Etiket arxivi: HAQQINDA

Sevda Mərdəkanlının Sevgi və  Sevda Rəsmi

AFƏT ŞAHDİN YAZILARI

Sevda  Mərdəkanlının Sevgi və  Sevda Rəsmi

          Sevin bir-birinizi!

          Qoy DÜŞMƏN çatlasın!

O heç əvvəllər də sevməmişdi …

ADƏM babamızı,

Həvva anamızı,

Hamımızı….

Sevgi Allahın ən böyük nemətidir. Sevmək üçün insan böyük və geniş QƏLBə  sahib olmalıdır.YARADAN öz əsərlərini SEVGİ ilə yaradır və Ona çatmaq üçün SEVGİ adlı NURu yerləşdirir.  İnsan öz YARADANını bu işıqla axtarışa çıxır və tapanda Dünyanın ən xoşbəxtinə  çevrilir.

Gözüm yollarında, sorağındadır,

İsti öpüşlərin dodağımdadır.

Ən şirin sözlərin qulağımdadır,

Sən mənim dünyamsan xəbərin varmı?

-deyən şairə haqlıdır. İnsan sevgi sözlərinin şirinliyini dadarkən bu dad, səs, duyğu onu canlandırır, həyat  verir, qəlbə girən, orda özünə həmişəlik yer edir, kök salır, bir dünya yaradır.

Doya bilməm söhbətindən, sözündən,

Sevgi dolu, vurğun baxan gözündən.

Varlığını heyran edən sözündən,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgililər saatlarla söhbət edirlər, bu zaman saat, zaman anlayışı itər, öz-özünü yenidən tapmış kimi hər biri varlığını yeniləyər, sanki yenidən doğularlar, yeni bir dünya yaradıb Dünyanı yenidən kəşf edərlər:

Sən olmasan, mən neylərəm, bilmirəm

Bir günümü sənsiz ana bilmirəm.

 Görmürsən ki, mən dayana bilmirəm?

Sən mənim dünyamsan xəbərin varmı?

Əlbəttə xəbərləri yoxdur. Sevgi hər iki aşiqi kor edir. Onlar fərqində olmadan hər gün, hər saat, hər dəqiqə birlikdə olmağa can atırlar. Can atdıqları isə ikisinin yaratdığı Dünyadır.  BU DÜNYA  hər İKİ AŞİQİNDİR. Orada tək olmaq mümkün deyil:

İndi səni düşünürəm, yazıram,

Yolunda hər bir sınağa hazıram.

Bilirəm, sənə həmişə lazımam,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgi – həm də sınaqdır. Bu sınaq kəpənək qanadları kimi çox incə, çox kövrək və həssasdır. Gülün tikanları kimi acıdıb yaralayandır, bal kimi şirin, şəkər kimi zəhərlidir.

 BU DÜNYANI İKİ AŞİQ QURUR, bir-birinə hər zaman lazım, hər zaman gərəkdirlər.

 Həm kövrəlib, həm gülürəm səninlə,

 Körpə uşağa dönürəm səninlə.

 Özümü “göydə” görürəm səninlə,

Sən mənim dünyamsan xəbərin varmı?

 Sevgi qəlbin ən incə tellərinə təmas edib, toxunduğundan sevən insan körpə uşaq kimi həm sevinir, həm də kövrək olur. Özünü göyün yeddinci qatında hiss edir ki, bu da SEVGİ DÜNYASInın olmazsa olmazı, dadı, duzudur.

Məni anla, məni düşün, məni sev,

Qəlbimdəki gülüstanı – çəni sev.

Saçlarımda dən olmusan – dəni sev,

Sən mənim dünyamsan xəbərin varmı?

İki aşiq bir-birini sevərkən qüsurlarını da qəbul edirlər. Bu dünyanın içində gülüstan da var, çən də var, gül də var, tikan da var, yaz da var, qış da. Bu  YOLa çıxdınsa onun gülü də çəni də  sevinci də, kədəri də sənindir. Allah hər kəsə xoşbəxt, sevgi dolu anlar nəsib etsin.

İcazə ver könlünə həmdəm olum,

Səni sevim, oxşayım mən dəm olum.

 Dodağında gülüş olum, qəm olum,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgi – Qəlblərin eyni ritmlə, eyni ahəngdə  çarpması, nəbzin eyni vurmasıdır. Bu zaman emosiyalar ən pik həddinə çatır, insan dəm olur. Sevgi Allah vergisidir. Sevib sevilin, sevən insan bir-birinin qüsurunu örtür, bir-birini cilalayır və BİR olurlar. BİR olmağın yeganə yolu SEVGİdən keçir.

Bir olana çatmağın YOLu da SEVGİdən keçir.

BİR olan sevən hər kəsi BİR etsin, BİRLİKdə ETSİN .

AMİN.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ƏYYUB QİYASIN DOĞUM GÜNÜDÜR! – TƏBRİKLƏR!!!

İşıq Adam! Bu gün Əyyub Qiyasın doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində bolluca uğur arzulayıram! Var olun. Allah Sizləri qorusun!

HÖRMƏTLƏ: ZAUR USTAC

ƏYYUB QİYASIN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NİZAMİ KOLANILI. QAÇAQ ƏRŞAD.

NİZAMİ KOLANILI

NİZAMİ KOLANILI. QAÇAQ ƏRŞAD. PDF:

>>>>>>>Nizami Kolanılı “Qaçaq Ərşad”

MÜƏLLİF: NİZAMİ KOLANILI

NİZAMİ KOLANILININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSİFİN YENİ KİTABI ÇAP OLUNUB

NAİBƏ YUSİFİN YAZILARI

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülnarə Nağıyeva. Yeni şeirlər.

GÜLNARƏ NAĞIYEVANIN YAZILARI

Çöküncə səssizlik
Çöküncə səssizlik evin içində,
Qəlbində səs-küylər qoparar qadın.
Dolan kədərini boşaldar qadın.
* * *
Üzər öz-özünü,qınar özünü,
Boğar dilindəcə bütün sözünü,
İlləri gətirər gözü önünə,
Tökər leysan kimi yaşını qadın,
Yolar saçlarını,başını qadın.
* * *
İçində ovular,içində yanar,
Özü öz dərdinə tək həmdəm olar.
Səssizlik ən böyük kabusu olar,
İllərini tək keçirən qadının.
* * *
Zillənər baxışı soyoq divara,
Deyinər gözləri,çırpınar qəlbi.
Bir cavab arayar,bircə təsəlli,
Baxışı naümid süzülər yerə…

Əsgər
Vətənimin mərd oğlu, igid oğlu.
Sənə necə yaraşır bu əsgər libası.
Uca tut sən andını.
Var-gücünlə qoru sən torpağını.
Sən haqq savaşçısısan.
Torpağının, vətəninin keşikçisisən.
Qoru torpağını gözün kimi.
Torpağına göz dikəni
Parçala aslan kimi.
Sən türksoylu azərisən,
Sənin Mustafa Kamal kimi,
Heydər Əliyev kimi
Soyun var, nümunən var.
Qarşında heç bir düşmən
Tab gətirə bilməz!
Var gücünlə savaşıb,
Çökdürərək düşməni
Göstər ona yerini!

Şəhid
Ey mənim düşmənə
qan udduran şəhidim!
Yat,sən rahat yat!
Üçrəngli bayrağımızı
Zirvələrə qaldırdın.
İlrdir yol gözləyən
Həsrətli könüllərin Gözlərini güldürdün.
Bütün dünya tanıdı
Cəsur türk igidini!
Sən qəhrəman ananın
Dünyaya gətirdiyi
Qəhrəman,mərd oğlusan.
Rahat yat şəhidim,
Rahat uyu sən.
Əməlin səs saldı
Bütün cahana,
Sən Azərbaycan adlı
Bir məmləkətin
Ər oğullarının nümunəsisən!
Otuzillik həsrətə son qoyan qəhrəmansan!
Sancarkən üçrəngli bayrağımı
Yurdumun hər tərəfinə,
Min fərəh gətirdin
Xalqımın ürəyinə
Sən əfsanə oldun,
Sən dastan oldun,
Şanlı tarix yazan
Qəhrəman oldun!
Rahat yat,çünki sən
Qalib ölkənin şəhidisən.

Qarabağ
Bağlarında olmamışam,
Torpağında gəzməmişəm
Mən sadəcə eşitmişəm
Eşidərək sevmişəm.
Qarabağ -gözəl diyar!
Sən cənnətə bənzəyirsən,
Musiqinin özəyisən,
Vətənimin bəzəyisən.
Sən igidlər diyarısan,
Qəhrəmanlar məskənisən
Mən bələd olmasam da Torpağına, daşına,
Yaxşı bələdəm tarixi savaşına
Doğma yurdum, nələr gəlib başına?!
Əl qoyubdur düşmən sənə,
Göz qoyubdur düşmən sənə.
Sənin azadlığa qovuşmağınçün
İgid oğulların canından keçir.
Şəkillərdən gördük səni,
Şeirlərdən sevdik səni.
Artıq zəfər anıdır,
Canlı görmək zamanıdır!

Aparır xatirələr
Soyuq qış gecəsi sızladır qəlbimi,
Bürüyüb xatirələrə xəyallar aparır məni.
Dünənimlə, bu günümlə
Çarpışıram xəyalımda.
* * *
Bu bir sonmu,başlanğıcmı?
Bu, hesabmı?
Bu, qınaqmı? Bilmirəm…
Xəyalımda uzun-uzun yol gedirəm.
* * *
Gah qovur külək məni
Ömrün gənclik çağından,
Gah yorur bu yol məni,
Dayanmaq  istəyirəm.
Dayanmır ki, saatın bu qəddar əqrəbləri,
-gəncliyimdə qalım mən.
Dayan! Dayan, zaman!
Axı doymadım gəncliyimdən.
* * *
Yenə küləklər əsir yaddaşımda,
Xatirələr aparır məni
O çətin illərimə,
Harda ki acılar möhürləndi ömrümə.
Gəlir yaddaşıma o zülmlü illər.
* * *
O günlər ki hədiyyə etdi mənə ağ dənləri,
Gəlir xatirimə qırışan alnımın səbəbləri,
İtirdiyim sağlamlığımın nədənləri,
Bir külək kimi uçub keçən gəncliyim…
* * *
Sonra bir sükut çökür,
Kimsə içəri girir,
Elə bu andaca məni tərk edir xatirələr…

Gecələr möcüzədir
Kim deyir ki, gecələr
Yatmaq üçün yaranıb?
Mənim üçün gecələr
Yazmaqdır, yaratmaqdır.
* * *
Mənim üçün gecələr
Xəyalən olsa belə
Həsrətin çəkdiklərimə
Qovuşa bilməkdir.
* * *
Mənim üçün gecələr
Keçmişə səyahətdir.
Gecələr mənim üçün
Tanrımla tək qalmaqdır.
* * *
Pəncərədən boylansan,
Tək-tük işıqlar yanır.
Hər yanda səssizlik var,
Hər yer sükut içində.
* * *
Göy üzündə ulduzlar
Yanıb-sönür arabir.
Mənim üçün gecələr
Başqa bir möcüzədir.
Müəllif: Gülnarə NAĞIYEVA

GÜLNARƏ NAĞIYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müzəffər Məzahim. ƏBƏDİ İZİNİZ VAR.

21 Azər haqqında məlumat

ƏBƏDİ İZİNİZ VAR

21 Azər inqilabçılarına

Siz dadıb azadlığın şəhdini, şərbətini,

Qırdınız yağıların harın əsarətini.

Qəlbinizdə qalandı zülməti yaran işıq,

Milləti azadlığa çəkib aparan işıq.

Şəfəqlərə döndünüz günəşə tən ölkədə,

İnsanın azadlığı, haqqı itən ölkədə.

Vətənin ürəyindən sızıldayan yaranı

qopardınız, Səttarxan, Xiyabani, Ərani,

Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi,

“Mübarəkdir, ey Vətən, şanlı zəfərin”,-dedi.

Səhənddən Kəpəzəcən səhər yelləri əsdi,

Şad xəbəri ellərə yaymaq üçün tələsdi.

Oxşayaraq narın meh geniş çəməni, çölü,

Qurutdu anaların gözündəki nisgili,

Ulu Təbrizin səsi yayıldı dalğa- dalğa,

Sanki, Şimalla Cənub durdu dodaq-dodağa.

Dikəldib qamətini Azərbaycan vüqarla,

Yuyundu igidlərin qəlbindəki o nurla.

Baxdı qoca dünyanın qırışmış alnına o,

Talelərin tor kimi qarışmış alnına o.

Baxdı, vüqarla baxdı, o sərt üzə, pərt üzə,

“Kim-kimi?!” sualıyla dayandılar üz-üzə…

Elə bil qopdu tufan, yarıldı yer, endi göy,

Dünya Azərbaycana baxırdı ögey-ögey…

Siz ey günəşli yurdun, xalqın pərvanələri,

Ədalətin, mənliyin, haqqın pərvanələri.

Qurduğunuz azadlıq, abadlıq dağılsa da,

Həqiqət xəyanətlə, böhtanla boğulsa da.

Yaşayır idrakınız, əzminiz, qüdrətiniz,

Əsrlərə bəs edən adınız, şöhrətiniz.

Bu xalqın tarixində əbədi iziniz var,

Hər kəsin ürəyində doğma mənziliniz var.

Müəllif: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

21 Azər (12 dekabr) Günü haqqında məlumat

Azərbaycan təkcə şimali Azərbaycandan ibarət deyil. Bir Güney Azərbaycan var.

  Dekabr ayı Türk dünyası və Azərbaycan tarixində önəmli hadisələrlə zəngindir. Bunların ən önəmliləri isə 1945-46-cı illərdə yaşanan 21 Azər Hərəkatı, 12 dekabr Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirə günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.

  21 Azər Hərəkatının 73-cü ildönümü 2018-ci il dekabrın 12-də tamam olur.

  İkinci Dünya Müharibəsinin sonunda dünyanın bir çox yerində yeni-yeni dövlətlərin qurulması gedişatında İranda Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində Azərbaycan Firqəsi – muxtar respublika yarandı.

  Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökümət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.

  Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi: Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s.

  Məlumdur ki, 1925-ci ildən bəri (Rza şah Pəhləvi) Azərbaycan türkcəsi rəsmi olaraq (hətta türk ailələrində belə) işlədilməsi qadağan idi.

  Sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət Tehran rejiminin əli ilə 12 dekabr 1946-cı ildə süquta uğradı.

  Sovetlər Birliyinin dəstəyi ilə müstəqilliyini elan edən Güney Azərbaycan cəmi bir il yaşadı. ABŞ-lə SSRİ-nin bazarlığı nəticəsində Rusiya köməyini geri çəkdi, İran-fars xanədanlığı ABŞ-ın təyyarə və ordu dəstəyilə Cənubi Azərbaycanı işgal etdi, inanılmaz qırğınlar və qətliamlar törətdi.

  21 Azər (12 dekabr) 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Firqəsi düz 1 il sonra – 21 Azər 1946-cı ildə işgal edildi.

  Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri (Bakıdan 295 kilometr qərbdə) yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.

  21 Azər Hərəkatının faciəli sonluğundan sonra qırğından canlarını qurtara bilən Güney Azərbaycanlılar o zaman hələ sərhədləri açıq olan Azərbaycan Sovet Respublikasına keçdilər. Paytaxt Bakı və ökənin ayrı-ayrı regionlarında məskunlaşan güneylilər Azərbaycanın quruculuq işlərində, təsərrüfatın bütün sahələrində fədakarcasına çalışdılar. Onların əmin-amanlıq şəraitində fəaliyyətləri üçün hər cür şərit yaradıldı. Kənd təsərrüfatı, sənaye, ədəbiyyat və incəsənət, elm sahəsində yüzlərlə firqə üzvü yüksək nailiyyətlərə qovuşdu. Təkcə elm sahəsində 200-dən çox alim yetişdi.
  Beləliklə, 2018-ci ilin 12 dekabrı Güney Azərbaycan muxtariyyətinin 73, işğalının isə 72-ci ilidir. Yəni 21 Azər (12 dekabr) Güney Azərbaycanın həm azadlıq, həm də işğal günüdür.

İlkin mənbə: trt.net.tr


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

12  DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!!!

          ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

           MÜƏLLİMİN PEDAQOJİ ƏMƏYİ HAQQINDA

Ümummilli lider Heydər Əliyev dövlətimizə başçılıq etdiyi illərdə Azərbaycan təhsilinin inkişaf etməsi, dünya təhsil sisteminə özünə layiqli yer tutması üçün bir sıra sərəncam və fərmanlar imzalamış, öz məruzə və çıxışlarında təhsilin önəmli məsələlərini, eyni zamanda   çatışmayan cəhətlərini diqqət mərkəzinə gətirmiş, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı qiymətli fikirlərini irəli sürmüşdür. Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarına müraciətlə söylədiyi aşağıdakı fikirlər Ulu öndərin təhsilə qayğısının bariz nümunəsi sayıla bilər: “Azərbaycan Respublikasının prezidenti kimi, sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır”. 

Təbii ki, Ulu öndər təhsildə   aparıcı mövqeyə malik, cəmiyyətdə şərəfli yer tutan müəllim amilini də xüsusi qeyd edir, müəllim şəxsiyyətini, onun şəxsi və peşə keyfiyyətlərini təhsilin, təlim və tərbiyə prosesinin səmərəli qurulmasında vacib hesab edirdi.

Ümummilli lider Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə vətən torpağına şərəf gətirir, onun adını uca edir. Ulu öndər tərəfindən gərəkli və məsuliyyətli müəllim əməyi belə dəyərli insanlar arasında yüksək dəyərləndirilirdi.

Ümummilli lider şəxsiyyətin, təhsilalanların formalaşmasında müəllimin roluna yüksək qiymət verməklə yanaşı, onlardan öz peşələrinə həmişə hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını müntəzəm şəkildə artırmağı tələb edirdi. Bu xüsusda deyirdi: “Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər”.

Müəllimin şəxsiyyətini yüksək dəyərləndirən Ulu öndər cəmiyyətimizə, ölkə vətəndaşlarına xitabən deyirdi: “Hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir. Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq”.  

Ümummilli liderimiz məruzə və çıxışlarında, nitqlərində hər dəfə “müəllim” kəlməsini iftixar hissi ilə səsləndirirdi. Deyirdi ki, “Müəllim” sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar”.  

Ümummilli lider özü müəllimlərin hörmətini saxlamaqla, onlara ehtiramını gözləməklə bərabər başqalarının da öz müəllimlərinə, o cümlədən  hörmət bəsləməyi, cəmiyyətin həyatında müəllimin oynadığı rolu daim qiymətləndirməyi tövsiyə edirdi. Ulu öndərə görə,  sənə dərs deyən, uşaq vaxtlarından, gənclik çağlarından səni tərbiyə edən müəllimləri   unutmaq olmaz.  Ümummilli lider də hər zaman onları xatırlamış, minnətdarlıqla yad etmişdi. Bunun səbəbini həm də belə bir cəhətlə izah edərdi: “Mən bunu həm cəmiyyətdə müəllimlərə hörməti daha da artırmaq üçün, həm də böyük bir həyat yolu keçmiş insan kimi, müəllimin cəmiyyətdə nə qədər mühüm rol oynadığını qeyd etmək üçün deyirəm. Müəllim olmasa, heç birimiz cəmiyyətdə indi tutduğumuz yeri tuta bilməzdik və bugünkü kimi fəaliyyət göstərə bilməzdik.   …1990-cı ildə çox böyük təzyiq altında idim. Vaxtilə mənimlə çiyin-çiyinə işləmiş adamlardan bir çoxu da mənimlə görüşməkdən çəkinirdi. Lakin sevib hörmət bəslədiyim müəllimlər mənə olan ehtiramlarını saxlamışdılar”.

Ulu öndər məktəb işini, müəllimlik sənətini özü üçün ən doğma iş hesab edərdi (“Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”)..

Ulu öndər təhsildən, təhsil sisteminin səmərəli təşkili, təhsildə yüksək nəticələrə nail olmağın vacibliyindən söz açarkən müəllimlərin üzərlərinə düşən vəzifələrə diqqəti yönəldirdi. Bildirirdi ki, müəllimin birinci dərəcəli vəzifəsi təhsilalanları biliklər sisteminə, dünyagörüşünə, biliklərə yiyələndirmək, onlara həyati bacarıqlar aşılamaqdırsa, həm də,  bu vəzifədən heç də az əhəmiyyət daşımayan, onları tərbiyələndirməkdir. Bu işlə ardıcıl məşğul olmaq lazımdır.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində – ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz ilk illərdə ölkəmizdə bir ara qeyri-sabitlik mövcud idi. Ölkəmizdə bir tərəfdən, milli azadlıq, müstəqillik, suverenlik uğrunda mübarizə gedirdi, digər tərəfdən, erməni qəsbkarları havadarlarının dəstəyi ilə ərazi bütövlüyümüzə qəsd etmişdilər, başqa bir tərəfdən, daxildə müəyyən qüvvələr, hakimiyyət iddiasında olan bəzi şəxslər sabitliyi pozmağa çalışırdılar. Ulu öndərin qətiyyəti, iradəsi və böyük uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik yarandı. Lakin  bu sabitliyin pozulmamasına, ölkəmizin əbədi müstəqilliyinə nail olmaq üçün hər bir ölkə vətəndaşından öz qüvvə və bacarığını sərf etmək lazım idi. Təhsil işçiləri, müəllimlərlə görüşlərində Ümummilli liderimiz bu məsələyə toxunur, müəllimlərdən, məktəblərdən təhsilalanlar arasında bu istiqamətdə də işlərin aparılmasını onlara məsləhət görürdü. Ulu öndərin fikirlərinə diqqət yetirək: “Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır. Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız”.

Cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin hökm sürməsi – ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsi deməkdir. Ona görə də  Ümummilli liderimiz Heydər Əliyev böyüyən nəsildə  vətənpərvərlik hisslərinin inkişaf etdirilməsini, onları milli-mənəvi dəyərlərə yiyələndirməyi müəllimlərə tövsiyə edərdi. Ulu öndər istəyirdi ki, gənclərimizdə fəal vətəndaşlıq mövqeyi formalaşdırılsın: “Ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar. Çünki cəmiyyətimiz həm zəngin bilikli, ali təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”.

Ulu öndər milli adət-ənənələrimizə və milli dəyərlərə xor baxan, milli əxlaqımıza ləkə gətirən şəxslərə qarşı idi.  Qudurğan, harınlaşmış insanların cəmiyyətimizə, insanlığa zidd hərəkət və əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqət mərkəzinə gətirirdi. Ulu öndərin bəyanatında həmin məsləyə aşağıdakı kimi münasibət bildirirdi: “Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər… Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımı ölçülər götürüləcəkdir”.

Ümummilli liderimiz cəmiyyətimizdə saf mənəviyyatı bərqərar və inkişaf etdirmək, hər hansı mənfi hallara, cinayətkarlığa, o cümlədən gənclər arasında cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirməyi mühüm vəzifə kimi irəli sürürdü. Bu xüsusda deyirdi: “Biz çalışmalıyıq ki, cəmiyyətimizdə bu mənfi halların kökü kəsilsin. Təəssüf ki, bəzi gənclər özləri də bilmədən hərdən pis yollara gedir, cinayət törədir, yaxud da bələd olmadıqları ayrı-ayrı qruplara qoşulur və cəmiyyətimizdəki sabitliyi pozmağa cəhd göstərirlər. Bütün bunlar milli mənafeyimizə zidd hallardır” .

Ulu öndər mənfi halların aradan qaldırılmasında, gənclərin yenidəntərbiyəsində məktəbin, müəllimlərin, valideynlərin rolunu qeyd edərək deyirdi: “Gənclərimiz arasında mənfi meyllərin qarşısı alınmalı, belə meyllərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsas vəzifə isə təhsil ocaqlarımızın, valideynlərin gəncləri elə tərbiyə etməsindən ibarətdir ki, belə mənfi meyllər ümumiyyətlə, meydana çıxmasın”.

Ümummilli liderimiz həmin sahədə gənclərin üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edir, bu kimi mənfi hallardan uzaq durmağı, cəmiyyətdə mövcud olan etik qaydalar çərçivəsində öz davranışlarını qurmağı onlara məsləhət görürdü. Diqqət yetirək: “Ümidvaram ki, ali məktəblərə daxil olan gənclərin hamısı öz gələcək həyatlarını xalqımızın əsrlərdən-əsrlərə ötürülən milli-mənəvi dəyərləri   əsasında quracaq və özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlayacaqlar”.

Hər birimizin müəllimi olmuşdur. Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb.

        Ümummilli liderimizin ibrətamiz fikirləri, tələbləri, öyüd-nəsihətləri, məsləhətləri Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və nəzərə alınır.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Kübarlıq zadəganlıq əlamətidir… – Təbrik

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

Dekabrın 11-i onun ad günüdür…

Kübarlıq zadəganlıq əlamətidir, nəsildən-nəslə ötürülür. Gözünü açıb kitabların əhatəsində böyüyən insanlar bir başqa aləm olurlar. Yüksək mədəniyyət, xeyirxahlıq onların alın yazısıdır…

Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında onun ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Bakı” və “Баку” şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.

2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.

Ömür-gün yoldaşı, daha doğrusu həyatının mənası, sədaqətli dostu, professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında, ədəbiyyat aləmində böyük işlər görüb və görməkdədir.

Zemfira xanım iki övladın anası və bir neçə nəvənin nənəsidir…

2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…

Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək!

Müəllif: Elman ELDAROĞLU

(Tezadlar.az-ın köşə yazarı)

ELMAN ELDAROĞLUNUN YAZILARI

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmli. ANALIQ HAQQI

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

ANALIQ HAQQI

(hekayə)

Yoox! O ölməyəcək!

Ülviyyənin başı üstündən bir an çəkilməyən Elçinin bu etiraz nidaları reanimasiya otağının divarlarını aşıb xəstəxananın dəhlizlərinə yayıldı. Həyat yoldaşının düçar olduğu ağır xəstəlikdən şəfa tapacağına hələ dünənədək inanır, ümidini üzmürdü. Xəstəni müayinə edən bir neçə həkimin son konsiliumunun qərarı bütün doğmaları kimi, Elçini də iliyinəcən sarsıtmışdı: “Ülviyyənin sağalmaq ehtimalı sıfra bərabərdir. Hepatit “S” virusu xəstənin qara ciyərini dağıdıb”.”

Elçin heç cür sakitləşə, özünə yer tapa bilmirdi. Yer-göy başına hərlənirdi. Bütün mövcudatı, varlıqları yaradan uca Tanrıya belə az qala üsyana qalxmaq istəyirdi.

Haləti anbaan dəyişən, başı üzərində ölüm kabusu dolaşan Ülviyyənin heyvatək saralmış bənizinə, hərarətin şiddətindən titrəyən dodaqlarına, məsum çöhrəsinə dağılmış pərişan saçlarına baxdıqca ürəyindən qara qanlar axır, iki gül üzlü körpəsini göz önünə gətirir, yeri-göyü xəlq eləyən Allahın bu zülmə necə rəva gördüyünü düşünürdü.

Ürəyini didib-parçalayan bir hiss də vardı: Ülviyyə üçüncü uşağa hamilə idi. Körpənin doğulmasına az qalmış ananın sarılığa tutulduğu bəlli olmuşdu. İlkin müayinələr ana bətnindəki dölün ürək döyüntülərinin zəif eşidildiyini göstərirdi. Hətta doğulsa belə, çağanın yaşayıb-yaşamayacağı sual altında idi. Bəzi həkimlər, heç olmasa, körpənin salamat qalması naminə addım atmağı məsləhət görsə də, ananın zəif, üzgün vəziyyəti bu istəyin də mümkünsüzlüyünü ortaya çıxarmışdı.

İndi isə Ülviyyə kəskin ağrılardan sayıqlayır, inildəyirdi. Nə yanına gəlib-gedənlərdən, nə də həkimlərin cidd-cəhdindən xəbəri vardı. Vena damarlarına vurulan iynələrin də artıq təsiri yox idi.

Gecədən xeyli ötmüş xəstənin vəziyyəti daha da kəskinləşdi. Zöhrə ana qızının saçlarını tumarlayır, ağrılardan qıvrılan balasına kədərli zümzümələri ilə son laylasını çalırdı. O sövq-təbii duymuşdu ki, bu səhər Ülviyyə üçün açılmayacaq…

* * *

Dəfn mərasiminə xeyli adam toplaşmışdı. Elçinə elə gəlirdi ki, izdihamın ucu-bucağı görünmür. Üstünə al-qırmızı ipək salınmış tabutun yanında addımlayan iki oğul atası sanki dünyanın ən ağır yerişini yeriyirdi. Evlərindən məzarlığadək uzanan bu yol elə bil heç vaxt bitib-tükənməyəcəkdi. Ayaqlarını güclə sürüyürdü. Gözləri önündə isə tamam başqa bir mənzərə açılırdı…

…Qonşu qızı Ülviyyə həmin gün həmişəkindən daha gözəl görünürdü. Boyuna biçilmiş gəlinlik donu, saçına taxdığı bəyaz güllər ona xüsusi yaraşıq verirdi. Toyun başlanmasına az qalmış sifariş etdikləri ağ “Limuzin”ə əyləşib Dənizkənarı parka, Xəzərin sahilinə gəldilər.

Hava küləkli idi. Köpüklü dalğalar bir-birini qovaraq sahilə çırpılırdı. Ləngər vuran ləpələr üstündə səsli-küylü qağayılar uçuşur, suya baş vurur, yenidən havaya qalxırdı. Çığırtısı lap aydın eşidilən bir cüt ağ qağayı dəstədən geri qalmışdı. Sevgililər qoşa süzən, bir-birinə mehr-ülfət bağlamış bu qanadlılara heyranlıqla baxır, onlara bənzəmək, daim birgə olmaq istəyirdilər. Ağ qağayılarla bahəm ənginliyə ucalmaq, sonsuzluğa qovuşmaq onların bu xoşbəxt anlarda ən ülvi arzusu, istəyi idi. Heyhat…

* * *

…Mollanın qəbirüstə oxuduğu Quran ayələri bitər-bitməz şirin xəyallarından ayıldı. Üzügülər, gözəl Ülviyyə artıq torpağa gömülmüş, son mənzilinə yetişmişdi. Taleyin hökmünə bax ki, bətnindəki körpəsini də özü ilə birgə haqq dünyasına aparmışdı.

Ülviyyənin vaxtsız ölümü Elçinə çalın-çarpaz dağ çəkmişdi. Ömür-gün yoldaşının itkisinə dözə bilmirdi. Bir yerdə qərar tutmaq müşkülə dönmüşdü. Qəhər onu boğur, dərd əlindən göyüm-göyüm göynəyirdi. Körpə balalarının ürkək baxışları ilə göz-gözə gələndə sarsılır, özünü günahkar sayırdı. Bəs indi o, balaca Şamilinə, Cəmilinə nə cavab versin? Balalarının dilindən “Ana”” kəlməsi qopanda onları necə ovundursun?

* * *

Həyətdə yas mağarı qurulmuşdu. Hüzr yeri dolub-boşalırdı. Qohum-əqrəba, qonum-qonşu, dost-tanış mərhumun ailəsinə, valideynlərinə, həyat yoldaşına başsağlığı verir, Allahdan səbr diləyirdilər. Ağır gündə dərd-sərinə yananların, kədərinə şərik çıxanların təsəllisi Elçinin başını qatır, ağrı-acısını bir qədər yüngülləşdirirdi.

Ağsaqqal Rəşid müəllim yeganə qızı Ülviyyənin qəfil ölümündən sarsılmış, kişinin qəddi əyilmişdi. Zöhrə ana dizinə döyüb, “balam, vay”” deyirdi. Nəvələrini sinəsinə sıxıb gəlininin ölümünə göz yaşı axıdan Ziba ananın ah-naləsi hamını kövrəldirdi.

* * *

Qırx mərasimi arxada qalmış, gəlib-gedənlərin sayı azalmışdı. Sən demə, çətin günlər hələ qabaqda imiş… Uzun illərdən bəri xəstəlikdən əziyyət çəkən Ziba xalanın ağrıları yenidən şiddətlənmişdi. Ana qayğısından məhrum olmuş balaca Şamil və Cəmil baxımsız qalmışdı. İxtisasca aviamühəndis olan Elçin işinə davam edir, çalışdığı ekipajın tərkibində uçuşlara yollanırdı. Uşaqlar xəstə nənənin ümidinə qalmışdı. Onların yeməyini bişirmək, paltarlarını yumaq… ömrünü-gününü əzablar içində keçirmiş ağbirçək qadın üçün asan deyildi. Körpələr tez-tez xəstələnir, titrədib-qızdırırdı. Cabir əmi, əmidostu Esmira dava-dərmanlarını alır, Mətanət bibi iynələrini vururdu.

* * *

Anasızlığın dadını görmüş uşaqların saralıb-solan çöhrəsinə baxmaq olmurdu. “Uşaq atadan yox, anadan yetim qalar”” ifadəsi, bəlkə, yüz kərə beynində dolaşırdı. Gözüyaşlı balalarına hər kəsdən munis olan bir varlığın yoxluğunu unutdurmaq, ciyərparalarının ana intizarına son qoymaq Elçinə mümkünsüz görünürdü.

Uşaqlar yuxuya gedəndən sonra ən ağır anlar başlayırdı. Ömrü yarıda qırılmış Ülviyyənin portretini əlinə alıb gözlərini gözünə dikir, onunla dərdləşirdi. Cavabsız qalan sualları isə bir deyil, iki deyildi…

* * *

Qardaş-bacıları, yaxınları, Ülviyyənin ata-anası bir yerə toplaşıb qərara gəldilər ki, Elçin evlənsə, körpələrə yaxşı olar. Onların qayğısına qalan, nazını çəkən anaya ehtiyacı var. Bu savab işi görəcək, sığala, tumara möhtac, nisgilli balaların qəlbini ovunduracaq qadın, görəsən, kim olacaqdı? Belə məsuliyyətli, çətin işə qol qoyan, razılıq verən kəs dünyanın əməlisaleh, nəcib bir insanı ola bilərdi.

* * *

Elçinin tənhalığı, küskün görkəmi, içinə çəkilib ətrafındakılarla ünsiyyətdən qaçması iş yoldaşlarının gözündən yayınmırdı. Yaxşı ki, zərgər dəqiqliyi tələb edən işində diqqətli idi. Hələ Moskvada Ali Aviasiya məktəbində oxuduğu illərdən özünə bu keyfiyyəti aşılamışdı. Təyyarənin texniki cəhətdən sazlığına, uçuşa yararlığına bortmühəndis kimi cavabdehlik daşıyırdı.

Stüardessa Leyla ekipaj üzvlərinin ürək qızdırdığı, hörmət bəslədiyi, təmkini, ağlı və mədəniyyəti ilə seçilən qızlardan biriydi. Yaşı bir qədər ötsə də, şuxluğunu, təravətini itirməmişdi. Uca boyu, cazibədar görkəmi vardı. Elçinin mənəvi sıxıntılarına biganə qala bilmirdi. Taleyini ona bağlamağa, balalarına ana olmağa özündə güc-qüvvə tapa bilərdi. Hətta bunu ona xatırlatmışdı.

Elçin isə qərar verməyə çətinlik çəkirdi. Seçimində yanılmaqdan qorxurdu. Axı, bu, həyat məsələsi idi. Balalarının sonrakı taleyi atılacaq addımdan asılıydı. Leylanın növbəli işi, tez-tez uçuşda olması Elçini düşündürürdü. Həmişə yoldaşlarına zarafatla: “Sizi bilmirəm, mən göylər üçün doğulmuşam”” deyən Leyla peşəsini çox sevir, “məni mavi səmadan yalnız ölüm ayıra bilər”” deyirdi. Yeni qurulacaq ailəyə isə anasız qalmış uşaqlara ürəkdən bağlanan bir qadın gərək idi.

* * *

Anasına, qardaşı balalarına baş çəkməyə gələn Cabirin Elçinlə söhbəti qısa oldu:

– Yüz fikir bir borcu ödəməz, – deyiblər. Dərd xalvarla gələr, misqalla çıxar. Xəyallardan ayılmaq vaxtıdır. Uşaqların da, anamın da vəziyyəti yaxşı deyil. Gəlsənə evlənəsən…

Elçin zəndlə qardaşına baxdı:

– Elə bilirsən asandı?

– Bilirəm, sənin üçün çətin olacaq. Nə qədər ki, hələ körpədirlər, ağılları kəsmir, bu addımı atmalısan. Bacımız deyir ki, Həmidə xalanın qızı Lalə çox yaxşı qızdır. Bəlkə, anası ilə danışaq, fikrimizi bildirək?..

Ziba xala da söhbətə qoşuldu:

– Tanıyan-bilən o qızı çox tərifləyir, bala. Ağıllı, zirək, işgüzar olduğunu söyləyirlər. Bu evə belə bir gəlin lazımdı.

Elçinin susmaqdan başqa əlacı qalmadı. İki gün əvvəl, rəhmətlik Ülviyyənin anası Zöhrə xalanın dediklərini yaddaşında çözələyirdi: “Sənin və balalarının günahı deyil ki, amansız əcəl qızımı sizdən ayırıb. Körpələrə ana lazımdı, oğul…”

* * *

Günlərin birində Elçinə uzaq qohumlarından olan ailənin qızı ilə tanış olmaq imkanı yaratdılar. Bacı və qardaşının məsləhət gördüyü qızla. Lalə ağbəniz, yaraşıqlı, təbiətən sadə və mehriban idi. Onu kiçik yaşlarında görmüşdü. Allahın möcüzəsi, ya nə idisə bu qız zahirən Ülviyyəyə bənzəyirdi və bu Elçinin gözündən yayınmadı.

Aralarındakı söhbət uzun çəkmədi:

– Analarını itirmiş iki körpəyə baxmaq, onlara dərdlərini unutdurmaq, tərbiyə vermək elə də asan olmayacaq. Subay adamla ailə qura bilərdiniz. Bu, sizin tərəfinizdən, vallah, fədakarlıqdı, – Elçin aramla danışır, Lalənin cavabını gözləyirdi.

Gözlərini bir nöqtəyə zilləmiş Lalə:

– Güman edirəm ki, bu yükü çiynimə götürə biləcəyəm. Allah bizə yardımçı olar…

* * *

Bu izdivaca hamı sevinirdi. Yeni ailənin təməl daşı qoyulmuşdu. Lalə uşaqlara “can”” deyib, “can”” eşidir, onların nazını çəkirdi. Düz doqquz aydan sonra ailədə bir oğlan uşağı da dünyaya gəldi. Şamilin, Cəmilin adlarına yaraşdırıb körpəni Ramil adlandırdılar. Hər şeyə qadir Allah bu nəcib qadına xoş əməllərinə görə şirin pay – övlad bəxş eləmişdi.

Gənc ananın qayğıları başından aşırdı. Çətinə düşəndə anası və qayınanası köməyinə çatırdı.

Ən çox sevinən isə həyatdan vaxtsız getmiş Ülviyyənin anası Zöhrə xala idi. O, nəvələrinə tez-tez baş çəkir, onların ana sevincinə qoşulur, fərəhlənirdi. Cavan qızının ölümünə dözməyib dünyasını dəyişən Rəşid müəllimin ruhu ilə söhbət edir, ona təskinlik verirdi.

Ürəyi dərdli ana mehrini Laləyə salmışdı. Lalə də Zöhrə xalaya anası tək hörmət bəsləyir, ondan məsləhət alır, birlikdə ləziz xörəklər bişirirdilər. Lalənin anası Həmidə xalaya qoşulub xeyir-şər məclislərinə gedirdilər.

* * *

Ailə quranadək uşaq bağçasında tərbiyəçi işləmiş Lalə balacalarla dil tapmağı bacarırdı. Bu qabiliyyəti indi ana olandan sonra daha çox karına gəlirdi.

Yayın cırcıramasında Nardarandakı bağlarına köçür, bürküdən nəfəs təntiyən şəhərdən bir qədər uzağa çəkilirdilər. Uşaqlar Lalənin isti nəvazişi ilə böyüyür, xoş rəftarından pərvazlanırdılar. Bağ evinin qarşısındakı köklü-köməcli tut ağacının budağından asılmış yelləncəkdə yellənən oğlancığaz anasının şirin nağıllarına az qala uyumuşdu:

– Evin üçyaşlı, sonbeşik oğlu ərköyünlük edib sözə baxmırdı, Ramil bala, xörəyini yemirdi. Şanapipik uçub oğlancığazın boşqabını dimdiklədi…

Lalə elə bunu söyləmişdi ki, tut ağacından azca aralıda, təzəcə suvardıqları ləklərin yanında bir cüt şanapipik göründü. Uzun dimdikləri ilə torpaqdan dən axtaran çox qəribə və bəzəkli, narıncı zolaqlı quşları görəndə Ramil çox sevindi. Sual suala calandı.

– Bu quşlar başlarında niyə buynuz gəzdirirlər? Yoxsa, bunlar maral quşlardır?

Lalənin isə diqqəti eyvanda əyləşib şahmat oynayan Şamillə Cəmildə qalmışdı. Uşaqların fərasəti ilə yaşıdlarından çox fərqlənməsi onu sevindirir, ürəyini xoş hisslər bürüyürdü. Dünən – Ülviyyənin doğum günündə Elçinlə birgə onun məzarını ziyarət edərkən düşündüklərini indi pıçıltı ilə özündən soruşurdu:

– Görəsən, analıq haqqını qazana bilmişəm?..

MÜƏLLİF: ZEMFİRA MƏHƏRRƏMLİ

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru