Etiket arxivi: HAQQINDA

HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM
Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun!
Sayğılarımla: Yusif DİRİLİ

PAYIZ
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
* * *
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
* * *
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…

QARABAĞ ATI
Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!
Tanrıərmağanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ Atı!
* * *
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!
* * *
Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!
* * *
Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!
* * *
Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır hər bir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!

YARIM BARDAQ
O yarım buraxdığın
Bardaq, de yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…
* * *
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…
* * *
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…
* * *
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…
* * *
Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
* * *
Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Ta canıma hopmusan….

BƏLKƏ DƏ…
Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı….
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı…
* * *
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
* * *
Ustac ha, indinin deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı…

İNCİ, QƏRƏNFİL…
(Qərənfilə yazığım gəlir…)
Olsan da, bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil…
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsən lap məndən inci, qərənfil…
* * *
Ruhum bu halından çox mütəəssir,
Yenə döşənmisən küçəyə, daşa…
Qaxınc çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc örf-adətə, öfkəyə, başa,
* * *
Bu işdə bilmirik, kimdi müqəssir,
Bizim üz qaramız, qırmızımızsan…
Həya örpəyisən, güvənc ləçəyi,
Sən bizim dünyaya qırımımızsan…
* * *
Ustac tək oğullar çox mütəəssir,
Üz-üzdən utanır, dözür ağrına…
Əlacsız-əlacsız ödünc çiçəyi,
Silah əvəzinə sıxır bağrına…

DAĞLARIN*
“Şuşanın dağları abı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,
Çulu çoxdan düşüb, çaya dağların…
Təmiz adı vardı, “quzey qarı” tək,
Bağrına xal düşüb, saya dağların…
* * *
Başında çalma tək, ta durmur duman,
Əynində qalmayıb, nə kofta, tuman,
Lütlənib haçandır, qalıb lüt-üryan,
Qarına qan düşüb, maya dağların…
* * *
“Göznəngörən” olduq, ta yox yalanı,
Bəh-bəhlə şəlləndik, zərli palanı,
Daranıb, talandı, olan-qalanı,
Ah-naləsi düşüb, Aya dağların….
* * *
İgidə “Turdağ”ı deyib, görənlər,
Dağa oxşadıbdı, özün ərənlər,
Hanı o ayama, ya ad verənlər?
Kalı çoxdan düşüb, haya dağların…
* * *
Ustacam, öcümü ala bilmirəm,
“Dədəm” dediklərin* deyə bilmirəm,
O döndü, mən indi dönə bilmirəm,
Səyi məndə düşüb, zaya dağların…
* “Arsız aşıq elsiz necə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar… “AşıqƏləsgər.

BƏNÖVŞƏ
Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…

AĞÇİÇƏYİM
Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ otağında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!
* * *
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!
* * *
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam, borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…
* * *
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
* * *
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

DAĞLAR
(Ruhuna min rəhmət dədə Ələsgər…)
Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
Unutmaq olarmı, heç bu zilləti?
Mövcud hal-vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!

HƏQİQƏT
Nə qədər Günəş var, yaşayar insan,
İnsanın həyatı son bula bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, heç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!
* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstüdə,
Heçdən yaranmayıb, heç ola bilməz!
* * *
Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!

GƏZDİM
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Təqdim edir: Yusif DİRİLİ

İLKİN MƏNBƏ: HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

YUSİF DİRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD MƏRZİLİ. HEKAYƏLƏR.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

DUZ YÜKÜ
Keçmişdə çox mal-qarası, qoyun sürüsü olan adamlara, “gəllədar” deyirdilər.Yaz gələndə bu gəllədarlar öz sürülərini yaylaqlara aparardılar.Hər kəsin də öz yaylaq yeri vardı.
Qurban kişi də kəndin varlı insanlarından biri idi.Onun yaylaq yeri Kirs dağındaydı.O, bu il də sürüsünü, naxırını Kirsdə saxlayırdı.Yaylaqda saxlanan heyvanlara 10-15 gündən bir duz verilir. O zaman duz dəvə ilə, atla, ulaqla,öküzlə daşınırdı.Qurban kişi hər dəfə bir at yükü duz gətirəndə iki dəfə əzib verməyə bəs edirdi.
Duz ehtiyatı qurtardığından Qurban kişi atını minib Qalaya (o zaman Şuşaya el arasında “Qa-la” deyirdilər) gedir.Mağazada duz az olduğuna görə apardığı qavqacağın (xurcundan xeyli bö-yük yük daşımaq üçün toxunmuş əşya) bir gözü dolur, biri boş qalır.Kişi yükü tarazlamaqdan ötəri boş qalan tərəfə daş yığır.Həmişəki kimi yükün ağır olduğunu nəzərə alaraq, adəti üzrə atı yedəyində aparır.Yolda ona bir oğlan rast gəlir.Onlar salamlaşandan sonra (kənd adamları tanıdı-tanımadı salamlaşmamış keçmirlər) oğlan soruşur:
-Dayı apardığın nədi?
-Duzdu, ay bala.-Kişi dilxor halda dillənir.
Oğlan baxır ki, kişi qəmgindi.Ona görə deyir:
-Dayı, deyəsən yorulmusan?
-Ay bala, həm yorulmuşam, həm də dilxoram.
-Niyə? –Oğlan özündən asılı olmayaraq maraqlandı.
-Oğul, həmişə gedib bu qavqacağı doldurub gətirərdim.İndi duz az olduğuna görə qavqacağın bir gözü doldu, o biri gözü boş qalmasın deyə daş yığdım.
-Onda gətir daşı boşaldaq, duzu iki yerə bölək.Atın yükü yüngülləşsin, sən də min ki, yorulma.
-Ay bala, yəni belə olar? –Kişi təəccübləndi.
Oğlan tez atın yükün açır.Daşı boşaldır.Duzu iki yerə bölüb ata yükləyir.Kişiyə deyir:
-Dayı, gəl atı min, rahat sür getsin, yorulma.
Qurban kişi atına minib xeyli gedəndən sonra fikirləşdi ki, belə ağıl sahibi olan oğlanın adın soruşmadım.Onunla əməlli tanış olmadım.Tez atın başını döndərib geri qayıtdı.Oğlanı çağırıb saxladı:
-Ay bala, heç səndən soruşmadım adın nədi, kimlərdənsən, varından, dövlətindən nəyin var?
-Dayı, var-dövlətim nə gəzir? Kasıb adamam, başımı güclə dolandırıram.
-Bu ağılın sahibisən, bəs niyə belə kasıbsan?
-Ay dayı, var-dövləti də verən Allahdı, ağılı da.İndi sənə Allah var-dövlət verib, mənə də ağıl.
-Elə bildim sənin kimi ağıl sahibi olan adamın yaxşı sərvəti var.Səninlə dost olmaq istəyirdim. Bir halda ki, sənin heç bir dövlətin yoxdu, heç ağlın da mənə gərək deyil.
Qurban kişi atdan düşüb oğlana dedi:
-Oğul, gəl yükü aç! Yerə tökdüyün daşları qaytar yerinə.
Oğlan nə qədər çalışdı ki, kişi atını minib getsin, mümkün olmadı.Əlacsız qalıb yükü açıb daş-ları yerinə qoydu.Sonra yükü bərkidib atı kişiyə verdi.Qurban kişi atını yedəyinə alıb çəkə-çəkə yoluna davam etdi.Oğlan sərvəti ağıldan üstün tutan kişinin arxasınca baxa-baxa qaldı.

QARA PIŞIK
Bu gün qarşımdan qara pişik keçdi.Qədim inanclara görə, qarşıdan qara pişik keçməsi pis əla-mətlərdən sayılır.Həmin gün uğursuz hesab olunur.Odur ki, mən bu günü sönamaq qərarına gəl- dim.
Qızmar yay günü idi.Bir tərəfdən yayın, bir tərəfdən də atılan mərmilərin, güllələrin ətrafa ya-yılan istisi.Bu istilər cəbhə bölgələrində yaşayan əhalini sıxdıqca-sıxırdı.Hər yay yaylaqlara qal- xan tərəkəmənin də yolu bağlanmışdı.İndi onlar da bu istilərdə bişirdilər.
Hərbi maşınların, hərbi texnikanın buraxdığı zəhərli qazlar, qaldırdıqları toz dumanı burada yaşayan insanlara ağır zərbə vursa da, heç kim bunun fərqinə varmırdı.Həmişə güi-çiçək ətrinə bürünən havadan, indi barıt iyi gəlirdi.5 ildi ağır müharibə şəraitində yaşayan insanlar buna adət ediblər.Başlarına yağış kimi mərmilər, güllələr yağan əhali bu həyat tərzində yaşamağa bir daha alışmışdı.
* * *
Biz Mərzili kəndini müvəqqəti tərk edib (orada hərbi əməliyyat getdiyinə görə), Çəmənli kən- dində məskunlaşmışdıq.Çəmənli kəndi o zaman cəbhədən 15-20 km aralı olsa da,atılan mərmilə- rin səsi, avtomatların, pulemyotların şaqqıltısı açıq eşidilirdi.
Mən hər səhər Çəmənlidən işə gedirdim.Bu səhər də, adətim üzrə, Ağdam rayonunun X.Natə-van adına sovxozunun qarajındakı iş yerimə tələsirdim.Evdən çıxanda qarşımdan qara pişik keç- di.Buna baxmayaraq, yoluma davam elədim (qədim inanclara görə,qarşıdan qara pişik keçəndə gərək geri qayıdasan).
Ağdam şəhərinə Uşaq Xəstəxanası tərəfdən daxil olanda əsgərlər maşınımı saxlatdılar.Məni saxlayanlar cəbhədən geriyə çəkilən əsgərlər idi.Ermənilərlə üz-üzə döyüşüb şəhəri müdafiə edən əsgərlərə kömək etmək əvəzinə, onlar geri çəkilirdilər.Onların haradan cəbhəyə gəldikləri ilə maraqlandım. Mənə məlum oldu ki, onları haradansa cəbhəyə məcbur tutub gətiriblər.Yenə sağ olsunlar, xəbərdarlıq etdilər ki, ermənilər şəhərə Əhmədavar tərəfdən daxil olublar.Buna baxmayaraq, Uşaq Xəstəxanasının yanındakı kanalüstü yolla iş yerimə getdim.Məndən bir az sonra sürücü Nuru kişi yanacaq daşıyan maşınla oraya gəldi.
* * *
Şiddətli döyüş gedirdi.Topların, tankların, BMP-lərin.. mərmiləri yeri lərzəyə gətirirdi.Pulem-yotların, avtomatların şaqqıltısı dayanmaq bilmirdi.Bu döyüş başqa günlərdəki döyüşlərdən fərq-li idi.Dinc əhali maşınlarla, piyada qaçhaqaçdaydılar.Onlar canlarını xilas etməyə çalışırdılar.Çı-ğırtıdan, bağırtıdan qulaq tutulurdu.Hamı çaşqınlıq içindəydi.Heç kim Ağdam kimi şəhərə ermə- nilərin daxil olmasına inana bilmirdi.Axı Ağdamın adın eşidəndə ermənilər tir-tir əsirdilər.
Ağdam şəhəri hələ belə narahat gün yaşamamışdı.Həmin gün indi də yadımdan çıxmır.Hər ya-dıma düşəndə də əsəblərim gərginləşir.
Bizim yanımızdan Dəyirman Kombinatı açıq görünürdü.Yanacaq götürmək istəyəndə düşmən tankları Dəyirman Kombinatı tərəfdən çıxdılar.Yanacaq götürəsi olmadıq.
-Nuru dayı, maşını sür gedək, -dedim.
Nuru kişi maşını sürüb ordan uzaqlaşdı.Mənim idarə etdiyim “Moskviç-412” işə düşmədi.Dar ayaqda tərsliyi tutmuşdu.Tanklar pulemyotlardan atəş aça-aça yaxınlaşırdılar.Güllələr ətrafıma yağış kimi yağırdı.Aşkar Allah məni qoruyurdu.Mən axırıncı dəfə Seyid Lazım ağanın cəddini çağırıb maşını işə salmaq üçün açarı açdım.Bu dəfə də mühərrik işə düşməsə, maşını orada qo- yub piyada qaçmaq fikrindəydim.Axır ki, mühərrik işə düşdü (Allah məni darda qoymadı).Maşın işə düşən kimi sürüb oradan uzaqlaşdım.
Dəmir yolun keçib Sarcalı kəndinə tərəf üz tutdum.Sarcalı kəndinin qədim bağına çatanda gör- düm ki, Nuru kişi məni orada gözləyir.O, məni görüb çox sevindi.Dedi ki, “sənin sağ-salamat gəlməyinə Seyid Lazım ağaya nəzir demişəm.Sənə bir qəza üz versəydi, uşaqlarına nə cavab ve-rəcydim?”
Mən həmin gün atəş altından salamat çıxsam da, nə qədər əsgərlərimizdən, dic əhalidən şəhid oldular, yaralandılar, əsir düşdülər.Ağdam kimi şəhərimiz dağıldı, işğal oldu.Nə qədər kəndimiz od tutub yandı, işğalçıların tapdaqları altında qaldılar…
Allah sənə lənət eləsin, qara pişik! Sən mənim qarşımdan keçəndən didərgin düşmüşük, doğ-ma yurd yerimizə həsrət qalmışıq.Ermənilər və ermənipərəstlər torpaqlarımıza, insanlarımıza qə-nim kəsildilər.Başqa vaxtı ağdamlıların qorxusundan siçan deşiyinə girməyə hazır olan ermənilər “böyük xaç qardaşlarının” hesabına bizə meydan oxuyurlar.Arxalarında duran imperiya cəlladla-rı onları üstümüzə qısqırırlar.
* * *
Ay qara pişik, həmin vaxtı mən də tərslik elədim.Mənim də günahım var.Sən mənim qarşım- dan keçəndə geri qayıtsaydım, bəlkə də başımıza bu bəlalar gəlməzdi.Allah mənim tamahımı kəssin.İndi “Əli aşından da olmuşam, Vəli aşından da…”
Bu vəzifə, var-dövlət hərisliyi ( yəni tamahımız) torpaqlarımızın həmişə güdaza güdaza get-məyinə səbəb oldu.Hər il 23 iyul gələndə lənətləmə qara pişik gəlib durur gözlərimin qarşısında.
Ay qara pişiklər, Allah sizə lənət eləsin, bəduğudsunuz! Elə bu ermənilər də sizə oxşayırlar.İn-di özümə söz vermişəm, qədim inanclara inamsız olmayacağam.Bir də qarşımdan qara pişik keç-sə, geri qayıdacağam.Daha gec olsa da…

AĞ DƏMİR
Çoxdan DAM (Dövlət Avtomobil Müfəttişliyi) –də işləməyinə baxmayaraq Alının rütbəsi hə-lə də leytenant idi.Ha çalışsa da, əlinə bir “yağlı tikə” düşmədi ki, verə rəisə həm rütbəsi qalxa, həm də vəzifəsi.
O, bu səhər də “ya Allah” deyib evdən çıxdı.Bu gün də gedib iş cədvəlinə qol çəkdi.Rəisdən tapşırığını alıb, xidməti maşınını minərək ona təyin olan sahəyə yollandı.Onun cavabde olduğu sahə rayon mərkəzindən 15 km aralı idı.
Alı çox da qəddar deyildi.Sürücülər onunla tez razılığa gəlirdilər.Bəzən cəriməni çöldən-çölə ödəyirdilər.Bəzən də yüngül cərimə yazdırıb ona əlavə “hörmət” edirdilər.Bu da hər iki tərəfin xeyrinə olurdu.Bir sözlə, sürücülər onu, o, da sürücüləri başa düşürdü.Ona görə də “gündəliyi” pis olmurdu.
Bu ərazidəki sürücülər Alını yaxşı tanıyırdılar.Oğurluq malları olan kimi “koxanı gör, kəndi bas” məsəlindən istifadə edib “işlərini” görürdülər.Elə sürücülər vardı ki, vəzifəsinə görə onula qohum da olmuşdular.
Artıq axşamçağı idi.Alı xidməti maşınını minib getmək istəyirdi.Bu zaman Bakı tərəfdən ağır-ağır gələn bir “Zil” markalı maşın onun diqqətini cəlb etdi.O, dayanıb maşını gözlədi.Maşın ona çatanda Alı əlindəki “ala” cubuğu ilə sürücüyə dayanmaq işarəsi verdi.Sürücü onu 5-6 m keçən-dən sonra saxladı.
Sürücü kabinədən enib ona tərəf gəldi.O, bu sürücünü və maşını birinci dəfə idi görürdü.Sürü-cü ona çatıb ədıb-ərkanla salam verdi:
-Axşamın xeyir, “nəçənnik” (rəis)! –O zaman bütün sürücülər DAM –in hər bir işçisinə vəzi-fəsindən, rütbəsindən asılı olmayaraq “rəis” deyirdilər.
-Aqibətin xeyir! Maşında apardığın nədi? Zəhmət olmasa özünün və apardığın yükün sənəd-lərini ver! –Alı da onunla rəsmi danışdı.
-“Rəis”, sənədləri neynirsən? Al bunu, icazə ver gedim. –Sürücü ona 25-lik əskinas uzadır.
-Maşındakı nədi? –Alı sürücüdən bir də soruşur.
-“Rəis”, maşında bir az dəmir var.Al bu pulu, məni burax gedim. –Sürücü əlindəki pulun üs-tünə birin də əlavə edib 50 manatı ona tərəf tutur.
-Hələ bir maşına baxım görüm nə var, nə yox.
Alı aramla maşına yaxınlaşdı.Maşının bortu hündür olduğundan o, çətinliklə də olsa, qalxıb maşına baxdı.Sanki gözlərinə işıq gəldi.Alının əlinə “yağlı tikə” düşmüşdü.O, özündən dazı hal-da maşınsan endi.Üzünü sürücüyə tutub əda ilə dedi:
-Ə, sən nə danışırsan? Maşının içi dolu ağ dəmirdi (paslanmasın deyə üzünə sink qatı çəkilən list dəmirə el arasıda “ağ dəmir” və ya “sinkovı” dəmir deyirdilər),heç sənədi də yoxdu, sən də mənə 50 manat verirsən? Bu həm də “kandiravat” (satışı qadağan olunmuş demək istəyirdi) maldı.Maşını mütləq şöbəyə aparmalıyam.
-“Rəis”, 300 manat verirəm, ora aparma. –Sürücü 300 manatı cibindən çıxarıb ona təklif etdi.
-Yoox, mən səni belə buraxa bilmərəm.Maşın yüklə birlikdə şöbəyə getməlidi.
Oğlan məbləği qaldırdıqca, Alı “maşın şöbəyə getməlidi” deyib durmuşdu.Sürücü hesabı on min manata çatdırsa da, o, razılaşmadı.Onun tərsliyi tutmuşdu.
-Otur maşına, sür arxamca!
Oğlan əlacsız qalıb maşına oturdu və onun arxasınca sürdü.Alı maşını yaxınlıqdakı maşın-traktor parkına apardı.O, arabir belə edirdi.Nədənsə maşını birbaşa şöbəyə aparmağa tələsmədi.
Onun daxilində bir lovğalıq baş qaldırmışdı.Sanki dünyaya məlum olmayan hansısa bir elmi ix-tira etmişdi.
-Maşını içəri sal, özün də səhər saat 9-da gələrsən.
Sürücü maşını gözətçi butkasından xeyli aralı, hasarın lap yaxınlığına verib saxladı.Hasarın o biri, çöl tərəfindən yol keçirdi.Qarajın içi qaranlıq idi.Bircə gözətçi duran yerdə zəif işıq yanırdı. Oğlan qarajdan çıxandan sonra Alı darvazanın qıfılına blom vurdu və gözətçiyə tapşırıq verdi:
-Səhər açılmamış lap müdirin də gəlsə, mənim adımı ver darvazanı açmasın.Əgər darvazanı açıb bu maşını buraxsan, cinayətə cəlb olunacaqsan.İşdi, əgər təcili nəysə baş versə, mənə bu nömrəyə zəng edərsən.-O, evinin telefon nömrəsini bir kağıza yazıb gözətçiyə verdi.
-“Baş üstə”! –Gözətçi bir qıfıl da gətirib əl qapısına vurdu.
Alı sürücüdən hara gedəcəyini soruşmadan maşınına minib getdi.Sürücü oradan gəlib şəhərə gedən yola çıxdı.Boş gələn bir taksini saxlatdırıb onunla şəhərə gəldi.Şəhərdə bu taksidən düşüb başqa bir taksiyə, -məni ağır yük qaldıran avtokranı olan bir qaraja apar! –dedi.Taksi sürücüsü onu bir qaraja apardı.O, düşüb gözətçidən avtokranin sahibinin ünvanını aldı.Həm də gözətçi ilə razılığa gəldi.Həmin taksi ilə gedib avtokran sürücüsünü gətirdi.50 manat verib taksi sürücüsünü yola saldı.
Oğlan avtokran sürücüsü ilə razılığa gələndən sonra gözətçiyə dedi:
-Bu maşının qarajdan çıxmağın heç kim bilməməlidi!
* * *
Gecə yarıdan keçmişdi. Hər tərəfdə sakitlik hökm sürürdü.Bir qurbağaların quruldaması, bir də həzin əsən küləyin yırğaladığı ağacların yarpaqlarının xışıltısı eşidilirdi.Mürgülədiyini görən gö-zətçi yuxusunu dağıtmaq üçün gedib bura salınmış yük maşınına baxıb gəldi. O, heç bir təhlükə-nin olmadığına arxayınlaşdı.Ancaq az keçmiş necə yuxuya getməyindən xəbəri olmadı.
Sürücü kranı hasarın yanında saxlayan kimi işıqlarını söndürdü.Oğlan cəld kabinədən çıxaraq kranın üstündən öz maşınının yük yerinə tullandı.Kran sürücüsü tez kranın qaldırıcısını işə salıb hasarın o biri tətəfinə keçirdi.Oğlan qarmaqları maşının dörd yerinə bərkitdi.Onlar maşını qaldı-rıb qoydular hasarın çöl tərəfinə.Oğlan qarmaqları maşından çıxaran kimi kran sürücüsü trosu yığdı.Hər iki maşın gecənin qaranlığında yoxa çıxdılar.
Onlar qorxulu-qorxulu elə işlədilər ki, arxayınçılıq zamanı heç belə alınmazdı.Oğlan kranı gö-
zətçiyə söz verdiyi vaxtdan tez gətirib qaraja qoydu.O, gözətçinin pulunu verib, kran sürücüsünü evinə apardı.Oğlan sürücünü evində düşürəndın sonra gedib yükünü apardığı yerə boşaldaraq sə-hər açılmamış şəhərdən çıxdı.
Alı xidməti maşınını öz qarajlarında qoyub arxayın evinə getdi.O, özünə gör nə qədər arxayın olmuşdu ki, nə maşının nömrəsini götürmüşdü, nə də sürücüdən maşının açarını almışdı.Evdən rəisə zəng vurdu:
-Rəis, əlimə bir “yağlı tikə” düşüb. Zil maşın dolu ağ dəmir tutmuşam.
-Bəs neylədin? –Rəis tez soruşdu.
-Aparıb salmışam kolxozun qarajına, darvazanı da blomlamışam.Səhər tapşırıq verərsiniz ge-dib bir nəfərlə gətirərik.
Rəis,-lap yaxşı,-deyəndən sonra Alı dəstəyi yerinə qoydu.O, öz-özünə fikirləşdi ki, bir maşın ağ dəmir tutmaq zarafat iş deyil.Hələ bunu kim verib, hardan çıxıb, nə bilim nə,nə… axırda da sürücünün özü.Əgər sürücünün özü on min manat verirsə, deməli burda hesab lap böyükdü.Həm vəzifəm artar, həm də rütbəm…
Bu xəyallarla Alı necə yuxuya getdisə, bir də saatın səhər zənginə oyandı.Alı şöbəyə çatdı ki, axtarışın rəisi onu gözləyir.Onlar qaraja yollandılar.Onlar kolxozun maşın-traktor parkına girən-də gözətçini təşviş içində gördülər.Gözətçi dedi:
-“Rəis”, maşın yoxdu.
-Ə, sən nə danışırsan, necə yəni maşın yoxdu?
Alı tez maşın dayanan yerə getdi.Maşın həqiqətən orada yox idi.Heç elə bil burada maşın da-yanmamışdı.Gözətçini yanına çağırdı:
-Maşını kim aparıb? Düzünü boynuna al, yoxsa… –Alı milis işçisi kimi gözətçiyə öz hökmünü göstərmək istədi.
-“Rəis”,inanmırsan? Get darvazaya vurduğun bloma bax.
Gözətçi özü də bu işə mat qalmışdı.Darvaza açılmayıb, başqa yol yox, maşın da gedib.Bu ma-şını cin apardı, şeytan apardı?
Alı gedib darvazaya baxdı.Vurduğu blom yerindəydi.Hirsindən dartıb blomu qırdı.Onlar əlləri ətəklərindən uzun geri qayıtdılar.
Vəzifə, rütbə əvəzinə rəis əsəbindən Alıya şiddətli töhmət verdi.

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELXAN ELATLININ DOĞUM GÜNÜDÜR!

ELXAN ELATLI – MÜƏLLİM, YAZIÇI.

Bu gün tanınmış yazıçı Elxan Elatlının doğum günüdür! Təbrik!!!

Azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELXAN ELATLININ YAZILARI

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SVETA ŞƏMS BÜNYADAOVA YENİ KİTABINI TƏQDİM EDİB

SVETA ŞƏMS BÜNYADOVANIN YAZILARI

Bu gün (18 dekabr 2022-ci il tarixində) Sveta Şəms Bünyadova Bakı şəhərində yerləşən “Badi-səba” şadlıq sarayında “Özümə yeni bir sən yaratmışam” adlı yeni kitabını təqdim edib (Tədbirin gedişi zamanı müəllifə “Qızıl Qələm” və “Ziyadar” mükafatları, digər diplomlar təqdim olunub). Möhtəşəm tədbirdən fotolar:

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

SVETA ŞƏMS BÜNYADOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SVETA ŞƏMS BÜNYADOVAYA ZİYADAR MÜKAFATI TƏQDİM OLUNUB

ZİYADAR MÜKAFATI LAUREATLARI

Zaur Ustac Sveta Şəms Bunyadovaya “Ziyadar” mükafatını təqdim edərkən. 18 dekabr 2022-ci il. Bir daha təbriklər! Uğurlarınız bol olsun!!!

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ESMİRA GÜNƏŞ YAZIR

ESMİRA GÜNƏŞİN YAZILARI

Müəllim ömrü

Müəllimlik ən şərəfli peşələrdən biridir ki, zəhmətinin haqqı heç zaman ödənməz. Hər bir insanın həyatında ən önəmli insanlardan biri də onun müəllimlərdir. Belə şərəfli müəllimlərimizdən biri də Rüstəm Əşrəfovdur. 1959-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Düzkənd kəndində anadan olan Rüstəm Əşrəfov 1980-ci ildə ADPU-NUN Pedaqoji fakültəsini, 1987-ci ildə isə BSU-nun Filologiya fakültəsini bitirib. Bir müddət kənd məktəbində müəllim işlədikdən sonra Sumqayıt şəhərinin bir sıra orta məktəblərində, o cümlədən 27,37, 38 saylı orta məktəbdə işləyib.
1997-2007-ci illərdə Respublika üzrə yeni Pedaqoji innovasiyalarla bağlı keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
O praktik əməli fəaliyyətini yaradıcı elmi axtarışda da sınayaraq, 2002-2007-ci illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun “Azərbaycan dili və onun təhdris metodikası” ixtisası üzrə doktoranturanı bitirmiş, 2010-cu ildə isə ADPU-nun istisaslaşmış müdafiə şurasında “Azərbaycan dilli üzrə ümumiləşdirici dərslərin təşkilində inteqrasiyanın yaradılması yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almışdır.
Rüstəm Əşrəfov metodist-dilçi alimdir. Əşrəfovun elmi tədqiqatları üç istiqamətdə yönəlmişdir:
1.Məktəbəqədər və ibtidai təlim nəzəriyyəsi.

2.Azərbaycan dili və onun tədrisi metodikası.

3.Azərbaycan pedaqoji fikri məktəbşünaslıqda.
Müəllimlik peşəsi, ixtisası və məktəbşünaslıqla bağlı respublika mətbuatında və xaricdə ( Türkiyə, İran, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və Türkmənistan) müxtəlif ali məktəblərin elmi-nəzəri jurnallarında çap olunmuş 400-dən çox elmi-metodiki məqalənin, 15 fənn froqramı, 2 test toplusu, 6 kitabın, 2 monoqrafiya, 2 metodik vəsait , 1 dərs vəsaiti və 1 dərsliyin müəllifidir.
2005-cü ildən AJB-nin üzvüdür. 2003-cü ildən SDU-nun filologiya fakültəsində müəllim kimi elmi pedaqoji fəaliyyətə başlayıb və hal-hazırda da universitetin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır.
Ömrünü elmə həsr edən dəyərli müəlimə can sağlığı arzu edirik.

MÜƏLLİF: ESMİRA GÜNƏŞ


ESMİRA GÜNƏŞİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2022-Cİ İLİN YEKUNLARINA GÖRƏ YAZARLAR DAMM-İ TƏRƏFİNDƏN MÜKAFATLANDIRILB. FOTOLAR.

2022-Cİ İLİN YEKUNLARINA GÖRƏ YAZARLAR DAMM-İ TƏRƏFİNDƏN MÜKAFATLANDIRILB. FOTOLAR:

Tədbir Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin baş ofisində keçirilib (16.12.2022) .

“Yazarlar” olaraq, diqqət və qayğıya görə DAMM İB-nin Vitse-prezidenti Ruhiyyə Poladovaya təşəkkürümüzü bildiririk.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏXTİYAR VAHABZADƏ VƏ XUDU MƏMMƏDOV. FOTO.

BƏXTİYAR VAHABZADƏ VƏ XUDU MƏMMƏDOV

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN “DAĞ” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB.

>>>>> Zaur Ustac “Dağ” (sonet çələngi), Rəssam: Natiq NƏCƏFZADƏ

Zaur Ustacın “Dağ” adlı yeni kitabı işıq üzü görüb. Birinci Qarabağ Müharibəsi Şəhidi mayor Quliyevin əziz xatirəsinə ithaf olunmuş sonet çələngindən ibarət olan kitab paralel olaraq ərəb qrafikalı əski əlifba ilə Azərbaycan dilində sonetlərdən və mayor Quliyevin fotolarından ibarətdir.

“El kitab çapı mərkəzi”ndə nəfis şəkildə nəşr olunmuş kitabın redaktorları Gülü xanım və Əli Aslani, rəssamı isə Natiq Nəcəfzadədir. Kitabın ənənəvi formada olan nüsxələri əsas kitabxana fondlarına hədiyyə olunmaqla yanaşı e-kitab şəklində müxtəlif müstəqil platformaların elektron kitabxanalarına yerləşdirilib. PDF:

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Rəfail Tağızadənin yazıları

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Ruhun şad olsun Böyük insan!

“Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz”

Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda – Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib…

“Məhəmməd Əmin Rəsulzadə” ordenilə mükafatılandırılıb.

Ölüm köməyim olsun

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

Çiy yumyrta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

Elim köməyim olsun,

Əlim köməyim olsun,

Kimsəyə yük olarsam,

Ölüm köməyim olsun.

Onun bitib tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:

– 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə…”

Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq, 1918-ci ildə olduğu kimi yenə bir gün türk əsgəri Bakıya əlində silah gələ biləcək – Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün…

“Bu qala bizim Qala”

Bu Qala – bizim Qala,

Qaldıqca bizim Qala.

Qurmadım, özüm qalam,

Qurdum ki, izim qala.

O vaxtlar Ağdam RPK-nin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin “tikdiyi qalalar”la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur “Çay evi”, o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır:

…Ağdam məscidinə hər cümə günü Qarabağın hər yerindən namaza gəlirdilər. Bu ibadətgah Qarabağda fəaliyyət göstərən yeganə məscid idi. Və bu binəva məslək sahibləri üçün heç bir şərait yox idi. Bəzən dəstəmaz üçün su da tapılmırdı. Yaxınlıqda yaraşıqlı bir bulaq tikdirdik, lakin bu, kifayət deyildi. Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir “Çay evi” tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı…

Mən digər böyük üç dostla (onlara böyük üçlük deyirdilər) – Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və Xudu Məmmədovla Kəlbəcərin Dəlidağ yaylaqlarına çobanlarla görüşə getmişdik. Gecəni Əli Abbasovun alaçığında keçirib səhər dərədəki bir meydançada çobanlarla görüşdük. 500 nəfərədək adam toplaşmışdı. Birdən sanki Allahın bir möcüzəsi baş verdi. Təzəcə söhbətə başlamışdıq ki, bir anda qara bir bulud parçası gəlib üstümüzdə dayandı və çox şiddətli bir yağış tökdü. Bizi yaxınlıqdakı alaçığa çəkməyə çalışdılar. Heç birimiz getmədik. Hamı iliyinədək islandı. Söhbətimizi qısaltdıq, ən başlıcası, söz demək istəyən çoxlu çobanın sözü ağzında qaldı.

Biz tez sağollaşıb yola düşdük. Heç birimiz dinib danışmırdıq. Çox qəribə olsa da, mən qeyri-adi bir mənəvi gərginlik keçirirdim. Sanki tədbirin yarımçıq qalmasının günahkarı mən idim. Çox böyük sarsıntı içərisində düşüncələrimə qərq olmuşdum. Qəflətən dilə gəlib dedim ki, tapdım. Hər üçü təəccüblə üzümə baxdılar. Sözə başladım. Abşeronda işləyərkən Moskvanın qərarına əsasən Bolqarıstanın Razqrad mahalı ilə Abşeron rayonunun qardaşlaşması yaranmışdı. Oraya ikinci gedişimdə məni Razqrad şəhərinin fəxri vətəndaşı seçmiş və xüsusi pasport vermişdilər. Mahalın Dəli orman (Dəli meşə) adlanan çox zəngin bir təbiət qoruğunda Voden deyilən kurort və burada məşhur türk sərkərdəsi Osman Paşa tərəfindən tikilmiş maraqlı bir bina var idi. Dəyirmi binanın mərkəzində bir neçə xırman həcmində bir zal və ətrafında da xırda otaqlar yerləşmişdi.

…Binanın 10 metrliyində məscid vardı. Osman Paşanın iqamətgahı idi və burada o, xarici qonaqları, səfirləri qəbul edirmiş.

Yol yoldaşlarıma həmin binanı təsvir edib dedim ki, tədbirimiz yarımçıq qalmış meydanda belə bir bina tikdirəcəyəm.

Xudu Məmmədov dərhal səsimə səs verərək dedi: “İcazə verin, tikintiyə mən “prorablıq” edim”.

Nurəddin Rzayev də eyni çılğınlıqla ona etiraz etdi ki, “axı sən infarkt keçirmisən, bu səfərə də zor gücünə qoşuldun. Əl çək bu fikirdən”. Lakin Xudu Məmmədov əl çəkmədi. Mən gecə saat 12-də professorla onu Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Səhər saat 6 olmamış gördüm ki, Xudu Məmmədov əlində təsvir etdiyim binanın maketiylə qonşuluğumdakı qonaq evinin həyətindədir…

Həmin gün hazırlıq gördüm, ertəsi gün çoxlu inşaatçı, tikintiyə ilkin lazım olacaq daş və sementlə onları Dəli Dağa yola saldıq. Orada hava telefonu quraşdırdıq. Çox qəribə olsa da, Ağdamdan bəzən 15-20 km məsafədə eşidilməyən bu telefon 190 km məsafədə çox gözəl eşidilirdi. Hər gün Xudu Məmmədov mənə telefonla nə lazım olduğunu sifariş verir, mən də dərhal göndərirdim. Bina görünməmiş bir sürətlə, 14 günə hazır oldu. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi. Binanın ən qəlbi yerində Ağdamın ağ daşları ilə “Ağdam” sözü də yazılmışdı. İndi orada da mənfur qonşularımız ya at oynadır, ya da bəlkə də onu da dağıdıblar.

Xudu Məmmədov belə ziyalı, belə vətəndaş, belə insan idi.

Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.

Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daima yanımda idi. Yanıb yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi.”

O günü böyük dərdlə, yanğı ilə xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: “Xudu müəllim mənim qucağımda can verdi.” 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda…

“İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?”

Alimin aforizmə çevrilmiş fikirləri arasında bu deyimin ayrıca bir yeri var: “İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?” Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu! Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü – Xudu müəllimin ruhu:

“Qonşu qonşuya baxar, özünü oda yaxar” – deyiblər. Ancaq “Qonşu qonşunun atasını yandırar” deməyiblər.”, “Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.”, “Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.”, “Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.”, “Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.”, “Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.”, “Onu xalqın pis münasibətindən qanun qoruyurdu.”, “Mürəkkəblik çətinlik olmasa belə, onu insanlar özləri üçün yaradırlar.”, “Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.”, “Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi…”, “Ömür yadda qalan günlərın sayı ilə ölçülür”, “Məqsədə arzumu itirmiş gəldim…”, “Vəzifə verirlər, sonra iş axtarırlar…”, “Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.”, “Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.”, “Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.”, “İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.”, “Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!”, “Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış – göylərin göz yaşı… Göylərin dərdi necə də böyükdür. Göy gurultusu – elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı”, “Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı”, “Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum”, “Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım”, “Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur”, “Təşkil olunmuş bekarçılıq…”, “Başa düşülmək üçün başa düşməyə çalış”, “Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir”, “Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır”, “Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?”, “Pislikdən danışmaq yaradıcılığı hamıya verilib”, “Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!”, “İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur”, “Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır”, “Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.”

“Deyirlər: “Dünyanı gözəllik xilas edəcək”. Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək”, “Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür.”

“Tanrı insanı yaşada bilmir, el yaşadır”

Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. “Elmin vətəni yox, alimin Vətəni olmalıdı” fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:

Anam ozan olubdur,

Dərdə dözən olubdur,

Dili haqdan bağlanıb,

Naxış düzən olubdur.

Sənə bəslədiyim, Vətən, nə simdi?

Səsinnən ürəyim əsim-əsimdi.

Sevgimin əvəzin vermək istəsən,

Bir ovuc torpağın olmaq bəsimdi.

Xudu müəllim öz yaradıcılığı, şəxsiyyətilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daima çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin dediyi kimi: “Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm”. Siz təsəvvür eləməyə çalışın… Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə… Bəlkə ona görə Xudu Məmmədov deyirdi: Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər. Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran çoxdurmu?

Xudu müəllimə məktub və ya “…Onun qəlbi qarabağlıların səs telləri kimi incə idi”

Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında dostu həkim Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orda təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı:

“Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “Nə göndərim sənə?” soruşduqda uşaq Xuduya “Mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!

Sonda Yavuz Bülənd Bakilərin “çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan” olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:

“İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!

İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Amma Qarabağı yox…”

P.S. Dekabrın 14-ü həm də Azərbaycana dünya şöhrəti gətirən Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələr ilə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov. “Azərbaycanım”, “Ana”, “Qızıl üzük”, “Bakı”, “Zibeydə”, “Alagöz”, “Laçın”, “Uzun gecələr”, “Gəlmədin”, “Sənə də qalmaz”, “Sənsiz”, “Ayrılıq”, “Qalada yatmış idim” və daha nələr… Bir də Qarabağ. Ondan ötrü, həqiqətən, ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardı…

Xudu Məmmədov və Rəşid Behbudov – Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük qarabağlılardan ikisi…

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru