Rafiq Yusifоğlunu çoxdan tanıyıram. O da Sumqayıt kimi gözlərim önündə kərpic-kərpic, pöhrə-pöhrə böyüyüb, böyüdükcə Sumqayıta sığmayıb. Zəngin söz dünyası olan Rafiq Yusifоğlu yurd həsrətli, lirık şairdir. O, yaşadığı aləmi daima təbii, saf, gözəl görmək istəyir. Onun şeirlərini oxuyarkən çox sadəliyin içində bir müşkül mürəkkəblik görürsən. Düşünürsən ki, bundan asan nə var ki? Amma dərk edəndə ki, onun ləngərli misraları ürək qanı, göz yaşı, sevgi həvəsi, gül qönçəsi, çiçək zərifliyi, çəmən gözəlliyi, dərə dərinliyi, bulaq sərinliyi və dağ ucalığından qidalanıb, ecazkar möcüzələr qarşısında acizləşirsən. Bir qədər sonar bu ilahi sözlər güc, qüdrət, ilham verir, qanadlanırsan, əngin səmanı dolaşırsan, göylərdə süzür şirin xəyalın…
Şair cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir, əzəznləri, əzilənləri, güclüləri, zəifləri, zülmkarları, qurbanları görür, çıxış yolu axtararkən ağzı qayaya dirənir, cəmiyyətdə bircə qanun olduğu qənaətinə gəlir: kim güclüdürsə, o da haqlıdır. Güclülər puluna, silahına güvənir. Şair haray çəkir, haqsızlığa qarşı asi çıxır, lakin sonar təəssüflə deyir:
Sağmal inəyimiz qısır qalıbdır,
Sarı sünbül olub qızıldan baha.
Bizim dəyirmanlar insan üyüdür,
Gərəyimiz deyil qızıl dən daha!
Şair başımızı ağardan “çax-çax”ları, dələduzları, para, mənsəb, şöhrət və vəzifə düşkünlərini “üyütmək” üçün xeyirxah, səmimi, doğruçu adamlara arxalanır, güvənir.
Çax-çax başımızı yaman ağrıdır,
Çoxdan həsrət qalıb dəyirman una.
Gəlsin siyasətin Donkixotları
Bizim məmləkətin dəyirmanına…
Rafiq Yusifоğlu dogma yurd-yuvasına, el-obasına, dağına – dərəsinə, çölünə-çəməninə, yalına-yamacına, yoluna-irizinə ürəkdən bağlı olduğu üçün vətənin hər qarış torpağını hədsiz məhəbbətlə sevir.
Mistan, Qızılqaya, Səngər, Yazı düzü, Üçtəpə, Həkəri, Bərgüşad, müqəddəs ziyarətgahlarımız dilindən düşmür şairin.
Rafiq Yusifоğlunun “Həsrət köçü” kitabı oucularla yeni görüşüdü. Kitabın bölmələri – “Yurd həsrəti”, “Alnıma yazılan yazı”, “Bu dünya bir nağıldı”, “Torpaq nəğməsi”, “Əsgər nəğmələri” çox mətləblərdən xəbər verir, oxucunu səfərbər olmağa, işğal altında qalan torpaqlarımızı azad etməyə ruhlandırır. Şair yarımçıq, köntöy, vaxtı-vədəni bilməyən, dünyadan gözü doymayan adamlara sərrast söz qamçısı vurur.
Camaat duzdan qayıdır,
Sən hələ duza gedirsən.
“Həsrət köçü” kitabının bir uğuru da odur ki, kəndçiliyimiz, ilkinliyimiz, qorunub saxlanıb. Şairin bütün kitab boyu sezilən vüqarı sınmır, əyilmir. Əksinə, özünü dərk edən vüqarlı oxucuda minnətdarlıq hissi oyadır.
Şair tərəqqinin tərəfdarıdır, lakin orda milliliyimizə xələl gətirən element görəndə üsyan edir. O tərəqqi ki, məni sazımdan, tütəyimdən, balabanımdan, qara zurnamdan, milliliyimdən ayrı salıb uzaqlaşdırır, mənə belə tərəqqi lazım deyil, – deyir.
Mən kitabı oxuyanda özümdə bir gümrahlıq, yüngüllük və təsəlli hiss etdim. Mən şair dostuma, qardaşıma möhkəm cansağlığı, iti qələm, mənalı ömür, coşqun ilham arzulayıram. Gün o gün olsun ki, həsrət körpüsündən qələbə bayrağı ilə keçək, ulu Zəngəzurda görüşək…
İlkin mənbə: “Sumqayıt” qəzeti, 16 yanvar 1999-cu il.
Əslində, romançılıq da ədəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki nəsrin ədəbi situasiyaları (geniş anlamda) bir roman xisləti yaradır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkcə bədii xarakteri ilə deyil, həm də ictimai zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Xaliq Azadinin romana, ümumiyyətlə, nəsrə münasibətindəki qabarıq aspektləri də bu zərurətin bir səciyyəsi kimi mənalandırmaq olar. Açığı, onun 2020-ci il tarixdə fitrətli yazar Əli bəy Azərinin redaktorluğu ilə «Zəngəzurda çap evi» nəşriyyatında işıq üzü görmüş «Qəm yağışı» (nəsr) kitabı da bu xarakterə zəruri əsas verir. Bəri başdan deyək ki, duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan məhəbbətə ithaf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zəruri-effektiv və ədəbi məna ürəkyaxıcıdır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu ictimai zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzini maraqlı statuslar kimi təqdim edir.
Bir özbək qızının bir azərbaycanlı oğlanla pünhan çevrələrdə qurduğu və qısa zamanda qəm yağışına çevrilən sevda yanğıları müəllifin təhkiyəvi zəmini olsa da, mövcud ədəbi reallıq tamamilə başqa münasibətlərdən qaynaqlanır: o mənada ki, yeniyetməlik və gənclik hüdudlarında çırpınan, ikitərəfli milli dəyərlərə aludə paradok yaradan İnqa və Azadın könül xoşluğu (bəlkə də) içlərində qəfil kükrəyən ötəri hissdir, fəqət zaman komponenti bu hissin qaynar bir sevgi olduğuna dəlalət edir və oxucu olaraq müəllifi saran odun-atəşin kövrək çınqılarına baxış ötürük.
Bir növ, fəlsəfi-modern əhatə cızan “Qəm yağışı”nda mətn özünüdərk yaradır, mövzu bitkin məntiqlidir, müəllifin fikirtəqdimetmə dürüstlüyü həyatabaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mülahizədəki pessimistlik ovqata bir qədər əks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (ictimai ampulada) modern çək-çevirə məruz qalmasından irəli gəlir. Çünki buradakı məhəbbət də, o məhəbbətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) eyni və oxşardır, fərqli olan xoşovqat zaman uçqununda fövqəl izdivaclara eyhamlı eniş etməkdir. Və səmimi deyək, müəllifin ədəbi ismarıcı vahiməlidir, qorxulu hislər yaradır. O mənada ki, “Qəm yağışı”nda məhəbbət bir kodeks olaraq təlatümlü həyat zərurətidir, müəllif eşqanə nüansları (nəticə etibarilə) bir kod altında sistemləşdirib.
Romanı duyğusal edən təkcə sevgi hücrələri deyil, həm də milli duyğulardır. İnqanın da, Azadın da aludə olduqları məhəbbət onları (dərhal) təsir altına almır, əksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərini sevgidən irəlidə görür, bu səmimiyyətə sanki bir büst qoyurlar. Elə əsər boyu duyğusallığın ictimai-ədəbi təsir miqyaslarını böyüyən və artan həddə gətirən də məhz bu mənalardır.
«Qəm yağışı»nda milli heysiyyətə ünvan verən dramatik zərurətlər çoxluq təşkil edir. Baş obrazlardakı cürət, mübarizə məğzləri qabarıqdır, ən başlıcası, hər iki tərəf üçün (dediyimiz kimi) Vətən obrazı daha müfəssəldir.
Müəllif (belə deyək) əsər boyu sevgini fərqli xarakterizə edir; sovet dövrünün sevda çınqıları ilə müasirliyin gətirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında fərq qoyur, elə İnqa və Azadın çabaladığı nakam məhəbbəti də məhz bu paklıqda cilalayır. Təəssüf ki, sonradan bu saf sevgini vahimə dolu anların yaradacağı dəhşətlər müşayiət edir, ardınca da hər iki obraz nakam acıların içində bir səcdəlik haqqı tapır.
«Qəm yağışı»nda adi hislərin məhəbbət qəlibində kükrəməsi – təcəllası mistik-ictimai səciyyə kəsb etsə də, ruhsallıq epik məğzi romançılıq qatlarına yüksəldir, müəllif sanki oxusunu əzabın dadına baxmaq şərəfinə nail edir, fəlsəfi ovqat yaradır. Maraqlıdır ki, bu ədəbi kreativlik təkcə İnqa və Azadın durğun baxışlarında məna vermir, həm də müəllifi bu fövqəl zərurətə (ciddi) sövq edir.
Qeyd etdiyimiz kimi, romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqətdən kənarda deyil. Sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da oxucunu düşündürən əsas ədəbi elementlərdir. Bəlli ki, müəllif bu prosesdə fəal tərəfdir, əsas etibarilə ruhi istismarı qətiyyətlə pisləyir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir.
Bu rakursda romanda iç titrədən son səhnəni təqdim edək:
«İlk əvvəl kiçik damcılardan başlayan yağış aramsız və gur yağan leysana çevrilmişdi. Azad gözətçinin daxmasının divarına söykənərək İnqanın yatdığı yerə zilləmişdi gözünü. Birdən düşündü ki, doğrudan da bu yağış indi boş-boşuna yağmır. Bu lesanı yağdıran İnqanın ruhudur. Nakam arzuların çağırışıdır. İnqa istəmir ki, Azad tez vidalaşıb getsin. Tək qalacağını bilir…»
Bu epik parçada vida çığırtısı var. Müəllifi labirintə salan hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir. Və sonra da bu kodeks daha mürəkkəb əhatəli olur: oxucu da, müəllif də, elə baş obrazları nakam hücrədə sıxan epik təlatüm də çiliklənmiş güzgüdəki insan əksi kimi təsir verir. Bu mənada, «Qəm yağışı»nın sistem hüdudunda acı bir üzüntü, çılğın bir qəm şehi var. Baxışlarımız bu şehə bulandıqca hislərimiz fəza qatına qalxır, orada sanki Azadı təklik girdabına itələyən sevdasızlığın rəngini, İnqanın nakam eşqin tufanında yoxluğa atan həyatın fövqünü görmək istəyirik. (Müəllifin də dediyi kimi) bu, mümkünmü?
…Bütövlükdə isə tale və həyat gedişatı maraq doğuran «Qəm yağışı»nı Xaliq Azadinin uğuru hesab etmək olar.
O, sonuncu qatarın gəlişini gözləmədən qaçıb getdi. Bu gedişin sonunda müəmmalı qalan hadisə də onun qara paltarı idi. O şəxs heç vaxt kimliyini söyləməzdi. Simasını bir-iki dəfə gördüyümü xatırlayıram,amma o da lap uzaqdan. Yadımdadır, onun simasına diqqətlə baxanda qorxu və vahimə içində qara paltarlı libasını yerdən sürükləyərək qaçıb getmişdi. Bu gediş də indiki kimi səssiz-səmirsiz, yalanlarla dolu, bəlkə də xəyanət qarışıq son əlvida mesajı idi. Kimliyini bildiyim vaxt artıq çox gec idi. Onun kimliyi indi mənə lazım deyil.
“Onun kimliyi indi mənə lazım deyil” dediyim an gözlərim məndən oğurlandı. Sanki o vaxt anladım ki, gözlərimin şahid olduğu bu dəli-dolu fırtına alıb gizlətmişdi ən gizli evində…
Bu gün təbiət yuxudan oyanmışdı. Artıq əvvəlki kimi müharibə, dava, insanların ətrafa təlaşla qaçması, hətta çoxlarının qorxudan evindən belə çıxmaması kimi faciəvi günlər yox idi. Aylar sonra yenidən həyata qayıtdığımı hiss etdim. Oyanıb yerimdən qalxanda gecədən açıq qalan pəncərəmin önünə keçdim və dərin nəfəs aldım. Bir az pəncərənin qabağında hava alım, sonra havaya çıxacam -deyə düşündüm. Saçlarıma yavaş-yavaş sığal çəkir və köhnə xatirələri yada salırdım. Bu köhnə xatirələri yada salmışkən, isti çayımı və şokoladımı alım və bu gün üçün dəftərçəmə qeyd yazım.
Havalar soyumadan müharibənin gəlişi bizi yad küçələrdən alıb evimizə sürükləmişdi.Aylar sonra pəncərədən mavi Səmanı, qatar kimi süzən quşları, bülbüllərin nəğməsini eşitmək yuxu kimi idi…
Adətim üzrə hər səhər yuxudan oyananda nə xörək-çörək, nə də şirin çay içərdim. İsti qaynar çayımla şokoladım mütləq olmalı idi. Onları alıb gəldikdən sonra masa arxasına keçib dəftərçəmə kiçik qeydlər apardım.
-Xoş gəldin, yaz Günəşi! Bu gün təbiəti yuxudan oyandırdığın üçün təşəkkürlər! Köhnə xatirələrimi də çay kimi dəmləyib kağızın üstünə qoyub getmişəm. Bax, şəkillər ordan mənə baxır. Axı sən sübh tezdən doğula bilərsən, bəs yaxşı niyə doğulmursan? Cavabını söylərkən mən yuxuda olarsam, məni mütləq oyandır.
Elə deyəsən, dediyim də oldu. O gündən sonra bədənimi deyil, sanki gözlərimi çarmıxa çəkdilər. Ətrafımdakı bütün gözəlliklərdən məhrum edildiyimi hiss etdim.
Dəftərçəmi kənara qoyduqdan sonra isti çayımı içə-içə köhnə xatirələrin toplandığı albomu əlimə alıb vərəqlədim. Gözümün önündə film lenti kimi canlanan bu səssiz kadrlar anidən itdi. Qəfildən qapının döyüldüyünü, hətta bir ara pəncərəyə yağış damlalarının töküldüyünü də hiss etdim. Ayağa qalxıb qapıya tərəf getdikdə qapının deşiyindən baxdım, ancaq heç kəs yox idi. Ayağımı bir addım otağıma atırdım ki, qapı yenə tıqqıldadı. Öz-özümdən ürpənsəm də, tez panikaya düşmədən qapıya yaxınlaşıb: – “kimdir?” deyə səsləndim. Səs eşidilmədi, amma 5 dəqiqədən sonra yaşlı, qoca bir kişinin səsinə bənzər bir şəxsin danışdığını eşitdim:
-Siz kimsiniz? Məndən nə istəyirsiniz? Hər dəfə qapını vurub çalırsınız. Bu nə deməkdir?
-Günel, bayaqki sözünü xatırlayırsan? “köhnə xatirələrim də çay kimi dəmlənib, gəl, yaz Günəşi!”
Bir anlıq qorxuya düşdüm. Bəlkə mən dəli olurdum? Yox, yox! Mən nədəsə səhv edirəm, axı bu doğru ola bilməz!
-Öz-özünə danışmağı kəs, Günel!
-Bir dəqiqə, axı siz mənim adımı hardan bilirsiniz? Siz ümumiyyətlə kimsiniz?
-Qapını açma. Bax, qətiyyən deyirəm, əgər qapını açarsan…
Yarıda kəsilən bu danışıqdan sonra dözməyib qapını açdım. Ətrafda heç kəs yox idi. Qəribədir, yoxsa mən dəli olurdum? Deyəsən, mən dəliliyə doğru addımlayırdım. Həkimə getsəm yaxşı olar.
Bu sözü deyib qapını bağladıqdan beş dəqiqə sonra qapı yenə tıqqıldadı və bu dəfə məndən dəhşətli qışqırtı qopdu. Necə qışqırdımsa, qonşular səsimə toplandı. Qapını açıb “hər şey qaydasındadır, narahat olmayın” -deyib hamını evinə yola saldım. Gözüm yerə sərilmiş xalçanın üzərindəki məktuba sataşdı. Bu məktub bura necə gəlmişdi? Kim gətirmişdi? Kimdən idi? Eh, Günel, danışana kimi açıb oxusan.
Məktubu yavaşca açdım. Əllərim titrədiyindən içəri keçib qapını iki dəfə içəridən bağladım. Məktubu yazı masamın üstünə qoyub oxumağa başladım:
Qatar gecikəndə insanlar tələsir. İşə gecikəndə də insanlar tələsir. Bəs yaxşı, Günel, sənin həyatda tələsdiyin hansı məqamlar olub? Həyatındakı bütün gizli qalan sirrlərin hamısını bilirəm. Necə bildiyimi, yaxud hardan bildiyimi heç soruşma, çünki cavablamayacam. Sən heç mənim kim olduğumu da bilməyəcəksən. Bayaq qapını tıqqıldadıb gedən mən idim. Narahat olma, sən dəli deyilsən və heç həkimə görünməyin də lazım deyil. Sən hər şeyin fərqindəsən, eynən mənim kimi. Sən məni görmürsən, ancaq mən səni görürəm. Beyninə informasiya deyil, siqnal göndərməyə çalış. Xatırla, iki il bundan öncə qara paltarlı bir şəxslə tanış olmuşdun? Yenə xatırla, o şəxslə danışarkən nə hiss etmişdin? Heç nə. Elə deyilmi? Qızğın, soyuq qış fəslində qar, çovğun vaxtı dəhşətli müharibə idi. Bunları xatırlaya bilirsən? Müharibədə neçə-neçə şəhid verdik. Neçə-neçə igidimiz itgin düşdü. Sən də bax o insanın itgin düşməsinin səbəbkarısan! O insan səni özündən belə çox sevsə də, sən bunu heç vaxt bilmədin. Zamanı geriyə ala bilməyi heç düşünmüsən, Günel? Bax, bir məktubda sənə gör nə qədər sual ünvanladım. İndi sən söylə, bu sualları cavab verməyə hazırsan,ya da qadirsən? Mən deyim? Yox! Bilirsən niyə?! Çünki sən qorxularınla, keçmişinlə üzləşməyi bacarmırsan! O insanın sevgisini bu gün qazansaydın, bəlkə də göz yaşların o boş, saralan kağızlara tökülməzdi. İndi sənə əmr edirəm ki, illər öncə qaynar çay tökülən və sonra saralan o bomboz kağıza diqqətlə bax. Saxladığın yeri də bilirəm. Masanın künc tərəfindəki siyirmədə hamıdan gizlədirsən. Niyə gizlədirsən? Çünki etiraf mesajıdır. Bəlkə çoxları üçün etiraf mesajı, amma sənin ömür yoldaşın, dostun, sirdaşındır bu kağız parçası. Məktubu alıb oxuduğunda mən səni yenə izləyəcəyəm. Bəlkə də mənim kimliyimi sorğulayacaqsan, amma zamanı gəldiyində biləcəksən. Səni bu vicdan əzabıyla baş-başa buraxıram, çünki sevdiyin şəxsin ölümünə səbəbkar sən oldun!
Unutmadan deyim, bəlkə hardasa o insan qarşına çıxa bilər, bu normaldır. Ancaq o səndən həmişə simasını gizlədəcək. Əgər bir gün qovuşsanız, bil ki, tilsim qırılıb. Vaxtını bilmirəm, amma səni dərin yuxu gözləyir. Yaşayacağın kabuslara indidən hazır ol. Gözlərin olmayacaq.
“Gözlərin olmayacaq” sözünü oxuduqda ürpənib kağızı kənara atdım. İçimdən dəhşətli hönkürtü qopdu. Bu an dəli dərəcəsinə gəldiyimi hiss edirdim, çünki əllərimdə başımdan yolub çıxardığım saçlarım vardı. O gün dedim ki, kaş müharibə yenidən qayıtsa, o müharibəyə qanlı-canlı girib onu tapardım! Kaş onun sağ olduğunu bilib, uzaqdan da olsa, sakitcə izləyərdim. Artıq çox gec idi.
Təbiətin yuxusu bitsə də, məni dərin yuxu gözləyirdi. İndi əllərimdə yolduğum saçlarım, kəsdiyim qollarım, boynumdan asılan ipə bağlı olan Günel idim. İpi boğazımdan assam da, görün nə qədər qorxaq idim ki, onunla da özümü boğa bilmirdim. İnsan boğulanda iki duyğusunu itirmir: göz yaşlarının gözlərdəki ağrısını və ürəyindəki parça-parça olan xatirələri.
Mənim xatirələrim çaynikdə qalan köhnə dəm kimi saralıb solmuş, saçlarım isə büküb kənara atdığım kağızlar kimi artıq ölü idi.
Boynumdan ipi assam da, son xatırladığım qara paltarlı şəxsin köməyimə çatmağı oldu. İndi hardayam? Zaman məni hara aparır? Bu sualların cavabını tapmağa çalışsam da, son xatırladığım gözlərimin kiminsə bağladığıdır. Sonrası yalnız qaranlıq…
2 il sonra…
Artıq bu gün vaxt gəlib çatmışdı. 2019-cu ilin mart ayında intihara əl atdığımda yalnız xatırladığım qara paltarlı şəxs idi. Aylarca komada yatdım, çünki ip boğazımda sıxılmışdı. Onunla yanaşı gözlərimdəki göz yaşları qurumadan mənim gözlərim kor oldu. Ətrafımda heç kəsi görmürdüm. Bu gün o gün idi ki, gözlərim əməliyyat olunacaq və mən yenidən həyata geri dönəcəkdim. İndi mən təəccüb və heyrət içindəyəm ki, məktubu yazan şəxsin dedikləri necə ola bilərdi? Bəs müharibə?
Bəli, bu danışdığım hadisəni mən yaşadığım an yenidən müharibə başladı. Cəbhə bölgəsində yüzlərlə şəhid torpağa verdik. Gözlərim kor olduğundan aylarca evə məhbus qalan mən, müharibədəki tank səslərini eşidirmişəm kimi kor gözlərimlə televizordakı xəbərləri dinləyirdim. Həkimim qollarımdakı izləri, əslində, döyüldüyüm üçün olduğunu zənn etmişdi. Ancaq elə bir hal yaşanmamışdı. Mənim gözlərim görməsə də, ürəyim sızıltını ,ağrını hiss edirdi axı! Nə qədər söyləsəm də mən öz canıma özüm qəsd etmişəm, amma həkimim inanmadı.
Son dəfə bir şəxsin yanıma gəldiyini xatırlayıram. Mənə oxuduğum məktubu təkrarən oxudu və çıxıb getdi. Adını soruşduqda isə cavab vermədən çıxıb getdi.
Bəli, 2 ildən sonra yenidən müharibə bitdi və yaz Günəşi doğuldu! Mənim gözlərim əməliyyat olunmuşdu. Artıq yenə evimdə isti çayım və şokoladımla birgə yazı masamın arxasında qələmimlə söhbətləşirdim.
O gün, yəni evimə gəldiyim gün siyirməni açıb saralmış kağızı əlimə götürüb diqqətlə baxdım. Baxdıqdan sonra dedim:
-Əgər yaşayırsansa, sən Günelini qoyub getməyəcəksən, İlham, geri dön…
Bu sözdən sonra yenə masa arxasına keçib qələmimlə söhbətləşərkən qapı tıqqıldadı. “Kimdir o?”deyə səsləndiyimdə yenə səs gəlmədi. Bu dəfə qapını açdığımda qara paltarlı şəxs ilə qarşı-qarşıya idim. Onun simasını görməsəm də, hiss edirdim. Bu, İlham idi! Mən elə iki il bundan öncə də zamanın mənə yaşatdığı hadisələri film lenti kimi izləmişdim. Sadəcə zaman qaçıb gedəndə mən ona bir az laqeyd yanaşdım.
Anidən gözlərimdən yaş axdığında qara əlcəklərini çıxarıb göz yaşlarımı sildi və dedi:
-Sən mənim simamı görmək istəməzsən, əziz Günel…
-Yox, bu… Bu sənsənsə, mənə simanı göstərməlisən!
Son sözümü qətiyyətlə dedim. Çox həyəcanlı idim. Gözlərim əməliyyat olunmuşdu və iki ildən sonra İlham qarşımda idi.
-Aç, gizlətmə!
– Günel, mənə söz ver!
-Nə sözü? Nə desən edərəm, İlham, təki sən simanı göstər!
-Gözlərindən bir damla belə axmayacaq. Əgər axarsa, məni heç vaxt görə bilməyəcəksən danışırsan?
-Söz verirsən?!
-Yaxşı, İlham, söz verirəm!
Simasını açarkən dəhşətli görüntüylə qarşı-qarşıya idim. Müharibə zamanı simasında yaranan yanıq izləri,çapıqlar və kor olan gözlərindən biri…
-Bəs..
-Günel, sənin əməliyyat olunmağın üçün gözümü sənə qurban verdim, sevdiyim! Gözüm sənin ürəyin, mənim ürəyimsə, sənin yaşamağındır! Sən nəfəs aldıqca mən də yaşayacam! İndi istəyirsən, məni bu halımla qəbul et, ya da..
Son cümləsini tamamlamağa izn vermədən boynuna sarıldım, amma onun yanında ağlamadım. Masa arxasında qələmimin şahid olduğu, kağızların isə göz yaşlarımla söhbətləşdiyini heç kim bilmədi.
Barmaqlarımla simasındakı yara izlərinə toxunanda, sanki canımdan bir can qopub düşdüyünü hiss etdim. Mən ağrılarımı heç vaxt heç kimə söyləməzdim, ancaq bu dəfə ağrılarım o qədər şiddətli idi ki, dözməyib İlhamın qollarındaca hönkürtü çəkdim.
Vətən mənə İlhamımı geri verdi, çox şükür, Tanrım, çox şükür! Bəlkə İlham qayıtmaya bilərdi, bəlkə də iki il deyil, hələ çox gözləyəcəkdim yolunu. Vətən, sənə heç vaxt üsyan etmədim, amma göz yaşlarımı saya bilmədiyimdən xatırlaya bilmirəm ki, göz yaşlarım səni incidib? Əgər sənin yurduna bir damla göz yaşı töküb incitmişəmsə, məni bağışla! Sənin qoynunda igid əsgərlərimizin qanı var! Torpaqda onların ruhu nəfəs alır! Şükürlər olsun ki, İlhamımın torpağını bağrıma basıb fəryad deyil, ürəyini, canını, mərdliyini, and yerini bağrıma basdım!
Müharibə bitmişdi. Bu gün çiçəklər saçlarıma ləçəklərini, göy üzü gözlərimə şahidliyi bəxş etmişdi. Bir dəfə çalınan bu gözlər indi mənə göy üzünün əmanəti idi…
Xaliq Azadinin “Qəm yağışı” romanı ilə tanışlıqdan sonra
İmzası ilə ilk dəfə tanış olduğum Xaliq Azadinin “Qəm yağışı” adlı romanını oxuduqdan sonra hələ də əsərdə baş verən hadisələrin təsiri altındayam. Romanı göz yaşlarıyla bitirdim. Bu, kiməsə qəribə görünə bilər, amma bir həqiqət var ki, onu müəllifin öz sözləri ilə anlatmaq istərdim: “Bəzən ürəkdə olan ən dərin və aramsız sızlayan yaranın da gücü yetmir həmin ürəyi tam ixtiyarında saxlamağa”.
Məncə bu mövzuda müəllifin nə qədər haqlı olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki insan heç də bütün hallarda hisslərinə qalib gəlməyi bacàrmır. Bu, aksiomadır… Beləcə ürəyimə hökm edə bilmədim mən də.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, “Məhəbbətin gözü kor deyil” və “Qəm yağışı” başlıqları altında nəşr olunmuş iki hissədən ibarət bu romanı ilə müəllif oxucunu kifayət qədər maraqlandıra bilmiş və sonda qəm yağışına qərq etməyi bacarmışdır.
Böyük Nizami Gəncəvinin:
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gücünü. – misraları ilə başlanan əsərdə müəllif Yaradanın bizə bəxş etdiyi ölçüyəgəlməz dəyərə malik olan sevgi mövzusuna müraciət etməklə, oxucusuna bu İlahi hissin nələrə qadir olduğunu anlatmaq niyyətində olduğunu bəyan edir.
Birinci hissə əsərin baş qəhrəmanlarından biri olan Azadın, ikinci hissə isə müəllifin dililə nəql edilir. Əvvəldən sona qədər oxucu əsərin sevimli qəhrəmanı olan İnqanın taleyinə görə narahat olur və buna görə də romanı fasiləsiz oxumaq, sonunun nə ilə bitəcəyini öyrənmək istəyi onu bir an belə tərk etmir.
Bəzən adama elə gəlir ki, bütün hekayələrin əvvəli gözəl başlanır və çox zaman beləcə davam edir. Sonu isə təbii ki, bəlli olmur. Romanda təsvir olunan azərbaycanlı Azadla özbək qızı İnqanın həyat hekayəsi də gözəl başlamışdı. Onlar ali təhsil aldıqları institutda, dekanatlığın qarşısında tanış olmuşdular. Milliyyətcə alman olan İnqa Özbəkistanda böyümüşdü və onun həyata baxışları yaşadığı ölkədə aldığı tərbiyə üzərində qurulmuşdu. O, özbək adət‐ənənələrinə əməl edən və bu xalqın milli‐mənəvi dəyərlərini xarakterində əks etdirən gözəl və ağıllı bir xanımdır. Özbəkistandan Krasnoyarsk şəhərinə ali təhsil almaq üçün gəlmişdi. Oxumaqla bərabər həm də ipək kombinatında çalışırdı. Eyni zamanda Azad da bu şəhərə Azərbaycandan gəlmiş, o da İnqa ilə birlikdə Politexnik İnstitutunda təhsil alır, eyni zamanda şəhərarası nəqliyyatda sürücü işləyirdi. Ümümiyyətlə, onlarla birlikdə bu qrupda doqquz millətin nümayəndəsi təhsil alırdı.
Hadisələr sovet dönəmində baş verir və hamımız bilirik ki, yaşadığımız zamandan fərqli olaraq o dövr internetin mövcud olmadığı dövr idi. Ayrı‐ayrı rayonlarda yaşayan insanlar bir‐birindən yalnız sahibinə bir həftə, yaxud on gün ərzində yetişən məktublar vasitəsilə xəbər tuturdular.
Aralarında əvvəlcə qrup yoldaşı, sonra dostluq, daha sonra isə sevgi münasibətləri başlayan Azad və İnqa dastanı, məhz belə bir dövrə təsadüf etmişdi. Orta məktəb məhəbbəti olan Solmazı bir daha görə bilməyəcəyinə əmin olan Azad onun şəkli və xəyalı ilə yaşayır, hadisələrin onun əleyhinə cərəyan etməsi ilə barışa bilmir və İnqaya qarşı ürəyində baş qaldıran sevgi hissini yaxına buraxmamaq üçün cəhdlər edirdisə də, bunları etməklə özünə və İnqaya qarşı nə qədər böyük haqsızlıq etdiyinin fərqində deyildi. İnqa isə onu saf və sonsuz bir məhəbbətlə sevirdi. Əsəri oxuduqca Azadın İnqaya qarşı etdikləri oxucuda qəzəb doğurur. Oxucu bütün qrup tələbələrinin qarşısında İnqaya gözəl sözlər söyləyib onu özünə bağlayan, onu dahi bir rəssamın bənzərsiz bir rəsm əsərinə bənzədən və bununla da aralarındakı sevgi münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə səbəb olan Azadın digər tərəfdən də təkəbbür və soyuqluq göstərərək məsum qızı özündən uzaqlaşdırdığına qəzəblənir. Eyni zamanda İnqanı da tələsik qərar qəbul etməsinə görə qınayan oxucu bütün bu anlaşılmazlıqların səbəbini çox sonralar anlayır. Çünki yazıçı əsərdə baş verən bəzi sualları ikinci hissədə açıqlayır.
Yalnız ikinci hissədə məlum olur ki, bütün varlığıyla Azada qəlbən bağlı olan və onu yüksək məhəbbətlə sevən İnqanın ailə qurmaq haqda tez qərar qəbul etməsinə məcbur edən səbəblər varmış və bu əsassız səbəblər ucbatından qəbul edilən qərar sonda onun məhvinə səbəb olur.
Azadın Qazaxıstanın Çimkənd vilayətindən gələn və onunla eyni yataqxanada qalan, digər bir institutda ‐ İnşaat İnstitutunda oxuyan Baysal adlı dostu hadisələrin üçüncü əsas iştirakçısıdır. Azadla Baysalın oxuduğu institutlar arasında cəmi 200‐300 metr məsafə olduğuna və dərslərinin tez başa çatmasına görə Baysal tez‐tez Azadın oxuduğu instituta gəlir, Azadı orada gözləyir və birlikdə yola çıxardılar. Bütün qrup tələbələri, o cümlədən İnqa da Baysalı artıq tanıyırdı, hətta Baysala qrup yoldaşları kimi baxırdılar. Azad Baysalı İnqa ilə tanış etməklə gələcək həyatını zərbə altında qoymasından xəbərsiz idi.
Bəzi insanlar üçün sevgi ötəri, keçici bir anlayışdır. Amma elə insanlar var ki, onlar ömründə yalnız bir dəfə sevirlər ‐ İnqa kimi. İnqa sevgisi yolunda hər cür fədakarlıq etməyə hazır olsa da, taleyin təklif etdiyi İnqa adlı gözəlliyi və səadəti qiymətləndirməyi bacarmayan, bu sevgi payında ona düşən imkandan istifadə edə bilməyən Azad bu məsələdə qətiyyətsizlik göstərir. Ən pisi o idi ki, baş verənlərin onun əleyhinə işlədiyini görən Azad bütün bunları qismətlə bağlayır, hadisələrə ehtimallar mövqeyindən yanaşır, bir tədbir görmək lazım olduğu barədə düşünmür. İnqa‐Baysal münasibətlərinin getdikcə finala doğru yüksəldiyinin şahidi olduğu gün o, onlardan qaçmaq, onların gözünə görünməmək fikri ilə şəhəri gəzib‐dolaşır, fikrini dağıtmaq üçün parka gəlir və parkda bir sərçənin quru çörəklə mücadilə etməsi və uduzması səhnəsinin şahidi olur. “Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala duracaqdım ayağa ki, götürüm sındırım çörək parçasını. Amma düşündüm ki, ayağa qalxsam, sərçə uçub gedə bilər. Təbiətin yaratdığı kiçikdən kiçik bir mübarizəyə qarışmaq ixtiyarım vardımı? Sərçə xeyli əlləşdi, bu quru çörək parçasını dimdiklədi, axırda başa düşdü ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmadğını bildiyi üçün uçub getdi”.
Rastlaşdığı bu mənzərədə özünü sərçə obrazında görən Azada şahidi olduğu bu məqamlar dərs olur, “faktı qəbul etmək lazımdır, artıq İnqa mövzusu bağlıdır mənim üçün”, deyə düşünərək, özlüyündə bir qərar qəbul edir və o gündən hər şeyə ‐ insanlara, hadisələrə, faktlara başqa nəzərlə baxmağa, “hər insan yolunu özü seçir, mən də özüm seçməliyəm” prinsipi ilə yaşamağa, İnqaya qarşı biganə olmağa başlayır. Əslində o, bu səhv qərarı qəbul etməklə, İnqanı öz əlləri ilə başqasına təslim etmiş kimiydi. Bu, əhəmiyyətli həyat məsələsi idi və bu məsələdə Azadın soyuqluğu, ondan uzaqlaşmaq istəyi, bu mövzuda etdiyi digər hərəkərlər İnqanın gözündən yayınmamışdı. O, Azadla son dəfə bu mövzuda danışmaq, onun qəti fikrini öyrənmək istəsə də, alınmamış, bütün bunlar İnqanın da ondan uzaqlaşmasına səbəb olmuşdu.
Azad İnqanı unudacağını, bu mövzuda güclü olacağını, sevgisinin üstündən xətt çəkmək kimi çətin bir işin öhdəsindən asanlıqla gələcəyini düşünmüşdüsə də, onun bu yöndə etdiyi cəhdlərin gücü yalnız bir, və ya iki aya zorla çatmışdı. Həyatının ən böyük səhvlərindən birini etdiyini düşündüyündə belə, qüruru onun başqa bir addım atmasına yol vermirdi.
Oxucu yalnız əsərin sonuna yaxın İnqanın səhv addım atmasının səbəbinin Azada acıq vermək, qısqandırmaq, ən çox da onu dilləndirmək, onun dilindən sevgi etirafını eşitmək məqsədilə edildiyini, həm də bütün bunlarda onun rəfiqəsi Loranın əsas rol oynadığını öyrənir.
Baysal ilə İnqa artıq nişanlı olsalar belə, İnqa Azadın ona sarı bir addım atacağını, sevgisini etiraf edəcəyini, hər şeyin dəyişəcəyini gözləyirdi. Amma bu gözlənti gerçəkləşmir. Azad İnqanın bu arzularının üstündən xətt çəkməklə özünün mənəvi, İnqanın isə hərtərəfli məhvinə imza atmış olur.
Baysalla İnqanın nişanlı olduğu vaxtda dəhşətli Çernobıl faciəsi baş verir. Bu, 1986-cı ilin 26 aprel tarixində Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş fəlakətli nüvə qəzası idi və əsrin böyük faciələrindən biri hesab olunurdu.
İnstitutdan Çernobıla kömək məqsədilə göndərilən iyirmi beş tələbə arasında Baysal da var idi. Vaxtilə Çernobılda hərbi xidmət keçmiş Baysal özünün qrupa daxil edilmə səbəbini bununla bağlayırdı.
Baysalın Çernobıla yola düşməsi ilə bağlı “bəlkə də fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa” yazan müəllif nə qədər haqlıydı…
Bir ay müddətinə bir‐birindən ayrı qalan cütlük, Baysalın Çernobıldan qayıtdığı günün səhərisi VVAQ-a gedib nigah ərizəsi verdilər, otaq kirayələdilər, keçmiş qaydalara uyğun olaraq yalnız tələbə yoldaşlarının iştirak etdiyi komsomol toyu etdilər.
Lakin tale Baysalın üzünə gülmədi. Çernobıl qəzasının fəsadları ondan da yan keçməmiş, radiaktiv şüalanmanın güclü təsiri onun daxili orqanlarını sıradan çıxarmışdı. Toydan çox keçmədən o, ağır xəstəliyə mübtəla olmuşdu.
Romanın ilk səhifələrində biz Azadın dostu Baysal haqda fikirlərini oxumuşduq. Baysal xaricən yaraşıqlı olmasa da, gülər üzlü, mərd və nəcib, zarafatcıl və dürüst olması ilə dostlarının məhəbbətini qazanmış biriydi. Güclü və cəsur, hundürboylu, hədsiz böyük fiziki gücə malik olan pəhləvan cüssəli bir gənç idi. İdman onun ən sevimli xobbisi olduğundan, o, xəstə halda belə idmandan əl çəkmir, bu yolla sağalmağa çalışırdı. Xəstəliyin ondan bədəninin bütün enerjisini aldığını qəbul edə bilmirdi. Əvvəlki ağırlıqda ştanqları qaldıra bilmədiyinə görə məyus olur, əvvəlki həyatına qayıtmağa cəhd edirdi. Belə cəhdlərin biri ‐ ştanqa qaldıra biləcəyindən daha ağır yük qoyması onun belinin sınmasına səbəb oldu ki, bu halda radiaktiv şüalanmanın təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq şansını sıfıra endirir. Bütün bunlar çox keçmədən onun həyatla vidalaşmasına səbəb olur.
Birtərəfli məhəbbət əsasında qurulmuş bu ailədə xoşbəxt günlər yaşandımı? Bu sualın da cavabını əsərin ikinci hissəsində oxuyuruq. İnqanın Azada dediklərindən məlum olur ki, o, Baysaldan elə ilk günlərdən başlayaraq qısqanclıq və aqressiya görmüş, bütün bunlara rəğmən onu sevmədiyini heç vaxt hiss etdirməmiş, Baysalın həyatının son günlərinə qədər ondan qayğı və nəvazişini əsirgəməmişdi. Baysalın bu şəkildə ölümü, eyni zamanda yeganə ümid yeri sandığı bətnindəki körpənin də dünyaya gəlmədən tələf olması İnqanı çox sarsıdır, qəlbindəki bütün ümidləri məhv edir, gənc yaşda həyatdan aldığı ağır zərbələrə davam gətirə bilmir və bu faciələr onun psixologiyasının dəyişilməsinə, karyerasına, institut həyatına belə son qoyur. Bütün bu hadisələr zamanı Azad nə dostu Baysaldan, nə də İnqadan köməyini əsirgəmir, Baysalın ölümündən əvvəl də, sonra da İnqaya həmişə mənəvi dəstək olur.
“Qəm yağışı” romanının hər səhifəsini oxuduqca düşünürdüm ki, buradakı baş qəhrəman elə müəllifin özüdür. O, baş verən hadisələri düz otuz ildən sonra qələmə aldığını qeyd edir, hadisələrin içindəymiş kimi davranır, Azadın hisslərini təbii şəkildə çatdırır və nəticə etibarilə bir fikrə gəlir ki: “insan həyatda bir səhvə yol verdisə, bu səhvlərin davamı da gəlmiş kimi olur”.
Oxucu yazıçının bu fikrinin doğruluğuna ən çox İnqanın həyat hekayəsini oxuyarkən şahid olur. Onun başına gələn zəncirvari faciələrin baş verməsi də, etdiyi bir səhvin acı nəticələridir. Çox təəssüf ki, bu zəncirvari faciələrin əsas və sonuncu qurbanı da romanın sevimli qəhrəmanı, anoreksiya xəstəliyinə tutulmuş İnqanın özü olur. Anoreksiya xəstəliyinə qalib gəlmək əsərin qəhrəmanı üçün çox çətin olur. Sağalmaq üçün ilk növbədə İnqa özünün ruhi vəziyyətini dəyişməyə çalışmalıydı, lakin kədərinin sonsuzluğu gənc və çarəsiz İnqaya bu imkanı yaratmırdı. Bütün günü xəstə yatağında uzanan İnqa Azadın ona bağışladığı, Amerika yazıçısı Teodor Drayzerin “Kerri bacı” romanını təkrar‐təkrar oxumaqla gün keçirirdi.
“Qəm yağışı” nı oxumağa davam etdikcə oxucu İnqanın ömür‐gün məsələsini həll etmək yolunda verdiyi qərarlara nə qədər “qəzəblənirsə”, sonunda xəstəlik müddətində ona duaçı olur, əsərin pozitiv notlarla bitməsini arzulayır, eyni zamanda İnqanın sağalması üçün Azadın atdığı hər bir addımın, etdiyi misilsiz yaxşılıqların boşa getməsinə üzülür.
Hadisələrə tam giriş etməzdən əvvəl sevgisini vaxtında etiraf etməməklə, bu sevgini zarafata çevirməklə çox böyük səhvə yol verdiyini və bu səhvin ağır bir yük kimi son nəfəsinə qədər onun boynundan asılı qaldığını etiraf edən Azad, yalnız İnqanın ölümünə az zaman qaldığı bir məqamda onları əbədilik bir‐birindən ayıran səbəblərin nədən ibarət olduğunu öyrənib çox sarsılır… Zamanı geri qaytarmaq isə mümkünsüzdür.
İnqanın və Azadın həyat hekayəsi ağıllı oxucunu nəticə çıxarmağa vadar edir. Söhbət gənc oxuculardan gedirsə, onlar anlamalıdırlar ki, “Qəm yağışı” yalnız nakam bir sevgi hekayəti deyil, ibrətamiz bir əsərdir. Biz həmişə şahidi olmuşuq ki, bəlalar tək gəlmir. 19 yaşlı gənc bir qızın ‐ İnqanın ali təhsilini başa vurmadan nişanlanmasının, hər bir insan üçün həyati əhəmiyyət kəsb edən ailə qurmaq kimi böyük bir məsələdə tələsik və təkbaşına qərar qəbul etməsinin qarşısıalınmaz fəsadları və həyatının faciə ilə bitməsi onun doğru addım atmaması səbəbindən baş verir.
Romanın sonluğu ürək parçalayan səhnə ilə bitir… Azad Daşkəndə, ömrünün son günlərində vidalaşa bilmədiyi İnqanın məzarına gedir… Bu, dəhşətli bir səhnə idi. Saatlarla İnqanın məzarı üstə diz çöküb ürək sözlərini söyləyən Azad onun sağlığında dilinə gətirə bilmədiklərini söyləyirdi… Onun göz yaşları yağan qəm yağışına qarışmışdı. Sanki, yer də, göy də İnqa adlı nakam mələyin ölümünə ağlayırdı… və bu qəm yağışı kəsmək bilmir, aramsız yağırdı ‐ Azadın qəlbinə, arzularına, fikir və duyğularına, gələcək taleyinə, İnqanın isə hazırda Azad üçün dünyanın ən müqəddəs məkanı olan məzarına yağırdı… Bu qəm yağışının yaratdığı acı səhnənin təsvir etdiyi kədərin böyüklüyünü min kilometrlərlə məsafədən oxucu da hiss etməmiş deyildi. Sevimli qəhrəmanının nakam taleyinə üzülən oxucunun gözlərindən yağan qəm yağışı isə “Qəm yağışı” kitabının müəllifinin uğurudur!
ŞEHİTLER HIYABANINDA AY YASLI Ah Karabağ’ı görmedim Ben hiç Azerbaycan’ı görmedim Gözlerim o topraklarda asılı Bir Gence sabahında yüreğim yaralı * * * Fuzuli’den bir gazeldir Hazar Şehriyar üç renkli bayrağa bakar Şehitler Hıyabanı’nda ay yaslı Bir Bakü sabahında yüreğim yaralı * * * Türkiye’den Azerbaycan’a selam olsun Ey Karabağ azatlığın kutlu olsun Ve benim gönlüm milletime sevdalı Bir Şeki sabahında yüreğim yaralı. (Şehid düşen Azerbaycanlı vatan evladına minnet ve rahmetle…)
Bu gecə yuxunun əsir gecəsi, Mən də ki, yuxudan didərgin adam. Uçub bu gecənin qaranquşları Sərhəddə oyaqdı qan qardaşları..
Uduşlu, uduşsuz lotoreyalar Hərəsi bir adı qaralayır bax Hərəsi bir qəlbi yaralayır bax… Bu tinin başında iki cavan da Eləcə başını girələyir bax…
Dağıtdı bir xəbər yüz evi getdi Ovuda bilmədim bir ürəyi də. Soyuda bilmədim bir kədəri də… Atıb pencəyimi qolumun üstə Əvvəlki yerişlə, qabakı tərzlə Qayıda bilmərəm daha o kəndə…
Cəbhədən alovlu xəbərlər gəlir Qarşıdan narahat səhərlər gəlir Geyinib qələbə paltarlarını Yenə adamların başları üstə Fəxri xiyabana şəhidlər gəlir…
Bu fəxri xiyaban yenə köç dolu Biri sinə vurur, biri saç yolur… Kimsə pıçıldayır qulaqlarıma: -Sinəsi üstündə medalı varmış.. İndi yüz sualın bir cavabı da Allahdan asılıb, Allaha qalmış… Bu şəhid oğlanın, bu bəxtəvərin Deyirlər, deyəsən “adamı” varmış…
Yenə bu gecədən bir yuxu keçir Yenə ürəyimdən bir qorxu keçir… Kımsə güllələnmə verib gecəyə Endirib səmanın ucalığından Üçrəngli bayrağı sərib gecəyə…
Gəl gedək, boz atlı oğlan, gəl gedək Gedək atımızı dəyişdirməyə Gedək adımızı dəyişdirməyə Gedək haqqımızı dəyişdirməyə… Anam öd almağa göndərib məni Gedək odumuzu dəyişdirməyə…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Ermənistanın təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub (12-13.09.2022).
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
ANALAR, ŞƏHİDLƏR… Dərdin paylanıbdır obaya, elə, Tarix bu yaranı unudan deyil. Bu günün qələbə sevinci belə Gözünün yaşını qurudan deyil. * * * Batdı gözlədiyin nişanı, toyu Bir daha sən onu görməyəcəksən. “Anan ölsün” deyib bir ömür boyu Məzarı üstündə göynəyəcəksən. * * * Nələr çəkdiklərin Tanrıya bəlli, Qaysağı yaranın dərini verməz. Nə mahnı, nə şeir, heç bir təsəlli Sənə öz oğlunun yerini verməz. * * * Qəlbiniz həsrətdən oda düşəndə Gedin Qarabağa siz axın-axın. O şəhid oğlunuz yada düşəndə Murova boylanın, Şuşaya baxın. * * * Silinməz bu ağrı, bitməz bu səfər, Yolun çox uzundur şəhidim, sənin. İki min səkkiz yüz səksən bir nəfər Şəhid anası var indi Vətənin. * * * Qəlbindən silinməz getməz bu kədər Sizi zaman-zaman anacaq onlar. Şəhid balasına yandığı qədər Doğma Vətəninə yanacaq onlar. * * * İgidlər önünü kəsdilər şərin Açıldı Vətənin qolu, qanadı. İki min səkkiz yüz səksən bir nərin İndi bir kəlmədə boy verir adı!
* * *
Şəhidlər – nur verən Günəşə, aya, Şəhidlər, tarixə dönən şəhidlər. Şimşək yanğısıyla gəlib dünyaya, Şimşək alovutək sönən şəhidlər! * * * Yarımçıq ömürlə bütöv getdiniz, Bu yurdda günəşlə, ayla tənsiniz. Siz canı Vətənə fəda etdiniz, İndi hər biriniz bir Vətənsiniz. * * * Sizə ağı deyib öyən analar, Qəlbimi yer-yerdən qanadır indi. “Oğul, anan ölsün” deyən analar Anamız Vətənə anadır indi!
Bu gün gözəl insan sevimli şair Ildırım Akberoğlunun anadan olduğu günüdür. Doğum günündə şairi rəhmətlə anırıq. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin.
“Yazarlar” jurnalı tərəfindən təşkil olunmuş müxtəlif tədbirlər zamanı qaliblərə təqdim olunur. Diplomdan ibarətdir. Mərhum şairimiz İldırım Əkbəroğlunun oğlu Xəzri Əkbərin xeyir-duası ilə ərsəyə gəlmişdir.