Darıxmağın rəngi Bilirəm də… Həyat səni yaman sıxır, küncdə qoyub iki yazır. Özünü müəllim, səni şəgird sanır. Mənim dostum, qəm eləmə, düzəlməz! Görürəm də… O darıxmağın rəngini. Aman, Tanrım, min təhərdir. Hansından yapışsan, rəngi qaçır. Zənn etmə ki, darıxmaq da gözəldir. Vallah ömrü çox uzundur, bir müddətdən dadı qaçır… Çox darıxma, öldürər! Baxsana bir göylərə, uçur pambıq buludlar. Əl atsan nəyi var süzülər, guya əbədidir var olanlar? Çox toxunma, qeyb olar! Görürsənmi, qarışqanı? Gör necə böyük yük daşıyır. Sonra gəlir bir insanın acığı, basıb boynundan suyun çıxarır. Çox güvənmə, əzirlər! Dövr edir ey fəsillər, zaman da eyni qalmır, əğyar da eyni yanmır… Çox düşünmə, zamandır da … Tez gedər! Adamdır da… Dəyişər!
16.08.2021.
Mən Vətənəm! İsmim Qaxdır… Soyadım Türk yurdu! Sonsuz axan bulaqlarım, yaşıl çəmən oymaqlarım, orda İlisu sultanlığım, burda, qədim Qıpçaq elim var… Əzəliyəm, əbədiyəm, yaranışımdan uluyam mən! Torpağım var, nemətlər yaradır. Alimlərim var, hər tərəfdə baş ucaldır! Mən vətənəm! Vətən deyirəm özümə! Torpağının hər qarışını, namus bilən Aqilim var! Bayrağını qeyrət bilən, Elçinim var, Nicatım var! Qürurum göydən də ucadır, məni sevən millətim var… Mən Vətənəm! Keşməkeşli həyatım var… Hər çətinliyə sinə gərib, dünyaya səs salan , obam var, yurdum var! Mən Vətənəm! Mərhəmətlə yoğrulmuşam, hər millətə hörmətim var, İzzətim var, sayğım var… Mən Vətənəm! Yeməklərimdən dadan, bir də dadar! Sürhüllüm var, xəngəlim var, xingilim var! Mədəniyyət ocağıyam mən, köksümdə abidələrim var, muzeylərim var! Yazıb yaradan, şairlərim var, yazarlarım var! Mədəniyyətimi nəsillərə ötürən, oğullarım var, qızlarım var! Mən torpağam! ismim Qaxdır! Soyadım Türk yurdu! Əzəliyəm, əbədiyəm! Yaşadıram, yaşayıram!
EY YAR...
Mənim ruhum mənə də yad olub,
Gəl özünü məndə axtarma, ey yar.
Könlümün qırıq duası yox olub,
Məndən özgə məna çıxartma, ey yar.
* * *
Viran olub xəyallarımın güzgüsü
Çilik-çilik səpələnib,birləşmir .
Söz deyən dilim ,ağzım yorulub
Susuram,qüsurumu xoş gör, ey yar.
* * *
Neçə milyon il əvvəl olub elə bil
Cəfam dinib,dilim susub,mən yoxam.
Ümidlərin yelkəni də süzülüb
Tazə arzulara yer yoxdur,ey yar.
* * *
Bax qocalmışam gənc yaşımda ,
Qüssədən ağarıbdır saçım da.
Özümə çarə olmayan bu vaxtımda
Sənə necə əğyar olum mən, ey yar?
11.02.2021.
QADIN...
Gözü uzaqlarda,
dili bir adamda,
özü uzun yollarda,
səbri tükənən qadın ...
* * *
Gecə səssiz-səssiz,
o soyuq otağında,
bumbuz əlləri ilə
çiyninə təsəlli qadın ...
* * *
Xəyalları nakam,
ümidləri sökük,
qəlbi qırıq-qırıq,
taleyinə gülən qadın ...
* * *
Özgə sözlərdən,
qanayan dizlərdən,
bu yalan aləmdən,
zərrə-zərrə küsən qadın...
* * *
Sevdiyi göylərdə
Buludların düz üzündə,
ağ məxməri libasda
mələk təki süzən qadın ...
27.05.2021.
MƏN...
Mən danışım sizə kimdən
Özüm ilə qalan məndən.
Yaşa deyə dönə-dönə,
Sinəm içrə vuran qəlbdən.
* * *
Yaram dərin lap əzəldən,
Qanadıqca iz bağlayıb.
Bu dünyadan gedən kəsin,
İşi təkcə Rəbbə qalıb.
* * *
Naçar qalma, zaman yox,
Ömür bir az, sürən yox.
Bu yerlərdə gülən yox,
Güman bircə yarə qalıb.
* * *
Harda insan orda dərd,
Bir balaca yuvada dərd.
Savaşda da zülüm ilə
Zəfər yenə sənə qalıb.
* * *
Sual etmə, yığ dilini,
Belə baxma, yum gözünü.
Onsuz dinən, görən də yox,
Vətən yenə xalqa qalıb...
6.01.2022.
Emin Sabitoğlu – ” Aman ayrılıq” nəğməsinin sədaları altında …
Biri var idi, bir yox idi … Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən, güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda… Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir… Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi isə o “guya”ların üzə çıxmasıdır… Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür… Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın… Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq… Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə … Sonsuzluqda görüşənədək ….
SALAM, PAYIZ! Salam, payız! Yenə bizə xoş gəlmisən! İstin yoxdur, Soyuqlarla bol gəlmisən! Mənə danış, Sarı, ölmüş yarpaqlardan. Xəzəl olub, Ayaq altda qalanlardan. Külək vurub, Sındırılmış budaqlardan, Canı yanmış, Tənha qalan qadınlardan! Danış mənə, şairlərdən, Gecəyarı sərxoş olub, Yuxarıya deyənlərdən. Əcəl olub yuvamızda, Şirin-şirin gülənlərdən! Söylə mənə kimliklərdən, Beş köpüklük mütilərdən! Səsin yoxdur, a payız, Bilirəm ki, gəlməyəcək. Sənə yazdım gördüyümdən, Ölə-ölə, bilə-bilə Damarıma gömdüyümdən… Di gəl, payız, Ağrın alım… Onsuz sən də gedəcəksən! Salamat ol, qal hələlik Bir gün sən də bezəcəksən…
ƏZİZİM Daha yazılmır, əzizim, o çiçəkli, böcəkli şeirlər … Daha göylər də ağlamır, quruyur həyətimizdəki güllər. Mürəkkəb əvəzinə qan axır, tökülür asta-asta mərmilər.. Söz deməyə dil axtarır, bir busəyə ad axtarır. Xoş görməyə göz axtarır, ölür burda nakam şeirlər… Yarısı yazılır, başdan pozulur cırılıb atılır, qələm yorulur. Hisslər donur, qəm sovrulur doğulmadan ölür körpə şeirlər…. Kimlər ölmür ki, gün işığım, kimlər getmir ki, bircəciyim … Hamı gedir, sən getmə, Hamı bitir, sən bitmə Hamı ölür, sən ölmə… Qoy sağalmasın şairlər, Heç tükənməsin şeirlər…
KİM İndi kimsəsizəm,bir az da cəllad, İçimdəki fəryadı boğmağım gəlir. Gözlərim kövrəlib,damlalar durğun, Çıxıb hər kəsimdən getməyim gəlir. * * * Əllərim boş qalıb,gözlərim sərxoş, Güzgüdən əksimə gülməyim gəlir. Nə pismiş fələyin qisas oyunu, Torpaqla qol-boyun yatmağım gəlir.
ELƏ BİL Kİ… Elə bil ki, Milyon ilin ölüsü uyuyub içimdə, Paltarlarım təptəzə, asılqandan asılmış Geyinməyim yox, Nemətlər düzülmüş sıra ilə önümdə, Yeyib-içməyim yox. Ayaqqablarım gəzilməyə hazır, Düz pilləkənin dibində, Getməyim yox. Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah. * * * Hardan gəlib tapdı məni bu mirət Tank kimi üstündən keçdi ömrümün İliklərimə qatışıb, qandı bu mirət Axır ki sonuna çıxdı ömrümün. * * * Tənhalığın ipin çəkdim, atdım ocağa Ki bəlkə şadlığımı mənə qaytara Bəlkə sıxıntıdan yaxam qurtara Döndüm ki,çarə yox, döz, a bəxti qara! * * * Yarımadım dostumdan,nə tanışımdan Bezmişəm dünyanın pis axışından. Hər kəsimin yerinə utanıram yaşımdan Neçə zillət çəkmiş bu səbirsiz başımdan. * * * Gəl, Gəl dəymə bu bəndənin xətrinə Səndən ömür istəmirəm,gün istəmirəm Bircə harayına yetiş duamın Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah.
Altıncı sinifdə oxuyurduq. Köhnə məktəbimizin həyətində yığışmışdıq. O vaxt hamı daha səmimi, daha doğma idi… Yenə yağışlı günlərdən biri idi… O, məcbur olmadıqca sinif yoldaşlarımızla danışmazdı. Bir dəfə fiziki tərbiyə dərsində, kənardan bizə baxırdı.İlk dəfə orda söhbətləşdik, ilk dəfə mənimlə danışdı… Səsinin titrəyişindən, baxışlarındakı qəribə məyusluq hissindən, bilmək olurdu ağrısını… Atasının içki içmədiyi bir gün belə yox idi. Anasından isə onlara xeyir yox idi… Hər söhbətimizdə, qəlbinin saflığını, kövrəkliyini, qorxularını, məni necə dinlədiyini, dərdimə necə yandığını biruzə verirdi… Məktəbi bitirdik. Adətən bu dönəmlərdə, insanlar bir-birini itirir. Bir gün heç gözləmədiyim anda o çıxdı qarşıma. Gözlərimə inana bilmirdim, çox dəyişilmişdi. Saçını sarı rəngə boyamışdı, kəsmişdi dibinəcən. Niyə belə etdiyini soruşanda, demişdi ki, ömrüm də saçlarım qədərdir. Əhəmiyyət verməmişdim sözlərinə. Daha doğrusu, anlamamışdım. Tələsik halda nömrəmi telefonuna qeyd etdi, adımı “dostum” olaraq yazdı. Möhkəm qucaqladı məni, işə bax, yenə kövrəldi. Onu kövrək görüb mən də kövrəldim. “Yaxşı, ağlaşma qurmayaq!” deyib gülümsədi. Sağollaşdıq, gəldikləri maşın gözdən itənə qədər arxasınca baxdım… Hər gün öz dərdini unudub, mənim dərdlərimə qulaq verdi. Zəngləşdik, söhbətləşdik, köhnə günlərdən danışdıq. Bir gün ona yaza bilmədim.Tez mağazaya qaçıb, danışıq kartı alıb yüklədim.Yığdım nömrəsini, zəng çatmadı. İşi olduğunu düşündüm, sevincək whatsappa daxil olub, ard-arda mesajlar yazdım. Gülüşlər atdım. Mesajlarımı oxudu, amma cavab yazmadı. Düşündüm ki, məndən bərk inciyib.Axşama qədər fikirləşdim ki, axı, mən bu qıza neyləmişəm?! Gecənin bir yarısı ondan mesaj gəldi… Mesajda bu sözlər yazılmışdı: “Siz hələ bilmirsiniz? Adınızı da “Dostum” deyə qeyd edib.” Təəccübləndim. Düşündüm ki, telefonu anasında qalıb. Cavab olaraq yazdım ki, bəs o hardadır? Uzun bir səs yazısı gəldi. Açdım, bir bəy idi. O qədər qəhərə boğulmuşdu ki, nə dediyini anlamaq olmurdu. Göndərilən səsi dəfələrlə dinlədim. İnanmadım, yenə dinlədim. Yenə…Yenə… İlk dəfə mənimlə ünsiyyətdə olan o qəribə, sirrli, qarabuğdayı qız uzun müddətdir ki, ağır xəstəliyə düçar olubmuş. Sonuncu dəfə onunla görüşəndə, başqa bir ölkəyə müalicə olunmağa gedirmiş. Saçını da istəyərək dibəcən kəsmiyibmiş. Boğazına bağladığı rəngli yaylığı da heç vaxt çıxartmırmış… Artıq həyatda yox imiş… O an sındı bütün qol-qanadım.Simasını gözümün önünə gətirdim, təbəssümünə doyunca baxdım, son dəfə səmimi qucaqlaşmağımızın istiliyini hiss etdim… Mənim dostum əbədiyyə getmişdi. Torpağın sakini olmuşdu… Bu gün onun yoxluğundan neçə il keçir, heç bilmirəm. Unutmadığım tək bir şey, onunla yaşadığımız məktəb xatirələri və simasıdır…
Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub… Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…
Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?! İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…
Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq… Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır… Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu? Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır… 27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?! O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı… Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…
Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar… Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil. O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…
Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət! Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun…
Günümüzün ən aktual məsələlərindən biri də depresiya adlı vahimənin insanların həyatında idarəedici qüvvə olmağıdır.Maddi sıxıntıların bolluğu, mənəvi mövzularda əskik hiss etmək, özgüvən problemi və bir çox amillər depresiyaya düşməyə səbəb yaradır.Yaşından aslı olmayaraq çoxları bu məqamda özü ilə bacarmır, intihar edir və ya özünü yaşarayaq öldürən metodlara əl atır.Nəticə isə uçurumdur…. Əsas olan, xaotik vəziyyətində özünü bir daha tanımaqdır, yenidən kəşf etməkdir.Nə qədər mübariz olub, olmadığını analiz edib, həqiqi səni tapa bilməkdir.Ya bu nizamsızlığın təsirindən boşluq dediyimiz quyunun dibinə düşəcəksən, ya da nizamsızlığı bacardığın qədər bərpa edib, iki əlli özünü qucaqlayacaqsan… Sənin psixologiyanı, səndən başqa heç kim idarə edə bilməməlidir.Sən psixologiyanın sahibisən və onun hər bir detalını əzbər bilməlisən ki, çətin vəziyyətlərində özünə yol göstərəsən. Yaradan insanı canlıların ən şüurlusu olaraq yaratdı.Ona yaşamağı üçün imkanlar da yaratdı, ömür də verdi.Düzgün yolda, şüurlu şəkildə addımlamaq gələcəyimiz üçün kifayətdir. Bunun üçün sadəcə düşünməliyik.Əməllərimizi həyata keçirməmişdən əvvəl özümüzü sorğu-sual etməliyik, olacaqları, nəticəni göz önünə gətirməyi bacarmalıyıq.Ona görə dədə-babalarımız yaxşı deyib: “Yüz ölç, bir biç”. Problemlər sanki labirintdir.Sadəcə gedişatda bir səhvə yol verdinsə oyun davam etməyəcək.Lakin diqqətli olsaq və məntiqimizi işə salsaq, həyatda çox şeyin xəyallarımızdakı kimi olmayacağını özümüzə dərk etdirsək problemlər bizim üçün doğrudan da, sadəcə bir oyun olacaq və qalib gəldiyimiz zaman zövq alacağıq.
Ətrafınızda layiq olanlara sevgi işığınızı saçın.İnsanlar sevgi ilə böyüyür.Ruhumuzun qidası sevgidir.Hətta deyərdim ki, bu gün bizi ayaqda möhkəm durmağa vadar edən, bəlkə də bizə sevgi verən insanların varlığıdır.Onları möhkəm qucaqlayın, təbəssüm edin, xoş sözlər deyin.Sabaha onsuz da etibar yoxdur.Nə edəcəksinizə, bu gün edin.Həm də böyük bir enerji ilə…
Unutmayın:
“Heç bir şey asan deyil, asan yolu tapıb gələcəyə uğurla addımlamalıyıq.”
Sənə əta edirəm ; Bütün gələcəyimi, keçmişimdəki hər şeyi… Məndən sonra, yandırın yazdıqlarımı … Sağlığımda dinləmədiklərinizi, yoxluğumda oxumayın … Sənə diktə edirəm ; Bütün ölmüşlərinin ruhu ! Uzaq durun dincliyimindən ! Yalnızlığım zövq verir , çoxluqda özüm də ağrıyam… Deyirəm ki, yaxınlaşmayın bir addım ! Sənə lütf edirəm ; Gecələrin hüznünü oğrayıram, gündüzlərin nəşəsini … Saçımın hər telini yoluram, qəlbimin hər döyüntüsünü … Eybi yoxdur , bu da olsun sizə ərmağanım … Sənə şübhə edirəm ; Bundan sonra edəcəklərinizdən … Sənə ümid edirəm ; Ümid edirəm, pozmayacaqsız bu andı .. Sənə inanıram , İnanmaq da istəmirəm … Bilirsənmi, bu paradoksallığın içindən, mən 4 il əvvəl getmişəm … Sənə əmanət edirəm , bilmirəm bu neçənci şeirimi … Yox edəndə, elə ilk bundan başla … İndi isə hamınıza, kiçik qızdan “əlvida” …
09.02.2021.
* * *
Ruhumun ən şeirlik yerisən … Fəqət orda tufanlar qopur… Ağaclar özləri sındırır budaqlarını, Quşlar ötmür, yolur qanadlarını.. Çiçəklər açmır, boynun bükür, Yağışlar yağmır, buludlar küsür… Torpaq imdad diləyir ; elə yazıqca, elə saf, elə uşaqca… Ana qayğısına ehtiyac duyan, hələ yetişməmiş körpə kimi… Ruhumun ən şeirlik yerisən… Qollarım sənə çatmır, uzatdıqca, sənə gələn yollar daha da uzanır… Uzanır… Biri yox, mini kəsir qollarımı. Bir qucaqlamağı belə, çox görürlər bir qızın ümidinə… Qaranlığın ən dib yerlərindəki, dərin- dərin quyudayam… Adını çağırır dilim, Çağırır… Çağırır… Ah…İlahi… Axı o yoxdur… Unutmuşdum əlçatmazlığını.. Mən bir dostam, Altayın əsərlərindən addım- addım qaçmışam… Qaçmışam … Qaçmışam ki, görən, xəyal necə olur… Mən xəyalam… İşləmişəm sümüklərinin düz iliyinə kimi … Qanındakı eritrositlərin rənginə kimi … Qanam mən… Qıp-qırmızı… Axıram bədəninin hər nahiyəsinə, dövr edirəm, yaşayasan deyə… Əlindəki silahınam, güllələr dolub cismimə… İstəyəndə atırsan, tuş gələndə vururam… Keçəcək dövran, uçacaq ömür… Bir simurq quşunun lələklərində, özümə gün ağlayacam… Səni yenə arzulayacam… Qocalacam… Ağaracaq saçım, başım… əsəcək əllərim, bəlkə də görməyəcək gözlərim… Bir qəlbim qalacaq, hər zərrəsi sənə aid… Döyünəcək… Döyünəcək… Birdən dayanacaq… Amma sən bitməyəcəksən, sən getməyəcəksən… Torpağa qarışan bədənimin tikə-tikə çürüyən parçaları haqqı, səmalardan sənə baxıb, gülümsəyən ruhumun özü haqqı… Məndən getmiyəcəksən… Sən? Səndə isə yoxa çıxacam, unudulacam, bilirəm . Amma sən yenə də unutma məni, əzizim, unutma … 3 – 6.01.2021.
* * *
Saat 10-a,13dəqiqə işləmiş, Yenə qaranlıqda,asta meh Və yenə xülyalar buludlarla uçuşur. Ağacların rüzgarla rəqsi dayanmır Küləyin üzündəki əsintisi Yerdən uzaqlaşmaq istəyi Bütün sevdiklərin Torpaqdakı əmanətlərin Hamısı ovcunda… Bərk tutmusan yumuruğunu Heç biri düşüb gözdən itməsin… Sinənə sıxırsan əbədi Ordan qəlbinə keçsin. Harmoniyalar yaradır sevdiklərimiz İtirdikcə sol tərəfimiz iflic olur. Sağımızı qopar ,o heç bizə də lazım deyil. İçimizdə səs salan dirilər Susqunlaşıb bir küncə sıxılıb ölülər… Qidaları anılmaqdır. Afrodita onlara qulluq edir, İnanır … Qoy qocalmasınlar daxildə Çürüməsin ruhları Yoxsa,ifrat iy verir… Hey ,yaşlı dünya… Mən sənin hələ körpə sakinin Addımbaşı cümlələrim səni öyrənir,
Üşüdükcə hərflərim üstümə yorğan. Burdan baxıram cisminin bir nöqtəsinə Psixologiyalar parçalanıb Amansız faşist olmuş adamlar Sanki hər dəqiqə paradox yaşayır. Döş xərçəngindən çürümüş qadınlar Ümidləri də xəyanətlərə qurban gedib. Bir kiçik daxma görürəm Səfalətdən lüt gəzir pəncərələri Köhnə taxtaları bir-bir üsyan edir. Yetimlər görürəm, Bir qarnı ac,bir qarnı tox Ayaqlarında kiminsə pay verdiyi Rusun o məşhur bir cüt qara qaloş. Üz-gözləri çirk,pas Saçları dağınıq ,xəyalları böyük Məsum balacalar…. Görürəm, o tərəfdə bərk yağış yağır Qırışları üzünə meydan oxuyan Saçı saqqalı qardan bəyaz Nurani qoca.. Ağlamağa halı da yoxdu Onsuz da qocalıb Bu gün, sabah o iş ‘deyərəkdən Hələ də , Onu bayıra atan oğullarını düşünür… Payızın sürrüeal təsvirində Çoxu payız depresiyasına məruz qalıb. Deyirəm axı,psixologiyalar arzğınlaşıb Sərhəd tanımaq istəmir vətəndaş Milli dəyərlər turistlərdə yatır Dollarlara satılmış kağızlarla ödəşir Gənc qız görürəm, Sevdiyini itirib,nağılları bitib Göydən üç alma da düşmədən. Yatmaqdan qorxur,əriyib olub mum Diaqnozu hipnofobiya… Bir ailə görürəm Paramparça Bir ayaqları yetimlikdə Atasızlıq sindromu yaşayırlar. Bir ağıl xəstəxanasının Rəngi paslanmış küncü Nəvazişdən uzaq yalqızlaşlan Gur saçları çoxdan tökülmüş Orta yaşlı bir şizofren… Qəbirlər görürəm Ruhu cəsədini çoxdan tərk eləmiş Sümükləri sızlamaqdan torpaqları çatlamış Bir zaman həyatda var olan O əziz adamlar… Çiyinlərimdə bu adamların dərdləri Uçmağa qoymur,tonlarla ağırlıq var Qaldırmağa çalışır ruhumla bədənim Bizim yer Bizim dünya Sən hər fırlandıqca ədalətlər dövr eləsin Həyatdakı “təbiətin qanunudur’ dediyimiz, Üstündən adladığımız, Vicdanımızın üstə gül örtdüyümüz Əlimizdən uçub gedən qurbanlar… Söz verirəm,sənə Tanrının hüzüruna Bütün mənliyimi içib Bədbinliyimi soyunub gedəcəm.. 22.05.2020.