“Atamla düşmən tərəfindən dağıdılmış, sökülmüş, viran qoyulmuş evimizə yaxınlaşdıq. Bu evimizlə, doğma kəndimizlə son dəfə vidalaşdığımız gün idi. Gördüyüm mənzərə heç vaxt gözümün qarşısından getməyəcək. Həyətə səpələnən kitabları görəndə dəhşətə gəldim. Evimizdə iki kitabxana var idi. Xalamın kitabları da bizim evdə idi. Yağı düşmən sanki bu evdə cəza verməyə insan tapmadığından bütün qəzəbini kitabların üstünə tökmüşdü. Bir anlıq qaçıb kitabları yerbəyer etmək, hamısını birdən qucaqlayıb götürmək istədim. Anacaq heç birini etmədim. Əyilib cəmi iki kitab götürə bildim…”– bu sözləri göz yaşlarını zorla saxlayaraq deyən insanın hansı hislər keçirdiyini təsəvvür edəndə qaçqınlıq, köçkünlük həyatını yaşayanların nə qədər güclü olduqları haqda bir daha düşündüm.
Gör nə qədər güclü olasan ki, evsiz, eşiksiz qalıb nəinki əzilməyəsən, sınmayasan, hətta ayağa qalxıb ömrünü, gününü Qarabağda zəfər çalana qədər sözünlə, yazdığın əsərlərlə, gördüyün işlərlə düşmənlə mübarizə aparasan! Bir zaman döyüşcü olaraq doğma kəndin uğrunda vuruşduğun kimi hər saat, hər an dilindən Qarabağ kəlməsi düşməyə. Məhz belə yaşadı o. Evdə, çöldə, tədbirlərdə , harda olsa qələbəyə ümidini itirmədən uzun illər həsrətdən danışdı bu adam.
Hamımızın yaxşı tanıdığı, Azərbaycanın hər qarışını, doğma Qarabağı canından artıq sevən və övladlarına sevdirən qazi şair, yazıçı və xeyirxah insan, əslən Ağdamın Yusifcanlı kəndindən olanZaur Ustacdan gedir söhbət.
Zaur Ustacın heç kimdən heç nə ummadan, Azərbaycan xalqının dəyərlərinə yüksək qiymət verərək, böyük-kiçik yerini bilərək Azərbaycana etmək istədikləri həddindən artıq çoxdur. Hər dəfə onun FB səhifəsini açanda yeni bir fikir, yeni bir layihə ilə rastlaşırıq. Hərdən mənə elə gəlir ki, bu insan gecə-gündüz dayanmadan çalışır. Bu yaxınlarda səhifəsində dostunun onunla yazışmasına rast gəldim.
–Sənin işlərin nə vaxt bitəcək?– dostu soruşur
– Heç vaxt. Sadəcə bir gün yarımçıq qalacaq...- deyə cavab verir Zaur Ustac.
Yaşının, həyatının çiçəkləndiyi bir vaxtda bu insan həyatının bitməsindən çox işlərinin yarımçıq qala biləcəyindən narahatdır.
Bu gün bu maraqlı, bəzən qeyri-adiliyi ilə fərqlənən insanın doğum günüdür. Adətən belə gündə dostlara, yaxınlara, qohumlara böyük bir fürsət verilir ki, onlar ürəyində olan xoş sözləri, arzu və diləkləri doğum günü olana desinlər. Mən də bu fürsətdən istifadə edib Zaur Ustacı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıçılıq uğurları arzu edirəm.
Təqvimin bu günü Hikmət Məlikzadənin mövludu günü ilə rövnəqlənmişdir. Səmimi və gözəl insan, dəyərli qələm adamı, çox hörmətli silahdaşımız Hikmət müəllimi yazarlar cameəsi adından səmimi qəlbdən təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
QISA ARAYIŞ
Hikmət MƏLİKZADƏ (Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur.Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.“Ziyadar” Mükafatı laureatıdır. “Yeni Təfəkkür” qəzetinin əməkdaşıdır.
Cənub bölgəsi Azərbaycanda bəlkə də yeganə ərazidir ki, əhalisi ermənilərin burada məskunlaşmasına heç vaxt imkan verməyib. Mərkəzdən tək-tük erməni məmur göndərilsə də, yerli camaat onları gözümçıxdıya salıb, bölgədən uzaqlaşdırıblar. Yəni erməni burada tab gətirə bilməyib, gəldiyi kimi də geriyə qayıdıb. Odur ki, bu bölgədə dayısı erməni olan kimisəni tapmaq, necə deyərlər, zülmət qaranlıq otaqda qara pişiyi tapmaq kimi çətindir…
Bəli, bu bölgə həm də qəhrəmanlar diyarıdır. Qarabağ savaşında xeyli şəhid verib. Təkcə Yardımlı rayonundan beş milli qəhrəman və bir vətən müharibəsi qəhrəmanı yetişib. Yüzlərlə qazisi var. Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar da o cümlədən…
162 kənddən və bir şəhərdən ibarət olan dağlar diyarı Lerik rayonu cənub bölgəsinin ən gözəl guşələrindən biridir. Lerik uzun illər bölgənin digər rayonları kimi, gözdən-könüldən uzaq düşsə də, etiraf etmək lazımdır ki, son illər xeyli inkişaf edib, daha da gözəlləşib…
Bu gün sizə dağlar qoynunda böyüyüb boya-başa çatan, hazırda milli məclisdə lerikliləri təmsil edən İqbal Məmmədov haqqında söhbət açmaq istəyirəm. Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə rayonun Rəzgov kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra paytaxta yol tutub. Bakıda Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olunub. Ali təhsilini bitirərək neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. “Neft daşları”, “Nəriman Nərimanov” və “Qum adası” neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini vəzifəsinədək yüksələ bilib. Sonra “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilib və az sonra baş direktor vəzifəsinə irəli çəkilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
2005-ci ildə sahibkarlıq fəaliyyəti ilə ölkə iqtisadiyyatına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilib. Artıq üçüncü çağırışdır ki, 78 saylı Lerik seçki dairəsindən millət vəkilidir…
Deyir ki,- “Keçmişini unudan insan qarşıdakı hədəfləri heç zaman dəf edə bilməz. Bəli, mən Azərbaycanın ən ucqar rayonlarından birində – Lerikdə anadan olmuşam. Məktəbi orada bitirmişəm. Sonra ali təhsilimi Bakıda almışam. Tələbə vaxtlarımda maddi imkanımız o qədər də yaxşı deyildi. Məcbur qalıb gecələr işləməli oldum. Əmək fəaliyyətim də o vaxtdan başlayır. Gecələr çörək dükanında gözətçi kimi çalışırdım. Çörək zavodundan gələn çörəkləri boşaldırdıq. İnstitutu oxuyarkən kirayədə qalmağa imkan olmadığı üçün Binədə xalamgildə qalırdım. Orada istixanalar var idi. Məhsullar yetişdirilirdi, amma onların satışına qadağalar qoyulmuşdu. Məhdudiyyətlərə baxmayaraq, yetişdirilən güllərdən götürüb satırdım. Bacımgil Xarkovda yaşayırdı. Bir dəfə anamı da götürüb Xarkova getdim. Özümüzlə bir çamadan gül də apardıq. Gülün birini 30 qəpikdən almışdım, amma yerindəcə 80 qəpikdən məndən aldılar. Çox sevindim, gördüm ki, alveri bacarıram. İkinci dəfə iki qutu gül apardım. Tələbə olduğum üçün altıncı günlər gedirdim, səhərisi də qayıdırdım. Bu minvalla bir müddət bu biznesi davam etdirdim. İnstitutu bitirəndən sonra Neft Daşlarına təyinat aldım. Ayın 15 gününü işləyirdim, digər 15 günü isə bekar olurdum. Sonra SSRİ dağıldı, insanlar kommersiya ilə məşğul olmağa başladılar. Kiçik kooperativlər yaradıldı, mən dövlət işində işləyə-işləyə qardaşımın yaratdığı kommersiya şirkətində də çalışırdım. Qardaşımla əl-ələ verib biznesimizi böyütməyə başladıq. 1995-ci ildə dövlət işindən çıxdım. O vaxt neft müqavilələri bağlananda düşündük ki, neftin ən qorxduğu şey yanğındır. Azərbaycanda da yanğınsöndürən avadanlıqlar yox idi. İlk istehsalımız yanğınsöndürmə avadanlıqları oldu. Türkiyədən özümüzə həmkar tapdıq. Onlar bizə borc kimi bir maşın yanğınsöndürən avadanlıq göndərdilər. Biz də onları satdıq, bundan sonra türklərin etimadını qazandıq. Mən onlara sübut edə bildim ki, burada da müəssisə yaratmaq olar. Beləliklə, Türkiyə-Azərbaycan müştərək müəssisəsini yaratdıq- “Kaspi Yıldız” adlı şirkəti. Oradan 120 insan ailəsinə ruzi aparır. Təsisçilərdən biri olsam da, 2010-cu ildə deputat seçildikdən sonra, şirkəti bütövlükdə qardaşıma vermişəm. Hazırda bizneslə məşğul olmuram…”
Sovetlər dönəmində cənub bölgəsində dotassiya ilə yaşayan rayonlardan biri də Lerik olub. Sovxozlar dağılandan sonra burada da əhalinin güzəranı xeyli pisləşib. Relyefinin çətinliyi adamların əkinçiliklə, eləcə də maldarlıqla məşğul olmasına mane olur. Daha doğrusu, əhalinin sayı artdığından əkin sahələri, otlaq yerləri ciddi şəkildə azalıb. Dünənə kimi ümid yeri, dövlətin verdiyi müxtəlif sosial müavinətlər, təqaüdlər idisə, bu gün bu sahəyə yeni təyin olunan rəhbərin gəlişindən sonra, əhali bu yardımlardan da əlini üzüb. İnsanlar bir kisə una, qəndə, çaya və s. ərzaqlara möhtac qalıblar…
“Bu gün ölkədə mənlə əlaqəli olmayan məsələləri də, mənim adıma bağlayırlar. Haqqımda əsassız yazılar yazılır. Yazılanların isə heç biri leriklilərin yazısı, ya da onlardan gələn şikayətlər deyil. Keçən dəfə Lerikdə xəstə bir adamın adından mənim haqda yazıblar. Heç belə şeydən incimirəm də! Əminliklə deyirəm ki, seçicilərimlə çox yüksək səviyyədə əlaqəsi olan deputatlardan biri də mənəm. 2010-cu ildə deputat seçiləndə qeyd etdim ki, Lerikdə işıq da, su da, qaz da olacaq. Bununla yanaşı bildirdim ki, rayonda təhsilin səviyyəsi sıfırdır. Dərhal Məleykə Abbaszadəyə məktub yazdım. O zaman Lerikdə ali məktəbə ən yüksək qəbul balı 400 baldan yuxarı qalxmırdı. 2010-cu ildə icra başçısı ilə tədbir təşkil edib 510 bal toplayan bir oğlana müxtəlif qiymətli hədiyyələr, məzunu olduğu məktəbə isə kompüterlər verdik. Rusiyada, Bakıda olan iş adamları ilə görüşlər keçirib, onların hamısından xahiş etmişdim ki, Lerikdən 700 bal toplayan abituriyentə maşın hədiyyə edək. Bu gün də o sözümün üstündəyəm ki, rayon məktəblərinin hər hansı birindən kimsə 700 bal toplayarsa, ona xarici maşın hədiyyə edəcəyik…”- söyləyir.
Çox sadə və təvazökar adamdır. Heç zaman özünü təkəbbürlü aparmır. Seçicilərin arasında olmağa, onların ehtiyaclarını ödəməyə çalışır. Təmkin, səbir onun ən gözəl xüsusiyyətlərindəndir. Ümumiyyətlə, ucqar rayonlarda insanların əksəriyyəti deputata sehirli bir qüvvə kimi baxırlar. Düşünürlər ki, millət vəkili bütün problemləri həll edə bilər, o, hər şeyə qadirdir. Kimisi xəstəsinə dərman pulu istəyir, kimisi maddi yardım, kimisi iş, kimisi təhsil üçün ödəniş, kimisi də… Fəqət, az adam dərk edir ki, deputat on minlərlə seçicisinin problemlərini həll edə bilməz. Buna nə vaxtı çatar, nə də vəsaiti. Millət vəkili sosial probləmlərlə məşğul olmaq üçün deyil, seçicilərini qanunverici orqanda təmsil etməyə görə seçilir…
Bəli, yanvarın 6-da bütün ömrünü halallıqla yaşayan bir kişinin, qabarlı əllərinin nəvazişi altında böyüyüb, ərsəyə çatan İqbal Məmmədovun 58 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram. Çox yaşasın!
Qələmə aldığı hər bir yazıda fikirlərini elə məntiqlə izah edir ki, bu dəsti-xəttin arxasında gizlənən səmimiyyəti, tükənməz eşqi, böyük ürəyi bəsirət gözləri ilə çox rahat görmək olur. Hiss olunur ki, halal adamdır- qərəzdən, paxıllıqdan, məkrdən xeyli uzaqdır…
Deyir ki,- “Son zamanlar şeirin, nəsrin, publisistikanın vəziyyəti necədirsə, ədəbi tənqidin vəziyyəti də elədir: ədəbi tənqid bədii sözdən nə bir addım daldadır, nə bir addım öndə. Əlbəttə, ədəbiyyatımızın ümumi səviyyəsinin daha yüksək, ictimai fikrə daha ciddi təsir göstərmək gücündə olmasını arzu edərdim. O ki qaldı “ədəbi tənqidin aktuallığını itirməsi” təsəvvürünün yaranmasına, məncə, bu, tənqidə uzun müddət bəslənilmiş münasibətdən qaynaqlanır. Ədəbi tənqidə tənzimləyici qüvvə kimi yanaşırıq: bizdə belə bir fikir formalaşıb ki, ədəbiyyatda nə çatmırsa, buna tənqid cavabdehdir. Mən belə hesab edirəm ki, tənqid adlandırdığımız sahənin çatışmazlıqları olduğu kimi, uğurları da var. Məsələn, İradə Musayeva aktual tənqidin maraqlı nümunələrini yaradır, ədəbiyyatımızın yeni hadisələrini təhlil edərək ictimaiyyətə təqdim etməklə yanaşı, çatışmazlıqlara qarşı da prinsipial mövqe nümayiş etdirir. Rüstəm Kamalın ədəbi fikrimiz üçün yeni hadisə olan esseləri həm filoloji, həm də bədii fikirdə ciddi əks-səda yaradır. Cavanşir Yusifli dünya estetik fikri ilə Azərbaycan bədii düşüncəsi arasında filoloji baxımdan maraq doğuran paralellər qurur. Elnarə Akimovanın, Nərgiz Cabbarlının, Ülvi Babasoyun yazıları maraqla oxunur. Bunlar az deyil ki…”
Azərbaycan jurnalistikasında özündən öncəki fenomenlərin yolunu ləyaqətlə davam etdirən və bu sahəyə bu gün liderlik edən, professor Qulu Məhərrəmli onun adı çəkiləndə həm bir insan və həm də bir qələm adamı kimi, barəsində elə xoş sözlər söyləyir ki, istər-istəməz şəxsiyyətinə məftun olursan. Sevinirsən ki, xalqımızın arasında belə gözəl aydınlarımız var…
Bəli, bu gün sizə 1958-ci ildə Qazax rayonunun Sadıqlı kəndində, zəhmətkeş bir kişinin süfrəsində halal ruzi ilə böyüyüb boya-başa çatan Məti Osmanoğlu haqqında danışmaq istəyirəm. O, 1975-ci ildə orta təhsilini doğulduğu Sadıqlı kənd orta məktəbində başa vurandan sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Universiteti bitirəndən sonra bir müddət Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalının redaksiyasında işləməyə başlayıb. Sonra 1987-ci ildə yeni təsis edilmiş “Gənclik”-“Molodost” jurnalının ilk əməkdaşlarından biri olub. 1989-cu ldə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin “Demokratik Azərbaycan” fraksiyasının “Müxalifət” qəzetində çalışıb və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə “Uşaq, gənclər və maarifçilik” studiyasının baş direktoru vəzifəsinə dəvət olunub. AzTv-də işlədiyi dövrdə Fransa Dövlət Televiziyasında ixtisasartırma təcrübəsi keçib.
1996-cı ildə “Nəbatinin lirikası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb və Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirir. Hazırda həmin kafedranın dosentidir. Eyni zamanda “Yol qəzeti”nin baş redktorudur…
“Böyük ədəbiyyatın başlıca missiyası insanların zövqünü və düşüncəsini təzələmək, belə demək mümkündürsə, insanların zövq və düşüncəsini “öz tərəfinə çəkmək” uğrunda mübarizə aparmaqdır. Ona görə də cəmiyyətlə ədəbiyyat arasında daimi bir müxaliflik var. Cəmiyyət ədəbiyyatda öz istədiyini, zövqünün vərdiş elədiklərini görmək, ədəbiyyat isə cəmiyyəti vərdişdən, ətalətdən azad etmək istəyir. Görünür, ədəbiyyatın cəmiyyətdə həmişə birmənalı qarşılanmamasının başlıca səbəbi də budur. Söz adamının əsas özəlliyi isə ondadır ki, bütün çətinliklərə sinə gərib, əzəli mübarizəsini davam etdirir, oxucunun üstünə gedir. Həsən bəy Zərdabinin dedikləri burada lap yerinə düşür: “Hər kəsi çağırıram – gəlmir; göstərirəm- görmür; deyirəm-qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdə heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdə o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz”. Cəlil Məmmədquluzadə isə bu fikri ironiya ilə belə tamamlayırdı: “Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi də var. Həmin tərəfdən yanaşdıqda cəmiyyətin yeni əsərlərini səbirsizliklə gözlədiyi söz adamları da var. Məsələn, yaxın keçmişimizdə Səməd Vurğunun hər bir əsəri maraqla qarşılanar, dildə-ağızda gəzərdi. Məmməd Arazın, Hüseyn Arifin şeirləri ən elitar salonlarda da, ucqar bir kənddəki aşıq məclislərində də eyni sevgi və hərarətlə alqışlanardı…”- söyləyir.
Tanınmış ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnara Akimova onun haqqında ağız dolusu danışaraq, xüsusi qeyd edir ki,- “Məti Osmanoğlu araşdırmaçı kimi ciddi alimdir. O, elmi-nəzəri inkişafın hər mərhələsində milli ədəbi keçmişi nəzərdən keçirməyi vacib hesab edir. Ədəbiyyat tariximizin, onun müxtəlif dövrləri və məsələlərinin ciddi elmi əsaslarla öyrənilməsi alimin araşdırmalarının nəzəri, xronoloji hüdudlarını şərtləndirir. İctimai-ədəbi fikrimizin müəyyən inkişaf prosesindəki yerini və rolunu müəyyənləşdirən bu yazılarla Məti Osmanoğlu fərqli bir yol qət edir. Bu məqalələrdə sağlam nəzəri baxış, irsə məhəbbət və bələdlik var, ədəbi hadisələrə həssas və incə yanaşma hakimdir. Ədəbi-fəlsəfi fikri, milli-mənəvi , vətəndaşlıq tarixini təmsil edən əksər imzalar kitabdakı məqalələrdən keçir. Milli ədəbi-bədii fikrin tarixi inkişafına xas ümumi qanunauyğunluqlar Məti Osmanoğlunun nəzəri yanaşmasında şərhini daha da dərinləşdirir. Alimin “Aldanmış kəvakibdə ironiya”, “Əvvəlinci qəzetimiz”, “Əkinçi”də şeir davası”, “Faciə əsrimizin müqəddiməsi”, “Əhməd Həmdi bəy və Mirzə Feyzulla” və s. bu kimi yazıları bir çox nəzəri problemlərin öyrənilməsi istiqamətində müəyyən mərhələyə metodoloji yekunlar vuran və yeni mərhələ üçün nəzəri prespektiv açan məqalələr kimi dəyərlidir”.
Ümumiyyətlə, onun xidmətlərinə müxtəlif bucaqlardan boylananda altı əsas amil xüsusi nəzərə çarpır:
1) Elmi və publisistik yaradıcılığa tələbəlik illərində başlayıb. “Cəfər Cabbarlının ədəbi-nəzəri görüşləri” adlandırdığı ilk məqaləsini universitet qəzetində nəşr etdirib. 1978-ci ildən Azərbaycan Dövlət Radiosunun uşaqlar üçün proqramlar hazırlayan redaksiyası ilə əməkdaşlıq edib. Balakən rayonunda müəllim işləyərkən, bu redaksiyanın ştatdankənar müxbiri kimi fəaliyyətini davam etdirib. 1983-cü ildən “Ulduz” jurnalında ədəbi-tənqidi məqalələrlə çıxış etməyə başlayıb, jurnalın tənqid şöbəsinin fəaliyyətinin yeniləşməsində böyük xidmətləri olub. O vaxt həmin jurnalda təşkil etdiyi “dəyirmi masa”dakı müzakirə və dialoqlar ciddi ictimai rezonans doğurub və həmin yazıların əksəriyyəti müasir elektron mediada yenidən nəşr olunub.
2) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışarkən bir sıra əsərləri dilimizə tərcümə edib. Tarixi sənəd olan “Teymur tüzükləri” nin (“Əmir Teymurun vəsiyyətləri” adı ilə) özbəkcədən tərcümə edərək nəşr etdirdiyi ilk kitabı olub. Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Qazaxıstanda yaşayan rus yazıçısı Moris Simaşkonun “Sultan Bəybars” povestləri oxucular tərəfindən rəğbətlə qarşılanıb və bu əsərlər bədii tərcümə sənətinin layiqli nümunələri hesab olunur. Onun tərcüməsində “Çingiz xanın ağ buludu” İranda, “Teymur tüzükləri” isə İranda nəşr edilib.
3) AzTv-də çalışdığı dövrdə isə bir sıra layihələr həyata keçirib, o vaxt çox populyar olan “Dövrə” proqramının müəllifi və aparıcısı olub. Bu, Azərbaycan televiziyasında ilk “tok-şou” proqramı idi.
4) “BP” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışarkən “Pablik rileyşnz” (“İctimaiyyətlə əlaqələr”) adlı kitabın tərtibçilərindən biri olub. Bu, PR sahəsində ölkəmizdə nəşr edilmiş ilk kitabdır.
5) Onun ədəbiyyatşünaslığa dair yüzdən çox elmi və elmi-publisistik məqaləsi nəşr edilib. “Azərbaycan realist poeziyasının təkamülü” adlı kitabı bu mövzuda apardığı axtarışların başlanğıcı kimi maraq doğurur. Hazırda XIX əsr Azərbaycan poeziyasının təkamülü” mövzusunda təqdiqat aparır.
6) Və əlbəttə ki, pedaqoji fəaliyyəti…
Yanvarın 5-də Məti Osmanoğlunun 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Allahdan möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirəm.
Yanvar ayının 3-ü, “Beynəlxalq dərəcəli” jurnalist, ictimai xadim, şair dostum Elman Eldaroğlunun 57 yaşı tamam oldu. 3 yanvar həm də mənim həyatıma qızıl hərflərlə yazılan tarixi bir gündür. Axı Allah-Təala mənə həmin gün ata olmağı qismət etmiş və oğlum Cəfər dünyaya gəlmişdir. Əzizlərim Elman Eldaroğlu və Cəfər başda olmaqla yanvarın 3-də dünyaya gələn bütün soydaşlarımızı təbrik edirəm. Hər birinizə cansağlığı, sağlam uzun ömür arzulayıram! Elman Eldaroğlu ilə yeddi il bundan əvvəl ABŞ-ın İndiana ştatında tanış olmuşam. Həmin illərdə o, həyat yoldaşı, əslən Xızıdan olan Vəfa xanımıla ABŞ-da çalışırdılar. O, dünya azərbaycanlıları haqqında bir-birindən maraqlı silsilə məqalələr hazırlayırdı. Qəhrəmanları təkcə Azərbaycan türkləri deyil, həm də Azərbaycanı özünə vətən seçən müxtəlif millətlərin nümayəndələridir. Elman Eldaroğlu seçim zamanı qürbətdə yaşayan Azərbaycanı sevənlərə üstünlük verir. Bu baxımdan onun dünyanın istənilən ölkəsində dostu və evi vardır. Bundan da böyük zənginlik olarmı? Özündən başqa hər kəsin problemi ilə maraqlanır və imkanı səviyyəsində onlara kömək etməyə çalışır. Daim insanlara yardım etməyə çalışan Yardımlıdan olan yardımçı dostuma yarızarafat-yarıgerçək “Beynəlxalq dərəcəli jurnalist” ayamasını da vermişəm. Deyir ki, “məqalə yazmaq işi ilə məktəbli ikən, 10 yaşında başlamışam. İlk yazım Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə ünvanladığım məktub olub. Sumqayıtda kirayə evdə yaşayırdıq. Hər ayın sonunda kirayə pulunu almaq üçün ev sahibi bizə gələrdi. Rəhmətliklər atam Eldar və anam Elmira xanım da pulu əvvəlcədən hazırlayardılar. Əvvəllər elə bilirdim ki, hər kəsin, həmyaşıdlarımın həyat tərzi belədir. Biləndə ki, oxuduğum sinifdə təkcə biz kirayədə yaşayırıq, qərara gəldim ki, respublika rəhbərinə bu mövzuda məktub yazım. Qələm, kağız götürüb yazıya başladım. Azərbaycanın rəhbərini salamladıqdan sonra uşaq təxəyyülü ilə, sadə cümlələrlə evimizin olmadığını, kiraəyədə qaldığımızı və bizim ailəyə mənzil verməyini xahiş etdim. Təxminən 10 gündən sonra Sumqayıt şəhər sovetinin nümayəndəsi bizə gəldi və təzə mənzillə təmin olunduğumuzu bildirdi. Beləcə, ilk “jurnalist” fəaliyyətim uğurlu oldu və öz bəhrəsini verdi. İndi də həmin evdə yaşayıram, hər dəfə mənzilə daxil olanda ümummilli lider Heydər Əliyev cənablarının ruhuna dualar oxuyuram”. Elman Eldaroğlu 52 yaşının son gecəsində, facebook səhifəsində belə bir təsirli yazı paylaşmışdı: “Bilirəm, gecə saat 12-də pəncərənin nəfəsliyindən özünə yol tapıb çıxıb gedəcəksən. Səni heç zaman geri qaytara bilməyəcəm. Mənə qoyub getdiyin xatirələr qalacaq. Acılı-şirinli xatirələr… Yaş üstünə yaş gəldikcə bir şeyi anlayıram, günbəgün vəfat etmiş doğmalarıma tərəf gedirəm. Onlar məni orada qınamasınlar deyə, çox işlər görməyə tələsirəm. Ruhlarına rəhmət oxutdurmaq, ruhlarını şad etdirməkdən ötrü… Məni orada qarşılayacaq atamın önündə başıaşağı olmaqdan çox qorxuram… Mənim 52 yaşım, gedişinə heyfsilənsəm də, amma həm də sevinirəm ki, ömür davam edir. Davam edirsə, deməli, şans da var. Çox işlər görmək, çox insanları sevindirmək şansı… Əlvida 52, xoş gəldin 53!”. Elman Eldaroğlu, bəli, həyat davam edir, arzulayıram ki, hər yaşının üstünə yeni yaş gəlsin və bir gün “Əlvida 99, xoş gəldin 100!” yazasınız.
Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin doğum günüdür.
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Şən, gülərüz, mehriban adamdır. Dərin ağlı, parlaq təfəkkürü, uzaqgörənliyi onu heç vaxt yanıltmayıb. Gözəl yaddaşı var, diqqətindən heç nə yayınmır. Gözlənilməz hadisələr onu təəccübləndirmir, təsadüfün zəruriyyətdən yarandığını yaxşı bilir. Zahirən ciddi və sərt görünsə də, əslində mərhəmətlidir, necə deyərlər, ipək kimi qəlbi var. Hadisələrin mahiyyətini məntiqlə şərh edir və qəbul etdiyi qərarları vaxtından əvvəl açıqlamır. Ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidir. Dost seçimində tələsmir, real keyfiyyətlərə əsaslanır…
Azərbaycan respublikası dünya xəritəsində noxud boyda görünür, fəqət bu balaca ölkə dünya üçün böyük strateji əhəmiyyət daşıyır. Nəhəng ölkələr zaman-zaman bu ölkəni öz müstəmləkəsinə çevirməyə çalışıblar. Nail olanları da olub, olmayanları da…
Nadir şah Əfşardan üzü bəri Azərbaycan qələbə sevincinə həsrət qalmışdı. Şimal, cənub, qərb və şərqdən zaman-zaman işğal olunduqca, ərazisi kiçilib balaca bir ölkəyə çevrilmişdi. Dərbənd, Borçalı, Təbriz, İrəvan bir vaxtlar ona məxsus olsa da, bu gün başqa-başqa ölkələrin ərazisi sayılır…
Qarabağ yaxın keçmişimizin dərdi idi, Azərbaycana məxsus olsa da ermənilər orada öz bildikləri kimi hərəkət edir, “Arsax” adlı qondarma respublika qurmuşdular. Uzun illər Ermənistanı dünyaya təcavüzkar ölkə kimi tanıtdırmağa çalışsaq da, bunu bacara bilmirdik. Xeyli müddət idi ki, içimizdə məğubiyyətin ağrı-acısını yaşayırdıq. Bir ovuc erməniyə məğlub olduğumuz üçün dost ölkələr bizi qınayırdılar. Bəli, məhz onun rəhbərliyi altında Qarabağın böyük bir hissəsi işğaldan azad olundu və müstəqil Azərbaycan Respublikasının ərazisi qismən də olsa geri qaytarıldı…
Səbrli insandır, qərar verməkdə tələsmir. Qərar verdisə təzyiqlərə məhəl qoymadan həyata keçirir və məqsədinə doğru irəliləyir. Gücünə, intelektinə yaxşı bələddir. Şəxsiyyətini sevdirməyi, ürəkləri fəth etməyi bacarır. Bəli, lider olmaq onun alın yazısıdır. Strategiyası xalqını xoşbəxt, ölkəsini firəvan görməkdir…
Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi: – “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm…”
O, Ulu Öndərin bütün ümidlərini doğrulda bildi. Həm ölkəmizi abadlaşdırdı və həm də ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə qatıldı, Azərbaycanın tarixində böyük siyasətçi, sarsılmaz lider, məğlubedilməz sərkərdə kimi yer aldı…
Zaman keçəcək, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək. Heç şübhəsiz ki, onu- işğal olunan torpaqları azad edən xalqının xilaskarı, düşmən üzərində ZƏFƏR çalan rəhbərlərdən biri kimi həmişə sevəcəklər. Bu elə bir ZƏFƏRDİR ki, Azərbaycan xalqı iki yüz ildən çox həsrətini çəkib. Döyüşüb, amma heç zaman nail ola bilməyib…
Əhalinin sosial problemlərinə gəldikdə isə, necə deyərlər, nə qədər ki, insan var, dünyanın sonunadək sosial problemlər olacaq və bu istiqamətdə də çox işlər görülüb, görüləcək də. O ki qaldı vicdan və ya siyasi məhbuslara, bu səhnəni yaradan, öz maraqları üzərindən adamları şərləyən məmurlar sıradan çıxdıqca, bu anlam da tezliklə ortadan götürüləcək…
Dekabrın 24-ü ölkəmizin rəhbəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti ad günüdür, 61 yaşı tamam olur. Sıradan bir azərbaycanlı kimi, Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Yeni yaşınız mübarək, cənab PREZİDENT!
İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz Heydər Əliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyə böyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyən və millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəm prezidentimiz İlham Əliyevi görürük! Hakimiyyətdə olduğu illərdə o, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb, iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb, ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib. İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artmışdır və artmaqda davam edir. Dövlətlərin Azərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkə rəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələr imzalayır, diplomatik əlaqələr yaradırlar. Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçıları ilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır, Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq. Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda cənab İlham Əliyev deyir: “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”. Həmin sözlərdə dərin həqiqət vardır. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir. İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyanın qabaqcıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifadə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”. Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur. Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. İlham Əliyev təhsilimizin inkişafında dünya təcrübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbaycan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”. Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”. Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir. İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev). Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”. Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin kompüterləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”. Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir. Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”. Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir. İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür. Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”. Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”. Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsənətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir. Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq! 30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsiz Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi. Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu. Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon və kəndlərimizdə quruculuq işləri həyata keçirilir. Cənab İlham Heydər oğlu Əliyevin 61 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 61 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!! Cənab Prezidentimiz həmişə var olsun!!!
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!