərdə susun, dinməyin,
Pıçıltı-pıçıltı аçır çiçəкlər…”

Əziz oxucular, dəqiqlik üçün deyim ki, mənim mərkəzi mətbuatda ilk şeirim 1968-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. “Yağış yağır, ay gülüm.” Oxucu məktubları da almışam… Təəssüf ki, Allahverdi müəllimə bu haqda mən məlumat verməmişdim.

Allahverdi müəllimin məqaləsindən: “Necə oldusa, Musa uzun illər poeziyadan uzaq düşdü. Amma qayıtdı. Qayıdanda isə dövr tamam dəyişmişdi. Vətənin başı üstünü qara buludlar almışdı. Qarı düşmən baş qaldırıb varlığımıza qənim kəsilmişdi. Vətənin dilbər guşələri yadların əlinə keçdi, yüz minlərlə soydaşımız kimi Musa da didərgin həyatı yaşamağa məhkum oldu.
Şairin bu yaxınlarda çapdan çıxmış “Ad günləri qarşıdadır” kitabında toplanmış şeirlərdə hər şeydən əvvəl yurd həsrəti, yurd nisgili hakimdir. Müəllif indi əlçatmaz olmuş doğma yerləri xatırlayır, düşmən tapdığı altında qalmış vətənin harayını poetik dildə səsləndirir. Torpaq itkisinin doğurduğu ağri-aci bitməz-tükənməzdir:

Bir tоrpаqdаn söz аçırаm,
О tоrpаq кi
gözəl хаlı…
Hər ilməsi min bir diləк
nахış-nахış,
çiçəк-çiçəк.
Bаhаr ətri, göy qurşаğı
büllur hаvа
O хаlıdа nахış оlub, хоnçа оlub,
О хаlının bir кiçiciк охşаrı dа
Müdriк, gözəl sənətкаrın-
Mir Cəlаlın Sоnаsının
tохuduğu хаlçа оlub!
Hеyif, bu gün
qəlbimizin nахışlаrı, butаlаrı
qаlıb yаdlаr аyаğındа…
ardı var.

Müəllif: Musa ASLANXANLI

                     AYB-in üzvü. Prezident təqaüdçüsü.

MUSA ASLANXANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BU AXŞAM….

BU AXŞAM….
Bu axşam yenə də gəlmədin gülüm…
Gözləyə-gözləyə qaldıq masada;
Bir ağ kağız idi, bir sarı qələm,
Pəncərə önündə üşüyən çayın,
Bir də öləziyən şamdı kasada….
Sarı yarpaqlar da elədi xiffət,
Hər səni görəndə gülən, sevinən…
Pəncərə şüşəsi ağladı xəlvət…
Çiyninə atdığın şalın üşüdü,
Halsız uzanıbdı, tir-tap masamda….

* * *
Bu axşam yenə də gəlmədin gülüm…
Ocaqda üşüyən odun ağladı,
Yataqda büzüşən yorğan ağladı,
Tək mənim vecimə omadı heç nə…
Dildə tez-tez dedim; gəlmir, gəlməsin…
İçin-için yandım bir mehə təşnə…
Yerin dəyişdiyin külqabı qəmgin,
Bir qəfil toxunuş gəlir işinə,
Mütəkkə qolunu gəzir bu axşam,
Rəqqas bir qapaza həsrət masamda….
29.09.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ölü evdən qeydlər”

“Ölü evdən qeydlər”

Dostoyevski izdihamlı bir yığıncaqda söylədiyi nitq və oxuduğu şeirə görə rus çarı tərəfindən həbsə məhkum edilmiş və Sibirə sürgün edilmişdir. O, həbsdə olduğu illəri “Ölü evdən qeydlər” kitabında toplayıb.Müəllif bildirir ki, burada yaşamazdan əvvəl o, xalqı tanıdığını zənn etmiş, amma həbsdə olduğu illərdə səhv etdiyini anlamışdır. Dostoyevski “qara insanlar” olaraq xarakterizə etdiyi bu qrupla qarşılaşdıqdan sonra insanları təhlil etməyə və onların daxili aləmlərinin dərinliklərinə getməyə başladı.
Sürgündə Dostoyevski həbsxanada itlə insan münasibətləri ilə bağlı müşahidə eksperimenti aparır. O, itin arxasınca gedərəj yanından keçən hər bir məhbusun onu təpiklədiyini müşahidə etdi. Maraqlısı o idi ki, it məhbuslardan qaçmayıb və ona bir məhbus yaxınlaşanda əyilib mövqe tuturdu.İtin yanından keçən hər məhbus iti təpikləyir və it buna heç bir reaksiya vermirdi.Bir gün Dostoyevski itə yaxınlaşıb başını sığallamağa başladı. İt bir müddət təəccüblə ona baxır, sonra cəld ondan uzaqlaşır və acı-acı hürür. Qarşısına gələn məhbusun təpiklədiyi it o gündən Dostoyevskini hara görsə, ondan qaçır və bir daha ona yaxınlaşmır.Dostoyevskidən qaçan itin təpik atanlardan qaçmaq əvəzinə başını sığallamağının təbii ki, psixoloji izahı var!

“Şəri həyat şərti kimi qəbul etmiş məxluqların sevgini, qardaşlığı, paylaşmağı gördükdə böyük təəccüb və çaşqınlıq hissi bu…Ruhu əsarətə düşmüş bu it sevgiyə acdır və bu insanlar üçün də keçərlidir… Bəzən pis davrandığın insanlar sənə pərəstiş edir, bəzən də yaxşı davrandığın insanlar sənə nifrət edir…”

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – SƏNƏ HƏSRƏT QALMAZDIM…

SƏNƏ HƏSRƏT QALMAZDIM

Ümid olub, ürəyimə dolsaydın,
Mən özümü tənha, yalnız sanmazdım.
Sevinc olub, üz-gözümə qonsaydın,
Həsrətindən korun-korun yanmazdım.

Sənli ömrüm heç çəkməzdi, dərd-qada,
Xoş günləri, nə tez verdik, biz bada?
Gətirdikcə o günləri mən yada,
Xəyallara dalıb, sənsiz qalmazdım.

Kül üfürdü, fələk güləş gözümə,
Həsrət qaldım, söhbətinə, sözünə,
Versəydim təskinlik, özüm-özümə,
Buludtək kövrəlib, içdən dolmazdım.

Yaşadığım qismət, Tanrı yazandı,
Yaz ömrümü şaxta vurub, xəzandı,
Dərdli könlüm, qəmli dastan yazandı,
Çiçək kimi vaxtsız açıb, solmazdım.

Ürəyimi titrədən xoş duyğudu,
Amalı yaşadan diqqət, qayğıdı,
Bəxtim yatdı, fələk məni qarğıdı,
Qəm küləyi tellərimi yolmazdı,
Uzun illər sənə həsrət qalmazdım.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAZİ-ŞAİRƏ ORDU GÜNÜ TƏBRİKİ

Rəfail Tağızadənin ilk sevgisi

Yunan müdriki Sokrat deyirdi ki, sevgi ölməzlik cəhdidir. İnsana, Vətənə sevginin ölməzliyinin keşiyində dayanmaq, özünü başqasında tapmaq cəsarətdir, hünərdir. Başqası kimdi? Vətəndi, torpaqdı, valideynlərdi, sevgilidi, övladdı. Belə ilahi sevgiləri yaşamaq və yaşatmaq ləyaqətdir, qəhrəmanlıqdır.

Sözü ilahiləşdirməyi bacaran şairlər hətta bir şeiri ilə özünü təqdim və təsdiq edə bilərlər. Uğurlu bir şeir belə şairin ömürlüyü, həyatının məqsədi və məramı kimi onu tanıdar. Qazi şair Rəfail Tağızadənin “Burda məndən sevgi gözləmə” şeiri kimi. Bu poetik nümunə şairin səmimi, cəsarətli, lirik və kövrək etirafıdır, Vətənə, xalqa hesabatıdır.

Rəfail müəllimin “Məndən sevgi gözləmə” xəbərdarlığının özü də sevgi ilə ləbələb doludur. Cəsarətlə kövrəkliyin vəhdəti bənzətməm heç kimə qəribə görünməsin. Bu ülfətin nüvəsində sevgi dayanır.

Sevgi bəşər övladını səmimiliyə, kövrəkliyə, cəsarətə, həqiqəti söyləməyə, yalanı ifşa etməyə, həyatı dəyişdirməyə, gözəlliklər yaratmağa vadar edən ali mənəvi meyardır.

Şeirin ilk iki misrası həsrət və nisgillə yoğrulmuş bir epiqrafdır, müdrik deyimdir. Rəfail müəllim həyatın hər üzünü görən, sınaqlarından üzüağ çıxan, bir müdrikdir fikrimdə yanılmamışam. Adətən yazarlar əsərinin epiqrafında hansısa müdrikdən bir sitat gətirirlər. Rəfail Tağızadənin “epiqraf”ı isə özününküdür:

Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi.

Vətən torpağının köksündə dərin-dərin yaralar – səngərlər – qəbirlər qazmağın ağrısını, ağırlığını, başıaşağılığını, utanclığını yaşamaq son 30 ildə taleyimizin alnına həkk olunan ən qara yazıdır. Bunu qazilər – o “qəbir”lərdə ömrünün gənclik adlı şirin çağının bir hissəsini yaşayanlar yaxşı bilirlər. Vətəni qorumaq, xain düşmənin tapdağından azad etmək şərəfli işdir, həyat məktəbidir ki, burada “oxumaq”, öyrənmək və öyrətmək qəhrəmanlıqdır. Şair-qəhrəman Rəfail Tağızadə də bu şərəfə layiq Vətən oğludur. O, “o başdan bu başa” səngər-qəbirdə mənliyimizi, “özümüzü, qürurumuzu” qoruyanlardan biridir. Qazilik və şairlik bir-birinə doğma sənətdir, Tanrinin sevdiyi insanlara lütfüdür.

Şairin qanlı-qadalı, ölüm-itimli səngər düşüncələri həm də o qədər lirikdir ki, həssas ürəkləri saflaşdırır, kövrəldir, daş qəlbləri yumşaldır. Rəfail müəllim Vətənə sevgi ilə insana sevgini birləşdirib ülviləşdirir, burda sevgi də var, ağrı-acı da:

Buranın gecəsi gündüzündən işıqlı,
gecələr hamı oyaq.
Uçan güllələrin
atəş nöqtəsini görürəm,
döyüşçü dostumun
hənirtisini eşidirəm.
Bu gündüz gecələr
unutdurur hər şeyi –
səni də,
isti yatağı da,
rahatlığı da.
Sən məndən ayrı sevgi umma.
Burada ağ mələfələr qan rəngində,
lalə yanağında qara xal kimi
ətin soyutduğu güllə içində…

Səngər həyatının “özəllik”lərini yerli-yataqlı qələmə almaq üçün şair də döyüşçü olmalıdır. Vətən oğulları baş-başa, çiyin-çiyinə dayananda daha məğrur və əzəmətli olurlar – dağlar, zirvələr kimi:

Gecələr adamın
harasından yaralandığı səsindən,
kimin nə gördüyü,
nə demək istədiyi
susmağından bəlli.

Sevməyən düşünməyi bacarmaz. Əgər insan sevməyə qadirdirsə, həyatı gözəlliyə və yaxşılığa doğru dəyişməyə əsas tapır. Səngərdə aşiqliyin meyarı başqadı, sevginin böyüklüyü “sevirəm!” nidasıyla ölçülmür. “Döyüşün, səngərin ruhuna köklənən” aşiqin və aşiqliyin qaydaları və qayğıları bambaşqadı. “Düşməni axtaran, öldürdüyünü sayan tətiyin qaraltdığı, bərkitdiyi barmaqlar saç sığallaya bilməz”. Sığallaya bilər, Rəfail müəllim, düşməni torpaqlarımızdan qovub o yerlərə qayıdandan sonra. Hələlik səngərdəkilərin “xatirələri an-an, onların zəfərini gözləyən el gözəllərininki il-ildir”:

Mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
indi yaralı əsgərləri qucaqlayır.
Mən indi axan qanı öpürəm,
isti dodaqların kimi.
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş,
soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi istəmə.

Ulduzlar əvəzinə “adamların ulduzunu söndürən ulduz güllələri işıldayan gecələrin” müdhiş “həzin”liyindən qan qoxusu gəlir. Qan qoxusu və həzin, romantik gecələr. Bu bir-biri ilə qol-boyun ola bilməyən söz birləşməsi qan-qadanın, müharibə adlı əzazil Təpəgözün yaratdığı paradoksdur, labirintdir ki, 30 ildir yol tapmaq üçün baş sındırırıq.

“Zamanın sözünü” bizə şeirlərində “Qarabağ rüzgarları”nın nəfəsiylə anladan, “sözün zamanı”nı, yerini yaxşı bilən Rəfail Tağızadə səngərdəkilərin psixoloji ovqatını, “situasiya fərqliliyini, həsrəti güllələməyi”ni, səngərin və səngərdəkilərin kim olduğunu elə təsvir edir ki, sanki sən də ordasan.

Mənə elə gəlir ki, xeyirxah, mərhəmətli, inamlı Rəfail müəllimlə səngərdə çiyin-çiyinə, arxa-arxaya dayansam da düşmən gülləsi məni tapa bilməz. Çünki Rəfail müəllim qoruyuculuq missiyasının daşıyıcısıdır. Qanında, canında olan bu missiyanı səngər “məktəbi”nin dərsləri daha da cilalayıb, mükəmmələşdirib.

Şairin “Qarabağ rüzgarları” kitabına (“Adiloğlu” nəşriyyatı, Bakı – 2009) “müəllifdən” yazısındakı döyüş təəssüratları məndə Vətənin bağrını cadar-cadar etmiş səngərlər barədə tam bilgi formalaşdırıb:

“Səngərin o tayında yalqız qalmış yurd yerinin – bizim əvəzimizə xəcalət çək’n dağların, bir vaxtlar bizlərin yaşadığı, indi isə boş, viran qalmış, uçulmuş, tarimar olmuş evin, kəndin, şəhərin, susuzluqdan, xiffətdən, tənhalıqdan quruyan ağacları, gülləri, çiçəkləri və nələrisə sevə-sevə bitirdiyini çoxdan unudulmuş sahibsiz torpaqların sənə dikilən baxışı, əli silahlı səndən umduğu imdadı, diləyi, tələbi, aralıqda qalmış, eninə-boyuna qazılmış sahələr, barıt qoxusuna qarışan dağ havası, doğma yurdda yadlardan, yağılardan özünü qorumaq instikti, ürəyin istəyən yerə addım qoya bilməməyin, asılılığın – heç nə etmək iqtidarında olmamağın, hər gün bütün bunları yaşamağın və yaşamaq məcburiyyətin səni bu ağrıları yaşayaraq yazmağa, bütün bunlardan qurtulmağa çağırır… Şəhid ruhları başımızın üstündə dövrə vurur, qazilərimizin basdırılmış əlləri, qıçları, qolları, gözləri səngərin o tayından bizi haraylayır”.

Ölümün soyuq nəfəsiylə üz-üzə dayanan, nəm səngərdə Vətənin torpağını, səmasını və bir də ilahi sevgisini qoruyanlar əslində iki cəbhənin əsgərləridir. Onlar arxa cəbhədə qoyub gəldikləri sevdiklərini də qorumaq kimi müqəddəs iş görürlər və sevgililərinə pıçıltı ilə ismarış yollayırlar. Həmin həzin sevgi notlarını qazi ilə qoşa şəklinə baxıb ümidlə yol gözləyənlər hər gecə dinləyirlər:

Hər gecə səngərin o tayından
məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz Vətən sevgisi…

Azadlıq mücahidi, örnəyi və mücəssəməsi Şeyx Şamilin düşüncəsinə görə, əgər torpağınız kafir ayaqları altındadırsa, etdiyiniz ibadətin mənası yoxdur, öncə kafiri qovmalı, sonra ibadət etməlisiniz. Biz Müzəffər Ordumuzun Ali Baş Komandanının rəhbərliyi, əsgər və zabitlərimizin rəşadəti, Vətən və torpaq sevgili xalqımızın ümidi, inamı, qüruru ilə nankor düşməni torpaqlarımızdan qovduq, ibadətimizi də etdik. Vətən sevgimiz tükənməsin…

Sevgi də ilahi söz kimi əbədi işıqdır, qeyrətdir, namusdur, hünərdir. Sevginin gücü bütün çətinliklərə qalib gəlir. Bizi zəfərə aparan da sevgidi…

Müəllif: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru