Etiket arxivi: HAQQINDA

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…

Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi  doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…

Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…

Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…

Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…

Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…

Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…

******

Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…

Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…

1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə  şəhadətə ucalmışdı…

Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…

Ondan yadigar qalan qara köynəkli sazı  həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.

*****

27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…

27 ildir Rəhimə ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…

27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…

Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…

Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…

Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!

Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!

*****

İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…

Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…

Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…

Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…

Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…

Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…

Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…

Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…

Hələ diplomunun mürəkkəbi qurumamışdı…

Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…

Dünya boyda ürəyində bir dünya arzuları vardı…

18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…

19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…

Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…

Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və  Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…

Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…

Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…

Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!

31 may 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayşən RƏHİM

Ayşən Rəhim – gənc yazar.

AYŞƏN RƏHİM HAQQINDA
 

Ayşən RƏHİM 1999-cu il yanvarın 1-də  Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 №-li məktəbində bitirib. Eyni zamanda,  Mingəçevir şəhər “Üzeyir Hacıbəyov adına musiqi məktəbində” fortepiano və gitar üzrə  təhsil  alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib. “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür.

AYŞƏN RƏHİMİN DİGƏR YAZILARI

Ayşən RƏHİM DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qrabağ azərbaycandır, Azərbaycan isə, dünyamız!

May ayının 30-u Qurban müəllimin ad günüdür!

QRABAĞ AZƏRBAYCANDIR, AZƏRBAYCAN İSƏ, DÜNYAMIZ!

…yubiley təbriki…

DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ

Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.

Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.

May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.

YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.

Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…

Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),

QURBAN BAYRAMOVUN KİTABI.

“Lirik qəhrəman və zaman” (1986)

QURBAN BAYRAMOVUN KİTABI.

kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.

Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.

Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
 
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

Ruhu şad olsun böyük şairimizin…

Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…

Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…



Müəllif: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağdam – varlığın yoxluq səhnəsi – Rəfail Tağızadə

Ağdam.

Ağdam – varlığın yoxluq səhnəsi
Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.
Ağdamda 10 ballıq erməni zəlzələsi olub.
Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi.
Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib.
Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.
Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.
Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi.
Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər.
Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.
Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı.
İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq.
Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik…
Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.
Torpaq varsa, Vətən var! Qalanı düzələr…
Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var. Bir də 28 illik zaman.
Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar… Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.
Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım.
Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa.
Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama – torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm.
Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış.
Bu sevinc ayrı sevincdi.
Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar.
İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq.
İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.
Həyat davam edəcək.
Hər tarix bir dərsdi.
Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi.
Qarabağa, Ağdama, Şuşaya hər gedənə
Yolçu mənə quş göndər,
Dimdiyində torpağım
– deyirdim.
Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.
Bu səfər həsrətin, nigaranlığın son günü idi.
Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.
Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir.
Məni MƏN edən AĞDAMIM!
Məni yaşadan məkan!
Sənə qovuşmaq həyatımın ən xoş anıdı!

28.05.2021.
Müəllif: Rəfail TAĞIZADƏ

RƏFAİL TAĞIZADƏNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

QURBAN BAYRAMOVUN KİTABI

Tənqidçi-ədəbiyyatşünas alim, professor Qurban Bayramovun anadan olmasının 75 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığı barədə hələ ötən əsrin 80-ci illərində nəşr olunmuş “Lirik qəhrəman və zaman” adlı kitabı müasir Azərbaycan əlifbası ilə nəşr olunaraq oxucuların öhdəsinə verilib. Kitabın elktron forması da var. Bir daha Qurban müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Qurban müəllim!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RESPUBLİKA GÜNÜNDƏ DOĞULMUŞ PROFESSOR, YAZIÇI, DRAMATURQ, TƏRCÜMƏÇİ, JURNALİST VƏ DƏYƏRLİ İNSAN – AKİF ABBASOV

Akif Abbasov – pedaqogika üzrə elmlər doktoru, professor

RESPUBLİKA GÜNÜNDƏ DOĞULMUŞ
PROFESSOR, YAZIÇI, DRAMATURQ, TƏRCÜMƏÇİ,
JURNALİST VƏ DƏYƏRLİ İNSAN – AKİF ABBASOV

AD GÜNÜ TƏBRİKİ

Akif Nurağa oğlu Abbasov çağdaş pedaqogika elminin və Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biridir. O, 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində müəllim ailəsində anadan olmuşdur.
Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Əli Bayramlı (hazırda Şirvan) şəhər 1 və 2 nömrəli məktəblərində (1957- 1967), Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti, 1968-1973) təhsil almışdır. Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir (1967-1968), Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi (1973-1975), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1975-2001), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işlər üzrə prorektor vəzifələrində işləmişdir.
Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibidir.
Professor Akif Abbasovun yaradıcılığı çoxistiqamətlidir. Hər şeydən əvvəl müəllimdir, orta məktəbdə ingilis dili, ali məktəbdə pedaqogika fənnindən dərs deyib. İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov elmlər doktoru, professor, akademik olmaqla yanaşı onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 40 nəfərə yaxın elmlər doktoru və fəlsəfə doktoru yetişib.
Elmlər doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər) proqramları üzrə çoxsaylı dissertasiyaların müdafiəsi zamanı rəsmi opponent kimi çıxış etmişdir.
Akif Abbasov ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”] və 4 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”, “Ailə pedaqogikası: Müntəxəbat”, “Pedaqogika: Müntəxəbat” (şərikli)], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir. Akif Abbasovun yaradıcılığında diqqəti cəlb edən digər istiqamət lüğətçilik fəaliyyətidir. O, “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” [1999] və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” [2006, 2019] tərtib edərək nəşrinə nail olmuşdur.
Akif Abbasov elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq etmişdir. O, “Atatürk” “Yaxşı dost” pyeslərinin; “Əliş və Anna” dastanı” və “Ananın ürəyinə gedən yol” povestlərinin; “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr” və “Sultan II Murad”, “Fateh Sultan Məhmət” və “Fəth” romanlarının müəllifidir.
A.N. Abbasovun qələmindən “Lələşin ayaqqabısı”, “Qız gəlin köçür”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “Gəl Məliyin dovğasına”, “Gəlin”, “Xallı kəpənək”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Dar günün dostu”, “Geydirmə araq”, “Banu və babası”, “Pyeslər”, “Əsərləri. 10 cilddə. 1-7-ci cildlər”, “Roman, povest və hekayələr”, “Atilla və babası”, “Yumruq”, “Yumurta”, “Sənə quzu kəsim”, “Pensiya pulu”, “Hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Töhmət”, “Taxta qaşıq” kimi hekayə kitabları çıxmışdır.
Atatürk mövzusu Akif Abbasov yaradıcılığını qırmızı xətlə kəsib keçir. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə almışdır. Onlardan “Samsundan başlanan yol” romanının, “Atatürk haqqında hekayələr”in (birinci və ikinci kitab), “Atatürk” pyesinin, “Böyük türk” (uşaqlar üçün hekayələr) və “Xallı kəpənək” hekayələr kitabının adları qeyd oluna bilər.
Babək Abbaszadə “Atatürk” pyesi əsasında libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov “Atatürk” operasını bəstələmişdir. Bundan başqa, “Atatürk” pyesi türk dilinə çevrilmiş, 2015-ci ildə Ankarada nəşr edilmişdir [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015].
Akif Abbasovun yaradıcılığını məhsuldar edən həm də tərcüməçilik sahəsindəki fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya, rus, Moldova, qırğız, türkmən, gürcü, osetin ədəbiyyatından diqqətəlayiq tərcümələr edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii tərcümələr istər orijinala yaxınlıq və istərsə də bədiilik baxımından önəmlidir. Tərcümələri “Azərbaycan” və “Mütərcim” jurnallarında, “Dünya” və “Bağban” bədii toplularında; “Ədəbiyyat”, “Sovet kəndi”, “İdman”, “Təhsil problemləri”, “Azərbaycan müəllimi”, “525-ci qəzet”, “Təhsil və zaman”, “İşıq” (Şirvan şəhərində çıxan), “Muğan” (Sabirabadda çıxan) və b. qəzetlərdə dərc olunmuşdur.
İngilis və rus dillərindən tərcümələri 11 kitabda toplanmış və nəşr edilmişdir. “Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, “Andro və Sandro” (müəllif: G. Xuqayev), “Ali təhsilli arvad” (müəllif: T. Esenova), “Duel” (müəllif: M. Bayciyev), “Yolagəlməz qadın” (müəllif: U.S. Moem), “Yağış” (müəllif: U.S. Moem) və “Edvard Barnardın ruh düşkünlüyü” (müəllif: U.S. Moem) kimi pyes, povest və hekayələrdən ibarət tərcümə kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
İngilis yazıçısı Qrehem Qrinin “Canlılar yaşayan otaq” pyesini də London nəşrindən dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə etdiyi 6 pyes (“Səhra”, “Nənə gələndə”, “Uğurlu skamya”, “Buzda ehtiyatlı ol”, “İstəkli adamlar üçün hədiyyə”, “Duel”, “Andro və Sandro” və s.) respublika radiosunda tanınmış aktyorların, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında səslənmişdir. “Andro və Sandro” pyesi Həsən Əblucun 11 rejissorluğu ilə radioda səslənmiş [1987], əsas rolları Sofa Bəsirzadə, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Məhluqə Sadıqova, Muxtar Avşarov ifa etmişlər. Akif Abbasovun jurnalistik fəaliyyəti də diqqət mərkəzində dayanır.
Akif Abbasov 1967-68-ci illərdə Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir kimi fəaliyyətə başlamış, ilk jurnalistlik, ilk qələm təcrübəsini bu qəzetin redaksiyasında keçmişdir.
Bir jurnalist kimi formalaşmasında həmin qəzetin yaradıcı heyətinin üzvlərindən Möhsün Xəlilovun (redaktor), Tapdıq Xudayevin, Sabir Gözəlovun, Çingiz Ələkbərzadənin, Fərmail Əsədovun, Tofiq Hüseynin, Vaqif Abbasovun rolu olmuşdur.
Akif Abbasov hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri”nin baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərləri”nin baş redaktorunun müavinidir.
2000-2006-cı illərdə həm də “Təhsil, mədəniyyət, incəsənət” jurnalının redaktoru olmuşdur. Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” beynəlxalq qrift almışdır, ildə 6 nömrəsi işıq üzü görür.
Professor hazırda Ukrayna Milli Müdafiə Universitetinin orqanı olan “Viiskova osvita” jurnalının, Azərbaycanda nəşr olunan “Mütərcim” ədəbi-bədii və tərcümə jurnalının, “Humanitar fənlərin öyrənilməsinin aktual problemləri”, “Pedaqogika”, Naxçıvan Müəllimlər İnstitutunun “Elmi xəbərlər”inin, “Azərbaycanda xarici dillər” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Akif müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunun xətti ilə keçirilən respublika və beynəlxalq səviyyəli elmi konfransların materiallarının redaktə olunub çapa hazırlanmasında xüsusi fəallıq göstərir, konfrans materiallarını özündə birləşdirən toplunun ya elmi redaktoru, yaxud da buraxılışına məsul olur.
Professorun tərtibçilik istiqamətindəki fəaliyyəti də diqqəti cəlb edir. İyirmi çap vərəqi həcmində olan “Az söylə, söz söylə” (Şərqin şifahi və yazılı abidələrində tərbiyəvi fikirlər”, həmçinin “Qız gəlin köçür”, “Toydan əvvəl və sonra” və s. nəşrlər də pedaqoji ictimaiyyətin stolüstü kitablarına çevrilmişdir.
Akif Abbasovun “Portret cizgiləri”, “Müqəddəs şəxslərin tərbiyəvi fikirləri”, “Pedaqoji internatura”, “Şagirdlərin hüquq tərbiyəsi” və s. bir çox kitabları maraqla oxunur. Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir.
O, 150- dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş, çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir.
Professor Akif Abbasovun yaradıcılığının bir istiqaməti də kino yaradıcılığı ilə bağlıdır. O, “Canavar balası” (1997) və “Qırmızı qar” (1998) bədii filmlərinin redaktorudur (hər iki filmin ssenari müəllifi Ağarəhim, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur).
Qəzet və jurnallarda, “Pedaqogika”dan dərsliklərdə, kitablarda A.N. Abbasovun əsərlərinə istinad edilib, özü və əsərləri barədə materiallar dərc olunub. Azərbaycan Milli Ensiklopediyanın birinci cildində haqqında yazı verilib. Bundan başqa, Sahib Sailovun “Muğanın övladları”, Əjdər Olun “Şirvana binə gəlləm” və b. kitablarda, prof. Teymur Əhmədovun “XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat” və “Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: ensiklopedik məlumat” kitablarında dəyərli bir şəxsiyyət, istedadlı alim və yazıçı kimi onun həyat və fəaliyyəti işıqlandırılıb.
Professor A.N. Abbasovun tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılması, ümumtəhsil və ali məktəblərdə pedaqoji prosesinin səmərəli təşkili və idarəolunması, pedaqoji diaqnostika və pedaqoji ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların mənəvi və hüquq tərbiyəsi, gənc nəslin ailə həyatına və uğurlu nikaha mənəvi və psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə texnologiyalarından istifadə və s. problemlərinə həsr olunmuşdur.
Yaradıcı insanın həyatı qaynar qazana bənzəyir. Onun rahatlığı, dincliyi olmur, bitib-tükənməyən yuxusuz gecələr, narahat gündüzlər keçirir. Belə çətinliklər, məhrumiyyətlər professor Akif Abbasovun da payına düşüb. Lakin insana təsəlli verən budur ki, həmin günlər, anlar hədər keçməyib, nəticəsi fərəhli və xoş, sevindirici olub. Özü üçün, ailəsi üçün, dost-tanışları üçün, cəmiyyətimiz üçün, xalqımız üçün. Akif müəllimin əməyinə də qiymət verilib. Əməkdar müəllim fəxri adına, “Tərəqqi” medalına, “Qızıl qələm” mükafatına, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

İntiqam Cəbrayılov,
pedaqogika üzrə elmlər doktoru, professor



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həsənzadə Nuran Elsevər oğlu

Həsənzadə Nuran Elsevər oğlu – xanəndə.

Həsənzadə Nuran Elsevər oğlu 2010-cu il dekabrın 11-də Yevlax rayonunda anadan olub. 2016-cı ildə Yevlax rayon Malbinəsi kənd Nizami Gəncəvi adına tam orta məktəbinin 1-ci sinifinə daxil olub. İbtidai sinifdə oxuyarkən xüsusi istedadı ilə və bütün fənləri mükəmməl oxumağı ilə sinif yoldaşlarından fərqlənib. Həmin dövrdə məktəbin direktoru Xatirə Abbasova və sinif rəhbəri İnarə Musayeva tərəfindən dərslərini mükəmməl mənimsəməsi və təlimə davamiyyətində fərqləndiyi üçün tərifnamə ilə mükafatlandırılıb. 2018-ci ildə Yevlax rayon Malbinəsi kənd şəhid Əsgər Həsənov adına 7 illik uşaq musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub. Nuran gözəl səsə malik olmağı ilə yanaşı həm də gözəl qirayətçidir. O həmişə orta məktəb və musiqi məktəbində tədbirlərdə vətənpərvər şeirlər səsləndirir. Ən çox səsləndirdiyi şeirlər vətən və şəhidlər mövzusundadır. Nuran Həsənzadə “Sizi Tanıyaq”, “Şəhadət Şərbətin Dadan Şəhidlər”,”Vətən Övladları”, “Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi həftə sonu məktəbi” və s. layihələrinin üzvüdür və “Yevlax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin” üzvüdür. 44 günlük müharibə dövründə “Vətənpərvərlik mövzusunda çıxışlarına və xüsusi istedadına görə AFİA Asiya Fakt İnformasiya Agentliyi və Sizi Tanıyaq layihəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıb.

Həsənzadə Nuranin mükafatları.

Bir neçə dəfə afia.az və icxəbərlər.com informasiya saytına müsahibə vermişdir. Hal hazırda Nuran Həsənzadə 5-ci sinifdə bütün fənləri əla qiymətlərlə oxuyur və ən çox sevdiyi fənn tarix fənidir.

Həsənzadə Nuran Elsevər oğlu dərslərini yaxşı oxuyur.

Yazarlar.az olaraq gənc xanəndəyə sənətində və təhsildə yeni-yeni nailiyyətlər arzu edirik! Uğurların bol olsun, Nuran!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahin – yazar.

BABƏK KİMİ BABƏK

…dördüncü yazı…

   Yollar uzun və qısa, çətin və dolanbac, arzular sonsuz, ümidlər isə həmişəyaşıl olur. Bir əzizinin yoxluğuna nə qədər çalışsalar da inandıra bilməzlər səni. İynədimi, sapdımı düşə itə, yox ola, gözünün qabağından birdən-birə qeybə çəkilə… Amma demə olurmuş…

    Ənnağıyev Babək Oktay oğlunun evindəyəm, atası qarşılayır, elə həyət qapısındaca görüşüb evə dəvət edir. Kür daşqınından sonra FHN tərəfindən tikilən evin pilləkənlərini qalxdıqca təsəlli üçün söz axtarıram, otaqda iki azyaşlı qız uşağı heç nəyi dərk etməyən baxışlarını üzümə dikir… Gözlərim önündən atamı itirdiyim gün film kimi gəlib keçir, mən də heç nə başa düşmürdüm onda…

   Babək Qasımbəyli kəndində, 28 aprel 1994-cü ildə doğulub böya-başa yetib, orta məktəbi də bu kəndin H.Ənnağıyev adına tam orta məktəbində oxuyub. Elə Hilal Ənnağıyev də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizdən biridir. Sonra Vətənə həqiqi hərbi borcunu vermək yaşı çatanda-2012-ci ildə yollanıb əsgərliyə, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib…

    2014-cü ildə hərbi xidmətdən evə, doğmalarının yanına qayıdan Babək elə təsərrüfat işlərində atasına kömək edib, halal ruzisini qazanıb. Sonra ürəyi, gözü tutan Rəmziyyə ilə ailə qurub, bu izdivacdan iki gül kimi qız balası dünyaya gəlib, atalıq hissini fərəhlə, sevinclə yaşayıb, həyata daha çox bağlanıb bundan sonra…

    Müharibə başlayanda o da doğma vətənin hayına hay verərək cəbhəyə yollanıb, öldürməyə, erməni vandallarına Qarabağın Azərbaycana məxsus tarixi ərazi olduğunu sübut etmək üçün gedib döyüşməyə. Gedib ki, gələcək nəsillərə torpaq dərdi qalmasın, gedib ki, bundan sonra daha şəhid verməsin Azərbaycan…

…Damarında qeyrət axan igidim,

Yağı gözə oxtək batan igidim.

Döyüşlərdə polad kimi bərkidin,

Üzə gülən növrağına qurbanam,

O, üçrəngli bayrağına qurbanam!…

    Döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib, oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub…

Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

   Atası Oktay göz yaşını saxlaya bilmir, kim deyir kişi ağlamaz, kişi ağlayanda həm də ağladır… Dəsmalını çıxarıb gözlərini silərək oğlundan söz açır:

-Dörd övladım vardı, deyirdim mən onun çiynində gedərəm dünyadan, amma əksinə oldu…Babək ağıllı, söz eşidən, böyük-kiçik yeri bilən bala idi. Məşhəd və Kərbəla ziyarətlərində olmuşdu, həm dinimizə, həm də vətənimizə bağlı idi. Uşaq vaxtı çılğın olsa da sonralar daha səbirli idi, yaşı az idi amma dünyagörmüş kişilər kimi müdrik düşünürdü. Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm. Ali Baş Komandan İlham Əliyevin müharibəyə başlaması elə ürəyindən oldu ki!.. Dərindən köks ötürüb əlavə edir: Vətən sağ olsun…

Həyat yoldaşı Rəmziyyə xanım :

-Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı…Çox razı idim Babəkdən, ailəsini çox sevirdi, dəyər verirdi, ailəcanlı və mehriban idi…

    İndi kənd qəbristanlığı bir məzar boyu da vətənləşib, dəyərli olub, çünki burda şəhid uyuyur… Rahat yat, deyirəm, şəhidim, sənin yarımçıq işini Müzəffər Ordumuzun cəsur əsgərləri tamamladılar, yağını torpaqlarımızdan qovub çıxardılar. Bu gün Qarabağ Azərbaycandır, vətəndaşlarımız isə hər biri qarabağlı… Sənin canını verdiyin torpaqlarda balaca qızların azad gəzəcək və səninlə həmişə fəxr edəcəklər…




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qurban Bayramov – “Lirik qəhrəman və zaman”

Qurban Bayramovun kitabı.

Qurban Bayramov “Lirik qəhrəman və zaman” PDF


Tərtibatçı: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LAÇIN KİMİ OĞLAN – BAXŞƏLİYEV QƏRİB

Şəhid polkovnik-leytenant Baxşəliyev Qərib.

Bu gün Baxşəliyev Qəribin anadan olduğu gündür.

Qərib İnqilab oğlu Baxşəliyev 22 may 1977 Bakı — 3 noyabr 2020 Zəngilan rayonu — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.

BAXŞƏLİYEV QƏRİB HAQQINDA


Qərib Baxşəliyev 1977-ci mayın 22-də Bakı şəhərində anadan olub.1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.


Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.

Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.

2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bu gün şəhid qardaşımızın doğum günündə Cənnət adlı yeni doğulmuş qızı anası ilə xəstəxanadan evə yazılıb. Hər şey öz qaydasındadır. Allah Qəribə rəhmət eləsin. Ruhu şad olun…

Hazırladı: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru