Yenə metaforalar çatır köməyimə səndən şeir düzəltməyə Ayrılıq! Günahı payıza yükləsək də sözə baxmayan, ipə-sapa yatmayan yarpaqlar var, ağacdan özünü yerə atan. Elə uzaqlar var ki, elə yaxın… Elə yaxınlar var ki, elə uzaq… Elə min illik xatirələr var ki, təptəzə… Elə təptəzə xatirələr var ki, çöplüyə atılmış… Elə səslər var ki, uzaqlardan qışqıran: – “yarıyolda qoyanlar”, elə qışqırıqlar var ki, “getmə” – deyə yalvaranlar… Elə ölülər var ki, dipdiri… Elə dirilər var ki, min illik mumiya… Elə yaşanılmamışlıqlar var ki, adı ağrı… ürəyindəki adı dodaqların pıçıldayanda sinəndən qopan sancı… Elə yaşanılmışlıqlar var ki, xatırlanmayan… Biz sevə-sevə ölən, ağrıya-ağrıya unudan, eqosuna hisslərini qurban verənlərdənik… Nə gözəlmiş belə ölmək, nə gözəlmiş özünü aldatmaq, nə gözəlmiş öz yalanına “unutdum” deyib özünü inandırmaq… Xoş gəldin payız, artıq xəzana hazıram, gedək birgə tökülək torpağa, yenidən yaşıllanmaq üçün cəmi 3 aydı ayrılığın ömrü! Sağol payız, nə yaxşı ki, varsan, tökülən yarpaqların ardınca yağış olub ağlamağa…
Bu boyda dünyanın bir daxma qədər kiçilməsi sayılmaz möcüzə, göy üzü bir tavan qədər cansıxıcı və bulanıq. Adəm övladı nə zaman sığışa bildi ki, dörd divar arasına, dostum? Cavabı künclərdəki hörümçək toru qədər pilə və mücərrəd… Yerlə göy arasında açılıb-yığılan çarpayı kimidir ömür hərdənbir cırıldayır ağırlığından vird edərkən yer kürəsinin kədərini…
Ah, bu xəzan öncəsi aynanı döyəcləyən akasiya budaqları, xal-xal sarılıq çöküb yarpaqlarının şuxluğuna. Nə əl tutmaq olur otağa çökmüş durğunluqla, nə ayaqlaşmaq bayırdakı zaman axarı ilə… Adamın ayağı yerdən, əli göydən üzülü… Havası çatmır zülmətin yarızirzəmidə, Məhbəs divarları kimi cod və zəhmli bir ağırlıq, Qurğuşundur sanki, udmaq olmur buğlanan havanı təngnəfəs…
Arada bir səs gah azadlığa çıxmaq istəyir, gah itib-batır kirli pəncərənin soyuqluğunda… Ağcaqanad vızıltısı… Sükutu çəkmiş içinə divardan asılmış ucuz və saralmış nə vaxtsa yamyaşıl meşə tablosu Zaman axıb gedir öz monoton ritmi ilə köhnə taxçadakı qədimi saatın əqrəbləri tənbəlcəsinə fırlanır öz çevrəsində… Yenə o ağrı, yenə o sıxıntı… Vətən tabut-tabut qayıdır özünə, böyüyür tavanda ilişib qalan gözlərim günahgarcasına və sual dolu yaş…
Orada, çilçırağın arxasındakı sirr, sən məni eşidirsənmi… Dünya sallanır zəlzələvari, yırğalanır tavanda toz basmış çilçıraq, döşəmədə ayaqları laxlamış kətil… Ürəyim uçunur savaş xəbərlərini dinləyərkən… Yer-göy lərzəyə gəlmiş atəş səslərinə, amma mən sənə güvənirəm, sənə pıçıldayıram ürəyimdəki ağrıları… Hər şey təbiidir bu dünyada, bilirsənmi, hətta süni yaradılmış müharibələr də… Nə zaman döyüşməmiş ki, insan övladı sonu özü olacağı uğrunda?
İki savaşanın biri cığal olmalı mütləq, yoxsa niyə çıxsın ki cahan savaşları bir xışma yaraya sıxılacaq torpaq üçün? Əslində adamların döyüşmək haqqıdır müharibə, cəng nizamıdır həyatın, öz varlığının təsdiqidir bəşər övladının. Olumla ölüm arasındakı məsafə o qədər qısa ki, bir güllə məsafəsi qədər yəni… Bir göz qırpımında öldürə də bilərsən, ölə də… Haqq meydanı deyirsənsə, buyur, ya qəhrəman ol, ya fərari… Şəhid olmaq müqəddəsliyi var bir ali ucalığın əlçatmazlığında…
Pozulur sükut “İgid əsgər möhkəm dayan” oxuyur kimsə üstü bayraqlı bir 06-da…siqnal dalınca siqnal… Kimsə şeir yazır “arş irəli, marş irəli”… O qədər kiçilib ki, dünya bir kiçik otağa sığışır ağrıları, sevinci, göz yaşları… İndi müdafiə nazirliyinin xəbərləri veriləcək, ağlama, dur həyətdəki zir-zibili təmizlə, ətraf doludur artıq və yararsız lobbazlarla Bir azdan başsağlığı verməyə gələcək bir məmur qoltuğunda bayraq… Və yaylım atəşləri üzü Tanrıya tərəf… Bu oyaq sığışmadı ürəyimə, sıxılır sinəmdə bir ağrı…
Üstündən bir maşın karvanı keçəcək bir azdan, Və insan seli… Tezliklə unudulmağa göndərəcəklər bir qara haşiyəli fotoşəkli. Vətən olmaq unudulmaqdan keçir, torpaqgözlüm! Hələ ki istidir torpağın üzü, yanaqlardan axan göz yaşı doğruçu və ya yalandan, fərqi yox… Bir də təəssüf dolu dünyadan böyük o daxma…
ŞƏHİD HÜSEYNZADƏ MİRMUSA VÜQAR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ
Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfli ölüm.. Təbiidir ki, bir ölkədə müharibə, terror aktları baş verirsə, öz qanı, canıyla vətəni qoruyan igidlər də olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Yaradanın onlara pay verdiyi ömürdən keçirlər vətən uğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isə vətəndir, namusdur. Məhəmməd peyğəmbər (s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”- demişdir. Ölkəmizin qədim dövrdən bu günə qədər çəkdiyi əzabların qisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilən müsibətlər yenə neçə gəncin, igidin həyatına son qoydu, onları ən yüksək zirvəyə yüksəltdi.
Azərbaycanın hər bir vətəndaşı səfərbər oldu!Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın,şəhidlərimizin ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdir.Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq!
Yenə çoxlarını gözüyaşlı qoyan, bir gözü ağlar bir gözü gülər mövsümə qədəm qoyduq. Mərd ürəkli igidlər gözündə vətən sevgisindən uca heç nə yoxdur. Geridə qoyduqlarını Allaha, dövlətə əmanət edərək cəsur ürəklə düşmənə sipər olmağa gedən igidlərimiz cəbhəyə gedərkən yalnız bir fikir barədə düşünürdülər – düşmənə qan uddurmaq, həsrət çəkdiyimiz torpaqlarımız uğrunda döyüşmək və bu yolda şəhadət şərbətini içmək.Belə şücaətli igidlərimiz sırasında torpağı Vətən edən oğulların cərgəsində 19 sentyabr 2023-cü il tarixində Qarabağda anti-terrorn əməliyyattı zamanı Qarabağda əbədiyyətə qovuşan 20 yaşlı Hüseynzadə Mırmusa Vüqar oğluda var. Ruhun Şad olsun Şəhidim!
Hüseynzadə Mirmusa Vüqar oğlu 4 noyabr 2003-cü ildə Lənkəran rayon İstisu qəsəbəsində seyd ailəsində anadan olub. Atası Vüqar fəhlə, anası Zivər xanım evdar qadındır. 4 qardaşın ilki idi Mirmusa. 2021-cu ildə Rəsul Qurbanov adına tam orta məktəbin 11-ci sinifini bitirmişdi. Məktəb illərində hər zaman özünü intizamlı, bacarıqlı və çalışqan şagird kimi göstərmişdi. Vətənə sevgi imandan gəlir! Vətən sevdalı Mirmusa rəsm ilə məşğul olduğu üçün məktəbi bitirdikdən sonra Dövlət İmtahan Mərkəzinə imtahan verərək Odlar Yurdu Kollecində Dizayn üzrə təhsil almağa müvəffəq olmuşdu. Yaradıcı insanlar cəmiyyətdə əminamanlığın, barış və sülhün, insanlığın qorunmasına töhvə verən kəslərdir. Mirmüsanın şəkdiyi rəsmlərdə Vətənə, dövlətə,İnsanlığa sevgini əks etdirir. Vətənə xidmət vaxtı çatdığı üçün təhsilini donduraraq 13.01.2022 hərbi xidmətə yollandı. Hərbi xidmətdə olduğu müddətdə də özünü cəsur, qorxmaz və igid Azərbaycan əsgəri kimi göstərmişdi. Komandir və əsgər heyəti arasında öz hörmət və sevgisini qazanmışdı. Nümunəvi xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamə və mükafatlara layiq görülmüşdü. Xidmət müddətinin tarixinin 13.07.2023 vaxtda bitməsinə baxmayaraq hərbi formaya və Vətənə olan sevgisindən irəli gələrək yenidən xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi. Bütün imtahanları uğurla başa vuraraq istəyinə nail olaraq Komando kursunu müvəffəqiyyətlə bitirərək “N” saylı hərbi hissədə Komando bölməsində xidmətə başlamışdı. Komando bölməsində kiçik komandir kimi xidmətə başladığı gündən tabeçiliyində olan şəxsi heyətin döyüş hazırlığı, bilik və bacarıqlarını artırmağa nail olmuşdu. Komando təlimlərində digər kiçik komandir heyətindən yaxşı nəticələrinə görə fərqlənmişdi.19 Sentyabr 2023-cü ildə mənfur düşmənin Xankəndi -Ağdam istiqamətində törətdiyi antiterror əməliyyatının qarşısını almaq məqsədi ilə döyüşlərə qatılmışdı.Döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına Şəhid olaraq şəhidlik zirvəsinə yüksəlmişdi.
Tamara nənəsinin sevimlı nəvəsi Mirmusa ailəsinə bağlı övlad idi.Aldiğı ilk maaşını anazı Zivər xanıma göndərib,ana narat olma işlərim yaxşıdır,Vətənimizin mənfur düşmanlardan təmizlənməsindən sonra gələcəm.Nənəmə söz vermişəm gəlib ailə quracam yazmışdı. Mirmusanın döğmaları ADPU-nun dossenti,Pedaqoqika üzrə fəlsəfə doktoru Şahrza Ağayev,Hərbi qüvvələrin ehtiyatda olan zabiti,polkovnik leytinat Mürad Gözəlov Mirmusa haqqında:-Ailənin ilk övldı olan Mirmusa hərbiyə maraq göstərən,vətənpərvər, istedadlı ,yaradıcı bir uşaq idi.Bacarıqlı rəssam kimi “20 Yanvar milli qürur və iftixar günümüz” adlı rəsm müsabiqəsində “İstedadlı şagird “naminasiyaası mükafatına layiq görülmüşdü.Çəkdiyi şəkillərdə Vətəninə olan sevgi əks olunurdu.Hərbi xidmətini qurtarandan sonra xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi.Valideynlərin istəyinə baxmayaraq öz fəaliyyətini hərbiçi kimi davam etdirmək istədi. Validenləri, doğmaları üçün çox ağırdı!Onunla fəxr edirik.
Namərd düşmənin törətdiyi qanlı cinayətlər, insan qətliyyamları validenyləri gözü yaşlı,övladları atasızı, ailələri başsız qoydu!Təskinliyimiz İgid oğullarımızın düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevinci bizlərə yaşatdılar! Qisas qiyamətə qalmadı!Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz. Vətəni sevən və onun yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı diləyirik və onların hər biri ilə qürur duyuruq.Belə cəsur igidlərimiz olduqdan sonra heç bir düşmən bizə bata bilməz.Kiçik bir yeri əhatə edən Azərbaycan əslində necə böyük qüdrətə sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi!
Qapı qonşum , çevik polis Rasim Məmmədov şəhid olub. İki körpə balası, cavan yoldaşı boynuburuq qaldılar. Heç nəylə təsəlli vermək olmur. Dişiylə- dırnağıyla aldığı evdə cəmi altı ay yaşaya bildi.
Çəkiləsi dərd deyil.
Üç toy dəvətnaməsi gəlib.
Bir toy sahibinin qapısına getmişəm, üzrxahlıq eləyib zərfdə nəmərini verirəm. Deyir:
Mən sənin oğlunun toyuna belə gəlmişdim? Mən də göyərirəm:
Mənim bir toyuma gəldin, bütün ailənlə, xub. Mən də sənin iki toyuna gəldimmi? Bu da üçüncü toyundu, ayıb deyil? Mən qonşum baxa- baxa bəzənib sənin toyuna gələ bilmərəm.
Paltarlarını götür, işdən geyin gəl.
Niyə çox vacib olub, sənin xeyir işinə əyilə- əyilə gəlim???
Bəs deyirdilər restoranlar toyları müvəqqəti dayandırıb??
Onu cəmi bir dəfə görmüşəm, yaxından tanımıram. Odur ki, bir fərd kimi xüsusiyyətlərini tam xarakterizə edə bilməyəcəm. Amma müşahidələrimin nəticəsini, onun haqqında eşitdiklərimi sizinlə bölüşməyə hazıram. 1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib. Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “”Təmsilat”ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən də 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın “Medecins sans frontieres” humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə “Cahan” jurnalında çalışıb. 1998-ci ildən “Turan-98” tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.
2010-cu ildə isə “Azərbaycan komediyasının poetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub.
Deyir ki,- “Hamı dayanmadan yazır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır və nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində “müşahidə edirəm” demirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna nə ad qoymaq olar? Əlbəttə cahillik…”
Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma nə yaxşı ki, yorulmayıb, hələ də axtarışdadır…
“Yaxşı şeirdə söz, “Uliss”də olduğu kimi, sərhəd situasiyasında yerləşməlidir. Hiss, duyğu işartısını tapıb itirdiyin eyni anın içindən keçən sərhəd keçmişlə gələcəyin dəli sularını bir-birinə qatır, dəqiq tapılan şeyin üstüylə gedib onu sanki yer üzünün yaddaşından silir, bütün parametrləri görünməyən nəsnəni son dərəcə konkret əşya biçimində nümayiş etdirir, beləliklə Neklyudovun “güzgü” nümunəsində güzgünün hər iki tərəfi həmin sərhəd zolağında qarışıb çat verir, dünya bu çatın ən dərin yerinə gömülür, göy üzündəki ulduzlar, bir az öncə salavat çəkdiyim ay göz yaşıtək damcılayır…”- söyləyir.
Zahirən qayğılı, məşğul adama bənzəyir, fikirli görünür. Sanki öz aləmində nələrisə çək-çevir edir, qaranlıqlara işıq tutmağa çalışır…
“Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş – altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe – kontekstinin tapılması və mət¬nin hüdudlarını, eləcə də “sıxlıq dərəcəsini” göstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri də odur. Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala aiddir. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:
“Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən də tanıyıram. “Əli Kərim xəstəliyi” ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir və hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır. Onun şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” bölünür və hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm…”
Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin və həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız…
Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək…
Sentyabrın 24-ü Cavanşir müəllimin 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edirəm. Çox yaşasın!
SAĞALMAZ XƏSTƏLİK Universiteti qurtarandan sonra tələbə yoldaşımızdan bir neçəsi sağalmaz xəstəliyə tutulmuşdu. Buna fiziki çatışmazlıqdan çox, ruhi sarsıntı desək, daha yaxşı olardı. Qəribə də adı vardı – “böyüklük iddiası”. Açığı bu yoldaşlarıın bizə ağırlığı yox idi. Gəl ki, Bakılı balası Bahadır bəzən onların sərsəm iddiasıyla qarşılaşanda, üzdən də olmasa daxilən od tutub yanırdı: –A kişi, o günü bu xəstələrdən birinin yanına getmişdim, məni görən kimi düşdü həyəcana: –Niyə gəlmisən, Bahadır? –Yol keçirdim, dedim, görüm neyləyirsən. – Bahadır-Bahadır, başımı qaşımağa vaxtım yoxdur. İndi Nazirlər Kabinetinə gedirəm, ordan da çıxıb, Prezident Aparatına dəyməliyəm. Sonra da televiziyadan intervü götürməyə gələcəklər! Sən gördüyün kimi sadə deyil işim, bəlkə də həddindən artıq məsuliyyətlidir. Hava haqqında məlumatı vax¬tında elan eləməsəm, nəinki dövlət, hətta xalq məni bağışlamaz! –Mən də dedim ki, ay qurumsaq, sən balaca bir hava idarəsinin əvəzedici müdirisən. Nazirlər Kabinetinə səni buraxan kimdi, Prezident Aparatında səni neyləyirlər?! Bəsdi özünün vacib şəxsiyyət olduğunu gözümüzə soxduğun! –Doğrudan?! Güldü: –Ürəyimdə. Hər halda hirsimi yatırtdım. –Srağa günü mən də onu televizorda gördüm. Elə tökmüşdü qaş-qabağını, deyirdin, ilahi, sabah yəqin yer-göy bir-birinə qarışacaq. Məlum oldu ki, Günəşli hava gözlənir. İki gün sonra küçədə qarşıma çıxdı: –Əziz dost, yaxşı hava olacağı haqqında məlumat verəndə gülümsə, küləkli-yağışlı hava gözləniləndə tök da qaş-qabağını nə qədər istəyirsən! Bu qaş-qabağla milləti qırıb qurtararsan axı! Güldü: –Vallah, düz deyirsən! Tələbə yoldaşımız Rəna xanımın həyat yoldaşının yasından qayıdanda yeməkxanaların birinə burulduq. Oturan kimi böyüklük iddiasına düşən bu dostumuz əl atdı telefona:–Allo… mənəm, müəllimdi, eşidirsən məni?! Maşını göndərim, uşağı apar xəstəxanaya. Eşidirsən məni?! Maşını göndərimr… Maşını… O, telefonu söndürən kimi İxtiyar düşdü üstünə: –Kimlə danışırdın, ə?! –Həyat yoldaşımla. –Hələ də arvadın “müəllim”isən?! Gülüşdük. –Yo-yox… çaşdım, elə bildim katibəmdi. Başqa bir tələbə yoldaşımız isə hər məclisdə Amerikaya səfərindən söz salardı: –Demirsinizmi rus sektorunda oxuyan Bostancanı da gördüm. –Bostancanı?!Ninaı? – Nizami yerində dikəldi. –Nə oldu, ay Nizami, cərəyan-zad… vurmadı ki?!– Natiq idi. –Gözəllər gözəliydi köpək qızı! – Nizami əlini əlinə sürtdü. –Gəl olmasın, atası erməniydi, anası da ukraynalı. – Bahadır əlavə elədi. –Suxumiyə getmişdik ha, coğrafi təcrübəyə, hərdən çimərliyə də baş çəkirdik. Bir gün gördüm Nina qumun üstündə uzanıb – ağ bədən, bəxtəvər olmuş qızılı günəş şüaları bərq vurur sinəsində. Axtarıb isti bir daş tapdım. Gətirib qoydum göbəyinin üstünə. Dedi, Nizami, səninlə belə zarafatım yoxdu axı! –Ağıl yoxdu da! – Aydın güldü. –Nizami düz eləyib, daş dövründə “səni sevirəm!”i belə deyərdilər. – Mən də uydurdum. –Qəşəm, get özünə! – Nizami ağzımdan vurdu. –Deyirsən, Nizami daş dövründən qalmadı?! –İxtiyar, get özünə! –At saldırmayın da, Nadir demiş, səbət dalından gilas tökülməyir! – Tələbə dostumuz acıqlandı. –Buyur-buyur. – Natiq yol polisi kimi əllərini qoşalayıb ehtiramla qabağa uzatdı. –Həəə… zəng elədim Ninaya, adımı eşidən kimi elə bil dünyanı verdilər ona. “Aaa… hardasan? Amerikada?! Can, gözlə, gəlirəm.”… Natiq dilini saxlaya bilmədi: –Pah, atonnan… gəldi, deyirsən?! –Yarım saat sonra yanımdaydı. –Quc…- mac…?! – Bahadır söz atdı. –Onsuz olmaz ki! – Natiq bizə göz vurdu. –Ayə, qoyun danışsın da! – Nadir hövsələdən çıxdı. –Sonra nə oldu?! –Nadir, qızışma, sonrasına çox var! – Bu da Aydın idi. –Məni götürüb apardı evlərinə. İnanın, mən gedəndən gələnəcən ağladı. Özü də kəlməbaşı – Bakı necə doğmaydı, necə gözəl idi, insanlar bir-biriylə necə də mehriban yaşayırdılar. Hələ tələbəlik illərini demirəm! Xoşbəxt ailəydik… Bir saata yaxın söhbət elədik. Bakıya uçmalıydım deyə, ayağa durdum. Məni buraxmaq istəmirdi. Natiq adəti üzrə öskürdü: –Həyat yoldaşı evdəydi? –Yox. –Elə-belə gedib gəldin, deyirsən?! –Elə-belə nədi?! –Yəni də… Bahadır demişkən – quc-maç! –Sən getməmişdin ey, Amerikaya. –Əlbəttə, mən getsəydim, üzüqara qayıtmazdım. Gülüşdük. –Sən mənim canım, düzünü de! – Natiqin əl çəkmək fikri yox idi. –Aeroportda baxdım ki, mesaj yollayıb mənə. –Aha! – Natiq çırtma çaldı. –Maraqlıdı, nə yazmışdı? – Bahadır astaca soruşdu. –Dayan… – Telefonu açıb, mesajı oxumağa başladı: “Bakı mənim nəyimə lazımdı, nəyi var Bakının axı?! Amerikanın bir gününü Bakının min gününə dəyişmərəm. Burda demokratiya, insan haqqları, bolluq, azadlıq, xoş güzəran… Orda nə var?! Tələbəlik vaxtı özünü yekə tutub, bizimlə danışmaqdan o yana gedə bilməzdin. İndi də elə həmən həmənsən. Basıb-bağlamağa gəlmişdin yanıma?! Tez-tez də ingiliscəyə keçib, göstərməli olacağın “hünərin”in əvəzinə, dil bilmək hünərini gözümə soxurdun. Doğrudan da… –Oxu! Oxu! – Bağırışdıq. –Köpək qızı! – Dostumuz telefonu qapadı. –Nə oldu?! –Ermənicə yazıb… –Oxu, görək nə yazıb?! –Natiq sakit olmadı. –Haçandan ermənicə bilən olmusan?! –A kişi, ver baxım, yeməyəcəyəm ki, telefonunu. Dostumuz candərdi telefonu Natiqə uzatdı. –Qonşum yerazdı, yollayacam, tərcümə eləsin. Çox keçmədi Natiqin telefonu haray saldı. –Qonşu, tərcümə elədin? Necə? Mənasını bilmək istəyirəm. Nəəə?! – Natiqin dodağı qaçdı. – Ciddi sözündü?! –Nə oldu?! – Nizami dözmədi. –Deməli deyil. – Natiq başını yellədi. –Boş-boş danışma! – Dostumuz çımxırdı. – De, görək! –Söz mənim deyil, ha, Bostancanındı: “Doğrudan da, Gülya demişkən, sən nə gönüqalın adamsanmış!” 04.08.- 24.09.2023
Dünyamızın Qənirəsi… Həqiqətlərin Qənirəsi.. Ümidlərin Qənirəsi… Tanrı özü keşiyində dursun…
İnamsız adamlar–belələrinə nihilist deyirlər, iddia edirlər ki, dünyaya mənsub olmaq çətindir… Qənirə bunu bacardı… çünki dünyanın fövqünə özünün qərəzsizliyi və səmimiyyəti ilə yetdi… Şəkkakların fikrincə , bizim dövrümüzdə həqiqətləri dilə gətirmək olmur… Qənirə xanım mənəvi gücünü istinad edərək doğrunu ifadə edən qüruru ilə həqiqətin rəmzinə çevrildi… Təmizliyin və təmənnasızlığın Qənirəsi… Bu duyuruda da o, demək olar ki, mənəvi məktəb yaratdı… …və nəhayət… Qənirə xanım yaradıcı ziyalıların və ziyalılığın anasıdır… Qənirə xanıma sonsuz sevginin kökü özünün təbiətindən, mənəvi mühitindən gəlir… … o həm də xalqın qızıdır… Xalqına sevgisini zərrə zərrə Vətən səmasına səpib…
16.01.1955-ci ildə Laçın rayonunun Zağaaltı kəndində doğulub. Orta təhsilli olub. Şeiriləri dövri-mətbuatda, eləcə də bir çox almanaxlarda çap olunmuşdur. Abşeron rayonunda fəaliyyət göstərən “Çıraq”poeziya klubunun, “Od parcası” ədəbi məclisinin, eyni zamanda AYB -nin Abşeron rayon bölməsinin üzvü idi. 03.10.2022-ci ildə həyata vida edən şair Masazır qəbristanında (Kəlbəcər qəbirsanlığı) dəfn olunub. 5 övladını, çoxlu şeirlərini, azad olduğunu eşidib, görüşünə gedə bilmədiyi, – daha doğrusu ruhu ilə ziyarət etdiyi Laçınını bizə əmanət qoyub.
ÖPƏRDİM
Bilsə idim, illər ilə görmərəm, O dağların torpağından öpərdim. Dolanardım dəli kimi çölləri, Axarından, baxarından öpərdim.
Üz sürtərdim qayasına, daşına, Bir çıxardım “Haça yal”ın qaşına. Dolanardım “Əyri qar”ın başına, Diz qatlayıb, bulağından öpərdim.
İndi mənə xəyal, güman o dağlar, Bəxtəvərli günlər imiş o çağlar. Bağışlasın o müqəddəs ocaqlar, Əhd eləyib, ocağından öpərdim.
Nələr olub, haqlı, haqsız qınaqlar, Çat-çat olub neçə-neçə dodaqlar. Duman gedib o dağları qucaqlar, Külü qalmış otağından öpərdim.
Xaliqəm mən, elədilər zülm bizə, Qismət ola, kim qayıda, kim gəzə?! Sürünərdim “Ağ duzdaq”dan, “Çilgəz”ə, “Buzxana”nın buzlağından öpərdim.
Tanınmış araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. “Rəşadətli Rəşadət” adlanan kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, Araz müəllimin sinif yoldaşı olmuş Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də Rəşadətin 50 illik yubileyi qeyd olunacaq. Kitabın nəşri bu məqsədlə əvvəlcədən planlaşdırılıb. Kitabın antiterror tədbirlərinin uğurla yekunlaşdıgı bir zamanda həyata vəsiqə qazanması yazarlarımızın öz fəaliyyətini dövlətimizin yürütdüyü siyasətə uyğun təşkil etməsinin bariz nümunəsidir. Araz Yaquboğlu yeni kitabının çap olunması barədə xəbərə münasibət bildirib:
“2023-cü ildə 3-cü, ümumilikdə isə 10-cu kitabım çap olundu. Bunlardan 2-si şəhidlər haqqındadır. Bu gün mətbəədən gələn kitabım “Rəşadətli Rəşadət” adlanır. Kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, sinif yoldaşım Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də onun 50 illik yubileyi doğulduğumuz Yeni Daşkənd kəndində keçiriləcək. Kitab da məhz bu tədbir üçün hazırlanıb. Şəhidlərimizin ruhu şad olsun. Amin.”
“YAZARLAR” olaraq, Araz müəllimi təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Araz müəllim!