Kateqoriya arxivləri: YAZARLAR JURNALI

BDU-nun filologiya fakültəsinin məzunları – Yeganə QURBANOVA-XANLAROVA

YEGANƏ QURBANOVA-XANLAROVA

BDU-nun filologiya fakültəsinin məzunları

13 fevral, məzun olduqdan 13 il sonrakı görüş, bütün qrup əhlindən 13 nəfərin iştirak edə bilməsi…

Rəqəmlərin təsadüfliyi maraqlı və qəribədir, deyilmi?!

13 fevral 2022-ci il tarixində tələbə yoldaşlarımızla görüş keçirmək, uzun ayrılıqdan sonra, nəhayət ki, nəsibimiz oldu.

BDU-nun filologiya fakültəsinin məzunu olduğumuz vaxtdan xeyli ötmüşdü.
Bu görüşü bizim qrupun tarixinə qırmızı hərflərlə yazmaq doğru olar. Çünki dəfələrlə bir araya gəlmək üçün can atsaq da, görüş alınmırdı. İşlədikləri üçün, həmçinin ailə-məişət məsələləri qrupumuzun xanımlarına ortaq uyğun vaxt seçməkdə çətinlik törədirdi. Bu da başadüşüləndir.

Texnologiyanın inkişaf etdiyi bu dövrdə sözsüz ki, qrup yoldaşlarımızdan ibarət votsap (WhatsApp) qrupumuz var. Hər xırda sevincimiz zamanı votsap qrupumuzda nə qədər böyük canlanma olduğunu təsəvvürə gətirmək, hətta bəzən qrupa bir saatın ərzində toplanan mesajların 300-500-ə çatması, qrup üzvləri arasında istənilən mövzunun çox qızğın müzakirə olunması yoldaşlar arasında isti münasibətdən xəbər verir, qrupumuzun mehriban olduğunu, bir-birimizə hörmətlə davranmağımızı şərhsiz izah edir.

Bizim votsap qrupunda elmi polemikadan tutmuş, qrup üzvlərinin sevincli, uğurlu hər bir nəticəsinə qədər mədəni-ziyalı ortamda müzakirələr, təbriklər, şadyanalıq olur. Bu dəfəki mesajların çoxluğu yenə qrupda yeni bir hadisədən işarə verirdi: görüş vaxtı və məkan barədə qrup yoldaşlarımız müzakirələr edirlər. 13 ildən sonra tələbə yoldaşlarımızla canlı görüşmək barədə ortaya atılan müzakirə də başqa bir sevincdir. Elə buna görədir ki, araya fasilə salmış COVİD-19 pandemiyasının yaratdığı çətin vaxtlardan sonra fevral ayının soyuq havasının fərqinə varmadan çox böyük həvəs və həyəcanla görüşməyi qətiləşdirdik.

Filoloqların təxəyyülü…

Müşahidələrə əsasən qeyd etmək yerinə düşər ki, filologiya fakültəsinin tələbələrinin kitabxana günündə hədsiz növbə sıxlığı olur. Bu da filoloqların mütaliə etmək həvəsindən, kitablara böyük marağından irəli gəlir. Biz filoloqlar şifahi nitqdə cümlələri poetik fiqurlardan istifadəylə danışmağa, nitqimizi mükəmməl qurmağa, həmçinin bir sözdən ilhamlanıb onu bədiiliyə tərəf aparmağa, yadımıza hansısa əsəri salmağa alışmışıq. Elə buna əsasən də, qrupumuzun görüş sevincinə dair yazdığım cümlədəki “sevinc” sözü qrup yoldaşım Zaqayeva Sevinci yadıma saldı. Sevincin yaşayış yeri Zaqatala şəhəridir və orada müəllim işləyir. Müvəqqəti Bakıda olduğu müddətdə qrupla görüşməyi təklif etdi. Bu görüşün təşəbbüskarı bu dəfə odur. Bir neçə gün əvvəl vaxt dəqiqləşəndə Sevinc görüşü səbirsizliklə gözlədiyini, həyəcanlı olduğunu yazdı. Düzü, həmin həyəcan daha sonra mənə siraət etdi… Gözümü saatdan ayıra bilmir, vaxtın çatmasını səbirsizliklə gözləyirdim…

Budur, artıq vədə yetişib və iki-iki, üç-üç qrup yoldaşlarımız təyin olunan məkana gəlməkdədirlər. Yeni gələn hər bir qrup yoldaşımı görmək yaddaşımı təzələyir, beynimdə xatirələr oyanır, şirin tələbəlik illərim yada düşür. Hamımız xoşbəxt idik. Bir-birimizlə hal-əhval tutur, deyib-gülür, ağızdolusu xeyli söhbət edirdik.

Fakültənin dəyərli, böyük alimlərindən dərs almaq şansı…

Akademik Tofiq Hacıyev, professor Təhsin Mütəllimov, professor Tofiq Hüseynoğlu, professor Qara Namazov, professor İfrat Əliyeva, professor Məmmədəli Qıpçaq, professor Cəlil Nağıyev, professor Əbülfəz Rəcəbli, professor Elbrus Əzizov, professor Vaqif Sultanlı, professor Almaz Əliqızı-Məmmədova, professor Sənan İbrahimov, dosent Arif Məmmədov, dosent Bəxtiyar Məmmədzadə və b. Respublikanın ən tanınmış filoloq alimləri bizlərə dərin bilik aşılamaqla bərabər, həm də dünyagörüş, həyat dərsi öyrətdilər.  Biz bu görüşdə bizə bilik, savad öyrədən, geniş erudisiyalı əziz müəllimlərimizi, onlarla bağlı şirin xatirələri yada saldıq, onların üzərimizdəki zəhmətlərinin əvəzedilməzliyindən danışdıq, dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət dilədik.

Qrupumuzun gənc alimləriylə fəxr edirik…

Bizim qrupumuzdan hazırda müxtəlif universitet və məktəblərdə çalışan çox savadlı müəllimlər var. Qrupumuzdan filologiya üzrə fəlsəfə doktoru adını qazanan iki nəfər: BDU-nun əməkdaşı Yeganə Qurbanova-Xanlarova və ADU-nun müəllimi Mehriban Mövlamova. Hər ikimiz də magistratura və doktorantura təhsili keçmişik, gənc yaşımızda hər ikimizin monoqrafiya, dərslik, onlarla məqalə müəllifi, onlarla konfrans iştirakçısı olmağımız tələbəlik illərinin möhkəm elmi bünövrəsindən qaynaqlanır.

Bu uğurlu jest davam etməkdədir. Qrup yoldaşlarımızdan Şəhrizad Nuhova (Bakı Slavyan Universiteti), Buta Bağırova (Türkiyə Respublikası Hacettepe Universiteti), Təhsil işçisi, ibtidai siniflərin Azərbaycan dili dərsliklərinin həmmüəlliflərindən Aysel Xanalıyeva, Vüsalə Şəfiyeva (müəllim), Zəminə Orucova (müəllim), Sərinə Məhərrəmova (Azərbaycan Dillər Universiteti) bu elmi adı almaq üçün doktorantura təhsili keçib, müxtəlif mərhələlərdə fəaliyyətlərini davam etdirirlər. Görüş vaxtı onların hər birinə müvəffəqiyyətlər arzuladıq və tezliklə qrupumuzda fəlsəfə doktorlarının sayının artacağına inandıq.

Müəllimlik ən şərəfli peşədir. Bu adın, bu peşənin müqəddəsliyi barədə çox danışmaq, çox ibarəli ifadələr işlətmək olar. Ən yaxşısı, elə bu peşədə çalışmaqla məsuliyyətin nə dərəcədə olduğunu dərk etmək mümkündür. Bu gün bizim qrup xanımlarının yuxarıda qeyd etdiyim kimi, bir qismi universitetlərdə müəllim kimi fəaliyyət göstərib bu mötəbər ada sahiblənib, həmçinin elmi tədqiqat istiqamətində uğurlu nəticələr əldə edirlərsə, qrupumuzun digər qisim xanımları orta məktəblərdə müəllim kimi fəaliyyət göstərir, şagirdlərə bilik, savad verir, həmçinin onları universitetlərə qəbul olmağa düzgün istiqamətləndirib dəstək olurlar. Zəminə Orucova, Billurə Əliyeva, Aysel Məmmədova, Fəridə Məmmədova, Nərgiz Zeynalova, Afaq Quliyeva, Samirə Bağırova, Vüsalə Abbasova, Nigar Mirzəyeva , Gülnamə Nurməmmədova, Şəfa Qürbətova və b. savadından pay alan hər bir şagirdin şanslı olduğunu demək yerinə düşər.

Tələbəlik bitər, xatirələr bitməz…

Tələbəlik illərinin ən yaddaqalan hadisələrindən biri də sözləşib dərsdən qaçmaq idi. Və sözsüz ki, bizim qrup da bu cür şıltaqlığı etmədən məzun olub desəm, doğru sayılmaz. Görüş zamanı yada düşən hər yeni xatirə məclisi yenidən canlandırır, ovqatımıza xüsusi rəng qatırdı.

Bizim qrup, demək olar ki, əsas etibarilə, xanımlardan ibarət olub. Qrupumuzda Şəhrizad, Gülnamə, Buta, Sərinə və s. nadir və xoşagəlim şəxs adları bizə dərs deyən çox hörmətli filoloq müəllimlərin, böyük alimlərin diqqətini çəkər, təbəssümlə deyərdilər: “Siz əsl filoloq qrupusunuz. Müxtəlif əsərlərdəki obraz adlarının çoxu sizin qrupda cəm olub”.

Biz bu görüşdə tələbəlik illərindən ən şirin xatirələri yada salmaqla o illərə qayıtdıq. Həmin gün başa düşdüm ki, tələbə yoldaşlarımla görüşdüyüm bir neçə saatlıq vaxt hamımız üçün 17-21 yaş aralığında təhsil aldığımız universitet illərinə geri dönüş deməkdir. Onlarla söhbət etdiyimiz, şən-şaqraq deyib-güldüyümüz anlar şüurumuzu aldadaraq bizlərə tələbəlik yaşımızda olduğumuzu hiss etdirməyə inandırdı.

Tələbə yoldaşlarımızda dəyişən geyim tərzi idi, mehribanlıq, səmimiyyət, qayğıkeşlik olduğu kimiydi.

Lakin bu görüşdə iştirak edə bilməyən tələbə yoldaşlarımız – Sahilə, İradə, Şəbnəm, Sevda, A.Sevinc, İ.Vüsalə, Ə.Günay, Z.Günay, Merve, Nərmin və b. da görmək hamımızın könlündən keçirdi.

Məzunlar bu görüşdən çox məmnun halda razılıq edib ayrıldılar. Bu cür görüşlərin davamlı olmasını arzuladılar. Allah qismət etsin, Amin!

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ƏLİ – AZMAN AZƏRBAYCANLI

AKİF ƏLİ Azərbaycan yazıçısı, filoloq alim.

AKİF ƏLİ HAQQINDA

Akif Əli Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.

HƏYATI
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).

YARADICILIĞI
Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

SİYASİ FƏALİYYƏTİ
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

ƏSƏRLƏRİ
“Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).

VƏZİFƏLƏRİ
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

Ailəlidir, iki övladı var.

FİLMOQRAFİYA
Uzun müharibədə qısa görüşlər (1974-75)
Tütək səsi (film, 1975)
Əgər bir yerdəyiksə (film, 1975)
Arxadan vurulan zərbə (film, 1977)

Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRLİK ƏN ALİ MƏQAMDI, VALLAH… – MUSA ƏLƏKBƏRLİ

Musa ƏLƏKBƏRLİ

ANALAR, ŞƏHİDLƏR…
Dərdin paylanıbdır obaya, elə,
Tarix bu yaranı unudan deyil.
Bu günün qələbə sevinci belə
Gözünün yaşını qurudan deyil.
* * *
Batdı gözlədiyin nişanı, toyu
Bir daha sən onu görməyəcəksən.
“Anan ölsün” deyib bir ömür boyu
Məzarı üstündə göynəyəcəksən.
* * *
Nələr çəkdiklərin Tanrıya bəlli,
Qaysağı yaranın dərini verməz.
Nə mahnı, nə şeir, heç bir təsəlli
Sənə öz oğlunun yerini verməz.
* * *
Qəlbiniz həsrətdən oda düşəndə
Gedin Qarabağa siz axın-axın.
O şəhid oğlunuz yada düşəndə
Murova boylanın, Şuşaya baxın.
* * *
Silinməz bu ağrı, bitməz bu səfər,
Yolun çox uzundur şəhidim, sənin.
İki min səkkiz yüz səksən bir nəfər
Şəhid anası var indi Vətənin.
* * *
Qəlbindən silinməz, getməz bu kədər
Sizi zaman-zaman anacaq onlar.
Şəhid balasına yandığı qədər
Doğma Vətəninə yanacaq onlar.
* * *
İgidlər önünü kəsdilər şərin
Açıldı Vətənin qolu, qanadı.
İki min səkkiz yüz səksən bir nərin
İndi bir kəlmədə boy verir adı!
* * *
Şəhidlər – nur verən Günəşə, Aya,
Şəhidlər, tarixə dönən şəhidlər.
Şimşək yanğısıyla gəlib dünyaya,
Şimşək alovutək sönən şəhidlər!
* * *
Yarımçıq ömürlə bütöv getdiniz,
Bu yurdda Günəşlə, Ayla tənsiniz.
Siz canı Vətənə fəda etdiniz,
İndi hər biriniz bir Vətənsiniz.
* * *
Sizə ağı deyib öyən analar
Qəlbimi yer-yerdən qanadır indi.
“Oğul, anan ölsün” deyən analar
Anamız Vətənə anadır indi!

ŞAİRLİK ƏN ALİ MƏQAMDI, VALLAH…
Özü pay-piyada, sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa.
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
İgid, ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin, haqqın yanında,
İlhamı bir ayrı ilhamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
Anla ki, tanrıdan gəlib bu elçin,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan, ölçü?!
Bu, göylərdən gələn inamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
Zamana od vurur, dərdə qalanır,
Ağrısı, göynəyi ərşə calanır.
Füzuli dediyi “şair yalanı”,
Sevgidə bir dindi, imandı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
Zülmə, zülümkara boyun əyməsin,
Kökünü əskildib, soyun əyməsin.
O məğrur başını qoyun əyməsin
Böyük amalıyla o tamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
* * *
Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı, haqdı.
Gəzək o şairi əli çıraqlı,
Burda mənim sözüm tamamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!

NİYƏ QORXUM MƏN ÖLÜMDƏN?!
Budağından duyğu dərdim,
Bir çələngə döndü dərdim.
Ömür, səni karsız gördüm,
Niyə qorxum mən ölümdən?!
* * *
Xırmanımda sovrulubdur,
Öz qanımda yoğrulubdur,
Mənimlə bir doğulubdur,
Niyə qorxum mən ölümdən?!
* * *
Qəbir ulu pir şəklidir,
Açılmayan sirr şəklidir,
Həyatımın bir şəklidir,
Niyə qorxum mən ölümdən?!
* * *
Neçə dərd-azar sovuşur,
Od tutan bazar sovuşur.
Ruhum Tanrıya qovuşur,
Niyə qorxum mən ölümdən?!
* * *
Könül duyğu içindəsə,
Ömür yuxu içindəsə,
Həyat qorxu içindəsə,
Niyə qorxum mən ölümdən?!
* * *
O ki, Tanrı tələbidir,
Hansı insan əbədidir?!
Ömrün-günün mabədidir,
Niyə qorxum mən ölümdən?!

MƏN…
Mən bir sevda yolçusuyam,
Bu yolu tək getməkdəyəm.
Anadiltək qərib-qərib,
Qəmli-qəmli ötməkdəyəm.
* * *
Şövqü sönür qoca nərin
Dərdim ağır, yaram dərin…
Göz qoyduğum gözəllərin
Gözlərindən itməkdəyəm.
* * *
Cana doyan görən canmı?
Yoxsa yersiz həyəcanmı?
Aman, Tanrım, doğrudanmı
Tükənməkdə, bitməkdəyəm?!

PAYIZA QƏDƏR
Qışı bir aləmdi, yazı bir aləm,
Vəsfini verməyə acizdi qələm.
Tanrı imkan verə baharda gələm,
Duram səcdəsinə payıza qədər.
* * *
Nəyindən söz açım, onun nəyindən,
Doyunca barınam gül-çiçəyindən.
Bir təpər götürəm dağ ürəyindən
Qaçam gəncliyimə o qıza qədər.
* * *
Tapam istəyimi açan puçurda,
Bir daha verməyəm quzunu qurda.
İlahidən gələn şövq ilə burda
Uçam Aya qədər, ulduza qədər!..

ETİRAF
Elə ucalıqdan yıxılmışam ki,
Bir daha özümə gələ bilmərəm.
Elə məngənədə sıxılmışam ki,
Yaşaya bilmərəm, ölə bilmərəm.
* * *
Mən elə zirvəni tərk etmişəm ki,
Gözümdə alçalıb bütün zirvələr.
Bir də o ucalıq mənim ömrümə
Qardaş, çətin gələr, çox çətin gələr.
* * *
Gözümdə qaralıb elə bir səma
Çıxası deyildir Ayı buluddan.
Elə bir yanğıya tuş olmuşam ki,
Bir çarə ummuram kamandan, uddan…
* * *
Mən elə bir dərdə mübtəlayam ki,
Tamam imkansızdı bu dərdi bölmək.
Kişiyə ölümdən daha ağırdır
Sevən bir qadının gözündə ölmək!..

ÜZÜMƏ BAĞLANAN QAPI
Tanı məntək naçarını,
Dərdə-qəmə düçarını.
Harda gəzim açarını,
Üzümə bağlanan qapı?!
* * *
Gah söyülən, gah öyülən
Vaxtsız-vədəsiz döyülən.
Sən idinmi bəxt deyilən,
Üzümə bağlanan qapı?!
* * *
Hər günümə qada verdin,
Kömürümü oda verdin.
Bir şairi bada verdin,
Üzümə bağlanan qapı!
* * *
Açılsan itər acılar,
Nurlu sabahlar açılar.
Yoluma işıq saçılar,
Üzümə bağlanan qapı.
* * *
Şahidsən buna özün də,
Qalmışam çölün düzündə.
Nələr var arxa üzündə
Üzümə bağlanan qapı?!
* * *
Bəlkə sənsən sirr qapısı
Güman yeri, pir qapısı.
Tanrının səbir qapısı –
Üzümə bağlanan qapı?!

SEVGİ TÜKƏNMƏSƏ…
Mənim dəniz gözlüm,
dəniz ürəklim,
Büllur xatirəli təmiz ürəklim.
Dünyada dünyadan əzizsən mənə,
Sahilsiz ümmansan, dənizsən mənə.
* * *
Tanrı kölgələmir mələk üzünü,
Hansı yaşda olsa gözəl gözəldir.
Sevginin kül altda qalan közünü
Aylar yelpikləyir, illər közərdir.
* * *
Dənizlə üz-üzə ötür illəri,
A mənim könlümün həsrət adası!
Ləpə pıçıltılı tuti dillərin
Hər gün qulağıma çatır sədası…
* * *
Bir qayıq hələ də üzür səmtinə,
Avarçı avarı düz tuta bilmir.
Sevgi çevrilirsə imana, dinə
Sevən ömür boyu unuda bilmir!
* * *
O suya bir daş at, batmasın yasa,
Ağ dalğam, şövqə gəl, daşdır dənizi.
Bu gün ürəyimə sıfqarılmasa,
Deməli, ürəyi daşdır dənizin!
* * *
Pərvanə xislətdi bu ürək, bu dil,
Sən ey uzaqlarda alışan şamım.
Sevgi tükənməsə tükənən deyil
Sənin gözəlliyin, mənim ilhamım!

TƏMİZLİK YIXDI MƏNİ
Ürəyimə gələn söz dilimdədir həmişə,
İçim içdə deyil ki, çölümdədir həmişə.
Ona görə bu başım zülümdədir həmişə,
Bu saflıq əydi məni, təmizlik yıxdı məni.
* * *
Məhəbbət yollarında səriştəsiz, naşıyam,
Köntöy addımlarımla öz-özümə qarşıyam.
Neçə qəlbin ağrısı, neçə gözün yaşıyam,
Mənə “əzizim” deyən əzizlik yıxdı məni.
* * *
Bunu kim bilməyir ki, bu gün varıq, sabah yox,
Mənim ömürlüyümdə yaxşılıq var, savab yox.
Bu ümman istəyimə damcılasa cavab yox,
Elə çoşdum, kükrədim, dənizlik yıxdı məni.
* * *
İndi quruyan çayam, oxşarım yox dənizə,
Həsrət qaldım ağ gülə, ilahi ağbənizə.
Dedin sənə qadın yox, bir qulam, bir kənizəm,
Qaragünlüm bu miskin kənizlik yıxdı məni.
* * *
Təşnəliyim səngimir… bulaq verin, çay verin,
Təbəssüm sarğısını yaralıya pay verin.
Hayqırmaq istəyirəm, səsimə bir “hay” verin,
Sükut çatlatdı məni, səssizlik yıxdı məni.

ŞAİR QOCALIR
Uğurla çıxsa da söz sınağından,
Sınır öz gözündə, öz sınağında.
Keçmir gözəllərin göz sınağından
Dərdi aşıb-daşır, şair qocalır.
* * *
Dözmür haqsızlığa, ötürə bilmir,
Səsini baisə yetirə bilmir.
Daha neynəsə də götürə bilmir
Yolundakı daşı, şair qocalır.
* * *
Şeiri əvvəlkitək duyula bilmir,
Gün kimi aləmə yayıla bilmir.
Fikirdən, xəyaldan ayıla bilmir
Düyünlənir qaşı, şair qocalır.
* * *
Ömür tükənsə də, tükənmir istək,
Başına min oyun açır bu ürək.
Gözəllər açılır gül butasıtək,
Dünya cavanlaşır, şair qocalır.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

21 FEVRAL – ZİYA BÜNYADOV

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıtmışdır.
Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə etmişdir.
1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa etmişdir.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi.
1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Allah rəhmət elesin. Ruhu şad olsun. Amin.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“21 Fevral Beynəlxalq Ana dili Günü” ilə əlaqədar Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Həftəsonu məktəbində tədbir olub

Günay ƏLİYEVA

20 Fevral 2022-ci il tarixində “21 Fevral Beynəlxalq Ana dili Günü” ilə əlaqədar Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Həftəsonu məktəbinin və Bakı şəhərinin 220 saylı məktəb-liseyin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova və Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilmişdir. Bakı şəhər 220 nömrəli məktəbin müəllimi Xanım Qasımova 21 Fevral Beynəlxalq Ana dili Gününün elan edilməsinin tarixindən məlumatı şagirdlərin nəzərinə çatdırmışdır.
Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva Ana dilini qorumağı, sevməyi və bu dildə danışmağın vacib olduğunu vurğulamışdır.
Görüşdə Oslodan, Belçikadan, Azərbaycandan iştirak edən şagirdlər Ana dili ilə bağlı aforizmlər, şeirlər söyləyib və mahnılar ifa etmişlər.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVMƏK İSTƏYİRƏM… – VAQİF VÜQAR

VAQİF VÜQARIN YAZILARI

SEVMƏK İSTƏYİRƏM…
Gecikən baharın yoluna çıxdım,
Dəlisov fikirlər gəldi ağlıma.
Yenə salam verib qürurla baxdım,
Ruhumun qaynayan cavanlığına.
* * *
Sevmək istəyirəm təzədən Allah,
Könlümdə baharın suları axdı.
Sevmək istəyirəm təzədən Allah,
Bir ay işığının mürgülü vaxtı.
* * *
Qartal xəyallarım göylərdən enməz,
Sevdasız duyğular mələr bir quzu.
Dalğalar kimidir bitib, tükənməz
Dilimdə məhəbbət, gözümdə arzu…
* * *
Sevmək istəyirəm özümü danıb,
Sözümüz köhnədir, eşqimiz yeni.
Bir qız baxışının odunda yanıb,
Təzədən öyrənim sevgi dərsini.
* * *
Günlər ötüşdükcə yaşa doluram,
Şairim,güləndə bir az da ağla.
Demə sevə-sevə xoşbəxt oluram,
Ölümsüz sevgini yaşamagımla…

NƏĞMƏ DƏ DUADIR…
İstədim sevgiyə bir şeir yazam,
Saxlayıb zamanı,
sevib bir anı.
Sərsəri xəyalın göyündə azam,
İçib qətrə-qətrə buludlarını…
* * *
Duyuram səsini bir həzin, titrək
Üzü çopur-çopur bir qoca çinar.
Həyatla, ölümün arasında tək
Məni də saxlayıb suala tutar.
* * *
Qələmin göz yaşı varağın üstə,
Külək də dəyişir görüş yerini.
Qarğalar dənlədi torpağın üstə,
Bir zaman səpdiyim gülüşlərimi.
* * *
Söykənib, sığınıb sözlər üşüyür,
Uzanan yolların daş hasarına.
Balaca evimiz yadıma düşür,
Hörümçək tor qurub divarlarına…
* * *
Odsuz, alovsuzdu şair tərəfi,
Hanı qanadları Tanrım bu eşqin.
Tilsimli qaladır o bir tərəfi,
Görünməz üzüdür Aysberqin…
* * *
Ömür verilibsə mənə bu sayaq,
İstədim Vətənə bir şeir yazam.
Kinli baxışların gözündən uzaq,
Yatanda başımın üstündən asam.
* * *
Dolaşır başımda bir səssiz fikir,
Ruhumu, sözümü çəkib tarıma.
Nəğmə də duadır, bükəm arabir,
Anamın nəmlənmis dualarına…

ROBOT ADAMLAR…
Çiçək də ağlayır batıbsa şehə,
Ömür uzaqlarda itən qaraltı.
Bir acı göz yaşı, dəli qəh-qəhə
Müəmma, məzəmmət hər sətiraltı…
* * *
Uzanan zəminin sünbülü dənsiz,
Əliboş, cibiboş adamlar kimi.
Harda gecələyir durna vətənsiz,
Qaralır fikirlər axşamlar kimi.
* * *
Qaydadır dünyada doğulan, ölür
Sözlərim bir əsim kîləyə bənzər.
Sadəlövh bahara yazığım gəlir,
Dərilib, atılmış çiçəyə bənzər.
* * *
Yaradanı bilir onun dilini,
Qısa heykəl yonum bir dağ başında.
Uzatsın Tanrıya qoy əllərini,
Qoca görkəmində, ağ libasında.
* * *
Dünən ki, fikirlər yox olub,itir
Yenə sətiraltı, ey söz, ey qələm.
Qapında, bacanda kölgəmi bitir,
Yenə də səninlə görüsməliyəm.
* * *
Ürəkdə nə sevgi, nə də duyğu var,
Robot doğulmağın mənası bumu.
Qoy məni dananlar, unutmasınlar
Əbədi bir şair doğulduğumu…

RAHATLIĞIM, AZADLIĞIM…
O dağlara tələsirəm şeir yazıb kövrələndə,
Bir quş olub zirvələrə xəyallarım qanad çalsın.
Bir xəbərsiz qonaq kimi evimizə ay gələndə,
İstəyirəm qartal məni göy üzünə haraylasın.
* * *
Uşaqlığım keçən yerlər, daşlı yollar eniş,yoxuş
Qoy dayanım hüzurunda əldə qələm, ağ varağım.
Dünyasına çəkilərək kövrək-kövrək oxusun quş,
Qoy bürünüm dumanına, bulud olsun çalpapağım.
* * *
Ağ göyərçin uçur göyə, boyum çatmır dağlar uca,
Xəyalımdan kölgə düşür baş çəkdiyim oylağına.
Üzü tutqun axşamlardan tez küsürəm yaş artdıqca,
Tələsirəm uşaq kimi səhərlərin qucağına.
* * *
Rahatlığım, azadlığım dağlar kimi müqəddəsdir,
Qış gedəcək, yaz doğacaq çiçək belə, çəmən belə.
Gözəlliyi seyr eləyib,söz qosmaq da bir həvəsdir,
Həsrətimi sellər yuyub,sel aparsın innən belə…

ÖZÜMLƏ TƏK OYNAYIRAM…
İtirdiyim sevinc,
gətirdiyim qəm
Həyatı özümlə tək oynayıram.
Uduzan da mənəm, udan da mənəm,
Şahmatı özümlə tək oynayıram.
* * *
Başım ucaldıqca, göylərə dəyib,
Təbin qılığında sözə baş əyib.
Bu da bir savaşdir, qalxan eyləyib
İnadı özümlə tək oynayıram.
* * *
Bir yarpaq kimidir bitən təsəlli,
Təkcə öz səsimdir özümə bəlli.
Hələ tapılmayıb düňyanın həlli,
İsbatı özümlə tək oynayıram.
* * *
Bir quşa bənzəyir eşqim qanadlı,
Ömür yaşamışam alovlu, odlu.
Verdiyinə şükür ey Tanrı adlı
Ustadım, özümlə tək oynayıram.

YOLÇU GÖRDÜM…
Yenə bu dünyayla durum üzbəüz,
Bir taxta qılıncın qəhrəmanıyam.
Sünbülü göyərməz,fələyin dənsiz
Yel döyən bir köhnə dəyirmanıyam.
* * *
Alıb gəncliyimi qollarım üstə,
Dərədən,təpədən keçib gəlirəm.
Kölgələr dolaşır yollarım üstə,
Salam verə-verə köçüb gəlirəm.
* * *
Yeri tanıyıram göylərə baş çək,
Fikirdə gizlənib,fikir adamı.
Həyatın verdiyi bir ehtiyac tək,
Hər gün ayağına çəkir adamı.
* * *
Boz tüstünün boz üzüdür boz duman,
Bir buludsuz göy darıxır,yel əsir.
Yolçu gördüm,o zavallı,pərişan,
Mənim kimi daş olmağa tələsir.

RƏNGLƏR HAQQINDA DÜŞÜŇCƏLƏR…
Göylə, yerin səsi, ritmi notlar üstə bir ahəngdir,
Düşünürəm rənglər nədir qara, yaşıl, mavi, sarı.
Bir həyatın doğuluşu gördüyümüz yaşıl rəngdir,
Qara rəngə toxunmuşdur bu dünyanın ağrıları.
* * *
Rəssam kimi sarı rəngi payız çəkir tablosuna,
Mavi dəniz, mavi göylər bir-birinin bənzəridir.
O möhtəşəm sapsarı ay bizi salır ovsununa,
Göy qələmin mürəkkəbi,
yer günəşin dəftəridir.
* * *
Səssiz duyğu bir quzudur damla-damla işıq içən,
Hər varlığın öz rəngi var, ahəngi var duya bilsən.
Zaman içrə ruzigardır at belində yollar keçən,
Çiçək açır, çiçək solur rənglər doğan bir fəsildən.
* * *
Rənglər canlı, rənglər qaynar məna tapır arzularda,
Şəkil çəkir həyat yeni,
ömür yeni, səhər yeni…
Ağaclarda, qayalarda, dənizlərdə, göy sularda,
Buludlarda görürəm mən ruhumuzun şəkilini…


Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR TƏLTİF OLUNDU

Bu gün yazarlar Eyvaz Məmmədoğlu və İbrahim Novruz uzun müddət ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə təltif olunublar. Yazarlarımızı bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətləır arzulayırıq. Uğurlarınız bol olsun, çox dəyərli qələmdaşlar!

DOĞRULAMA LİNGİ: >>>LAUREATLAR


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİNİN KİTABI

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ


“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ TUNCAY ŞƏHRİLİ

Zaur USTAC Tuncay ŞƏHRİLİ 

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI


“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİNİN DOĞUM GÜNÜDÜR!

Tuncay ŞƏHRİLİ – “Yazarlar” jurnalının Texniki redaktoru

Bu gün “Yazarlar” jurnalının Texniki redaktoru Tuncay Şəhrilinin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, uzun ömür, can sağlığı, təhsilində və bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Tuncay Şəhrili!

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru