Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (…şəhid İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Şəhid İlqar Mirzəyevin ziyarətində) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. – Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021 – Bakı.
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.
İLQAR
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı ş.
Azərbaycanın qəhraman oğlu şəhid polkovnik-leytenant Raquf Orucov
(Böyük qəhrəman Raquf Orucovun əziz xatirəsinə) ☆☆☆ Mıllətinin dar günündə Harayına gələn oğul. Ağrısına, acısına Sinəsini gərən oğul. * * * Çəkib qılıncı qınınnan, Yurdu suvardı qanınnan. Keçib öz şirin canınnan Torpaq üçün ölən oğul. * * * Damarında Türkün qanı, Bozqurdlar oldu dörd yanı. Qarı düşmənin bağrını Öz əliylə dələn oğul. * * * Qibləsi bilib Vətəni, Döyüşlərdə keçdi günü. Bir Murov qartalı kimi Səmaları yaran oğul. * * * Məmləkət yaşasın deyə, Ruhunu uçurdu göyə. Döndü gerçək əfsanəyə Gələcəkdən gələn oğul!
Bu gün onun ad günü …. Əfsanəvi kəşfiyyatçı şəhid polkovnik – leytenant Raquf Orucov 12.07.1972-ci il Ağdam rayon, Cinli kəndində anadan olub. Orucov Raquf İbrahim oğlu 2 aprel 2016 – cı il Aprel döyüşlərində şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin.
Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!
Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Yazarlar.az xəbər verir ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi – tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.
Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Bu gün 44 günlük müharibənin qəhrəmanlarından biri olan, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağdam rayonunun Yusifcanlı kəndinin ziyalı ailələrindən Səfərovların nümayəndəsi Baş Leytenant Səfərov Hikmət ad günündə Bakı şəhəri – II Fəxri Xiyabanda yerləşən məzarı başında anılmışdır. Şəhidin adına dualar oxunmuş, Xətai rayon İcra hakimiyyəti, Ağdam rayon İcra Hakimiyyəti, Yusifcanlı kənd Ərazi nümayəndəliyi, doğmaları, yaxınları tərəfindən əklillər və gül-çiçək dəstələri qoyulmuşdur.
QISA ARAYIŞ
Şəhid Baş leytenant Səfərov Hikmət İldırım oğluhaqqında
11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş ehtiyatda olan Baş leytenant Səfərov Hikmət İldırım oğlu könüllü qeydiyyatdan keçərək elan olunmuş səfərbərliklə orduya çağrılmış və ilk gündən döyüşlərə qatılmışdır. Suqovuşan uğrunda gedən döyüşlərdə 10 oktyabr 2020-ci ildə ağır yaralanmış uzun müddət komada qaldıqdan sonra 8 dekabr 2020 – ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 9 dekabr 2020- ci ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunub. Ailəli idi. İki oğlu yadigar qalıb. Allah Rəhmət eləsin. Ruhu şad olsun. Amin.
GÖZLƏYİR Bu baharın çiçəkləri daha tər Dağda,düzdə yığanını gözləyir. Daş altından bənövşələr boylanar, Yeni gələn növrağını gözləyir. * * * Məclis üstə ürək isti, söz narın, Kim dərəcək söz meyvəsin,söz narın? Yolda qalan baxışları qızların, Öz ağatlı oğlanını gözləyir. * * * Qaranquşlar dəstə-dəstə qayıdar, Yaz eşqinə olsa xəstə,qayıdar. Vüsalına boyu bəstə qayıdar, Uçan ruhu oylağını gözləyir. * * * Köç yoludu dünya başdan binadan, Qayaları libas geyər xınadan. Əl uzadan sənə,böyük yaradan, Quzu kimi yaylağını gözləyir. * * * Sellər,sular bərəkətin təhnəsi, Çaylar olar,dəniz olar binəsi. Kainatın,Mahirənin nənəsi, Nihad ilə bal-qaymağın gözləyir.
ƏLLƏRİN Özümü biləndən qədrini bildim, Ruhumu gətirdi cana əllərin. Tək sığal çəkməyib hər birimizə, Doldurubdu ətə, qana əllərin. * * * Bir kərə demədin bu hansı sirdi, Nə ata mindirdi, atdan düşürdü? Çörək bişirmədi, qismət bişirdi, On bir övladına sona əllərin. * * * Qıymadın tək yükü Ağam daşıya, Dayandın fələknən qarşı-qarşıya. Qorxmadın istidə bişə, qarsıya, Ayazda, şaxtada dona əllərin. * * * Könlüm bir yavru quş, yuvası çatmır, Qalxa ha dağlara, havası çatmır. Ömrümün dərmanı, davası çatmır, Davadır, dərmandır, ana, əllərin. * * * Kimiydi taleyin ovçusu oldu? Mahirə hikmətin yolçusu oldu, Sənin dərdlərinin suçlusu oldu, Ay ana, sallama yana əllərin.
QALIM Bu dünya deyilən nə idi bildim, İstəməm büksən də qumaşa, qalım. Baş alıb göylərə çoxdan gedərdim, Dedim bitənəcən tamaşa, qalım. * * * Zülmətdir, görməyə çıraq tapmadım, Nə gəzdim-axtardım, soraq tapmadım, O boyda kitabda varaq tapmadım, Oxuyam, düşməyəm savaşa,qalım. * * * Deyirəm mən ölü, sən isə diri, Həyat oyunbazdır, dünya kəndiri. Neyniyim tapmadım sən deyən yeri, Adına, adıma yaraşa, qalım. * * * Payı paylayan var, quru ürək ver, Uzaqdan-uzağa arzu, dilək ver. Nə mən əl uzadım, nə sən bilək ver, Qalım, qismətimlə baş-başa qalım. * * * Haqq fərman verirsə qarşı kim çıxar, O özü dikəldər, o özü yıxar. Ay əcəl, yoxluğum anamı sıxar, Dərd olar baciya, qardaşa, qalım. * * * Yenə Mahirəni dara çəkirsən. Hardan gətiribsən, hara çəkirsən ? Bilirəm qəlbində qala tikirsən, Atılmış bir daşam, hör daşa, qalım.
YARPAQ-YARPAQ Yay da bitir, indi payız. Bilinəcək yarpaq-yarpaq. Xəyallarımız xəzana Bürünəcək yarpaq-yarpaq. * * * Kim söyləyər yaş o yaşdı, Bu yaş o yaşdan da başdı. Demə, gözlədiyim qışdı. Görünəcək yarpaq-yarpaq. * * * Çovğun ötüb qar gələcək, Sınağa nə var, gələcək. Sevirsə də yar gələcək, Sürünəcək yarpaq-yarpaq. * * * Hansı qar var, ərimədi, O nə dərddi kirimədi. Nə diləkdi yerimədi, Yeriyəcək yarpaq-yarpaq. * * * İstədiyin qəlbdi, candı? Can deyilən əl-amandı. Zaman özü kim ki yandı, Kürüyəcək yarpaq-yarpaq. * * * Olan olacaq, gözdəmə, Odda olanı közdəmə. Mahirə, dərdə döz demə, Kiriyəcək yarpaq- yarpaq.
LEYSAN YAĞIŞI Dünya toz-torpaqnan dolu, Çarəm, yağ, leysan yağışı. Sinəmi yolların boyu, Sərəm, yağ, leysan yağışı. * * * Yer fanidi, göy əbədi, Göy ömrü yerin mabədi. Yetirə bizlərə ümidi, Kərəm, yağ, leysan yağışı. * * * Göylərə əl qaldıran biz, Haqqa inamdı çarəmiz. Gəl elə yeri tərtəmiz, Görəm, yağ, leysan yağışı. * * * Yağ vüsala yetirməyə, Eşq ağacın bitirməyə, Nə yağıb yer götürməyə, Yerəm, yağ, leysan yağışı. * * * Bacarmadım göyə çıxam, Buludun gözünmü, sıxam, Səninlə dənizə axam, Kürəm, yağ, leysan yağışı. * * * Tanrı tək- işıq yoludu, Mahirə onun quludu. Sinənmi söznən doludu, Dillən, yağ , leysan yağışı!
NƏ DAYANIRSAN? Hələ qabaqlarda ömür yolları, Yeri, ayaqlarım, nə dayanırsan? Başa vurmadıq ki, sənlə ilqarı, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Ümid- qapısıdır əhdin, niyyətin, İnam bələdçisə, o nədir çətin? Hər yeni qələbə dizə taqətin, Yeri, ayaqlarım , nə dayanırsan? * * * Qəlb dedi, sən çəkdin, yuvamı qurdum, Arzu yollarında ayaqda durdum. Ağrıdım söyləmə, demə yoruldum, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Eşq ilə təpərin bir də tapılar, Axtarsan dərmanı dərdə, tapılar. Göydə axtardığım yerdə tapılar, Yeri, ayaqlarım, nə dayanırsan? * * * İnandım qəlbimə, gücünə sənin, Tanrı yazısına ömürdü zəmin. Qoyduğu hədəf var Həsən Mirzənin, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Mahirə olmayıb haqqı itirən, Ana baxışı var, bizi ötürən. Ürək istəyəndi, ayaq yetirən, Yeri, ayaqlarım, nə dayanırsan?
DÜNYA Gözümü açandan özümü gördüm, Gördüyüm özüməm, ya baxtdı, dünya. Anam deyəndimi, atam söyləyən, Cavab axtarıram nə vaxtdı, dünya. * * * Yeridim, hər addım bir mənzilbaşı, Açdığım hər varaq bir divar daşı. Haraya çatdımsa ömrün yaddaşı, Dedi gecikibsən, bivaxtdı, dünya. * * * Yaşam hikmətinin nəyidi dərin, Ən böyük biclikdi düzlük- deməyin. Tanrı göndərdiyi peyğəmbərlərin, Hansı demədi ki, nə haqdı, dünya? * * * İnsanı ağladan, güldürəndimi, Güldürən ağladıb dərd verəndimi? Zalım öləndimi, öldürəndimi, Düz deyən mərddimi, namərddi, dünya? * * * Axtardım özümü mən addım-addım, Od əgər haqdısa odda yanırdım. Nələri tapmışam, nə axtarırdım, Bu ya təsəllidi, ya dərddi, dünya. * * * Dizə çökdürənin amanı yoxdu, Aman istəyənin gümanı yoxdu. Mizan-tərəzinin zamanı yoxdu, Mənmi belə gördüm, ya mərddi dünya? * * * Harada zilindi, harada bəmin, Tutmadım, yolların qəribə sənin. Mahirə – övladı Həsən Mirzənin, O mənə dünyanı öyrətdi, dünya!