Kateqoriya arxivləri: RESENZİYALAR

ORİYENTİR ULDUZU

ORİYENTİR ULDUZU, ZAUR USTACIN KİTABI

—-YENİYETMƏLƏR ÜÇÜN POVEST—-

Bu povest Azərbaycan Respublikasının Milli Qəhrəmanı
gizir İbrahimov MÜBARİZİN əziz xatirəsinə həsr olunur.

birinci fəsil

17.06.2010-cu il saat 21:00 “TG” istiqamətində təmas xətti

-Seyid, indi ANS-in xəbəri başlayacaq, televizoru açaq? -əsgərlərdən biri soruşdu.

-Aç. Aç, görək nə deyirlər…

Elə bil, televizor da hazır dayanmışdı, qoşulan kimi 21 xəbərinin başlandığını bildirən çarx getməyə başladı.

-Bax, o, çiynində kamera olan oğlan var ha, onu tanıyıram, adı Azərdi… Köhnə məhəllədə qonşu idik! – əsgərlərdən biri dilləndi.

-Ayə sən də elə hər xəbər başlayanda onu deyirsən…- yerdən söz atdılar.

– Neyniyim e…

– Sakit durun, görək nə deyirlər! – axır ki, Seyid dilləndi.

Bilindaja ani bir sükut çökdü. Düzü, bura bilindaj deməyə adamın dili də gəlmir. Sizdə təxmini təsəvvür yaratmaq üçün deyə bilərəm ki, adi tələbə yataqxanasındakı otağın şəraitindən qat-qat yaxşı şəraiti var; həftədə bir dəfə dəyişdirilən yataq ağları, əl, ayaq dəsmalları, bayırda ayrıca hamamı, fasiləsiz elektirik enerjisi. Qəza halları üçün nəzərdə
tutulan, əsgərlərin öz aralarında “divijok” adlandırdığı, benzinlə işləyən elektirik generatoru və s. Bütün bunlardan əlavə, kütləvi qırqın silahlarının tətbiqinin nəticələri də nəzərə alınmaqla müdafiə məqsədi ilə möhkəmləndirilmiş bir otaqdan söhbət gedir. Yəni bilindaj dediyimiz otaq, döyüş üçün əsil topdağıtmaz qala olmaqla bərabər, istirahət üçün də üç ulduz bir otel nömrəsindən geri qalmır.

-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu…”- aparıcının səsi eşidildi.

– Pozmadıqları gün olur ki???- Seyid ayağa durdu.

Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi… Az qala bütün bilindaj silkələndi.

-Pozublar, pozublar… Qurban olum, ay ALLAH, sən özün mənə səbr ver… – deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik??? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu daglara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki, o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu, kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indidi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər. Necə olsa da bu quru bənövşələr də VƏTƏN TORPAĞININ bir nemətidir axı, bundan əlavə hər quru bənövşənin öz tarixçəşi var, hər quru bənövşə bir əsgər yadigarıdır… Dəstəgüldən sonra üzü Günbatana aşırımlar aşsan Keçəldağ, sonra Murova qədər gedib çıxarsan… Fermanın yanından dolamalarla sol tərəfə qalxsan, Tonaşen -1, Tonaşen-2, Tonaşen-3… Əgər ermənilər dağıtmayıbsa, yolqırağı kilsə də olmalıdı- kəşfiyatçılarımız yolüstü həmişə orda dayanıb dincələr, siqatet çəkmək istəyənlər siqaret çəkərmiş ya da oranı görüş yeri təyin edib döyüş tapşırığın yerinə yetirdikdən sonra orda görüşüb, birlikdə qayıdarlarmış…

İndi, Seyid Çaylıya baxır, baxır baxdıqca da nəzərləri ölü bir nöqtədə ilişib qalır, fikir-xəyalında isə İrəvana dogru yol başlayırdı bu Çaylıdan, gözünü çəkə bilmirdi bu Çaylıdan, göz dağına çevrilmişdi bu ÇAYLI… Düşünürdü; lap qoy olsun bu kəndə bir tabor, taborun dayaq məntəqəsi. Qoy olsun bu şərəfsizlərin adam tapıb doldura bilmədikləri ala-yarımçıq ştatla 100-120 nəfər. Aləm bir-birinə qarışsa, qoy bu şərəfsizlərə 20-30 şərəfsiz də köməyə gəlsin. O da gəlib çata bilsə… Ayə Vallahi heç nə yoxdu, bu 150-160 kölgəsindən qorxan dığa nədiki, bir əmr ola lap İravana qədər gedərəm…

Seyid fikirləşə-fikirləşə özünə o qədər arxayın olurdu ki, xəyalında canlandırdığı Çaylıdakı tabor indi onun gözündə uşaq vaxtı hardasa qarşılaşdığı ən zəif, ən çəlimsiz uşaqdan da zəif görsənirdi. Bir sözlə Seyidin gözü bu taboru çoxdan yemişdi…

Seyid yenə nə fikirləşirsən?– bu səs Seyidi sanki
yuxudan oyatdı.

– Nə bilim e Vallah,bir şeyi başa düşə bilmirəm ki,

bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? “Qrajdaniski”-də dözmək olmur, deyirsən gedim orduya. Orduda dözmək olmur, deyirsən gedim ön cəbhəyə. Burda heç durmaq olmur- şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar… Lap dəli oluram. Ya Allah sən özün mənə səbr ver…

Seyid blindaja keçdi, yerində oturub bir çay içdi.

Elə bil, nəsə ürəyinə dammışdı, ancaq yenə sabah bu vaxt nələr olacağından əsla xəbəri yox idi… Ola bilsin bəlkə də seyid fəhmı ilə nəsə duymuşdu…

Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi – həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur… Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir… Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi…

– Allahım, mənə də belə bir güc ver!!! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb, yazmağa başladı:

-“Canım, atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.”

Ya Allah, sən özün mənə səbr ver. Sən özün kömək ol deyib, dəftəri örtdü. Artıq, gecədən xeyli keçmişdi. Seyid qalxıb, bilindajdan çıxdı. Yenə lap ön müşahidə nöqtəsinə getdi. Postdakı əsgərlə bir az söhbət etdi. Ayıq ol! – tapşırdı. Atışma olsa nə edəcəyi barədə bir də soruşdu. Qayıdıb, bilindaja gəldi, öz yerinə uzandı. Baxışları qeyri-iradi tavandakı xırda bir nöqtəyə zillənmişdi. Tavana baxsa da dərə boyunca, dağların arxasında uzanan yollarla İrəvana qədər gün kimi aydın görürdü….

ikinci fəsil

18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.

Bu gün lap isti idi. Ya da, adama belə gəlirdi. Bir də isti olacaq də yayın ən oğlan çağıydı, ancaq buna isti demək olmazdı. Vallahi elə bil, torpaqdan od qaynayırdı. Sanki, Gün dağların arxasına keçdikcə, torpaqdan qlxan isti daha da artırdı…

– Bu gün nə yaman sakitçilikdi, yəqin istiyə görə öz deşiklərinə girib, yatıblar.- əsgərlərdən biri dilləndi.

– Bu sakitçiliyin bir zibili çıxacaq- Seyid cavab verdi.

Şərrin ilk qaranlığı ilə şərəfsizlərin ilk güllələri də gəldi. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq, əsgərlərin “trassuyuşşi” adlandırdığı işıqlandırıcı-yandırıcı güllələrlə düz bilindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qabağına “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki, dığalar, belə bilindajlarının olamamağının paxıllığın çəkirdilər…

Hətta Günün alnındakı düzün ortasında, güllənin altındakı yaxşı səngərə də paxıllıq edir bu şərəfsizlər… Çox maraqlıdır ki, əziyyət çəkib özləri düzəltmək istəmir ha, hazırına nazir olmaq istəyir bu şərəfsizlər… Özlərində olmayan ( nəyi var ki, bu bədbəxtlərin) yaxşı bir şey gördükdə əvvəlcə istərlər ağlayıb, zıqqamaqla ona sahib olsunlar, gördükdə ki, bir şey hasil olmur, başlayarlar xoruzlanmağa ki, bəs burda mənəm, Bağdadda kor xəlifə bu saat onu verməlisən mənə, bu variant da kara gəlməyən də zora əl atarlar, əl altdan iş görərlər, ayaq altı qazarlar, mənim deyil qoy onun da olmasın deyib, dağıdarlar, yandırarlar, məhv edərlər bu şərəfsizlər… Bu da onların iyrənc erməni xislətindən irəli gəlir.

Odur ki, belə bir vəziyyət Seyidin diqqətindən qaça bilməzdi. Bu şərəfsizlər kimə, nəyi nişan verirlər? Anlaya bilmədim – düşündü Seyid.

Seyid tranşeylə ön müşahidə məntəqəsinə getdi.
Hava qaraldıqca dığaların atdıqları yerlər açıq-aşkarbilinirdi. Həmişə atdıqları yerdən- öz deşiklərindən atırdılar. Nədənsə bu səhnə həmişə “Tom və Ceri” cizgi filmini xatırladırdı Seyidə. Özündən asılı deyildi neyləsin. Həmişə də dığalar atmağa başlayanda bu səbəbdən üzündə xəfif təbəssüm cizgiləri yaranırdı. İndi də üzündə təbəssüm, inşallah hamınızı elə o deşiklərdə su ilə boğacayıq sizə heç güllə də düşmür şərəfsizlər- düşünə-düşünə bilindaja qayıtdı. Bu “Hücum” əmri nə vaxt olacaq ay Allah?- Sualı burğu kimi beynini eşdi Seyidin…

Şəxsi heyyəti örtülü meydançada düz! – köməkçisinə göstəriş verdi.

“SİLAHA” – köməkçinin komandasdı eşidildi.

Əsgərlər bir göz qırpımında silah-sursatlarını götürüb, örtülü meydançada düzüldülər.

Seyid silah otağına keçdi. YA ALLAH SƏN ÖZÜN KÖMƏK OL!!! – nidası silah otağının ən uzaq küncündəki, ən kiçik çatdakı, ən xırda cücünü də oyatdı. Seyid elə hazırlaşırdı ki, sanki, qarşıdakı döyüşdən xəbərdar idi, ancaq əsla xəbəri yox idi ki, hələ qabaqda nələr gözləyir onu. O, heç xəyalına belə gətirə bilməzdi ki, bir neçə saatdan sonra nələr olacaq… O, sadəcə uşaq vaxtı dönə-dönə oxuduğu “Koroğlu” dastanından yadında qalan Koroğlunun hər səfər qabağı “altdan geyindi üstdən qıfıllandı, üstdən geyindi altandan qıfıllandı” deyimi ilə gerçəkləşən, “yayda bürüncəyini götür, qışda özün bilərsən” atalar sözü ilə min illərin süzgəcindən süzülüb gələn, igid ehtiyatı əldən verməz prinsipinin tələblərinə uyğun hərəkət edirdi. O, dəfələrlə komandirlərindən eşitmişdi ki, adi bir kibrit çöpünün də həyati əhəmiyyəti ola bilər. O, çox gözəl bilirdi ki, qalibiyyətli döyüş yaxşı hazırlıqdan çox asılıdır. Odur ki, ehtiyatı əldən verməzdi heç vaxt. Bura döyüş bölgəsidi, hər an hər şey ola bilər, əsgər hər an ən qızğın, həlledici döyüşə belə, girməyə hazır olmalıdır. Düşünə-düşünə əsgərlərin “lifçik” dediyi üzərində silah-sursat daşımaq üçün çoxlu cibləri, arxasında çantası olan jiletini geydi, öz iki dəstəkli qatlama avtomatını götürdü, əlavə sandıqları “lifçik”-in ciblərinə yerləşdirdi, nə qədər yerləşdirə bildisə o qədər əl qumbaraları götürdü, “lifçik”-in arxa cibinə əlavə patron və əlavə əl qumbaraların yerləşdirdi. Çıxmaq istəyirdi ki, üst-başına bir də baxdı- bu “yüz ölç, bir biç” məsəlinin tələblərindən irəli gəlirdi. İki dənə də tüstü şaşkası götürdü. Silah otağının qapısından çıxırdı ki, gözü divardakı jilkaya sataşdı. Onu da götürüb şalvarın yan cibinə qoydu. Silah otağından bayıra bir addım atmışdı ki, “FARAĞAT”- köməkçinin komandası eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı.

Seyid örtülü meydançaya çıxdı, döyüşə hazır vəziyyətdə, bir cərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi:

-“Yoldaş Gizir döyüş heyyəti döyüşə hazırdır”

-“Azad”- Seyidin amiranə səsi sükutu pozdu.

-Hamı diqqətlə qulaq assın- Seyid döyüş tapşırığın və hesabatı bir daha əsgərlərə çatdırmağa başladı; əsas hesabatı hamı bilir, bu olacaq “A” qaydası, yəni bu qaydada hamı həmişəki qaydada öz yerlərin tutur, əmri məndən alır. Yox əgər qeyri-adi nəsə olsa keçəcəyik “B” qaydasına. “B”, nədi? Bu qaydada mən yoxam, əmir və göstərişləri nə qədər sağdı, köməkçidən alırsız, əgər işdi, ona da nəsə olsa, onda hərə öz komandiridi, yəni, heç kim əlavə kömək gələnə qədər durduğu yerdən bir addım da kənara atmır, tualet kimi dayandığınız yerdən istifadə edə bilərsiniz,- icazə verirəm. Lazım gəlsə hamı dayandığı yerdə ölür, ancaq bir addım qıraqda olmaz! Heç kim deməsin ki, mən yoxam; yuxarıdan baxacam, o dünyada da əlimdən qurtara bilməzsiz. Aydındır?

-“Elədiki var”!

-“Sual var”?

-“Sual yoxdur!”

Diqqət; “Düzlən”, “Farağat” Döyüş qaydası “A” olmaqla, “Döyüşə”!!!

Əsgərlər hesabata uyğun təhkim olunduqları postlara qaçdı. Seyid özü lap öndəki müşahidə məntəqəsinə getdi. Ermənilər həmişə atdıqları yerdən ara-sıra atırdılar. Ancaq Seyid “trassiyuşşi” güllələrin uçuşduğu səmtə yox, tamam başqa tərəfə; təpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı, sanki, nəsə axtarırdı bu qaranlıq, boz təpələrin kölgəsində. Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi elə bil Ay da ermənılər tərəfdə idi, üzünü nazla göstərir, tez də qaçıb, buludların arxasında gizlənirdi. Nə olar ay Ay qardaş, bütün dünya bu şərəfsizlərin tərəfindədir, heç olmasa sən bizim tərəfimizdə ol barı, axı bayrağının üstündə sənə yer verən bizik, ermənilər deyil… Sanki, axırıncı kəlmələr Ayın lap heysiyyatına toxundu, bir anlığa da olsa, boz çöllərə, qaranlıq dərələrə süd aydınlığı gəldi.

-Aha, ora bax! – nəhayət Seyid axtardığın tapdı.

Gördüyün dəqiqləşdirmək üçün köməkçidən soruşdu:

-Oriyentir 2-dən 100 metr sağa təpənin qurtaracağına bax, gör bir şey görürsən?

– Hə, hə təpənin dibi ilə əyilə-əyilə gəlirlər. Onlar birlikdə saymağa başladılar; bir, iki, üç, dörd, beş, altı… axtardılar, axtardılar bəs yeddinci hardadır görəsən, yoxsa elə cəmi altı nəfərdilər…

Yeddinci yoxdu, hə yüz faiz altı nəfərdilər- Seyid düşündü- bu da onların adam tapıb doldura bilmədikləri manqa. Çox maraqlıdır bu altı dığa sallana-sallana nəyə gəlir? – öz-özünə fikirləşdi.

Nəhayət köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi:

1.Aşağı xəbər ver;

2.Keçdik “B” – yə;

3.Oriyentir 1-i keçənə qədər heç kim atəş açmır, qoyun gəlsinlər;

4.Mən getdim, Oriyentir 3-ün yaxınlığında onların arxasında olacam.

üçüncü fəsil

– “YA ALLAHIN ADI”- “DÖYÜŞƏ”!!!

Son tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu indi üzüaşağı Çaylıya tərəf getməyə başladı; ya Allah, ey Həzrəti Əliyə şir gücü verən Allahım, Seyit Çavuşa o gücü verən UCA TANRIM, hər şey sənə xatir, sənin adınla- mənə güc ver, düşmənin yanında xar etmə….

Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu.

Göz-gözü görmürdü, Seyid nə vaxt üçüncü oriyentirə çatdığını heç özü də bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun yanından keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra ətrafa göz gəzdirdi. Onun postundan atırdılar- nə tez çatdılar öz-özünə düşündü. Bir-iki qatar da atdılar. Bəs bu şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar?- Seyid təmkinlə düşündü. Birdən lap yaxınlıqdan- onun 35-40 addımlığından atəş açıldı. Hə, demək burdasız- öz-özünə dedi Seyid. İndi baxaq görək vəziyyət necədir? Bir-iki qatar da qarşılıqlı güllələr uçuşdu. Seyid sanki, filim seyr edirmiş kimi izləyirdi mənzərəni. Bu dəm onun postunda tək-tək üç-dörd güllə atıldı. Elə bil, qarşısında bomba partladı; gecənin qaranlıq və sakitçiliyində qarci-qurci səslə necə vay-şivən qopdusa, Seyid bir az da diksinən kimi oldu. O, çox eşitmişdi, ancaq görməmişdi. Yəqin qan görüblər- düşündü Seyid. Səs gələn tərəfə addımlamağa başladı.Elə bil Ay da yardımçı olmağa söz vermişdi TÜRK OĞLUNA… Seyid iti, olduqca yumşaq addımlarla səsə tərəf addımlayır, qarci-qurci “arə TURKİ”, “TURKE”sözlərini aydın eşidirdi, ancaq hələ heç nə görmürdü, birdən Ay işığında nəsə parladı düz gözünün qabağında. Cəld özünü yerə atdı. Sürünə-sürünə balaca təpənin üstündəki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz köməyini əsirgəmədi. İndi o, beş dığanı aydın sayırdı. Bəs altıncı hanı?- bir az da qalxıb boylandı. Bunlara nə olub belə, niyə hürüşürlər görəsən?- düşündü Seyid ancaq özlərin elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri olmazdı. Bunun ciddi bir səbəbi olmalı idi. Ay bir də parlayanda əsərin qəhrəmanı ortaya çıxdı; Seyid gördü ki, topa dayanıb, vay-şivən qoparan ermənilərin ortasında yerdə nəsə çapalayır. Diqqətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdi. Şərəfsizlər də yaralı yoldaşına köməklik etmək əvəzinə, başına yığışıb, vay-şivənlə həmdə yazığın olan-qalan canını alırdılar. Bu mənzərə Seyidi təəssüfləndirdi də…

Seyid indi düşünürdü ki, hansı üsulla bunların külünü göyə sovursa, daha ağıllı qərar olar; o, gah əlindəki əl qumbarasına, gah da öz iki dəstəkli avtomatına baxdı. Bəlkə, yaxınlıqda başqa da kimsə var, ya bunları müşahidə edən var? –düşündü və əl qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə bitirmək lazımdı ki, müşahidəçilər üçün mina mənzərəsi yaransın- onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, lap hərdən ikisi dalbadal da partladığı vaxtlar olur. Seyid bir neçə addım da qabağa gedib, qumbaralardan birini necə atdısa, topa durub, hay-həşir salan ermənilərin ortasında uzanıb zarıyan yaralının qucağına düşdü. Bu da Seyidin ona göstərə biləcəyi yeganə köməklik idi… İkinci qumbaraya ehtiyac qalmadı.

Seyid özünü balaca təpənin dalında torpağa elə sıxmışdı ki, üstünə tökülən daş-kəsək də heç vecinə deyildi. Görəsən, özümə heç nə olmayıb?- düşündü, indi də içində bir təəssüf hissi baş qaldırdı; görə bilmədim, heç vaxt bilməyəcəm necə uçuşurdular havada. Yavaşca arxası üstə çevrildi, əvvəlcə bir-bir ayaqlarını, sonra isə növbə ilə əllərini,qollarını tərpətdi. Hər şey qaydasındadı- düşündü. Əslində Seyidin narahatçılığı yerində idi; çölün düzündə bu cür yaxın məsafədə əl qumbarası atmaq, atan adam üçün də təhlükəlidir. Seyid bunu çox yaxşı bilirdi- o yalnız birinci Allah- Talanın, ikinci də cəldlik və peşəkarlığının sayəsində salamat qalmışdı. O, əsla ölümdən qorxmurdu, planlarının yarımçıq qalacağından narahat idi. Beş-on dəqiqə də keçdi. Durub oturdu. Hadisə yerinə nəzər saldı, Allahdansa, tüstü də yox idi. Gecənin sükutunu pozacaq bir hənirti belə yox idi. Elə bil, heç 10-15 dəqiqə əvvəl burda aləm bir-birinə dəyməmişdi.

Seyid daha 20-25 dəqiqə də ətrafı izlədi ki, görsün səs-səmir var, ya yox. Tam sakitçilik idi. Buludlar da Ayı sərbəst buraxmışdı. Seyid Ay işığında aydın görünən dağlara, dədə-təpə düzlərə və bir də ermənilərin qarşıdakı taborunun dayaq məntəqəsinin olduğu ehtimal olunan dərəyə baxdı. Dəli şeytan deyir, get bunların hamısını biç, yüz faiz bilirəm indi hamısı toyuq-cücə kimi yatışıb- düşündü. Bəlkə gedim, bu şərəfsizləri bir yoxlayım, televizorda sərsəm-sərsm guruldayırlar, onlara AZƏRBAYCAN ƏSGƏRİNİN nəyə qadir olduğun göstərim,- götür-qoy etdi. Ya Allah, getdim e. Dərə aşağı üzü Çaylıya tərəf getməyə başladı. Yol boyu öz-özünə düşünürdü; qoy olsun orda 100-120 kölgəsindən qorxan dığa, lap 30-40 nəfər də dovşandan qorxan köməyə gəlsın. Hə bu kölgəsindən qorxmayanları necə ləngidə bilərik- düşünə-düşünə gəlib çıxdı yol ayrıcına. Bu nə yoldu belə? – fikirləşdi, özü də ikisi birdən qoşa. Görəsən, hansı işləkdi? Aşağı-yuxarı baxdı; aşağı Çaylı, yuxarı dağlar. Sağa-sola baxdı, sağ da qurumuş qanqal, sol da. Hər iki yolun ortasın ot basmışdı. Nə fikirləşdisə əyilib əlinin içini yerə sürtdü. Sonra keçib o, biri yolu da o qaydada yoxladı. Hə, bax bu yoldu maşınların gedib, gəldiyi yol- xırda qum kimi daşlar var burda- qənaətinə gəldi. İldə-ayda bir maşın gedib, gəlir belə olacaq də-düşündü. Hə, indi neyləyək ki, bunlar gələ bilməsin, heç olmasa geciksin. Şalvarın yan cibindəki jilkanı götürdü, əl qumbarasının birini işlək yolun kənarındakı ən hündür, ən yoğun quru qanqala elə bərkitdi ki, yüngül bir toxunuşla yola fırlasın. Sonra keçib birini də eyni qayda ilə yolun digər kənarında bərkitdi və jilkanı qumbaraların halqalarına tarım bağladı. Bu qayda ilə bir-birindən dörd-beş metr aralı yol boyu üç tələ və tələlərin tuşunda qanqallığın içində çal-çarpaz tələlər düzəltdi. Sonra ehtiyyatla bütün qumbaraların şpilkaların düzlədi. İndi adi bu yumuru dəmir parçaları, bu quru qanqallıqda öz şikarını gözləyən, ölüm saçan zəhərli kobraya dönmüşdü. Gözləyirdi ki, quyruğuna basasan, odunu, alovunu püskürə üzünə.

İşini tamamlayıb, yol aldı uzaqda görsənən zəif işığa tərəf. Gedək, görək orda nə var, nə yox- düşündü öz-özünə.

Həmişə bu yolla ermənilərə ya ərzaq gələrdi, ya da yoxlama. Həmişə onları tərkibində çoxlu generallar, polkovniklər olan komisiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları yoxlamağa AZƏRBAYCAN ORDUSUNUN PEŞƏKAR GİZİRİ gəlirdi. Özü də, bu yoxlama qəfil yoxlama idi. Görək, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədi, neçə alacaqlar bu imtahandan? – düsünə-düşünə Seyid düşmən düşərgəsinə çatdı.

Dördüncü fəsil

Düşmən taborunun dayaq məntəqəsi, burada həmçinin gələcəkdə postda durmaq üçün gənc əsgərləri hazırlayırlar. Gəlib-gedənləri nəzərə alsaq təxminən- aydın məsələdir ki, onları düzüb saymamışdıq- yüzdən az artıq olar səxsi heyyətin sayı…

Seyid, indi zəif işığın təxminən yüz addımlığında idi. Əgər içəridə əsgərlər yatırsa, yəqin ki, buralarda post olmalıdı- düşündü Seyid. Ətrafa diqqətlə göz gəzdirə-gəzdirə işığa tərəf irəliləyirdi ki, sağdakı əl damına oxşayan binanın tinindən bir əsgər çıxdı. Əsgər avtomatın sinəsindən aşırıb, lüləsi qabağa, əli dəstəkdə düz onun üstünə gəlirdi. Aralarında 15-20 addım olardı. Seyid ani olaraq duruxdu, ancaq tərpənmədi. Gələnə diqqətlə baxdı, düz onun üstə gəlsə də, nəsə qərəvəlli gəlirdi. Ya hələ onu görməmişdi, ya da, özlərindən biri sanırdı. Çox maraqlı vəziyyət yaranmışdı. Əsgər gəlib, düz onun qabağından keçib, getdi. Seyid gülməkdən özünü zorla saxladı; zalım oğlu ayaq üstə yatıb ki, sən bundakı məharətə bax a, yata-yata da gəzmək olarmış- düşünə-düşünə Seyid də anun arxasınca addımlamağa başladı. Seyidə bir gic gülmək gəlmişdi, özünü zorla saxlayırdı. Əsgər getdi, bu getdi, görsün axırı necə olacaq. Qəfil əsgər durdu və cəld marşurutu üzrə geri döndü ancaq hələ oyanmamışdı. Birinci addımını atdı və gözünü açdı, daş qayaya dirənmişdi. Yazıq hələ də kəsdirə bilmirdi ki, nə baş verir, qarşısındakının kim oldugundan da xəbərsiz idi. Seyid yuxarıdan aşağı gözlərinin içinə elə baxırdı ki, əlli milyonluq Azəri gəncliyinin qəzəbi, hikkəsi vardı bu baxışlarda… Yazıq ağzından süd iyi gələn dığa bu baxışların qarşısında tab gətirə bilməzdi axı… O, ya hələ oyanmamışdı- yazıq neynəsin yuxunun şirin vaxtı idi- ya da, elə ayaq üstə də ölmüşdü. Əsgər Seyidin sinəsindən idi. Seyid çox uzatmayıb, ani sıçrayışla onun boynuna mindi və yerə yıxdı. Ani bir hərəkətlə çənəsin boynun ardına fırlatdı. Dığa deyəsən, həqiqətən ayaq üstə ölmüşdü, heç cınqırın da çıxartmadı. Seyid onu ehtiyatla ağzı üstə yerə qoydu. Ye. Ye şərəfsiz ye bu torpağın tozu da sizə haramdı- deyə – deyə ağzını torpağa sürtdü – necə ki, indi haram edəcəm – dedi və dığanın kitelinin yaxalığın buraxdı. Əsgərin silahın çəkib, boynundan çıxartdı- adi qundaqlı “5.45” avtomat idi. Zəif işığa tərəf addımlamağa davam etdi- bu işıq kazarmanın girişində, qapının üstündə yanırdı. Yanından bayraq da asılmışdı. Çox qəribə bina idi. Heç hərbiçilər qalan yerə oxşamırdi; uçuq-sökük təmirsiz bina, tamam sökülmüş çala-çula asfalt örtüklü meydaça-həyət, bizim üzüm bağlarından sökdükləri beton dirəklərdən düzülmüş səkilər. Bir sözlə sovet dönəmindən qalma hansısa idarə binası idi yəqin ki. Bura nədir ki, burdakılar da nə ola düşüncəsi ilə girişə yaxınlaşdı. Sıçrayıb, bayrağın əskisindən yapışdı. Necə dartdısa, şakk eləyib, sapı sındı. Başı aşağı salanmağa başladı. Sanki, bu əski parçası da fərsiz övladları üçün xəcalət çəkirdi. Seyid şəstlə içəri girdi. Tumboçkadakı əsgər yatmışdısa da yəqin bayrağın səsinə oyanmışdı. Əsgər Seyidi görən kimi özünü düzəltdi, əlini baş geyiminə aparıb öz dillərində nəsə bir söz qışqırdı. Qəfil gələn iri cüssəli, zəhimli bu qonağın iti baxışları qarşısında özünü itirən gənc əsgər birdən xatırladı ki “ YAT” komandası çoxdan olub, artıq səhərə yaxındı səhfini düzəltmək qərarına gəldi; uzun uzadı nəsə qışqırmağa başladı. Bu müddətdə Seyid ətrafı əməlli başlı incələdi; gün növbətçisi girişdə, silah otağının qapısının ağzında dayanmışdı. Armaturdan olan qapı adam başı keçən iri şəbəkəli idi. İçəri göz gəzdirdi; silah-sursatdan başqa xeyli də üst-üstə yığılmış yeşik var idi- bunlar partapart partlayacaq ha…- Seyid düşündü. Solda bir neçə otaq var idi; rabitəçi otağın o saat tanıdı-qapının üstündə sovetin rabitəçi nişanı və ilan-qurbağa həriflərlə cədvəl var idi. Yəqin bu da zabitlər otağıdı- içəridən xorultu gələn otağın qapısına baxdı. Solda dəhlizin qurtaracağında böyük taybatay açılmış iki laylı bir qapı var idi- bura da əsgərlər yatan yerdi, deyə düşünürdü ki, qolu sarğılı bir əsgər bu qapıdan çıxıb, süngüsü dizinə dəyə-dəyə, yarı yıxıla, yarı dura səndələyə-səndələyə ona tərəf qaçmağa başladı. Seyid gün növbətçisinin lap yanında durmuşdu, gələnə baxırdı. Növbətçi Seyidə lap çathaçatda sağ ayağı necə büküldüsə, dizi üstə yerə düşdü- yazıq deyəsən, lap pis yatıbmış, ayaqları tamam keyyib- Seyid ona sətr bir nəzər saldı və sadəcə başını buladı. Növbətçi cəld özünü düzəltdi, əlini baş geyiminə apardı və yalnız, indi qarşısındakının kim olduğunu anladı, lakin çox gec idi. Seyid alıcı quş kimi sol əli ilə onun kepkasının günlüyündən tutub, gözünün üstünə elə çədi ki, az qaldı boynu kökündən qopsun, ancaq qopmadı, çünki sağ əli ilə də boynunun kökündən yapışmışdı. Seyid əvvəlcə novbətçini göyə qaldırdı, ayaqları yerdən üzüldü. Sonra təxminən boyu səviyəsindən bayaqdan bu mənzərəni kirimişcə, seyr edən gün növbətçisinə necə çırpdısa yazıq yapışıb divarda qaldı – o, bu qəfil qonağın kim olduğunu, nə baş verdiyini hələ də anlaya bilmirdi.Yoxlamağa gələn zabitlərdən idi, ya köhnə əsgərlərdən idi, hələ araşdıra bilmirdi ki, kimdi bu. Bir də, hər gün döyülməyə adət etmiş əsgər üçün nə fərqi kimdi döyən. O, ancaq gözləyirdi ki, tənbeh nə vaxt bitəcək. Maraqlıdır ki, zabitlər otağından da gözə dəyən yox idi- görünür onlar üçün də belə səs- küy adi hal idi. Seyid sol əli ilə də gün növbətçisinin boynundan yapışıb, onları bir neçə dəfə dalbadal kəllə-kəlləyə necə vurdusa, ikisi də süst vəziyyətdə yerə düşdülər. Bu vaxt növbətçinin süngüsü silah otağının qapısına dəyib səs elədi. Seyid cəld onları buraxıb, rabitəçi otağı güman etdiyi qapıya qaçdı; səksəkəli yatan rabitəçi səsə oyana bilərdi. Seyid yanılmamışdı bu rabitəçi otağı idi, ancaq rabitəçinin dünya vecinə deyildi, telefonun dəstəyi əlində elə yatmışdı ki, top da atsan oyanmazdı. Seyid qıymadı onu oyatsın- yazıq elə şirin-şirin yatırdı ki… Seyid ustufluca telefonun dəstəyin onun əlindən aldı, qolun başının altından götürdü və telefonun şunurun boğazına doladı, var qüvvəsi ilə sıxdı. Rabitəçi bir-iki dəfə yüngülcə çapaladı vəssalam. Seyid bütün şunurları dartıb qopardı, aparatların işığı söndü. Seyid otaqdan çıxıb, qapını sakitcə örtdü. Xorultu gələn otağın qapısına iki əl qumbarası bərkidib, halqalarına jilka bağladı sonra şpilkaları düzlədi. Silah otağının qarşısında dayandı, dörd əl qumbarası da hazırlayıb, içəri qapının ağzına qoydu. Jilkaları cütləyib, girişdən bayıra çıxartdı və tez də içəri qayıtdı. Girişdə alt paltarında bayıra çıxan əsgərlə qarşılaşdı.Onu saxlamadı- yazıqdı, işi var qoy getsin. Əsgər də öz hayında idi, heç ona fikir vermədi. Sağa dəhlizi axıra qədər getdi. Taybatay açılmış qapıya çatanda əl qumbaralarının ikisi döyüş vəziyyətində idi. Çatdı, içəri bir addım atdı. Bir sağa, bir sola baxdı, iki mərtəbə əsgər çarpayıları dolu idi. İki-iki yatanlar da var idi. İlahi bu nə iy-qoxdu, bu nə üfunətdi, belə də insan yaşayarmı? – düşündü Seyid. Tez də fikrindən vaz keçdi, bunlar insan deyil ki, ermənidi, bunlara olar. İçəridən gələn baş çartladıcı üfunət qoxusu qeyri-iradi uşaq vaxtı hardasa gördüyü donuzxananı xatırlatdı Seyidə; qarınlarının altına qədər çirkabın içində olan donuzlar ora-bura vurnuxurdular, ancaq heç o donuzxanadan da bu iy gəlmirdi- bunlar donuzdan da murdar imiş ki,- düşündü Seyid və qeyzlə, sanki, hamının intiqamın alırmışcasına əl qumbaraların eyni anda çal-çarpaz, birini sağa, birini sola çarpayıların üstünə atdı- qoy gəlsinlər çıxışda gözləyirəm- dedi öz-özünə. Cəld silah otağının yanına qaçdı. Arxasınca əvvəlcə partlayış, sonra ah-nalə, tükürpədici bağırtı qopdu. İkicə dənə də əl qumbarası silah otağının içərisinə dığırladı və bayıra qaçdı- xorultu gələn otaq silah otağı ilə divar qonşusu olduğuna görə orda yatanları xorultusuna haram qatmadı Seyid, ancaq kim vaxtına qədər dözməyib, tez oyansa idi, Seyid onun hədiyəsin qapıdan asmışdı. Seyid əvvəlcədən nəzərdə tutduğu, girişə tam nəzarət edən mövqeyinə çatanda arxada çox güclü partlayış oldu- bu dəqiq əl qumbarası deyildi. O, elə diqqətlə baxırdı ki, görsün, bu nə idi. İkinci partlayış elə, güclü oldu ki, bina ortadan iki yerə ayrıldı. Bu anda Seyid cütlədiyi jilkanı da var gücü ilə çəkdi; bir, iki, üç… partlayış səsləri ucaldı. Əl qumbaraların səsi partlayan silah-sursatın içində güclə seçilirdi. Arada raket də uçurdu, mina da partlayırdı- bir sözlə əsil atəşfəşanlıq düzəltmişdi Seyid. İndi əlində lap birinci rastlaşdığı, “qorxu bilməz”, yatılı da gəzməyi bacaran “igiddən” aldığı avtomat, bu atəşfəşanlığı seyr edə-edə girişə nəzarət edir, bağıra-bağıra bayıra qaçanları bu əziyyətdən qurtarırdı. Seyid ötən müddət ərzində xoşbəxt etdiyi dığaların sayını itirmişdi, pəncərələr dəmir barmaqlıqlarla möhkəm bağlandığı üçün şərəfsizlər qapıdan çıxmağa məcbur idi. Seyid də onları səbirsızliklə gözləyirdi. Bu minvalla Seyid erməninin avtomatındakı patronların da hamısını atdı, sovetdən qalma sandıq çantasındakı dörd sandığı da boşaltdı. Bu avtomatı bura qoydu, kitelini və bretini çıxardıb elə qoydu ki, baxan elə bilsin, kimsə var. Özü isə, gələndə gözaltı etdiyi ikinci mövqeyi tutdu. Bu, dağılmış asfalt örtüyün qurtaracağında, həyətin kənarında köhnədən qalmış beton örtüklərin arası idi. Seyid burdan dairəvi müşahidə aparır, hər şeyi dəqiq görürdü. Bura həm də çıxış üçün rahat idi. Seyid istəsə idi, gəldiyi kimi də çıxıb gedərdi, ancaq onun planında dönüş yox idi- SONUNA QƏDƏR İRƏLİ…

Seyidin saatdan xəbəri olmasa da, hiss edirdi ki, səhərə çox az qalıb Gündağanda dan yeri sökülürdü.

Bu vaxt bir az uzaq da partlayış səsləri eşidildi; bir, iki, üç… hə təlyə siçan düşüb, – düşündü Seyid. İndi harda olsalar gəlib çıxarlar. Mövqeyini bir də yoxladı Seyid. Sağdan-soldan, öndən-arxadan təhlükə yoxdu, lap top atsınlar. Düşmən düşərgəsi demək olar ki, yanıb qurtarmaq üzrə idi. Ara-sıra tək-tək əsgərlər atəş açsalar da yaxına gəlməyə heç kəs cürət etmirdi. Seyid alt paltarında qaçanların heç birinə güllə atmadı, axı ata-babadan eşitmişdi ki, igid basdığın kəsməz, həm də o, qabağına duracaq adam axtarırdı, maləsəf, burda beləsi yox idi… Arada, ordan – burdan əsgərlərin necə qorxa-qorxa ona tərəf boylandığın görürdü. Elə bil, onlar atəş etməyə də qorxurdular, sanki, kimisə gözləyirdilər. Seyid birdən xatırladı ki, axı bunlar kölgəsindən qorxanlardı, yəqin dovşandan qorxanları gözləyirlər. Qoy gəlsinlər- düşündü Seyid. Artıq sübhün ilk işartıları sezildiyi anda həyətə girən maşınların uğultusu eşidildi və eyni anda hər tərəfdən güllə yağmağa başladı, ancaq Seyid tələsmir, yaxınlaşmaların gözləyirdi- boşa güllə atmaq istəmirdi. Gəlin şərəfsizlər, bir balaca şərəfiniz varsa yaxınlaşın deyə-deyə gözləri önündə “Uzaq sahillərdə” filmində Mehdinin meydanın ortasında düşmən əsgərlərini gözləmə səhnəsi canlanırdı.Yox-yox Seyid heç bir şəraitdə özünü partlatmazdı- özünə xəsarət yetirməyin ən böyük günah əməllərdən biri olduğunu lap körpəlikdən bildiyi üçün bu barədə heç vaxt fikirləşməmişdi belə. Silah-sursatını bir daha yoxladı öz avtomatından demək olar ki, bir-iki güllə atıb- hələ onunla xeyli atışmaq olar. Bütün sandıqları doludur. Hələ cibində dolu daraqlar da var. Üç dənə əl qumbarası var. Tüstü şaşkaları da burdadı lazım olar.

Gəlin, gəlin – desə də, dovşandan qorxanlar uzaqdan səs- küy eləməyə üstünlük verirdilər. Seyid bunların da sırasına vər saldı. Seyid gördü ki, əl damının arxasında biri digərlərini başına yığıb, nəsə göstəriş verir. Burdan ora 35-40 metr ancaq olardı. Ya Allah deyib, iki əl qumbarasın elə ustalıqla atdı ki, dalbadal topanın tən ortasına düşdü. Elə bil, arının yuvasını qurdaladın. Bundan sonra dovşandan qorxanlar dovşan kimi dazışmağa başladı. Seyid ovladığı dovşanların sayını çoxdan itirmişdi. Şərəfsizlər əl qumbara atanlarından və avtomatik qumbara atanlardan atmağa başladılar. Hər mərmi beton örtüklərə dəydikcə, qopan qəlpələrdən çox, səs-küy, uğultu Seyidin beynini içəridən yeyirdi. O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq komandirlərinin sözü qulağında cingildədi:- “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə, nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.


Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YAZAR

ZAUR USTAC – ŞAİR, PUBLİSİST.

Zaur USTAC (زائـــور اوستاج)

  Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin,  üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:ZAUR USTAC – GÜLÜZƏNİN ŞEİRLƏRİ kitabı 2021-ci ildə nəşr olunub.

ZAUR  USTAC  HAQQINDA  PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:

Zaur Ustac – qələmdar olmaq missiyası

(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020

 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).

Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).

MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

“HƏFTƏ  İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.

“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

“KREDO” qəzeti N : 35  (1015)  01 oktyabr  2020-ci il. səh. 10.

“ƏDƏBİYYAT  QƏZETİ”  N : 46 (5274) 17 oktyabr  2020-ci il. səh. 29.

ELEKTRON  QAYDADA:

moderator.az

ilkxeber.org

mustaqil.az

525.az

goyce.az

yazyarat.com

yenises.az

tezadlar.az

pravdainfo.org

kultur.az

hafta.az

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018.
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018.3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020.
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.

5. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.

YAZARLAR.AZ    

“ZİYADAR”  MÜKAFATI

 ZİYADAR – زییادار


Yeni kitabların nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən verilən mükafat.
Award of Azerbaijan for new books. From The “Yazarlar” Magazine.


YAZARLAR JURNALI 2021 İYUL SAYI PDF:



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR HAQQINDA

Nizami Cəfərov “Oyanmış ruhun özünüdərki”. Əsəd Cahangirin 55 illiyinə… Səsdləndirdi: İradə Aytel

ƏSƏD CAHANGİR – 55

“Səsli kitab” layihəsi əsasən görmə əngəllilər və oxumağa zamanı olmayanlar üçün nəzərdə tutulub. Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ədəbiyyat da səsləndirməyi nəzərdə tuturam. Bəyənsəniz, kanalıma abunə olmağı unutmayın. Hörmətlərimlə…

İRADƏ AYTELİN DİGƏR YAZILARI

ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Oyanmış ruhun özünüdərki – Əsəd Cahangirin 55 illiyinə – NİZAMİ CƏFƏROV

ƏSƏD CAHANGİR – 55

Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli simalarlından biri, bu günlərdə 55 yaşını qeyd edən Əsəd Cahangiri otuz-otuz beş il əvvəl universitetin filologiya fakültəsindən tanıyıram. Onda mən özüm də hələ gənc idim, universitetdə müəllimlik elədiyim bir neçə il idi. Elmi konfranslar, klassiklərin yubileyləri, şair-yazıçılarla görüşlərdə fəal iştirak edən Əsəd istər təhsildə, istərsə də ictimai işlərdə tələbələr arasında xüsusi nəzərə çarpırdı. Savadı, çalışqanlığı, hətta görkəmiylə də çoxluqdan seçilən bu gənc sözün həqiqi mənasında fakültənin gözüydü. Onun M.F.Axundov və M.Müşfiqin yubileyləri,  Qabil, T.Bayram, N.Kəsəmənli və digər şairlərlə görüşlərdə çıxışları, xüsusən də, Nizaminin 850 illiyi münasibətilə universitetin böyük akt zalında nümayiş etdirilən və böyük maraq doğuran tamaşası hələ də yadımdadır. Bu çalışqanlığını, elmi potensialını nəzərə alıb, onu Fakültə Elmi Şurasına üzv seçmişdik. Axırıncı kurslarda Elmi Şuranın qərarı ilə ona Nizami Gəncəvi təqaüdü də verildi. Bu o demək idi ki, Əsəd həmin dövrdə fakültənin ən nüfuzlu tələbəsiydi.

…Yadımdadır ki, bir dəfə onların kursunda intibah estetikasından mühazirə oxuyurdum. İntibah şairinin gözəllik anlayışına örnək kimi Vaqifin, –

Oturuşu Şirin, duruşu Leyli,

Qəmzəsi sitəmkar, yarı gileyli.

– misralarını misal çəkdim və dedim ki, şairin Leylinin məhz duruşu, Şirinin isə oturuşundan danışması təsadüfi deyil, çünki intibah estetikasına görə qadının oturuşu, qızın duruşu daha gözəl sayılırdı.

Əsəd sual verdi ki, müəllim, bəs, intibah rəssamı Rafaelin “Siqstin madonnası” tablosunda Məryəm ana niyə ayaqüstə rəsm olunub? Sualı cavablandırmaq pedaqoji baxımdan uyğun gəlməyən bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirdi. Odur ki, Əsədə o vaxtlar çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetinə gəlməsini tapşırıb, mühazirəyə davam elədim…

Bir neçə gün sonra o gəldi və söhbətimizin davamını qəzetdə elədik. Xatırlatdım ki, İsa Məryəmin qabırğasının altından doğulub. Odur ki, ana olmasına baxmayaraq, dini ehkama görə, o, bakirə idi. Buna görə, Rafael İsanı qucağına almış Məryəmin buludlar üstündəki duruşunu təsvir edib. Yəni Rafaellə Vaqif arasında məsələyə münasibətdə ziddiyyət yoxdur və onlar hər ikisi intibah estetikasının daşıyıcısıdır.

Bu faktı xatırlatmaqdan məqsədim odur ki, Əsəd daimi axtarışda olan, qarşılaşdığı suallara cavab axtaran bir gənciydi və onu müasir ədəbiyyatımızın sayılıb-seçilən isimlərindən birinə çevirən parlaq istedadıyla yanaşı, həm də bitib-tükənmək bilməyən suallara cavab axtarışlarıdır. Gənc tələbənin o vaxtkı sualları illər, bəlkə də onillərlə sürəcək əzablı özünüdərk prosesinin hələ, sadəcə, başlanğıcından xəbər verirdi.

Əsədi “Ədəbiyyat və incəsənət” qəzetinə növbəti dəfə gətirən də bu axtarışlar oldu. O, mənim “Yatmışdım, üstümə gəldi ərənlər” adlı məqaləmi əldə eləmək istəyirdi. Bir neçə il əvvəl dərc olunmuş, poeziyamızda sufi-mistik düşüncənin inkişaf tarixinə ümumiləşdirici baxışdan ibarət məqaləni Əsədin hələ də unutmaması maraqlı idi. Üstündən illər keçəcək, özünün bir çox məqalə və müsahibələrində Əsəd o məqaləni də, bu misraları da dönə-dönə xatırladacaqdı:

Yatmışdım, üstümə gəldi ərənlər,

Qafil, nə yatmısan, oyan, dedilər!

Əminəm ki, “Yatmışdım, üstümə gəldi ərənlər”i Əsəd indi də unutmayıb və heç vaxt unutmayacaq. Çünki onun bütün ədəbi-bədii fəaliyyətinin əsasında oyanmış ruhun özünü, dünyanı və Tanrını dərk etmək istəyi durur və o, müstəqillik dövrü ədəbi-bədii düşüncəsində oyanışın, intibahın ən səciyyəvi nümayəndələrindən biridir.

Əsəd öz düşüncəsinin tipinə görə konservator deyil, amma bəzi yaşıdları kimi bayağı yenilikçilik, dayaz inkarçılıqdan da uzaqdır. Qədim və yeni onun düşüncəsində birləşir və ona səciyyəvi intibah adamı xüsusiyyəti verir. Təsadüfi deyil ki, onun istənilən bir yazısı – istər poema, istər esse, istərsə də məqalə olsun – əski, antik çağlardan bugünə qədərki əsas məqamları özündə ehtiva edir.

İş elə gətirdi ki, Əsədin mətbuatda ilk çıxışı da mənim yaradıcılığımla bağlı oldu. O, 1991-ci ildə “Füzulidən Vaqifə qədər” adlı kitabım haqqında “Dəyərli tədqiqat əsəri” adlı bir resenziya yazdı və “Dədəm Qorqud” qəzetində dərc etdirdi. Yadımdadır ki, soyuq, qarlı-çovğunlu bir qış günü, dekanlığın qarşısında Əsəd qəzeti mənə verib, –  “Müəllim, Sizin kitabınız haqda yazmışam, imkan eləsəz, baxarsız”, – dedi. Bir neçə gün sonra təkrar rastlaşanda, – “Sağ ol, mərifətli yazı yazmısan” dedim. Onda Əsəd hələ universitetin sonuncu kursunda oxuyurdu. “Füzulidən Vaqifə qədər” isə yeni işıq üzü görmüş və müzakirələrə səbəb olmuşdu. Akademiyanın Ədəbiyyat İnstitutunun gənc alimləri kitabın müzakirəsini keçirmiş, müzakirə materialları “Ulduz” jurnalında dərc olunmuşdu. Müzakirənin əksər iştirakçıları kitabda irəli sürülən fikirlərə, xüsusən də, milli intibah konsepsiyama, Vaqifi intibah şairi hesab etməyimə etiraz edirdilər. Gözləmədiyim, özü də güclü bir müqavimətlə qarşılaşmışdım. Öz məqaləsində bu barədə heç nə yazmasa da, görünür, Əsəd də müzakirə materiallarını oxumuş və müəllimini hücumlardan qorumaq qərarına gəlmişdi. Gənc tələbənin ilk qələm cəhdi olmasına baxmayaraq, kifayət qədər aydın məntiq və ciddi elmi üslubda yazılmış resenziyanın alt qatında duran əsas müəllif qayəsi bundan ibarət idi.

Onun bir qədər sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan, milli ədəbiyyat tariximizə quş uçuşundan baxdığı “Bir əvvəl var, bir axır var deyirlər…” essesi “Mənə ədəbiyyatdan dərs deyən bütün müəllimlərimə” epiqrafı ilə dərc olunmuşdu. Sonralar gördüm ki, öz müəllimlərinə hörmət, ümumən böyüyə, eləcə də sözün böyüklərinə ehtiram, sadəcə, Nizami Cəfərov yox, Nizamilərə, Füzulilərə sayqı onun davranış etikası və yazı mədəniyyətinin epiqrafıdır. O, sözün həqiqi mənasında, ziyalıdır.

Ədəbiyyat təkcə söz meydanı deyil, həm də şöhrət meydanıdır və bu hiss bəzən tələbəni müəllimə, dostu dosta, gənci qocaya, ümumən insanı insana qarşı qoya bilər. Xüsusən də, jurnalistlərin reytinq xatirinə hamını bir-birinə düşmən etməyə çalışdıqları indiki dövrdə. Ə.Cahangir isə son otuz ilin təkcə ən məhsuldar yox, həm də polemikaya meyilli tənqidçilərindən biridir. Amma bu illər ərzində onun nəinki özündən böyüklərə, hətta gənclərə qarşı da etik əndazəni aşan yazısını, sözünü görmədim. Ən kəskin polemikalarda belə o, hamının fikrinə hörmətlə yanaşmaq, eyni zamanda öz fikrini soyuqqanlılıqla, ağılla, məntiqlə ifadə etmək kimi bir mövqedə durur və bu, o qədər də asan məsələ olmayıb, insandan həm savad, intellekt, həm də ziyalı etikası, mənəviyyat tələb edir. Sadaladığım bu cəhətlərin hər ikisi Ə.Cahangirdə var və bunları bir neçə il öncə onun moderatorluğu ilə hazırlanan, ədəbiyyatın poeziya, nəsr, dramaturgiya, ədəbi-tənqid və digər sahələrini özündə ehtiva edən, “Azərbaycan” jurnalında işıq üzü görən dəyirmi masa materiallarında bütün konturları ilə görmək olur. Belə dəyirmi masalardan birinə, Anarın “Göz muncuğu” povestinə həsr olunan müzakirəyə mən də dəvət olunmuşdum və keçmiş tələbəmin sadaladığım bu keyfiyyətləri nəinki qoruyub saxladığını, hətta bir az da cilaladığını görmək mənə xoş idi. Yeri gəlmişkən, son vaxtlar, nədənsə, belə dəyirmi masa materiallarının jurnalda dərcini görmürəm və bunu növbəti layihələrin hazırlanması üçün zəruri fasilə hesab edirəm.

Yenilikçi ruh, aydın, son dərəcə cilalı üslub, sadəliklə dərinliyin, elmiliklə bədiiliyin, analizlə sintezin vəhdəti, fəlsəfi ümumiləşdirmələrə güclü meyil! Ə.Cahangirin məzmunca zəngin, formaca çoxcəhətli yaradıcılığının əsas cəhətləri bunlardır. Yenilik demişkən, son iyirmi ildə geniş rezonans doğuran postmodernizm anlayışının ədəbiyyatımıza gəlməsində Ə.Cahangirin çoxsaylı və ardıcıl yazılarının həlledici rolu olub. Bu o vaxtlar idi ki, ədəbi mühitdə bir durğunluq yaranmışdı. Bədii sözümüzü, ümumən ictimai düşüncəni hərəkətə gətirmək üçün yeni anlayışa ehtiyac duyulurdu. Bu anlayış postmodernizm, onun ideya ilhamçısı isə zamanın tələbini həssaslıqla duyan Ə.Cahangir oldu.

Ə.Cahangir postmodernizmdən yazanda Avropa ədəbi-bədii düşüncəsində bu meyil öz ömrünü artıq başa vurmaq üzrəydi. Lakin biz 70 illik qapalı Sovetlər Birliyi mədəniyyətindən çıxmışdıq. Ola bilsin ki, İsa Hüseynov, Çingiz Hüseynov kimi yazıçılarımız postmodernizmin bu və ya digər cəhətini ədəbiyyata gətirmişdilər, amma istənilən halda bunlar ədəbi-tənqidin registrasiyasından keçməmiş, özünün nəzəri-analitik təsdiqini tapmamışdı. O vaxt yalnız bir metodun – sosialist realizminin tələbləri ehkam sayılırdı və bütün yerdə qalanlar qanundankənar, mürtəd elan olunmuşdu. Ona görə postmodernizm də, onun gətirdiyi ab-hava da bizim üçün yeni idi, ədəbiyyat isə hər şeydən öncə, fasiləsiz yeniləşmə deməkdir. Ə.Cahangirin bir neçə il ərzində postmodernizmlə bağlı ardıcıl yazıları bu mənada ədəbi-bədii düşüncəyə hərarətli yenilik həyəcanları gətirir, onu canlandırırdı. Mən bunu deyəndə, hər şeydən öncə, onun “Xalq cəbhəsi”, “Vətəndaş həmrəyliyi”, “Yeni Azərbaycan” qəzetlərində işıq üzü görən “Yeni əsrin ibtidası” silsilə məqalələrini nəzərdə tuturam. Bu yazılarda yeni ədəbi-bədii fikrimizin, doğrudan da, nəzəri ibtidası qoyulur, ədəbi prosesin təxminən 10-15 illik prioritet istiqamətlərinin fəlsəfi-estetik əsasları müəyyənləşirdi.

Maraqlı idi ki, təkcə Murad Köhnəqala, Həmid Herisçi, İlqar Fəhmi kimi cavanlar deyil, adlı-sanlı yazarlar da yeni anlayışı dəstəklədilər. Elçinin “Şekspir”, “Teleskop” kimi pyesləri ilə milli teatrımızda postmodern düşüncənin əsası qoyuldu. Kamal Abdullanın “Yarımçıq əlyazma”sı ilə milli nəsrimizdə postmodern romanın ən səciyyəvi nümunəsi yarandı. Tezliklə “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzusunda dissertasiyalar müdafiə edildi, Salidə Şərifova, Nərmin Kamal və digərlərinin bu mövzuda kitabları işıq üzü gördü, yəni anlayış populyarlaşdı, rəsmən qəbullandı, vətəndaşlıq statusu hüququ qazandı, ədəbi-bədii prosesin lokomotivinə çevrildi. Bu işin nəzəri-ideoloji yöndən əsas simalarından biri, yəqin ki, birincisi, Ə.Cahangir idi. Özü də təkcə məqalələri ilə deyil, İlya İlin, Daniil Andreyev, İrina Adelgeym, Aleksandr Dugin, İrina Nikitina və digər bu kimi alimlərin postmodernizm haqqında yazdığı məqalə və kitablardan elədiyi filoloji tərcümələrlə. Onun timsalında ədəbi tənqid bir müddətdir unutduğu missiyasına qayıdır – bədii fikin yoluna nəzəri işıq salır, onun yeni düşüncə üfüqlərini müəyyənləşdirirdi.

Dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə – inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq! Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir. Ə.Cahangirin yazıları ağır-ağır axıb gedən, ədəbiyyatın ayrı-ayrı mərhələlərini bir bütöv halında birləşdirən, öz axarına salıb aparan nəhri xatırladır və bununla da, “tənqid hərəkət edən estetikadır” fikrini əyani olaraq təsdiq edir. Bunu onun yuxarıda sözügedən “Bir əvvəl var, bir axır var deyirlər” essesində də, sonralar yazdığı “Söz”, “Səs” “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd təkcə bu esseləri yox, bütün yazılarında ilk essesinın sərlövhəsinə sadiqdir – onu sözün başlanğıcı və sonu, yolun əvvəli və axırı maraqlandırır. Bütün ədəbiyyatşünaslıq mövzu və problematikası ilə yanaşı, onun yazılarının alt yapısında bir ən ümumi fəlsəfi suala cavab cəhdi durur: – Hardan gəlib, hara gedirik?

Bəli, ədəbi-bədii faktın mahiyyətini aşkarlamağa yönələn Ə.Cahangir tənqidi açıq fəlsəfiliyə meyillidir. O, ədəbi-estetik anlayışlarla yanaşı, həm də ruh, şüur, materiya, zaman, məkan və sair bu kimi əsas fəlsəfi kateqoriyalarla düşünür. Mənə həmişə elə gəlir ki, onun ədəbi-tənqidçi olmasıyla, Azərbaycan fəlsəfi və ictimai fikri özünün dünya çapına gedib çıxa biləcək bir filosofunu itirib.

Yeri gəlmişkən, burda bir haşiyə çıxacam. İkinci, ya üçüncü kursda oxuyanda, dərs ilinin lap başlanğıcında Əsəd bir gün mənə yaxınlaşıb dedi ki, Fərman müəllim Fəlsəfə fakültəsinə keçməyimi istəyir, fikirləşmək üçün bir neçə gün vaxt almışam, məsləhətiniz nədir, ona nə cavab verim? Söhbət görkəmli filosof, “Müasir Qərb fəlsəfəsi”, “İnsan və dünya”, “Klassik psixoanalizin əsasları”, “İdrak nəzəriyyəsi və linqvistik analiz” və digər çoxsaylı kitabların müəllifi, universitetin fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Fərman İsmayılovdan gedirdi. Görünür, o, mühazirələrin gedişində Əsədin fəlsəfi istedadını görmüş, ona ixtisasını dəyişməyi təklif eləmiş, bu taleyüklü addımı atmaqda tərəddüd keçirən Əsəd isə bir sıra güvəndiyi müəllimləri ilə yanaşı, məsləhət üçün mənə də üz tutmuşdu. Mən, təbii ki, bu yerdəyişməyə razı olmadım və – “Bəyəm, bizim filoloqa ehtiyacımz yoxdur, fəlsəfəyə niyə keçirsən ki? – dedim. Sonralar öyrəndim ki, başqa müəllimlər də Əsədə eyni məsləhəti veriblər və bununla da, dilemma filologiyanın xeyrinə həll olundu. O vaxt doğrumu, yanlışmı qərar çıxardıq, bilmirəm, amma onu bilirəm ki, bu gün 55 yaşını qeyd edən Əsəd Cahangirin görkəmli bir söz adamı kimi varlığı o günlərdə çıxarılan qərarla əhəmiyyətli dərəcədə bağlıdır.

Orijinallıq, özünəməxsusluq Əsəd Cahangirin düşüncəsinin ən qabarıq görünən tərəfidir. Onun müəllifə özünü daha sərbəst ifadə etməyə imkan verən esse janrına xüsusi marağının əsas səbəbi yəqin ki, budur. “Söz” essesində o, Füzulinin bir beytinə – “Can sözdür, əgər bilirsə insan / Sözdür ki, deyirlər özgədir can” – istinad edərək sözün ikili səciyyəsini açır, onun ilahilik keyfiyyətini itirib insaniləşməsi və yenidən ilahiliyə qayıtması zərurətindən danışır və bu ideyanın əyani örnəyi kimi Nizamidən Muğannaya qədərki minillik bədii sözümüzü Füzulinin bir beytindən keçirir. “Söz” essesi bu minillik yolda dastan, qəzəl, qoşma kimi janr əvəzlənmələri ilə yanaşı, sözün istənilən yanrı öz içinə alan daxili forma dəyişkənliyindən danışır və bunların birindən digərinə keçidin görünməyən, strukturoloji laylarını qaldırır, kəsəsi, sözün nüvəsinə gedib çıxır. Yadımdadır ki, Əsəd bu essenin əlyazmasını mənə vermişdi və ilk bir neçə abzası oxuyan kimi bilmişdim ki, “Söz” təkcə öz müəllifinin yaradcılığı deyil, ümumən ədəbi-tənqidi düşüncəmizdə strukturalizmin ən parlaq, qeyri-adi örnəklərindən biridir. Belə yazı hər müəllifin ömründə bir dəfə, uzaqbaşı bir neçə dəfə ola bilər.

O bir neçə dəfədən biri olan “Səs” essesi Azərbaycanın üç geokulturololoji əraziyə – söz, səs və rəng məkanlarına bölünməsinə dair kəşflə yadımda qalıb. Bu bölgüdə Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin payına düşür. “Səs” bir “Qarabağnamə”dir, özü də bu mövzuda indiyədək yazılan və olsun ki, bundan sonra yazılacaq “namə”lərin ən orijinalı. Essedə Qarabağın Azərbaycan tarixi və mədəniyyətindəki yeri və rolu özünün bütün tarixi-kulturoloji konturları ilə aydın görünür. “Söz”də ədəbiyyata metafizik baxış olduğu kimi, “Səs”də də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimiz, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik.

Ə.Cahangirin esseləri məntiqi-rasional metodla intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə zolağında meydana çıxıb. Onun “Dəmirbaşlar” essesi ənənəvi geridönməz tərəqqi ideyasının əksinə inkişaf və tənəzzülün daimi əvəzləndiyi dairəvi düşüncə modeli əsasında yazılıb. Elmi-texniki tərəqqinin danılmaz nailiyyətlərinə baxmayaraq, bəşər tarixinə mənəvi tənəzzül kimi baxmaq! Elm, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə qızılbaşlıqdan dəmirbaşlığa enişi izləyən esse müəllifinin əsas yeniliyi bu unudulmuş köhnəliyin bir daha təsdiqindədir. Amma insanlığın labüd esxatoloji faciəsindən söz açan bu essedə optimist ideya qalib gəlir – qızılbaşlığa çağırış! “525-ci qəzet”də bir neçə ay ərzində hissə-hissə dərc olunan essenin geniş rezonans doğurmasının əsas səbəbi, yəqin ki, bu müəllif qayəsi ilə bağlı idi. Ə.Cahangirin müsahibələrindən birində dediyi kimi, “ədəbiyyat hər şeyi insanın əlindən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur”.

Qatı tradisionalist mövqedən yazılan “Dəmirbaşlar” Ə.Cahangirin yaradıcılığını izləmək baxımından daha bir cəhətdən əhəmiyyətli idi. Esse “mən postmodernizmə sədaqət andı içməmişəm” deyən müəllifin postmodernist düşüncədən uzaqlaşmasını göstərirdi. Bir qədər sonra qələmə aldığı “Aprel tezisləri. Postinsan haqqında esse” isə onun ədəbi-fəlsəfi fikrimizə yeni bir anayış – postinsan anlayışı gətirmək cəhdi ilə səciyyələndi. Postmodernizm insanın özünə inamının süqutundan danışırdı. Postinsan isə insanın tamamilə başqa bir varlığa – postinsana çevrilməsindən bəhs edir. Odur ki, bu daha radikal ideya əfkari-ümumiyyə tərəfindən postmodernizm qədər asanlıqla qəbul edilə bilməzdi. Futuroloji mövzuda yazılmış “Aprel tezisləri” Ə.Cahangirin ən inqilabi məzmunlu essesidir, inqilabın baş tutması isə situasiya tələb edir. Lakin bu amil essedə irəli sürülən ideyanın perspektiv əhəmiyyətini inkar etmir. Çünki həyatımızın bütün temporitmi postinsan ideyasının yaxın gələcəkdə reallaşması imkanını hər gün daha bariz təsdiq edir.

Ə.Cahangirin indiyə qədər “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi kitabları işıq üzü görüb və bu kitabların hər biri müəyyən ədəbiyyatşünaslıq problemlərinə aydınlıq gətirilməsiylə səciyyələnir. “Qədim türk ədəbiyyatının linqvistik poetikası” kitabının mövzusunu Əsədə mən vermişəm. Kitabda Mahmud Kaşğarlının məşhur “Divanü lüğat it-türk” əsərindəki bədii nümunələr dilçilik və ədəbiyyatşünaslığın kəsişmə zolağında araşdırılıb. Müəllif “Divan”da toplanmış şeirlərin yaranması, inkişafı, dil və üslub xüsusiyyətləri, vəzni, müasir poeziya ilə əlaqəsi kimi məsələlərə dair orijinal fikirlər deməklə yanaşı, həm də bu nümunələri müasir dilimizə uyğunlaşdırmış və kitaba əlavə etmişdir. Azərbaycan filoloji fikrində monoqrafik səviyyədə kaşğarlışünaslıq Ə.Cahangirin 2001-ci ildə “Elm” nəşriyyatında rezoqraf üsulu ilə dərc olunmuş bu kitabı ilə başlayır.

2006-cı ildə “Nurlan” nəşriyyatında çapdan çıxan, Xalq yazıçısı Anar və Günel Anarqızının nəsr yaradıcılığından bəhs edən “Ağ saç, qara saç” kitabının ideya miqyasları adından daha genişdir. Kitabın əsasında Anarın “Ağ qoç, qara qoç” utopik və antiutopik nağıllarının milli və dünya ədəbiyyatı müstəvisində təhlili durur. Özümüzə dünyadan və dünyaya özümüzdən baxmaq Ə.Cahangir tənqidinin qabarıq nəzərə çapran keyfiyyətlərindən biridir. Lakin kitabın alt qatında o vaxt ədəbi mühitdə kəskin şəkil alan nəsillərarası qarşıdurmaya qarşı gizli bir etiraz da var. Ağ qoç, qara qoç buynuzlaşmasını, ağ saç, qara saç ehtiramı və ehtişamı ilə əvəzləmək! Kitabın müəllifinin daha dərin qatda gizlənən əsl qayəsi budur!

2013-cü ildə “Yazıçı” nəşriyyatında yayımlanan “Kim yatmış, kim oyaq” seçilmiş esselər və məqalələr kitabı təkcə öz müəllifinin yox, çağdaş Azərbaycan ədəbi-tənqidi fikrinin hadisəsi kimi meydana çıxdı. İ.Muğanna, S.Əhmədli, Anar, F.Qoca, Elçin, A.Məsud, V.İbrahimoğlu, B.Osmanov və digər söz-sənət adamlarının yaradıcılığından söz açan kitabın təkcə elə adı onun müəllifinin bir ən ümdə xüsusiyyətindən xəbər verir – çağdaşlığa bədii düşüncəmizin ən əski çağlarının gözüylə baxmaq! Kitabın adı daha bir məsələyə aydınlıq gətirir – vaxtilə tələbə Əsədin universitet auditoriyasında müəllimlərinə ünvanladığı sualları artıq durub-toxtamış ədəbi-tənqidçi Ə.Cahangir dövrün ən sayılıb-seçilən, adlı-sanlı imza sahiblərinə, ümumən insana, zamana ünvanlayır, yeni dövrün yeni suallarını müəyyən edirdi! Oyanmış ruh “kim yatmış, kim oyaq?” deyə atrıq bu dəfə başqalarını oyanışa, intibaha çağırırdı!

Xalq yazıçısı Elçinin yaradıcılığından bəhs edən “On üçüncü gecə” məqalələr kitabı da ən ümumi ruhu etibarilə qaranlıqdan işığa, gecədən gündüzə çağırış ruhu ilə köklənib. Psixoanalitik təhlillər, yazıçının pyesləri əsasında hazırlanmış tamaşalar haqqında qənaətlərin də yer aldığı kitabda başlıca yeri Elçinin tarixi mövzuda qələmə aldığı “Baş” romanı haqqında “Baş”lanğıc” məqaləsi, xüsusən də məqalədə irəli sürülən “metafizik realizm” anlayışı tutur. Ə.Cahangir “Baş”ı bədii nəsrimizdə düşüncə miqyaslarının genişlənməsi, metafizik Amerikanın kəşfi baxımından mühüm bir yenilik kimi qiymətləndirir. Milli bədii nəsrimizdə ruhun ilk dəfə baş qəhrəmana çevrildiyi romanın, oyanmış ruhun ifadəçisi olan bir tənqidçi tərəfindən bu cür dəyərləndirilməsi məntiqidir. “Baş”lanğıc”ın ədəbi-tənqid tariximizə onuncu illərin mühüm nəsr tədqiqatlarından biri kimi daxil olacağına şübhə yoxdur.

Ə.Cahangirin maraq dairəsinin genişliyi təəccüb doğurur: ədəbiyyat, incəsənət, din, fəlsəfə, psixologiya, tarix, ezoterika… İctimai şüurun elə bir forması yoxdur ki, Ə.Cahangir ona maraq göstərməsin. Onun yaradıcılığının mühüm bir qolunu teatr, kino, musiqi ilə bağlı araşdırmalar, bir sözlə, sənətşünaslıq yazıları tutur. Xüsusən də teatra olan marağı Ə.Cahangiri ədəbi-tənqidi fikrimizdə M.F.Axundov, M.Hüseyn, C.Cəfərov, Y.Qarayev ənənələrinin parlaq davamçısına çevirir, bütün yenilikçi cəhdləri ilə yanaşı, onun klassik tənqidçi imicini formalaşdırır. Məncə, Ə.Cahangirin həmkarları arasında klassik teatral ruhun daşıyıcısı olan ikinci belə ədəbiyyat tənqidçisi yoxdur. Ən çox razılıq doğuran isə odur ki, müxtəlif janrlarda yazılan, sayı yüz əlliyə çatan bu yazıların nə analitik səviyyəsi, nə də informativ yükü ədəbiyyatşünaslıq yazılarından zərrə qədər də geri qalmır. Əsədin üslubunda elə bir cazibə gücü var ki, onun ədəbi-tənqidi yazılarını oxuyanlar haqqında yazdığı əsərlərlə tanış olmaq, sənətşünaslıq yazılarını oxuyanlar isə haqqında bəhs etdiyi tamaşalara, filmlərə baxmağa tələsirlər.

Əlibaba Məmmədov, Habil Əliyev, Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, Ramiz Mirişli, Ramiz Quliyev, Mənsum İbrahimov, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Həsən Turabov, Həsən Məmmədov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Əminə Yusifqızı… Ə.Cahangirin haqqında yazdığı onlarca sənət adamının bunlar yalnız az bir qismidir. Onun Xalq artisti Barat Şəkinskaya ilə müsahibəsiylə tanış olanda qəribə görünür ki, ötən əsrin iyirminci illərində səhnəyə çıxan qədimi aktrisalarımızdan biri ilə 90-cı illərdə ilk yazılarını dərc etdirən gənc tənqidçinin sözü-söhbəti necə belə yaxşı tutur? Hər hansı bir teatrşünasın Vaqif İbrahimoğlunun “Lənkəran xanının vəziri” tamaşasına Əsədin “Vay, dədəm, vay” məqaləsindən daha incə yozum verəcəyinə, yaxud rejissor Bəhram Osmanovun portretini onun “Bəhramnamə”sində olduğundan daha məharətlə yaradacağına, yaxud da Gəncədə keçirilən ümumrespublika teatr festivalının (2009) gedişi və yekunlarını onun “Bir çarə var ancaq – yeniləşmək” məqaləsindən daha yaxşı ümumiləşdirəcəyinə inanmaq çətindir. İnanmıram ki, hər hansı bir iranlı kinoşünas İran kino sənətinin mahiyyətini Əsədin “Oskar”ı niyə Fərhadiyə verdilər” məqaləsindəki kimi üzə çıxara bilsin… Fəlsəfə ilə bağlı bir qədər yuxarıda dediym fikrin təkrarı kimi görünsə də, deməliyəm ki, Əsədin ədəbiyyat tənqidçi olmasıyla Azərbaycan incəsənəti özünün çox ciddi bir sənətşünasını itirib.

Bəs, Ə.Cahangirin çoxcəhətli yaradıcılığının sirri, səbəbi nədədir? Bu sualın birbaşa cavabı onun poeziyasındadır. Poeziya insanlıq tarixində hər şeyin hələ bir şey olduğu, hələ müxtəlif yaradıcılıq sahələri arasında differensiasiyanın etmədiyi başlanğıc dövrün məhsuludur. Ona görə əsl poetik ruha sahib olanlar üçün janr məhdudiyyəti olmur. Ədəbi yaşıdlarından E.Z. Qaraxanlının vaxtilə Əsədə həsr etdiyi məqalədə dediyi kimi, “istedadın janrı yoxdur”. Amma janr sərhədlərini aşmaq bəzən azad ruhun hər şeyi qapsamaq imkanı və ehtirasının ifadəsi olduğu kimi, bəzən heç nəyi bacarmamaqdan da xəbər verə bilər. Xoşdur ki, bu məsələdə Ə.Cahangir birincilərdəndir. Onun poetik stixiyası insanlığın poeziya mərhələsi ilə daxili-ruhi əlaqəsindən xəbər verir. Çünki bu dövrə məhz həmin stixiya ilə getmək olar. “Nə olsun, bu stixiya istənilən bir şairdə var deyənlər” ola bilər! Lakin Ə.Cahangir istənilən bir şairdən bir mühüm cəhətdən fərqlənir – onda çağdaşlıq üçün daha səciyyəvi olan məntiqi-rasional idrak, intellekt də var. Və bu iki əks qütbün birləşməsi Ə.Cahangirin düşüncəsinə əvvəllə axırın birləşməsi səciyyəsi verib, onun istər özü, istərsə də sözünün özünəməxsusluğu, hətta müstəsnalığını şərtləndirir.

Maraqlıdır ki, Ə.Cahangir şeirdən daha çox, poemalar müəllifi kimi tanınır. Bu onun qədim türk ədəbiyyatından gələn epos təfəkkür tipinin daşıyıcısı olmasıyla bağlıdır. Onun “O Adam”, “Namaz”, “Xarıgülnar” poemaları müstəqillik dövrü poeziyamızda bu janrın ən parlaq nümunələrindəndir. Çünki Ə.Cahangir nədən yazır yazsın, hansı janra üz tutur tutsun, Müşfiqin “yaratdığın şeyi sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol” prinsipinə əməl etməyə çalışır. Bu poemalardan ilk ikisini Ə.Cahangir qırx yaşında yazıb və bu heç də təsadüfi deyil. Bu, Füzulinin “Leyli və Məcnun”, Şekspirin “Hamlet” yaşıdır. Yaradıcılıqla məşğul olan adam bu müdriklik yaşında özünü maksimum ifadə etdiyi ən yaxşı əsərlərini və ya əsərini yazır. Bu baxımdan hər iki poema, xüsusən də, “Namaz” Ə.Cahangirin maksimum özünüifadəyə nail olduğu poemadır. Birincisi sərbəst, ikincisi isə ritmik sərbəstdə yazılan, hər ikisi mistik məzmuna malik bu poemalar klassik sufi poeziyasındakı Allah və həqiqət axtarıcılığının modern örnəkləridir. Sadəcə, birinci poemanın ifadə etdiyi zaman intervalı son iki min il, ikincininki isə əzəldən əbədə qədərki sonsuzluqdur. Füzulinin “Leyli və Məcnun”undan sonra bizdə bu məzmunda poemalar yazılmayıb. Bu poemalar ən ümumi şəkildə götürəndə Füzuli ruhunun poeziyamızdakı yeni dirçəlişi, yeni oyanışıdır. Və onları məhz oyanmış ruhun bədii-fəlsəfi ifadəçisi olan Ə.Cahangirin yazmasından məntiqi heç nə ola bilməz.

Bu günlərdə Şuşada keçirilən Xarıbülbül musiqi festivalına həsr olunan, Qarabağda qazandığımız cahanşümul qələbədən doğan şükranlıq hissləri ilə aşılanmış “Xarıgülnar” poemasında isə günümüzdə baş verənlər ümumtürk tarixi ilə analoji müstəvidə dərk və təsvir olunur. Bu analogiyada Cıdır düzü Ötükənə, festival şülənə, İlahm Əliyev Bilgə kağana, Mehriban Əliyeva İlbilgə xatuna, Anar Dədə Qorquda müqabil gəlir. Poema təkcə ən ümumi ruhu deyil, həm də Dədə Qorqud şeiri üslubuyla diqqəti çəkir. Poemadan Dədə Qorqudun ünlü dua-alqışlarının səsi gəlir:

Tanrım, sənə şükr olsun,

Şəhidlərimin adı adın kimi zikr olsun!

Şəhid bacıları bacım, anaları anam olsun!

İlbilgə xatun Mehriban,

            Bilgə xaqanımız İlham olsun!

Qazilərimizə ehtiram,

Obamız obası, davamız davası olan

dost ellərə salam olsun!

Ə.Cahangirin bütün poemaları impulsiv enerjidən yaranıb və “Xarıgülnar” da bu yöndən istisna deyil. Müəllifə bu poemanı yazmağa impuls verən konkret bir hadisə – əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimovanın festival günü alnını Şuşa torpağına qoyması olub. Amma bu fakt poemanın yaranmasında sadəcə başlanğıc impuls, dəryaya gedən yolda bir damla rolu oynayıb. “O Adam” və “Namaz” poemalarında olduğu kimi, “Xarıgülnar”da da müəllif damlada dəryanı, zərrədə küllü göstərmək kimi sufi yoluyla gedir. Sadəcə, müəllif düşüncəsinin damlaları “O Adam”da ümumbəşəri, “Namaz”da ümummüsəlman, “Xarıgülnar”da isə ümumtürk dəryasına qovuşur.

Ə.Cahangirin yaradıcılığının xüsusi bir qolu onun ədəbi gəncliyin ən istedadlı nümayəndələrinin yaradıcılığını üzə çıxarmaq və cəmiyyətə təqdim etməkdən ibarətdir. O, AYB-nin təklifi ilə gənclərin yaradıcılığından ibarət “Körpü” (2004), Azərbaycan Tərcümə Mərkəzinin təklifi ilə “Yeni səs” (2016) və Heydər Əliyev Fondunun təklifi ilə “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” (2017) antologiyalarının redaktoru və tərtibatçısı olmaqla yanaşı, neçə-neçə gəncin kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.

Ə.Cahangirin istər ədəbi-tənqidi, istər kulturoloji, istərsə də poetik yaradıcılığının diqqəti çəkən daha bir cəhəti onun dərin səmimiyyətlə aşılanmış yüksək vətəndaşlıq məzmunudur. O, hər cür fərdiyyətçilikdən uzaqdır. Mən bunun əsas səbəbini onda görürəm ki, 90-ıncıların əksər nümayəndələrindən fərqli olaraq, V.Səmədoğlu, R.Rövşən və V.B.Odərin ifrat fərdiyyətçiliklə səciyyələnən poeziyasından Əsəd yan keçə bilib. Məhz bu cəhət onun poeziyasına yaşıdlarının demək olar ki, heç birisində olmayan daha bir keyfiyyət qazandırır – optimizm!

Daim real həyatla nəfəs alan, təbii, canlı dillə yaranan Ə.Cahangir yaradıcılığı kabinet ədəbiyyatı deyil. “Hər bir böyük ədəbiyyatın son məqsədi müdhiş bir Tanrı inancına can atmaqdır” deyən Ə.Cahangirin düşüncəsində haqq və xalq anlayışları, təkcə səslənməsinə görə deyil, məzmununa görə də həmqafiyədir. Metafizik, kosmik, sosial-siyasi, fərdi-psixoloji qatlar onun düşüncəsində iç-içə çevrələr kimidir. Və bunların cəmindən fakta, hadisəyə bütöv Ə.Cahangir baxışı yaranır. Bu çevrələr arasında ümummilli taleyüklü problemlərlə bağlı sosial-siyasi qat xüsusi yer tutur. Ustad Ələsgərin “Arsız aşıq elsiz niyə yaşadı?” sualı Ə.Cahangir üçün həmişə qüvvədədir. Onun bu baxımdan bir mövqeyi var – Azərbaycan dövlətçiliyi; və bir qayəsi var – milli-mənəvi dəyərlərin qorunması. Yazıçının ümummilli öndər Heydər Əliyevin anım gününə yazdığı “Möhtəşəm məktub”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi “Çiyninə Pikassonun göyərçinləri qonub”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın poetik yaradıcılığından bəhs edən “Bütün yollar eşqdən keçir” kimi esse və məqalələri məhz bu mövqenin, bu qayənin ifadəsidir… Ə.Cahangirin qondarma erməni soyqırımını ifşa edən, əsl tarixi həqiqətə yüzlərlə danılmaz arqumentlərlə aydınlıq gətirən “Erməni soyqırımı: mif, yoxsa gerçəklik” kitabını Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü ilə rus dilindən dilimizə çevirməsi də eyni əqidə, eyni amala xidmət edən vətəndaşlıq işidir.

Azərbaycan ədəbiyyatının dünyada, türk xalqları məkanında, keçmiş Sovetlər Birliyi ölkələrində, dünya xalqları, türk xalqları və keçmiş Sovetlər Birliyi xalqları ədəbiyyatlarının Azərbaycanda təbliğində də Ə.Cahangirin xüsusi rolu var. Onun Moskvada çıxan “Drujba narodov” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi sayında (2006, 3) milli poeziya və nəsrimizə dair “Qlobalizm, yoxsa millilik: dilemmadan çıxış yolu nədədir?” məqaləsi Rusiya ədəbi dairələri tərəfindən maraqla qarşılanmış, müasir ədəbi proseslə bağlı bir sıra icmalları gürcü, özbək, türk dillərinə çevrilərək müvafiq ölkələrdə yayımlanmışdır. Fransız şairi Artur Rembodan, tatar şairi Robert Minnullindən, çağdaş Amerika poeziyasından elədiyi yüksək səviyyəli bədii çevirmələri Ə.Cahangirin beynəlxlaq ədəbi əlaqələr sahəsindəki əməyindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud Ə.Cahangirin bədii tərcümə sahəsindəki ustalığını xüsusi qiymətləndirərək, bu tərcümələrdən tərcümə işinin tədrisi ilə bağlı təhsil müəssisələrində əyani vəsait kimi istifadə olunmasından danışmışdır. 

Ə.Cahangirin ədəbi-bədii fəaliyyəti dövlətimiz və Azərbaycan Yazıçılar Birliyi, eləcə də bir sıra ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun haqqında Xalq yazıçılarından İsa Muğanna, Sabir Əhmədli, Anar, Elçin, Afaq Məsud, yazıçılardan Rəşad Məcid, tənqidçi və dilçilərimizdən Yaşar Qarayev, Tofiq Hacıyev, Akif Hüseynov, Vaqif Yusifli, Bəsti Əlibəyli və digərləri ən yüksək fikirlər demiş, onu müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, müstəqillik dövrünün yetirdiyi hərtərəfli istedada malik söz adamı kimi dəyərləndirmişlər. Ə.Cahangir “Səs” essesinə görə AYB-nin təsis etdiyi Aydın Məmmədov adına “İlin ən yaxşı tənqidçisi” mükafatına, “Namaz” poemasına görə Konya Şəhər Bələdiyyə İdarəsi ilə AYB-nin birgə təsis etdiyi Beynəlxalq poeziya mükafatına, “Kim yatmış, kim oyaq” kitabına görə AYB-nin Yaşar Qarayev, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına mükafatına, ümummilli öndər Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə iki dəfə Prezident təqaüdünə layiq görülmüşdür…

…Yenə otuz beş il öncəyə, Əsədin tələbəlik illərinə qayıdıram. Yadımdadır ki, Raifə Həsənova, Xalid Əlimirzəyev, Əlövsət Abdullayev, Nərgiz Paşayeva, Yəhya Seyidov, Ziynət Əlizadə, Təhsin Mütəllimov, Tofiq Hacıyev, İsmayıl Məmmədov, İsmayıl Əhmədov, Azad Nəbiyev, Şamil Salmanov, Abdulla Abbasov, Musa Adilov və digərlərindən ibarət müəllim-professor heyəti onun filoloq gələcəyinə böyük ümidlərlə baxırdılar. Bu gün Ə.Cahangirin verdiyi 55 illik ömür hesabatından görünür ki, o, müəllimlərinin ümidlərini doğrulda bilib.

NİZAMİ CƏFƏROV

Əsədin müəllimləri arasında mən də varam. Və keçmiş tələbəm, bugünün sayılıb-seçilən, ən yüksək dəyərə, qiymətə layiq söz adamı Əsəd Cahangir haqqında bu yubiley məqaləsinin son nöqtəsini böyük bir daxili əminlik hissiylə qoyur, ona ən yüksək nemət olan cansağlığı, yeni-yeni yaradıcılq uğurları arzu edirəm…

Müəllif: Nizami CƏFƏROV

İlkin mənbə: edebiyyatqazeti.az

NİZAMİ CƏFƏROVUN DİGƏR YAZILARI

ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

O BİR EŞQ ATƏŞİDİR – ZAUR USTAC VAHİD ÇƏMƏNLİDƏN YAZIR

“Mən eşq atəşiyəm”

Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını  “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” belə bir  arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi…

QISA ARAYIŞ

Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”,  “Nə ömürdü yaşadım”,  “Hər şey yaxşıya doğru”,  “Bu yay da belə keçdi”  … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.

Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3  il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu…  Şairin  söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi…  Uzun illər Vətən, doğma yurd  həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”,   “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı…  Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi.  Hansı ki,  hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq…

Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb.  Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;

Bu, eşq atəşidir, sönən yeri yox,
Ayrılan yolların dönən yeri yox.
Elə öyrənmişəm mavi göylərə,
Ruhumun torpağa enən yeri yox…

deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.

Və ya

Gəldin, yenə gördük gülər üzünü,
Əlləri xonçalı, gözü nəm Bahar.
Qocaman yurdumun övladlarını
Tonqalın başında etdin cəm Bahar.

həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə  şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır… Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.

Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;

Gəlişin çox ağır zamana düşdü,
Ömrümüz naqafil dumana düşdü.
Vahidin ürəyi gümana düşdü,
Sevinci bir azca oldu kəm, Bahar!..

sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “…bu xəmir hələ çox su aparacaq…” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf  hissi  keçirir.

Ancaq,

Vahid, sözlərini nizama düz çək,
Tikanın üstündə bitsin gül-çiçək…
Ayıq ol, deməsin hər ağzıgöyçək,
Şirini qatırsan şora yazırsan.

qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə  bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid  Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;

Mən bir od parçası,
Sən bir ovuc su,
Töküldün üstümə, cızdağım çıxdı.
Olanım, qalanım bir can qorxusu,
O da sönüb getdi, gözdağım çıxdı.

İçi boş olanda güyüm səs edər,
Ürək güyüm deyil səs sala, gülüm.
Odu söndürməyə suyun bəs edər,
Qorxmursan, ürəyin boşala, gülüm?

Soyuq ilan kimi sarılar sənə,
Qalan təpərin də candan tez çıxar…
Mən eşq atəşiyəm,-
Sönsəm də, yenə
Külümün altından təzə köz çıxar.

deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.

Bu kitabda toplanmış şeirlər də Hacı Vahid  Çəmənli yaradıcılığına xas olan  hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa  da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.

Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.

Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin  “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.

06.06.2021. – Bakı.


Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR ÜÇÜN “BİTİK.AZ” SAYTI İSTİFADƏYƏ VERİLDİ

BİTİK.AZ – KİTAB və ORİJİNAL HƏDİYYƏLƏR SATILAN SAYT

15 iyun 2021 – ci il tarixindən etibarən “Yazarlar”  jurnalının yeni layihəsi olan müstəqil olaraq fəaliyyət göstərəcək kitabların mərkəzləşdirilmiş qaydada, ən ucuz xidməthaqqı müqabilində satışını həyata keçirəcək “BİTİK.AZ” saytı fəaliyyətə başlayıb.

“Yazarlar”  jurnalı BİTİK.AZ müstəqil satış platformasını yaratmaqda aşağıdakı məqsədlərə çatmağı hədəfləyir:

– “Yazarlar”  və “Xəzan”  jurnallarının istənilən nömrəsinin sifarişlə sabit, eyni zamanda stabil qaydada yazarlarımıza və oxucularımıza əlçatanlığını  təmin etmək,

– Yazarlarımızın, elm adamlarımızın, araşdırmaçıların, ayrı-ayrı memuarlar yazan şəxslərin min bir əziyyətlə ərsəyə gətirdikləri kitabların satışında rastlaşdıqları çətinlikləri (çətinlik əsasən müraciət etməli konkret bir ünvanın olmamasıdır – onların artıq “BİTİK.AZ” timsalında  müraciət edəcəkləri  belə bir ünvan var ) aradan qaldırmaq,

– Və ən əsası kitab və jurnaların oxuculara sifarişlə Bakı şəhərində (ölkə daxilində və xaricində poçt xidməti vasitəsi ilə) çatdırılmasını təmin etmək.

Dəyərli kitab müəllifləri və nəşriyyat əməkdaşları siz də həm BİTİK.AZ saytını ziyarət etməklə, həm də aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə satışını təşkil etmək istədiyiniz çap məhsulları barədə bizimlə sövdələşmələr edə bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir neçə söz və ya ANONS

WWW.YAZARLAR.AZ

Bildiyiniz kimi texnalogiyanın inkişaf etdiyi bir dövrdə hər şey əlimizin altındadır. Mən bu günə kimi nə WhatsApp, nə facebook işlətmişdim, hətta yoldaşlarım mənə geridə qalmış adam deyə, müraciət edirdilər.
Son günlər yenə də dostların təkidi ilə facebook səifəmi yaratdım gözəl insanlarla ünsiyyətdə oldum.
Hətta bu vasitə ilə müsahibə götürdüyüm insanlar oldu.
Razılığını verənlər də oldu, vaxtım yoxdur deyənlər də… İncindiyim insanlar da… Amma olsun. İki ilə yaxındır ki, müsahibələr kitabı üzrində işləyirəm. Kitabın çapını Azərbaycanda nəzərdə tuturam. İnşallah fikrim var ki, Azərbaycanda hər hansı bir nəşiryyatla müqavilə bağlayım alınarmı, onu uca Rəbbim bilir…. Təki işimiz alnımızın təriylə olsun. Onun dadı başqa olur.
Sadəlik insanla bir doğulur. İnsan nə qədər sadə olsa onun əhatəsi də geniş olar. İnsan texnologiyadan da səmərəli istifadə etsin. İstifadə etməyi bacarsın. Texnologiya sırf boş zaman keçirmək üçün deyil. Mən facebook səifəmi yaradandan milyon mesaj alıram; “salam necəsən”, “tanış olaq” axı kimisə narahat etməyə haqqınız yoxdur.
Cavab verilmirsə demək ki, o, insanın marağında deyilsiniz.
sayğılı olaq…



Sizlərə sonsuz sayğılarla: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ İYUN 2021 SAYI İŞIQ ÜZÜ GÖRÜB

BU  SAYIMIZDA

Baş  redaktordan………………………………………3

Sevindik Nəsiboğlu. Sən həmişə bizimləsən…4

Akif  Abbasov. Arzu…………………………………..9

Təranə  Məmməd.. Rəqibim……………………..13

Şahnaz Şahin. Ay işığına dönən əsgər……….15

Rahim Üçoğlanlı (Rzayev). Bir şeir…………….18

Səxavət Qarabağlı (Məmmədova). Şeirlər…..19

Zaur Ustac. Təranə Məmmədin “Tor”u………..22

Təbrik…………………………………………………….30

“YAZARLAR” JURNALININ İYUN SAYI

YAZARLAR JURNALININ İYUN NÖMRƏSİ

“YAZARLAR” JURNALININ DİGƏR SAYLARI

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ – SEVİNDİK NƏSİBOĞLU

Mir Cəlal Paşayev

MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ
(Görkəmli yazıçı Mir Cəlal Paşayevin işıqlı xatirəsinə həsr olunur)

Mən Mir Cəlalı hələ 5 yaşımda olan vaxtdan tanıyırdım. Şəkillərinə baxanda onun üzü mənə çox ciddi və zəhmli görünürdü.Gözlərindəki hikməti də o yaşlarımdan sezmişdim. Elə həmin vaxtlardan onu çox araşdırmağa başlamışdım. Hətta 9 yaşımda ona “Mir Cəlala” adlı şeir də həsr etmişdim.Həmin şeirim “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda 2018-ci ildə, 10 yaşım münasibətilə çap olunmuşdur.
“Mir Cəlala” adlı şeirim belədir;


Müdrik oldu,oldu onda cah-cəlal
Ona ad verdilər gözəl Mir Cəlal.
Xeyriyyə yardımı edildi ona,
Verdilər dərin bilik Mir Cəlala.

Car çəkdi,car çəkdi əsərləriylə,
“Şeytana,böhtana inanma!”-dedi.
Özünü sevdirdi, vətənini də,
“Kasıbı-kusubu qoruyun!”-dedi.

Birdən o,cibindın qələm çıxardı,
Kağızın üstündə nə isə yazdı.
Ona çox söz dedi,”Anket Anketov”
Mir Cəlal “anket”ə milyon söz yazdı.

Dedi:”Yalana və böhtana” nifrət,
Yaxşı adamlara min dəfə hörmət,
Zavallı, yazığa olsun mərhəmət,
Özü öz sözünə o, əməl etdi.

Qəlbimdə neçə nəğmə var deyirəm,
Mir Cəlal haqqında mən söyləyirəm,
Ədibin haqqında bunu bilirəm,
O, çox nadir şəxsiyyətdir deyirəm.


01.01.2017.

İndi isə bu məqalə ilə görüşünüzə gəlməyi özümün bu böyük insan qarşısında mənəvi borcum bilirəm. Mənim artıq Mir Cəlal Paşayev ev muzeyi ilə əlaqələrim var. Adına layiq işlər görən muzeylə əlaqəmdən çox şadam. Muzeyin gənclərin maariflənməsində və Mir Cəlalın gənclər tərəfindən daha dərindən tanınması yolunda gördüyü işlər danılmazdır.
Bu yaxınlarda Mir Cəlal ev muzeyi “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” hekayəsi ilə bağlı müsabiqə keçirirdi. Mən də bu müsabiqədə gənc natiqlərlə tanış oldum. Bir neçəsini isə özüm təqdim etdim. Muzey çox uğurlu bir müsabiqə həyata keçirdi və çox sayda həmyaşıdlarım bu müsabiqədə iştirak etdilər. Hədsiz dərəcədə sevindim ki, mənim tövsiyəmlə müsabiqəyə qatılan gənclər müsabiqənin qalibləri oldular.
Mən isə həm muzeyə həm də müsabiqənin qaliblərinə müəllifi olduğum “Dünyamsan Azərbaycan” , “Hərdən uçmaq istəyirəm” adlı şeirlər və “Ulu Naxçıvanım” adlı publisistik kitablarımı poçt vasitəsi ilə hədiyyə olaraq göndərdim. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Belə ki, cəmi 7. il əvvəl sadəcə şəkilinə baxarkən üzündə zəhm gördüyüm bir şəxsiyyət barədə bu il həm məqalə yazdım, həm də kitablarımı ev-muzeyinə hədiyyə etdim.
Bir daha qeyd etmək istəyirəm ki, belə bir şəxsiyyət barədə yazmağı özümün mənəvi borcum bilirəm. 
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildəİranın Şəbüstər şəhristanının Əndəbil kəndində anadan olmuşdur. Onların nəsli ağır seyid nəsli olmuşdur.
Əndəbil kəndində hava çox gözəl idi. Əndəbil hər fəsildə gözəl olurdu, lakinhəmin ilin həmin fəsilində və həmin günündə daha füsunkar və daha cəlbedici görünürdü. Paşayevlər bu günü çox gözləmişdilər. Əndəbilin gözəllərdən gözəl olan bu gününü çox həsrətlə və həvəslə gözləmişdilər onlar. Bu sevinclə bərabər təəssüf doğuran hal o, idi ki, Paşayevlər həmin gün Əndəbildən köçməli idilər. Əli kişi, xanımı, oğulları heç ayrılmaq istəmirdilər Əndəbildən. Onlar çox fikirləşirdilər, məlum vəziyyətlə əlaqədar hələlik getməyi dayandırmaq istəyirdilər.Lakin, artıq gün gəlmişdi, istəməsələr də, köçməli idilər. Çünki, onlar həddən artıq ağır olan vəziyyətdə, belə çətin şəraitdə yaşaya bilməzdilər. Belə ki, qacarlar heç də türkləri sevmirdilər. Halbuki, özləri türk idilər, Yozqatdan gəlmişdilər. Ağaməhəmmədin kini nəsildən-nəsilə keçmişdi. Qacarlar yerli türklərin hamısını Vaqif gözündə görürdülər. Halbuki, onların özləri də Vaqif sayılırdı. Yəni, Vaqifin milliyətindən olanlar idilər. Hökümətdə xidmət edən minlərlə türklər and-aman etsələr də, Qacarlar çox qəddar, hətta Firon qədər qəddar idilər.
Ona görə də, artıq buralarda qalmağın vəyaşamağın bir mənası qalmamışdı. Onlar şimali Azərbaycan barədə çox eşitmişdilər. Şimaldan qayıdan və şimala gedən tacirlər Əli kişi ilə də əlaqə saxlayır, ona bu barədə məlumat verirdilər.
-A kişi, ora bir aləmdir ey, aləm.
-Düz deyir a kişi, düz deyir.
-Orada hamı üçün şərait yaradırlar.
-Ruslar farslar qədər qəddar deyillər.-Yəqin ki, üçüncü tacirin diplomatik savadı, səriştəsi yox idi.- Onlar türklərin pul qazanmasına səy göstərirlər.
-Nefti bir aləmdir ey, Əli, Hacı Zeynalabdin olarsan.
Əli isə Hacı Zeynalabdin olmaq fikrində deyildi:
-A kişilər, mən ki, Bakıda doğulmamışam. Mən doğmaca Əndəbilimdə doğulmuşam. Bura mənim üçün doğmadır. Mən buradan ayrılsam, anamdan ayrılaram. Həm də, burada da Hacı Zeynalabdin olanlar var. Özü də şimaldakından çox.
-A kişi, buradakı milyonçular farslardır, farslar!
-Şimalda da milyonçular yox e, milyarderlər ruslardır, ruslar!
-Özün bilərsən, mən dedim, mən eşitdim, borcumdan çıxdım. Görək sənin qulağına nə vaxt çatacaq.
Əli kişi artıq tacirlərin dedikləri ilə razılaşırdı, təbii ki, üçüncü tacirin dediklərindən başqa. Ona görə də, bu gün şimala getməyə qərar vermişdi. Əndəbilin ən gözəl günündə kim Əndəbili tərk edərdi? Əlbəttə, məcbur etməsəydilər heç kim dogma yurdunu tərk edib əzəli vətəninin bir tərəfindən başqa bir tərəfinə istəmədən köç etməzdi. Ancaq, o, tərk edirdi. Bəlkə də, şimalda cənubdan daha da gözəl günlər görəcəkdi. Nə olsun, Əndəbili o, heç hara dəyişməzdi. Dəyişə bilməzdi.
Həm də o, buradan getsə, Əndəbilin bərəkəti azalardı. Çünki, o, sınanmış seyid idi. Seyid Əli hamıya kömək edərdi. O, əlini kimin başına qoysa, həmin insan yenidən doğulmuş kimi sağlığına qovuşardı.
Seyid Əlinin buradan getməsini onu tanıyanlardan heç kim istəmirdi. Lakin, o, buradan getməliydi. Buranı tərk etməliydi.
Seyid Əli içəriyə keçdi və könülsüz haldadedi:
-Gedirik, xanım?
Evin xanımı gülümsünərək dedi:
-Kişi, Mir Xəlili, Mir Vəlini bilmirəm, amma, Mir Cəlalla Mir Cəlilin çox həvəsi var. Uçmağa qanadları yoxdur bircə.
Seyid Əli Mir Cəlilə baxan kimi Mir Cəlil özünü yığışdırdı:
-Oğlanlarım ata yurdlarını istəmirmişlər, hə?
Mir Cəlal dedi:
-Xeyr, niyə ki? Atacan, sən niyə elə fikirləşirsən ki, bizim yurdumuz yalnız cənub və Əndəbildir?
Mir Cəlil davam etdirdi:
-Qardaşım düz deyir.Bizim yurdumuz, əzəli vətənimiz bütöv Azərbaycanımız var!
İki qardaş birdən dedi:
-Bəli BÜTÖV AZƏRBAYCAN!
Seyid Əli gülümsündü:
-Ay maşallah! Mir Cəlil Osmanlımız olub, Mir Cəlal isə Azərbaycanımız. İkisi də əsl qardaşdılar. Atalarına iki kəlməylə böyük dərs keçdilər. Yaxşı, yaxşı, yubanmayın, hazırlaşın, təcili!
Seyid Əli Mir Cəlalla Mir Cəlilin sözünə görə çox təsirləndi və içindəki könülsüzlüyü yox etdi, təcili olaraq Əndəbildən Gəncəyə köçdülər. Paşayevlər ailəsinin həyatında yeni fəsil yazılırdı!
Gəncəyə köçdükdən sonra 1918-ci ildə Mir Cəlalın atası Seyid Əli vəfat etdi. Ailə çox çətin maddi durumda olduğu üçün Mir Cəlalxeyriyyə cəmiyyətinin məktəbində təhsil almalı olur. Həmin məktəbdə Əhməd Cavad da təhsil alırdı.
Mir Cəlal 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, Gədəbəydə bir çox ziyalıların üzə çıxmasına köməklik etmiş, sonradan həmin ziyalılar Azərbaycan ədəbiyyatının tanınmış simalarından olmuşlar. Oradakı müəllimlərin arasında hamımızın yaxşı tanıdığımız Mirzə İbrahimov da olmuşdur. Mirzə İbrahimov Mir Cəlal kimi Cənubi Azərbaycandan idi. O, Sərab rayonun Evə kəndində anadan olmuşdur.
Mir Cəlal 1929-1930 -cu illərdə Gəncə şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində işləmişdir.
1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuş,eyni zamanda “Kommunist” və“Gənc işçi” qəzetlərində işləmişdir. Həmçinin o, ədəbi yaradıcılıqla məşğul olmuş “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmış,  “Bakı görüşləri” adlı xatirə kitabını yazmış, bu kitabında o, Gəncədəki vəziyyətlərindən də bəhs etmişdir. Gəncədə Mir Cəlalın Səməd Məsrur adlı bir tanışı vardı. Səməd Məsrur gözəl, yeni-yeni şeirlər yazaraq haqqın, ədalətin tərəfində olurdu. Bu xarakterləri onları get-gedə yaxınlaşdırır, onlar dostlaşırlar və bu dostluğun adı Mir Cəlal-Səməd Vurğun (Mənsur) dostluğu olur. Mir Cəlal “Kommunist” qəzetinə işə düzəlir. O həm oxuyur, həm də qəzetdə məqalələr yazırdı. “Kommunist” qəzetinin rəhbərliyi onun əmək haqqını ödəmədiyindən, və İbrahim Eminbəyli işləri sərtləşdirdiyindən o, bir sıra çətinliklərlə üzləşir. Bu səbəbdən Mir Cəlal “Kommunist” qəzetini məhkəməyə verir. Məhkəmənin həmin işə baxan hakimi Rəsizadə soyadlı bir xanım idi. Mir Cəlal həmin məhkəməni Rəsizadənin işə ədalətli, qərəzsiz yanaşması sayəsində qazanır. O, yenidən “Kommunist” qəzetində işləmək istəmir və “Gənc İşçi” qəzetinə işə düzəlir.
İşlədiyi vaxtlarda Mir Cəlal Hüseyn Cavidlə görüşür və bu görüşdən sonra onlar arasında dostluq münasibətləri yaranır. Cavid əfəndi Mir Cəlala həmişə “Ağa Mir Cəlal” deyə müraciət edərmiş. Hüseyn Cavid görüsləri zamanı daha çox Füzulinin, Mirzə Cəlilin yaradıcılığını araşdırmağı Mir Cəlala məsləhət görür. Hüseyn Cavidin yönləndirməsi sayəsində Mir Cəlal həm Füzulinin, həm də Mirzə Cəlilin poeziyasının vurğununa çevrilir. İllər sonra yəni 1940-cı ildə Mir Cəlal “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası yazmışdır. 1937-ci il represiya tufanı dönəmində Mir Cəlal Hüseyn Cavidin evində qonaq olmuş və Mir Cəlal öz evinə qayıtdıqdan yarım saat sonra Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbs olunma xəbərini eşidərək çox məyus olmuşdur, o, özünə görə yox, ailəsinə görə qorxmuşdur ki, birdən o da həbs olunar və ailəsi “xalq düşməni”nin ailəsi adı ilə sürgün olunar.
Mir Cəlal “Sağlam yollarda” adlı ilk oçerk kitabını 1932-ci ildə yazmışdır. Əslində, tam Mir Cəlalın olmayan və “Sağlam yollarda”dan əvvəl çap olunan “İlk addımlar” adlı bir kitab-almanax da olmuşdur. Bu almanax Gəncədə yazıb-yaratmış azərbaycanlı və digər millətlərin yazıçılarının birgə almanaxıdır. Seyfulla Şamilov tərəfindən tərtib olunmuş bu kitabda Mir Cəlalın “Müxbir” və “Anamın vəsiyyəti” şeirlərindən başqa, Cəfər Xəndanın, Səməd Məsrurun (Səməd Vurğun) , Nigar Rəfibəylinin və digər şair və yazıçıların yazıları çap edilmişdir.

Mir Cəlalın həmin şeirlərini məqalədə qeyd etməyi qərara aldım, şeirlər bunlardır: (çox maraqlıdır ki, hekayə yox, şeirlərdir…)

1-ci şeir; Müxbir 

Əlində qızıldan bir qələmi var,

Masaya söykənib hey… yazar-pozar,

Hərdən səssiz olur, dalır, düşünür,

Hərdən çöhrəsində bir sevinc doğar.

Boş vaxtında gedər idarələrə,

Gördüyü nöqsanı yazar dəftərə,

Qızıl neştər ilə getdiyi yerə,

Tənqid odu vurub, yandırar, yaxar.

Bu ellərin var bir qəzetəçisi,

Aləmə göstərir yaxşını, pisi.

İnqilab yavrusu, sülhün pərisi,

Alnında silinməz, şanlı bir vəqar.

Ey gözəl ellərin gənc kontrolu,

Sən ki, xoşbəxt oldun, tutdun bu yolu,

Alqışlar, uğurlar sənə, nə mutlu,

Tarixə yaraşan adın var ki, var!

Mir Cəlal ikinci müstəqil kitabı olan “Boy” oçerkini 1935-ci ildə qələmə almışdır. O, ədəbiyyata oçerk əsərləri ilə başlayıb. Mir Cəlal “Dirilən adam” romanını 1936-cı ildə yazmışdır, lakin bu roman o dövrdə heç bəyənilmir və “Kommunist” qəzetində roman barədə sərt tənqidi məqalə yazırlar. O vaxt , bir qayda olaraq, “Kommunist” qəzetində tənqid olunan əsərlərin və onun müəlliflərinin “kitabı bağlanırdı”, hətta bu hal represiyaya belə səbəb ola bilərdi. Lakin bu ərəfədə Mir Cəlal yazıçı Mehdi Hüseynlə görüşür, Mehdi Hüseyn həmin tənqidi məqalənin özü barədə tənqidi məqalə yazır və Mir Cəlalı represiya tufanından xilas edə bilir.
1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsi bitəndən sonra Mir Cəlal bir qrup yazıçılarla birlikdə Parisə getməyə qərar verir. Fransada onları yaxşı qarşılayırlar, deyirlər ki, siz bizi ölümün cəngindən qurtaran, xilas edən Sovetlər birliyinin yazıçılarısınız, biz sizə qayğı göstərməyə borcluyuq.
Vətənə qayıtdıqdan sonra filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev Mir Cəlal haqqında “Müəllimlər müəllimi” adlı xatirə kitabı yazır. Mən həmin kitabı oxudum və çox təsirləndim. Xalid müəllim həmin yazısında qeyd edir ki, 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edən vaxt Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəlir və burada görüş keçirilir. Zalda olanların arasında Mir Cəlal Paşayev də olur. Görüşdə çıxış edənlərdən biri Mir Cəlalı sərt tənqid atəşinə tutur, ona böhtanlar atır və bildirir ki, o, sadəcə Cəlil Məmmədquluzadə ilə bağlı dissertasiya yazmağı təklif edir, sanki Azərbaycan ədəbiyyatında sadəcə bir yazıçı var ki, o da Cəlil Məmmədquluzadədir. Həmçinin xüsusilə vurğulayır ki, Mir Cəlal rəhbərlik etdiyi kafedrada qohumbazlıq edir, yaxınlarını orada işə düzəldir.Həmin çıxış edən şəxs Mir Cəlal haqqında həqiqəti əks etdirməyən, tamamilə haqsız, böhtan xarakterli fikirlər irəli sürür.Mir Cəlal çox pis olur.Buna dözməyən Xalid Əlimirzəyev söz alaraq tribunaya qalxır və Mir Cəlalı haqlı olaraq müdafiə edir.Sonra isə digər alimlər haqqın tərəfini tutaraq Mir Cəlala iftira atılmasının qarşısını alırlar.
Onu qeyd etmək istəyirəm ki, bir çox çətinliklər, haqsızlıqlarla qarşılaşsalar da sonda tale həmişə yaxşı insanların üzünə gülür. Eynən Mir Cəlal kimi. O, ömrünün sonuna qədər xeyirxahlıq etdi və qarşılığını da tale ona sağlığında bəxş etdi, hazırda da bəxş etməkdədir, çünki xeyirxahlar və xeyirxah ənəllər heç bir vaxt unudulmur. .
Məqaləni Mir Cəlalın idealı olan Cəlil Məmmədquluzadənin məşhur sözü ilə bitirmək istəyirəm: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın mənası yalnız budur.”
Mir Cəlal da əməllərinə görə bizim qəlbimizdə yaşayır, o, ölməyib!
Məzarın nurla dolsun,  Cəddin köməyimiz olsun, Ağa Mir Cəlal!


Müəllif:
Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” İYUN-2021 PDF

BU  SAYIMIZDA

Baş  redaktordan………………………………………3

Sevindik Nəsiboğlu. Sən həmişə bizimləsən…4

Akif  Abbasov. Arzu…………………………………..9

Təranə  Məmməd.. Rəqibim……………………..13

Şahnaz Şahin. Ay işığına dönən əsgər……….15

Rahim Üçoğlanlı (Rzayev). Bir şeir…………….18

Səxavət Qarabağlı (Məmmədova). Şeirlər…..19

Zaur Ustac. Təranə Məmmədin “Tor”u………..22

Təbrik…………………………………………………….30

“YAZARLAR” İYUN-2021 PDF


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru