(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında güneylilərimizin ruhuna ithaf edirəm)
Xəyyam-Adının bir mənası çadır qurandır, ancaq çadırçı yox, inqilabçı olmaq yazılmışdı taleyinə.Xəyyam əmi Göyçayda bizim yaxın qonşumuz idi. Həmşərimiz, həm də qonşumuz Xəyyam kişidən atam ağızdolusu danışardı.Atam onun hər 3 oğlu ilə dost olub.Xəyyam kişinin oğlanlarının adı-böyük oğlu Ərjəng, ortancıl Öyrəng və kiçiyi Fərhəng idi. Mən uşaq olanda soruşdum ki: -Ata, bu nə qəribə adlardır belə? Atam dedi ki:
Farslarda hərbi rütbə adlarını bildirir. Atam ən çox Quşi əmi ilə (dostları Ərjəngə Quşi deyirdilər) dostluq edərdi.Quşi əmi stomatoloq idi.Azman bir görünüşü vardı. Tez-tez bizdə olardı, qucağına götürərdi məni, oynadardı, baxmayaraq ki, uşaq ikən ondan çox qorxardıq.Onu da deyim ki, o cüssədə, o yekəlikdə adamda uşaq kövrəkliyi vardı.Kiçik oğlu Fərhəng əmi ilə də yaxın idik.Xəyyam kişinin oğlanlarının hamısı savadlı və mütaliəli idilər.Fərhəng əmi sonralar Bakıda çox toylarda tamadalıq edərdi.Bəlağətli danışığı və şeirbazlığı ilə seçilərdi. Atamdan soruşanda ki, o taydan gələnlər Göyçayın yolunu necə tapıblar? Doğrudan, da elə götürək bizim ailəni: Bizim Göyçayda heç kimimiz olmayıb axı… İsmayıl babam Göyçaya gəlməsəydi bizim nəsil Göyçayı necə tapacaqdı? Atam dedi ki: -O vaxt 2 saat vaxt veriblər, kimi canın götürüb keçib, kimisi qalıb orada- asılıb, kəsilib, sürgün edilib.Quzeydə əsasən Bakıya gəlsələr də, sonra bölgələrə paylaşdırılıblar.Gəncəyə, Samuxa, Astaraya, Lənkərana, Ucara, Göyçaya və.s.Göyçaya gələnlərin başında Xəyyam kişi dayanıb.Cəsur, bilikli, müdrik kişi imiş.Ətrafındakılar deyiblər: -Əgər Pişəvəri ordusunun fəalı Xəyyam Göyçayı seçibsə, demək nəsə bilir və böyük bir dəstə onun ardınca düşərək gəlib Göyçaya.Bizim küçə Göyçayın düz mərkəzində yerləşir-keçmiş Kommunist küçəsi, indiki M.Ə.Rəsulzadə küçəsi.Canguflar, Xəyyamilər, Paydarlar, Novruzilər, Bamizərlər, Bayramilər, Kərimilər və.s Göyçayın tanınmış həmşəri ailələridir. Atamın ən çox dostanə xatirələri rəhmətlik Quşi əmi ilə olub: Soçidə, Kislovodskda başlarına gələn macəralarından, yerli uşaqlarla etdikləri davalarından ara-sıra danışardı. Xəyyam kişinin oğlu Quşinin həm də gözəl xörək hazırlama qabiliyyəti vardı.Həmşəri plovunu, müsəmma və daşma plovu bişirməkdə mahir idi. Xəyyam kişini görməsəm də, onun oğlanlarının 3-ünü də-Ərjəng əmini də, Öyrəng əmini də, Fərhəng əmini də görmüşəm.Onlardan təkcə Öyrəng əmi sağdır və uzun müddət Göyçayda tarix müəllimi kimi işlədi, qardaşları isə vəfat edib. Atamın xatirələrinə görə fədai ordusunun ən fəal üzvlərindən idi-Xəyyam kişi.Duzlu-məzəli söhbətlər edər, gözəl şeirlər də söyləyərmiş.Ümumiyyətlə, həmşərilər poeziyaya vurğun kimi tanınar, söhbətləri də şairanə ab-havada olardı. Yenə atamdan eşitdiyim bir fikir lap yerinə düşür: “O nə həmşəridir ki, plov yeməyin, şeir deməyin xəstəsi olmasın?!” Əlavə də edərdi: -Həmşəri 3 şeydən tanınar: 1 plov yeməyindən; 2 şeir deməyindən; 3 tərslik eləməyindən. -Görün, “Fədailərimizi tanıyaq!” rubrikasının Xəyyam əmiyə aid hissəsi bəndənizi haralara apardı?
Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi “Xalq qəzeti”nin redaksiyasında olub.
Qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Əflatun Amaşov tələbələrə rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiy yol və hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verib. Baş redaktor qeyd edib ki, hər zaman dövlətçiliyin inkişafına xidmət edən “Xalq qəzeti” Heydər Əliyev ideyalarının ən böyük təbliğatçısıdır.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, baş redaktorun birinci müavini Tahir Aydınoğlu bildirib ki, “Xalq qəzeti” dizaynında və formatında yeniliklər edib. Bu, müasir dövrün tələbləri ilə uyğunlaşmaq istəyindən qaynaqlanır. Mövcud xüsusda ən böyük yenilik isə analitik məzmunlu, düşündürücü materialların təqdimatıdır.
Bildirilib ki, qəzetin uğurlarının əsasında dayanan vacib amillərdən biri də 44 günlük müharibədəki müqəddəs Zəfərimizin yaratdığı reallıqlardır. Bu reallıqlar hadisə və proseslərə daha proqmatik yanaşma zərurətini aktullaşdırır. Ə.Amaşov azad Qarabağda həyata keçirilən nəhəng infrasturuktur layihələrinin, görülən quruculuq işlərinin də “Xalq qəzeti”nin yaradıcılıq motivlərinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Tələbələr qəzetin həm çap, həm də elektron variantı ilə tanış olublar. Onlar nəşrin internet televiziyası olan “Xalq TV”yə baş çəkiblər. Qeyd olunub ki, günün aktual məsələlərinə həsr olunmuş ictimai-siyasi, iqtisadi və digər mövzularda verilişlərin yayımlandığı “Xalq TV” qısa müddətdə populyarlıq qazanmağı bacarıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi fevral ayından etibarən Mətbuat Şurasında təcrübə proqramı keçir. Onlar bu proqram əsasında Şuranın təşkilatçılığı ilə ölkəmizin tanınmış qəzet və saytlarında olublar. Təcrübə proqramı mayın 24-də başa çatır.
GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI….. Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi.. Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər. Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.
Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Masanın üstündə “Divani-lüğatit-türk” kitabı var. Mahmud Kaşğaridən söz düşür.Əkrəm Cəfər dillənir: -Mahmud Kaşğari türkologiyanın banisidir.11-ci əsrin ortalarında Kaşğar elində yaşayıb-yaratmış böyük filosofdur. Kaşğari öz dövrünün türk ellərini qarış-qarış gəzib, Çindən Ruma qədər dolaşıb, türk xalqlarının dilini, folklorunu, etnoqrafiyasını ləhcə və şivələrini tədqiq edərək çox qiymətli elmi əsərlər yaradıb. -Bəs Kaşğar eli haradadır? -Kaşğar şərqi Türküstanda, yəni Çinin şimal-qərbində şəhərdir, həm də vilayətin adıdır. Haşiyə: Bəzi mənbələrdə Kaşğar elinin Azıx kəndində (İndiki Özbəkistanda) bəzi mənbələrdə İsık-kul gölünün sahilində-Barskan şəhərində (indiki Qırğızıstanda) doğulub Mahmud Kaşğari.İstənilən halda Kaşğari uyğur türküdür. Kaşğar dili də uyğur dilinin ən böyük dialektlərindəndir. -Bəs uyğurlar kimdir? -Türk xalqları 3 böyük qrupa bölünür: 1) Uyğur türkləri 2) Oğuz türkləri 3) Qıpçaq türkləri Tarixdə ən qədim və ən mədəni uyğur xalqı olub. 5-6 əsrlərdən qalan yazı abidələri göstərir ki, oğuz və qıpçaq qismləri hələ köçəri halda ikən uyğurlar məşhur şəhərlərdə oturaq həyat keçirib, böyük sənət, geniş ticarət sahibi olublar.Uyğurların evində belə rəssamlıq sənəti çox inkişaf edibmiş.Təkcə divarları, tavanı deyil, döşəməni də gözəl rəsmlərlə bəzəmişlər. Haşiyə: Uyğurların qədim türk qolu olduğu danılmazdır, necə ki, qıpçaqların daha müasir olması barədə mübahisə yoxdur.Ancaq biz oğuz türkləri haqqında bunu demək çətindir.Altay dil ailəsunin, türk dillərinin oğuz qolu olduqca qədimə dayanır.Qazax şairi Oljas Süleymenov “Türklər tarixdən əvvəl” əsərində yazır: Oljas Süleymenov: “Məktəb illərindən bilirik ki, qaxax dili ən gənc dillərə aiddir. O, türk dilləri ailəsinin qıpçaq qrupuna daxildir.Hesab olunur ki, qıpçaq qrupu oğuz, karluq qrupundan sonra yaranıb, qədimdə özü haqqında yazılı məlumat qoymayıb.Orxon-Yenisey yazılarınln rəsmi tarixi isə bizim eranın 5-ci əsridir.Bu böyük abidələrin dili oğuz və karluq dillərinin normasını əks etdirir” Görürsüzmü deməli oğuzların yazı mədəniyyəti olub və Oljas Süleymenov birinci Oğuzun sonra karluqun adını çəkir” Süleymenovun “Az i Ya” əsərində də açıq şəkildə görürük: “Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyladı, soy söylədi.Qazi ərənlər başına nə gəldiyini söylədi.-Qanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Bəlkə igid İspakın iç-oğuz ozanının bu söyləməsini Assuriyanın zeytun pöhrəliyində dinləyib.” Əlbəttə, biz şərti olaraq dastanın tarixini 1300 il götürdük.Hər şeydən ziyadə Dədə Qorqud akademik Kamal Abdullanın təbiri ilə desək bir prinsipdir.O, həm özündən sonrakı epoxaya, həm də özündən əvvəlki dövrlərə işıq tutur. Mən Kamal müəllimin bu fikrini çox bəyənir və sərrast şəkildə deyilmiş həqiqət sayıram.Məncə, sayğıdəyər akademikimiz dastanın reseptini dürüst yaza bilib.Çünki Dədə Qorqudda xeyli epizod var ki, onun rişələrini eradan əvvəlki dönəmdə aramaq lazım gəlir, nəinki 7-ci əsrdə. Qayıdıram əsas mövzuya. Hazırda 6 milyona qədər uyğur türkü Çində yaşayır.(Bu, 1965-ci ildə gedən statistikadır) Qazaxıstan və Özbəkistanda da uyğurlar var. Mahmud Kaşğari öz məşhur əsərini ərəbcə yazıb.Bağdad xəlifəsi Müqtədiyə 1073-1074-cü illərdə təqdim edib.O zaman türk dili və ərəb dili yanaşı işlənirdi.Kaşğarinin bu kitabı türklərə ərəb, ərəblərə türk dilini öyrətmək rolunu oynayıb. 1939-cu ildə İstanbulda buraxılmış “Divani-lüğatit-türk” ün türkcəyə uyğunlaşdırmasını Besim Atalay edib. -Bəs bu kitab necə üzə çıxıb? -Dostlar, balaca bir araşdırma apardım.Sən demə, Kaşğarinin bu əsəri 900 il elm aləminə bəlli olmayıb.Əli Əmiri adlı türk kitabxanaçısı naməlum bir qadından bu kitabı alıb qoruyub, 1912-ci ildə Türkiyə Maarif Nazirliyinə təqdim edib. -Sonra? -Sonrası da corab söküyü kimi gəlib.Kilisli sadə bir müəllim- Rıfat adlı birisi əsəri 3 cildə bölərək 1915-ci ildə nəşr etdirib.Bu kitabın elm cameəsinə məlum olması türkologiya üçün bir səadətdir.”Səadət”- dedim, yeri gəlmişkən, “Kutadğu-biliq” (“Səadətnamə”) poemasında olan bir sıra düyünlər də “Divan” nın meydana çıxması ilə çözülüb. Bu gün bütün dünyada türkoloqların söykəndikləri ən mötəbər mənbə məhz “Divan” dır. Kaşğari həm də hərbçi olub.Dilçilik elmində ən böyük alimlərin tədqiqat üsullarının əsasını o verib.Bu çağacan müqayisəli dilçilik elminin yaradılması 19-cu əsrdə alman alimlərinə isnad verilirdi.Humbol Qrim, Frans Bop-bu elmin yaradıcıları sayılırdı. “Divan” ın çıxması ilə bəlli oldu ki, müqayisəli üsulu hələ 11-ci əsrin ortalarında Mahmud Kaşğari icad edib. Türk oğlu türk, alim, aristokrat, türkoloq Mahmud Kaşğari. 13 may 2024-cü il
(Yazımda şəxsi qənaətlərimlə yanaşı əruzşünas-alim Əkrəm Cəfərin, Xəlil Rza Ulutürkün xatirələrinə, habelə Oljas Süleymenovun, Kamal Abdullanın fikirlərinə söykənmmişəm)
ELÇİNmüəllimin 81 yaşı mübarək, 100 yaşasın… Vaxtilə (70 yaşında) yazdığım və mətbuatda yayımlanan məktubu təkrar təqdim edirəm, çünki, yenə də həmin fikirdəyəm…
Ədəbiyyatımızın xan çinarı, sahilsiz istedadın imkanları… (Azərbaycanın xalq yazıçısı Elçinə təbrik məktubu)
Hörmətli ELÇİN müəllim! Sizi – Azərbaycan xalqının, bütün türk dünyasının görkəmli, ünlü yazıçısını, drmaturqunu, ssenaristini, ədəbiyyatşünas-tənqidçisisni, ictimai xadimini, filologiya elmlər doktorunu, professoru anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edirəm!.. Siz “gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir, xalqımızın özündədir” estetik prinsipi ilə qələmə sarılmısınız, gözəllik kəşfiyyatçısı olmusunuz; təkcə “Bir görüşün tarixçəsi”n yox, əsərlərinizlə xalqımızın, millətimizin mənəviyyat tarixinin bədii səlnaməsini yaratmısınız; “Aman ovçu, vurma məni” deyə-deyə, təkcə “Hökmdarın taleyi”ni yox, həmişə Azərbaycan xalqının, xalqı xalq edən Azərbaycan dövlətçiliyinin taleyini düşünmüsünüz; “Ölüm hokum”ndən qorxmayaraq sənələr, mərhələlər, devrimlər adlayaraq “Mahmud və Məryəm” roman-dastanını bağlamısınız; mənəvi tariximizin sonsuz səhralarında səmum yellərinə sinə gərə-gərə “Ağ dəvə” karvanının ustad sarvanı olmusunuz və milli-mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. Sizin “Ağ dəvə”nizin ləpirlərində ağ güllər çiçək açır… “Ağ dəvə” karvanının yolu ağ işıq dolu nurlu sabahlaradır, bu, Azərbaycan xalqının yoludur; “Ah, Paris, Paris…” – qibtə hissini keçirə-keçirə Bakımızın, Gəncəmizin, Təbrizimizin, Ərdəbilimizin, Şuşamızın, Naxçıvanımızın işıqlı sabahları ilə xəyallanmısınız; “Bayraqdar” qəbildən əsərlərinizlə həm 60-cılar ədəbi nəslindən üzü bəri ədəbi nəsillərin bayraqdarına çevrilmisiniz, həm də, Milli bayraq istəyiniz həyata keçib, arzularınız çin olub, coşğun bəxtəvərliklə Respublikamızın Bayraqdarı ilə birgə Bakıda ucaldılan və dünyada rekord qıran ən hündür bayraq meydanında Milli bayrağımızın açılış törəninə qatılmısınız…
“Baladadaşın ilk məhəbbəti” ilə bədii kinomuzun həyatına əbədi məhəbbət bağlamağınız və bir-birinin ardınca çəkilən 22 filminiz, o cümlədən – “Arxadan vurulan zərbə” (təssüf ki, bu cür zərbələrlə həyatınızda da dəfələrlə qarşılaşdınız), “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Hökmüdarın taleyi”, “Üç zirvənin fatehi”, “Silinməyən izlər…”, “Mahmud və Məryəm” ssenariləriniz əsasında çəkilən filmlər Azərbaycan kino mühitinə yeni, təravətli bahar mövsümü gətirmiş, kinomuzda silinməyən izlərə dönmüş, Sizi isə zirvələr fatehi etmiş, istedadınızın sahilsiz imkanlarının təcəssümünə çevrilmişdir… Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan “Mahmud və Məryəm” filminin dünya ekranlarına çıxması faktı isə deyərdim ki, dahi Üzeyir bəyin “Arşın mal alan”ından sonra Azərbaycan kino mədəniyyətinin müasir mərhələdəki ən böyük qələbəsidir… Sizin, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nüfuzlu şəxsiyyəti, ziyalısı kimi ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak etməyiniz Sizin bir şəxsiyyət tipi kimi miqyasınızın ölçülərindəndir… Bu planetar ölçünün başqa bir nümunəsi də, əsərlərinizin nəşr və yayılma coğrafiyasıdır! “Min gecədən biri” adlı ilk hekayələr kitabından (1965) başlayaraq Azərbaycan və dünyanın müxtəlif xalqlarının dillərində 100-ə yaxın kitabınızın nəşr olunması, əsərlərinizin ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilməsi, kitablarınızın ümumi tirajı 5 milyonu keçməsidir… Şeksprin vətənində pyeslərinizin səhnə həyatıdır… Bütün bunlar isə “Azərbaycan ədəbiyytı Biləcəridən o yana keçmir!” mifinin bir yolluq darmadağın edilməsidir!.. Vaxtilə türk fatehləri – Mete, Çingiz xan, Teymurləng, Şah İsmayıl ölkələri qılınc və ordu zoruna fəth edə-edə fateh adını qazandılar… Amma Siz, şükürlər olun ki, böyük Azərbaycan yazıçısı kimi qələminizin qüdrəti və sözün gücü ilə ölkələri fəth edə-edə Azərbaycanı tanıdırsınız! Siz ulu sərkərdə babalarımızın tarixən qılınc gücünə etdiyini XXI əsrdə qələmin və sözün gücü və qüdrətilə edirsiniz! Məntiqə görə – Atilla da fatehdir, Elçin də!! Sizi əbəs yerə “Azərbaycan ədəbiyyatının canlı klassiki” adlandırmırlar! Siz və Anar müasir ədəbiyyatımızın qoşa qanadısınız!.. Bu qoşa qanadlar olmasaydı son 50 ilin, xüsusən də, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı səmasında belə pərvaz, bizi də belə sərəfraz etməzdi!!. Bu deyim də, Sizin barənizdədir və həqiqətən də belədir: “Elçinin yaradıcılıq texnologiyası o qədər cazibədar, rəngarəng olmuş, eyni zamanda yaradıcılıq tempi o qədər artmışdır ki, hərdən adama elə gəlir ki, onun özü ədəbi mühitin içində bir ədəbi mühitdir. Bəzən onun ədəbi irsi – romanları, povestləri, pyesləri, hekayələri, ədəbi-tənqidi görüşləri, tərcümələri, ssenariləri, publisistika nümunələri bir nəfərin yox, bir ədəbi nəslin irsi kimi görünür.” (Abid Tahirli) Sizin şəxsiyətiniz və yaradıcılığınız haqqında yüzlərlə deyimlərin içində bir deyimi də xatırlatmaq istərdim: “Tam səmimiyyətimlə deyirəm ki, müasir dramaturgiyada olan boşluğu Elçin müəllim doldurur. Onun “Teleskop” əsəri çox maraqlı əsərdir.” – bu sözləri, elə belə adam demir, Elçinin bir əsərini də tamaşaya qoymayan, amma arzysunda olan tanınmış rejissor, xalq artisti, profesional səhnə ustası Mərahim Fərzəlibəyov deyir. “Arılar arasında” traqikomediyanız, “1937-ci il” adlı tragediyanız, “Sənətkarın taleyi”, “Qatil”, “Şekspir”, “Mənim sevimli dəlim” qəbildən pyesləriniz XXI əsr dramaturgiyamızın nadir nümunələrindəndir… Adətən, teatrlar rejissorların adları ilə tanınırlar, teatrın müəllifin adı ilə tanınması isə qeyri-adi bir hadisədir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun “Mənim sevimli dəlim” pyesinizin Londondakı premyerasında söylədiyi bu sözlərini də, təsadüfi saymırıq: “Onun əsərləri “Elçin teatrı” kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır.” Belə ki, yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat, “Şekspir” pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını da, xüsusən vurğulayır. Bir sözlə, müasir mərhələdə Azərbaycan xalqının ədəbi, mənəvi, mədəni intibahının nədən ibarət olduğu Sizin şəxsiyyətinizlə, planetar miqyaslı fəaliyyətinizlə, bir daha, sübuta yetirilmiş oldu… Siz millət üçün estetik sərvətə çevrilən amalları qələmə alan müqtədir sənətkarsınız! Millətin mənəvi gərəyini bədii sözlə ifadə etmək səlahiyyətinin ağırlığına Sizin çiyinləriniz Herakl gücü, Prometey dözümü ilə dözür!.. Məhz bu cəhətlərinizə görə, Sizi “Nobelçilər” sırasında görmək istəyən çox tanınmış ziyalılar da var və yəqin yaxın gələcəkdə onların bu istəyi də real olacaqdır… Həmçinin Sizin elmi-nəzəri yaradıcılığınız müasir filoloji fikrimizin güclü mənbələrindən biridir. Elçin müəllim, Siz onlarla monoqrafiyaın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifi olan görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professorsünüz. Təsadüfi deyildir ki, Sizin “kərpic-kərpic” on cildlik «Seçilmiş əsərləri»nizin dörd cüldini elmi əsərləriniz əhatə edir. Məsələn, «Tənqid və ədəbiyyatımızın problemləri», «Klassiklər və müasirlər», «Ədəbiyyatda tarix və müasirlik problemi», «Klassik aşıq poeziyasında «Dünya» obrazı», böyük mütəfəkkir Üzeyir bəyə həsr olunmuş «Bəstəkarın vətəndaş sözü» və Azərbaycanın böyük milli yazıçısı C.Cabbarlıdan bəhs edən «Şəxsiyyət və istedad», “Sosrealizm bizə nə verdi?” təkin fündamental monoqrafiyalarınız Sizin böyük alim-ziyalı amalınızın, alim-vətəndaşı yanğınızın, gərgin tədqiqatçı əməyinizin bəhrələridir… Sizə dünyanın bir çox tanınmış universitetlərinin, xüsusən də, İstanbul Kültür Universitetinin “Fəxri doktor”u adının verilməsi də, sizin virtioz tədqiqatçı bacarığınızın, geniş diapazona malik yaradıcılığınızın, həssas yazıçı fəhminizin, çevik tənqidçi təfəkkürünüzün nəticələrindəndir… Sizin yrdadıcılığınızın sahilsiz imkanları sayəsində müasir filoloji problemlərin bir qismi öz həllini tapmış, bədii yaradıcılığınızın əsasında isə onlarca namizədlik və doktorluq elmi işləri yazılmış, Azərbayca filologiyasının yüksək səviyyəli, konseptual, “…şünaslıq” qismində elmi-nəzəri xəttini meydana gətirmişdir… Siz, təkcə bu günümüzün deyil, gələcəyimizin, dünyamızın əbədiyaşar yazıçısısınız!.. Siz, müasir dünyamızın bədii söz ritmini bütün nüansları, faktları, tonallıqları ilə canlandırmağı bacaran söz ustasısınız!.. Sizin yaradıcılığınız bütövlükdə xalqımızın mili təfəkkürünün bədii kəşf səviyyəsində şəhadətnaməsidir, kamal attestatıdır!.. Sözün canı istedadlı yazıçının qələminin ucundadır. Siz, söz sahibisiniz! Siz, sözə qüdrət verən, sözü mataha mindirən, sözə sahib çıxan kişilərdənsiniz!.. Sizin əsərləriniz – hekayələriniz, povestləriniz, romanlarınız, pyesləriniz, ssenriləriniz, elmi-nəzəri monoqrafiyalarınız, mükəmməl publisistikanız, maraqlı müsahibələriniz ədəbi-estetik dəyəri, milli əhəmiyyəti, populyarlığı, uzunömürlülüyü baxımından Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət xəzinəində, çoxəsirlik ədəbi-estetik və ictimai fikir tarixində çox böyük nümunələrdir, onların müəllifi isə əsil ədəbiyyat xadimidir, mədəniyyət xadimidir, incəsənət xadimidir – ictimai xadimdir! Əgər belə demək mümkünsə, öz millətinə, xalqına başdan-başa layiq – vətəndaş xalq xadimidir!.. Bir var vətəndaşlıq mövqeyini sonradan qazanasan, bir də var nəslən, nəcabətən vətəndaş olasan! “Ot kökü üstə bitər!” – deyib atalar! Dəvətikanı yüz dərdə məlhəmdir! Niyə? Çün ki, kökü 400 metr dərinliyə gedir!.. Kökü-köməci dərinlərdə olanlara min şükür!!.. Müasir dövrdə iki böyük ziyalı, iki böyük yazıçı var ki, xalqımız uşaqlarına, övladlarına fərəhlə onların adlarını qoyurlar – Anarın və Elçinin! İndi Anarlar, Elçinlər çoxdur! Hətta Elçin adında yazarlar da çoxdur, amma xalq yazıçısı Anardan, Elçindən yoxdur!! Sizin belə bir ifadənizi xatırladım: “Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütun gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür…” Elə bu sözlərlə də, məktubumu bitirirəm: “Siz, bütün ədəbi possesi, Azərbaycanı, dünyamızı bütün şəffaflığı ilə görən ədəbiyyattımızın xan çinarısınız!.. Azərbaycanın xalq yazıçısı, ictimai xadimi, filologiya elmlər doktoru, professor, Elçin müəllimi, hamımızın Elçinini bir daha təbrik edir, ona xan çinar ömrü arzulayıram!.
Böyük hörmətlə, qələm dostunuz, tənqidçi-ədəbiyyatşünas Qurban BAYRAMOV.
Ötən əsrin əvvəllərində görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin ( yanvar 1863, Şuşa – may 1920, Gəncə) apardığı maarifçilik işini həmin əsrin ikinci yarısında görkəmli filosof Firudin Köçərli (dekabr 1920, Gədəbəy — iyun 2004 Bakı) davam etdirmişdir. Gördüyünüz kimi onların hər ikisinin adı və soyadı eynidir. Onlar həyatda qohum olmasalar da, məsləklərinə görə qohumdurlar. Firudin bəy Köçərli Şuşa şəhərində, Firudin bəy Köçərli isə Gədəbəy rayonunda anadan olub. Hər iki bölgənin təbiəti, coğrafiyası heyrətamiz dərəcədə bir-birinə bənzəyir. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova-Köçərli hələ 1950-ci ildə Şəki şəhərindən Bakıya gələrək (o, həmin dövrdə Şəkidə uşaq evinin müdiri idi) BDU-nun son kurs tələbəsi olan Firudin Köçərlinı arayıb tapmış, onunla söhbət etmiş və ayrılarkən demişdir: “Firudin bəyin ad-soyadını daşımağından şad oldum. Bu qısa tanışlıqdan gördüm ki, sən də onun kimi vətənsevər və millətsevərsən”. Vaxtilə hər ikiKöçərli haqqında yazmışam. Firudin bəy Köçərli may ayında, Firudin bəy Köçərli isə iyun ayında vəfat edib. Hər ikisinin ruhu şad olsun.
“O şəxs ki, sənətə tələbkar deyil, o hünər göstərə bilməz. Canını zəhmətə sal, hünər göstər, arzuna çat”.
(Ə.X.Dəhləvi)
Ömrünün 40 ildən artıq dövrünü ədəbi-bədii, elmi fəaliyyətə həsr edən Rafiq Yusifoğlunun 65 yaşı tamam olur. Bu illər ərzində o, məhsuldar yaradıcılıq yolu keçərək onlarla kitab, yüzlərlə məqalə çap etdirmiş, filologiya üzrə elmlər doktoru, professor elmi dərəcə və elmi adını almış, fəxri və ədəbi mükafatlara layiq görülmüş, bir sıra yaradıcılıq birliyi və elmi şuralara üzv seçilmişdir və s. Lakin mən bu yazıda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. ədəbi mükafatlarının laureatı, gözəl tərcüməçi və gözəl pedaqoq, tanınmış publisist Rafiq Yusifoğlundan yox, şair Rafiq Yusifoğlundan bəhs açmaq istəyirəm. Çünki mənim aləmimdə şair Rafiq Yusifoğlu alim, publisist, pedaqoq, tərcüməçi Rafiq Yusifoğlundan öndə dayanır. Başqa bir formada ifadə etsək, onun “ömür kitabı”ndakı şairlik səhifələri, digər fəaliyyətini əks etdirən səhifələrdən daha qalın, daha cəlbedicidir. Bu qalınlıq (söhbət kəmiyyətdən gedir) bir daha onu təsdiqləyir ki, Rafiq Yusifoğlu başqa sahələrə nisbətən poeziyaya çox vaxt ayırmış, qalın-qalın şeir kitabları çap etdirmişdir. Ancaq Rafiq Yusifoğlu poeziyası ilə tanış olduqda oxucu onun zəngin poetik irsinin həm kəmiyyət, həm də keyfiyyət göstəricisi qarşısında heyrətini gizlədə bilmir. Təbii olaraq burada bir sıra vacib məqamların təsirini danmaq mümkün deyil. Böyük Şəhriyar “şair ola bilməzsən, anan doğmasa şair” deyərkən ruhun, fitrətin, ilkinliyin, istedadın və s. sənətdə oynadığı rola diqqət çəkirdi. 16 yaşdan başlayaraq şeir yazmağa başlayan Rafiq Yusifoğlunun ilk qələm nümunələrində istedadın gücü ilə yazılan yüksək poetik ifadə tərzi müşahidə olunmasa da, bu şeirlərdə şairlik ruhunun, şairlik vergisinin əlamətləri, o cümlədən istedad işartıları aydın şəkildə müşahidə olunur. Dağ çayları ümmanda qovuşduğu kimi zaman keçdikcə onun da özü ilə bərabər doğulan şairlik ruh və istedadı poetik ucalıqda birləşə bildi. Mən Rafiq Yusifoğlu şeirlərini təhlil edərkən bu şeirlərdə sözün və sənətin məsuliyyətini dərk edən bir şair obrazı ilə üz-üzə dayandım. Maraqlıdır ki, sənətdə məsuliyyəti ilə seçilən həmin şair çox yerdə əsərlərinin baş qəhrəmanı rolunda çıxış edir. Oxucunun nəzərində şairin bu məqamı Vətənə söykənib onun dünəni, bu günü və gələcəyi barədə düşüncələrini izhar edən qəhrəmanı xatırladır. Həmin qəhrəmanın (yəni şairin) həyata baxışı, görmək istədikləri, münasibət tərzi çoxlarından fərqlənsə də, bəzi dahilərin baxışları ilə üst-üstə düşür. Vətən timsalında Qubadlı dağlarının qaya-süxur möhkəmliyini, bu torpağın su-hava saflığını, insanlarının əqidə bütövlüyünü şeirlərinə hopduran Rafiq Yusifoğlunun poetik “məni” Gülhanə parkında ceviz ağacına çevrilən böyük Nazim Hikmətin və Heydərbaba dağı timsalında Azərbaycan ruhunu ifadə edən dahi Şəhriyarın poetik “mən”ləri ilə paralelləşə bilir. Qeyd edək ki, Rafiq Yusifoğlunun şeirlərində həqiqi bir şair ömrünün səhifələrini vərəqləmək mümkündür. Onun tərcümeyi-hal xarakterli şeirlərində haqqında bəhs açdığımız şair-qəhrəman obrazının taleyi nədənsə oxucu diqqətini daha çox özünə cəlb edir. Burada biz sevgi və Tanrı ilə üz-üzə dayanan müxtəlif taleli iki şairə rast gəlirik. Sevgi ilə üz-üzə qalan “mən öz taleyimdən razıyam, gülüm, yolumun üstündə bitirib səni” – deyib taleyindən razı olan şairlə, tanrı ilə üz-üzə qalan şair arasında fərq böyükdür. Çünki Tanrı ilə üz-üzə qalan şairin yurd həsrəti (“Qərib diyar”, “Ay Allah”, “Tərəzinmi xarab olub, Pərvərdigar”, “Boz dünya ” və s.), ata-ana, qohum qardaş nisgili (“Atamın mindiyi atlar”, “Ata qəbri”, “Ana qəbrindən qopan ah”), taledən şikayəti (“Dərd qəlbimin sakinidi”, “Həsrətimdən solan çiçək”, “Diktafona deyilən şeir” və s.), dünya nizamının pozulması ilə əlaqədar Allaha ünvanlanan sualları acı taleyin poetik ifadəsinə çevrilir:
Mənim həyatım Qışdan başlayır. Bəmbəyaz, sopsoyuq qar Ömrümün ilk təməl daşına Çevrilib. Sonra o qar əriyib, əriyib, gözlərimin yaşına çevrilib… Elə ona görə də için-için ağlasam da. dəli bəbəklərimin yaşı tükənmir ki, tükənmir…
Bu parçada şair hisslərinin özünəməxsus təqdimi insan təsəvvüründə acı taleyin ümumi bir mənzərəsini yaradır. Bir anlıq oxucuda belə bir fikir formalaşır ki, sanki bu parçaların müəllifi “Gözlərim nur aşiqidi” şeir parçasında özünü “Allahın əsəri” hesab edən, eyni zamanda sevgi dənizinə baş vurub məhəbbətini qucan (“Sevgi dənizi”), “sevdalı sabahlar gözləyir bizi” deyən həmin şair deyil. Ancaq bu vəziyyətdə də Rafiq Yusifoğlu səmimi təsir bağışlayır. Çünki burada bir fərd olaraq konkret bir şəxsin – şairin ümumi talelərdən fərqli yaşantıları və tərcümeyi-halı ilə üz-üzə dayanırıq. Bu deyim həyatında sevgi ilə yanaşı, məhəbbət əzablarını da yaşayan, taleyin ona bəxş etdiyi əzabları yaradıcılığında (konkret olaraq “Necə keçdi ömrün?” şeirində) daha kəskinliyi ilə deməyi bacaran M.Şəhriyarla Rafiq Yusifoğlu arasındakı mənəvi-poetik rabitəni üzə çıxarır.
Bir uşaqlıqda xoş oldum o da yer-göy qaçaraq, Quş kimi dağlar uçub, yel kimi bağlar keçdi. Sonra birdən qatar altında qalıb, üstümdən, Deyə bilməm, nə qədər sel kimi dağlar keçdi. Ürəyimdən xəbər alsan, necə keçdi ömrüm? Göz yaşımla yazacaq: -Mənim günüm ağlar keçdi.
Şeirdə M.Şəhriyarın acı taleyinə axıtdığı göz yaşları necə görünürsə, sanki Rafiq Yusifoğlunun da “için-için ağlayan gözlərinin tükənməyən yaşları” elə görünür. Bundan başqa hər iki şairin müqəddəs sandığı, sonsuz məhəbbət bəslədiyi ata itkisi ilə bağlı şeirlərində də deyim, ifadə və yanaşma müəyyən özünəməxsusluq daxilində verilsə də buradakı oxşar ruhi-mənəvi üzüntünü duymaq çətin deyil:
Mənim atam süfrəli, duz-çörəkli kişiydi, Ər ürəkli kişiydi. O öləndə gözlərdən nə qədər yaş süzüldü. Onun varı, dövləti, Məhəbbəti, hörməti Sonsuz mirvarilər tək kipriklərə düzüldü. Arxasınca hələ də ah çəkir el sinəsi, Bir rəhmət qafiləsi, məhəbbət qafiləsi. (M.Şəhriyar) Hönkür-hönkür ağlayardıq, unutmaram o günü, Üç ildir ki, torpaq üstə qəbrin olub daş ada. Göz yaşları quruyubdur, zaman verib hökmünü, Sənin qəlbin torpaq olub, mənim qəlbim daş, ata.
(R.Yusifoğlu)
Rafiq Yusifoğlunun poetik uğurları çoxdur. Maraq doğuran odur ki, o, bir çox məqamlarda fikirlərini oxucu ilə özü arasında olan gözəgörünməz əlaqə tipində çatdırmağı bacarır. Yəni şairin demək istədiklərini oxucu ağlın dediklərindən çox ruhi-mənəvi anlamda dərk edir. Bu cür nümunələr çağdaş şeirimizin yaddaqalan və təsirli nümunələri hesab edilə bilər:
Ömür bir göz qırpımı, Ömür bir qısa andı. Məhəbbət atəşində Kərəm qovruldu, yandı Göydəki ulduz deyil. Sevənlərin ahıdı. Biri varıdı. Biri yoxudu…
Rafiq Yusifoğlu hiss və duyğularını ürəyindən keçirib poetik mənalandırmada təqdim etməyi bacaran şairdir. Görünür, nəyi düşünüb yazmaq yox, necə düşünüb yazmaq fərqliliyi də bu nüansda özünü göstərir. Buna görə də Rafiq Yusifoğlunun yaradıcılığı üçün xarakterik olan Vətən, məhəbbət, gözəllik və s. tabloların poetik təqdimatı tam fərqlidir. Bu sırada şairin yurd həsrətli şeirləri onun milli duyğu və milli təəssübkeşliyinin təzahüründə əhəmiyyətli yerlərdən birini tutur. “Qalx ayağa”, “Hara gedir bu millət”, “Qəlbimə dammışdı ki…”, “Ay Bərgüşad, ay Həkəri”, “Qubadlım”, “Qaçqın rübailəri”, “Bu ilin baharı”, “Vətən dərdi”, “Həsrət qaldığım yerlər” və s. şeirlərində Rafiq Yusifoğlunun qeyrət silahı taxmış təəsübkeş obrazı diqqətdən yayınmır. Torpaq itkisi, yurd tapdantısı ilə barışmayan, sönmüş ocaqların həsrəti ilə yanan şairin təəssüf və ağrıları bu tip şeirlərdə insanların milli duyğularını artırmış olur:
Yadıma dağların, düzlərin düşür, Kül altda uyuyan közlərin düşür. Yoluma dikilən gözlərin düşür. Qubadlım, biz sənsiz sönmüş ocağıq. Nə üzlə qoynuna qayıdacağıq?! Və ya
Həsrətdən saralıb soluram, Allah, Göylər tək boşalıb, doluram, Allah. Hər gecə evimiz yuxuna girir, Gecələr bəxtiyar oluram, Allah! Başqa misal, Həsrət qaldıq doğma yurda, Ayrı düşdük kökümüzdən. Dərd çevrilib bir ac qurda, Yeyir bizi içimizdən…
Göründüyü kimi, ağrı, acı ifadə olunan bu şeirlərin daxili qatında narahat insan ruhlarını bir araya gətirmək, yurd itkisinin ağır dərdləri fonunda düşmənə nifrət hissi oyatmaq aparıcı yer tutur. Yurd dərdi, Vətən həsrəti ifadə olunan bir qrup başqa şeirlərində isə “düşmənin əlindən bayraq salan sözləri” (M.Şəhriyar) ilə Rafiq Yusifoğlu Azərbaycançılıq ideyalarını, milli duyğuların ifadəsini, həmvətənlərimizin qələbə əzmini nümayiş etdirir. Rafiq Yusifoğlu yaradıcılığının bir cəhəti də ondan ibarətdir ki, o, toxunduğu bütün mövzulara ciddi yanaşır. Şair nə qədər səmimi və təvazökar olsa da, məhəbbət, sevgi şeirlərində də, yurd həsrətli, Vətən tərənnümlü şeirlərində də, tərcümeyi-hal, qohum-qardaş ovqatlı və s. şeirlərində də ciddi təsir bağışlayır. Bir cəhəti də qeyd edək ki, o, əksər hallarda mövzulara fəlsəfi təfəkkürlə yanaşır, şair ürəyi ilə qələmə alır. Təbii olaraq bu özünəməxsusluq daxilində şairin poeziyası yeni keyfiyyət çalarları qazanır. Bu tərz həm də şair yaradıcılığının lirik-fəlsəfi, lirik-psixoloji istiqamətinin formalaşmasına da təsirsiz qalmır:
Arabir ürək düşür dirilmək həvəsinə, Mərmər qapım döyülür, yəqin başlayır yağış. Aldanmışam deyəsən damlaların səsinə. Baş daşıma söykənib bir gözəl ağlayırmış.
Demək olar ki, mövzu məhdudiyyəti tanımayan (bəzi istisnaları nəzərə almasaq), sözləri inci kimi sapa düzməklə yanaşı, həm də iynənin gözündən keçirməyi bacaran Rafiq Yusifoğlu sənətin uca məqamında qərar tutur. Yaradıcılığında təvazökar, səmimi olan gözəl şairimiz Rafiq Yusifoğluna daha böyük sənət uğurları arzulayırıq.
Elman Quliyev filologiya elmləri doktoru, professor
ƏBƏDİYYƏT ZİRVƏSİNƏ UCALANLAR… Bu gün ATU- nun akt zalında, Politexnik Universitetin şəhid məzunu,evin yeganə oglu Zeynallı Rəşad Qiyas oğluna həsr olunmuş ” Rəşadətli ömür” filminin nümayişi keçirildi. Filmdə Rəşadın yaşadıgı həyat, gənclərə örnək ola biləcək qəhrəmanlığı barədə dəqiq məlumatlardan istifadə olunmuşdu. Filmin ərsəyə gəlməsində zəhməti olanlara – ideya müəllifi Emilya Səfərəliyevaya, quruluşçu rejissor Elmar Əli Oruca, ssenari müəllifi Çımnaz Ağakişiyevaya, quruluşçu operator Emin Rəhimova, dron operatoru Nicat Tahirliyə, rejissor assisenti Nicat Əhmədova bütün izləyicilər adından dərin minnətdarlığımızı bildirirəm. Filmə kövrəlmədən baxmaq olmadı. Yüksək peşəkarlıqla çəkilmiş filmdəki hadisələr və evə gəlməsinə 3 gün qalmış səhid olması xəbəri hamını aglatdı. Atası onunla üryinə damırmış kimi 3 gün əvvəl yanına gedəndə, Rəşad deyib ki,niyə əziyyət çəkib gəldiniz. 3 gündən sonra gələcəkdim də.Sağollaşandan sonra yenidən qayıdıb atası ilə son dəfə görüşüb. Ata həmin anları həyəcanla danışır… Filmdə onun təhsil aldığı, l Qarabağ şəhidi Paşa Nəzərov adına 60 nömrəli məktəbin müəllimləri, ali təhsil aldıgı universitetin müəllimləri Rəşad haqqında onun nümunəvi şagird, nümunəvi tələbə olduğundan fəxrlə söhbət açmışlar. Anası Hafizə xanımın, atası Qiyas kişinin kövrək hisslərlə oğlu ilə fəxr etmələrindən və onu vətənpərvər bir oğul kimi böyütmələrini iştirakçılara çatdıra bilmişlər! Film haqqında geniş danışmaqdansa ona baxmağı məsləhət görərdik. Rəşad haqqında bizim yaradıcı alim,filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova geniş məlumat verdi… Şəhidlərə həsr etdiyi “KİÇİK DÜNYANIN BÖYÜK İNSANLARI” adlı nəfis tərtibatda hazırladıgı kitabda Rəşad haqqında da ətraflı məlumat vermişdir.
Çıxış edənlər-Rəşadın anası Hafizə xanım və atası Qiyas bəy, digər şəhid valideynləri ürək sözlərini, təşəkkürlərini yaradıcı heyətə bildirdilər. Tədbirin təşkilatçılarından ATU- humanitar fənlər üzrə kafedrasının müdir müavini Həbib Mirzəyevə, həmin kafedranın müəllimi Zarina Tagıyevaya da təşəkkür edirik. Tədbirdə orta məktəb və universitetin tələbələrinin, şəhid valideynlərinin fəal iştirakı Rəşadın valideynlərinə mənəvi dəstək oldu! Biz də onlara səbr diləyərək xatirə şəkilləri çəkdirdik.