(Bəzən) elə zənn edirlər ki, poeziya (sadəcə) zahiri gözəllikləri vəsf etmək prosesidir (buna da şeiri «poetik yalan» hesab edənlər zəmin verib). Unudurlar ki, poeziya real vəziyyəti bir qədər qabarıq – olduğu həcmdə, lakin obrazlı, məzmunlu ehtiva etmək çək-çeviridir; şeir də «poetik yalan» olsaydı, onda tarixdə bu qədər ədəbi salnamə qalmazdı. Nə isə…
Məqsəd sözə sevgi ilə tapınmaq, onun hansı çəkidə olduğunu bilməkdir. Bir növ, sözə (həm də) ehtiyatla yanaşmaq lazımdır; (zatən) o, sənin kim (nəçi) olduğunu (onsuz da) faş edir. Füzuli demişkən: «…Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz…»
Əslində, sözə tapınmaq, poetik təlatümlərin qarşısında duruş gətirə bilmək Allahın təqva yükünü (az da olsa) daşıya bilmək mənası verir. Bu yazıda sözə Bismillahsız əl uzatmayan Xatirə Əzizqızının yaradıcı ovqatından, daha dəqiqi, onun istedadlı şair-publisist, tərcüməçi, ədəbiyyatımızda «Ağ adam», «Ağ div» kimi obrazlaşmış Giya Paçxataşvili haqqında yazdığı kitabdan bəhs etmək niyyətindəyik.
Bir qədər diqqətlə nəzər yetirəndə, görürük ki, Xatirə xanım (əslində) kitab boyu Giya Paçxataşvili haqqında dediyi fikirləri əvvəlcə kündə kimi ovxalayıb, ununu-urvasını (yəni, bədii çalarını, ifadə tərzini, hətta eyhamını) qədərində səpib, sonra oxucu qənşərinə çıxarmaq üçün cəhdlər edib.
Görək ilk baxışdan kitab bizə nəyi təlqin edir? Müəllif Baş Obrazın zahiri görkəmində təcəlla edən ağayanalığı təqdir edib və bu timsalda bizə aşağıdakıları duymaq qənaəti verib:
1.Əlbəttə, insan ömrü xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur. İllər qoşun çəkdikcə xatirələr azalır, ömür daha da şirin olur. İnsan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə tapır…
2.İllər insanı çox vaxt doğmalarından, hətta qoynunda göz açdığı yurd-yuvasından uzaq salır. Hansısa xoş bir günə vaxt-vədə yetişəndə biz yaddaşımızda ilişib qalan xatirələrə müraciət edirik. O xatirələrə ki, uşaq çağlarımızı bir rəngdə, yeniyetmə vaxtlarımızı başqa bir rəngdə. Sonrakı illəri də tamam fərqli göstərir…
3.İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi acı-şirin həqiqətlər yaddaşa möhür vurur. Biz o narahatlığı çox vaxt şirin duyğu kimi dadırıq və s.
Bu paradokslar kitabla bağlı təəssüratlarımızı doğru-dürüst cilalayır. Anlayırıq ki, insanın (bir) pünhan məcra olması mifik deyil, gerçək zərurətdir. Kimin ki, surətində həya qızartıları çox olur, onlar Allah sevgisində səmimi və məqbuldurlar. Abrında, həyasında bütövlər də bu kateqoriyaya aid edilirlər. Xatirə Əzizin təqdimatı ilə razılaşıb biz də Giya Paçxataşvilini bu sırada görürük. O, doğrudan da (surətcə) aşkar bir fövqəllik kəsb edir… (Özü qədər) utancaq, söz deyəndə ağ sifətinə narıncı həya çaları enən Giya – bu Ağ Adam duvağını üzünə çəkib farağat dayanan qəlb sızıltılarının hənirini hamıdan gizlətsə də, biz o acıları dadırıq. Xatirə xanımın o acılara qatdığı bədii tutum bizim təhlil-tədqiq səmtimizi əxz və idrak edə bilir…
Kitabda razı qaldığımız nüanslar çoxdur. Məsələn, müəllif (əvvəlcə) Giya müəllimin şeiri necə yazmasından daha çox şeirdə nə qədər məsafə qət etdiyinə diqqət çəkir. Sonra onun həyatdan aldığı ağır təsirləri, içində qövr edən ağrı-acıları oxucuya giley şəklində ifadə etməməsini, dərin mükalimə yürüdə bilən qəlb sahibi, özünü dürüst tədqiq edən israrçı olduğunu mühüm təsisat kimi şərtləndirir.
Yaxud, o, Giyanı içində (həvəslə) həyat sevdası cücərdən, sonra da acı təəssüratların «xatirələrini» dadan insan qismində görür, bu qədər zülmə müntəzirkən asi düşməməsindən heyrətlənir. Bəzən çoxumuzda belə hallarda səbr öz ümdə vəzifəsini itirir. Giya Paçxataşvili isə qulluğunda müsəlləh əsgər kimi durduğu həyatın əks həmlələrinə sinə gərir, öz sevda limanında rahat üzən gəmilər kimi ləngərsiz görünür.
Xatirə xanım Giyanın şeiriyyətindəki kövrək məftunluğu bizə ağır salxarda təqdim edir, onun fikir qatarının gözüqıpıq olmadığına eyham vurur. Biz dərhal bu ədəbi çaları qəbul edirik, çünki özümüz də dərdin hansı rəngdə olduğunu bilirik. Giyanın da nəfs xatirinə ömür sürən insan olmadığına (dəfələrlə) şahidlik etmişik. Əksinə, o, həmişə ali duyğularla pərvaz etmək, uca məqamlara əl toxundurmaq hissində var-gəl edib. Ola bilər, taleyin vurduğu yaralar onu bir az fikirli, bir az da küskün qoyub, ancaq çöhrəsində qoruyub saxladığı fövqəl tərbiyə onun poeziyasının ən vacib nüansı kimi bizi məmnun edib.
Xatirə Əziz təkcə publisistik yazılarında deyil, həm də bir neçə şeirində Giya Paçxataşvilinin çəkdiyi iztirabları, yaşadığı acıları bir həyat zərurəti kimi bəlli edib, onu əhatə edən təsisatları sadəcə formal status kimi gözdən keçirməyib, həm də bədiiləşdirib. Bu anlamda müəllifin Baş Obraz(ın)a həsr etdiyi şeirlərdə (də) şəxsiyyət amili əsas götürülüb:
…Vətən oğlu, məni dinlə,
Yandırdığın çıraq sönməz.
***
Xatirə haqdan söz dərdi,
Şair, sözüm ləldi, dürdü.
Şairlik əzəldən sirdi,
Ömür yaşa, var ol, şair!
***
…Taleyini kim yazdı?
Bəxtində sevinc azdı.
Baharın da ayazdı,
Söylə, xəbərin varmı?
***
Haqdan gəlir dürr sözün,
Qəlb ovudur hər sözün.
Ruha məlhəmdir sözün,
Uca Adam, Dağ Adam,
Şair Adam, Ağ Adam!
Bu parçalarda Giya Paçxataşvilinin insan surəti, yaradıcı ovqatı məzmun kəsb edir. Xatirə xanımın Giya müəllim haqqında yaratdığı təfərrüat oxucunu bir az ehtiyatlı olmağa təhrik edir, onu elə bu çevrədə «Ağ adam»ın ağ dünyasına «səyahətə» aparır.
Bundan başqa, kitabda diqqətimizi çəkən nüanslar daha çoxdur: məsələn, (əsas obraz) Giya Paçxataşvili sadə insan kimi çalar tapır; hər iki məkanda – həm Azərbaycanda, həm də Gürcüstanda eyni miqdarda sevilir, əzizlənir; özünün ağ dünyasına çəkilib oradan həyatın hansı gərdişdə pərvəriş etdiyini aydın görür və s. Belə deyək, kitabda Giya müəllimin həyatı, fəaliyyəti, insan münasibəti və yaradıcı ruhu mümkün qədər təfsilata cəlb olunub.
Ən əsası da, bəhs etdiyimiz kitabda Giya Paçxataşvili poeziyamızın «Ağ adam» obrazı kimi məna tapa bilib. Bu da Xatirə Əzizin ədəbi uğurudur.
Eşitdiyimizi dərk edə bildiyimiz andan, ağlımız kəsəndən bəri ən çox eşitdiyimiz və özümüzün fəxrlə söylədiyimiz bir ifadə var: “Biz müəsəlmanıq! Dinimiz islam dinidir!” 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmaması ilə fəxr etdiyimiz “Qurani-Kərim”imiz ən müqəddəs kitabdır. Sayımız da nə az, nə çox – 1.8 mlrd-dır, yəni, az qala yer kürəsinin hər dörd nəfərindən biri. Yaxud, 24%.
Yaxşı, dünyanın 4\1-i olmaqla, başqa sahələrdə necəyik, payımız nədir? İslamın “dünəni” necə olub, bu günümüzə nə ilə gəlib çıxıb? Yolumuz hayanadır: tərəqqiyə, inkişafa, yaxud geriyə?
Ondan başlayım ki, yarım əsrdən çox yaşım olsa da, son iki ildə islam dünyasının tarixi barədə öyrəndiyim, tapıb mütaliə etdiyim sənədlər əvvəlki 50 ilimdən əlli dəfə çox oldu. Çox maraqlı faktlar tapdım, çox suallar çıxdı ortaya. Bu işlərin meydana gəlməsində və nəticə olaraq bu mövzuda müxtəlif elmi jurnallara göndərdiyim məqalələrin yaranmasında səbəbkarlardan biri, yaxud, birincisi Amerika alimi, astrofizik Neil deGrasse Tysonun bir mühazirəsi oldu. Alim, tələbələr qarşısında çıxış edərkən, islamın Qızıl Dövrü, dinimizin yüz illərlə elmi tərəqqini bayraq etdiyi, elmin-zəkanın lokomativi – daşıyıcısı olduğu barədə məlumat verərək, təəsüflə cəhalətin sonralar necə ayaq aldığını, dövrünün qabaqcıl alimləri dərs dedikləri mədrəsələrdə dünyəvi elmlərin (cəbr, fizika, astranomiya…) dini mövzularlza əvəz olunduğunu, bu işdə bir nəfərin əsas rol oynadığı barədə danışırdı. N. G. Tyson islam dünyasının böyük alimi sayılan Əl-Qəzalinin adını çəkdi. Bizə heç yerdə, heç bir molla-axund belə məlumat verməzdi. İnternet-saytları “ələk-vələk” etdim, islamı təbliğ edən saytlara saatlar itirdim. Tərif, təbliğ və xoş sözlərdən qeyri bir şey görmədim. Tənbəllik etmədim, götürüb bu alimə məktub yazdım. Xahiş etdim ki, bu gözəl alimin əl-Qəzali barədə dediklərini haradan götürdüyü barədə, zəhmət deyilsə, mənə də məlumat versin. Və mister Tyson bizim yüz fırıldaqla alimlik “alan”larımızdan fərqli olaraq …cavab verdi, sadəliklə! Mən də, Rusiyada tapa biləcəyim istinadlardan istifadə edərək, çox maraqlı tarixlə tanış oldum.
Əlbətdə, bir-iki məqalə yazmağla, heç də islam dünyasının bu böyük problemini tam əhatə etməyi düşünməmişəm. Sadəcə olaraq, müsəlman dünyasının Xll, Xlll əsrlərə qədər keçdiyi şanlı yolu, dünyaya bağışladığı elmi-texniki inciləri yada salmaqla, bu günümüzdə höküm sürən dəhşətli geriliyə, cəhalətə qarşı etiraz səsi qaldıranlar sırasında olmaq istəmişəm. Elmi kəşflərin, fizikanın, riyaziyyatın, astranomiyanın 500 ildən çox himayəçisi olmuş İslam dinini niyə indi elmi tərəqqidən, inkişafdan uzaq, elmin-zəkanın əleyhdarı kimi qələmə verirlər?
Bir neçə qorxu doğuran faktlara baxaq. Tək bir Harvard Universitetinin dərc etdiyi elmi işlərin sayı bütün ərəb ölkələrinin birlikdə etdiklərindən çox olub. (Спад мусульманской креативности: Вестник Череповецкого ГУ-2014 № 6 C 27)
İraq alimi Əli Ə.Əlavi öz monoqrafiyasında qeyd edir ki, müsəlmanlar dünya əhalisinin 20%-ndən çoxdurlar. Bunun qabağında bütün müsəlman ölkələrinin dünyəvi elmi tədqiqat işlərində yeri 1,48% təşkil edir. Təkcə bir İspaniya dövlətinin elm dünyasında payı 1,17%-dir. İslam ölkələri elmə milli gəlirin 0,8%-ni ayırdıqları halda, İsraildə bu 4,4%-dir. (İslam sivilizasiyasının böhranı. Əli A. Ələvi. – Sarayevo, 2012. S 259).
Digər, həyacanlı rəqəm: İslam Əməkdaşlıq Təşkilatında – İƏM, 60-a yaxın ölkə – hər min nəfərə orta hesabla 8,5 nəfər alim-mühəndis düşür. İnkişaf etmiş ölkələrdə bu göstərici ağıla gəlməz dərəcədə fərqlidir: 139,3 nəfər!
“Qızıl dövr”
Dünyəvi elmlərin inkişaf tarixinin yolu qədimlərdən başlayır. Bu yolda müsəlman şərqinin verdiyi töhfələr dünya elm ərləri tərəfindən heç vaxt unudula bilməz. O dövrün İslam alimləri müasir elmin əsasını təşkil edən astronomiya, fəlsəfə, riyaziyyat, tibb, tarix və digər elmi sahələrdə ən zəngin bilik və baxışlara sahib idilər. Bir neçə tarixi şəxs adları çəkək. Aristoteldən sonra “İkinci müəllim” sayılan əl-Fərabi; riyaziyyatçı, astronom, klassik cəbrin qurucusu, əl-Xorazmi; alim, filosof və həkim İbn Sina, onlarla başqa körkəmli elm “sutunları”, islam dünyasının yetirdiyi alimlər…
Mərkəzləşmiş İslam dövlətinin qurulması sayəsində o dövrün dünya elmi öz inkişafında güclü bir təkan aldı. Eramızın 7-ci əsrindən başlayaraq həmin dövrdəki müsəlman dünyası dünya elminin mərkəzinə çevrildi.
İslamda dini və hüquqi normalar, davranış qaydaları olan Hədisə uyğun gələrək, ilk günlərdən islam dünyasında elmə-zəkaya sahib olmaq həvəsi, bilik istəyi müsbət qarşılanırdı. Elmə, elmi əməklə məşğul olan alimlərə himayə etmək, elm yolunda xərclər çəkmək hər bir imkanlı müsəlmanın şərəfli vəzifəsi sayılırdı. Çünki, “Qurani-Kərim” belə buyururdu: “Hər bir insanın yeganə ləyaqətli yolu ziyadır, dərrəkadır”.(1)
Məşhur isveçrəli şərqşünas, ərəbşünas, professor Adam Metz “Müsəlman İntibahı” adlı işində müsəlman zadəganlarının, hakim elitanın kitablara, əlyazmalara necə böyük hörmətlə yanaşdıqlarını və necə qoruduqlarını ətraflı qeyd edir. [2]
Doğrudan da imperatorlar – xəlifələr, çoxsaylı əmirlər, müsəlman imperiyasının müxtəlif saray məmurları həvəslə elmin və elmi işçilərin himayədarlarına çevrildilər. Alimlərin hər hansı bir təşəbbüsünü maliyyələşdirərək, yüz minlərlə kitabı olan nəhəng kitabxanalar yaradıldı. Həmin kitabxanalarsa, öz növbəsində, elmi mərkəzlərə çevrildilər. Nəhəng kitabxanaları olan Bağdad, Şam, Qahirə, Kordova – Əl-Əndəlüsün (İspaniya) paytaxtı, islam dünyası elminin, şeirinin və sənətinin mərkəzi idilər.
O dövrün elmi konsepsiyaları hakim dini dünyagörüşün və antik fəlsəfənin açıqlamaları əsasında qurulmuşdur. Elmi inkişaf dinlə sıx əlaqəli olaraq, öz yolunu dini siyasətin təsiri altında istiqamətləndirirdi.
İslam dininin bilavasitə təsiri və nəzarəti altında o dövrün elmi ingişafı “İslamın Qızıl Dövrü” (750-1258) adlanan fazaya daxil olaraq, ən yüksək inkişaf mərhələsinə çatdı. Əfsuslar, “Qızıl Dövr”ün sonu yetdi. Gündə bir elmi kəşfin vətəni olan İslam dünyasının dünyəvi liderliyinə, texniki avanqardlığına sanki, nöqtə qoyuldu. O dövrdən yüzilliklər keçsə də, sanki tarix donub qalıb Xlll-XlV əsrlərdə.
Hazırda dünya şöhrətli görkəmli alimlər arasında, mühüm kəşvlər siyahısında İslam dünyasının nümayəndələrini görmürük, görsək də, müqayisə olunmayacaq qədər az.
Zəngin elmi və tarixi keçmişin fonunda təbii olaraq suallar çıxır ortaya. Axı, niyə belə oldu? Kimdir günahkar? Müsəlman ölkələrində elmin tənəzzülünə səbəb olan nədir? Başlanğıcda bir az tarixi xatırlayaq.
7-ci əsr və 8-ci və birinci yarısında Ərəbistan yarımadasında nəhəng bir müsəlman dövləti – Ərəb Xilafəti quruldu. Çox qısa bir müddətdə xilafətin sərhədləri Ərəbistan yarımadasından kənara çıxdı. Şimali Afrikanı fəth edən ərəblər, Cəbəllütariq Boğazını keçərək bir neçə il ərzində, az qala, bütün İspaniyanı fəth etdilər. Bu fəth Ərəb-müsəlman sinkretik mədəniyyətinin Avropaya nüfuz etməsinə bir başlanğıc verdi. Əl-Əndəlüs (Pireney yarımadası) – “Müsəlman İspaniyası” bütün Avropa üçün elm və mədəniyyətin inkişaf mərkəzinə çevrildi. X əsrdə Avropada yüzlərlə mədrəsələr açıldı. Təkcə Əmirliyin paytaxtı Kordovada astronomiya, tibb və riyaziyyatın tədris olunduğu təxminən 30 mədrəsə var idi. Buradakı islam alimləri avropalılara yeni biliklər öyrədirdilər. Qeyd edək ki, indi primitiv görünən o dövrün bəzi yeniliklərini: yel dəyirmanlarının, su nasoslarının, kağızın, onlarla digər yeniliklərin nə olduğunu avropalılar ərəblərdən öyrəndilər. Müasir mənada başa düşülən hamamda çimmək kimi gözəl adəti islam ordusu gətirdi Avropaya.
Bütün bunlar, o dövrün elmi, texniki inkişafı bilavasitə, dinin himayədarlığı sayəsində güclənirdi və inkişaf edirdi. Çünki “Qurani-Kərim” “beşikdən qəbrə qədər elm axtarmağı” tövsiyə edirdi. Quran elmləri öyrənməyi duaları bilməklə eyni olduğunu əyan edirdi.
Alman şərqşünası F. Rosenthal, orta əsr İslamında elmə-zəkaya yetirilən diqqət fenomeninin öyrənilməsinə həsr etdiyi əsərində məhz biliyin müsəlman orta əsrlər mədəniyyətində əsas hakim qüvvə olduğunu qeyd etmişdir. [3]
9-cu əsrin əvvəllərində Bağdad xəlifəsi əl-Məmun sarayında böyük bir kitabxana, “Müdriklik Evi” yaratdı. Bu, o dövrün elmlər akademiyası idi. Bütün İslam dünyasının görkəmli alimləri buraya dəvət edildi. Müdriklik Evinə böyük alim əl-Xorazmi rəhbərlik edirdi. Bu dahi alimin riyaziyyata dair “Rəqəmlər və onlarla olan hərəkətlər haqqında”, “Kitab əl-cəbr və mukabala” əsərləri bu gün də diqqət altındadırlar. Alimin kvadrat tənliklərin həlli metodu bu gün də istifadə olunur. Həm də əl-Xorazmi meridianın bir dərəcəsinin uzunluğunu hesablayan ilk alimdir.
XIII əsrdə Marağa rəsədxanasında çalışan görkəmli Azərbaycan alimi, astronom, riyaziyyatçı, filosof, ilk kvadrantın (radius 6,5 m) müəllifi Nəsrəddin Tusinin əsərləri əvəzolunmazdır. Məhz onun sayəsində trigonometriya bir yolluq astronomiyadan ayrıldı, müstəqil bir elm halına gəldi. [4]
“İslamın Qızıl Dövrü”ndən danışarkən keçmişdə islam dünyasında elmin belə çiçəklənməsinə təkan verən səbəblərin nələr olduğunu düşünək. Əsasları seçək:
-Müsəlmanlarda fəth etdikləri xalqların mədəniyyətlərinə maraq və tolerantlıq
-“Qurani-Kərim”də bilik arxasınca getmək çağırışı
-İslamın insanların coğrafiya və astronomiyada bilikli olmasını tələb edən yeganə din olmağı
Müsəlman harada olursa olsun, Məkkənin istiqamətini bilməlidir.
-Digər bir amil: ərəblər ölkələri fəth etdikcə, əllərinə çoxsaylı qədim kitablar, elmi işlər keçdi və hamısı ərəb dilinə tərcümə edildi. Ən əsas amilsə, o dövrlərdə hakim elitanın, dini rəhbərliyin elm adamlarına – şairlərə, filosoflara, riyaziyyatçılara və digərlərinə birmənalı şəkildə himayəçiliyi idi. Xilafətin hər tərəfində hər birində məşhur alimlərin olduğu çoxsaylı məktəblər – mədrəsələr yaradıldı. İslam dini deyirdi: “Bilik üçün çalışmaq hər müsəlmanın borcudur ”.
Beləliklə, birdən-birə İslam dünyasında nə baş verdi ki, elm-tərəqqi yolunu tutmuş sivil inkişafın önündə olan böyük mədəniyyət Xll-Xlll əsrlərdən başlayaraq, abskurantizmin (qaranlıqlığın) qucağında ilişib qaldı? İnkişafa səsləyən elm və zəkanın yerinə dini radikallıq, dözümsüzlük, gerilik gəldi?
Bu gün elmi və texnoloji inkişafda Qərbdən müqayisə olunmayan qədər geri qalmış, hətta, bəzi suallarda acınacaqlı vəziyyəti yaşayan müsəlman dünyasında minlərlə mütərəqqi beyinlərdə dolanan bircə sual var: “Nədən belə oldu?”
“Tənəzzül: səbəblər, axtarışlar”
Əlbətdə, bu suala cavabtək arenaya müxtəlif səbəblər atırlar. Burada monqol istilaları, səlibçilərin yürüşü, nəhayət, İngiltərə-Fransız müdaxiləsi (XIX əsr) var. Bu variantların əleyhinə uzun müddət və faktlarla danışmaq olar. Dünyanın yarısına sahib olan islam imperiyasının – xəlifətlərinin, monqollara – qəniməti saymaqdan qeyri heç nə bacarmayan savadsız bir köçəri tayfaya məğlub olmasının bircə izahı ola bilər. Monqollar gələndə, artıq, islam dünyası tənəzzülünü yaşayırdı.
Enişin, tənəzzülün əsas səbəbi səlibçilər də ola bilməzdi. Onlar kitabxanaları və tədqiqat mərkəzlərini məhv etmədilər. 1303-cü ildə isə şərqdən tam çəkilib getdilər. Üçüncü adı çəkilən səbəb də inandırıcı deyil. XlX əsrdə başlayan müstəmləkəçilik (İngiltərə-Fransız) nisbətən qısa müddətə, ikinci dünya savaşına qədər davam etdi. O vaxtdan təxminən 80 il keçir. Nə elmi irəliləyiş var, nə texniki kəşflər.
Başlıca səbəbə (mənim fikrimcə) hələlik toxunmayaraq, islam dünyasında elmin, inkişafın tənəzzül etməsinin səbəblərindən biri kimi, Xll əsrdən başlayaraq, hakim elitanın elmə, onun maliyyələşdirilməsinə münasibətində köklü dəyişiklik olmasını göstərmək olar. İslam dünyasında elmin inkişafı həmişə hakim elitanın dəstəyindən asılı olmuşdur (və indi də elədir). “Qızıl Dövr”-də xəlifələr, əmirlər alimlərə, elmi axtarışlara qəyyum idilər. Onlar elmi mərkəzləri maliyyələşdirdilər, alimlərə maaş ödənilirdi. Bəzi xəlifə və əyanların özləri də elmi işlə məşğul idilər. Ancaq elə ki, qızıl dövr keçdi, bu xəlifələrin, əmirlərin varisləri, sənətin, elmin himayədarı olmaqdan imtina etdilər. Daha elm adamlarına, elmə xərc çəkmək istəmirdilər. Artıq, beyinlərdə qızıl, qiymətli daş-qaş, var-dövlət yığmaq həvəsi üstünlük edirdi. Elmi-texniki tərəqqi xərc tələb etdiyi üçün elita özü elmin, tərəqqinin əlehidarlarına çevrildilər. Son 800 ildə islam dünyasında aparıcı qüvvələrin düşüncəsində elmlə, biliklə bağlı nə qədər dəyişiklik olub (olubmu!)?
İslam dünyasının geridə qalmasının səbəblərini araşdırarkən, çox fərqli yanaşmalar da olur. Çox radikal baxışlar çıxır ortaya.
Bir çoxları, belə geriliyin, keçmiş şanlı tarixin itirilməsinin səbəbitək, hansısa “İslama qarşı bir sui-qəsd nəzəriyyəsi”ni dilə gətirirlər. Bu “nəzəriyyənin” başında isə, guya Qərb, yəhudilər dururlar. Unudurlar ki, ilk yahudi dövləti 1949-da yaranıb…
Kimsə elmi və texniki geriliyin səbəblərini İslamın özündə görür. Bu cür mübahisələr nə dərəcədə doğrudur? İslam, yer üzərində bərqərar olduğu andan Xll əsrə qədər dünya elminin inkişafı üçün böyük elmi baza yaratdı, elmin inkişafına islam özü böyük töhfələr verdi. O dövrlər, Vatikan fikir ayrılıqları olan elm adamlarını ocaqlarda yandırarkən, İslam elmdəki hər hansı bir kəşvi, yeniliyi dəstəkləyirdi. İlk 800 ildə İslam radikal deyildi. Yəhudi və xristian alimlər Xəlifətin istədikləri yerində müsəlmanlarla birlikdə elmlə məşğul idilər. Heç kim onları təqib etmirdi, düşmən saymırdı.
İslam dini, din olmaqla yanaşı, ailə və həyat tərzidir. Şəriətdə – hər bir fərdi şəxs üçün – davranış və ailə prinsipləri barədə hər suala cavab var. Bir sözlə, hər bir müsəlman istədiyi suala Şəriətdə cavab axtarır. Burada meydana olduqca ciddi bir məsələ çıxır. Bəlkə də, bütün geriliyin, qaranlığın əsas səbəbi. Bu səbəb barədə müsəlman dünyasında danışmaq modda deyil. Yan keçir hamı bu sualı.
Qaranlığa aparan “işıq”
Rəqəmlərlə başlayaq: Nobel mükafatçıları sırasında 15 milyonluq yəhudi xalqının 209 nəfər, o cümlədən, dəqiq elmlər: fizika – 59 nəfər, tibb – 56, kimya 35 nəfər. 1 milyard 800 milyon müsəlmanın – …3 nəfər! Pakistanlı fizik Abdus Salam. MARAQLI FAKT: 1974-cü ildə alimi günahlandıraraq müsəlmançılıqdan çıxarıblar, qovublar. Gedib Oksforda. 1979-da mükafatçıdır. Amma yenə, öləndə dəfn ediblər vətənində. Qəbir daşında isə yazıblar: “İlk müsəlman Nobel mükafatçısı Dr. Abdus Salam”. 2-ci mükafatçı: Misir – Amerika alimi fizik Əhməd Zevail və 3-cü, kimyaçı Aziz Sancar, türk.
Burada, yenidən qayıdıram, Amerikalı alim, astrofizik Neil D. Tysonun tələbələr qarşısında “İslamın Qızıl Dövrü”ndən, onun elmi inkişafdakı rolundan bəhs edən çıxışına. O, İslam dünyasında elmin bugünkü inkişafı ilə orta əsrləri müqayisə edərək Şərqin Qərbdən geridə qalmasının səbəblərini təhlil etməyə çalışırdı. Lektor bu mövzuda ilk növbədə görkəmli islam ilahiyyatçısi, alimi Məhəmməd əl-Qazalinin (1058-1112) adını çəkdi. N. Tysona görə, nüfuzlu alim-ilahiyyatçı əl-Qazali ilk dəfə olaraq, müsəlmanları tədris sistemində dünyəvi bilikdən imtina etməyə çağırdı, müsəlman riyaziyyatçılarının dünyaya öyrətdikləri rəqəmləri belə, “şeytan qurğusu” (N Tyson) adlandırdı.
Müsəlman dünyasında riyaziyyat, fizika, astranomiya, fəlsəfə, təbabət kimi elmlərin ingişafını dayandırmaqda müstəsna rolu olan görkəmli və olduqca nüfuzlu ruhani alim əl-Qazali barədə oxumaq çox maraqlıdır.
Əl-Qəzali yazılarını araşdıran alimlər arasında fikir ayrılığı var. Tədqiqatçıların bir hissəsi onu müsəlman dünyasında elm və tərəqqinin ən amansız əlehidarı kimi tanıyır. Alimlərin başqa bir hissəsi isə əl-Qəzalini ortodoksallığın ən böyük müdafiəçisi hesab edirlər. Bir çox araşdırıcılar onun “Dini Elmlərin Dirçəlişi” kitabına istinad etdilər. Bu kitabdakı əsas fikir, İslamın təməllərini zədələyən təlimlərdən, elmi istiqamətlərdən dinin qorunması idi. “Dini Elmlərin Dirçəlişi” əsərinin konsepsiyası müasirliyin tələblərinə cavab vermirdi, əksinə, mədrəsələrdə tədqiq olunan elmi mövzuların azaldılmasını təklif edirdi. Əl-Qəzalinin və onun tərəfdarlarının bu çağırışları açıq-aydın bir yenilik idi. Hətta, çox maddələr islamın keçdiyi 5-6 yüz illik parlaq ingişaf yoluna uyğun gəlməsə də, o dövrün bir çox din liderləri əl-Qazalini islamın islahatçısı, dini saflığın ən böyük müdafiəçisi adlandırdılar.
Əl-Qəzali azad elmi düşüncəyə qarşı çıxdı. O, səbəblər və nəticələr arasındakı əlaqəni inkarlayaraq, onları hadisələrin sadə bir ardıcıllığından başqa bir şey adlandırmadı. Əl-Qəzali, bu məsələnin – səbəbiyyət anlayışının din üçün əhəmiyyətini və təhlükəsini yaxşı başa düşürdü: səbəb varsa – nəticə var. İki varlıqdan biri (səbəb) digərinin yaranmasına (nəticə) gətirib çıxarırsa, bəs burada Tanrının rolu nə olur? Səbəb və Nəticə varsa, necə demək olar: “Qismət budur”, “Yazıya- pozum yoxdur”, “Yaradanın işidir”, və i. və s. Əl-Qəzali bunu gözəl anlayırdı.
Əl-Qəzali yaxşı bilirdi ki, “səbəb və nəticə” kimi sualın elmi təfsiri bir səbəb kimi ilahi qüvvənin rolunu inkar etməyə işarə ola bilər. Nəticəni səbəb yaradırsa, fövqəltəbii qüvvələrin müdaxiləsinə yer yoxdur. Bunları yaxşı anlayan əl-Qəzali və digər ruhani alimlər bütün güc və imkanlarını birinci olaraq, filosoflarla mübarizəyə yönəltdilər. İlk tənqid obyektləri Yunan filosofu Aristotel və nüfuzlu alim, həkim, filosof İbn Sina idi.
Əl-Qəzali “Fəlsəfənin təkzibi” əsərində, öz fikrincə fəlsəfənin din üçün son dərəcə təhlükəli olan bütün suallarını müəyyənləşdirdi.
Bir vaxtlar, Malayziyanın keçmiş baş naziri Mahathir Mohamad demişdir ki, islam teoloqlarının (dini alimlərin) meydana çıxması ilə islam dünyasında elmi ingüşaf qeybə çəkildi. Çünki onların fikrincə elmin öyrənilməsi şəriətdən qırağa çıxmamalıdır. Bu fikir məgər cavab vermirmi çox suallara!
Əl-Qəzali yazılarında təbiətdə baş verən hadisələri yalnız fövqəltəbii qüvvənin iradəsi sayır. Göy guruldayır, yağış yağır – elmi izahı yoxdur, ilahi qüvvənin işidir. Ana bətnində oğuldur-qızdır, 9 ay sirrdir, yuxarıdan təyin olunacaq, qocalma bioloji proses ola bilməz, və i. və s. Onun fikrincə, belə normanın mövcudluğuna dair başqa bir fikir qəbul edilə bilməz.
Əl-Qəzali rasionalizmə qarşı mübarizədə əlindən gələni etdi, mədrəsələrdə öyrədilən fəlsəfəni dəyişdirdilər, onu müsəlman inancları sisteminə qoydular.
Dini mühafizəkarlıq, ortodoksallıq elm üzərində sarsıdıcı qələbə qazandı. Təhsil sistemləri ağır dəyişikliklərə məruz qaldı. İslam dünyasının bütün dövlətlərində tədris proqramları dəyişdi, dini mövzular qalmaqla, digər fənnlər yox oldular. Bir vaxtlar astronomların, fiziklərin, riyaziyyatçıların məşğul olduqları və mühazirə oxuduqları mədrəsələrdə yalnız ərəb qrammatikası, teologiya, müsəlman hüququ qaldı. Hətta, Ərəbistanın xaricində əlavə olaraq, ərəb dilinin əsaslarını öyrətməyə başladılar. Avropaya elm-savad, tərəqqi gətirən müsəlman dünyasında elm ciddi bir zərbə aldı və İslam dünyası tənəzzülə uğramağa başlayaraq, hələ də sonu görünməyən qaranlığa üz qoydu.
Elmə, elmi və texnoloji tərəqqiyə tamamilə anlaşılmaz münasibət höküm sürür. Nədənsə, elmi “Qərb”çi sayırlar. Qorxurlar ki, elmi tərəqqi bu və ya digər şəkildə ənənəvi dini dəyərlərin zəifləməsinə, sərbəst düşüncəyə gətirib çıxarır. Bu isə, müəyyən suallar yaradar.
Bir faktdan da demək istərdim: ilahiyyat elmlərinin ən əsas bölməsi sayılan Təfsir barədə. Sadə dillə desək, Təfsir- bizlərə göndərilən Qurani-Kərimdə olan ayələrdə Allah Təalanın məqsədinin nə olduğunu açıqlayıb ortaya qoymaq metodur. Qurani-Kərimi təfsir edən şəxs gözəl dini savadı olmağı ilə bərabər, ərəb dilini və onun qrammatikasını ən yüksək səviyyədə bilməlidir. Hələ, bu azdır, hətta, təfsir edən şəxs köhnə ərəb dilini də gözəl bilməlidir. Onda, başa düşülməkdə çətinlik olan ayələrin mənasını müsəlman dəqiq və doğru qavrayacaq. Bi iş həmişə belədirmi? Əlbətdə, yox! Bəzən, xalq qarşısında, məclislərdə, məscidlərdə Quranı oxuyub xalqa izah edənlərin savadı, ən azından, ürəklərdə qəmginlik yaradır. Ayələr düzgün anlaşılmır, radikallığa, kəskinliyə şərait yaranır. Ən humanist, ən gözəl və rəhimdil bəşəri din olan islam dinini qeyri təbii tanıtdırmaqda, radikallığın yuvası kimi qələmə verməkdə həmin “tərcüməçilər” və “təfsirçilər” günahkar deyillərmi? Burada, görkəmli İraq alimi Əli Ə.Əlavinin məşhur sözlərini misal gətirmək istəyirəm: “…Əgər islamın bu günkü lüğətinə baxsaq, düşünmək olar ki, indi islam dini müasir dünyada hamı ilə, hər şey ilə konfliktdədir”. (İslam sivilizasiyasının böhranı . Əli A. Əlləvi. – Sarayevo, 2012. S 47)
Bugünkü əsas çatışmazlıqlardan biri də İslam dünyasının zamanla ayaqlaşmaq istəməməsidir. Müasir dünyanın tələblərinə cavab verməyi, uyğunlaşmağı bacarmalıyıq.
Özümüzə tənqidi yanaşmağı öyrənməliyik. Savadlı olmaq dini inkar deyil. Savadın, dərrakənin bilavasitə köməyi ilə insanlar dinin qanunlarını, aspektlərini daha yaxşı başa düşəcək, təhlil edəcəklər. Belə olan təqdirdə Allahın cəzasından qorxmaq lazım deyil. Anlamadan rədd etmək yox, əsaslandıraraq dərk etmək lazımdır. İnsana anlamaq və düşünmək üçün ağıl verilir. Elm-savad yoxsa – qaranlıqdasan, korsan. Həmişə güclülərə yol verəcəksən, arxaya addım atacaqsan.
1.Г. Баязитов. Ислам и прогресс. –S.Peterburq, 1898. 16s
2.А. Мец. Мусульманский Ренессанс. Moskva, 1973
3.Ф. Розенталь. Торжество знания: Концепция знания в средневековом
исламе, Мoskva, 1978. S, (135, 177)
4.А. Н. Боголюбов. Математики. Механики. Биографический справочник. — Кiyev: 1983, s 341.
“Içərişəhər”Dövlət Tarix-Memarlıq Qorugu”NUR Art House”qalareyasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2022- ci il “Şuşa ili”nin elan olunması ilə əlaqədar bir – birindən maraqlı tədbìrlər həyata keçirilir Belə ki ,gənclərimizin çəkdikləri rəsm əsərlərindən ibarət –Sevil “Səmaya dönüşün təbəssümü”sərgisindəki əsərlərini anasının xatirəsinə həsr etmişdi.Üç gün davam edən həmin sərgidə gənc rəssamların bir -birindən maraqlı,gözəl əsərləri rəssamların daxili aləmini əks etdirirdi.Eyni zamanda heykəltəraşlıq və qrafik işlər də nümayiş etdirilmişdi… “Qurama:Əsrlərin kəsişməsində nəsillərin baxış bucagında” adlı sərgi isəTarix-Memarlıq Qorugu Idarəsi,Azərbaycan xalçacıları”IB və NUR Art House”qalareyasının birgə tədbiri idi.Burada da mövzu ilə baglı rəngarəng əl işləri nümayiş etdirildi.. Sentyabrin11-də növbəti tədbirin iştirakcısı olduq.. Bu tədbir “Yanar daģ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruģu və “Miras”Mədəni Irsin Öyrənilməsinə Kömək Ictimai Birliyi sənətsevərləri ilə birgə “Şuşa ili “çərçivəsində təşkil olunan “Vətən baģı”adlı dekorariv-tətbiqi sənət satış-sərgisinə həsr olunmuşdu. Xalqimizin milli ənənələrini özündə bədii şəkildə əks etdirən dekorativ- tətbiqi sənət,eyni zamanda onun milli kimliyinin, etnoqrafik yaddaşının daşıyıcısıdır. Bu xüsusiyyəti nəzərə alaraq dogma yurdumuzun min illərdən bəri gələn bir çox bədii və estetik sənət ənələrini yaşadan sərģinin təşkili tamaşacıların zövqlərini oxşadi.. Sənətsevərləri Içərişəhərdə qarşılamaga üstünlük verən “NUR Art House” qalareyası isə bu dəfə ekspozisiyasının bəzi nümunələrini məhz açıq səma altında ,Yanardaģda qurmaqla,tamaşaçıları paytaxtımızın gəzməli-ģörməli yerlərini, tarixi, təbiət və mədəniyyət abidələrini tanımaģa dəvət etdi.Məkan olaraq Yanar daģın seçilməsi də ” Vətən baģı”nı öz hərarəti ilə canlandıran Odlar ölkəsinin təbiətinə xas harmoniyanın sənətdə təcəssümünü təqdim etmək idi. “Vətən baģı” adlı bu sərgi milli mədəniyyətimizin ən əsas məkanlarından olan Qarabaģın azad edilməsinə hesr olunmuşdu.Sərginin əsas qayələrindən biri Qarabaga məxsus estetikası ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri vasitəsilə mili ənənələrin yenidən dirçəldilməsi və təbliģidir. Bildiyimiz kimi,30 iiə yaxın həsrətdən sonra müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Qarabaģ düşmən tapdaģından azad oldu.Məhz bu qələbəni və dəyərləri əbədiləşdirmək məqsədilə Prezidentimiz 2022 ci ili “Şuşa ili” elan etdi. Azərbaycan tarixində özünəməxsus əhəmiyyətə malik olan Şuşa şəhərinin simvoluna cevrilən Xarıbülbül bir növ milli mədəniyyətimizin ən əsas hissəsinə çevrilib.Bu simvol həm ornament kimi xalq tətbiqi sənət nümunələrinin üzərində təzahür edib, həm də musiqi sənətimizə əvəzolunmaz bir ahəng qatıb.Milli mədəniyyətimizi və tariximizi özündə ehtiva edən sərginin adı da bu səbəbdən Xan qızı Agabəyim aģanın qələmə aldıģı məşhur “Xarıbülbül” mahnısının ilk sözlərindən götürülüb. Düşünürük ki, xalqımızın minilliklərdən bəri ərsəyə gətirdiyi həm maddi,həm də qeyri- maddi mədəni irsimizin hər biri sanki Vətən baģı adlanan bir çəmənlikdə bitən qönçə güldür.Vətən torpaģından şirə çəkən.müxtəlif vasitələrdən hazırlanan nümunələrin hər biri bir xəzinə qədər böyük dəyərə malikdir. Fikrimizə aydınlıq gətirmək üçün belə bir nümunə cəkə bilərik.Bir aģacoyma ustasının hazırladıgı əsərdə istifadə etdiyi agac məmulatı bu torpaqdan yetişib,yəni ucsuz- bucaqsız baģının töhfəsidir.Elə ona görə də sənətkarın hazırladıģı bu əsər dolayı yolla bu baģın məhsuludur. Bu sərginin yerləşdiyi məkan olan “Yanardaģ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruģu öz növbəsində zəngin tarixi irsi ilə vətənimizin həm yaşayış, həm də qədim mədəniyyət məkanlarına sahib oldugunun bir sübutudur. Gunay Rzayeva,Günel Aslanova və Anar Ibrahimovun kuratoru oldugu “Vətən baģı” adlı dekorativ-tətbiqi sənət sərgisi sentyabrın 11-ində tamaşaçıların üzünə acıldı. Burada , həmçinin həm öyrənmək, həm də ustalarımızın bu əsərlərini almaq imkanı da oldu. Günel xanimin və Anar Ibrahimovun çixişlarindan sonra öz ifaları ilə hamını valeh edən Abşeron Mədəniyyət evinin konsert qruppasının möhtəşəm proqramı alqışlarla qarşılandı.Tədbiri ITV kanalı işıqlandırdı.. Həmişə oldugu kimi sonda xatirə şəkilləri çəkildi.
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
10 SENTYABR (hekayə) Qospitaldan çıxıb maşına tərəf getdi. Köhnə “06” “Jiquli”ydi. On beş il qabaq, səksən altıncı ildə, Sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq oturacaqların arasından üstünə “taksi” yazılan lövhəni götürüb sol əliylə maşının damına bərkitdi. Qospitala cərrahla görüşməyə gəlmişdi. Ortancıl qızı əməliyyat olunmalıydı. Hansı həkimin ağzını aramışdısa, xərcinin 300 dollardan az olmayacağını demişdilər. Hərbi cərrahı bir köhnə tanışı nişan vermişdi. “Həm işinin ustasıdır, həm də gözü tox adamdır”, demişdi. Doğrudan da, söhbətləri pis alınmadı. 150-yə razılaşdılar. Əlli dollar-filan da köməkçilərə xərci çıxacaqdı. Pulun 150-si artıq hazırıydı. Həkimlər onu əməliyyatın vacibliyinə inandırandan bəri uşaqların boğazından kəsib birtəhər, manat-manat yığıb düzəltmişdi. İndi qalırdı 50-ni tapmaq. Fikirləşirdi ki, dostdan, tanışdan borc eləyib birtəhər düzəldər. “Zəmanənin üzü qara olsun, borc üçün kiməsə ağız açanda da tər tökürsən – pulu olanın ürəyi yoxdu, ürəyi olanın pulu”. “Nərimanov” metrosuna çatanda fikirləşdi ki, bəlkə evə gedib arvadını sevindirsin. Amma həmişə dayanıb müştəri gözlədiyi dayanacaqda maşın olmadığını görüb fikrindən daşındı. Yeddi ildən çoxuydu bu dayanacaq onun iş yerinə çevrilmişdi. Küçənin sonunda yerləşən, on yeddi il işlədiyi, mükafatlar aldığı zavod istehsalını azalda-azalda, gücdən düşə-düşə axır ki qapısına qıfıl vurası oldu. 7-8 ay orda-burda iş soraqlaşdı. Bütün cəhdləri boşa çıxandan sonra ümidi maşınına qaldı. Qonşusu İslamın məsləhətiylə maşını taksiyə çevirdi. İslam bir vaxtlar məşhur olan Mədəni Mallar Ticarəti Bazasında işləmişdi. İmkanı yaxşıydı. Qonşulara da əl tutar, istədikləri malı anbardan gətirib öz qiymətinə verərdi. Baza bağlanandan sonra İslam bizneslə məşğul olmaq istəsə də, böyük ziyana düşmüş, borclarını birtəhər ödədikdən sonra çörəkpulunu maşından çıxarmağa başlamışdı. Əvvəl-əvvəl İslamın təklifinə etiraz etsə də, sonra razılaşmalı oldu. İlk vaxtlar yaman utanırdı. Bəzən tanış-bilişə rast gəlir, onu tanıyanlar olurdu. Pul almaq istəmirdi. Bir dəfə isə abırsız və harın müştərini yarıyolda düşürüb evə dönsə də, arvadının, uşaqlarının sual dolu baxışları onu evdə oturmağa qoymamışdı. Amma vaxt keçdikcə yavaş-yavaş müştərilərə alışdı, dayanacaqda təzə tanışlar, təzə “iş yoldaşları” tapdı. İçərilərində keçmiş raykom işçiləri, mühəndislər, həkimlər vardı. …Maşının şüşəsinin tıqqıltısına fikirdən ayrıldı. Xariciydilər. Gombul balacaboy kişi və arıq ortaboylu qadın. Əllərində bir neçə dolu paket vardı. “Pliz, pliz” deyib arxa sağ qapını açdı. Qadın başa saldı ki, şəhərə tərəf gedəcəklər. Metronun qarşısından hərlənib “Moskva” prospektinə çıxdı. Güzgüdən gördü ki, kişinin ovurdları işləyir. “Bunlar da möhkəm yeyirlər”. Paketdən eşələyib çıxaranda yediyinin paxlava olduğunu gördü. Əslində amerikalı paxlavanı çeynəmir, az qala bütöv-bütöv udurdu. Balaca gecəqondu evləri fırlanıb qadının göstərişiylə yeni tikilmiş, hündür binanın qarşısında maşını saxladı. Qadın əlində hazırladığı bir şirvanı – on min manatı ona uzadıb “sah oll” dedi. Düşüb qapını açdı. Kişinin ovurdları hələ işləyirdi. Paketləri darta-darta birtəhər qapıdan çıxdı, sonra qadın da düşdü. “Sənkyü” deyib binanın girişinə tərəf getdilər. Maşına oturub, evə tərəf sürdü. Gecəqonduda yaşayırdılar. Atası o vaxt maldan-qoyundan satıb yeddi min manat düzəltmişdi, evlənəndən iki ay sonra almışdılar. İki otağıydı – iç-içə. Balaca mətbəxi, bir maşının zorla yerləşdiyi həyəti vardı. Həyətin girəcəyindəki darısqal hamam-tualeti sonradan özü tikmişdi. Zavodda ev növbəsindəydi. Bir dəfə təkotaqlı mənzil verirdilər. Almadı. Üç uşaqla birotaqlıda necə yaşayacaqdı. “Bir az da dözərəm, amma üçotaqlı alaram”. O döz, bu döz – hökumət dağıldı, zavod bağlandı, ev növbələri də getdi arxivə (hərdən yadına düşəndə özünü qınayırdı, heç olmasa o vaxt birotaqlını alsaydı). Qapıya çatanda siqnal verdi, arvadı çıxıb darvazanı açdı. Adətən günortalar maşını qapıya salmazdı. İndi çörək yeyib bir az yatmaq istəyirdi. Arvadı darvazanı bağladı. Gözü onun üzündəydi. Arvadına hərbi həkimlə söhbətini danışdı. Sifətinə işıq gəldi. Mətbəxdə naharını edib, arxa otağa keçdi. Otağın kiçik pəncərəsi qonşunun həyətinə açılırdı. Qab-qazan taqqıltısı, su şırıltısı, uşaqların səs-küyü çətin ki yatmağa imkan verəydi. Amma bu dəfə nədənsə sakitlik idi. Ola bilsin arvadı xəbər göndərmişdi. Qonşular arvadının “vergili” olduğunu bilirdilər. Arvadı əvvəllər zavodun uşaq bağçasında tərbiyəçi işləyirdi. Sovet vaxtında uşaq bağçasında əsasən Leninlə bağlı kitablar olardı. Hökumət dağılana yaxın kimsə İrandan kiril əlifbasında yekə şriftlərlə yazılan dini kitablar gətirib beş-altı nüsxəsini də bağçaya bağışlamışdı. Zavodun dayanmasıyla bağçanın da qapısına qıfıl vuruldu. Arvadı da İrandan gələn kitablardan bir-ikisini götürüb evə gətirdi. Arvadının saatlarla oturub o kitabları oxumağı, ona qəribə gəlirdi. Hərdən Qurandan, Məhəmməd peyğəmbərin həyatından danışırdı. Kafirlərin yerinin cəhənnəm olduğu barədə danışdığı rəvayətlər canına üşütmə salırdı. Belə məqamlarda nədənsə yadına arvadının cehiz gətirdiyi sandıqda büküb saxladığı partiya bileti düşürdü. On iki il Kommunist Partiyasının üzvü oldu, hər ay maaşından filan qədər partiyanın büdcəsinə keçirdi. Rus qoşunları Bakıya girib əliyalın insanları qanına qəltan elədiyi 20 Yanvar qırğınından sonra hamı kimi o da partbileti atmaq istədi. Sonra fikrindən daşındı. O, günahı partiyada yox, Qorbaçovda görürdü. Düşünürdü ki, Qorbaçov istəsəydi, vaxtında erməniləri yerində oturda, qırğınların qarşısını ala bilərdi. Buna görə də bileti atmadı, amma bir gün Yeltsin qərar verib partiyanın fəliyyətini dayandırdı. Amma o yenə də partbileti atmadı. Kommunistlərin geri dönəcəyinə ümid edirdi. Bu boyda ölkənin sakitcə dağılacağına inanmırdı. Əvvəl arvadının dinə marağını da ötəri sayırdı. Amma yavaş-yavaş dini kitablar artmağa başladı. Arvadı indi evdə də başına yaylıq örtürdü. Ara-sıra evə gələndə qonşu arvadları evlərində görərdi. Sonra evdə tanımadığı başqa qadınlar da görünməyə başladı. Bir gün arvadı hər şeyi açıb danışdı. Ağ əmmaməli nurani bir qocanın yuxusuna girdiyini, ona işım-işım işıldayan, qızıl camda nəsə verdiyini, səhər ayılandan sonra özündə qeyri-adi əlamətlər hiss etdiyini söylədi. O, arvadında əmələ gələn qəribə dəyişiklərin izahını tapmağa çalışır, bunu işsizliklə, pulsuzluqla, kasıbçılıqla bağlayırdı. Əvvəl-əvvəl arvadına bərk hirslənmişdi, tapşırmışdı ki, heç kimin həyatına qarışmasın, bir də evə yad adamları buraxmasın. Bir gün İslam onu çayçıya dəvət elədi. Məşhədə gedib gələndən sonra içkini tərgitmiş, elə bil bir az da oturuşmuş, ağırlaşmışdı. Tez-tez məscidə gedir, qısa saqqal saxlayırdı. Əvvəlki yeyib-içən, deyib-gülən İslamdan əsər-əlamət qalmamışdı. İslam cani-dildən onu inandırmaq istəyirdi ki, belə vergi hər insana qismət olmur, Allah-Təala bunu özünün düz, halal bəndəsinə əta edir. “Heç olmasa, qonum-qonşunun diləyini tutsun, onları naümid geri qaytarmasın, savabdı”. İslam ondan icazə istəyirdi. Onun özünə də yol göstərirdi. “İçkini tərgit, Haca get, partbileti də tulla. O evdə haram hər şey yasaqdı”. İslam nə illah eləsə də, onu razı sala bilmədi. Amma bir müddətdən sonra özü arvadında qeyri-adi nəsə olduğuna inanmağa başladı. Bir dəfə arvadı gecəki yuxusunu danışıb ortancıl qızlarının xəstələnəcəyini söylədi. İki həftədən sonra doğrudan da qızı həkimə aparası oldu. Gün-gündən arıqlayırdı, çörək yemirdi. Həkimlər qızın böyrəklərinin birinin sıradan çıxdığını, təcili əməliyyat lazım olduğunu söylədilər. Başqa iki həkim də belə dedi. Bundan sonra o, arvadında hansısa qeyri-adiliyin olduğuna inanır, bir az da ona qorxuyla baxırdı. …Gözünü açanda arvadı otağın küncündəki dolabın içində nəsə axtarırdı. – Maşallah, yaxşı yatdın ha. Saat beşə qalırdı. Əl-üzünü yuyub otağa qayıtdı. Stolun üstündə bir stəkan çay və sarı rəngli balaca qadın çantası vardı. – Bu nədi? – Qızlar maşından tapıb. – Açmısız? – Açmışdılar, bağlayıb qoydum bura. Çantanın ağzını açıb içindəkiləri bir-bir çıxarıb stolun üstünə düzdü. Arvadı ayaq üstə durub baxırdı. Qızlar qapının ağzında boy-boya verib stola tərəf boylanırdılar. Ortancıla baxıb gülümsədi. Daraq, kredit kartı… On yeddi dənə, sancağa keçirilmiş şax yüzlük dollar, iki əlliminlik, bir neçə onminlik və minliklər. İlk gözünün qabağına gələn amerikalı gombul kişinin işləyən ovurdları oldu. – Bayaq ər-arvad amerkanlar minmişdi. Onların olacaq. Evlərini tanıyıram. Qızlar qapının ağzından çəkildilər. Arvadı stəkanı götürüb: – Soyuyub, aparım dəyişim – dedi. “Speys”də beşin xəbərləri gedirdi. Anonsları Bakıya gələn Qarabağ ermənilərindən başladılar. Sabah sentyabrın 11-də geri qayıdacaqdılar, Qarabağ Azadlıq Təşkilatı onların gəlişinə etiraz piketi keçirmiş, əvvəldən görüşə razılıq verən müxalifətçilərin bəziləri görüşdən imtina eləmişdilər. Çayı içib çanta əlində evdən çıxdı. Darvazanı açıb maşına oturdu. Maşını həyətdən çıxarandan sonra düşdü ki, darvazanı bağlasın. Arvadı çöldəydi – darvazanın bir tayını çəkdi və ərinin eşidəcəyi səslə öz-özünə “Ürəkli adama oxşamırlar” pıçıldadı. Arvadın buz kimi soyuq sözləri elə bil süzülüb bayaqdan içini bürümüş istiliyə yayıldı. O istiliyin nə olduğunu da elə bil indi anladı. Ürəyinin dərinliyində fikirləşirdi ki, o gombul kişi, yox, o arıq qadın qapılarında onu görcək sevinəcək və on yeddi yüzlüyün heç olmasa birini sancaqdan çıxarıb ona verəcək, o da səhər tezdən gedib hərbi həkimlə behləşəcək. İndi arvadının bu sözlərindən sonra elə bil o istilik çəkilib getdi, beyninə küt bir ağrı gəldi. Maşını metronun yanındakı dayanacaqda saxladı. Cəmi üç maşın vardı. Adətləriydi, müştəri gözləyəndə salonun çox qızmaması üçün qapıları açıq qoyub yaxınlıqdakı ağacın altında söhbət edərdilər. Akiflə “Həkim” onu görən kimi ayağa qalxdılar. Birinci Akif dilləndi: – İki amerikan gəlmişdi, deyəsən səni gəzirdilər, vizitka da qoydular. Tərcüməçiləri vardı. Dedi ki, bayaq burda qırmızı “Jiquli”yə oturublar, arvadın sumkası deyəsən maşında qalıb, şofer də qara bığlı balacaboy adam olub. Bildik ki, sən olassan. Barı sumkada bir şey varmı? Cavab verməyə imkan tapmadı. “Həkim” dilləndi: – Olmasa o boyda kişi durub bura gəlməzdi ki! Amerikan hər xırda şeydən ötrü özünə əziyyət verməz. Yəqin sumkada bir min dollar olub. Sənə də azı bir yüzlük verərlər. Cığallıq eləmə, bir qonaqlıq səndə. – Maşındadı, aparıram verməyə. Mindən çoxdu. Akif vizitkanı uzatdı. – Adresi bilirəm – dedi, amma vizitkanı da aldı. İngiliscəydi. “Cim” sözünü rahat oxudu, soyadı dəqiq oxuya bilmədi. Vizitkanın arxasında sxem də vardı, yaşadıqları binanın 11-ci mərtəbəsinə bir ox qoyulmuşdu. – Qonaqlığı unutma ha! Bilirdi ki, elə belə əl çəkən deyillər: – Arxayın olun, yüz versələr qonaqlıq məndə. Maşına oturub, “Baksovet”ə tərəf sürdü. Gecəqonduları fırlanıb bayaqkı binanın qarşısında saxladı. Dəmir hasarlı binanın qapısına yaxınlaşıb, vizitkanı göstərdi. Qara geyimli hündürboy gözətçi gözucu vizitkaya baxıb otağına qalxdı. Telefonla kimləsə danışıb ona “Liftə gir, 11-ə qalx. Gözləyirlər” – dedi. Maşından çantanı götürüb yuxarı qalxdı. Dəhlizdəki iki qapının biri yarıyacan açıq idi. İçəridən səs gəlirdi. Yaxınlaşıb qapını bir az da araladı. Bayaqkı gombul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi. Sakitlik çökdü. Bir neçə dəqiqədən sonra kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı. Çantanı uzatdı. Alıb açdı, içinə göz gəzdirdi, sonra sancağı çıxarıb dollarları saydı. “Duz” – dedi. Əlindəki şax əskinaslara işarə etdi: – “Cim iit alacaq”. Sonra pulları çantanın içinə qoyub əlini uzatdı: – Sah ool. Minneddar-am! Gombul kişi bayaq getdiyi tərəfdən çıxıb yenə qucağındakı iti sığallaya-sığallaya ona tərəf ötəri gülümsəyib otağa keçdi. Ovurdları yenə işləyirdi. Keyləşən kimi oldu, arvadın arıq, qırışlı əllərini buraxıb qapıdan çıxdı. Liftin düyməsini basdı. Əvvəl arvadının, sonra ortancıl qızının sifəti gəldi gözləri önünə. Daha sonra ağacın altında söhbət edən sürücü tanışlarını düşündü. Fikirləşdi ki, gərək danaydı. Kim sübut eləyə bilərdi ki, mənim maşınımda qalıb. Bayaqdan bəri ilk dəfə ağlına gətirdiyi bu fikirdən əti çiməşdi. Liftin qapısı açıldı və balaca bir it iki dəfə hürüb ayaqlarını iyləməyə başladı. Diksindi. İtin xaltasından tutmuş oğlan istehzayla “qorxma, qorxma” söylədi. Həyət qapısının lap ağzında “CİP” dayanmışdı, qapıdan zorla çıxdı. Maşına oturub şəhərə sarı sürdü. “Bunlardan bizə xeyir gəlməz”. Son illər tez-tez siyasi mübahisələrə qoşular və həmişə də Sovet hökumətinin, rusun namını heç kimə verməzdi. Amerikanın neftimizə tamsındığını, yalnız öz xeyrini güddüyünü sübut eləmək üçün dəridən-qabıqdan çıxar, misallar-nümunələr gətirərdi. İndi ömründə ilk dəfə rastlaşdığı amerikalılar gümanını daha da dərinləşdirmişdi. Nəsə dostlarla söhbətləşməyi, ürəyini boşaltmağı gəldi. Metroya sarı döndü. Ağacın altındaydılar. Sevincək ayağa durdular. Akif soruşdu: – Babat oldumu? Bir şey verdilərmi? – Hə – dedi – yüz verdilər. – Gedirik də başımızı açmağa? – bunu isə “Həkim” söylədi. – Maşını qoyum, gedək. – Deyəsən vurmağın gəlib? – Akif dedi. Maşını darvazanın ağzında saxladı. İçəri salmağa həvəsi yoxuydu. Qapıdan girəndə arvadı “nətər oldu” soruşdu. – Sən dediyin oldu. Ayaqqabılarını soyunub birbaşa yataq otağına keçdi. Dolabı açıb lap üst gözdə qəzetə bükülü pullardan on dənə onminlik sayıb cibinə qoydu. Qalanını büküb əvvəlki yerində gizlətdi. Ayaqqabılarını geyinəndə arvadı soruşdu: – Gedəsi oldun? – Yəqin gec gələcəm. Uşaqlara qonaqlıq verməliyəm. Arvadının sifətindən hirsləndiyi bilinirdi. Akif artıq qapıdaydı. Onun maşınına oturdu. – Maşını qoymursan? – Yox, içmiyəcəm. “Həkim”lə vurarsan. Hərdən oturduqları balaca kafeyə gəldilər. Çöldəki stollar boşuydu. Oturub kabab sifariş etdilər. On dəqiqə keçməmiş “Həkim” də gəldi. Vaqif uşaq həkimiydi. Buna görə ona “Həkim” deyirdilər. Tibb universitetini bitirmişdi. Bir-iki il işləyəndən sonra dolanışıq yoxdu deyə biznesə qoşulmuş, təyyarəylə bir-iki dəfə xaricə gedib mal gətirmiş, İslam kimi zərər eləyib xalturaya keçmişdi. Akif isə universitetin Tarix fakültəsini dəb vaxtlarında bitirmiş, bir müddət akademiyanın Tarix İnstitutunda işləmişdi. Sovet dağılanda müdafiə eləməyə hazırlaşırdı. Sonra elm-filan yaddan çıxdı. O da beş ildən artıqdı ki, çörək pulunu maşından çıxarırdı. Birinci qədəhi onun, ailəsinin, xəstə qızının sağlığına içdilər. Sonra içməyənin – Akifin, sonra “Həkim”in sağlığına badə qaldırdılar. Araq şüşəsi dibinə yaxınlaşırdı. Ürəyindən sağlıq demək keçdi. – İstiyirəm öz sağlığımıza, öz xalqımızın sağlığına içək. Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vermədilər. Həm də mənə elə baxırdılar ki, elə bil dədələrinə borcum var. Rus olsa verərdi, nemes də verərdi, – bir az durdu, əlləriylə gicgahını ovxalayıb – erməni də verərdi, amma amerikan vermədi – dedi. “Həkim”lə Akif mat-mat bir-birinə, sonra süfrədə soyuyan quyruq, lülə kabablarına baxırdı. O isə danışırdı: – Qınamayın, dostlar! Mən qonaqlığı sözümün düzlüyünə əmin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elətdirəcəm. Hərdən öz-özümə deyirdim ki, ömründə bir amerikan görməmisən, nə tanıyırsan onları? Bu gün gördüm və inandım ki, səhv etməmişəm. Bunlar soveti – gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər – özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı Qarabağı qaytaraydılar. Malay, bir dənə də araq gətir. Akif qurcuxdu, nəsə demək istədi. – Dəymə, qoy doyunca içək bu gün. …Kafedən çıxanda saat birə işləyirdi. Akif əvvəl onu, sonra “Həkim”i aparacaqdı. Darvazanın ağzında dayandılar. Maşının içində yenə bayaqkı sözlərini təkrarlayır, Amerikanın qarasına deyinirdi. Akif birtəhər onu dilə tutub maşından düşürə bildi. – Bəlkə maşını mən salım həyətə? – Akif darvazanın qarşısında dayanan maşını göstərdi. Etiraz etdi. Ciblərini eşələyib maşının açarını axtardı. Tapa bilmədi. İçəriyə keçdi. Arvadı səsə oyanıb həyətə çıxmışdı. – Maaşını saalmıram, qooy çöldə qalsın – kəkələdi. Arvadı istədi desin ki, çöldə dəyib-dolaşan olar. Son vaxtlar oğurluq da çoxalmışdı – maşınların qabaq şüşələrinə, təkərlərinəcən oğurlayırdılar. Onun içəri keçib pal-paltarlı özünü yatağa saldığını görüb, bir söz demədi. – Fikir eləmə, yaxşı olacaq. – Arvadı üzünü ona tərəf tutub danışırdı. Onu isə yuxu aparmışdı. Səhər ayılanda başında küt ağrı vardı. Arvadı yerinin içində onunla üzbəüz oturmuşdu. – Pis yuxu görmüşəm. Yekə-yekə binalar alışıb yanırdı. – Maşına baxmısanmı? – Baxmışam. Yerindədi. – Qız neynir? – Yaxşıdı. Nəsə olacaq, yaman qorxuram. İçmə, sən Allah, tərgit bu zəhrimarı. – Tərgidəcəm, söz verirəm. Durub məscidə gedəcəm, tövbə edəcəm – deyib yorğanı başına çəkdi.
(Müsahibimiz gözəl şair, ədəbiyyatşünas alim, ”Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğludur)
– Bugünkü ədəbi prosesdə Rafiq Yusifoğlu özünü necə hiss edir?
– Əgər ədəbi prosesi axar bir çaya bənzətsək, bu çayı su ilə tə’min edən ayrı-ayrı bulaqlar, çeşmələr – yaradıcı adamlardır. Ola bilsin ki, böyük çayın içində mənim ilham bulağımın suyu o qədər də nəzərə çarpmır, çünki mətbuatda əvvəlki illərə nisbətən az çap olunuram. Ancaq fərdi yaradıcılıq bulağım isə öz axarındadır. XX1 əsri ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, ”Söz çəməni”, ”Ayrılığın qəm hasarı” adlı şe’r kitablarımla, ali məktəb tələbələri üçün yazılmış ”Ədəbiyyatşünaslığın əsasları” və ”Uşaq ədəbiyyatı” adlı dərsliklərimlə qarşılamışam. Ancaq elə təsəvvür yaranmasın ki, bu kitabların hamısı birnəfəsə yazılıb. Onlar uzun, gərgin yaradıcılıq prosesi nəticəsində, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı ovqatlarda söz-söz, misra-misra, məqalə-məqalə yaranıb…
– Rafiq müəllim, son kitablarınız da göstərir ki, Sizin fəaliyyətiniz çoxşaxəlidir. Müxtəlif çeşidli yaradıcılıq fəaliyyəti yazılarınızın tə’sir gücünü azaltmır ki?
– Qətiyyən, yox, əksinə bu tipli çoxşaxəlilik yaradıcı adamın ümumi səviyyəsinin düşməsinə imkan vermir. Torpağın da qüvvəsini tənzimləmək üçün bə’zən onun qoynunda müxtəlif toxumların əkilməsi vacibdir. Həmişə eyni ovqatda yaşamaq olmur axı! Ancaq bu da danılmaz həqiqətdir ki, mənim yaradıcılığımın şah damarı poeziyadır. Ədəbiyyatşünas Rafiq Yusifoğlu da, tərcüməçi Rafiq Yusifoğlu da, jurnalist Rafiq Yusifoğlu da, müəllim Rafiq Yusifoğlu da əslində şair Rafiq Yusifoğlunun köməkçiləridir. Yaradıcılıq prosesində şair Rafiq Yusifoğluya həm ədəbiyyatşünas – tənqidçi, həm tərcüməçi, həm jurnalist, həm də müəllim Rafiq Yusifoğlu nəzarət edir. Şairlik isə öz növbəsində digər sahələrdəki fəaliyyətimə yardımçı olur. Özü də bir qədər dərindən baxsan, mənim yaradıcılığımdakı çoxşaxəlilik bir-birinə yad sahələr deyil, hamısı ümumi ədəbiyyat sarayının bir-birini tamamlayan balaca hücrələridi. Mən bütün ömrümü, həyatımı şe’rə, sənətə, ədəbiyyata, onun təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu…
– Madam ki, ədəbiyyatdan söz düşdü, müasir ədəbiyyatımızın səviyyəsi Sizi qane edirmi?
– Ədəbi prosesdə həmişə bulanmalar, durulmalar, qabarmalar, çəkilmələr olur. Sel əvvəlcə çör-çöp gətirdiyi kimi, bə’zən də naşı qələm sahibləri ədəbiyyat tariximizdən xəbərləri olmaya-olmaya əllaməçilik edir, ədəbiyyatın ümumi problemləri haqqında sayıqlama xarakterli mülahizələr irəli sürürlər.
Yeri gəlmişkən, yadıma maraqlı bir rəvayət düşdü. Bir zərgərin yanına mirvari gətirib deyirlər ki, bunu iki hissəyə böl. Zərgər deyir ki, bu gözəllikdə mirvarini bölmək cinayətdir. Sənətkar çox deyir, müştəri az eşidir və israr edir ki, nə deyirəm onu da elə! Belədə zərgər şagirdinə tapşırır ki, bu mirvarini tən iki yerə böl. Şagird dərhal əmri yerinə yetirir. Müştəri zərgərdən soruşur ki, sən nə üçün bu işi özün görmədin? Zərgər deyir: ”Mən mirvarinin qiymətini yaxşı bildiyim üçün onu bölə bilməzdim, əlim əsərdi. Şagirdim isə mirvarinin qiymətini lazımi səviyyədə bilmədiyi üçün asanlıqla onu iki yerə böldü”.
Mən bunu niyə deyirəm? Təəssüf ki, indi bizdə də zərgərin şagirdinə bənzəyən, özləri nəsə yaratmaq əvəzinə, ədəbiyyat tariximizə hücum çəkən adamalar var. Bədii əsər yazmaqdan çox dedi-qoduya meylli qələm sahibləri ədəbi proses nəhrini tez-tez bulandırırlar. Ancaq bunda qorxulu bir şey görmürəm. Onsuz da zaman əvvəl-axır hər şeyi saf-çürük edir. Ədəbi proses çayı son nəticədə ədəbiyyat tarixi dənizinə tökülür. Bu sehrli dəniz isə çirkabları təmizləmək, yaxşını pisdən ayırmaq, yerbəyer etmək qüdrətinə malikdir.
Ən əsası və önəmlisi budur ki, müxtəlif çeşidli, kimisə qane edən, kimisə qane etməyən əsərlər yaranır. Proses gedir, ədəbiyyat, sənət karvanı yenə də aram-aram öz yoluna davam etməkdədir…
– Sizcə, müasir şe’r necə olmalıdır?
– Müasir poeziya birinci növbədə müasirlərimizin duyğu və düşüncələrini əks etdirməlidir. Ancaq adi, ümumi sözlə yox, yüksək bədii sənətkarlıqla. Şe’rdə birinci məzmundu (sən nə demək istəyirsən?), ikinci formadı (sən necə deyirsən?). Bunların ikisinin – məzmunla formanın dialektik vəhdəti olmadan gözəl sənət əsərləri yaratmaq mümkün deyildir. Bu, bütün dövrlərdə belə olub, indi də belədir. Bə’zən ən’ənəvi forma yeni məzmunun ifadəsi yolunda əngələ çevriləndə, sənətkarın iradəsi ilə forma məzmuna müəyyən güzəştlərə getməli olub və beləliklə də sərbəst şe’r yaranıb. Şairlər orijinallıq xətrinə yox, ona görə forma sərbəstliyinə meyl eləyiblər ki, fikri daha qabarıq, daha aydın şəkildə ifadə edə bilsinlər.
Görkəmli pedaqoqlardan birinin ”Müəllimin başında dumanlı olan fikir şagirdin başında zülmətə dönər” sözlərini asanlıqla bədii yaradıcılığa da şamil etmək olar: ”Şairin, yazıçının başında dumanlı olan bir fikir oxucunun başında zülmətə dönər”. Doğrudan da, belədir. Bə’zi müasir şe’rləri nə qədər diqqətlə oxusan belə, müəllifin poetik məramını başa düşə bilmirsən. Digər tərəfdən, şüurlu şəkildə durğu işarələrindən istifadə etməmək azarı ara-sıra işaran poeziya qığılcımlarını da ”formasız forma” labrintində it-bata salır və beləliklə şairin əsas fikrini tapmaq qaranlıq otaqda qara pişik axtarmaq kimi müşkül məsələyə çevrilir.
Əsl poeziya dil-ifadə baxımından fərqlənsə də, zaman məhdudiyyəti tanımır və nə vaxt yazılmağından asılı olmayaraq həmişə müasirdir.
– ”Ədəbiyyatşünaslığın əsasları” və ”Uşaq ədəbiyyatı” dərslikləriniz ədəbiyyatşünaslıq elmimizə gözəl hədiyyədir. Bu dərsliklər hansı zərurətin nəticəsində yaranıb?
– Müasir gəncliyin ədəbiyyat nəzəriyyəsini, bədii yaradıcılığın qayda-qanunlarını, ədəbiyyatşünaslıq elmimizin müəyyən problemlərini öyrənməsi olduqca vacibdir. Mən uzun illərdir ki, elmi araşdırmalar aparıram, mətbutda ədəbiyyatın nəzəri, eləcə də uşaq ədəbiyyatının yaradıcılıq problemləri ilə bağlı məqalələrimlə müntəzəm çıxış edirəm. Bu dərsliklərdən əvvəl XX əsər Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərindən bəhs edən ”Azərbaycan poeması: axtarışlar və perspektivələr” adlı monoqrafiyam işıq üzü görüb. Doktorluq dissertasiyamın tezisləri əsasında yaranan bu monoqrafiyanı hazırlayarkən topladığım saysız-hesabsız bədii faktlar, eləcə də Sumqayıt Dövlət Universitetində ”Ədəbiyyatşünaslığa giriş”, Sumqayıt Pedaqoji Seminariyasında isə ”Uşaq ədəbiyyatı” fənlərindən mühazirələr oxumağım həmin dərsliklərin yaranmasına səbəb oldu. Bu dərslikləri mənim elmi axtarışlarımın və uzunmüddətli pedaqoji fəaliyyətimin yekunu kimi də qiymətləndirmək olar.
– Rafiq müəllim, Siz müasir gəncliyin arasındasınız. Oxucü problemi haqqında fikirlərinizi bilmək də maraqlı olardı?
– Zənnimcə, ən ağrılı məsələlərdən biri də elə budur. Əsl ədəbiyyat bütün dövrlərdə oxucu zövqünü formalaşdıran bir vasitəyə çevrilib. Bə’zən öz-özümə sual verirəm ki, indi yaranan nisbətən uğurlu əsərlər gəncliyin zövqünü formalaşdırmaq qüdrətindədirmi? Təssüflə öz sualıma özüm yox cavabı verirəm. Ancaq bunun günahını ədəbiyyatın zəifliyində yox, təbliğatın düzgün qurulmamasında görürəm. Bir tərəfdən ədəbi orqanların, çap olunan az-çox dəyərli kitabların tirajı yazıçılar birliyi üzvlərinin sayından azdırsa, digər tərəfdən heç bu az tiraj da lazımi səviyyədə oxunmur. Bayağı meyxanaların, replərin, mətnləri məzmunsuz söz yığımından ibarət qulaq batıran mahnıların televiziya və radio vasitəsi ilə kütləviləşməsi gəncliyin zövqünü əməlli-başlı korlayıb.
Tələbələrimə – gələcəyin dilçilərinə, ədəbiyyatşünaslarına, müəllimlərinə bədii sözün nə demək olduğunu başa sala-sala, onlara ədəbiyyatın nəzəri əsaslarını öyrədə-öyrədə xüsusi vurğulayıram ki, Siz bizim alaq otları kimi çoxalan boz ədəbiyyat yaradıcılarından qisas alacaq intiqam ordumuzun komandirləri olmalısınız. Sizin boynunuza dərs dediyiniz uşaqların bədii zövqünü formalaşdırmaq kimi ağır bir yük düşür.
– Uşaq ədəbiyyatı sahəsində fəaliyyətiniz haqqında mə’lumat verməyi və müasir uşaq ədəbiyyatına münasibətinizi bildirməyi xahiş edirik.
– Son illərdə çap edilən ”Çiçək yağışı” və ”Söz çəməni” kitablarım uşaqlar üçündür. Dərsliklərə çoxlu şe’rlərimin düşməsi məni sevindirir. Sonuncu kitabımı da müəyyən mə’nada dərslik hesab etmək olar. Çünki bu kitab şe’rlə yazılan qrammatikanı xatırladır, uşaqlara yığcam, məzəli şe’rlər vasitəsi ilə fonetika, morfologiya, sintaksis və leksika haqqında mə’lumat verir. Məktəblilərin və müəllimlərin rəğbətini qazanan ”Böyük arzuya gedən yol” kitabımın ”Günlərimiz, aylarımız” adlı yeni təkmilləşmiş variantını hazırlayıb rəssama vermişəm. Dünya ədəbiyyatından xeyli nağıl tərcümə edib öz jurnalımızda çap eləmişəm.
Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın ayrılmaz, lakin spesifik bir qoludur. Böyüklər üçün yazılan əsərlərin hamı tərəfindən oxunması vacib deyil, ancaq uşaqlar istər-istəməz onlar üçün yazılan əsərlərin hamısını oxumaq zorundadırlar. Çünki uşaq vaxtı hamı oxuyur, digər tərəfdən, valideynlərin uşaqların üstündə nəzarəti də güclü olur.
Açığını deyim ki, müasir uşaq ədəbiyyatının vəziyyəti məni qane etmir. Hal-hazırda yaşayan xeyli gözəl uşaq yazıçılarımız var, ancaq təəssüf ki, onların əksəriyyəti indi təzə əsərlər yazmırlar. Iste’dadlı gənclərin uşaq ədəbiyyatına gəlişi də qənaətbəxş, lazımi səviyyədə deyil. Ancaq bizim zəngin uşaq ədəbiyyatımız var, uşaqlar bu əsərləri oxusalar, çox faydalanarlar. Lakin təəssüf ki, bu əsərləri uşaqlara çatdırmağın özü də problemə çevrilib.
– Yeri gəlmişkən, Rafiq müəllim, balalarımızın sevimlisi olan, həmişə onlar üçün gözəl əsərlər çap edən ”Göyərçin” öz uçuşlarını davam etdirirmi?
– Neçə ilsə bundan əvvəl bir jurnalist qız yanıma gəlmişdi. Dedi ki, ”Kirpi” və ”Göyərçin” jurnalı haqqında bir məqalə yazmaq istəyirəm. Ona başa salmağa çalışdım ki, bu jurnalların profili tamam ayrı olduğu üçün, onlar haqqında eyni məqalədə söhbət açmağı lazım bilmirəm. Sonra jurnalın problemlərindən danışdım. Qəzetdə çıxan məqaləyə necə ad versələr yaxşı idi? ”Kirpi”nin tikanları itidir, ”Göyərçin” isə uçmağa qanad axtarır”. Doğrudanmı belə idi? Yox, ”Göyərçin” uçmağa qanad yox, qonmağa müqəddəs bir ocaq axtarır… Vaxtilə ”Göyərçin” 16 səhifədən ibarət idisə, indi onun həcmi qiyməti artmadan böyüyərək 24 səhifəyə çatıb. Indi görkəmli yazıçılar, şairlər, rəssamlar bizim jurnalın daha yaxşı çıxmasını dönə-dönə vurğulayırlar. Lakin bizim başqa problemimiz var. Vaxtilə 270 min tirajla çıxan ”Göyərçin” indi cəmi 2-3 min tirala çap olunur. Bu az nüsxəni yaymağın özü də böyük problemə çevrilib. Nəşr problemləri də bir yandan. Hər dəfə ayın ilk günü aldığmız ”Murzilka” və ”Vesyoloye kartinki” jurnallarına baxanda acı təəssüflə deyirəm ki, kaş bizimkilər də ruslardan nümunə götürüb, ”Göyərçin”i vaxtlı vaxtında çap eləyəydilər. Unutmayaydılar ki, bu jurnal respublikamızın bir nömrəli uşaq jurnalıdır, özü də dövlət tə’minatında olan uşaq jurnalı!