Etiket arxivi: HƏCƏR PAŞAYEVA

HƏCƏR PAŞAYEVA. SƏS ELƏMƏYİN

HƏCƏR PAŞAYEVANIN HEKAYƏSİ

HƏCƏR PAŞAYEVA

Həcər Adil qızı Paşayeva 8 fevral 1959-cu ildə Naxçıvanda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

SƏS ELƏMƏYİN

Üzünü illərin eninə-uzununa dərin qırışlarla naxışladığı, kirpi yumağından baxırmış kimi çuxura düşən, nuru azalmış gözlərini qıyan bir qadın başını içəri uzatdı:

-Xalan qurban, gəldim. İşin çoxdumu? Dərmanları aldım. Bunu qoş, çıxım gedim, işim-gücüm var, – dedi.

Tibb bacısı stulda əyləşən xəstənin qoluna iynə vurduğu yeri spirtli pambıqla silib şprisi zibil qutusuna atdı. Qadına müraciətlə:

-Tərlan xala, gəl. Səndən başqa heç kim yoxdu ta, – dedi.

Qadın suvağı bir neçə yerdən qopmuş, divarlarının rəngi rütubətdən tanınmaz hala düşən otağa keçib çantasını köhnə, bozarmış taxtası ordan-burdan qabarmış tumbanın üstünə qoydu. Çarpayıya uzanıb qolunu çırmaladı. İynənin sancılmasını görməmək üçün gözlərini bərk-bərk yumdu. Tibb bacısı dərmanı ştativə asıb damcıların sürətini tənzimlədi. Yarım litrlik şüşə göz yaşlarını damcı-damcı plastmas kisəciyə axıtmağa başladı:

-Tərlan xala, qorxma, ta dərman gedir yavaş-yavaş.

Qadın gözünü açıb qoluna, sonra ştativə baxdı:

-Allah köməyin olsun, – deyib gözlərini yarıyumulu qapadı.

Tibb bacısı qəfildən:

-Tərlan xala, o günü eşitdim Əkbərin başına gələni. Allah haqqı, eşitdiyimə inanmadım. Gör haa, suyun lal axanı, adamın yerə baxanı. Lənət şeytana. Kimdən desən, gözləyərdim, amma Əkbərdən yox.

-Nə bilim axı. İşdir, adam başına gəlir. Uşağım gül kimi başını aşağı salıb dolanırdı. Qəfildən, iraq olsun, elə bil gözə gəldilər. Aləm qarışdı bir-birinə.

-Tərlan xala, o qızı hardan tanıyırmış Əkbər? Necə olub ee… hadisə?

-Hə, Səhər, deyirəm, anan ölsün, bala, bu nə işdi, sən düşdün? Gör kimin ağlına gələrdi ki, bunu da şeytan yoldan çıxarda bilər. Qonum-qonşuda bütün subay qızı olan analar onun kimi kürəkən arzulayırdılar. Arvadını o qədər çox istiyirdi. Dinəndə deyirdi: “Arvadı döyməzlər. Döyəndə də ya pulla, ya da aldığın təzə paltarla yançağına vurarlar. Ayağımı itlər qapa-qapa uzaq kənddən arvad alıb gətirmişəm ki, döyəm?” Biz nişan aparanda uşağımın ayağını qız evinin iti qapmışdı axı. Bir dəfə o gəlinə bir şapalaq vurduğunu, üstünə qışqırdığını görmədim, eşitmədim. Bu biri qardaşlarına heç oxşamadı. Bunlar eynən dədələridir. Arvadları da, insafən, pis deyillər, birtəhər yola verirlər. Bu getdi, kimə çəkdi, bilmirəm. Uşaqlarımın hamısından göyçək, boy-buxunlu, ancaq hamısından fağır. Arvadı da ki, ataman. İmanımı yandıra bilmərəm, bəlkə də, cadu-piti elədi, balamın dilini-ağzını bağladı? Nə bilim, vallah. İnstitutu təzə bitirib gələndə deyirdim, Səriyyənin qızını – xalamnəvəsini dəə – hə, deyirdim, onu al, bir tay unu bir dəfəyə yerdən qaldırır. Dedi, güləşməyə pəhləvan almıram ki. Sonra bir bibisi nəvəsi vardı, ceyran kimi qızdı, dedim, onu al. Dedi, uşaqdır, hələ məktəbi qurtarmayıb. Özümü öldürdüm ki, ay bala, qız meşə armudu kimi bir şeydir. Nişan tax, toyacan bir də gördün lalıxladı, yetişib oldu yeməli, ərə getməli bir qız. Onu da almadı. Odur ee, indi getdiyi ailədə bir ad çıxarıb ki, bütün tayfa başına and içir. Getdi, bu dəlini aldı, ağacdan zad eliyənin birini. Allaha qurban olum, necə uyğunlaşdırır, bəndələri taylayır bir-biriynən. O gəlinlə heç kim dolanmazdı, bu yola gedir. Qardaşları kimi savadsız deyildi Əkbər. Maşallah, getdi, Rusetdə oxudu, həm də işləyib özünü saxladı. Arada bizə puldan-paradan da göndərdi. Adamın üstündə Allah var, dədəsinə-anasına bir qəpik xərc-xəsarat vurmadı…

Qadın sözünü yarımçq kəsib tibb bacısına dönərək:

-Qolumu belə qoymaqdan keyidi, Səhər. Sən Allah, bunu bir az rahatla. – dedi. – Görən, gec qurtarar?

Tibb bacısı qadının qolunu astaca qaldırıb altına kiçik balınc qoydu, ştativdən asılmış şüşəyə nəzər salaraq dilləndi:

-Hələ bir az var, Tərlan xala, sən sözünü de.

-Hə, biz təzə evlənəndə dədəsi də yaxşı idi. Yenə bir az adamlığı varıydı. Maa elçi göndərəndə heç üzünü görməmişdim. Gəlinlər də hərdən soruşurdular, kişini harda görüb bəyənmişdin? Deyirdim, ay tövbə, tövbələr tövbəsi, vallah, görməmişdim, billah tanımırdım. Elə elçi göndərdi, dədəm də verdi. Toya bir az qalmış dostuynan gəlmişdi məhləyə, bir dəfə onda görmüşdüm. Sir-sifətdən pis deyildi, qara, arıq-arğaz bir oğlanıydı. Qocalandan sonra meymuna oxşamağına baxma. Sonra batmışın sifətinə baxmalı olmadı. Həə, “ya bəxt” – deyib getdim. İrəlilər mənə də, uşaqlara da baxırdı. Yaşayırdıq də birtəhər. Camaat kimi. Sonra elə bil getdikcə kişinin zayı çıxdı. Cini qalxanda məni döyüb öldürürdü. Evə, uşağa da baxmırdı. Dədəmgilə də dərdimi demirdim. Fikirləşirdim ki, niyə narahat olsunlar. Neyləyəydim ee, qismətiydi dəə, çıxmışdı qabağıma. Fikirləşirdim ki, yaşlandıqca düzələr, ağlı başına gələr. Hardan ee, əşşi… Sarsaq adam qocalanda ağlı başına gəlmir ki, sarsaq da qalır, qurumsaqdırsa, olur qoca qurumsaq. Ömrümü çürütdüm, günlərimi verdim yelə, getdi… Nə boşana bildim, nə də adam kimi yaşaya. Kasıblıq da bir tərəfdən ilan kimi dolandı boğazıma. Kişi evə pul gətirmirdi, yemək-içmək almırdı. İnan, həftəynən ac qalaq, vecinə deyildi. Hələ gəlib evdə mənnən yemək davası eləyirdi. Guya işləyirdi başı batmış. Bilmirdim, qazancını neyləyir.

-Tərlan xala, kişi ki qazancını evə vermədi, bil ki, hardasa bir zibil işi var, – deyə tibb bacısı gözünü telefondan çəkib qadına baxdı.

-Gözünə girsin zibil işi. Nə xəbərim olurdu ki, evdən çıxanda hansı cəhənnəmə gedir, nə qələt eləyir? İtin arvadı olasan, ömrü uzunu dədən evində un çuvalına tay olasan, ancaq qurumsaq, əzazil adama, xəsis adama getməyəsən. Mənimki keçdi e, bala, keçib getdi hər şey, – deyəndə qadın dərindən ah çəkib dərdli gözlərini tavana zillədi, – Nə isə, ağlıma saldılar, qutab bişirib satmağa başladım. Nə zülmlə bazardan – bir kənardan bircə qırıq yer ala bildim. Hər gün gedirdim, günortadan keçmiş qayıdırdım, sonra da ev-eşik, sil-süpür… Bilirsən dəə, evin işi nə deməkdir. Gecə də xamır qatıb yatırdım, obaşdan durub qutab bişirirdim. İsti-isti yaxşı alınırdı. Bazarın “uçaskovusu” o vaxt Cəfər idi axı. Həmzənin oğlu Cəfəri deyirəm. Hə, kişinin başı tamam pozuldu, saldı beyninə ki, sən Cəfərnən oturub-durursan. Ay tövbə, oğlanlarımdan kiçiyiydi. Mən kim, o kim? Qorxum o idi ki, gedib Cəfəri tutar, bir söz deyər, biabır olaram. Yaxşı ki, ancaq özümə deyirdi elə. Hər gün bazardan gələndə Allaha yalvarırdım ki, uşaqlar evdə olsun. Onların yanında dinmirdi, döymürdü. O evdə olanda hamamda çimməyə həsrət idim. Qapısı amanabənd idi. Təpikləyib açırdı, girirdi içəri, məni döyüb öldürürdü ki, çimirsən, Cəfərin xoşuna gələsən. Deyirdim, ay iyid ölmüş, bu yekəlikdə oğlanların anasıyam ee. Çox vaxt xəlvətə salıb tövlədə çimirdim. Onu da bir dəfə unadı. Sabun köpüyünü görmüşdü. Yenə mənə əl buladı. Baş-gözümə döyülməkdən, yaxşı ki, gic olmadım. Son vaxtlar da kişilikdən düşdü, oldu lap dəli. Neçə yaşı vardı, taa vaxtıydı da. Nə vaxta qədər o meymun sifətiynən kirdarlı qalacaqdı? Ay kişinin qızı, onun da günahını məndə gördü. Deyirdi, qocalmısan, ona görə beləyəm. Deyirdim, ay zalım, get bir cavan arvad al, yaxşı olsan, boşanacam, məndən əl çək. Səni Allah mənə baş bəlası verməyib ki. Başı batmış gedib Seyranın dul qızı var e, Xavər, ona irgənçi, qurumsaq təklif eləmişdi. O da tüpürüb üzünə, sonra da qardaşına deyib. Gədə girəvəyə salıb, tutub bunu eşşək kimi çırpmışdı. Camaatdan gizlədim. Qıza dedim, qocalıb, başı xarab olub, üstünü vurmayın. Biabırçılıq olar. Adına söz çıxmağı heç sənə də yaxşı döyül. Özünə dedim, a başı daşlı, bir güzgüdə üzünə bax, gör nəyə oxşayırsan? Xavər sənin o it yalamaz sifətinə heç tüpürməz də. Oğlanlarım hey soruşdular, bu kişiyə noolub, üz-gözü niyə bu gündədir? Qorxumdan demədim, gizlədim. Fikirləşdim ki, gedib Xavərin qardaşıynan dalaşarlar, qana düşərlər bundan ötrü. Özü də demədi. Elə bic idi ki. Tülküdən bic. Başı xarab olmuşdusa, bunu deyəydi də, niyə gizləyirdi? Nə isə ey, Allaha acıq getməsin, öldü, canım qurtardı.

-Tərlan xala, Əkbəri soruşdum ee, səndən, – deyə tibb bacısı telefonu tumbanın üstünə qoyub əllərini otaqla, otaqdakı əşyalarla uyuşmayan, ağlığından göz qamaşdıran xalatının cibinə soxdu. – Başım pozulub. Dərdli deyingən olar, a bala. Nə isə, indi də bu balam… Əkbər. Qalıb belə. Elə-obaya çıxa bilmir. Camaatın min zibili olur, heç bu cür eləmir. Bu yazıq ömründə bir dəfə qələt elədi, alabayraq oldu. Ağ köynəyə nöqtə boyda ləkə düşsün, o dəqiqə bilinir. Amma qara paltarı nə qədər çirkə bulasan, ləkəsi bilinməz. Qorxuram ki, iraq olsun, balamın başı pozular. Onlarla da qalmıram ki, deyəm, bala, ürəkli ol. Denən, bax belə yaxşı eləmişəm, əcəb eləmişəm. Əlimin içindən gəlib. Hansınızdan əksiyəm? Kişi deyiləm? Deyəm ki, ay oğul, papağını qoy qabağına, fikirləş, gör bu ətrafda, qonum-qonşuda səndən təmiz uşaq var? İndi nə oldu, dünya dağılmadı ki. Bu nə xəcalətlikdir, yaşayırsan. E-e-h, xeyri yoxdur, fağırdır, fağır. Məni ən çox da o gəlin – arvadı yandırır. Bir tufan eləyir ki, elə bil əri bu dəqiqə onu boşayıb, gedib o rusu alacaq. Rus da bir rus ola. Elə bil suya düşmüş siçandı köpəkqızı. Qayınarvadları – o biri gəlinlər həmişə buna paxllıq eliyirdilər. Oğlumu üzdə guya bəyənmirdilər. Arvadağız qoymuşdular bunun adını. Deyirdilər, yaxşı ki, bizimkilər elə deyil. Kişidə bir zəhm, hirs-hikkə olar. Bu nədi ee, arvadı maşına minəndə tez qaçıb qapını açır. Əli yoxdu? Özü açsın da. İşdən gəlir, yorğun-arğın qaçır mağazaya. Aaz, uşaqları arvadıynan birlikdə saxladı, Ətağanın cəddi haqqı. Amma bir qıza-qadına gözünün ucuynan baxmamağını bəyənirdilər. Deyirdilər, bu ancaq öz ailəsiynəndir. Bizmkiləri gərək güdəsən. Gözümüzdən iraq olsalar, min hoqqadan çıxarlar.

-Sən nə dedin bəs? Həmin gün necə olmuşdu, heç təfsilatı demədin axı, – deyə tibb bacısı səbrini basa bilməyib yenə soruşdu.

-Tezdən eşitdim. Demək, əhvalat necə olur, Səhər? Bu uşaq axı Ruset xarabada oxumuşdu. Orada bu “krısa”ya oxşar qıznan aralarında nəsə varmış. Sonra mənimki gəlir, bu dəli ilə evlənir, o qız da özününkülərdən birini tapır, ərə gedir. Aradan neçə il keçir, Əkbər yadına düşür bunun. O yaraşıqda oğlan kimin yadından çıxar ki? Götürür, məktub yazır ki, bəs səndən ötrü ölürəm, gəlmək istiyirəm ora.

-Hardan bildiz bunları?

-Əşşi, demirəm, oğlum zayılfasondur? Əvvəllər başına nə gəlmişdi, kimnən oturub-durmuşdu, evlənəndən sonra hamısını arvadına danışmışdı. Gör kişi də qabaqlar yediyi p..u arvadına danışarmı? Səydi dəə, səy… Nə isə, hamısını bitdə-bitdə arvadına deyib. Hə, bu da durub qıza yazıb ki, gəl bura, guya xəstəsən, duz mədənində müalicəyə gəlmisən. Arvadıma deyəcəm, o vaxtı sizin evinizdə kirayə qalırdım. Sənin dədən-anan mənə çox hörmət eləyib, indi də mənim növbəmdir. Elə həqiqətən, o vaxtı oğlum bunlarda qalırmış. Qərəz, qız əri ilə gəlib çıxır. Di bunlara hörmət-izzət… İkinci mərtəbədə bir otaq ayırırlar, ən yaxşı mələfə -“çuxol”, mitil-zad… Qonaqlar gələn gün mən də ordaydım. Arvaddan elə ilk görünüşdən gözüm su içmədi. At kimi kişnəyirdi. Ağzını göyə açıb elə hündürdən gülürdü ki, az qalırdı mədəsinin içi görükə. Arvad ki, elə güldü, ondan qorx, kənar dur. Xatalı adamdır. Hər fitnə, ifritəlik əlindən gələr. Sabahdan bunlar hər gün gedirlər guya müalicəyə. Qayıdırlar, evdə yemək-içmək, çay, şirniyyat – gəlin hazır eləyir. Haqq üçün, gəlinin yaxşı süfrə açmağı var. Axşamlar da qızın xaxol ərini mənim gədəm bərk içirdir. Yüz qram içən kimi piyan olurmuş. Ayaq üstə ölənin biri idi. Axırı, belə olur ki, gəlin duyuq düşür. Baxır ki, bu qız Əkbərə bir ayrı cür baxır, qaş-göz eləyir. Bir gecə gəlin oyanıb görür ki, Əkbər yerində yoxdur. Deyir, o saat dalağım sancdı. Bildim ki, burda bir iş var. Evi gəzdim, yox idi. Qalxdım ikinci mərtəbəyə, gördüm, qonaqların işığı yanır. Otağın qapısını açıb içəri girəndə nə görsəm, yaxşıdır? Xaxol kişi bərk xorulduyır. Ərim də lümlüt – alt paltarında oturub çarpayının qırağında, tutub bu rus sarımeçənin əlindən, şirin-şirin söhbət eləyirlər. Məni görəndə özünü tamam itirdi. Soruşdum ki, burda neyləyirsən, Əkbər? Dili dolaşa-dolaşa qayıtdı ki:

-M-maya,  gəlmişəm, d-deyəm ki, səs eləməsinlər, biz yatırıq…

Dedim:

-Əkbər, bizim otaq birinci mərtəbədə, bunlar yuxarıda. Gecənin də yarısıdır, nə səs eləyəcəklər? Bu kişinin səs-küy eləməklik halı var? Gecədən “piyan” olub yatıb.

Dəli olmadımmı? Nə yemisən, turşulu aş. İkisini də qatdım bir-birinə. Mən çırpdıqca rus eşşəyin qızı nəsə deyir, bilmirəm, başa düşmürəm ki. Bir-iki söz qalıb yadımda. Arada cığıldayırdı: şulyuxa… suka… Nə bilim, aaz… Məni yandıran ərim oldu ee, ərim. Mən rusu çırpdıqca Əkbər qayıdasan ki, Maya, onu vurma, o qəribdir, yazıqdır. Yandm-töküldüm. Çamadanlarını şifonerdən çıxarıb tulladım evin ortasına. Dedim, köpəkqızı, dur, bu dəqiqə donuz ərini də götür, rədd ol evimdən.   

…Hə, a qızım, gecə ikən oğlum taksi çağırır, bunları evdən yola salır. Arvadına deyir, gözlə, səs-küy eləmə, uşaqlar yatıb, qoy səhər açılsın. Səhər də qırğınları təzədən başlayır. Məni çağırdılar, getdim. Gəlin az qalır, gədəmi öldürə. Tutursan, tutulmur, “kəs” – deyirsən, kirimir. Birtəhər yat-küt elədim. Dədəsini çağırdım. Anası da gəldi. Dedi, a bala, dədən başıma yüz dəfə belə oyun açıb, otur yerində. İncəvara, arvad qızının köpünü aldı. Elə mən də deməlisini dedim. Dedim, qızım, sizə baxır, yağ-bal içində saxlayır? Saxlayır. Xətrinə dəyib, sənə bir ağır söz deyib? Yox, deməyib. Taa nə istiyirsən? Adamdı daa, kişidir. Görürsən, hər gün kabab, dolma yemək də adamı bezdirir. İstəyirsən, arada bir kartof soyutması, bibər turşusu da yeyəsən. İndi nooldu, dünya dağımadı ki? Ay qız, Səhər, elə yamandır. Mənə qayıdasan ki, Tərlan xala, sənin də könlünə hərdən kartof soyutması düşüb? Dədəsinin yanında deyir özü də. Dedim, mən yazıq heç kabab-zad da düzəməlli görmədim, bala, nəninki sən deyənləri. Ayıb döyülmü? Qoca vaxtımda bu nə sözdür, danışırsan? Qayıdasan ki, Tərlan xala, qoca at arpa yemir? Qocalığı bəhanə eləmə, həmişə qoca olmamısan ki… Qaldım mat-məəttəl. Matım-qutum qurudu. Ətim töküldü. Dədəsi bərk acıqlandı. Əşşi, nə isə eey… Yaxşı ki, onunla bir evdə yaşamıram. İki günə adamı dığladar… Hər şey cəhənnəmə, oğlum camaat içinə çıxa bilmir. Hara gedirsə, tanış-biliş:

-Əkbər, taa səs eləyən yoxdur ki? – deyib sataşır.

Qadın sözünə ara verib nəsə düşünməyə başladı. Fikri yayınırdı. Sonra ştativə baxıb:

-A qızım, Səhər, deyəsən, qurtardı axı. Bu iynəni çıxart görüm. Çıxım, gedim evə. Görüm başıma nə gəlir. Xəstəlik də bir yandan gözümü açmağa qoymur. Təzyiqim elə qalxmışdı o günü. Abbas dedi, Tərlan bacı, gəl başına hacama qoyum, keçəcək. Dedim, sən Allah, Abbas, başımı deşdəkləyərsən, olan-qalan ağlım-huşum da ordan uçub gedər. Dərman atacam, keçsin.

Tibb bacısı gülüşünü zorla saxlayıb dodaqaltı qımışdı. İynəni qadının qolundan çəkib ştativdəki dəm-dəsgahla birlikdə yığışdırdı, əlində saxlayıb qadının sözünü bitirməsini gözlədi.

-Sağ ol, Səhər. Sabah elə bu vaxt gələcəm. Hamısı bitsin, pulunu verərəm, – sonra dərindən ah çəkib, – Eeh, yazıq balam. Danışdıqca ürəyim sıxılır. Ha deyirəm, yadımdan çıxarım, olmur, – dedi.

Çarpayıdan qalxaraq köhnə, cadar-cadar dərisinin rəngi ovulub tökülmüş çantasını götürüb otağı tərk etdi. Ayaqlarını sürüyə-sürüyə yeridiyindən əzab və ağır yük çəkməyi yüz ağaclıqdan bilinən qadının yerişinin səsi o koridoru tərk edənəcən otağa gəlirdi.

01 mart 2021-ci il

MÜƏLLİF: HƏCƏR PAŞAYEVA

HƏCƏR PAŞAYEVANIN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru