Dərdi içində məğrurcasına çəkənlər da var, dərd altında düz qaməti əyilənlər də. Dərdin arasına bükülənlər də, dərdi başından kal-kal tökülənlər də… İçib gedənlər də var, uçub gedənlər də… Ölüb ölməyənlər, ölə bilməyənlər, ölməyənlər və gözgörəti ölənlər də… Dərd ağır yükdür, onu kişicə daşımaq var bizim millətin qanında, canında… Şəxsi dərdini bürüb büküb bir küncə qoymağı və dar ayaqda vətən dərdinə şərik olmağı bacarır bizim xalqımız!…
Aliyev Asim Asəf oğlu Əsədli kəndində doğulub, 17 sentyabr 1998-ci ildə. 2005-2016-cı illərdə Əsədli kənd tam orta məktəbində təhsil alıb. Ailədə bir bacı və bir qardaş olublar, sevgi görüb, qayğı görüb ailəsində, qarşılığını da valideynlərinə ötürməyi bacarıb. Həqiqi hərbi xidmət vaxtı çatanda sevinə-sevinə xidmətə yollanmış, Sanqaçalda yerləşən “N” saylı hərbi hissədə, Azərbaycan Daxili Qoşunların tərkibində vətənə xidmət etmişdir. 2018-ci ildə də hərbi xidmət vaxtını başa vurub ailəsinin yanına dönsə də, hərbi sahəyə olan həvəsi onu təzədən geriyə qayıtmağa məcbur etmiş, elə xidmət etdiyi hərbi hissədə də MAXE kimi işləməyə başlamışdır…
Müharibə başlayanda Asim üç ay idi ki, artıq Sanqaçaldakı “N” saylı hərbi hissədə xidmət edirdi. İşğal altında olan doğma dorpaqlarımızın azad olunması fikri onu da gecə-gündüz rahat buraxmırdı. Ali Baş Komandanın əmri Asimin qisas hissilə alışan qəlbinə sanki su çilədi…
Təlim məqsədilə irəlicədən Füzuli bölgəsinə gələn Asim müharibə başlyayandan döyüşlərin qaynar yerində olmuşdur. O, zirehli maşın idarə edirdi, vətən borcunu layincə ödəməyə çalışıdı. Son dəfə anası Nurxanım ilə oktyabr ayının 13-də telefon əlaqəsi saxlayan Asim ürək-dirək verib anasına, tezliklə müharibənin Azərbaycan dövlətinin qələbəsi ilə sona yetəcəyinə əmin olduğunu bildirb və vidalaşıb…Cəmi bir gün sonra, 14 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən çətin döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir…
Asim Asəf oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.
Anası Nurxanım yeganə oğlunun ölümünə için-için ağlayır, amma bir təsəllisi var, o da qazandığımız qələbədir… Vətən sağ olsun deyir şəhid anası…
Subay idi Asim, həyatı hələ irəlidə idi, amma o, öz ömrünü sevdiyi Vətən üçün qurban verdi, qurban verdi ki, bir də nahaq qan tökülməsin, torpaqlarımız rahat nəfəs alsın, uşaqlarımız azad səma altında yaşasın, analar bir daha ağlamasın…
Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olar deyiblər. Xalqımız bu həqiqəti 2020-ci il 27 sentyabr günü işğalçı ermənistan dövlətinə qarşı haqq savaşına başlayarkən artıq sübuta yetirdi. Uzun illər doğma Qarabağdan ayrı düşən xalq, yad ayaqlar altında ruhu tapdalanan torpaqlar nəhayət gözlədiyi azadlığına qovuşdu… Tarixə “dörd günlük müharibə “kimi düşən 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq, bu 44 günlük müharibə artıq nə təpə, nə yüksəklik, nə də hansısa kənd və ya qəsəbə uğrunda döyüş deyildi. Böyük tarixi olan, qədim və tarixi torpaqlara malik Azərbaycan xalqının pozulmuş ərazi bütövlüyünün bərpası uğrunda cihad idi. Azərbaycan dövləti uzun illər ölkə Başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, Ali Baş Komandan ətrafında sıx birləşmiş xalqın və güclü ordumuzun sayəsində öz qalibiyyət himnini yaza bildi…
Müharibə başlanması xəbərini alan oğullar bir nəfər kimi səfərbərliyə qoşulur, düşməndən intiqam almaq, torpaqlarımızı əsarət altından azad etmək üçün cəbhəyə yollanırdılar. Sabirabad rayonunun Qaralar kəndindən olan Balakişiyev Zamin Dadaş oğlu da belə oğullardan biri idi…
Zamin 27 aprel 2001-ci ildə, baharda dünyaya gəlmişdi. Ailə onun gəlişini uzun zaman gözləməli olmuşdu. İlk övladından sonra doğulan dörd uşağın heç biri yaşamamışdı. Ailə intizar və təşviş içində idi. Həkimdən əli üzülən valideynlər adətlərimizə uyğun ailədə çox uşaq olması tərəfdarı olduqlarından müqəddəs ocaqlara üz tutur, nəzir-niyaz verir və nəhayət Zamin sağ-salamat dünyaya gəlir… Gəlişi ilə ailənin üzü də gülür, ata-ana bir-birinə arxa olacaq iki oğul sahibi olduqlarından Allaha şükür edir, Zamini xüsusi istək və arzu ilə böyüdürdülər. Onun nəsə başqa keyfiyyətləri olduğunu da fəhmlə hiss edirdilər. Vlideynləri hələ 12 yaşı olarkən yatdığı yerdə üstündə uzun və qara bir ilanın yatdığını görmüş və təşvişə düşmüşdülər. Lakin uşağın qorxu hissi keçirməməsi onları heyrətə salmış və sonralar da Zaminin qorxmaz, ürəkli, cəld və daxilində hansısa xüsusi gücün olduğunu hiss etmişdilər…
2008-2018-ci illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alan Zamin, 2019-cu ilin yaz çağırışında hərbi xidmətə çağırılır və Tərtər rayonundakı “N” saylı hərbi hissədə, Quru Qoşunların sıralarında xidmət etməyə başlayır. Son vaxtlar cəbhəyanı zona və sərhəddən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tütülması və bu zaman əsasən dinc əhalinin hədəf seçilməsi hər bir vətəndaş kimi Zamini də narahat edirdi. Onun düşmənə qarşı nifrəti artır, qisas hissi güclənirdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi başlanarkən Zamin Balakişiyev də elə xidmət etdiyi hərbi hissədən döyüşlərə qatıldı…
…Azərbaycan əsgəri,
Cəbhənin köz yerində…
ZaminTərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmən istehkamlarının dağıdılmasında igidlik göstərmişdir. 2020-ci il sentyabr ayının 10-da uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə Şəhər Mərkəzi Xəstəxanasına gətirilmişdir. Burada ilk əməliyyat keçirən Zamin, oktyabr ayının 30-da Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Lakin koma vəziyyətində olan Zaminin vəziyyəti aradan keçən beş aya yaxın müddətdə dəyişməz qalmış və o, 8 mart 2021-ci ildə şəhidlik məqamına yetişmiş və doğulub boya-başa çatdığı Qaralar kəndində dəfn edilmişdir…
Bir zaman ana qəlbinə sevinc, ata ürəyinə təpər gətirən Zamin, şəhidliyi ilə də anasının xüsusi gününü yaddaqalan etdi. Anası “oğlum mənim 8 Mart Beynəlxalq Qadınlar Bayramı üçün ən qiymətli hədiyyəm oldu. O, ölümü ilə də başımızı uca elədi, uşaq vaxtı çöldən gətirdiyi bir çiçəyi arxasında gizləyib utana-utana mənə verərdi, indi də gücü özünə çatdı, analar günündə özünü hədiyyə elədi..”-deyir…
Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabğda dalğalanır və dövlətimiz artıq orada quruculuq işlərinə başlamışdır. Şəhidlərimizin qanı və canı bahasına azad olunan torpaqlarda erməni vandallar tərəfindən yerlə yeksan edilən kənd və şəhərlər yenidən tikilib abadlaşdırılacaq və bu yurdun əsil sahibləri orada rahat yaşayacaqdır…
1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib. Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da. Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.
MİN İL GƏZSƏLƏR DƏ… (Şairin şeiri)
Vallah, səni bir də sevə bilərəm, Sənə də sirr olar bu “qəbahətim” Bütün sərhədləri yarıb gələrəm, Demə ki, qalmayıb buna taqətim. Sənin məhəbbətin yağar dünyaya, Həsrətlər, möhnətlər qırğına düşər. Günəş pəncərəndən doğar dünyaya, Hissim də, ruhum da yanğına düşər. Gecə pəncərənə mələklər qonar, Qaranlıq ağarar ay işığında. Heyrətdən göylərdə fələklər donar, Qolları açılar sarmaşığın da. Bu qəfil sevincdən buludlar dolar, Qərib durnalar da köçündən keçər. Səni evinizə aparan yollar, Gəlib gözlərimin içindən keçər. Qovaram dünyadan kədəri, qəmi, Çəkilər dağlardan dumanlar, sislər. Elə gizləyərəm sinəmdə səni, Min il gəzsələr də tapa bilməzlər…
(1975 – şairlər ili)
HƏYAT HEKAYƏSİ
(Bir tanıyanın dilindən)
1982-ci ildən AYB-nin üzvü olan Eldar Əli oğlu Nəsibli 1952-ci il mayın 18-də Tomsk vilayətində Baxçari rayonunun Çernişovka kəndində dünyaya göz açmışdır. Qazax rayonunun ll Şıxlı kəndində orta məktəbi bitirmiş, ADU-nun jurnalistika fakültəsində ali təhsil almışdır. ,,Elm və həyat,, jurnalında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdır. ,,Mərhəmət,, jurnalını təsis etmiş, baş redaktoru olmuşdur. Ömrünün son illərində ,,Azərbaycan,, qəzetində çalışırdı. Bədii yaradıcılığa 60-cl illərdən başlamış, şeirləri dövri mətbuatda çap olunmuşdur. Əsərləri SSRI xalqlarının dillərinə tərcümə edilmişdir. 1982-ci ildə Lvovda keçirilən XII ümumittifaq poeziya festivalının və 1984-cü ildə Moskvada keçirilən VIII ümumittifaq müşavirəsinin içtirakçısı olmuşdur. ,,Salam dan ulduzu,, ,,Məni səsləyən var,, ,,Harayla məni,, ,,Dünya məndən gəlib keçər,, və s. kitabları çap olunmuşdur.Yaxşı insan idi. Nəşriyyata gedəndə ,,Mərhəmət,, jurnalına da baş çəkərdim. Maraqlı söhbət edərdi. ,,Mərhəmət,, jurnalının əlavəsi kimi ,,Qazax şairləri,, adlı kitab buraxmışdı. Elə sevinirdi ki. Vətənpərvər idi. Çap olunan kitablarımı verərdim, oxuyardı, fikrini deyərdi. Son dəfə Azərbaycan nəşriyyatında görüşdük. Dedi ki: ,,Kitablarını oxudum, geniş bir yazı yazmaq fikrim var,,…Bir gün ,,Azərbaycan,, qəzetinə getdim, lövhədə şəklini gördüm, haqqındakı nekroloqu oxudum. Allah rəhmət eləsin. Amin…
Rəşad Məcid – yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru.
BAŞ BƏLAMIZA ÇEVRİLMİŞ AKTUALLIQ
və ya HƏMİŞƏYAŞIL MÖVZULAR:
Dindirir əsr bizi, – dinməyiriz, Açılan tоplara diksinməyiriz.
M.Ə. SABİR.
OXULAQ, BƏLALARDAN QURTULAQ
Əziz oxucu!
Tale elə gətirib ki, mən bu yazını çap olunandan təxminən bir il sonra Laçın rayonunun Qarıqışlaq kəndində oxumuşam. Qarıqışlaqda hər kəs Qaragöllə nəfəs alar, dədə-baba yurdumuza düşmənin göz dikməsi ilə kimsə barışmazdı. Necə ki, Laçın işğal olunduqdan sonra rayonun bütün əhalisi doğma dağlara qayıdacağına inamını bir gün də olsun itirmədi. Bu məqalədə haqqında söz açılan Çingiz Mehrəliyevi də yaxından tanıyırdım. Qaragöllə bağlı SSRİ kimi qüdrətli imperiyaya dava açan o mərd və yorulmaz ziyalı həm Bərdəyə gələndə yolunu bizdən salar, həm də biz Laçına, Qarıqışlağa gedəndə ailəmizə yüksək qonaqpərvərlik göstərərdi. Məcburi köçkün düşdükdən sonra da mərhumla bir neçə dəfə görüşmək fürsətim oldu. Üzərindən on illər keçdikdən sonra yazının müəllifi Rəşad Məcidlə də tanış oldum. Bir qədər geniş söhbət etmək imkanı olanda mütləq Qaragöldən, Çingiz Mehrəliyevdən, Gəloxçu elinin başqa bir mərd ziyalısı, 1992-ci ilin mayında Laçını tərk etməyərək şəhid olan İbiş Əsgərovdan danışardıq. Qaragöl ətrafında sərhədlərin demarkasiyası ilə bağlı yaranmış gərginlik bu yazını yenidən xatırlamağıma səbəb oldu və mətni əldə etdim. 1989-cu ildə qələmə alınmış və o dövrün nüfuzlu “Elm və həyat” jurnalında çap olunmuş bu yazı həqiqətən də Qaragöllə bağlı çox qiymətli araşdırmadır. Bu araşdırmada üzə çıxan ən önəmli faktlardan biri də budur ki, o dövrdə Ulu Öndər Heydər Əliyev cəmi ikicə ay öncə hakimiyyətə gəlmiş olsaydı, Azərbaycanın bu gün Qaragöldə demarkasiya aparmasına lüzum olmayacaqdı. Beləliklə, AzNews.az portalı olaraq Qaragöllə bağlı Rəşad Məcidin unudulmaz, aktual və konkret faktlarla zəngin məqaləsini diqqətinizə təqdim edirik.
Taleh Şahsuvarlı, baş redaktor
***
“Min cür nemətlərlə zəngin olan cənnət Azərbaycan torpağı!” Uzun illər dəbdəbəli kəlmələr torpağımız haqqında yazılan cild-cild əsərlərdən, romanlardan, poemalardan, şeirlərdən düşməyib. Uzun illər bu Vətəni qarşımıza qoyub eninə-uzununa tərifləmişik. Amma bu gözəlliyə, bu nemətlərə qəsd ediləndə, cənnət torpağımız tikə-tikə, parça-parça kəsilib “qonşulara” veriləndə səsimiz çıxmayıb, çıxıbsa da, tezcə ağzımıza daş basılıb.
Cənnət Azərbaycan torpağında hüsnünə şeirlər qoşduğumuz göllər var – Göygöl, Maralgöl, Ağgöl və s. Bu göllərdən biri də Azərbaycan SSR-in Laçın rayonu ilə Ermənistan SSR-nin Gorus rayonu arasındakı sərhəddə yerləşən Qaragöldür.
İndiki sərhədlərimizdən uzaqda yerləşən qədim Göyçə Sevana döndüyü kimi, Qaragöl də yavaş-yavaş özünə təzə ad “qazanmaqda” – “Sevlic”ə dönməkdədir. Dönməkdədir yox, Azərbaycan xalqının “fərasətli” oğullarının köməkliyi sayəsində artıq çevrilibdir.
Yaman mürgüləmişik. Qulağımızın dibində top atılıb, oyanmamışıq. Hələ deyəsən, indi-indi mürgüdən qalxırıq, oyanırıq, top səsini, mərmi səsini eşidirik! Daha doğrusu, torpağımızın daha bir cənnət guşəsinin – ürəyimizin başı Dağlıq Qarabağın Artsağa “çevriləcəyini” eşidib ayılırıq və mətbuatımızda 1969-cu ildə Azərbaycan SSR-dən kəsilib Ermənistana verilən torpaqların, meşələrin, kəndlərin, o cümlədən, Qaragölün taleyi barədə söz deyirik, hay salırıq.
… Qaragöl haqqında bu yazımla əlaqədar Laçın rayonunda olarkən qəribəydi ki, mənə Qaragölün dərdiylə bilavasitə haçansa məşğul olmuş hansısa bir təşkilatın sənədləri ilə deyil, Qarıqışlaq kənd orta məktəbinin müəllimi Çingiz Mehrəliyevlə görüşməyi tövsiyə etdilər.
Laçın Rayon Partiya Komitəsinin binasında təsadüfən tanış olduğum Çingiz müəllim, sən demə, elə Qaragöllə bağlı yenə birinci katiblə görüşmək arzusundaymış. Niyyətimi bildirən kimi Çingiz müəllim qoltuğundakı qovluqları göstərdi, sanki sinəsindən alov püskürürdü, yanıqlı-yanıqlı danışırdı. Yox, sızıldayırdı. Deyəsən, yaxşı tapışmışdıq…
Bu adam – istedadlı müəllim, kənd ağsaqqalı saçlarını Qaragölün taleyi uğrunda ağardıbdı. İyirmi ildən artıqdır ki, Laçın rayonunun və respublikanın əlaqədar təşkilatlarının qapısına ayaq döyür, həyəcan təbili vurur, di gəl ki, nə səsinə səs verən var, nə sözünü eşidən. Qaragöl yaylağının günü-güzəranı da qarala-qarala gedir. İyirmi il ərzində Çingiz müəllimin təşəbbüsü, kənd camaatının köməkliyi ilə respublikanın, ölkənin bu məsələ ilə az da olsa əlaqəsi olan təşkilatlarına 500-ə yaxın ərizə, məktub, onlarca teleqram göndərilib. Təsəvvür edirsinizmi, 500-ə yaxın!.. Çingiz müəllimin evində üst-üstə qalaqlanmış çoxlu qovluqlarda Qaragöllə bağlı qiymətli sənədlər, müxtəlif illərin xəritələri bu adamın narahat ömründən xəbər verir.
Çingiz müəllimin söhbətini dinlədikdə onun qoynunda yaşadığı bu uca dağlara bənzəyən qəddi-qaməti qarşısında, ağrıyla danışdığı həqiqətlər qarşısında əyilirəm, Qaragölün qara taleyində özümü və ümumən hamımızı günahkar sayıram. Və Çingiz müəllimin dəst-dəst yığılmış qovluqlarındakı sənədləri, topladığı xəritələri, bir də ömrü Qaragöl yaylağında keçən bu ağsaqqalın yaddaşındakı söz-söhbətləri bu yazı üçün ən etibarlı mənbə hesab edirəm.
ÖNCƏ BİR AZ YAXIN KEÇMİŞDƏN…
Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və Qaragöl yay otlağı Gəloxçu tayfası adlanan doqquz para (Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni və s.) kəndin olub.
Yazağzı dədə-babalarımız bu yaylaqlara qalxar, bu otlaqlarda mal-qoyun saxlardılar. Qaragölün dupduru, tərtəmiz suyundan çay qoymaq, xəmir yoğurmaq üçün istifadə olunardı. Məscid adlanan yerdə camaat dini mərasimlər keçirər, yaylaqda ölənləri buradakı Qaraməmmədli, Qanlıca qəbiristanlıqlarında dəfn edərdilər.
Xalq Qaragölə həm də müqəddəs ibadətgah – pir kimi baxardı. Camaat payızda yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur- red.) üzərində piltə yandırardılar. Qədim bir inamın işartısı gələn bu adət hələ yaxın illərə kimi qorunub saxlanırdı.
Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ, Böyük İşıqlı, Sarı dağ, Göy dağ, Dəmirdaş, Boz dağ) və otlaqların (Ayıdərəsi, Əyriqar, Qanlıca, Dəlijəli, Yolaşan) adlarını lap qədimdən öz dillərində adlandırmış, nəsildən-nəslə ötürmüşlər.
Sovet hakimiyyəti qurulduqdan sonra 1927-1929-cu illərdə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xətti müəyyən olunmuş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. Həmin sərhəd xəttinə əsasən, Qaragöl yay otlağı Azərbaycanın tərkibində qalmışdır. O illərdə nəşr olunan bütün xəritələrdə gölün və ərazinin Azərbaycan SSR-ə məxsusluğu açıq-aşkar görünür.
1928-ci ildə kolxoz quruluşu başlanandan sonra Qaragöl yaylağı Laçın rayonu üzrə 3 N-li yay otlağı kimi qeyd edilmiş və Qarıqışlaq kəndindəki Telman adına kolxozun istifadəsinə verilmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 N- li qərarında da Laçın rayonunun inzibati ərazisində yerləşən Qaragöl yay otlaq sahəsinin Laçın rayonu təsərrüfatlarının istifadəsinə verildiyi bir daha göstərilir.
1960-cı illərə kimi Qaragöl yay otlağından Laçın rayonunun təsərrüfatları, Laçın camaatı əvvəlki kimi istifadə edib. 1960-cı illərdən isə yaylağa Ermənistan SSR Gorus rayonunun təsərrüfatlarının da ayağı açılmağa başlayıb. 1964-cü ildə həmin rayon Qaragölün sahilində böyük su-nasos stansiyası qurub və gölün suyunu insafsızcasına çəkib ətrafdakı erməni fermalarına, otlaqlarına vurmağa başlayıb. Bu nasos stansiyasının kimin razılığı ilə nəyə əsasən qurulduğu isə müəmma olaraq qalıb. Nasos stansiyası göldə suyun səviyyəsini aşağı salmaqla bərabər, həm də onu çirkləndirməyə başlayıb.
Bu özbaşınalığa əks tərəfdən elə bir ciddi müqavimət görməyən Gorus rayonunun rəhbərləri Qaragöldə balıq yetişdirmək fikrinə düşüblər. Qaragöldə yetişdirilən qiymətli balıq Gorus şəhərinin ərzaq mağazalarında geninə-boluna satılıbdı.
Laçın rayonunun, respublikanın əlaqədar təşkilatlarının mürgülədiyini görən Çingiz müəllim həmin dövrdən Qaragölü müdafiəyə qalxır, müxtəlif təşkilatlara məktublar, şikayətlər göndərməyə başlayır.
1968-ci ildə onun “Azərbaycan kommunisti” jurnalına göndərdiyi məktub jurnalın 1969-cu il 10-cu nömrəsində çap olunur:
“…Qaragölün taleyi təkcə Laçın rayonunun rəhbərlərini deyil, habelə respublikanın əlaqədar təşkilatlarını da narahat etməlidir. Qaragöl bütün ətraf təbiətin həyat mənbəyidir. Qaragöl yaylağında ətraf kəndlərin mal-qarası otarılır. Bu göl yaylaq əhalisi üçün misilsiz sərvətdir. Sevan gölündə suyun səviyyəsini qaldırmaq üçün milyon manatlarla vəsait xərcləyən ermənistanlı yoldaşlar nə üçünsə güclü nasoslarla Qaragölün suyunu sorur, onu tamamilə sıradan çıxarırlar. Bir müddət də belə davam etsə, Qaragöl quruyacaq, yaylaq isə öz təsərrüfat əhəmiyyətini itirəcəkdir. Nə qədər ki, gec deyil, bu barədə təsirli tədbirlər görülməlidir.
Məktubun işıq üzü görməsindən bir az əvvəl isə, sən demə, Qaragölün, eləcə də Qaragöl yay otlağının ən axar-baxarlı sahəsinin taleyi Azərbaycan və Ermənistan SSR Ali Soveti Rəyasət heyətlərinin 7 may 1969-cu il qərarı ilə gizlicə yüksək kabinetlərdə həll olunmuşdur.
Həmin bədnam qərarla ikitərəfli komissiyanın razılığı əsasında Azərbaycan əliaçıqlıq edərək Qaragöl ərazisindən xeyli torpağı kəsib Ermənistan SSR-ə vermişdir. Lakin bu “qərar” Azərbaycan xalqından xəbərsiz imzalanmış, xəyanətkar rəhbərlər xalqdan gizlin bu qərara razılıq vermişlər.
Bu gün aşkarlıq və demokratiya şəraitində Azərbaycan xalqının 7 may 1969-cu il qərarının səbəblərini, bu qərarı kimlərin və necə hazırladıqlarını, sərhəd xətlərinin çəkilməsində kimlərin iştirak etdiyini, ümumiyyətlə, bu qərarla bağlı bütün məsələlərin işıqlandırılmasını tələb etməyə tam haqqı var. Bu qaranlıq məqamlar aydınlaşdırılmasa, xalq bu satqın “əliaçıqları” tanımayacaqdır. Bunun isə keçmişdən daha çox bizim gələcəyimizə zərəri vardır.
1969-cu ilə kimi isə erməni “alimləri” bekar dayanmamış, həmin bədnam qərara “real zəminlər” hazırlayıbmışlar. Ən öncə Zaqafqaziya MİK-nin 1927-1929-cu il arxiv sənədləri, həmin illərin xəritələri yoxa çıxmışdır. Onu da deyim ki, hətta 1928-ci ildə tərtib edilmiş Laçın rayonu yay otlaqlarının pasportlaşdırma xəritəsi də yoxa çıxmışdır.
DƏMİRDAŞ, YOXSA KİÇİK İŞIQLI?
X.C.Zamanovun “Kiçik Qafqazın gölləri və anbarlarının su balansı” (Bakı, 1969) kitabından:
“…İşıqlı Qaragölü Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sağ qolu Xoznavarçayın mənbə hissəsi rayonunda, dəniz səviyyəsindən 2666 metr yüksəklikdə yerləşmişdir. İşıqlı Qaragölü Azərbaycan SSR-in dövlət sərhədindəki Böyük İşıqlı dağının (3552 m) şimal ətəyindədir. Qaragöl şimaldan Boz dağ və Göy dağla, şimal-qərbdən DƏMİRDAŞ və Kiçik İşıqlı dağı (3455 m) ilə, cənubdan Keçəl dağ, şərqdən isə alçaq Moren tirəsi ilə əhatə olunmuşdur”.
1969-cu ildə çap olunmuş bu kitabda Qaragölü əhatə edən dağların adı aydın şəkildə göstərilir. Zaqafqaziya MİK-nin 1927-1929-cu illərə aid sənədlərində sərhəd xəttinin Böyük İşıqlı və Kiçik İşıqlı dağlarından keçdiyi qeyd edilib.
Erməni alimlərinin “ustalığı” və belə işlərdə “yüksək təcrübəsinin” nəticəsi olaraq 1942-ci ildən sonrakı xəritələrində Kiçik İşıqlı dağı Dəmirdaşın “yerinə köçür”, Dəmirdaş isə “yoxa çıxır”.
Çingiz müəllim 1985-ci ilin noyabr ayında hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöl ərazisində olarkən Azərbaycan SSR-in 1:25000 miqyaslı 1942-ci il xəritəsində həmin düzəlişi öz gözü ilə gördüyündən ürək ağrısı ilə danışır.
Deməli, bu “düzəlişin” məqsədi aydındır. Belə ki, 1969-cu ildə təsdiq olunacaq xəritələrdə bu faktdan istifadə olunacaq, sərhəd xətti Kiçik İşıqlı əvəzinə Dəmirdaşdan keçəcək və 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə doğru çəkiləcəkdir. Beləliklə, Laçın rayonunun Qaragöl yay otlağının sahəsi təxminən 250 hektar azalacaq, gölün böyük hissəsi Ermənistan SSR-in ərazisində qalacaqdır.
SURƏTİN SURƏTİ
Başqa bir “real zəmin” isə müəmmalı bir protokolun surətinin surətinin tapılması (!) olacaq. SSRİ Dövlət Yer Quruluşuna Nəzarət İdarəsinin rəisi A.S.Zemtsevin Azərbaycan SSR Qarıqışlaq kənd sakini Ç.Mehrəliyevə 6 fevral 1987-ci il tarixli cavabından:
“Hörmətli Ç.Mehrəliyev yoldaş.
Sizin 22 dekabr 1986-cı il və 17 yanvar 1987-ci il tarixli məktublarınıza əsasən SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivindəki materiallar öyrənilmişdir. Buna əsasən bildiririk:
1. SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivində Zaqafqaziya MİK-nin sənədləri yoxdur…
2. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin sərhəd xəritələrinin dəqiqləşdirilməsi ilə bağlı respublikalararası müşavirəsinin 05.03.1938-ci il tarixli protokolunun surətinin surəti (!) tapılmışdır. Protokolun 8-ci maddəsində deyilir: “Qaragöl Ermənistan SSR-ə məxsusdur”…
3. Dəmirdaş dağı ilə bağlı deyərdik ki, çap olunmuş müvafıq xəritələrdə həmin ərazidə belə dağ qeydə alınmayıb “..
Göründüyü kimi, A.S.Zemtsev çox bəxtəvərcəsinə protokolun surətinin surəti tapıldığını bildirir. Yəqin ki, oxuculara həmin varlığı və yoxluğu dəqiq məlum olmayan “protokolu” kimlərin imzaladığı maraqlı olar. Buyurun, tanış olun: İsaxanyan, Qalustyan, Çerekeşveli, Metreveli, Ağalarzadə, Akopocan, Karkaşadze, Matsknviç, Kotyuk, Tatulov, Komarovski və Qriqoryan.
Sizcə, Azərbaycan SSR tərəfindən həmin protokolun doğruluğunu kim təsdiq edib? Qəribə və ağrılı da olsa, deyək: Azərbaycan MİK-nin o illərdəki işlər müdiri Qadakçyan.
Həmin protokola əsasən 10.IV.1945-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində respublika sərhədləri təsdiq edilmişdir. Təsdiq olunmuş xəritədə artıq Qaragöl Ermənistan SSR-in ərazisinə düşüb. Həmin xəritəni imzalayıblar: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Kübra xanım Fərəcova, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin məsləhətçisi M.Kələntərov və Azərbaycan SSR Baş Geodeziya və Xəritəçilik İdarəsinin əməkdaşı P.Savenko.
Təəssüf ki, 1969-cu ildəki qərarı və xəritələri imzalayanların kim olduğunu öyrənə bilmədik. Yəqin ki, illər ötəndən sonra həmin şəxslər də məlum olacaq.
Ancaq 1969-cu ildə Qaragölü, eləcə də respublikamızın başqa rayonlarından gizlicə verilmiş torpaqları qonşularımız tam zəbt edə bilmirlər, Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi buna mane olur.
Çingiz müəllim və başqa qeyrətli oğlanlarımız isə dayanmadan öz tələblərini, həyəcan dolu məktublarını müxtəlif təşkilatlara yollamaqda davam edirlər.
1973-cü ilin 29-30 avqustunda həmin məktub və şikayətlərin əsasında Qaragölə qarşılıqlı komissiya gəlir və 1927-1929-cu illərin sənədlərinə əsaslanaraq Qaragölün Azərbaycan SSR-ə məxsus olduğunu göstərir. Ancaq komissiya neçə illərdən bəri Ermənistan SSR-in gölün suyunu sorub qurtaran nasosunu yığışdırmaq əvəzinə, qərara alır ki, Azərbaycan SSR də bir nasos qursun. Bu isə gölün daha şiddətlə çirklənməsinə şərait yaradır.
Nəhayət, 1984-cü ildən sonra saxta tarixlər yer üzərinə köçürülməyə başlayır. “İzvestiya” qəzetinin 1986-cı il 29 yanvar nömrəsində Çingiz Mehrəliyevin “Dağlar gözəlinin taleyi” adlı məktubu çap olunur. Bu məktubda Qaragölün taleyi ilə bağlı məsələlərdən bəhs edilir. Hər iki respublika Nazirlər Sovetinin müavinlərinin cavabları və redaksiyanın fikri də həmin məktubla bərabər işıq üzü görür. Göstərilir ki, bu “dağlar gözəlini” gələcək nəsillərə qoruyub saxlamaq hamının borcudur.
Qəzetin işə qarışması təsirsiz qalmır. 1986-cı ilin 7 avqustunda hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur. Komissiya qərara alır ki, göldən su-nasos stansiyaları götürülsün, balıq yetişdirilməsi və tutulması qadağan olunsun, respublikalararası Qaragöl Dövlət qoruğu yaradılsın. Komissiyanın üzvləri Qaragöl ərazisində azərbaycanlıların Qara Məmmədli, Qanlıca qəbiristanlıqlarının erməni ekstremistləri tərəfindən vəhşicəsinə dağıdılmasının şahidi olur. Qeyd edək ki, bu cür hadisələr başqa sərhəd rayonlarımızm ərazisində də baş vermişdir. Amma heç kim bu barədə ağzını açıb bir kəlmə danışmamışdır.
Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti “Qaragöl” (“Sevlic”) dövlət qoruğunun yaradılması haqqında 17 noyabr 1987-ci il 408/717 nömrəli qərar qəbul edir.
Sahilin çəmənlik, axar-baxarlı hissəsi, gölün demək olar ki, 90 faizi Ermənistan SSR-in “Sevlic” qoruğuna tabe olur. Qaragölün cüzi hissəsində və daşlı-çınqıllı, ayaqdəyməz sahilində isə 1988-ci ilin yanvarın 1-dən “Qaragöl” qoruğu yaradılır.
RESPUBLİKALARARASI “QARAGÖL” DÖVLƏT QORUGU artıq iki ilə yaxındır ki, yaradılıb. Qoruğa yeddi nəfər işçi ştatı verilib. Qoruq yaradılarkən Bakı şəhərinin sakini, Azərbaycan Geodeziya İdarəsinin əməkdaşı Cəlal Nağıyev qoruğa direktor təyin olunur. Qaragölə olan “böyük məhəbbət” onu bura çəkib gətirir. Qoruqda elmi işlər üzrə direktor müavini ştatı isə hələ də boşdur. Qoruğun idarəsi göldən təxminən 50 kilometr aralıda, Laçın şəhərində, Meşə Təsərrüfatı İdarəsinin binasında bir otaqda yerləşir.
Qoruğun üç nəfər yegeri, yəni bilavasitə Qaragöldə işləyən adamlar 10-15 km aralı kəndlərin sakinləridir və çox zaman həftələrlə Qaragölə ayaq basmırlar. Heç gölün sahilində yegerlərin qalması üçün münasib bir tikili də yoxdur.
Qarşı tərəfdən Qaragölə geniş yol, işıq çəkildiyi, tikililər inşa edildiyi halda, qoruğun işçilərinin və Laçın rayonu əlaqədar təşkilatlarının Qaragölə belə münasibətinə ənənəvi etinasızlığın və laqeydliyin davamından başqa nə ad vermək olar? Bax, biz beləyik, qulağımızın dibində top atılır, ayılırıq və təzədən mürgüyə gedirik. Yaxşıca yığışaq, ağlaşaq, vəssalam…
“Elm və həyat”, 1989.
Müəllif: Rəşad MƏCİD Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru
Abbasqulu ağa Bakıxanov Azərbaycan ədəbiyyatında, ümumiyyətlə söz sənəti və ictimai fikir tarixində özünəməxsus yeri olan dahi şəxslərdən biridir. Uşaq və yeniyetmələrin onun “Nəsihətlər” və ya “Nəsihətnamə” adlanan kiçik həcmli kitabını oxumasında böyük fayda var. Ruhu şad olsun, millətinin gələcəyini düşünən ziyadar bir yazar olub…
QISA ARAYIŞ:
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib. Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub. Allah rəhmət eləsin… Amin…
Beynəlxalq Ailələr Günü hər il 15 May tarixində qeyd olunur. Gün 1993-cü ildə A / RES / 47/237 qətnaməsi ilə BMT Baş Məclisi tərəfindən elan edilmiş və beynəlxalq birliyin ailələrə verdiyi əhəmiyyəti əks etdirmişdir.
Bu foto 14 may 1993 – cü ildə Yaşmada Azərbaycan Respublikasının yeni yaradılan Xüsusi Təyinatlı Taborlarının birində Hərbi And İçmə Günü çəkilib. Fotoda sağda (nisbətən uca boylu əsgər) İbrahimov Zaur – Balaxanıdan, xanım döyüşçü və Zaur Ustac (Mustafayev) – Ağdam.
Qarşımda, masamın üstündə Əli Rza Xələflinin diqqətlə oxuduğum və şair-publisist Hamlet İsaxanlının poeziyasına, onun “Ziyarət” poemasına həsr etdiyi yeni kitabı – “Həyatın dastanı” durur… Lakin, lap əvəldən başlamaq istəyirəm. Elə, Əli Rza Xələflini tanıdığım vaxtdan. Daha bu imzaya, bu ada şair, yazıçı, publisist, jurnalist, tədqiqatçı adlarını əlavə etmədən. Çünki, Əli Rza Xələfli imzası müasir ədəbi və ictimai mühitdə özünə elə köklü-köməcli yer tutubdur ki, adı çəkilən kimi bunların hamısı yada düşür. Özü də, həqiqət naminə, onu da deyim ki, sıraladığım bu yaradıcılıq shəsinin hər birində Əli Rza Xələfli özünəməxsus, orjinal bir məqamdadır və elə onun birilə də məşğul olsayıdı tanınacağıdı, seviləcəyidi, rəğbət doğuracağıdı… Səhv etmirəmsə, buna yaradıcılıq polufonizmi deyirlər, başqa sözlə, Əli Rza Xələfli çoxşaxəli yaradıcılıq imkanlarına malik “qələmsiz” qələm adamıdır və mən özüm də elə əvvəldən onu bu cürə tanımışam… “Qələmsiz qələm admı” ifadəsini də, deyəsən, ilk dəfə mən onun haqqında işlətmişəm, özü də bir əlavə ilə, demişəm ki, Əlirza Xələfli qədim Roma filosofları kimi, nə yaradırsa, bir əli cibində, bir əlində siqaret tutaraq qələmsiz-kağızsız diktə edir. İndi də əlavə edirəm ki, fikri improvizə edərək, nə yaradırsa şifahi şəkildə yaradır. Elə ona görə də, onun bütün yaradıcılığı şifahi xalq yaradıcılığı təkin şirin, cazibadar və diqqətçəkəndir…
Bu sözləri də onun haqqında mən yazmışam və təkrar etməkdə məqsədim budur ki, fikrimi gəlişigözəl söz təkin yox, sabit qənaətim təkin irəli sürmüşəm: “Mənim üçün (həmçinin eləcə də onu tanıyanlar üçün də) heç bir metaforaya sığışmayan bir qələm əhli, ürək və əqidə dostum var – bu, şair, yazıçı, publisist-jurnalist, tədqiqatçı-tənqidçi Əli Rza Xələflidir! Bu adın, bu imzanın özü müasir ədəbi prosesdə həyatı bədii-fəlsəfi dərkin və inikasın bütöv bir sistemini özündə ehtiva etməyə qadirdir!.. Əli Rza Xələfli adı, imzası ədəbi-bədii siferada ülfət və ünsiyyət mücəssəməsidir! Ülfət və ünsiyyət intiqralının bütün kodları onun ürəyinin, qəlbinin döyüntüləri ilə kodirovka ola bilər!..”
“İnteqral” deyəndə yadıma bir el kəlamı düşdü: “Dost dosta tən gərək!” Əslində, bu kəlamı yaradıcı aləmə tətbiq eləyəsi olsaq, bir-biri haqqında söz deyən yaradıcı şəxsiyyətlər də, gərək ki, bir-birinə tən gəlsin. Əli Rzanın qələm dostu, tanınmış alim, riyaziyyatçı, deyilənə görə, riyaziyyat elminin bütün “inteqrallarının” açarını cibində gəzdirən, fizika-riyaziyyat elmləri doktoru, professor, bizim üçünsə istedadlı şair-publisist Hamlet İsaxanlıdır və Əlirza Xələflinin Hamlet İsaxanlı yaradıcılığına müraciət etməsi, ondan bir kitablıq söz yazması bu iki yaradıcı şəxsiyyət tipinin bir-birinə tən-dürüst gəlməsidir…
Elə buradaca, tanınmış şair-publisist, tərcüməçi, kitabın redaktoru Hafiz Rüstəmin “Həyatın Dastanı” kitabına yazdığı, kitabın özü qədər dərin, mənalı “Həyatın Dastanı”nda “Ziyarət”in fəlsəfi mahiyyəti” adlandırdığı ön sözündən bir abzası fikrə qüvvət kimi misal gətirirəm: “Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məzmun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır. Əksinə, bütün bunlar düz mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir.” Ziyalı şəxsiyyətinə və təfəkkürünə böyük hörmət bəslədiyim Hafiz Rüstəmin bu postulatından çıxış edərək “Həyatın Dastanı”nın müəllifi Əli Rza Xələfli ilə “Ziyarət” poemasının müəllifi Hamlet İsaxanlını görək bir ziyalı, şair, alim tipi kimi nələr birləşdirir, hansı cəhətlər üst-üstə düşür, bunların yaradıcı şəxsiyyətləri arasında düzmüntənasib gələn hansı məqamlardır ki, hər iki ədibi, hər iki ədəbi şəxsiyyətin missiyasını müəyyənləşdirib.
Ümumiyyətlə, Hamlet Isaxanlı adı çəkiləndə o belə səciyyələndirilir: alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, pedaqoq, şair, yazıçı və publisist, tərcüməçi, riyaziyyat, humanitar və sosial elmlər üzrə məqalə, kitab, dərslik və monoqrafiyalar müəllifi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin həmtəsisçisi, naşir, və redaktor… Biz burada Əli Rza Xələfli şəxsiyyəti ilə Hamlet İsaxanlı şəxsiyyətini müqayisə etmək fikrindən uzağıq, amma kimin kim haqqında söz, fikir demək səlahiyyəti ədəbi təsərüfatda və prosesdə mühüm amildir. Bu cəhətdən hər iki ziyalı şəxsiyyəti çox müxtəlif tərəflərdən və məqamlrdan bir-birini tamamlayır… Blə ki, Əli Rza Xələfli də, Hamlet İsaxanlı da müasir ədəbi prosesdə ən müxtəlif məqamlarda, məqamında nüfuzlu söz demək səlahiyyətinə malik ziyalılarımızdandırlar…
İndiyənə qədər Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır. Məsələn, Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim…” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı, Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər. Onun barəsində dünyanın onlarla ən nüfuzlu şəxsiyyətlərinin dediyi söz içərisindən ikisini seçmələyib təqdim edirəm: Azərbaycan mədəniyyətinin, elmi fikrinin nüfuzlu nümayəndələrindən biri olan, tanınmış diplomat, “Azərbaycan Doplomatiya Akademiyası”nın prezidenti, professor Hafiz Paşayev, Azərbaycan Respublikasının ABŞ-dakı sabiq səfiri: «Hamlet müəllimin fəaliyyəti respublikamızın ictimaiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi başlayıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəaliyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün əhəmiyyətli konkret işlər görmüşdür.
Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xaricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin işlərində əvəzsizdir. Onun Amerika universitetləri ilə birgə proqramlar üzrə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniyyətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universitetlə bağlı olmuşdur». Zəlimxan Yaqub, xalq şairi, millət vəkili: «Hamlet İsaxanlı – gözəl insan və böyük alim! Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətəndaşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad sahibi! Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən şöhrətli nümayəndələrindən biri! …Kökünə, nəslinə, torpağına, ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, ömrünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müxtəlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini heyrətə gətirən Vətən oğlu!..”
Yeri gəlmişkən, onu da qeyd edim ki, şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Arzumanlı, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.
Şair, yazıçı və jurnalist, tədqiqatçı-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin “Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr” Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012) kitabı isə Hamlet İsaxanlının poetik yaradıcılığına həsr olunmuş əsərlər sırasında xüsusi, özü də deyərdim ki, əhəmiyyətli, siqlətli yer tutur (əsər əvvəlcə uzun zaman ərzində hissə-hissə “Kredo” qəzeti səhifələrində dərc olunmuşdu).
Bu kitab, Hamlet İsaxanlının təkcə bir poeması haqqında yazılsa da, Əli Rza Xələfli elə bir üslubi fənd tapır ki, bu fonda onun poetik yaradıcılığı, şəxsiyyəti, elmi-ictimai fəaliyyəti barədə müfəssəl təsəvvür yaradır. Həmçinin, müəllif – Əli Rza Xələfli “Həyatın Dastanı” kitabını bir şair fəhmi və bir tədqiqatçı təfəkkürü ilə yazdığından, Hamlet İsaxanlı poeziyasını müasir Azərbaycan poeziyasının faktı təkin götürmüş, bununla da ümumən müasir ədəbi proses haqqında da qənaətlərini və ədəbi-fəlsəfi düşüncələrini oxunaqlı, şirin-şairanə bir üslubda, müasir publisistikanın son imkanları çərçivəsində, hisslərini və fikirlərini yüksək səmimiyyətlə yoğuraraq ortaya qoymuşdur…
Əslində bu əsəri ilə Əli Rza Xələfli Hamlet İsaxanlını müasir şeirin xanı, poetik ruhun Məsihi kimi təqdim etmiş, onun bədii yaradıcılığının heç kəsin görmədiyi və ya görə bilmədiyi Hamlet fəlsəfəsini açmışdır… Və “Hamlet İsaxanlı kimdir?” sualına bədii-publisistik, fəlsəfi-estetik manerada cavablar axtararaq bu maraqlı şəxsiyyətin ədəbi-ictimai müstəvidə tutduğu yeri aşkarlamışdır… Əli Rza Xələfli əsərinin əvvəlindəcə ədəbi niyyətini ortaya qoyaraq yazır: “H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasirlərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Bizim qiymətləndirdiyimiz onun çox böyük mənəvi aləmi, şairlik dünyasıdır. …H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun mənəvi gücü ilə qarşılaşırıq.”
Əli Rza Xələfli öz qələm dostu haqqında yüksək səmimiyyətlə, deyərdim, bir az da vurğunluqla danışır, ona Azərbaycanın ədəbi-mənəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir sənətkar səviyyəsində yanaşaraq əminliklə deyir: “H.İsaxanlı sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Kövrək duyğularının tarixi nə zamandan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır… …H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. O, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir – həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Oxucu, H. İsaxanlının ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir…”
Bu cümlələri, fikirləri oxuduqca, adam Əli Rza Xələflinin özünün də səmimiyyətinə, dosta, qələm yoldaşına, əsirdaşına yanaşma səmimiyyətinə qibtə edir, onun səmimiyyətdən yoğrulmuş qəlbinin çırpıntılarını səmimiyyət mahnısıının not sədaları kimi eşidir… Bu sözlərin, bu duyğuların, belə bir münasibətin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, bütövləşmiş ziyalı dayanır.
Əli Rza Xələfli, bu əsərində də, şübhəsiz Hamlet İsaxanlı şəxsiyyəti ilə bahəm öz şəxsiyyətinin bütövlüyünü də ortaya qoymuş olur. Hamletin poezyasının oyatdığı duyğulardan irəli gələn hansısa fövqəltəbii qüvvənin təsiri ilə onu bir şair, bir yaradıcı kimi daxildən sıxan, ona əziyyət və güc verən, sevindirən, sözün fəthindən qürurlanan hisslərini, ədəbi-estetik görüşlərini, ictimai-fəlsəfi düşüncələrini ifadə edir, bəzən fikrin improvizə dalğalarında uyarlı və tutarlı gəzişmələr aparır… Bütün bunlar Əli Rza Xələflinin “Həyatın Dastanı” kitabını, doğrudan da həyat haqıında, müasir dünyamız haqqında, müasir poeziyamız və ədəbi-bədii fikrimiz barəsində elmi-publisist üslubda yazılan dastana çevirir – həyat dastanına, həyatımızın dastanına!…
Əli Rza Xələflinin “Həytın Dastanı” əsərində belə bir məqam da diqqətimi cəlb elədi. O, Hamlet İsaxanlıya xitabən yazır: “Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınızı oxuduqca sizin insan hisslərinin rənga¬rəng xəritəsində ən ecazkar, bəlkə də, ekzotik ərazilər zonası olaraq təsvir elədiyiniz məqamları gözümün önünə gətirirəm və həmin anlarda düşünürəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər.” Çox doğru, düzgün, özü də elmi-psixoloji müşahidədir! Elmi, publisistik yaradıcılıqda da belədir. Bədii təfəkkür sahibləri bədiyyatı daha dolğun, daha dürüst duya və qiymətləndirə bilərlər. Bu mənada, şair-publisist Əli Rza Xələfli, Əli Rza Zal oğlu şair – publisist, alim-riyaziyyatçı Hamlet İsaxanlını, Qaçaq İsaxanın şair nəvəsini doğru-dürüst anlaya bilir, onun heç kəsin görmədiyi, daha doğrusu görə bilmədiyi tərəflərini görüb, qədrini-qiymətini bilə bilir! Ancaq şair şairin qəlbinin pünhanlarına, gizlinlərinə bu qədər mərhəmliklə əl apara bilər ki, biz bunu Əli Rza Xələflinin “Həyatın Dastanı” bədii-publisisistik üslubda yazdığı fəlsəfi-estetik traktaktının hər fəslində, hətta fəsillərin başlıqlarında belə müşahidə etdik. “Kövrək sözün işığında”, “Bitik”lər nəsillərə ünvandır”, “Göynəyin köynəyində”, “Obrazın məntiqi – həyatın mənası”, “Yurda könül ziyarəti”, “Söz var, kimsəyə deyilməz”, “Yaşamağın vətəndaşlıq mahiyyəti”, “Səsin işığı”, “Poeziya – ruhun zərrələri”, “Çiçəklər önündə təzim”, “Bənzərsiz anların poeziyası”, “Aristarxlara cavab”, “Həyatdakı həqiqət – yuxudakı səadət”, “Dedal və İkar əfsanəsi”, “Hamlet – olum-ölüm arasında”, “Yaddaş simfoniyası – son akkordlar” təkin başlıqların hərəsi bir şeir misrasını, hərəsi bir fəlsəfi postulatı xatırladır və deyim ki, gəlişigözəl ifadələr deyil, fəsllərdəki məna və mahiyyətə, qoyulan problemə, məzmuna tamamilə uyar, Hamlet İsaxanlı poeziyasının kod açarına çevrilən başlıqlardır və oxucunu məcbur edir ki, oxu, gör bu başlıqların arxasında hansı mətləblər, mənalar gizlənibdir… Oxucu hiss edir ki, qeyri-adi, bənzərsiz, filosof və şair düşüncəli, zövqü yüksək məqamda olan bir qələm sahibi ilə həmsöhbət olacaq. Və belə də olur!..
Əli Rza Xələflinin təhlilləri zərif, şərhləri mənalı, izahları inandırıcıdır. O, Hamlet İsaxanlının poetik üslububnda müşahidə etdiyi elə məqamlara toxunur ki, bunlar onun yaradıcılığının mahiyyətindən irəli gəlir. Məlumdur ki, Hamlet İsaxanlı mənalı dördlüklər, bayatılar müəllifidir və bu onun poetik stixiyasında əsas yerlərdəndir. Əli Rza bu stixiyanı onun epik-lirik “Ziyarət” poemasında da aşkara çıxararaq belə mənalandırır: “H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır.
Müəllif anasına ismarıc elədiyi mahnısını “Gedin, deyin anama” şəklində oxuyur. Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-bayatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bundan o yanası yoxdur.”
Beləliklə, elə bu tərzdə Əli Rza Xələfli Hamlet İsaxanlının şeiriyyət aləminin söz, ritm və anəng qovuşuğunun sirli əlaqələrini sərrafcasına aşkarlayır, üzə çıxarır, bu harmoniyanın mahiyyətini izah edir, Hamlet İsaxanlının poetik üslubunu şərtləndirən lirik hissin ahəngdar təhkiyyə siferasına nüfuz edir: “Poeziya, nəzm və adi şeirdən fərqli olaraq daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. H.İsaxanlı da özünün səmimiyyətilə müşayiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı deyil. Onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır.
H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. …Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində…” Əslində, Əli Rza Xələflinin qələmə aldığı “Həyatın Dastanı” əsəri də həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarıdır, müəllifinin mənəvi aləmindəki fırtınaların, təlatümlərin əks-sədasıdır. Əli Rza Hamletin lirik qəhramanına məxsus olan cizgiləri açdıqca, proyeksiya etdikcə onun özü də bir lirik qəhrəmana çevrilir, Hamletin lirik qəhrəmanına “Yaddaş Sahibi” adını verərək özü də sözün sahibinə çevrilir, onun əlindən tutub Yurd, Vətən, Torpaq adlandırdığımız mehraba doğru ziyarətə apararaq belə bir qənaəti ifadə edir: “Zənnimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi sözdə öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır.”
Hamlet İsaxanlı Əli Rza Xələflinin zənnində, qələmində yurduna, torpaqına, doğulduğu yerin təbiətinə oxşayan bir obraz kimi canlandırılır və bu cür də təqdim olunur… Bütün istedadlı şairlər kimi, Hamlet İsaxanlının şairlik mahiyyətini, şairlik kübarlığını da bu oxşarlıqda görür… Və müəllif doğru olaraq bu versiyanı irəli sürür ki, Hamle İsaxanlı yurd yerlərini gəzə-gəzə ozanlıq edir və ozanlaşa-ozanlaşa Hamlet özü də Yurd atasına çevrilir: “Məlumdur ki, “Ziyarət”də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapanma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf eynəyinin arxasından boylanan gənc – əslində, eynəkli adam – o adam ki, indi kifayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir ziyalı özü yurd atasına çevrilib.”
“Yurd atasına” çevrilən ozan-şairin “Ziyarət” poeması da özü kimi rişəsiz, köksüz, ənənəsiz deyil. Əli Rza Xələfli tədqiqatçı fəhmi ilə, onu ulu Şəhriyarın “Heydərbabaya salam kitabxanası”na ən dəyərli hədiyyə hesab edərək, “Ziyarət”i üslubca, ritm və havacatla olmasa da, (bu Hamlet İsaxanlının ustalığıdır) ruhca onun “Şəhriyar düsturu”ndan istifadə etdiyini bildirir, onu bu sıradan yazılmış dəyərli ədəbi-bədii fakt təkin qiymətləndirir:
“Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və onun “Yurt” dərgisi ətrafında birləşən çoxlu sənətkarlar “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər.
…Bu günə qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı şairlər də “Heydərbabaya salam” kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi olaraq mən də “Bir Xələfli var imiş” adlı əsərimlə o möhtəşəm “salam” qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da deməliyəm, Şəhriyar düsturundan istifadə ilə yazılmış “qrafoman” əsərlər də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş fenomeninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və təxəyyülünün imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altında yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün original forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi Nəriman Həsənzadənin “Poylu beşiyim mənim” eposu, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox dəyərli yerlərdən birini tutan H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii dəyərinə, “sağlam-estetik əsaslarına” görə yaşarılıq haqqı qazanacaq, zamanzaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir.” Mənə elə gəlir ki, müəllifin bu müqayisələri, “Heydərbaba kitabxanası” və “Şəhriyar düsturu” onun bir tədqiqatçı kimi tapıntısıdır və ədəbiyyatşünaslıqda tamamilə yeni anlayışlardır.
Onun yeni yazı manerası da diqqətimi çəkdi. Əli Rza söz arası söz deyir! Poeziyada “lirik ricət” anlamı var. Elə bil ki, bu anlama uyğun olaraq Əli Rza publisistik ricətlər edir, sözə əriş-arğac qatır, təzə-tər ilmələr artırır… Ümumiyyətlə, Əli Rzanın bu əsəri publisist ricətlərlə, elmi monoloqlarla, fikri imrovizələrlə süslənmiş, yeni üslubda yazılan monoqrafik tədqiqat əsəridir…
Son olaraq qeyd edim ki, Əli Rza Xələflinin “Həyatın Dastanı” ədəbi-fəlsəfi düşüncələr əsəri Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında yazılsa da, müasir poeziyamızın, ədəbi-estetik düşüncəmizin bir sıra problemlərini əhatə edən kompleks səciyyəli əsərdir.
Hamlet İsaxanlı da, Əli Rza Xələfli də ruh adamıdırlar. Hər ikisi şeirin və elmin övladlarıdır… Bu iki tanınmış ziyalının ruh qovuşuğu öz gözəl nəticəsini, bəhrəsini vermiş, Kürlə Arazın qovuşuğu təkin bollu-bəhərli olmuş, müasir fikir dünyamızı, ruh dünyamızı zənginləşdirmişlər…
Əli Rza Xələflinin “Həyatın Dastanı” əsəri ədəbi-elmi dəyərinə, sağlam-estetik əsaslarına, təfəkkür dərinliyinə, güclü təxəyyül zənginliyinə görə müasir poeziyaşünaslığımza və əlbəttə ki, müəllifinə, onun ədbi qəhrəmanı Hamlet İsaxanlıya şöhrət qazandıracaq əsərlərdəndir…
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.