Etiket arxivi: FOTO

KAMAL CAMALOV – BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.

Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.

İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığı­nın hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].

Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:

                                      Danışdığı sözün qiymətin bilə,

                                      Kəlməsindən ləlü, gövhər süzülə,

                                      Məcazi danışa, məcazi gülə,

                                      Tamam sözü müəmmalı gərəkdi

– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.

Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.

                                      Ələsgərəm, yandım eşq ataşında,

                                      Gözüm qaldı kirpiyində, qaşında.

                                      Qazdır məzarımı çeşmə başında,

                                     Sal sinəm üstünnən yol, incimərəm.

Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.

Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:

                                      A bimürvət, axı səndən ötəri

                                      Ah çəkməkdən bağrım qana dönübdü.

                                      Qədd əyilib, gül irəngim saralıb,

                                      Xəzan dəymiş gülüstana dönübdü.

Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, – Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”… Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:

                                      Alçaqda dayan ki, çıxasan başa,

                                      Tülküsən, aslanla girmə savaşa.

                                      Gəl yapışma gücün çatmayan daşa,

                                      Götürə bilməzsən, zora düşərsən.

         Yaxud:

                                      Danışdıq, barışdıq mərhəmət ilə,

                                      İnciklik araya qatma, hayıfsan!

                                      Sən tacir olmazsan bir manat ilə,

                                      Namusu, qeyrəti atma hayıfsan!

         Yaxud da:

                                      Arif olan, gəlin sizə söyləyim,

                                      İyid sözü mərd-mərdana yaxşıdı.

                                      Kişi gərək dediyindən dönməsin,

                                      Biilqardan bir zənana yaxşıdı.

Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardan­dır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.

Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:

                                      Aləmdə dastan olub

                                      Səddin, sorağın, Şah dağı!

                                      Açılıb nərgiz, bənövşən,

                                      Əcəbdi çağın, Şah dağı!

                                      Abi-kövsər kimi axır

                                      Çeşmən, bulağın, Şah dağı!..

                                      Süsən, sünbül, gül, ərğəvan

                                      Köysündə laləzar verib;

                                      Alan, satan gözəllərdi,

                                      Nə rəvanc bazar verib;

                                      Damənin çəhar fəsildi,

                                      Hər meyvə bitib, bar verib;

                                      Xudam səni çox bəyənib,

                                      Bir belə ixtiyar verib;

                                      Dalın dənizə söykənib,

                                      Kürdü ayağın, Şah dağı!

Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiili­yin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən ya­radılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.

Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümu­miyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqar­lılıq, əzəmət simvolu kimi dəyərləndirilir:

                                      Gahdan çiskin tökər, gah duman eylər,

                                      Gah gəlib-gedəni peşiman eylər,

                                      Gahdan qeyzə gələr, nahaq qan eylər,

                                      Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.

Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.

Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməx­sus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.

                            On səkkiz min aləm, yetmiş iki dil,

                            Ülfət qılır bir bazarın içində.

                            Kimi ətlaz geyir, tirmə qurşayır,

                            Kimi üryan gəzir qarın içində.

                            Demək nə lazımdı, özün bilirsən,

                            Bir gün yaranırsan, bir gün ölürsən.

                            Arsız-qəmsiz nə gününə gülürsən?!

                            Yandırarlar səni narın içində.

Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:

                            Ələsgər, mətləbin xudadan istə,

                            Kərəm olmaz müxənnəsdə, xəsisdə,

                            Bəylik, göylük, səylik olan məclisdə

                            Qaç ki, orda xeyir-bərəkət olmaz.

Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:

                            Tanıram əslini, söyüddür zatın,

                            Uca boy verərsiz, barınız olmaz.

                            Dildən dost olarsız, könüldən əyri,

                            Doğru-dürüst etibarınız olmaz.

İslama haramı halal bilərsiz,

                            Şəriətdən kənar mətləb dilərsiz,

                            Əysik danışarsız, artıq gülərsiz,

                            Namus, qeyrətiniz, arınız olmaz.

“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlan­dırır.

“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:

                            Ay həzərat, gəlin sizə söyləyim,

                            Bu dünyanın xəyanatı çıxıbdı.

                            İnsaflar azalıb, mürvət gödəlib,

                            Qazıların mazarratı çıxıbdı.            

Əlimizi aparıbdı sərt ayaz,

                            Ruzumuz olubdu gündən-günə az.

                            Molla şeytan olub, axund seyidbaz,

                            Məşədi, kalvayı lotu çıxıbdı…

Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:

                            Günahkardı nə ki yoldan azan var,

                            İki mələk – xeyir-şəri yazan var,

                            Ərəsət var, qıl körpü var, qazan var,

                            Orda qəbul olsun niyazım mənim!

Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.

Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MİRZƏYEVA – KİTABLAR ŞEİRİ

Nərgiz Mirzəyeva – gənc yazar, məktəbli.

        Kitablar

Kitablar mənim dostum

Onlarla ucalıram

Kitablar düzgün yolum

Zirvəyə yol alıram

Mənim üçün kitabsız

Həyatın mənası yox

Düzgün mənalı yol

Kitabla başlanan yol

Həyatın sirrlərini

Bizə deyir kitablar

Ömrümüzün yollarına

Nur çiləyir kitablar

Gizli xəzinə kimi

Kitabları axtaraq!

Qiymətli əşya kimi

Kitabları qoruyaq!

Oxudum bir çox kitab

Gah güldüm, gah ağladım.

Dil açdı sanki kitab

Söhbət etdim, danışdım

Oxunan bir çox kitab

Yaddaşlarda qalandır

Ən çox sevdiyim kitab

Çərpələng uçurandır.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Национальная Библиотека продолжает кампанию по сбору книг в фонд библиотек районов, освобожденных от оккупации

22 апреля к кампании по сбору книг, организованной Министерством Культуры совместно с Национальной Библиотекой, присоединился также Заур Устадж. Масштабная кампания по сбору книг была организована для восстановления книжных фондов библиотек, действовавших до начала 90-х гг. на ранее оккупированных азербайджанских территориях. В настоящее время эти территории освобождены от армянской оккупации в результате 44-дневной победоносной войны под руководством Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Ильхама Алиева.

Заур Устадж отметил, что «Кампания по сбору книг для фонда библиотек на оккупированных территориях», организованная Министерством Культуры и Национальной Библиотекой, является важным шагом на пути к восстановлению разрушенных библиотек. Писатель подарил фонду библиотек на освобожденных от оккупации районов 440 экземпляров 4 (четырех) своих книг.

Новости


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızının ad günüdür!

Pərvanə Bayramqızı – yazar.

Bu gün ədəbi aləmdə artıq imzasını kifayət qədər tanıtmış xanım yazarlarımızdan Pərvanə Bayramqızının doğum günüdür! Ad günü münasibəti ilə Pərvanə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!  Uğurlarınız bol olsun, Pərvanə xanım!!!

QISA ARAYIŞ

Pərvanə Bayramqızı (Qarayeva Pərvanə Bayramqızı) 1982-ci il aprel ayının 23-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuşdur. Arzu Qasımov adına Əli-İsmayıl kənd (indiki Alnabat) orta məktəbini bitirib. Filologiya və kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil almışdır. Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışır.

Mətbuat səhifələrində imzası ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunmuşdur. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”,  “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilmişdir. Oxucu anlayışının istinadlarla izah edildiyi, oxucu-kitabxanaçı ünsiyyətindəki problemlərdən bəhs olunan, kitab verilişi ilə bağlı təklif irəli sürüldüyü “Oxucu anlayışı” məqaləsi ləsə Bakı Dövlət Universitetinin təsis etdiyi “Kitabxanaçılıq və informasiya”  jurnalının səhifələrində tanış olmaq olar.

Yaxın vaxtlarda çap olunan “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərlə də çatdırır. Azərbaycan jurnalistikasında və ədəbiyyatında iz qoymuş ziyalıların, yazıçı və şairlərin haqqında yazdığı resenziyalarında (“Fikir bir söz min” –   Əməkdar jurnalist İntiqam Mehdizadə, “Sevgini görənlər” – Azərbaycan Dövlət Radiosu, “Azər Qismətin “Çuğullarının çuğulluğu” “Nəğmələrində göründüyümüz müğənni” – Qədir Qızılsəs, “Sklerozun xatirələrinin skleroz oxucusu” – yazıçı-jurnalist Vasif Sadıqlının “Sklerozun xatirələri” kitabı haqqında,  “Müdrik adam” – Seyran Səxavət, Xalq şairi Məmməd Araza həsr etdiyi “İradə Tuncayla ortaq dərdimiz” və “Bu yerlərdən getməyən Məmməd Araz”, “Ramiz Rövşən haqlıdır”, “Salam Qədirzadə haqqında”) həmin şəxsiyyətlər barəsində subyektiv fikirlərinə oxucuları “qonaq”edir, onların yaradıcılığından ruhən qidalanmalarına yardımçı olur.

Pərvanə Bayramqızının iki hekayəsini (“Sonuncu arzu” və “Qanlı əl”) yazıçı-şair Vaqif Osmanov təhlil etmişdir. Vaqif İsaqoğlu isə “Yaza bilməyən yazıçı” kitabı haqqında geniş yazı yazmışdır. Kitabı oxumayanlar V.İsaqoğlunun: “Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilən ən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatında ən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur ictimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini, yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışı olan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan  və s. söhbət açan, eləcə də fərdi yaşantılarını hekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçı kimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələridir. Onun istər yüksək məziyyətli publisistik  məqalələrində, esselərində, eləcə də işıq selinə bürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının  hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsini eşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm də gördüm ki, onun  ürəyi günəş kimi alovludur. Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitab oxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqca sanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu” fikirlərinin sayəsində müəllifin ruhunu duyacaq, üslubu ilə tanış olacaq. Oxşar fikri onun haqqında kitabın redaktoru İntiqam Mehdizadə də söyləyir: “Güman edirəm ki, yazılarına təvəzökarlıqla “Yaza bilməyən yazıçı” adı qoymuş Pərvanənin həmin kitabı oxucuların əlinə keçsə yazıçının özünə atdığı o “böhtana” inanmayacaq”.

P.Bayramqızı eyni zamanda yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – NEYLƏYİM

Adilə Nəzər – alim, şair.

NEYLƏYİM
Neyləyim mən özümlə,
necə edim, bilmirəm.
Nə küsürəm biryolluq,
nə danışıb gülmürəm.
***
Hərdən zəhərə dönür,
hərdən də qənd kimidir.
O, mənim yalnış vaxtda
içdiyim and kimidir.
***
Nə cəsarətim çatır,
bu yükümü atmağa.
Nə də ki, gücüm yetir
o andımı tutmağa.
***
Neçə vaxtdı qalmışam
iki daş arasında.
Sabahımı qırmışam
gözlə qaş arasında.
***
Sanki qərarı verən
bir şeytani səs idi.
Ağ günlərə gecikib,
qara günə tələsdim.
***
Necə edim bilmirəm,
sükut məni yaralar.
Yazdığımı pozuram,
üzə durur misralar.
***
Adilə, sığın yenə,
ürəyindəki aha.
Nə varsa yığ ovcuna,
sovur getsin Allaha.
21.04.2021.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kərəmli Qalası – Qalası Kərimli Müslüm oğlu

Qalası Kərimli Müslüm oğlu

Kərəmli Qalası – Qalası Kərimli Müslüm oğlu – Nə böyük xalqsan mənim xalqım… “… Fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Yaşa mənim xalqım! Yaşa!

Hacıqabul rayonu Muğan kənd sakini 08 Yanvar 2000 təvəllüdlü Kərəmli nəslini davamçısı 2 noyabr tarixində Şuşa ətraflı (Daşaltı) döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin. Bir ölüb, min dirilərik… Minimiz ölsə, milyonlar doğulacaq… Yaşamaq, əbədilik, böyüklük, cahan dövləti, cahan milləti olmaq bax elə bu keyfiyyətdə şifrələnib… Var olsun uca millətim.

Şəhidimiz Hacıqabul rayonu Muğan qəsəbəsində dəfn olunub:

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşuldu

“Yazarlar” jurnalının baş redaktoru, şair – publisist Zaur Ustac AMK-da – 22.04.2021.

ZAUR USTAC “İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRDƏKİ KİTABXANALARIN FONDU ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI” ÇƏRÇİVƏSİNDƏ FONDA 4 ADDA 440 KİTAB HƏDİYYƏ ETDİ.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Aprel ayının 22-dəAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına yazar Zaur Ustac da qoşuldu.

Zaur Ustac Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi və özünün müəllifi olduğu 4 (dörd) adda 440 (dörd yüz qırx) nüsxə kitabı  işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladı.


Qeyd:
Fotolarda gördüyünüz kitabları maraq göstərənlər şəhərimizin kitab mağazalarından və ya “Mücrü” nəşriyyatından əldə edə bilərlər.

Zaur Ustac – şair, publisist..


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 8

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

نَاسُ صُدُورُ تَكْتُبُ يَنْصُرُ قُلُوب

َ نُعيدَُ يُو صَلُ تَبَاركَ جُاقَ نُرِ يدُ

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA
DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSEL NAZİMİN AD GÜNÜDÜR!

Aysel NAZİM (Əliyeva) – pedaqoq, şair, yazar.

Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, qələm dostumuz, tanınmış söz adamı, sevimli müəllim, gözəl xanım  Aysel Nazimin doğum günüdür! Ad günü münasibəti ilə Aysel xanımı təbrik edir, uzun ömür, can sağlığı həyatda yeni – yeni nailiyyətlər arzulayırıq!

AYSEL NAZİMİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – GƏLMƏ-GƏLMƏ ŞEİRİ

Adilə Nəzər – alim, şair.

GƏLMƏ-GƏLMƏ
Qəlbimdə od, dilimdə söz
Bitdi artıq, gəlmə-gəlmə.
Ağlatdığın o məsum qız
Getdi artıq, gəlmə-gəlmə.
* * *
Kədərdi, qəmdi hər anı,
Allaha qalıb gümanı.
Sənə olan son inamı
İtdi artıq, gəlmə-gəlmə.
* * *
Biri sevgi gülü əkən,
Biri şirəsini çəkən.
Küsdürdün, yad yerdə məkan
Tutdu artıq, gəlmə-gəlmə.
* * *
Keçirdi gənclik yaşını,
Soldurdu tər baxışını,
Yaxşı ki, dostlar başını
Qatdı artıq, gəlmə-gəlmə.
* * *
Adilənin susdu səsi,
Qalmadı daha həvəsi.
Bu yolun ümid gəmisi
Batdı artıq, gəlmə-gəlmə.
20.04.2021.

Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru