Etiket arxivi: BARƏDƏ

ZAUR USTAC – “AŞUQQA” –BİR SÖZÜN İŞIĞINDA

Zaur Ustac – şair, publisist.

 “AŞUQQA” –BİR SÖZÜN İŞIĞINDA

ON  SƏKKİZİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.

21.02.2019. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. 


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



7 APREL – MOLLA NƏSRƏDDİN

Molla Nəsrəddin jurnalı

”Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906–1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçesi Ömər Faiq Nemanzaddə. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİ – BAYAT

BAYAT ELİ = “BOYAT ELİ”

Dədə Qorqudun, Muhəmməd Füzulinin, Oruc bəyin mənsub olduğu məşhur bayat boyu Azərbaycan xalqının da etnogenezində kifayət qədər önəmli rol oynamışdır. Qədim türk məsəlində deyilir ki, oğuz elinin başında bayat və qayı boyları dayanır.
Bəs monqol bayatları haqqında nə bilirik?
2010-cu ilin statistik məlumatına əsasən, Monqolustanda 56.573 nəfər bayat yaşayır. Monqolustanın Ubsu-nuur gölündən Xyarqas-nuur gölünədək geniş ərazilərinin əsas əhalisi bayatlardır. Monqol bayatları monqol dilinə yaxın olan oyrat dilində danışırlar. Monqolustanın bayat boyunun bəzi qəbilələri:

  • xurd;
  • savar;
  • çono;
  • xasaq;
  • baarin;
  • bulqadar;
  • baranzuud;
  • qalzad;
  • noyon;
  • tsooxor (tsoxur);
  • xoşud.


Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

BU GÜN ÇİNGİZ ABDULLAYEVİN AD GÜNÜDÜR!

Çingiz Abdullayev – Azərbaycanın xalq yazıçısı.

Bu gün dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür! Ad günü münasibəti ilə Çingiz müəllimi təbrik edir, uca Yardandan uzun və sağlıqlı bir ömür, yeni – yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Çingiz müəllim!

QISA ARAYIŞ

 Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.

1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.

Çingiz Abdullayev bütün bunlardan əlavə istənilən sahədə fəaliyyət göztərən Azərbaycan gənci üçün əsl örnək ola biləcək şəxsiyyətdir. Əxz edək, tətbiq edək, öyrədək! Bir daha təbriklər, Çingiz müəllim!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – PƏNCƏLİ

Aprel şəhidi Pəncəli Teymurov.

PƏNCƏLİ

(Aprel Şəhidi Pəncəliyə İthaf edirəm)
Dünyaya gözünü açandan bəri,
Vətəni müqəddəs bir ana sandın.
Adını PƏNCƏLİ qoymuşdu atan,
Şəhidlik adını özün qazandın.
* * *
Göydə qanad açdın bir qartal kimi,
Gəldi zirvələrdən sorağın sənin.
Düşmənlə savaşa girdiyin anda,
Daim cürət olub silahın sənin.
* * *
Ərən babaların əmanəti tək,
Sən qaldın Həzinin şanlı yolunda.
Minlərlə ürəkdə heykəl ucalıb,
Sən kimi qeyrətli vətən oğluna.
* * *
Atıldın döyüşə bir pələng kimi,
Adın hünərinlə qolboyun oldu.
Pəncəli aslanım, Pəncəli oğlum,
Adın da şanın tək pəncəli yoldu.
* * *
Qəlbində əbədi Vətən sevgisi,
Çay kimi kükrəyir , bulaq tək daşır.
Bir ovuc qələbə sorağı kimi,
Şəhid Pəncəlinin ruhu danışır.
Müəllif: Sona ABBASƏLİQIZI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞƏHİD ANASI

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Раскрой свои обьятья – Заур Устадж

Прапорщик Сил специального назначения Панджали Нурмамед оглу Теймуров .

Раскрой свои обьятья

Перевод на русский язык:
Флора НАДЖИ

Раскрой свои обьятья, к тебе иду, Земля моя,
Ты знаешь ведь о том, что часто в дверь твою стучался,
И каждый раз, взяв в руки флаг, к тебе я собирался,
Теперь уже настало время, решенье принял я,
Теперь бесповоротно иду к тебе, ты жди меня.

* * *

Сколько раз я повторял, что жизнь отдам я за тебя,
И не важно, что со мной, пусть  минует тебя беда,
«Хороший командир защитит своё войско всегда»,
Капитан наш впереди, укрась его путь цветами,
Выходи нам навстречу, чтобы мы тебя обняли.

* * *

К смерти такой я готов, чтобы саваном стал мой флаг,
Я молился, чтоб сбылись мечты, не радовался враг,
Мольба моя услышана, любимая, слёз не лей,
Мать моя, ты тоже слёзы утри, меня не жалей,
Сын  землю защищает, пусть ценою жизни своей.
Автор:Устадж Заур (Zaur USTAC)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – ŞƏHİD UCALIĞI

Gizir Pəncəli Teymurov.

Şəhid ucalığı

(Şəhid Pəncəli Teymurova ithaf olunur.)

Hünəri kükrədi dağ çayı kimi,
Ruhunda tonqal tək alışdı “Cəngi”.
Üçrəngli bayrağı taxib köksünə,
Atıldı döyüşə yurdun pələngi.
* * *
Ellərin balası, torpağın oğlu,
Düşmənin önündə durdu dağ kimi.
Qeyrət dalğalandı onun qanında,
Ruhunu isidən bir bayraq kimi.
* * *
Daim uca tutdu Vətən andını,
Yurd üçün əbədi canından keçdi
Qeyrət bayrağını göyə qaldırıb,
Şəhadət camını sevinclə içdi.
* * *
Məhəbbət qoxulu arzularını,
Vətənin boynuna taxdı Şəhidim.
Düşmənin başına ölüm ələyib,
Hünərin əlini sıxdı Şəhidim.
Müəllif: Sona Abbasəliqızı

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – APREL ŞƏHİDLƏRİ HAQQINDA

Xüsusi Təyinatlı gizir Pəncəli Teymurov səmada…

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İBRAHİM RÜSTƏMLİ – TƏKLƏNMİŞ QƏHRƏMANLIQ

İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist.

TƏKLƏNMİŞ QƏHRƏMANLIQ
(Aprel şəhidlərinə ithaf olunmuş “APREL DÖYÜŞLƏRİ” yazımın ikinci hissəsi)
Mənim ölkəm informasiya silahı ilə soyuq davranmağın ən dəhşətli nəticələrini özündə əks etdirən ideal poliqondu. Reallıqdan kənar müstəvidə müharibə həqiqətlərinin bu sayaq aldadıcı manevrlərlə ciddi çaşqınlıq yaradacağını, hücum edən tərəflə müdafiə olunan tərəf arasındakı fərqi istədiyi kimi cızmaqla mükəmməl təsir vasitəsinə çevirəcəyini axı kim ağlına gətirərdi!..
Qəribədi, artıq uzun müddətdi eyni səhnədə oynanılan bu tamaşa nə süjet xəttində, nə də aparıcı obrazlarının taleyində önəmli rol oynayacaq yerdəyişmələrə məkan vermir; həm həqiqi qəhrəmanlarını bir ovuc təlxəyin ayağına gətirməklə alçaldır, təhqir edir, həm də öz elektoratını qoruyur, populyarlığını itirmir.
Hər anı ürəyimizdə ildırım kimi çaxan bu tamaşada yaddaşımıza, yaddaşımızla birgə mənəviyyatımıza təcavüz edəcək kifayət qədər ağır səhnələr yer alıb. Baxın, vaxtilə bir qoçaq ağdamlı balasının on qorxaq erməni dığasını şillə-təpiyinin altına salıb təkbaşına əzişdirdiyi yerdə indi fərqli hadisələr cərəyan edir: indi on erməni dığası illərin ağrısını on minlərlə qəhrəman ağdamlı balasının yurdunu xəritədən silməklə canından çıxarır…
Daha dayandığımız yerdə hər şeyi teleyin üstünə atmaq, Allahın ayağına yazmaq, bununla, ənənəvi güvənc mərkəzlərini, istinad nöqtələrini nüfuzdan salmaq da özünütəhqir kimi anlaşılır: Öz dərdimiz özümüzə bəsdisə, ilahidən gələn gücü bu sayaq ucuz tutmağın nə mənası!?. Onsuz da Kəlbəcərə görə bir maşın qulaq gətirmək, Şuşaya görə gicgahına güllə sıxmaq… sevdasına düşənlərin günahı bu zavallı xalqın çiynində əbədi yükdü. Mən hələ qisas məqsədilə öz dədə-babalarının görunu belə erməni tanklarının ağzına verməkdən çəkinməyənləri vəznə gətirmirəm; bu izahı mümkünsüz ifrat radikallığa, rədif tanımayan insansızlığa qafiyə tutmuram. Çünki tarixin yaddaşı bizim yaddaşımızdan itidi!..
Budur, çarpaz bucaqların diqtəsi əksər məqamlarda öldürücü xarakterilə meydan sulayır, hökmranlıq edir. O üzdən indiki məqamda özümüzü qəhrəman obrazında təqdim etmək niyyətimiz də müəyyən mənada utopiya adlı təhlükəli xəyal xəstəliyinin real nümunəsi kimi qarşılana bilər. Çünki müharibə mühafizəkar təbiətilə öz rasional qəlibində ağılın və məntiqin nişanələrindən kənarda olanlara status vermir, reallıq hissini itirənləri tanımır. Deməli, yağmalanmış bir yurdun əli silah tutan övladı üçün göstərə biləcəyi bütün qəhrəmanlıqlar ən yaxşı halda gələcək zamandan keçir.
Təəssüf, biz vaxtı qabaqlaya bilmədik. Bu, bizim ən böyük səhvimiz idi…
Yəni bütün bunları gələcək nəsillərin genetikasına ötürmək istəyim, əslində, vətəndaşlıq yanğısından qaynaqlanır. Ən böyük düşmənimiz vaxtdısa, ən böyük faciəmiz də ən böyük ideyalarımızın mifikləşdirdiyimiz ayrı-ayrı adamlara etibar edildiyi zamanlarda yaşandı. Ancaq nə qələbəmizin, nə də məğlubiyyətimizin hüdudları bu adamların məhdud auditoriyası çərçivəsində ifadə olunmadı. Bayraqdarların irili-xırdalı bütün günahları təməl prinsiplərinə görə sinəsini güllə qabağına verən bütöv bir nəslin ayağına yazıldı. Bu həm də mənim nəslimin faciəsi idi. Çünki o vaxtdan başqasının pal-paltarını, çəkməsini geyinmiş adam kimi yaşamağa məcbur olduq. Çünki biz öz ömrümüzü yaşamadıq! Üstəlik, hər dəfə məmur kabinetlərində “mən səni cəbhəyə göndərmişdim!!!” “mənə görə döyüşmüsən!!!” kimi axmaq iddialarla döyüldükcə, təhqir olunduqca, əzildikcə, dolaşıq düşmüş ümidlərimizin, ideallarımızın, mücadilə tariximizin düyünü də bərkidi!!!
O üzdən Birinci Qarabağ savaşının canlı iştirakçıları üçün səngərə gedən yolu yenidən açdığına görə şəxsən müdafiə naziri cənab Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm. Çünki bu, Azərbaycan unsanının qürurla, ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu. Və ən əsası, itirilmiş bir nəslin özünütəsdiqi üçün sonuncu şansdı…
(Bu gün adımı o veteranların siyahısında görmədiyimə görə məndən qisas aldıqlarını düşünənlər kökündən yanılırlar. Açığı, ömrügödək makakalar kimi ortalıqda meymunluq edənləri heç vaxt məhşər ayağına çəkmək fikrinə düşməmişəm. Bu makakaların süni maneələrlə aramızda çəkdikləri dekarativ Çin səddi heç bir-iki kəlməlik qısır çümləmə də tab gətirməz. Çünki bəzilərinin indi-indi ayaq açdığı səngərləri, daddığı barıt qoxusunu vaxtilə mən öz doğma oğlumla bölüşmüşəm. Həm də mənim səngərim mənim yazı masamdı, həm də mənim silahım mənim yazımdı…)
Öz içinə qısıla-qısıla kiçilən bu yaralı Vətən mənim səngərimdən daha böyük, daha qüdrətli, daha bütöv görünür həm də…
Buyurun, baxın! Mənim gördüklərimlə mənim görməli olduqlarım arasındakı fərqi sıfıra endirmək niyyətim bu gün ideoloji baxımdan qan düşmənçiliyinə qədər böyüyüb. Hətta doxsanıncı illərin əvvəllərində, birinci Qarabağ savaşının ilkin aktiv fazasında daha tez-tez üz tutduğum Ağdam elə ilk görüşümüzdəncə məni uşaqlıq xatirələrimin möcüzəli şəhəri kimi qarşılamadı.
Bir vaxtlar xidməti işlərilə bağlı tez-tez bu bölgəyə yollanan atam hər fürsət düşdükcə məni də tərkinə almaqla balaca oğlunun özündən yüz milyon dəfə böyük fantaziyası üçün ideal ünvan seçmişdi. Mənim atam uşaqların ürəyini oxumağı bacaran dahi idi. Bilirdi ki, böyüdüyü aran zonasını zəhərli ilanlarla bölüşən çarəsiz oğlundan ötrü bu yerlər unudulması mümkünsüz, sirli-sehrli bir məkana çevriləcək. Ancaq amansız illərin üstündən xətt çəkdiyi həqiqətlər mənə öz yoxluğunu çox-çox sonralar daddırdı. Nə Ağdam o uşağın tükənməz fantaziyasının vətəni statusunu qoruyub saxlaya bilmişdi, nə də mən o uşağın genetik kodunu. Aramızdakı ögeyliyə dünya sığardı: hətta ilk baxışdan özünü gözə soxan görüntülər – əynimdəki zabit mundiri, çiynimdəki leytenant ulduzu da bu ögeyliyi xarakterizə edə biləcək cəhətlərin sonuncuları sırasında boynunu büküb qalmışdı…
Mənim kimi birisinin genotipində qəflətən, ani sıçrayışla meydana gələn bu dəyişiklik xarici təsirlərin adi mutasiyası ola bilməzdi. Düzdü, atam məni yanına salıb tez-tez Qarabaga, hətta Qarabağdan da o yana aparmaqla çox böyük iş görmüşdü. Vətənimi tanımışdım. Ancaq bu tanışlıqda yurdumun qaysaqlanmayan yaralarını xatırladacaq heç ölüvay bir nişanə də yox idi. Xankəndində, Ağdamda, Basarkeçərdə, Cermukda, Göyçə gölündə… ermənilərlə birgə qurulan duz-çörək məclisləri bir qayda olaraq atamı İbadcan, qarşı tərəfi isə “axbercan” kimi yaddaşıma ötürürdü…
Mən öz valideynimin peşəkar ideoloq olmadığını gözəl bilirdim. Ancaq o da erməni xəyanətini özündə əks etdirən faciələrimiz haqqında nəsə bilməmiş deyildi. Di gəl, nədənsə atam bu xatirələrə iş-işdən keçəndən çox-çox sonra, Göyçədə, Zəngəzurda, Qarabağda… faciələrimiz yaşananda qapı açdı. Ancaq gec idi, çox gec!!!
Elə buna görə də onun oğlu birinci Qarabağ savaşının ilkin aktiv fazasında Ağdama hər şeydən əvvəl öz uşaqlıq xatirələrinin vətəni kimi, öz uşaqlıq xatirələrinin arxasınca yollanmışdı. Onu bu romantik görkəmdə kimə desən oxşatmaq olardı: məcara axtarışına çıxmış səyyaha da, bir əlində çiçək, bir əlində qələm tutmuş şairə də. Nə əynindəki zabit mundiri, nə də çiynindəki leytenant ulduzu o gənci uğrunda döyüşməli olduğu idealların müsəlləh əsgərinə çevirə bilməmişdi.
O günlərdə Ağdam Vəngi, Xankəndini… öz qəhrəman oğullarının qapazaltısına çevirməklə, bizi gələcəyin lənətindən qorumaqdan ötrü əlindən gələn hər şeyi etdi! Sinəsini güllə qabağına verdi! Aramızdakı uçurumu yaralı köksündən qaynayan laxta-laxta qanla doldurdu!!! Bizdən əvvəl necə idisə, bizdən sonra da elə qaldı, balalarının gözü qarşısında bütün əzablara sinə gərdi, ağrılarını yıxdı, amma özü yıxılmadı. O torpaqda Ağdam boyda ümid, Ağdam boyda inam, Ağdam boyda qəhrəmanlıq qaldı. Ayaq üstə… Çünki atalarımız informasiya məkanımızı bugünümüzün mücadiləsinə dəxli olmayan ötəri məişət söhbətlərilə doldurmaqla bizi cəbhəyə yalın əllə göndərmişdi. Biz silahsız döyüşürdük çünki. Bu, dövlətçilik tarixinin ən qatı cinayəti, insanlıq tarixinin ən böyük faciəsi, müharibə tarixinin ən şanlı səhifəsi idi…
Müəllif: İbrahim RÜSTƏMLİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru